Flunol 150 mq kapsul
| Təsiredici maddə | FLUCONAZOLE |
|---|---|
| Dərman forması | Kapsul |
| Farmakoloji təsir | Sistem istifadə üçün göbələk əleyhinə vasitələr, triazol törəmələri |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,27 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
FLUNOL 50 mq və 150 mq kapsullar FLUNOL Beynəlxalq patentləşdirilməmiş adı: Fluconazole
Tərkibi
Təsiredici maddə: 1 kapsulda 50 mq və ya 150 mq flukonazol vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, susuz kolloidal silisium dioksid (Aerosil 200), maqnezium stearat, natrium laurilsulfat. Kapsulun xarici qişasının tərkibi: indiqokarmin FD&C mavi 2 (E132) (50 mq), azorubin (E122) (150 mq), titan dioksid (E171), jelatin.
Təsviri
Flunol 50 mq Əsası ağ rəngli və qapağı tünd göy rəngli sərt qeyri-şəffaf jelatin kapsullardır. Kapsulun möhtəviyyatı homogen ağ rəngli tozdur. Flunol 150 mq Əsası ağ rəngli və qapağı çəhrayı rəngli sərt qeyri-şəffaf jelatin kapsullardır. Kapsulun möhtəviyyatı homogen ağ rəngli tozdur.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün göbələk əleyhinə vasitələr, triazol törəmələri. ATC kodu: J02AC01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Flukonazol triazol qrupuna aid olan, səthi və sistem göbələk infeksiyalarının müalicəsində istifadə olunan antifunqal preparatdır. Flukonazol göbələklərin hüceyrə membranındakı erqosterolun sintezini inhibə edir. Flukonazol in vitro bir çox Candida növlərinə qarşı (C. albicans, C. parapsilosis, C. tropicalis daxil olmaqla) antifunqal aktivlik göstərir. C. glabrata flukonazola müxtəlif dərəcədə həssaslıq göstərir, C. krusei isə flukonazola rezistentdir. Flukonazol in vitro həmçinin Cryptococcus neoformans və Cryptococcus gattii qarşı, həmçinin endemik göbələklər olan Blastomyces dermatiditis, Coccidioides immitis, Histoplasma capsulatum və Paracoccidioides brasiliensis qarşı aktivdir. Farmakokinetikası Sorulması Peroral istifadə zamanı mədə-bağırsaq traktından yaxşı sorulur, biomənimsənilməsi 90%-dən yuxarıdır. Sorulması qida qəbulundan asılı deyil. 0,5-1,5 saat ərzində plazmada maksimal konsentrasiyaya çatır. Paylanması Flukonazol bədən mayelərinə yaxşı nüfuz edir. Zülallarla az miqdarda birləşir (11-12%). Flukonazolun ağız suyu və bəlğəmdə konsentrasiyası plazma səviyyələrinə uyğundur. Göbələk meningiti olan xəstələrdə flukonazolun beyin-onurğa beyni mayesində konsentrasiyası plazma konsentrasiyasının təxminən 80%-ni təşkil etmişdir. Flukonazolun dəridə – buynuz təbəqəsində, epidermis-dermada və tər vəzilərində konsentrasiyası plazmadakından yüksək olmuşdur. Flukonazol dərinin buynuz təbəqəsində toplanır. Biotransformasiyası Flukonazol az miqdarda metabolizmə uğrayır. Qəbul edilmiş dozanın yalnız 11%-i sidikdə dəyişilmiş şəkildə xaric olur. Flukonazol CYP2C9 və CYP3A4 izofermentlərinin selektiv inhibitorudur. Flukonazol həmçinin CYP2C19 izofermentinin inhibitorudur. Xaricolması Flukonazolun plazmadan yarımxaricolma dövrü (t ) 30 saatdır. Təxminən 80%-i orqanizmdən½ böyrəklər vasitəsilə dəyişilməmiş halda, 11%-i dəyişilmiş şəkildə xaric olur. Plazmadan yarımxaricolma müddətinin uzun olması vaginal kandidoz zamanı tək dozada müalicə, digər göstərişlərdə gündə və ya həftədə 1 dəfə istifadə üçün əsas verir. Böyrək çatışmazlığı zamanı farmakokinetikası Ağır böyrək çatışmazlığı ilə xəstələrdə (yumaqcıq filtrasiyasının sürəti < 20 ml/dəq) flukonazolun yarımxaricolma dövrü 30 saatdan 98 saata qədər artır. Flukonazol hemodializ və daha az miqdarda peritoneal dializ ilə xaric olunur. 3 saatlıq hemodializdən sonra flukonazolun 50%-i qandan xaric olunur.
İstifadəsinə göstərişlər
– Kriptokokk meningiti. – Koksidioidomikoz. – İnvaziv kandidoz. – Orofarinqeal, ezofaqeal kandidoz daxil olmaqla selikli qişaların kandidozu, kandiduriya və selikli qişanın-dərinin xroniki kandidozu. – Xroniki oral atrofik kandidoz (diş protezlərindən istifadə zamanı), diş gigiyenası və yerli müalicə yetərli olmadıqda. – Vaginal kandidoz, kəskin və residivləşən (yerli müalicə uyğun olmadıqda). – Kandida mənşəli balanit (yerli müalicə uyğun olmadıqda). – Dermatomikozlar (tinea pedis, tinea corporis, tinea cruris, tinea versicolor) və dərinin kandida infeksiyaları, sistem müalicə göstəriş olduqda. Flunol həmçinin böyüklərdə aşağıdakı xəstəliklərin profilaktikasında istifadə olunur: – Residiv riski yüksək olan pasiyentlərdə kriptokokk meningitinin residivinin profilaktikası. – İİV-ə yoluxmuş və residiv riski yüksək olan pasiyentlərdə orofarinqeal və ezofaqeal kandidozun profilaktikası. – Vaginal kandidozun tez-tez təkrarlanan residivlərinin (ildə 4 dəfə və ya çox) azaldılması. – Uzunmüddətli neytropeniyası olan (kimyaterapiya alan hematoloji maliqnizasiyalı xəstələr və ya hemopoetik kök hüceyrələrin transplantasiyası olan xəstələr) pasiyentlərdə kandida infeksiyalarının profilaktikası. Flunol həmçinin vaxtında doğulmuş körpələrdə, uşaqlarda və 17 yaşadək yeniyetmələrdə aşağıdakı göstərişlərdə istifadə oluna bilər: – Selikli qişa kandidozu (orofarinqeal, ezofaqeal), invaziv kandidoz, kriptokokk meningitinin müalicəsi. – İmmunosupressiv xəstələrdə kandida mənşəli infeksiyaların profilaktikası. – Residiv riski yüksək olan uşaqlarda kriptokokk meningitinin təkrarlanmasının qarşısını almaq üçün dəstəkləyici müalicə.
Əks göstərişlər
Flukonazola və oxşar azol törəmələrinə, həmçinin köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Gündə 400 mq və daha yüksək dozada flukonazolun təkrar qəbulu zamanı terfenadinin yanaşı istifadəsi. QT intervalını uzadan və CYP3A4 ilə metabolizm olunan sizaprid, astemizol, pimozid, xinidin, eritromisinlə yanaşı istifadə.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Tinea capitis Flukonazol uşaqlarda tinea capitis müalicəsində tədqiq olunmuşdur. Qrizeofulvindən üstün olduğu aşkar edilməmişdir. Bu səbəbdən, Flunol tinea capitis müalicəsində istifadə olunmamalıdır. Kriptokokkoz Flukonazolun digər nahiyələrin (məs., ağciyər və dəri kriptokokkozunun) müalicəsində effektivliyinə dair məlumatlar məhduddur. Dərin endemik mikoz Flukonazolun parakoksidioidomikoz, limfa-dəri sporotrixozu və histoplazmoz kimi endemik mikozların digər formalarının müalicəsində effektivliyinə dair məlumatlar məhduddur. Böyrəküstü vəzilərin çatışmazlığı Ketokonazolun böyrəküstü vəzilərin çatışmazlığına səbəb olduğu məlumdur və bu nadir hallarda flukonazola da aiddir. Böyrəklər Flunol böyrəklərin disfunksiyası olan pasiyentlərə ehtiyatla verilməlidir. Hepatobiliar sistem Flunol qaraciyərin disfunksiyası olan pasiyentlərə ehtiyatla verilməlidir. Flukonazol nadir hallarda ciddi qaraciyər zədələnməsinə, o cümlədən ölüm hallarına (əsasən, ciddi fon xəstəlikləri olan pasiyentlərdə) səbəb olmuşdur. Flukonazolun hepatotoksikliyi müalicə dayandırıldıqda adətən aradan qalxır. Flukonazolla müalicə zamanı qaraciyərin funksional vəziyyətinin biokimyəvi göstəriciləri normadan kənara çıxan pasiyentlər daha ciddi qaraciyər zədələnməsinə görə yaxından müşahidə olunmalıdır. Pasiyent qaraciyər tərəfindən ciddi reaksiyadan (mühüm asteniya, anoreksiya, davamlı ürəkbulanma, qusma və sarılıq) xəbər verən simptomlar barəsində məlumatlandırılmalıdır. Belə hallar baş verərsə, flukonazolla müalicə dərhal dayandırılmalı və pasiyent həkim məsləhəti almalıdır. Ürək-damar sistemi Bəzi azollar, o cümlədən flukonazol elektrokardioqamda QT intervalının uzanmasına səbəb olmuşdur. Digər dərman vasitələri (məs., amiodaron) ilə əlaqədar olaraq QT intervalının uzanması CYP3A4 inhibə edilməsi ilə güclənə bilər. Postmarketinq dövrdə flukonazol qəbul edən pasiyentlərdə çox nadir hallarda QT intervalının uzanması və torsades de pointes (polimorf mədəcik taxikardiyasının növü) rast gəlinmişdir. Bu hallar risk amilləri (ürəyin üzvi xəstəlikləri, elektrolit pozulmaları, yanaşı qəbul edilən dərmanlar) olan ağır xəstələrdə qeydə alınmışdır. Hipokaliemiyası və proqressiv ürək çatışmazlığı olan pasiyentlərdə həyat üçün təhlükəli ventrikulyar aritmiya və torsades de pointes riski daha yüksək olur. Flunol potensial proaritmogen vəziyyəti olan pasiyentlərə ehtiyatla verilməlidir. QT intervalını uzadan və CYP3A4 ilə metabolizm olunan dərman vasitələri ilə yanaşı istifadə əks göstərişdir. Dermatoloji reaksiyalar Pasiyentlərdə flukonazolla müalicə zamanı Stivens-Conson sindromu və toksik epidermal nekroliz kimi eksfoliativ dəri reaksiyaları nadir hallarda baş vermişdir. QİÇS xəstələri bir çox dərman vasitələrinə qarşı ağır dəri reaksiyalarının inkişafına daha meyllidirlər. Səthi göbələk infeksiyasına görə müalicə alan pasiyentdə flukonazolla əlaqədar olduğu hesab edilən səpgi yarandıqda bu dərman vasitəsi ilə müalicə davam etdirilməməlidir. İnvaziv/sistem göbələk infeksiyaları zamanı flukonazol qəbulu ilə bağlı səpgi yaranan xəstələr yaxından müşahidə olunmalı, bulyoz zədələnmələr və çoxformalı eritema inkişaf etdikdə flukonazolun qəbulu dayandırılmalıdır. Hiperhəssaslıq Nadir hallarda anafilaksiya qeydə alınmışdır. Sitoxrom P450 Flukonazol güclü CYP2C9 inhibitoru və orta dərəcəli CYP3A4 inhibitorudur. Flukonazol həmçinin CYP2C19 inhibitorudur. Flunol ilə yanaşı CYP2C9, CYP2C19 və CYP3A4 ilə metabolizm olunan və dar terapevtik pəncərəsi olan dərman vasitələri ilə müalicə alan pasiyentlər müşahidə altında olmalıdır. Köməkçi maddələr Kapsulların tərkibində laktoza monohidrat mövcuddur. Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiya sindromu olan pasiyentlər bu dərman vasitəsini qəbul etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Sizaprid Flukonazol və sizapridi birgə qəbul edən pasiyentlərdə ürək xəstəlikləri, o cümlədən torsades de pointes qeydə alınmışdır. Flukonazol və sizapridlə yanaşı müalicə əks göstərişdir. Terfenadin Terfenadinlə birgə azol qrupuna daxil olan antimikotiklər qəbul edən pasiyentlərdə QT intervalının uzanması fonunda ciddi ürək aritmiyası baş verə bilər. Flukonazolun terfenadinlə yanaşı gündə 400 mq və ya daha yüksək dozada birgə istifadəsi əks göstərişdir. Flukonazolun gündə 400 mq və ya daha aşağı dozada terfenadinlə birgə istifadəsinə yaxından nəzarət olunmalıdır. Astemizol Flukonazolun astemizolla yanaşı istifadəsi astemizolun xaric olmasını azalda bilər. Nəticədə astemizolun plazmada konsentrasiyasının artması QT intervalının uzanmasına və nadir hallarda torsades de pointes-ə səbəb ola bilər. Flukonazolun astemizolla yanaşı istifadəsi əks göstərişdir. Pimozid Flukonazolun pimozidlə yanaşı istifadəsi pimozidin metabolizminin ləngiməsi ilə nəticələnə bilər. Plazmada pimozidin konsentrasiyasının artması QT intervalının uzanmasına və nadir hallarda torsades de pointes-ə səbəb ola bilər. Flukonazolun pimozidlə yanaşı istifadəsi əks göstərişdir. Xinidin Flukonazolun xinidinlə yanaşı istifadəsi xinidinin metabolizminin ləngiməsi ilə nəticələnə bilər. Xinidinin istifafəsi QT intervalının uzanmasına və nadir hallarda torsades de pointes-ə səbəb olmuşdur. Flukonazolun xinidinlə yanaşı istifadəsi əks göstərişdir. Eritromisin Flukonazolun eritromisinlə yanaşı istifadəsi kardiotoksiklik (QT intervalının uzanması, torsades de pointes) və nəticədə qəfil ürək ölümü riskini artırmaq potensialına malikdir. Flukonazolun eritromisinlə yanaşı istifadəsi əks göstərişdir. Halofantrin Flukonazol CYP3A4 üzərində tormozlayıcı təsirlə əlaqədar halofantrinin plazmada konsentrasiyasını artıra bilər. Flukonazol və halofantrinin yanaşı istifadəsi kardiotoksiklik (QT intervalının uzanması, torsades de pointes) və nəticədə qəfil ürək ölümü riskini artırmaq potensialına malikdir. Bu kombinasiyadan çəkinmək lazımdır. Amiodaron Flukonazolun amiodaronla yanaşı istifadəsi QT intervalını uzada bilər. Flukonazol və amiodaronun yanaşı istifadəsi zəruri olduqda – xüsusən flukonazol yüksək dozada (800 mq) istifadə olunduqda – ehtiyatlı olmaq lazımdır. Rifampisin: Flukonazol ilə rifampisinin eyni zamanda qəbulu flukonazolun yarımxaricolma dövrünü 20% və əyri altındakı sahəni (AUC) 25% azaldır. Rifampisin qəbul edən xəstələrdə bunu nəzərə alaraq flukonazolun dozası artırılmalıdır. Hidroxlortiazid Flukonazol ilə birlikdə müxtəlif dozalarda hidroxlortiazid qəbul edən sağlam könüllülərdə farmakokinetik tədqiqat zamanı flukonazolun plazma səviyyəsi 40% artmışdır. Bu dəyişikliklər hidroxlorotiazid qəbul edən xəstələrdə flukonazolun doza korreksiyasını tələb etmir. Alfentanil Sağlam könüllülərdə flukonazol (400 mq) və venadaxili alfentanillə (20 qr/kq) yanaşı müalicə zamanı alfentanilin AUC göstəricisi 2 dəfə artmışdır. Alfentanilin dozasının tənzimlənməsi lazım gələ bilər. Amitriptilin, nortriptilin Flukonazol amitriplinin və nortriptilinin təsirini artırır. Lazım olduqda amitriplinin/nortriptilinin dozası tənzimlənə bilər. Antikoaqulyantlar Postmarketinq dövrdə azol qrupuna daxil olan digər göbələk əleyhinə preparatlarda olduğu kimi, flukonazolu varfarinlə yanaşı qəbul edən pasiyentlərdə protrombin müddətinin artması ilə əlaqədar olaraq qanaxma halları (göyərmələr, burun qanaxması, mədə-bağırsaq qanaxması, qanlı sidik, melena) qeydə alınmışdır. Flukonazol və varfarinlə yanaşı müalicə zamanı varfarin metabolizminin ləngiməsi ilə əlaqədar olaraq protrombin müddəti 2 dəfə artmışdır. Kumarin antikoaqulyantları qəbul edən xəstələrə flukonazol təyin edildikdə protrombin vaxtını nəzarət altında saxlamaq məsləhətdir. Varfarinin dozasına düzəliş etməyə ehtiyac ola bilər. Benzodiazepinlər (qısa müddət təsir göstərən), məs., midazolam, triazolam Midazolamın peroral qəbulundan sonra flukonazol midazolamın konsentrasiyasının və psixomotor təsirlərin artmasına səbəb olmuşdur. Flukonazolla yanaşı müalicə zamanı triazolamın təsirinin gücləndiyi və təsir müddətinin artdığı müşahidə olunmuşdur. Flukonazolla müalicə alan pasiyentlərdə benzodiazepinlə yanaşı müalicə zəruri olduqda, benzodiazepin dozasının azaldılmasına diqqət yetirilməli və pasiyentlərə müvafiq qaydada nəzarət olunmalıdır. Karbamazepin Flukonazol karbamazepinin metabolizmini inhibə edir və qan zərdabında karbamazepinin 30% artdığı müşahidə olunur. Karbamazepin toksikliyinin yaranması riski mövcuddur. Konsentrasiyanın ölçülməsindən/təsirindən asılı olaraq karbamazepinin dozasını təznimləmək lazım ola bilər. Kalsium kanalı blokatorları Bəzi kalsium kanalı blokatorları (nifedipin, isradipin, amlodipin, verapamil və felodipin) CYP3A4 ilə metabolizm olunur. Flukonazol kalsium kanalı blokatorlarının qanda konsentrasiyasını artırmaq potensialına malikdir. Əlavə təsirlərə görə tez-tez müşahidə aparmaq tövsiyə olunur. Selekoksib Flukonazol (gündə 200 mq) və selekoksiblə (200 mq) yanaşı müalicə zamanı selekoksibin Cmax və AUC göstəriciləri müvafiq olaraq 68% və 134% artmışdır. Flukonazolla kombinə olunduqda selekoksibin dozasını 2 dəfə azaltmaq lazım ola bilər. Siklofosfamid Siklofosfamid və flukonazolla kombinə olunmuş müalicə qan zərdabında bilirubin və kreatinin səviyyəsinin artmasına səbəb olmuşdur. Qan zərdabında bilirubin və kreatinin səviyyəsinin artması riskinə diqqət etməklə bu kombinasiyadan istifadə oluna bilər. Fentanil Sağlam könüllülərdə flukonazolun fentanilin xaric olmasını əhəmiyyətli dərəcədə azaltdığı müşahidə olunmuşdur. Fentanil konsentrasiyasının artması tənəffüs çatışmazlığına səbəb ola bilər. Potensial tənəffüs çatışmazlığı riskinə görə pasiyentlər yaxından müşahidə olunmalıdır. Fentanilin dozasını tənzimləmək lazım gələ bilər. HMQ-KoA reduktaza inhibitorları Flukonazol atorvastatin, simvastatin və fluvastatin kimi HMQ-KoA reduktaza inhibitorları ilə birlikdə istifadə olunduqda miopatiya və rabdomioliz riski artır. HMQ KoA reduktaza inhibitorları ilə flukonazolun birgə qəbulu zamanı miopatiya və rabdomioliz simptomlarına, həmçinin kreatinin kinaza səviyyəsinə diqqət olunmalıdır. Kreatinin kinaza əhəmiyyətli yüksəldikdə və ya miopatiya/rabdomioliz baş vedikdə HMQ KoA reduktaza inhibitorları ilə müalicə dayandırılmalıdır. İbrutinib Flukonazol kimi orta dərəcəli CYP3A4 inhibitorları plazmada ibrutinibin konsentrasiyasını artıra və toksiklik riskini gücləndirə bilər. Kombinasiya qaçılmaz olduqda bu müddətdə ibrutinibin dozasını gündə bir dəfə 280 mq-a azaltmaq və yaxından klinik müşahidə aparmaq lazımdır. İvakaftor İvakaftorla yanaşı istifadə ivakaftorun konsentrasiyasını 3 dəfə, hidroksimetil-ivakaftorun konsentrasiyasını 1,9-dəfə artırmışdır. Yanaşı olaraq flukonazol və eritromisin kimi orta dərəcəli CYP3A4 inhibitorları qəbul edən pasiyentlərdə ivakaftorun dozasını gündə 150 mq-a azaltmaq tövsiyə olunur. Olaparib Flukonazol kimi orta dərəcəli CYP3A4 inhibitorları plazmada olaparibin konsentrasiyasını artırır; yanaşı istifadə tövsiyə olunmur. Kombinasiya qaçılmaz olduqda olaparibin dozasını gündə iki dəfə 200 mq-a qədər azaltmaq tövsiyə olunur. Siklosporin Flukonazol siklosporinin konsentrasiyasını və AUC göstəricisini əhəmiyyətli dərəcədə artırır. Siklosporinin konsentrasiyasından asılı olaraq onun dozasını azaltmaqla bu kombinasiyadan istifadə oluna bilər. Everolimus Flukonazol CYP3A4 inhibisiyası ilə qan zərdabında everolimus konsentrasiyasını artıra bilər. Sirolimus Flukonazol CYP3A4 və P-qlikoprotein vasitəsilə sirolimusun metabolizmini inhibə etməklə sirolimusun plazmada konsentrasiyasını artırır. Təsir/konsentrasiya göstəricilərindən asılı olaraq sirolimusun dozasını tənzimləməklə bu kombinasiyadan istifadə oluna bilər. Takrolimus Flukonazol CYP3A4 vasitəsilə bağırsaqda takrolimusun metabolizminin inhibisiyası ilə əlaqədar olaraq peroral yolla qəbul olunmuş takrolimusun qan zərdabında konsentrasiyasını 5 dəfəyə qədər artıra bilər. Takrolimus vena daxilinə yeridildikdə heç bir mühüm farmakokinetik dəyişiklik müşahidə olunmamışdır. Takrolimus səviyyəsinin artması nefrotoksikliklə əlaqədar olmuşdur. Takrolimusun plazma konsentrasiyasından asılı olaraq peroral qəbul edilmiş takrolimusun dozası azaldılmalıdır. Lozartan Flukonazol lozartanın angiotenzin II reseptoruna antaqonizminin əsas hissəsinə cavabdeh olan aktiv metabolitinə çevrilməsini inhibə edir. Pasiyentlərin qan təzyiqinə davamlı nəzarət olunmalıdır. Metadon Flukonazol metadonun qan zərdabında konsentrasiyasını artıra bilər. Metadonun dozasını tənzimləmək lazım ola bilər. Qeyri-steroid iltihab əleyhinə vasitələr (QSİƏV-lər) Flukonazol CYP2C9 ilə metabolizm olunan QSİƏV-lərin (məs., flurbiprofen, ibuprofen, naproksen, lornoksikam, meloksikam, diklofenak) qanda konsentrasiyasını artırmaq potensialına malikdir. QSİƏV-lərlə əlaqədar əlavə təsirlər və toksikliyə görə tez-tez müşahidə aparmaq tövsiyə olunur. QSİƏV-lərin dozasını tənzimləmək lazım ola bilər. Fenitoin Flukonazolun fenitoinlə birgə istifadəsi fenitoinin plazma səviyyəsini artır. Yanaşı istifadə zamanı toksikliyin qarşısını almaq üçün fenitoinin plazma səviyyəsi nəzarət altında olmalıdır. Prednizon Qaraciyər transplantasiyası olunmuş və prednizonla müalicə alan pasiyentdə flukonazolla üç aylıq müalicə dayandırıldıqda böyrəküstü vəzinin qabıq maddəsinin kəskin çatışmazlığı qeydə alınmışdır. Flukonazolun qəbulunun dayandırılması ehtimal ki, CYP3A4 təsirinin güclənməsinə və nəticədə prednizon metabolizminin artmasına səbəb olmuşdur. Flukonazol və prednizonla uzun müddət müalicə alan pasiyentlər flukonazolun qəbulu dayandırıldıqda böyrəküstü vəzinin qabıq maddəsinin kəskin çatışmazlığına görə yaxından müşahidə olunmalıdır. Rifabutin Flukonazol ilə birgə rifabutin qəbul edildikdə, xəstələrdə rifabutinin plazma konsentrasiyasının artması və uveit qeydə alınmışdır. Yanaşı istifadə zamanı rifabutin toksikliyi nəzərə alınmalı və xəstələr nəzarət altında olmalıdır. Sakvinavir Flukonazol CYP3A4 ilə sakvinavirin qaraciyərlə metabolizminin inhibə edilməsi və P-qlikoproteinin inhibə edilməsi ilə ələaqədar olaraq sakvinavirin AUC və C göstəricilərini müvafiq olaraq 50% vəmax 55% artırır. Sakvinavirin dozasını tənzimləmək lazım ola bilər. Sulfonil-sidik cövhəri preparatları Sağlam könüllülərdə flukonazolu hipoqlikemik sulfonil-sidik cövhəri preparatları (xlorpropamid, qlibenklamid, qlipizid, tolbutamid) ilə eyni zamanda istifadə etdikdə, bu preparatların yarımxaricolma dövrü uzanır. Yanaşı istifadə zamanı qanda qlükoza səviyyəsinə nəzarət edilməli və sulfonil-sidik cövhəri preparatlarının dozası müvafiq şəkildə azaldılmalıdır. Teofillin Flukonazolun 200 mq 14 gün davamlı qəbul olunması teofillinin plazmadakı orta klirens sürətini 18% azaltmışdır. Flukonazolun teofillin ilə eyni zamanda qəbul edilməsi nəzarət altında olmalıdır, teofillinlə bağlı toksiklik baş verdikdə müalicəni müvafiq şəkildə dəyişmək lazımdır. Tofasitinib Tofasitinib həm orta dərəcəli CYP3A4 inhibisiyası, həm də güclü CYP2C19 inhibisiyası ilə nəticələnən (məs., flukonazol) dərman vasitələri ilə birgə qəbul edildikdə onun qanda konsentrasiyası artır. Bu səbəbdən tofasitinib bu dərmanlarla kombinə edildikdə dozasını gündə bir dəfə 5 mq-a azaltmaq tövsiyə olunur. Vinkristin və vinblastin Flukonazol vinkristin və vinblastinin plazmada səviyyəsini artıra və neyrotoksikliyə səbəb ola bilər (ehtimal ki, CYP3A4 inhibə etməsi ilə bağlı). A vitamini: bu kombinasiyadan istifadə oluna bilər, lakin mərkəzi sinir sistemi ilə əlaqədar mümkün əlavə təsirlər diqqətə alınmalıdır. Vorikonazol Oral vorikonazol və oral flukonazolun qəbulu plazmada vorikonazolun konsentrasiyasının artması ilə nəticələnmişdir. Vorikonazol flukonazolla ardıcıl istifadə olunduqda vorikonazolla əlaqədar əlavə təsirlərə nəzarət etmək tövsiyə olunur. Zidovudin Zidovudinin flukonazol ilə birgə istifadəsi zamanı, zidovudinin AUC göstəricisi 74% və maksimal plazma konsentrasiyası 84% artmışdır. Bu kombinasiyanı qəbul edən şəxslərdə, zidovudinlə əlaqəli əlavə təsirlərin baş vermə riski nəzərə alınmalıdır. Zidovudinin dozasının azaldılması nəzərdə tutula bilər. Azitromisin Flukonazol və azitromisin arasında əhəmiyyətli farmakokinetik qarşılıqlı təsir müşahidə edilməmişdir. Oral kontraseptivlər Gündə 200 mq flukonazol ilə birgə etinilestradiol və levonorgestrel qəbul edildikdə AUC göstəricisi müvafiq olaraq 40% və 24% artmışdır. Bu dozalarda flukonazolun istifadəsinin oral kontraseptivlərin təsirini dəyişməsi ehtimal edilmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Həyat üçün təhlükəli olan infeksiyalar istisna olmaqla, hamiləlik dövründə əks göstərişdir. Flukonazol ana südünə keçir və konsentrasiyası plazmadakından daha az olur. Birdəfəlik 200 mq-a qədər doza qəbulundan sonra ana südü ilə qidalandırma davam etdirilə bilər. Uzunmüddətli və yaxud yüksək dozalarda müalicə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Flukonazolun nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri öyrənilməmişdir. Lakin, nəzərə alınmalıdır ki, preparatın qəbulu zamanı başgicəllənmə və qıcolmaların yaranma ehtimalı var.
İstifadə qaydası və dozası
Qəbul qaydası Qida qəbulundan asılı olmayaraq kapsul bütov halda udulmalıdır. – Kriptokokk meningiti: ilkin doza birinci gün 400 mq təşkil edir, sonrakı doza gündə 200- 400 mq. Adətən müalicə müddəti minimum 6-8 həftə təşkil edir. Həyat üçün təhlükəli infeksiyalarda gündəlik doza 800 mq-a çatdırıla bilər. Yüksək residiv riski olan pasiyentlərdə dəstəkləyici müalicə qeyri-müəyyən müddətə gündə 200 mq təşkil edir. – Koksidioidomikoz: 200-400 mq. Pasiyentin vəziyyətindən asılı olaraq 11 aydan 24 ayadək və ya daha çox. Bəzi infeksiyalar üçün və xüsusən meningit üçün gündəlik təyinat 800 mq dozaya qədər çatdırıla bilər. – İnvaziv kandidoz: ilkin doza müalicənin birinci günü 800 mq təşkil edir, sonrakı doza – 400 mq/gün. Kandidemiya üçün tövsiyə olunan müalicə müddəti qan kulturasının ilk neqativ cavabından sonra və kandidemiyanın simptom və əlamətlərinin aradan qalxmasından sonra 2 həftədir. – Selikli qışaların kandidozu. Orofarinqeal kandidoz: ilkin doza müalicənin birinci günü 200-400 mq təşkil edir. Sonrakı doza gündəlik 100-200 mq təşkil edir. Müalicə müddəti 7-21 gün təşkil edir (orofarinqeal kandidozun remissiyasına qədər). İmmun cavabı zəif olan pasiyentlərdə müalicə müddəti uzadıla bilər. Ezofageal kandidoz: ilkin doza müalicənin birinci günü 200-400 mq təşkil edir. Sonrakı doza gündəlik 100-200 mq təşkil edir. Müalicə müddəti 14-30 gün təşkil edir (ezofageal kandidozun remissiyasına qədər). İmmun cavabı zəif olan pasiyentlərdə müalicə müddəti uzadıla bilər. Kandiduriya: gündəlik 200-400 mq. Müalicə müddəti 7-21 gün təşkil edir. İmmun cavabı zəif olan pasiyentlərdə müalicə müddəti uzadıla bilər. Xronik atrofik kandidoz: gündəlik 50 mq olmaqla müalicə müddəti 14 gün təşkil edir. Selikli qişanın-dərinin xroniki kandidozu: gündəlik 50-100 mq. Müalicə müddəti 28 günə qədər təşkil edir. İmmun cavabı zəif olan pasiyentlərdə müalicə müddəti uzadıla bilər. – İİV-ə yoluxmuş və yüksək residiv risk qrupuna aid olan pasiyentlərdə orofaringeal və ezofageal kandidozun profilaktikası: gündəlik 100-200 mq və yaxud həftədə 3 dəfə 200 mq. Zəif immun cavabı olan pasiyentlərdə müalicə müddəti qeyri-müəyyəndir. – Genital kandidoz: Kəskin vaginal kandidoz və kandida mənşəli balanit: birdəfəlik doza 150 mq. Təkrarlanan vaginal kandidozun müalicəsi və profilaktikası (ildə 4 dəfə və daha çox baş verən genital kandidoz): müalicənin hər üçüncü günü 150 mq cəmi 3 doza (1, 4 və 7-ci gün). Dəstəkləyici doza həftədə 150 mq olaraq 6 ay ərzində verilir. – Dəri mikozları (tinea pedis, tinea corporis, tinea cruris, Candida infeksiyaları): həftədə 150 mq və ya gündəlik 50 mq təşkil edir. Müalicə müddəti 2-4 həftə təşkil edir. Tinea pedis xəstəliyinin müalicəsini 6 həftəyə qədər davam etdirmək tələb oluna bilər. Tinea versicolor: həftədə bir dəfə 300-400 mq 1-3 həftə ərzində və yaxud gündəlik 50 mq 2-4 həftə ərzində. Tinea unguium (onixomikoz) həftədə 150 mq. Müalicə infeksiyaya yoluxmuş dırnağın yenisi ilə əvəz olunana qədər davam etdirilməlidir. Yeni dırnağın çıxması adətən əl barmaqlarınında 3-6 ay və ayaq barmaqlarında 6-12 ay təşkil edir. Dırnağın inkişafı yaş və individual göstəricilərdən asılı olaraq fərqlənə bilər. Bəzən uzun sürən xroniki infeksiyalarda müalicədən sonra dırnağın formasında dəyişiklik ola bilər. – Uzunmüddətli neytropeniyası olan pasiyentlərdə kandida infeksiyaların profilaktikası: 200- 400 mq gündə 1 dəfə. Müalicə gözlənilən neytropeniyadan bir neçə gün əvvəl başlanılır və neytropeniya keçdikdən sonra 7 gün davam etdirilir (neytrofillərin sayı 1000 mm -dən çox olduqda). Xüsüsi qrup pasiyentlər Yaşlı insanlar Yaşlı insanlarda dozalanma böyrək funksiyasını nəzərə almaqla hesablanmalıdır. Böyrək çatışmazlığı Birdəfəlik doza ilə müalicə zamanı dozaya düzəliş tələb olunmur. Böyrək çatışmazlığı olan və flukonazolun bir neçə dozasını qəbul edəcək pasiyentlərdə (uşaqlar daxil olmaqla) başlanğıc doza 50- 400 mq təşkil edir (müvafiq göstərişdə tövsiyə olunan gündəlik dozaya əsasən müəyyən edilməlidir). Başlanğıc dozadan sonra, gündəlik doza aşağıdakı cədvələ əsasən hesablanmalıdır. Kreatinin klirensi ml/dəq Gündəlik dozanın faizi >50 100% ≤50 (dializsiz) 50% Müntəzəm dializ Hər dializdən sonra 100% Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığında flukonazolun istifadəsinə aid yetərli məlumat olmadığından, belə pasiyentlərdə flukonazol ehtiyatla təyin olunmalıdır. Uşaqlarda istifadəsi Uşaqlarda gündəlik maksimal doza 400 mq-dan artıq təşkil etməməlidir. Böyüklərdə olduğu kimi, müalicə müddəti klinik və mikoloji cavaba uyğun olaraq təyin olunmalıdır. Flunol gündə 1 dəfə təyin olunmalıdır. Yenidoğulmuş körpələrdə və uşaqlarda (28 gündən 11 yaşadək) − Selikli qişaların kandidozu: ilkin doza – gündə 6 mq/kq, sonrakı dozalanma isə gündə 3 mq/kq təşkil edir. İlkin doza müalicənin birinci günü stabil plazma konsentrasiyasına daha sürətlə çatmaq üçün istifadə oluna bilər. − İnvaziv kandidoz və kriptokokk meningiti: gündəlik doza xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq 6-12 mq/kq təşkil edir. − Kriptokokk meningitinin residivinin riski yüksək olan uşaqlarda: gündəlik doza xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq 6 mq/kq təşkil edir. − İmmuniteti zəifləmiş uşaqlarda kandida infeksiyasının profilaktikası: neytropeniyanın dərəcəsindən və müddətindən asılı olaraq gündəlik doza 3-12 mq/kq bədən kütləsinə təşkil edir. Yeniyetmələr (12-17 yaş) Klinik məlumatlar göstərir ki, yeniyetmələrdə flukonazolun klirensi böyüklərə nisbətən daha yüksəkdir. Böyüklərdə 100, 200 və 400 mq doza uşaqlarda 3, 6 və 12 mq/kq dozaya uyğun gəlir. Vaxtında doğulmuş körpələr (0-27 gün) Yenidoğulmuş körpələrdə flukonazol orqanizmdən daha ləng xaric olur. Bununla bağlı bir neçə farmakokinetik amilləri nəzərə almaq lazımdır. – Vaxtında doğulmuş körpələr (0-14 gün) Doza mq/kq-la uşaqlarda olduğu kimi, lakin hər 72 saatdan bir verilməlidir. Hər 72 saatdan bir 12 mq/kq təşkil edən maksimal doza aşılmamalıdır. – Vaxtında doğulmuş körpələr (15-27 gün) Doza mq/kq-la uşaqlarda olduğu kimi, lakin hər 48 saatdan bir verilməlidir. Hər 48 saatdan bir 12 mq/kq təşkil edən maksimal doza aşılmamalıdır.
Əlavə təsirləri
Flukonazolla müalicə zamanı ən çox rast gəlinən əlavə təsirlər baş ağrısı, qarın ağrısı, ishal, ürəkbulanma, qusma, alanin aminotransferazanın (ALT) səviyyəsinin artması, aspartat aminotransferazanın (AST) səviyyəsinin artması, qanda qələvi fosfatazanın səviyyəsinin artması və səpgi olmuşdur. Əlavə təsirlərin rastgəlməyə tezliyi aşağıdakı kimi təsnif edilmişdir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 – <1/10); bəzən (≥1/1000 – <1/100); nadir (≥1/10 000 – <1/1000); çox nadir (<1/10 000); məlum deyil (mövcud məlumatlara əsasən müəyyən etmək mümkün deyil). Qan və limfa sistemində pozulmalar: Bəzən: Anemiya; Nadir: Aqranulositoz, leykopeniya, trombositopeniya, neytropeniya. İmmun sistemində pozulmalar: Nadir: Anafilaksiya Metabolizm və qidalanmada pozulmalar: Bəzən: İştahanın azalması; Nadir: Hiperxolesterinemiya, hipertriqliseridemiya, hipokaliemiya. Psixi pozulmalar: Bəzən: Yuxululuq, yuxusuzluq. Sinir sistemində pozulmalar: Tez-tez: Baş ağrısı; Bəzən: Qıcolmalar, paresteziya, başgicəllənmə, dad hissinin təhrif olunması; Nadir: Titrəmə. Eşitmə və müvazinətdə pozulmalar: Bəzən: Vestibulyar başgicəllənmə. Ürəyin fəaliyyətində pozulmalar: Nadir: Torsades de pointes (polimorf mədəcik taxikardiyası), QT intervalının uzanması. Mədə-bağırsaq sistemində pozulmalar: Tez-tez: Qarın ağrısı, qusma, ishal, ürəkbulanma; Bəzən: Qəbizlik, dispepsiya, meteorizm, ağızda quruluq. Hepatobiliar pozulmalar: Tez-tez: ALT, AST, qələvi fosfataza səviyyəsinin artması; Bəzən: Xolestaz, sarılıq, bilirubin səviyyəsinin artması; Nadir: Qaraciyər çatışmazlığı, hepatosellülar nekroz, hepatit, hepatosellülar zədələnmə. Dəri və dərialtı toxumada pozulmalar: Tez-tez: Səpgi; Bəzən: Dərman dermatiti, övrə, qaşınma, tər ifrazının artması; Nadir: Toksik epidermal nekroliz, Stivens-Conson sindromu, kəskin generalizə olunmuş ekzantematoz pustulyoz, eksfoliativ dermatit, angionevrotik ödem, üz ödemi, alopesiya; Məlum deyil: Eozinofiliya ilə dərman reaksiyası və sistem simptomlar. Sümük-əzələ sistemində və birləşdirici toxumada pozulmalar: Bəzən: Mialgiya. Ümumi pozulmalar və yeridilmə yerində reaksiyalar: Bəzən: Yorğunluq, əzginlik, asteniya, qızdırma. Uşaqlarda istifadə Uşaqlar üzərində aparılan klinik tədqiqatlar zamanı qeydə alınan əlavə təsirlərin və laborator normalardan yayınmaların forma və insidentliyi, böyüklərdə müşahidə olunanlara uyğundur (genital kandidoz istisna olmaqla). GÖZLƏNİLMƏYƏN REAKSİYA YARANDIQDA HƏKİMƏ MÜRACİƏT EDİN.
Doza həddinin aşılması
Flukonazolla doza həddinin aşılması, bu zaman hallüsinasiyalar və paranoidal davranış haqqında məlumat verilmişdir. Doza həddinin aşılması zamanı simptomatik müalicə (mədənin yuyulması və dəstəkləyici müalicə) aparılmalıdır. Flukonazol əsasən sidiklə xaric olur, sürətləndirilmiş diurez preparatın xaric olmasını tezləşdirir. 3 saat davam edən hemodializ seansı flukonazolun plazmada səviyyəsini 50% azaldır.
Buraxılış forması
Flunol 50 mq kapsul 7 kapsul blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Flunol 150 mq kapsul 1 və ya 2 kapsul blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən aşağı temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş. Sancaklar 81100 Düzce/Türkiye. Qqeydiyyat vəsiqəsinin sahibi NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş. Ümraniye 34768 İstanbul/Türkiye.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.