Revmabet 5 mq / 2 mq 1 ml inyeksiya

Təsiredici maddə: BETAMETHASONE
Təsiredici maddəBETAMETHASONE
Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirSistem istifadə üçün kortikosteroidlər. Qlükokortikoidlər
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,58 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

REVMABET inyeksiya üçün suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: Betamethasone

Tərkibi

Təsiredici maddə: 1 ampulda 6,43 mq betametazon dipropionat (5 mq betametazona ekvivalent), 2,63 mq betametazon natrium fosfat (2 mq betametazona ekvivalent) vardır. Köməkçi maddələr: dinatrium edetat, susuz dinatrium fosfat, natrium xlorid, polisorbat 80, xlorid turşusu, benzil spirti, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, natrium karmelloza, makroqol, inyeksiya üçün su.

Təsviri

Tərkibində yüngül suspenziyalaşan ağ rəngli hissəciklər olan azacıq özlü mayedir, kənar qarışıqları yoxdur.

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün kortikosteroidlər. Qlükokortikoidlər. ATC kodu: H02AB01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Təsir mexanizmi Revmabet preparatının tərkibində toxumalara iltihabəleyhinə, revmatizməleyhinə və allergiyaəleyhinə təsirlərə malik flüorlaşdırılmış qlükokortikoid olan betametazonun iki efirinin kombinasiyası vardır (efirlərdən biri asanlıqla həll olur, digəri isə çətin həll olan efirdir). Revmabet preparatı ikimərhələli təsirə malik olan steril kristallik suspenziyadır. İnyeksiyadan sonra toxumalarda preparatın rezorbsiyasının dərhal sonra baş verməsini nəzərə alaraq, həll olunan natrium fosfat şəklində betametazon preparatın təsirinin sürətlə başlanmasını təmin edir. Preparatın uzunmüddətli effekti betametazon dipropionatın mikrokristallik suspenziyası vasitəsi ilə əldə olunur ki, bu da depo əmələ gətirir və beləliklə, uzun müddət ərzində simptomlara nəzarət edir. Bütün qlükokortikoidlər kimi, betametazonun effektivliyi hüceyrələrdə spesifik zülalların sintezinin stimullaşdırılmasına əsaslanır. Həmin zülallar bioloji effektlərə görə məsuliyyət daşıyırlar. Göstərilən təsir mexanizminin hüceyrə nüvələrinə yayılmasını nəzərə alaraq, hətta parenteral yolla yeridildikdən sonra belə, qlükokortikoidlərin maksimal farmakoloji effekti ləng (preparatın həll olunan duzunu orqanizmə yeritdikdən təxminən 2 saat sonra) meydana çıxır və qan plazmasından yarımxaricolma dövrü ilə müqayisədə, daha uzun müddət davam edir. Preparatın təsirinin davametmə müddəti fərdidir. İnyeksiyadan sonra, adətən, klinik təsirin orta davametmə müddəti sistem şəkildə (əzələ daxilinə) istifadə edildikdə 3 həftədən 4 həftəyə qədər və yerli istifadə edildikdə 4 həftədən 6 həftəyə qədər təşkil edir. Digər kortikosteroidlərlə müqayisədə, betametazonun (həll olunan şəkildə) nisbi iltihabəleyhinə effekti aşağıda göstərildiyi kimidir: 1 mq betametazon = 1,25 mq deksametazon = 6,5 mq triamsinolon və ya metilprednizolon = 8,5 mq prednizon və ya prednizolon = 35 mq hidrokortizon = 40 mq kortizon. İltihabəleyhinə effektin davametmə müddəti təxminən, hipotalamus-hipofiz-böyrəküstü vəzi oxunun blokadaya alınmasının davametmə müddətinə müvafiqdir. Betametazonun mineralkortikoid effekti minimaldır. Farmakokinetikası Absorbsiyası Betametazon natrium fosfatın (preparatın həllolunan komponenti) inyeksiyasından sonra, preparatın qanda maksimal konsentrasiyası təxminən 60 dəqiqədən sonra əldə edilir. Betametazon dipropionatın (preparatın kristallik suspenziya şəklində komponenti) rezorbsiya olunan miqdarı barədə heç bir məlumat yoxdur, bununla belə, preparatın təsirinin davametmə müddəti onu göstərir ki, o, çox ləng (bir neçə gün və ya hətta, bir neçə həftə müddətində) rezorbsiya olunur. Paylanması Terapevtik konsentrasiyalar diapazonunda betametazon natrium fosfatın qan plazmasının zülalları (əsasən, zərdab albumini) ilə birləşməsi təxminən 60-70 % təşkil edir. Betametazonun paylanma həcmi 1,4 ± 0,3 l/kq-a təşkil edir. Preparatın onurğa beyin mayesində, ağciyərlərdə, öd kisəsində, prostat vəzində, sümük toxumasında və ağız suyunda paylanması barədə heç bir məlumat yoxdur. Betametazonun plasentar baryerdən keçməsi və ana südünə nüfuz edib-etməməsi məlum deyil. Digər qlükokortikoidlər üçün bu hal xarakterikdir. Metabolizmi və xaric olması Peroral və ya parenteral yolla yeridilən betametazon natrium fosfatın qan plazmasından yarımxaricolma dövrü 5 saat təşkil edir – bu zaman, bioloji yarımxaricolma dövrü 36 saatdan 54 saata qədərdir. Betametazonun böyrək klirensi 2,9 ± 0,9 ml/dəqiqə/kq-a təşkil edir. Radioaktiv markerlərin istifadəsi ilə aparılan tədqiqatlarda göstərilmişdir ki, həll olunan natrium fosfat şəklində betametazon orqanizmə yeridildikdən sonra, ilk 2 gün müddətində demək olar ki, tamamilə xaric olunduğu halda, suspenziyalaşmış dipropionat şəklində betametazonun yalnız 52 %- i 10 gündən sonra xaric olunur. İnyeksiya nahiyəsi toxumalarında betametazonun efirləri farmakoloji cəhətdən aktiv olan betametazona qədər hidrolizə məruz qalırlar. Digər qlükokortikoidlər kimi betametazon da qaraciyərdə metabolizmə məruz qalır. Qlükuron turşusu ilə konyuqasiya olunmuş şəkildə, əsasən ödçıxarıcı yollar vasitəsi ilə xaric olunur. Xüsusi klinik vəziyyətlərdə kinetikası Ağır qaraciyər çatışmazlığı və hipotireoz zamanı qlükokortikoidlərin metabolizmi ləngiyir və bu, betametazonun təsirinin güclənməsinə səbəb ola bilər. Hipoalbuminemiya və hiperbilirubinemiya qeyri-zülal aktiv (yəni, farmakoloji cəhətdən aktiv) təsiredici maddənin arzuolunmayan yüksək konsentrasiyalarına gətirib çıxara bilər. Hamiləlik dövründə qlükokortikoidlərin yarımxaricolma dövrü uzanır; uşaqlarla və böyüklərlə müqayisədə yenidoğulmuş körpələrdə preparatın plazma klirensi aşağıdır.

İstifadəsinə göstərişlər

Revmabet preparatının istifadəsi, xüsusilə, aşağıda göstərilən vəziyyətlərdə qlükokortikoidlərlə aparılan müalicəyə cavab verən kəskin və xroniki vəziyyətlərin sistem və yerli terapiyası üçün göstərişdir. Skelet-əzələ sisteminin və yumşaq toxumaların xəstəlikləri Aşağıda göstərilən xəstəliklərin kəskin epizodları və ya kəskinləşməsi zamanı qısamüddətli əlavə terapiya vasitəsi şəklində: osteoartrit, revmatoid artrit (xüsusi hallarda, daha aşağı dəstəkləyici dozanın istifadəsi tələb oluna bilər), bursit, ankilozlaşan spondilit, epikondilit, radikulit, koksiqodiniya, işias, lyumbaqo, əyriboyunluq, sinovial kistalar, ekzostoz, fassiit. Kollagenozlar Bəzi hallarda aşağıda göstərilən xəstəliklərin kəskinləşməsi və ya dəstəkləyici müalicəsi: sistem qırmızı qurdeşənəyi, sklerodermiya, dermatomiozit, düyünlü poliarteriit. Allergik xəstəliklər Astmatik status zamanı və dərman preparatlarına və həşəratların sancmalarına qarşı hiperhəssaslıq reaksiyalar qeyd olunduqda, köməkçi müalicə vasitəsi şəklində. Adətən istifadə edilən üsullarla müalicəyə cavab verməyən ağır və əlilliyə gətirib çıxaran allergik vəziyyətlərdə, xüsusilə, aşağıda göstərilən xəstəliklərin kəskin tutmaları və kəskinləşməsi: xroniki bronxial astma, mövsümi və ya bütün il boyu davam edən allergik rinit, allergik bronxitin ağır forması, angionevrotik ödem, zərdab xəstəliyi, atopik dermatit, neyrodermit, kontakt dermatit, övrə, günəş mənşəli ağır ekzantema. Dermatoloji xəstəliklər Hipertrofik yastı dəmrov, diabetdən əziyyət çəkən pasiyentlərdə lipoid nekrobioz, ocaqlı alopesiya, diskoid qırmızı qurdeşənəyi, psoriaz, keloidlər, sudurca (pemfiqus), herpesəbənzər dermatit, kistalı sızanaqlar. Neoplastik xəstəliklər Böyüklərdə leykozların və limfomaların və uşaqlarda kəskin leykozların palliativ müalicəsi. Digər xəstəliklər Adrenogenital sindrom, xoralı kolit, regionar ileit, spru, pəncə xəstəlikləri (bərk döyənək fonunda bursit, ayaq baş barmağının hərəkətliliyinin çətinləşməsi (hallux rigidus), ayağın 5-ci barmağının varus deformasiyası), subkonyuktival inyeksiyanın aparılması tələb olunan vəziyyətlər, kortikosteroidlərlə müalicə olunan qan diskraziyaları, nefrit, nefrotik sindrom.

Əks göstərişlər

Preparatın tərkibinə daxil olan komponentlərə qarşı yüksək həssaslıq; – preparatın vena daxilinə və damar daxilinə yeridilməsi; – preparatın intratekal və epidural yeridilməsi; – preparatın qeyri-stabil və ya infeksiyalaşmış oynağa, digər infeksiyalaşmış nahiyələrə və ya fəqərələrarası boşluqlara yeridilməsi; – sistem göbələk infeksiyaları; – 6 yaşdan aşağı uşaqlar; – oynaq daxilinə və infiltrasion yeridilmə zamanı: avaskulyar osteonekroz, vətərlərin üzülməsi, Şarko neyroartropatiyası; – kəskin infeksiyalar (kəmərləyici dəmrov, herpes, suçiçəyi), parazitar xəstəliklər, poliomielit (xəstəliyin bulboensefalit forması istisna olmaqla), BCG vaksinasiyasından sonra qeyd olunan limfadenit, amöb infeksiyası, oftalmoloji herpes; – profilaktik peyvəndlərdən təxminən 8 həftə əvvəl və 2 həftə sonra istifadəsi; – uzunmüddətli müalicə aparıldıqda: mədə-bağırsaq traktında xora, xroniki aktiv hepatit (HbsAg-a qarşı müsbət reaksiya), dar-bucaqlı və ya açıq-bucaqlı qlaukoma.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Kortikosteroidlərin epidural inyeksiyası ilə əlaqəli bəzi hallarda ölümlə nəticələnən ciddi nevroloji ağırlaşmalar barədə məlumatlar daxil olmuşdur. Bunlara onurğa beyni infarktı, paraplegiya, kvadriplegiya, kortikal korluq və beyin qan dövranının pozulması kimi hallar aiddir. Göstərilən nevroloji ağırlaşmalar həm flüoroskopiya nəticəsində, həm də onsuz qeydə alınmışdır. Kortikosteroidlərin epidural yeridilməsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir və bu səbəbdən, kortikosteroidləri epidural yolla istifadə etmək olmaz. Kortikosteroidlərlə parenteral müalicə aparıldıqda, nadir hallarda xüsusilə, allergik reaksiyalara (məsələn, bronxial astmaya və ya dərman preparatlarına qarşı allergiyaya) meyllilik qeyd olunan pasiyentlərdə ağır hiperhəssaslıq reaksiyaları, məsələn, qırtlaq ödemi, bronxospazm və anafilaktik şok meydana çıxa bilər. Göstərilən reaksiyalar meydana çıxdıqda, təxirəsalınmayan müalicə (adrenalinin yeridilməsi, dövr edən mayenin həcminin bərpa olunması, reanimasiya tədbirləri) aparılmalıdır. Kortikosteroidlərlə müalicə müddətində meydana çıxan ağırlaşmaların preparatın dozasından və müalicənin davametmə müddətindən asılı olması faktını nəzərə alaraq, hər bir konkret vəziyyətdə müalicənin üstünlüklərini və risklərini qiymətləndirmək vacibdir. Bütün qlükokortikoidlərdə olduğu kimi, betametazonun tam effektivliyi ləng (bir neçə saatdan sonra) inkişaf edir və bu səbəbdən, həyat üçün təhlükəli vəziyyətlərdə (məsələn, astmatik status və ağır allergik reaksiyalar zamanı) təxirəsalınmaz müalicə aparılmadan preparatı istifadə etmək olmaz. Bronxial astma kəskinləşdiyi halda Revmabet preparatının orqanizmə yeridilməsi yalnız əvəzedici müalicədir və əsas terapiyanı əvəz etmir. Ağırlaşmamış respirator xəstəliklər zamanı qlükokortikoidlərin istifadəsindən çəkinmək lazımdır. Kortikosteroidlərin istifadəsi ilə aparılan müalicə eyforiya, yuxusuzluq və əhval-ruhiyyənin və ya şəxsiyyətin dəyişməsi kimi təzahürlərlə müşayiət olunan psixotik pozğunluqlara gətirib çıxara bilər; manifest psixoza səbəb ola bilən ağır depressiya meydana çıxa bilər. Kortikosteroidlər mövcud psixi qeyri-stabilliyin və ya psixotik meylliliklərin güclənməsinə səbəb ola bilər. Bundan əlavə, aşağıda göstərilən xəstəliklər və ya vəziyyətlər qeyd olunduğu hallarda ehtiyat tədbirlərinə riayət etmək lazımdır: – perforasiya təhlükəsi ilə müşayiət olunan qeyri-spesifik xoralı kolit, divertikulit, az müddət əvvəl bağırsaq anastamozlarının yerləşdirilməsi, mədə və ya bağırsaq xoraları; – abses və ya digər irinli proseslər; – virus və bakterial infeksiyalar; – boyatmanın ləngiməsi; – hamiləlik; – Kuşinq sindromu; – epilepsiya; – dar-bucaqlı və ya açıq-bucaqlı qlaukoma; – az müddət əvvəl keçirilmiş miokard infarktı, ağır arterial hipertenziya, ürək çatışmazlığı (kortikosteroidlərin elektrolit balansa təsiri); – hipotireoz və qaraciyər sirrozu (qlükokortikoidlərin effektlərinin güclənməsi); – miqren; – miasteniya qravis və xolinesteraza fermentinin inhibitorlarının eyni zamanda istifadəsi – bu halda nəzərə almaq lazımdır ki, xolinesteraza fermentinin inhibitorlarının effektivliyi aşağı düşür və bu, miastenik krizin meydana çıxma riskinin artmasına səbəb olur; – perforasiyaların əmələ gəlməsinə qədər proqressivləşə bilən mədə-bağırsaq traktında qanaxmaların və xoraların inkişaf etməsi ilə əlaqəli, qlükokortikoidlərin və salisilatların istifadəsi ilə uzunmüddətli müalicə (salisilatlarla zəhərlənmə riskini nəzərə alaraq, qlükokortikoidlərin dozalarını ehtiyatla aşağı salmaq lazımdır); – hipoprotrombinemiya qeyd olunan pasiyentlərdə asetilsalisil turşusu ilə eyni zamanda istifadə; – trombozların əmələ gəlməsinə meyllilik; – anamnezdə psixi xəstəliklərin qeyd olunması; – böyrək çatışmazlığı. Osteoporozun inkişaf etmə riskinin yüksək olmasını nəzərə alaraq, postmenopauza dövründə olan qadınlarda və yaşlı pasiyentlərdə qlükokortikoidlərin istifadəsi ilə parenteral müalicəni yalnız, aşkar göstərişlər mövcud olduqda və vəziyyət hərtərəfli qiymətləndirildikdən sonra aparmaq olar. Kortikosteroidlərin istifadəsi ilə 2 həftədən artıq müddət ərzində aparılan uzunmüddətli müalicə AKTH-nin (adrenokortikotrop hormonun) azad olmasının inhibə olunması yolu ilə böyrəküstü vəzilərin atrofiyasına qədər proqressivləşə bilən böyrəküstü vəzinin qabıq maddəsinin çatışmazlığına gətirib çıxara bilər. Böyrəküstü vəzilərin çatışmazlığı 1 ilə qədər və daha artıq müddət ərzində davam edə bilər və bu, stress vəziyyətində olan pasiyentlərin risklə üzləşməsinə səbəb olur. Kortikosteroidlərlə müalicə olunan pasiyentlərə stress vəziyyətindən əvvəl, stress vəziyyəti müddətində və ondan sonra (məsələn, cərrahi müdaxilə, ağır travma, ağır infeksiya zamanı) sürətli təsirə malik kortikosteroidlərdən istifadə etmək tövsiyə olunur. Uzunmüddətli müalicə dayandırıldığı halda, böyrəküstü vəzilərin çatışmazlığının inkişaf etməsinin qarşısını almaq məqsədi ilə preparatın dozasını tədricən və çox ehtiyatla aşağı salmaq lazımdır. Kortikosteroidlərin müalicəsi ilə aparılan uzunmüddətli müalicə arxa subkapsulyar kataraktanın, görmə sinirinin zədələnməsi ilə müşayiət oluna bilən qlaukomanın və göbələklərin və virusların törətdikləri ikincili göz infeksiyalarının inkişaf etməsinə səbəb ola bilər. Kortikosteroidlərdən istifadə etdikdə, antibiotiklər və ya kimyəvi-terapevtik preparatlar vasitəsi ilə kəskin və xroniki infeksiyalara nəzarət etmək lazımdır. Kortikosteroidlər infeksiya simptomlarını maskalaya bilərlər. Kortikosteroidlərlə müalicə müddətində çiçəkəleyhinə vaksin daxil olmaqla, canlı virus vaksinlərinin istifadəsi əks göstərişdir. Yüksək dozalarda steroidlərdən istifadə edən pasiyentlər nevroloji ağırlaşmalar və immun cavabın aşağı düşməsi riskinə xüsusilə məruz qalırlar. Latent vərəm və ya tuberkulinə qarşı müsbət reaksiya qeyd olunan pasiyentlərdə kortikosteroidlərin istifadəsi ilə müalicəni yalnız, aşkar göstərişlər mövcud olduqda və vəziyyətə müntəzəm nəzarət etməklə aparmaq lazımdır. Uzunmüddətli müalicə aparıldıqda, həmin pasiyentlər vərəməleyhinə kimyəvi terapiya qəbul etməlidirlər. Kimyəvi-profilaktika məqsədi ilə rifampisindən istifadə edildiyi halda nəzərə almaq lazımdır ki, preparat kortikosteroidlərin metabolik qaraciyər klirensini gücləndirir və bu səbəbdən, kortikosteroidlərin dozasının korreksiyası tələb oluna bilər. Fulminant və ya miliar vərəmdən əziyyət çəkən pasiyentlərə Revmabet preparatını yalnız, müvafiq tuberkulostatik müalicə ilə birlikdə istifadə etmək olar. Kortikosteroidlərlə sistem müalicə müddətində meydana çıxan suçiçəyi, xəstəliyin ağır formasına qədər proqressivləşə bilər və xüsusilə, uşaqlarda ölümlə nəticələnə bilər. Həmin vəziyyət təcili müalicənin aparılmasını tələb edir. Risk qrupuna daxil olan pasiyentlərdə dərman profilaktikasının və ya passiv immunoloji profilaktikanın aparılması göstərişdir. Kortikosteroidlərin immunosupressiv effektini nəzərə alaraq, Revmabet preparatı ilə uzunmüddətli müalicə üçün digər nisbi əks göstərişlərə aşağıda göstərilənlər aiddir: sadə herpes, kəmərləyici dəmrov, latent amöbiaz, poliomielit (xəstəliyin bulboensefalit forması istisna olmaqla), BCG vaksinasiyasından sonra qeyd olunan ikincili limfomalar, metastazlarla müşayiət olunan karsinomalar. Qlükokortikoidlərin istifadəsi ilə uzunmüddətli müalicə uşaqlarda inkişaf pozğunluqlarına və böyrəküstü vəzilərin qabıq maddəsinin disfunksiyasına gətirib çıxara bilər və bu səbəbdən, Revmabet preparatı ilə müalicə qəbul edən uşaqların boy artımına və inkişafına diqqətlə nəzarət etmək lazımdır. Preparatın istifadəsi, inyeksiyaların ciddi aseptik texnikasının riayət edilməsini tələb edir. Oynaqdaxili inyeksiyalar yerli təsirlərə əlavə olaraq, sistem effektlərin meydana çıxmasına səbəb ola bilər. Preparatın dəri altına ehtiyatsız yeridilməsi, müvəqqəti atrofiya riskinin meydana çıxmasına səbəb ola bilər. Steroidlərin oynaqdaxili inyeksiyalarından sonra simptomatik yaxşılaşma baş verdiyi halda, oynağın zədələnməsindən qaçınmaq məqsədi ilə oynaq üzərinə həddindən artıq yükün düşməsindən çəkinmək lazımdır. Kortikosteroidlərlə müalicə müddətində latent şəkərli diabetin manifestləşməsi mümkündür. Diabetdən əziyyət çəkən pasiyentlərə insulini daha yüksək dozalarda istifadə etmək tövsiyə olunur. Kortikosteroidlərin katabolizəedici və anabolik təsiri mənfi azot balansına gətirib çıxara bilər. Bu səbəbdən, kifayət qədər zülalların istifadəsi tələb olunur. Sistem və yerli kortikosteroidlərdən istifadə etdikdə (intranazal, inhalyasion və gözdaxili istifadə daxil olmaqla) görmə qabiliyyətinin pozulması baş verə bilər. Pasiyentdə qeyri-aydın görmə və ya görmə qabiliyyətinin digər pozğunluqları meydana çıxdığı halda, katarakta, qlaukoma və ya kortikosteroidlərin sistem və yerli istifadəsindən sonra qeydə alınmış mərkəzi seroz xorioretinopatiya kimi nadir xəstəliklər daxil olmaqla, mümkün səbəblərin qiymətləndirilməsi məqsədi ilə pasiyentləri oftalmoloqla məsləhətləşməyə göndərmək lazımdır. CYP3A4 izofermentin güclü inhibitorları ilə qarşılıqlı təsirləri Kortikosteroidlər (betametazon daxil olmaqla) CYP3A4 izoferment vasitəsi ilə metabolzimə məruz qalırlar. CYP3A4 izofermentin güclü inhibitorlarının (məsələn, ketokonazolun, itrakonazolun, klaritromisinin, ritonavirin, kobisistat tərkibli preparatların) eyni zamanda istifadəsi kortikosteroidlərin təsirinin güclənməsinə və sistem kortikosteroidlərin arzuolunmayan effektlərinin meydana çıxma riskinin yüksəlməsinə gətirib çıxara bilər. Müalicənin faydası kortikosteroidlərin sistem arzuolunmayan effektlərindən üstün olduğu hallar istisna olmaqla, göstərilən preparatların kombinasiyasının eyni zamanda istifadəsindən qaçınmaq lazımdır. Birlikdə istifadə edildikdə, kortikosteroidlərin sistem arzuolunmayan effektlərini vaxtında aşkar etmək məqsədi ilə pasiyentləri müşahidə etmək lazımdır. Diaqnostik tədqiqatların nəticələrinə təsiri Aşağıda göstərilən bioloji göstəricilərin aşağı düşməsi qeyd oluna bilər: EÇS (eritrositlərin çökmə sürəti), koaqulyasiya müddəti (Li-Uayt); qan plazmasında səviyyələri – sidik turşusu, kalium, TTH (tireotrop hormon), tiroksin, T3 (triyodtironin), testosteron; sidikdə səviyyələri – 17-ketosteroidlər. Aşağıda göstərilən bioloji göstəricilərin yüksəlməsi qeyd oluna bilər: qan plazmasında səviyyələri – natrium, xloridlər, qlükoza, xolesterin; sidikdə səviyyələri – kalsium, kreatinin, qlükoza (meyllilik qeyd olunduğu halda). Allergik dəri sınaqlarına qarşı reaksiyanın tormozlanması qeyd oluna bilər. Bakterial infeksiyanın aşkar edilməsi üçün nitro-göy tetrazoliumun bərpa edilməsi testi yanlış-mənfi nəticələr göstərə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Asetilsalisil turşusu və qeyri-steroid iltihabəleyhinə preparatlar: bu maddələrin ulserogen effektinin güclənməsi mümkündür ki, bu da, mədə-bağırsaq qanaxması riskini artırır. Antibiotiklər/antimikotiklər: troleandomisin, eritromisin və ketokonazol betametazonun təsirini və əlavə təsirlərini gücləndirir. Rifampisin betametazonun effektivliyini azalda bilər ki, bu da, dozanın korreksiyasını tələb edir. CYP3A4 güclü inhibitorları: kortikosteroidlər (betametazon daxil olmaqla) CYP3A4 metabolizə olunur. CYP3A4 izofermentinin güclü inhibitorları (məsələn, ketokonazol, itrakonazol, klaritromisin, ritonavir, tərkibində kosistat olan preparatlar) ilə eyni vaxtda istifadəsi kortikosteroidlərin təsirinin güclənməsinə və sistem kortikosteroidlərin əlavə təsirlərinin riskinin artmasına səbəb ola bilər. Terapiyanın faydası kortikosteroidlərin sistem əlavə təsirləri riskindən üstün olduğu hallar istisna olmaqla, bu kombinasiyanın istifadəsindən çəkinmək lazımdır. Birlikdə istifadəsi zamanı kortikosteroidlərin sistem əlavə təsirlərinin yarana bilməsi səbəbindən pasiyentə nəzarət etmək vacibdir. Antixolinergik vasitələr: atropin və digər antixolinergik vasitələr artıq yüksəlmiş gözdaxili təzyiqi artıra bilər. Antixolinesteraza: neostiqmin və piridostiqmin miastenik krizə səbəb ola bilər. Diabetəleyhinə vasitələr: insulinlə və ya peroral diabetəleyhinə vasitələrlə eyni vaxtda istifadəsi zamanı qanda qlükozanın səviyyəsinə nəzarət etmək və ehtiyac olduqda, diabetəleyhinə vasitələrin dozasını korreksiya etmək lazımdır. Antihipertenziv vasitələr: qlükokortikoidlərin mineralokortikoid effekti hesabına antihipertenziv təsirin azalması mümkündür ki, bu da, arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər. Antikoaqulyantlar: kortikosteroidlərin kumarin antikoaqulyantları ilə eyni vaxtda istifadəsi zamanı protrombin vaxtına tez-tez nəzarət etmək lazımdır, belə ki, antikoaqulyantların effekti adətən azalır. Ehtiyac olduqda, antikoaqulyantların dozası korreksiya edilməlidir. Antikonvulsantlar: fenobarbital və fenitoin betametazonun effektivliyini azalda bilər. Betametazona qarşı kifayət qədər terapevtik reaksiya olmadıqda, onun dozasını artırmaq vacibdir. Diuretiklər: kortikosteroidlərlə hipokaliemik diuretiklərin eyni vaxtda istifadəsi zamanı hipokaliemiyanı aşkar etmək məqsədilə pasiyentə ciddi nəzarət etmək lazımdır. Ehtiyac olduqda, kalium ilə əvəzləyici terapiya aparmaq lazımdır. Ürək qlikozidləri: ürək qlikozidlərilə kortikosteroidlərin birlikdə yeridilməsi kalium defisiti səbəbindən (aritmiya) qlikozidlərin toksikliyini artıra bilər. Vaksinlər: polimielit, BCG, parotit, qızılca, məxmərək və çiçək kimi canlı virus vaksinləri kortikosteroidlərin immunodepressiv təsirinə görə daha toksik ola bilər. Disseminəolunmuş virus infeksiyalarının inkişafı mümkündür. İnaktivləşdirilmiş vaksinlərə immun cavab azala bilər. İmmunodepressantlar: metotreksatla eyni vaxtda yeridilməsi zamanı kortikosteroidlərin daha kiçik dozası sinergetik effektə görə kifayət ola bilər. Siklosporin kortikosteroidlərin klirensini azaldır, ehtimal edilir ki, bu, qaraciyərin mikrosomal fermentlərinin rəqib inhibə edilməsi yolu ilə baş verir, kortikosteroidlər isə xüsusilə yüksək dozaların istifadəsi zamanı siklosporinin qanda səviyyəsini artıra bilər. Bu səbəbə görə kombinəolunmuş terapiya zamanı qanda siklosporinin səviyyəsinə nəzarət etmək və ehtiyac olduqda dozanı korreksiya etmək lazımdır. Serebral mənşəli qıcolmaların yüksək riski mövcuddur. Neyro-əzələ blokatorları: pankuroniumun təsiri azala bilər. Estrogenlər: kortikosteroidlərin effektinin güclənməsi mümkündür. Psixotrop vasitələr: anksiolitiklərin və antipsixotiklərin effekti azala bilər. Bu maddələrin dozalanması ehtiyac olduqda korreksiya edilməlidir. Salisilatlar: salisilatların effektivliyi azala bilər. Kortikosteroidlərin dozasının azaldılması salisilatların toksikliyini artıra və mədə-bağırsaq qanaxmasının, xorasının və perforasiyasının riskini yüksəldə bilər. Simpatomimetiklər: salbutamolun təsirinin və mümkün toksikliyinin güclənməsi. Sitostatiklər: siklofosfamidin effektinin azalması mümkündür. Somatotropin: somatotropinin effektinin azalması mümkündür. Prazikvantel: kortikosteroidlər prazikvantelin qanda konsentrasiyasını azalda bilər. Xloroxin, hidroksixloroxin, mefloxin: miopatiya və kardiomiopatiya riskinin artması. Protirelin: TTH-nin səviyyəsinin artması protirelinin qəbulu zamanı azala bilər. Efedrin: efedrin betametazonun effektini azalda bilir. Amfoterisin B: preparatı Amfoterisin B ilə eyni vaxtda istifadə etdikdə, kaliumun səviyyəsi azala bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Heyvanlar üzərində aparılan tədqiqatlarda dölə mənfi təsirin mövcudluğu göstərilmişdir. Preparatın hamilə qadınlarda istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Betametazon plasentar baryerdən keçir. Preparatı hamiləlik dövründə uzun müddət ərzində istifadə etdikdə, bətndaxili inkişaf pozğunluqlarını istisna etmək olmaz. Hamiləlik dövrünün son mərhələlərində istifadə edildikdə, döl böyrəküstü vəzilərin atrofiyası riskinə məruz qalır. Hamiləlik dövründə, xüsusilə, birinci trimestrdə Revmabet preparatını yalnız, potensial fayda döl üçün riskdən üstün olduğu halda təyin etmək olar. Göstərişlər mövcud olduğu halda, digər qlükokortikoidlərlə, xüsusilə flüorlaşdırılmış qlükokortikoidlərlə müqayisədə, prednizolonun (və ya prednizonun) istifadəsinə üstünlük vermək lazımdır – çünki onun plasentadan keçmə qabiliyyəti daha aşağıdır. Faktiki və ya ehtimal edilən hamiləlik qeyd olunduğu halda, qadınlar dərhal həkimə müraciət etməlidirlər. Hamiləlik dövründə qlükokortikoidlərin yüksək dozalarından istifadə edən anaların yenidoğulmuş körpələrində hipokortisizm əlamətlərinin mövcudluğuna diqqətlə nəzarət etmək və zərurət yarandığı halda, gələcəkdə dozanın aşağı salınması ilə əvəzedici müalicə aparmaq lazımdır. Laktasiya dövrü Qlükokortikoidlər ana südü ilə xaric olunur və uşaqda böyrəküstü vəzilərin funksiyalarına və uşağın inkişafına təsir göstərə bilərlər. Qlükokortikoidlərdən istifadə etdikdə, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat idarə etmək və digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaq qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

İstifadə qaydası və dozası

Kortikosteroidlər adətən əsas müalicəyə əlavə olunurlar, lakin, onu əvəz etmirlər. Qlükokortikoidlərin parenteral istifadəsini fövqəladə hallarda və peroral istifadə yolu məqsədəuyğun olmayan və ya arzuolunmayan vəziyyətlərdə təyin etmək lazımdır. Müəyyən müddət ərzində yaxşılaşma qeyd olunmadığı halda, qlükokortikoidlərin parenteral yeridilməsini dayandırmaq lazımdır. Xroniki xəstəliyin spontan remissiyası baş verdikdə, müalicəni həmçinin, dayandırmaq lazımdır. Preparatın dozalanması üzrə ümumi tövsiyələr Revmabet preparatı əzələ daxilinə, oynaq daxilinə, oynaq ətrafına, intrabursal, dəri daxilinə və ocaq daxilinə yeridilmə üçün nəzərdə tutulmuşdur. Kristallik suspenziyanın yerli istifadəsi inyeksiyanın qüsursuz texnikasının riayət edilməsini tələb edir. Preparatı, aseptika qaydalarına riayət etməklə yeritmək lazımdır. Revmabet preparatı, fövqəladə vəziyyətlərdə başlanğıc müalicə vasitəsi şəklində vena daxilinə yeridilmə üçün nəzərdə tutulmamışdır. Preparatın dəri altına istifadəsi tövsiyə olunmur. İstifadə etməzdən əvvəl preparatı çalxalamaq lazımdır. Xəstəliyin növündən və pasiyentin reaksiyasından asılı olaraq, dozalanma rejimini fərdi qaydada müəyyən etmək lazımdır. Arzuolunmayan reaksiyaları minimumlaşdırmaq məqsədi ilə, pasiyentin vəziyyəti buna imkan verən kimi preparatın dozasını aşağı salmaq və daha sonra, pasiyenti peroral kortikosteroidlərin istifadəsinə keçirmək lazımdır. Pasiyentin vəziyyəti stabilləşməyənə qədər preparatın istifadəsi ilə müalicəni davam etdirmək lazımdır. Yüngül halların əksəriyyətində bir inyeksiya ilə arzuolunan effekti əldə etmək mümkündür. Uzunmüddətli müalicəni, yəni 3-4 həftəlik intervallarla təkrar inyeksiyaların yeridilməsini yalnız, preparatın üstünlüklərini və risklərini hərtərəfli qiymətləndirdikdən sonra həyata keçirmək olar. Uzunmüddətli müalicə tələb olunduğu halda, dozanın aşağı salınmasının və ya preparatın istifadəsinin dayandırlmasının mümkünlüyünü qiymətləndirmək məqsədi ilə pasiyentin vəziyyətinə diqqətlə nəzarət etmək lazımdır. Pasiyenti digər qlükokortikoidin istifadəsi ilə müalicəyə keçirdikdə, dozaların ekvivalentliyinə riayət etmək lazımdır. Pediatriyada istifadəsi Uşaqlarda preparatın dozalanması, bir qayda olaraq, pasiyentin yaşına, bədən kütləsinə və ya boyuna nisbətən, xəstəliyin ağırlıq dərəcəsindən daha çox asılıdır. 6 yaşa qədər uşaqlarda preparatın istifadəsi və təhlükəsizliyi öyrənilməmişdir. Preparatın sistem (əzələ daxilinə) yeridilməsi Revmabet preparatının əzələ daxilinə yeridilməsi, sürətli effekt əldə edildikdən sonra uzunmüddətli təsir tələb olunan kəskin vəziyyətlərin müalicəsi üçün göstərişdir. Sistem müalicə aparıldıqda, preparatın başlanğıc dozası əksər hallarda 1-2 ml təşkil edir, zərurət yarandıqda, 3-4 həftədən sonra preparatı təkrar yeritmək olar. Preparatın dozasını və istifadə müddətini xəstəliyin ağırlıq dərəcəsindən və pasiyentin müalicəyə reaksiyasından asılı olaraq, korreksiya etmək lazımdır. Minimal effektiv dozanı müəyyən etmək vacibdir. Dermatoloji və yüngül allergik xəstəliklərin əksəriyyətində aşağı dozaların (1 ml) istifadəsi yetərlidir; xüsusi hallarda (astmatik status, ağır allergik reaksiyalar və ya qırmızı qurdeşənəyi zamanı) preparatın daha yüksək başlanğıc dozası – 2 ml – tələb oluna bilər. Müəyyən müddət ərzində qənaətbəxş klinik cavab əldə olunmadığı halda, preparatın istifadəsi ilə müalicəni dayandırmaq və digər müvafiq müalicə təyin etmək lazımdır. Preparatı, ciddi aseptik şəraitdə sarğı əzələsinə dərin yeritmək lazımdır. Preparatın yerli istifadəsi Preparatın inyeksiyası adətən, ağrıya səbəb olmur; oynaqdaxili inyeksiyadan bir neçə saat sonra baş verə bilən ağrı ilə müşayiət olunan ikincili irradiasiya həmçinin, nadir hallarda müşahidə olunur. Yerli anestetikin eyni zamanda istifadəsi tələb olunduğu halda, Revmabet preparatını 1 %-li və ya 2 %-li lidokain, prokain məhlulları və ya tərkibində parabenlər və ya fenollar olmayan digər anestetiklərlə bir şprisdə (ampul və ya flakonda yox) qarışdırmaq olar. Müvafiq preparatların istifadəsi barədə məlumatlarda qeyd olunmuş ehtiyat tədbirlərinə riayət etmək tələb olunur. Preparat yerləşdirilən ampulun içərisinə yerli anestetikləri daxil etmək omaz. Əvvəlcə, şprisin içərisinə Revmabet preparatının tələb olunan dozasını yığmaq və daha sonra, həmin şprisə yerli anestetikin tələb olunan miqdarını daxil etmək lazımdır. Ehtimal edilən uyuşmazlığın qarşısını almaq məqsədi ilə Revmabet preparatını digər dərman preparatları ilə qarışdırmaq olmaz. Preparatın oynaq daxilinə yeridilməsi Oynaq daxilinə yeritmək üçün preparatın dozası fərdi qaydada seçilir və oynağın ölçüsündən və xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Aşağıda göstərilən dozaların isitfadəsi tövsiyə olunur: – çox böyük oynaqlar (məsələn, çanaq-bud oynağı) – 1 ml-dən 2 ml-ə qədər; – böyük oynaqlar (məsələn, diz, baldır-pəncə və bazu oynaqları) – 1 ml; – orta ölçülü oynaqlar (məsələn, dirsək, mil-bilək oynaqları) – 0,5 ml-dən 1 ml-ə qədər; – kiçik oynaqlar (məsələn, əldarağı-barmaq, falanqaarası, döş-körpücük və akromion-körpücük oynaqları) – 0,25 ml-dən 0,5 ml-ə qədər. Xroniki vəziyyətlərin müalicəsi məqsədi ilə, ilk inyeksiyadan sonra vəziyyətin yaxşılaşmasından asılı olaraq, inyeksiyaları 4 həftədən 6 həftəyə qədər və ya daha uzunmüddətli intervallarla təkrar yeritmək olar. Preparatın ocaqdaxili yeridilməsi Müxtəlif vətər və bursal pozğunluqların müalicəsi zamanı preparatın tövsiyə olunan dozası 1 ml təşkil edir. Bursitin kəskin formalarında 1 ml-dən 2 ml-ə qədər başlanğıc dozaların istifadəsi göstəriş ola bilər. Preparatı zədələnmiş vətərin daxilinə yox, vətər örtüyünə yeritmək vacibdir – bu səbəbdən preparatın ehtiyatla yeridilməsi tələb olunur. Epikondilit zamanı suspenziyanı ən həssas nahiyəyə yeritmək lazımdır. Oynaq kapsullarının və ya vətər yataqlarının sinovial kistalarında preparatı bilavasitə kista daxilinə 0,5 ml dozada yeritmək lazımdır. Pəncə zədələnmələrinin əksəriyyətində preparatın tövsiyə olunan dozaları 0,25 ml və ya 0,5 ml təşkil edir. Kəskin podaqrik artrit zamanı 1 ml-ə qədər dozaların istifadəsi tələb oluna bilər. Dermatoloji ocaqlara dəridaxili (dəri altına deyil) inyeksiyalar üçün preparatın dozası 0,2 ml/sm dəri səthinin sahəsi təşkil edir. Preparatın həftədə 1 ml-dən artıq olmamaqla yeridilməsi tövsiyə olunur. Yerli istifadə zamanı inyeksiya texnikası üzrə tövsiyələr Revmabet preparatını aseptik şəraitdə istifadə etmək lazımdır; istənilən yerli inyeksiyaların infeksiyalaşmış oynaqlara yeridilməsindən çəkinmək vacibdir. Septik prosesi istisna etmək məqsədi ilə sinovial mayenin tədqiq edilməsi tələb olunur. Yerli ödemlə, oynaq hərəkətliliyinin davamlı məhdudlaşdırılması, bədən temperaturunun yüksəlməsi və ümumi halsızlıqla müşayiət olunan əhəmiyyətli dərəcədə şiddətlənən ağrılar septik artritin inkişaf etməsini təsdiq edir. Septisemiya qeyd olunduğu halda, müvafiq antibakterial müalicəni başlamaq lazımdır. Oynaqdaxili inyeksiya zamanı terapevtik effektin əldə olunmaması, əksər vəziyyətlərdə düzgün olmayan inyeksiya texnikası nəticəsində iynə oynaq boşluğuna düşmədiyi hallarda müşahidə olunur. Ətraf toxumalara yeridilən inyeksiya istənilən yaxşılaşmanı təmin etmir. Terapevtik effekt əldə olunmadığı halda (sinovial mayenin aspirasiyasından sonra oynağın vəziyyəti təsdiq olunduqda), təkrar inyeksiyalar əhəmiyyət kəsb etməyən terapevtik nəticənin meydana çıxmasına səbəb olur. Tendinit və tenosinovit zamanı preparatı zədələnmiş vətərin daxilinə yox, vətər örtüyünə yeritmək vacibdir – bu səbəbdən preparatın ehtiyatla yeridilməsi tələb olunur. Dərialtı toxumalarda steroidlərin mikrokristallik hissəciklərinin mövcudluğu iltihabi reaksiyaları tormozlaya bilsə də, həmin hissəciklər hüceyrə komponentlərini parçalaya bilər və birləşdirici toxumada dəyişikliklərin meydana çıxmasına səbəb ola bilər. Dərinin və/və ya dərialtı toxumaların göstərilən nadir dəyişiklikləri inyeksiya nahiyəsində dəri zədələnməsinə (“uçuqların” əmələ gəlməsinə) gətirib çıxara bilər. Həmin vəziyyətin ağırlıq dərəcəsi istifadə olunan kortikosteroidin miqdarından asılıdır. Dəri bir neçə aydan sonra və ya kortikosteroid kristallarının hamısının rezorbsiyasından sonra bərpa olunur. İntrasinovial və əzələdaxili inyeksiyalar yeridildikdə, preparatın derma daxilinə yeridilməsindən və ya diffuziyasından çəkinmək lazımdır. Dərialtı atrofiyanın meydana çıxmasının yüksək tezliyini nəzərə alaraq, preparatın deltayabənzər əzələyə inyeksiyalarından qaçınmaq lazımdır.

Əlavə təsirləri

Əlavə reaksiyalar dozalanmadan, yeridilmənin keyfiyyətindən və müalicənin müddətindən, eləcə də, pasiyentin yaşından, cinsindən və xəstəliyin növündən asılıdır. Qısa müddətli müalicə zamanı əlavə təsirlərin riski minimaldır. Buna baxmayaraq, nəzərə almaq lazımdır ki, kortikosteroidlərlə müalicə zamanı bağırsaq qanaxması (əsasən stresslə əlaqədar olan) simptomsuz ola bilər. Yüksək dozalarda uzun müddətli müalicə zamanı, daha doğrusu Kuşinq hüdud dozasının həddinin aşılması zamanı (sutkada > 1 mq betametazon) kortikosteroidlərin məlum əlavə təsirləri yarana bilər. İnfeksion və parazitar xəstəliklər: limfositlərin miqdarına və funksiyasına neqativ təsiri nəticəsində-infeksiyalara qarşı yüksək həssaslıq, gizli infeksiyalar, latent infeksiyaların aktivasiyası, opportunistik infeksiyalar. Qan və limfa sistemində baş verən pozuntular: leykositoz, limfopeniya, eozinopeniya. İmmun sistemdə baş verən pozuntular: nadir hallarda hipotenziya ilə, sirkulyator kollapsla və/və ya bronxospazmla anafilaktik reaksiyaya qədər güclənə bilən hiperhəssaslıq reaksiyaları. Endokrin sistemdə baş verən pozuntular: kuşinqoid əlamətlər, uşaqlarda boy artımının ləngiməsi, ikincili adrenokortikal və hipofizar çatışmazlıq, xüsusilə travma ilə əlaqədar stress halında, diabet xəstələrində insulinə və ya peroral diabetəleyhinə preparatlara olan artmış ehtiyac. Maddələr mübadiləsi və qidalanmada baş verən pozuntular: zülalların katabolizmi nəticəsində mənfi azot balansı, lipomatoz, bədən çəkisinin artması, iştahanın artması, natrium və maye ləngiməsi, kaliumun, kalsiumun və fosfatların itirilməsi, hipokaliemik alkaloz, karbohidrat tolerantlığının azalması, latent şəkərli diabetin manifestasiyası. Psixikanın pozulması: eyforiya, yuxusuzluq, əhval-ruhiyyənin dəyişməsi, şəxsiyyətin dəyişməsi, affektiv pozuntuların və psixotik tendensiyanın kəskinləşməsi, bu da, manifest psixozlara, ciddi depressiyaya səbəb ola bilər. Sinir sistemində baş verən pozuntular: qıcolma, başgicəllənmə, başağrı, miqren, papilyar ödemlə (baş beyinin yanlış şişi) kəllədaxili təzyiqin yüksəlməsi, adətən terapiya bitdikdən sonra. Görmə orqanında baş verən pozuntular: arxa subkapsulyar katarakta, gözdaxili təzyiqin yüksəlməsi, qlaukoma, ekzoftalm, tək-tək hallarda üz və baş nahiyəsində ocaqdaxili yeridilmədən sonra korluq, görmə dəqiqliyinin pozulması. Ürəkdə baş verən pozuntular: yaxında baş verən infarktdan sonra miokardın dağılması, meylli pasiyentlərdə durğun ürək çatışmazlığı. Damarlarda baş verən pozuntular: tromboemboliya, hipertenziya, qanaxını. Mədə-bağırsaq sistemində baş verən pozuntular: ürəkbulanma, qusma, mümkün perforasiya və qanaxma ilə mədə xorası, nazik və ya yoğun bağırsağın perforasiyası, xüsusilə bağırsağın iltihabi xəstəlikləri olan pasiyentlərdə, qarında köp, pankreatit, xoralı ezofagit. Dəridə və dərialtı toxumada baş verən pozuntular: petexiya və ekximoz, yüksək tərləmə, üzün hiperemiyası, hipo- və hiperpiqmentasiya, yayılmış purpura rəngli dəri atrofiyası (“perqament dəri”), teleangiektaziya, kapilyarların yüksək kövrəkliyi, hipertrixoz, steroidli civzə, ləng sağalma, rozasea tipli perioral dermatit, hiperhəssaslıq reaksiyaları (məsələn, dərman ekzanteması, allergik dermatit, övrə, angionevrotik ödem). Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozuntular: əzələ zəifliyi, əzələ atrofiyası, osteoporoz (xüsusilə qadınlarda postmenopauza dövründə), aseptik osteonekroz (omba sümüyünün başı və çiyin sümüyü daxil olmaqla), onurğanın kompression sınığı, sümüklərin patoloji sınığı (uzun boruvari sümüklər daxil olmaqla), vətərlərin cırılması, postinyeksion kəskinləşmə (oynaqların iltihabı), Şarko artropatiyası, kortikosteroid miopatiya, miasteniya qravis olan pasiyentlərdə simptomların pisləşməsi, steril absess. Cinsiyyət orqanlarında və süd vəzilərində baş verən pozuntular: mentrual siklin pozulması. Ümumi və yeridilmə nahiyəsində baş verən pozuntular: süstlük, sağalmanın ləngiməsi; intrasinovial və ocaqdaxili yeridilmə zamanı-aseptikanın pozulması zamanı yeridilmə nahiyəsində infeksiya. Betametazonun (və ya digər qlükokortikoidin) təkrar əzələdaxili (eləcə də, oynaqdaxili və ocaqdaxili) yeridilməsi toxumaların ciddi lokal zədələnməsinə səbəb ola bilər (atrofiya və nekroz daxil olmaqla). Laborator nəticələrdə və instrumental tədqiqatlarda baş verən pozuntular: dəri testləri reaksiyalarının azalması və ya olmaması. Nadir hallarda benzil spirtinə qarşı hiperhəssaslıq reaksiyaları yarana bilər. Metilparahidroksibenzoat və propilparahidroksibenzoat hiperhəssaslıq reaksiyalarına, eləcə də, ləng tipli hiperhəssaslıq reaksiyalarına, nadir hallarda bronxospazma səbəb ola bilər. Əlavə təsirlər barədə məlumatın verilməsi Dərman vasitəsinin qeydiyyatından sonra əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Pasiyentdə dərman vasitəsinə qarşı ciddi əlavə təsirlər yarandıqda və ya bu bölmədə qeyd edilməyən yeni arzuolunmayan hallar baş verdikdə, müvafiq Milli farmakonəzarət sisteminə məlumat verməlidir.

Doza həddinin aşılması

Qlükokortikoidlərin kəskin toksikliyi və doza həddinin kəskin aşılması zamanı arzuolunmaz reaksiyaların riski minimaldır. Doza həddinin xroniki aşılması zamanı əlavə təsirlərin və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsində qeyd edilən risklərin güclənməsini gözləmək lazımdır. Adekvat maye qəbulu təmin edilməlidir, serum və sidikdə elektrolitlərə xüsusilə natriumun və kaliumun səviyyəsinə nəzarət edilməlidir.

Buraxılış forması

1 ml inyeksiya üçün suspenziya, rəngsiz şüşə ampulda. 1 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ampul, konturlu-yuvalı qablaşdırmada. 1 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Mefar İlaç Sanayii A.Ş.”, Turkey. Ramazanoğlu Mah. Ensar Cad. No: 20, 34906 Kurtköy-Pendik/İstanbul. Qeydiyyat vəsiqəsinin və ticarət nişanının sahibi WORLD MEDICINE İLAÇ SAN. VE TİC. А.Ş.”, TURKEY. 15 Temmuz Mah. Cami Yolu Cad: No: 50 34212 Güneşli, Bağcılar/İstanbul.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Revmabet 5 mq / 2 mq 1 ml inyeksiya” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar