Neksil 5 mq N28 tablet
| Təsiredici maddə | NEBIVOLOL |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Antihipertenziv preparatlar. Selektiv beta-blokatorlar |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
7,56 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NEKSİL tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Nebivolol
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5,45 mq nebivolol hidroxlorid (5 mq nebivolola ekvivalent) vardır. Köməkçi maddələr:laktoza monohidrat (sığır südü mənşəli), nişasta, mikrokristallik sellüloza (tip 101), natrium kroskarmelloza, hidroksipropilmetil sellüloza E5, polisorbat 80, kolloidal silisium dioksid, maqnezium stearat.
Təsviri
Bir tərəfində “+” işarəsi olan, ağ rəngli, yuvarlaq tabletlərdir. Tabletlər dörd bərabər hissəyə bölünə bilər.
Farmakoterapevtik qrupu
Antihipertenziv preparatlar. Selektiv beta-blokatorlar. ATC kodu: C07AB12.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Nebivolol selektiv beta-blokatordur. Nebivolol iki enantiomerin, SRRR-nebivolol (və ya D-nebivolol) və RSSS-nebivololun (və ya l- nebivolol) bir rasematıdır. O, iki farmakoloji təsiri birləşdirir: – beta1-adrenoreseptorların rəqabət zəminli və selektiv antaqonistidir: bu effekt SRRR- enantiomerinə (d-enantiomer) aiddir; – L-arginin/azot oksidlə metabolizm yolu ilə qarşılıqlı təsir reaksiyası hesabına zəif damargenişləndirici xassələrə malikdir. Nebivololun birdəfəlik və təkrarlanan dozaları həm qan təzyiqi normal, həm də yüksək olan pasiyentlərdə sakitlik vəziyyətində və fiziki gərginlik zamanı ürək yığılmalarının tezliyi və qan təzyiqini aşağı azaldır. Antihipertenziv təsir uzunmüddətli müalicə zamanı saxlanılır. Terapevtik dozalarda nebivolol α-adrenergik antaqonist təsiri yoxdur. Arterial hipertenziya olan pasiyentlərdə nebivolol ilə kəskin və xroniki müalicə zamanı sistem damar müqaviməti azalır. Ürək yığılmalarının tezliyinin aşağı düşməsinə baxmayaraq, sakitlik vəziyyətində və fiziki gərginlik zamanı vurğu həcminin yüksəlməsi hesabına ürək yığılmasının azalması məhdudlaşa bilər. Digər beta1-reseptor antaqonistləri ilə müqayisədə bu hemodinamik fərqlərin klinik əhəmiyyəti tam müəyyən edilməmişdir. Hipertenziya olan pasiyentlərdə, nebivolol endotelial disfunksiyası olan pasiyentlərdə azalan, asetilxolinin azot monooksidlə əlaqəli damar reaksiyasını yüksəldir. Sol mədəcik atım fraksiyasında pozğunluq olan və ya olmayan (orta SMAF:36%±12,3, paylanma bu şəkildədir: pasiyentlərin 56%-də SMAF 35%-dən az, 25%-də SMAF 35% ilə 45% arasında və pasiyentlərin 19%-də SMAF 45%-dən çox) ≥70(orta yaş 75,2) yaşlı 2128 stabil xroniki ürək çatışmazlığı olan pasiyentlərdə aparılan plasebo nəzarətli ölüm/xəstəliklərlə bağlı bir tədqiqatda, orta 20 aylıq müddətin sonunda, standart müalicənin başlanğıcında qəbul edilən nebivolol, 14%-lik nisbi risk azalması ilə bərabər (mütləq azalma: 4,2%), ölüm və kardiovaskulyar səbəblərə (effektivlik üçün birincili son nöqtə) bağlı hospitalizasiyaların meydana gəlmə müddətini əhəmiyyətli dərəcədə artırmışdır. Riskin azalması müalicənin 6-cı ayından sonra meydana gəlmişdir və bütün müalicə müddəti boyunca davam etmişdir (orta müddət 18 ay). Nebivololun təsiri tədqiqat populyasiyasının yaş, cinsiyyət və ya sol mədəcik atım fraksiyası göstəriciləri ilə əlaqəli olmadığı bildirilmişdir. Bütün səbəblərə bağlı ölüm faizi ilə bağlı nebivololun faydası, plaseboyla müqayisədə statistik əhəmiyyətsizdir (mütləq azalma: 2,3%). Nebivolol ilə müalicə olunan pasiyentlərdə, ani ölüm hallarında azalma müşahidə olunmuşdur (4,1% və 6,6%, 38% nisbətində azalma). Heyvanlar üzərində aparılan in vitro ve in vivo tədqiqatları, nebivololun intrinsik simpatomimetik aktivliyinin və membran stabilləşdirici təsirinin olmadığını göstərmişdir. Sağlam könüllülər üzərində aparılan tədqiqatlarda, nebivolol maksimal hərəkət qabiliyyətini azaltmağa və ya dözümlülüyə təsir göstərməmişdir Hipertenziyalı pasiyentlərdə mövcud klinikaöncəsi və klinik sübutlar nebivololun erektil disfunskiya üzərində zərərli bir təsirə sahib olmadığını göstərmişdir. Farmakokinetikası Ümumi xüsusiyyətlər Sorulması Daxilə qəbuldan sonra nebivololun hər iki enantiomeri sürətlə absorbsiya olunur. Qida qəbulu absorbsiyaya təsir göstərmir; nebivololu qida qəbulundan asılı olmayaraq qəbul etmək olar. Nebivololun hər iki enantiomeri plazmada əsasən albuminlə birləşir. D-nebivolol 98,1%, L- nebivolol isə 97,9% plazma zülalları ilə birləşir. Sürətli metabolizmə malik pasiyentlərdə biomənimsənilməsi orta hesabla 12% təşkil edir, Stabil vəziyyətdə və eyni dozada, nebivololun dəyişməmiş plazma konsentrasiyası yavaş metabolizmə malik pasiyentlərdə, sürətli metabolizmə uğrayanlara nisbətən təxminən 23 dəfə yüksəkdir. Dəyişilməmiş dərman vasitəsi və aktiv metabolitləri nəzərə alaraq, plazmadakı maksimum konsentrasiyalardakı fərq 1,3 ilə 1,4 qatdır. Metabolizm sürələrində dəyişiklik səbəbindən, Neksilin dozası hər zaman xəstənin fərdi ehtiyaclarına uyğun olaraq tənzimlənməlidir, buna görə də yavaş metabolizmə malik olanlar daha aşağı dozalara ehtiyac duya bilərlər. Qan plazmasında konsentrasiyaları 1-30 mq doza ilə düz mütənasibdir. Nebivololun farmakokinetikası pasiyentin yaşından asılı deyil. Paylanması Plazmada, hər iki nebivolol enanatiomeri albumin zülalı ilə birləşir. Plazma zülallarına birləşmə SRRR-nebivolol üçün 98,1%, RSSS-nebivolol üçün 97,9%-dir. Metabolizmi Nebivolol qismən aktiv hidroksimetabolitlər əmələ gəlməklə fəal şəkildə metabolizə olunur. Nebivolol alisiklik və aromatik hidroksilləşmə, N-dealkilləşmə və qlükuronlaşma yolu ilə metabolizə olunur. N-dealkilləşmə ilə hidroksimetabolitlərə, qlükuronidaza ilə qlükuronitlərə çevrilir. Nebivololun aromatik hidroksilləşmə yolu ilə metabolizmi CYP2D6 izofermentinin təsiri altında genetik oksidləşdirici polimorfizm bildirilmişdir. Xaric olması Metabolizmi sürətli olan şəxslərdə nebivolol enantiomerlərinin orta yarımparçalanma dövrü 10 saat təşkil edir. Metabolizmi ləng olan şəxslərdə bu göstəricilər 3-5 dəfə daha çox olur. Metabolizmi sürətli olan şəxslərdə RSSS enantiomerin plazmadakı səviyyəsi SRRR enantiomerinə nisbətən bir az daha yüksəkdir. Metabolizmi ləng olan şəxslərdə isə bu fərq daha böyükdür. Metabolizmi sürətli olan şəxslərdə hər iki enantiomerin hidroksimetabolitlərinin yarımparçalanma dövrü orta hesabla 24 saatdır və metabolizmi ləng olan şəxslərdə isə bu göstəricilər təxminən iki dəfə daha çoxdur. Subyektlərin əksəriyyətində (sürətli metabolizmə uğrayan) stabil plazma səviyyələri, nebivolol ilə 24 saat ərzində, hidroksimetabolitleri ilə bir neçə gündə yaranır. Qəbuldan bir həftə sonra dozanın 38%-i sidiklə, 48%-i isə nəcislə xaric olunur. Dəyişikliyə uğramamış nebivololun böyrəklərlə xaric olunması 0,5%-dən azdır. Xəttilik/Qeyri-xəttilik Nebivolol xətti farmakokinetikaya sahibdir. Klinikayaqədərki təhlükəsizlik məlumatları Kliniköncəsi məlumatlarda, genotoksiklik və kanserogenlik tədqiqatlarına əsaslanaraq insanlara məxsus təhlükə bildirilməmişdir.
İstifadəsinə göstərişlər
Hipertenziya. Essensial hipertenziya. Xroniki ürək çatışmazlığı (XÜÇ). 70 yaş və yuxarı pasiyentlərdə standart müalicələrə əlavə olaraq stabil, yüngül və orta dərəcəli xronik ürək çatışmazlığı müalicəsi.
Əks göstərişlər
• Təsiredici maddəyə və ya tərkibindəki köməkçi maddələrə qarşı həssaslığı olan pasiyentlərdə • Qaraciyər çatışmazlığı və ya qaraciyər disfunksiyası • Kəskin ürək çatışmazlığı, kardiogen şok və ya IV inotropik müalicə tələb edən dekompensasiya mərhələsində olan ürək çatışmazlığı hallarında əks göstərişdir. Əlavə olaraq, digər beta-blokatorlarda olduğu kimi, Neksil də aşağıdakı hallarda istifadə edilə bilər: • sinus-atrial blokada daxil olmaqla sinus düyününün zəifliyi sindromu • İkinci və üçüncü dərəcəli ürək blokadası (kardiostimulyator olmadan) • Anamnezdə bronxospazm və bronxial astma • Müalicə edilməmiş feoxromositoma • Metabolik asidoz • Bradikardiya (müalicəyə başlamazdan əvvəl ürək yığılmalarının tezliyi<60 vurğu/dəqiqə) • Hipotenziya (sistolik qan təzyiqi <90 mm c.st.) • Şiddətli periferik qan dövranı pozğunluqları.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı göstərişlər və ehtiyat tədbirləri ümumiyyətlə beta-adrenergik antaqonistlərə tətbiq olunur. Anesteziya Beta-blokadanın davam etməsi induksiya və intubasiya zamanı aritmiya riskini azaldır. Əgər beta- blokada cərrahi əməliyyata hazırlıq zamanı kəsilərsə, beta-adrenergik antaqonistlərin qəbulu ondan ən azı 24 saat əvvəl dayandırılmalıdır. Miokardın zəifləməsinə səbəb olan bəzi anestetiklərdən istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Atropini venadaxili yeritməklə pasiyentdə vaqal reaksiyaların qarşısını almaq olar. Kardiovaskulyar Ümumiyyətlə, müalicə olunmamış durğunluq ürək çatışmazlığı olan pasiyentlər vəziyyətləri stabilləşənə qədər beta-adrenergik antaqonistlərdən istifadə etməməlidirlər. Ürəyin işemik xəstəliyi olan pasiyentlərdə beta-adrenoblokatorlar ilə müalicə tədricən (yəni 1-2 həftədən çox müddət ərzində) dayandırılmalıdır. Ehtiyac olarsa, stenokardiyanın kəskinləşməsinin qarşısını almaq üçün eyni zamanda digər müalicəyə başlamaq lazımdır. Beta-adrenergik antaqonistlər bradikardiyaya səbəb ola bilər: Əgər sakitlik vəziyətində nəbzin tezliyi dəqiqədə 50-55 vurğudan aşağı düşərsə və/və ya pasiyentdə bradikardiyaya xas simptomlar inkişaf edərsə, dozanı azaltmaq lazımdır. Beta-adrenergik antaqonistlər ehtiyatla istifadə olunmalıdır: – periferik qan dövranı pozğunluğu (Raynaud xəstəliyi və sindromu, araqlıqlı kladikasiya) olan pasiyentlərdə, belə ki, bu vəziyyətlərin kəskinləşməsi baş verə bilər; – I dərəcəli AV blokadası olan pasiyentlərdə, belə ki, beta-blokatorlar keçiriciliyə mənfi təsir göstərir; – alfa-reseptorlarla bilavasitə əlaqəli koronar arteriyaların vazokonstriksiyası nəticəsində Prinsmetal stenokardiya olan pasiyentlərdə: beta-adrenergik antaqonistlər stenokardiya tutmalarının tezliyini və müddətini artıra bilər. Nebivololun verapamil və diltiazem tipli kalsium kanalı antaqonistləri, I sinif antiaritmik dərman vasitələri və mərkəzi təsirli hipotenziv dərman vasitələri ilə birlikdə istifadəsi, ümumiyyətlə,tövsiyə edilmir. Metabolik/Endokrinoloji Neksil şəkərli diabet olan pasiyentlərdə qlükozanın səviyyəsinə təsir göstərmir. Buna baxmayaraq nebivolol hipoqlikemiyanın müəyyən simptomlarını (taxikardiya, ürəkdöyünmə) gizlədə biləcəyindən şəkərli diabet olan pasiyentlərdə ehtiyatlı istifadə olunmalıdır. Beta-adrenergik blokatorlar hipertiroidizm zamanı taxikardiya simptomlarını gizlədə bilər. Dərman vasitəsindən istifadənin qəfil dayandırılması simptomları kəskinləşdirə bilər. Tənəffüs yolları Xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olan pasiyentlərdə tənəffüs yollarının konstriksiyası güclənə biləcəyi üçün beta-adrenergik antaqonistlər ehtiyatla istifadə olunmalıdır. Digər Anamnezdə psoriaz olan pasiyentlər beta-adrenergik antaqonistləri yalnız vəziyyəti diqqətlə qiymətləndirdikdən sonra istifadə etməlidirlər. Beta-adrenergik antaqonistlər allergenlərə qarşı həssaslığı yüksəldə və anafilaktik reaksiyaları ağırlaşdıra bilər. Nebivolol ilə xroniki ürək çatışmazlığının müalicəsinin başladıqda pasiyentə müntəzəm nəzarət tələb olunur. Zəruri ehtiyac olmadıqda, müalicə qəflətən dayandırılmamalıdır. Köməkçi maddələr Tərkibində laktoza monohidrat olduğundan nadir irsi qalaktoza dözümsüzlüyü, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiya sindromu olan pasiyentlər bu dərman vasitəsini istifadə etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Farmakodinamik qarşılıqlı təsirlər Aşağıdakı qarşılıqlı təsirlər beta-adrenergik antaqonistlər istifadəsi zamanı yaranan ümumi qarşılıqlı təsirlərdir. Birlikdə istifadəsi tövsiyə edilməyən kombinasiyalar I sinif antiaritmik preparatlar (xinidin, hidroxinidin, sibenzolin, flekainid, dizopiramid, lidokain, meksiletin, propafenon): atrioventrikulyar keçiricilik müddəti üzərindəki təsir kəskinləşə və mənfi inotrop təsirin arta bilər. Verapamil və diltiazem tipli kalsium kanallarının antaqonistləri: yığılma qabiliyyətinə və atrio- ventrikulyar keçiriciliyə mənfi təsir göstərir. Beta-blokatorlar qəbul edən pasiyentlərdə verapamilin venadaxili yeridilməsi ağır hipotoniyaya və AV blokadaya səbəb ola bilər. Mərkəzi təsirli antihipertenziv preparatlar (klonidin, quanfasin, moksonidin, metildopa, rilmenidin): mərkəzi təsirli antihipertenziv preparatlar ilə eyni zamanda istifadə olunduqda ürəyin yığılma tezliyinin və ürək vurğusunun azalması kimi mərkəzi simpatik tonusda azalma nəticəsində ürək çatışmazlığı daha da pisləşə bilər. Bu preparatların qəbulunun qəflətən dayandırılması, xüsusilə əgər beta-blokatorların qəbulunun dayandırılmasından əvvəl baş verərsə, «rikoşet» hipertenziyanın inkişaf riskini artıra bilər. Ehtiyatla istifadə tələb edən kombinasiyalar III sinif antiaritmik preparatlar (amiodaron): atrioventrikulyar keçiricilik vaxtının uzanması ola bilər. Anestetiklər-uçucu halogenli: beta-adrenergik antaqonistlər və anestetiklərin eyni zamanda istifadəsi reflektor taxikardiyanı zəiflədə və hipotenziyanın inkişaf riskini artıra bilər. Ümumiyyətlə beta-blokatorlarla müalicənin qəflətən dayandırılmasından çəkinmək lazımdır. Əgər pasiyent Neksil qəbul edirsə, anestezioloq bu barədə məlumatlandırılmalıdır. İnsulin və oral antidiabetik vasitələr: nebivololun qlükoza səviyyəsinə təsir göstərməməsinə baxmayaraq, eyni zamanda istifadəsi müəyyən hipoqlikemiya simptomlarını (ürəkdöyünmə, taxikardiya) gizlədə bilər. Baklofen (spazməleyhinə vasitə), amifostin (şişəleyhinə vasitə): antihipertenziv preparatlarla eyni vaxtda istifadə zamanı arterial hipotenziyanın inkişaf riskini artıra bilər, bu səbəbdən, antihipertenziv preparatların dozası müvafiq olaraq tənzimlənməlidir. Birlikdə istifadə oluna biləcək kombinasiyalar: Üskükotu qlikozidləri: eyni zamanda istifadə zamanı atrioventrikulyar keçiricilik zəifləyə bilər. Nebivolol ilə aparılan klinik sınaqlar qarşılıqlı təsirin hər hansı klinik əlamətini aşkar etməmişdir. Nebivolol diqoksinin kinetikasına təsir etmir. Dihidropiridin tipli kalsium kanallarının blokatorları: (amlodipin, felodipin, lasidipin, nifedipin, nikardipin, nimodipin, nitrendipin): eyni zamanda istifadəsi hipotenziyanın inkişaf riskini artıra bilər və ürək çatışmazlığı olan pasiyentlərdə mədəciklərin nasos funksiyasının daha da pisləşməsi riskinin artırması istisna olunmamalıdır. Antipsixotik, antidepressant preparatlar (trisiklik antidepressantlar, barbituratlar və fenotiazinlər): eyni vaxtda istifadə zamanı beta-blokatorların hipotenziv təsirini gücləndirə bilər (additiv təsir). Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP): nebivololun hipotenziv effektinə heç bir təsir göstərmir. Simpatomimetiklər: eyni vaxtda istifadə zamanı beta-adrenergik antaqonistlərin effektini yox edə bilər. Beta-adrenergik antaqonistlər həm alfa- , həm də beta-adrenergik təsirli simpatomimetiklərin alfa-adrenergik aktivliyinin meydana əlməsinə səbəb ola bilər (hipertenziyanın, ağır bradikardiya və ürəyin blokadasının inkişaf riski). Farmakokinetik qarşılıqlı təsirlər Nebivololun metabolizm prosesində CYP2D6 izofermenti iştirak etdiyi üçün bu fermenti inhibə edən preparatlarla, xüsusilə paroksetin, fluoksetin, tioridazin və xinidin ilə eyni zamanda istifadəsi nəzərə çarpan bradikardiya və digər əlavə təsirlərin yaranma riskinin artmasına gətirib çıxara bilən nebivololun qan plazmasında səviyyəsinin artmasına yol aça bilər. Simetidin ilə eyni zamanda istifadəsi nebivololun kliniki effektini dəyişdirmədən, plazma səviyyəsini yüksəltmişdir. Ranitidinlə eyni zamanda istifadəsi nebivololun farmakokinetikasına təsir göstərməmişdir. Neksil qida qəbulu ilə antasid vasitələrin qida qəbulları arasında istifadə edilməsi halında eyni zamanda istifadə oluna bilər. Nebivololun nikardipinlə eyni zamanda istifadəsi klinik effekti dəyişdirmədən hər iki preparatın plazma səviyyəsini az miqdarda yüksəltmişdir. Alkoqol, furosemid və ya hidroxlortiazidlə eyni zamanda istifadəsi nebivololun farmakokinetikasına təsir göstərmir. Nebivolol varfarinin farmakokinetikası və farmakodinamikasına təsir göstərmir. Xüsusi populyasiyalar haqqında əlavə məlumatlar Xüsusi populyasiyalara aid qarşılıqlı təsir tədqiqatları yoxdur. Pediatrik populyasiya Pediatrik populyasiyada qarşılıqlı təsir tədqiqatları aparılmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Ümumi tövsiyə Hamiləlik kateqoriyası: C. Uşaq doğma potensialı olan qadınlar/ Kontrasepsiya Hamilə qalmağı planlaşdıran qadınlarda istifadəsi tövsiyə edilmir. Əgər qadın müalicə vaxtı hamilə qalırsa, Neksil istifadəsi dayandırılmalıdır. Hamiləlik dövrü Neksil hamiləliyə və/və ya dölə və ya yenidoğulmuşa zərər vura biləcək farmakoloji təsirlərə malikdir. Ümumiyyətlə, beta-blokatorlar inkişafın ləngiməsi, bətndaxili ölüm, hamiləliyin vaxtından əvvəl pozulması və erkən doğuşla əlaqəli plasentar perfuziyanı azaldır. Döldə və yenidoğulmuş körpələrdə hipoqlikemiya və bradikardiya kimi əlavə təsirlər yarana bilər. Əgər beta-blokatorlarla müalicə zəruridirsə, o zaman beta1-selektiv blokatorlara üstünlük verilməlidir. Mütləq zəruri olmadığı hallarda Neksil hamiləlik dövründə istifadə olunmamalıdır. Əgər Neksil ilə müalicə vacib hesab edilirsə, o zaman uşaqlıq-plasenta qan dövranı və dölün inkişafının monitorinqi aparılmalıdır. Hamiləliyə və ya dölə zərərli təsiri aşkar edildikdə, alternativ müalicə nəzərdən keçirilməlidir. Yenidoğulmuş körpə hərtərəfli monitorinq olunmalıdır. Hipoqlikemiya və bradikardiya kimi simptomların meydana çıxması, ümumiyyətlə ilk 3 gün müddətində gözlənilir. Laktasiya dövrü Heyvanlar üzərində aparılan tədqiqatlar nebivololun ana südünə keçdiğini göstərir. Bu dərman vasitəsinin insanlarda ana südünə keçib-keçmədiyi məlum deyil. Beta-blokatorların əksəriyyəti, xüsusilə nebivolol kimi lipofil birləşmələr və onun aktiv metabolitləri ana südünə müxtəlif miqdarda keçir. Bu səbəbdən, ana südü ilə qidalandırma dövründə Neksilin istifadəsi məsləhət görülmür. Reproduktivlik /Fertillik Fertillik üzərində bilinən bir təsiri yoxdur. Nebivolol Sağlam kişi könüllülərdə aparılan randomizə, ikiqat kor, plasebo və aktiv nəzarətli, paralel qrup tədqiqatı, adrenal funksiya, luteinləşdirici hormon və nebivololun testosteron səviyyələrinə təsirini təyin etmək üçün aparılmışdır. Bu tədqiqat 6 həftə ərzində gündəlik 10 mq nebivolol dozasının AKTH stimullaşdırılmış kişi plazma kortizolu AUX 0-120 dəq, plazma LH və ya plazmada toplanan ümumi testosterona əhəmiyyətli təsir göstərmədiyi bildirilmişdir. Erkək siçovullarda və siçanlarda MRHD -nin müvafiq olaraq 10 və 5 qat dozalarda spermatogenezə təsiri bildirilmişdir. Siçanlarda spermatogenezə təsirləri, geridönməz və dörd həftəlik bərpa dövründə pisləşmişdir. Ancaq nebivololun siçanlarda spermaya təsiri qismən geridönən olmuşdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri NEKSIL-in nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsiri barədə tədqiqat aparılmamışdır. Farmakodinamik tədqiqatlar göstərir ki, NEKSIL psixomotor funksiyaya təsir etmir. Ancaq maşın sürərkən və ya mexanizm istifadə edərkən bəzən başgicəllənmə və yorğunluq hissinin yarana biləcəyini nəzərə almaq lazımdır.
İstifadə qaydası və dozası
Dozalanma/istifadə tezliyi və müddəti Hipertenziya Böyüklər Gündəlik doza bir tabletdir (5 mq) və hər gün eyni vaxtda qəbul edilməlidir. Antihipertenziv effekt müalicənin başlanmasından 1-2 həftə sonra özünü göstərir. Bəzən optimal effekt yalnız 4 həftədən sonra əldə edilir. Əlavə antihipertenziv təsir tələb olunan pasiyentlərdə doza 2 həftəlik fasilələrlə 40 mq-a qədər artırıla bilər. Digər antihipertenziv vasitələrlə kombinasiyası Beta-blokatorlar təkbaşına və ya digər antihipertenziv vasitələrlə eyni zamanda istifadə oluna bilər. Bu günə qədər, əlavə antihipertenziv effekt yalnız nebivolol, 12,5-25 mq hidroxlortiazidlə kombinə edildikdə müşahidə olunmuşdur. Xroniki ürək çatışmazlığı Stabil xroniki ürək çatışmazlığının müalicəsi optimal fərdi dəstəkləyici doza əldə olunana qədər dozanın tədricən titrlənməsi ilə başlanmalıdır. Pasiyentlərdə bu preparat son 6 həftə ərzində kəskin dekompensasiya mərhələsində olmayan stabil xroniki ürək çatışmazlığı hallarında təyin edilir. Müalicə xroniki ürək çatışmazlığının müalicəsi üzrə təcrübəsi olan həkim tərəfindən aparılmalıdır. Diuretiklər, və/və ya diqoksin və/və ya AÇF inhibitorları kimi ürək-qan-damar sisteminə təsir göstərən digər preparatlar istifadə edən pasiyentlər üçün bu dərman vasitələrinin dozaları Neksil ilə müalicəyə başlamazdan əvvəl son 2 həftə ərzində stabilləşdirilməlidir. Dozanın titrlənməsi pasiyentin preparata qarşı dözümsüzlüyündən asılı olaraq aşağıdakı şəkildə 1-2 həftəlik intervallarla aparılmalıdır. Gündə 1 dəfə qəbul edilən 1,25 mq nebivolol, sonra gündə 1 dəfə 2,5 mq-a qədər, daha sonra isə gündə 1 dəfə 5 mq-a qədər və nəhayət gündə 1 dəfə 10 mq-a qədər artırılır Maksimal tövsiyə edilən doza gündə 1 dəfə 10 mq nebivolol təşkil edir. Pasiyentin kliniki vəziyyətini stabil saxlamaq üçün (xüsusilə qan təzyiqinə, ürəyin yığılma tezliyinə, keçiricilik pozğunluqlarına, həmçinin ürək çatışmazlığının pisləşməsi əlamətlərinə görə) pasiyent müalicənin başlanğıcı və sonrakı doza artımlarında ən azı 2 saatlıq müddət boyunca təcrübəli həkimin müşahidəsi altında olmalıdır. Əlavə təsirlərin yaranması bütün pasiyentlərin məsləhət görülən maksimal doza ilə müalicə olunmasının qarşısını ala bilər. Ehtiyac olarsa, artıq əldə edilən dozanı tədricən azaltmaq və ya müvafiq olaraq yenə istifadə oluna bilər. Titrlənmə fazasında ürək çatışmazlığının pisləşməsi və ya preparata qarşı dözümsüzlük hallarında ilk olaraq nebivololun dozasını azaltmaq və ya ehtiyac olarsa (ağır hipotenziya, kəskin ağciyər ödemi ilə birlikdə ürək çatışmazlığının pisləşməsi, kardiogen şok, simptomatik bradikardiya və ya AV blokadası baş verərsə) qəbulunu dərhal dayandırmaq məsləhət görülür. Nebivolol ilə stabil xroniki ürək çatışmazlığının müalicəsi ümumiyyətlə uzunmüddətli müalicədir. Nebivolol ilə müalicənin qəflətən dayandırılması məsləhət görülmür, belə ki, bu ürək çatışmazlığının müvəqqəti pisləşməsinə səbəb ola bilər. Əgər müalicənin dayandırılması mütləqdirsə, dozanı tədricən, hər həftə yarıya qədər azaltmaq lazımdır. Müalicə müddəti və tezliyi Müalicənin nə qədər davam edəcəyinə həkim qərar verməlidir. İstifadə qaydası Neksil hər gün eyni saatda qida qəbulundan asılı olmayaraq ağız yoluyla istifadə olunur. Tabletlər kifayət qədər su ilə çeynəmədən udulmalıdır. Tabletlerin günün eyni saatında qəbul edilməsi tövsiyə edilir. Xüsusi populyasiyalara aid əlavə məlumat Böyrək çatışmazlığı olan pasiyentlər Böyrək çatışmazlığı olan hipertenziya olan pasiyentlər üçün məsləhət görülən başlanğıc doza gündə 2,5 mq təşkil edir. Ehtiyac olarsa gündəlik doza 5 mq-a qədər artırıla bilər. Zəif və orta ağırlıqlı böyrək çatışmazlığı olan pasiyentlərdə maksimal qəbul olunan dozaya qədər doza tənzimlənməsi edildikdə dozanın korreksiyasına ehtiyac yoxdur. Bu preparatın ağır böyrək çatışmazlığı olan pasiyentlərdə (zərdab kreatinini ≥250 mikromol/l) istifadə təcrübəsi yoxdur. Ona görə də, Nebivololun belə pasiyentlərdə istifadəsi məsləhət görülmür. Qaraciyər çatışmazlığı olan pasiyentlər Qaraciyər çatışmazlığı və ya qaraciyərin funksional pozğunluğu olan pasiyentlərdə preparatın istifadəsinə aid məlumatlar məhduddur. Bu səbəbdən, Neksilin belə pasiyentlərdə istifadəsi əks göstərişdir. Pediatrik populyasiya 18 yaşdan aşağı uşaqlar və yeniyetmələrdə təhlükəsizliyi və effektivliyi sübut olunmamışdır. Bu səbbəbdən bu pasiyentlərdə istifadəsi məsləhət görülmür. Yaşlı pasiyentlər 65 yaşdan yuxarı hipertenziya müşahidə olunan pasiyentlər üçün məsləhət görülən başlanğıc doza gündə 2,5 mq təşkil edir. Ehtiyac olarsa, gündəlik doza 5 mq-a qədər artırıla bilər. 75 yaşdan yuxarı pasiyentlərdə istifadə təcrübəsi məhdud olduğundan, bu pasiyentlərdə təyini zamanı ehtiyatlı olmaq və hərtərəfli monitorinq aparmaq lazımdır. Xroniki ürək çatışmazlığı olan pasiyentlərdə maksimum tələb olunan doza tənzimləndikdən sonra doza korreksiyasına ehtiyac yoxdur.
Əlavə təsirləri
Əlavə təsirlər sistem orqan təsnifatına görə və bu tezlik qrupları istifadə olunaraq aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Hipertenziya və xroniki ürək çatışmazlığının əlavə təsirləri xəstəliklərdəki fərqlərə görə ayrı – ayrılıqda verilmişdir. İmmun sistemə Tezliyi məlum deyil: anionevrotik ödem, yüksək həssaslıq. Psixiatrik xəstəliklər Nadir hallarda: qorxulu yuxugörmələr, depressiya. Sinir sisteminə Tez-tez: baş ağrısı, başgicələnmə, paresteziya. Çox nadir hallarda: senkopa (bayılma) Göz xəstəlikləri Bəzən: görmə pozğunluqları Ürək sisteminə Bəzən: bradikardiya, ürək çatışmazlığı, AV keçiriciliyin azalması/AV blokadası Damar sisteminə Bəzən: hipotenziya, aralıqlı kladikasiya Tənəffüs sisteminə, döş qəfəsi və divararalığı orqanlarına Tez-tez: təngnəfəslik Bəzən: bronxospazm Mədə-bağırsaq sisteminə Tez -tez: qəbizlik, ürəkbulanma, ishal Bəzən: dispepsiya, meteorizm, qusma Dəriyə və dərialtı toxumaya Bəzən: qaşınma, eritematoz səpgi Çox nadir hallarda: psoriazın şiddətlənməsi. Məlum deyil: övrə Reproduktiv sistemə Bəzən: erektil disfunksiya Ümumi və yeridilmə nahiyəsində pozuntular Tez-tez: yorğunluq, ödem. Bəzi beta-adrenergik antaqonistlər üçün də aşağıdakı arzuolunmaz təsirlər bildirilmişdir: Hallüsinasiyalar, psixozlar, çaşqınlıq, ətrafların soyuqluq hissi və sianoz, Raynaud fenomeni, gözdə quruluq və praktolol tipli okulo-mukokutan toksiklik. Xroniki ürək çatışmazlığı Xroniki ürək çatışmazlığı xəstələrində əlavə təsirlər haqqında məlumatlar nebivolol istifadə edən 1067 və plasebo istifadə edən 1061 pasiyentin plasebo-nəzarətli klinik tədqiqatdan əldə edilmişdir. Bu tədqiqatda nebivolol istifadə edən 449 pasiyent (42,1%) və plasebo istifadə edən 334 pasiyent (31,5%) müqayisə edilərək əlavə təsirlər bildirilmişdir. Nebivolol istifadə edən pasiyentlərdə ən çox bildirilən əlavə təsirlər pasiyenlərin təxminən 11%-də müşahidə edilən bradikardiya və başgicəllənmə olmuşdur. Plasebo istifadə edən xəstələrdə bu əlavə təsirlərin başvermə tezliyi müvafiq olaraq 2% və 7%-dir. Xroniki ürək çatışmazlığının müalicəsində xüsusilə vacib hesab edilən əlavə təsirlər üçün aşağıdakı (dərman vasitəsi ilə əlaqəli) hallar bildirilmişdir: – Plasebo qəbul edən pasiyenlərin 5,2% ilə müqayisədə, nebivolol qəbul edən pasiyentlərin 5,8% – də ürək çatışmazlığı ağırlaşmışdır. – Plasebo qəbul edən pasiyenlərin 1% ilə müqayisədə, nebivolol qəbul edən pasiyentlərin 2,1% -də postural hipotenziya bildirilmişdir. – Plasebo qəbul edən pasiyenlərin 0.8% ilə müqayisədə, nebivolol qəbul edən pasiyentlərin 1,6% – də dərman preparatına qarşı dözümsüzlük yaranmışdır. – Plasebo qəbul edən pasiyenlərin 0,9% ilə müqayisədə, nebivolol qəbul edən pasiyentlərin 1,4% – də atrioventrikulyar blokada inkişaf etmişdir. – Plasebo qəbul edən pasiyenlərin 0,2% ilə müqayisədə, nebivolol qəbul edən pasiyentlərin 1% -də aşağı ətraflarda ödem bildirilmişdir.
Doza həddinin aşılması
Neksilin doza həddinin aşılması barədə məlumat yoxdur. Beta-blokatorlarla doza həddinin aşılması simptomları bunlardır: bradikardiya, hipotenziya, bronxospazm və kəskin ürək çatışmazlığı. Müalicəsi Doza həddinin aşılması və yüksək həssaslıq hallarında, pasiyent diqqətlə izlənilməli və və intensiv müalicə şöbəsində müalicə olunmalıdır. Mədə -bağırsaq traktında hələ də mövcud ola biləcək hər hansı bir dərman qalığının udulmasının qarşısını mədə yuyulması ilə almaq lazımdır, aktivləşdirilmiş kömür və işlədici dərman vasitəsi qəbul edilməlidir. Süni tənəffüs tələb oluna bilər. Bradikardiya və ya kəskin vaqal reaksiyalar atropin və ya metilatropinlə müalicə edilməlidir. Hipotenziya və şok, plazma/plazma əvəzediciləri və lazım olduqda katexolaminlərlə müalicə edilməlidir. Beta-blokada edici təsir, yavaş venadaxili qəbulla gözlənilən effekt əldə edilənədək təxminən 5 mikroqram/dəqiqə dozadan başlamaqla izoprenalin hidroxlorid ilə və 2,5 mikroqram/dəqiqə dozadan başlayaraq dobutamin ilə ləğv edilə bilər. Rezistent hallarda izoprenalin dopaminlə kombinə edilə bilər. Əgər bu kombinasiya arzuolunan effekt verməzsə, 50-100 mkq/kq dozada qlükaqonun venadaxili yeridilməsi nəzərdən keçirilməlidir. Əgər ehtiyac olarsa, inyeksiyanı bir saat ərzində təkrarlamaq və daha sonra ehtiyac olarsa saatda 70 mq/kq dozada qlükaqonun venadaxili infuziyasını həyata keçirmək lazımdır. Rezistent bradikardiyanın müalicəsi zamanı yaranan xüsusi hallarda kardiostimulyatordan istifadə edilə bilər.
Buraxılış forması
14 tablet, PVX/alüminium blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda saxlayın.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Abdi İbrahim İlaç San. ve Tic. A.Ş, Turkey. Orhan Gazi Mahallesi, Tunç Cad. No:3 Esenyurt/İstanbul/Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
Abdi İbrahim İlaç San. ve Tic. A.Ş, Turkey. Reşitpaşa Mahallesi Eski Büyükdere Caddesi No: 4 34467 Maslak-Sarıyer/İstanbul/Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.