Nebilet 5 mq N28 tablet

Təsiredici maddə: NEBIVOLOL
Təsiredici maddəNEBIVOLOL
Dərman formasıTablet
Farmakoloji təsirBeta-adrenoreseptorların selektiv blokatoru
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,60 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını qəbul etməzdən əvvəl içlik vərəqini tam və diqqətlə oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar vardır. – Bu içlik vərəqini atmayın. Onu bir daha oxumağa ehtiyacınız ola bilər. – Əgər suallarınız yaranarsa, müalicə həkiminə və ya əczaçıya müraciət edin. – Bu dərman vasitəsi yalnız Sizin üçün yazılıb və onu başqa şəxslərə vermək olmaz. Hətta xəstəlik əlamətləri Sizinkilərlə eyni olsa belə, bu dərman başqalarına zərər verə bilər. – Əgər Sizdə əlavə təsirlər yaranarsa, öz həkiminizə, əczaçıya və ya tibbi bacısına müraciət edin. Bunlara bu içlik vərəqində qeyd edilməmiş bütün əlavə təsirlər də daxildir. 4-cü bölməyə baxın. NEBİLET tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Nebivolol

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq nebivolol (nebivolol hidroxlorid şəklidə) vardır. Köməkçi maddələr: laktoza monohidrat, polisorbat 80 (E433), hipromelloza 2910 15mPa.s. (E464), qarğıdalı nişastası, kroskarmellozanın natrium (E468), mikrokristallik selüloza (E460), susuz silisium dioksid (E551), maqnezium stearat (E572).

Təsviri

Nebilet preparatı demək olar ki, ağ rəngli, dəyirmi, iki tərəfi qabarıq, bir tərəfində xaçşəkilli bölünmə çərtiyi olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Beta-adrenoreseptorların selektiv blokatoru. ATC kodu: C07AB12.

Farmakoloji xüsusiyyətləri

Nebilet preparatının tərkibində ürək-damar xəstəliklərinin müalicəsi zamanı istifadə olunan, selektiv beta-blokatorlara (yəni, ürək damar sisteminə seçici təsir göstərən vasitələrə) aid olan nebivolol vardır. Nebivolol ürəyin nasos funksiyasına nəzarət edərək, ürək ritminin tezləşməsinə mane olur. Nebilet preparatı, həmçinin damargendirici təsir göstərir ki, bu da arterial təzyiqin aşağı düşməsinə səbəb olur.

İstifadəsinə göstərişlər

Nebilet preparatı yüksək arterial təzyiqin (arterial hipertoniyanın) müalicəsində istifadə edilir. Nebilet preparatı, həmçinin 70 yaş və daha böyük yaşda olan pasiyentlərdə yüngül və orta dərəcəli sabit xroniki ürək çatışmazlığının standart müalicəsinə əlavə kimi istifadə edilir.

Əks göstərişlər

Aşağıdakı hallarda Nebilet preparatını qəbul etmək olmaz. • Əgər Sizdə nebivolola və ya bu preparatın tərkibindəki digər maddələrdən (bax: “Tərkibi”) hər hansı birinə qarşı allergiya; • əgər Sizdə aşağıda sadalanan pozuntulardan biri və ya bir neçəsi vardırsa: – aşağı qan təzyiqi; – əllərdə və ya ayaqlarda qan dövranının ağır dərəcəli pozulmaları; – nəbzin tezliyinin azalması (dəqiqədə 60 vurğudan az) – sino-atrial blokada daxil olmaqla, sinus düyününün zəifliyi sindromu; – ürək ritminin digər müəyyən pozulmaları (məsələn, II və III dərəcəli atrioventrikulyar blokada, ürək keçiriciliyinin pozulmaları); – son zamanlarda meydana çıxmış ürək çatışmazlığı halları və ya onların son zamanlar başlamış pisləşməsi, yaxud ürəyin işinə kömək edən preparatların vena daxilinə yeridilməsini müşayiət edən kardiogen şok; – bronxların spazmı və bronxial astma (hazırda və ya keçmişdə); – müalicə olunmamış feoxromositoma, böyrəküstü vəzilərin şişləri; – qaraciyər funksiyasının pozulması və ya zəifləməsi; – maddələr mübadiləsinin pozulması (metabolik asidoz), məsələn, diabetik ketoasidoz.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Nebilet preparatını qəbul etməzdən əvvəl məsləhət almaq üçün həkimə və ya əczaçıya müraciət edin. Əgər Sizdə aşağıda göstərilən pozuntulardan biri və ya bir neçəsi varsa və ya müalicə müddəti ərzində inkişaf etmişdirsə, həkiminizə bu barədə məlumat verin: – ürək döyüntülərinin qeyri-normal aşağı tezliyi; – tac damarların özbaşına baş verən spazmı nəticəsində sinədə ağrı (Prinsmetal stenokardiyası); – müalicə edilməmiş xroniki ürək çatışmazlığı; – 1-ci dərəcəli ürək blokadası (ürəyin zəif keçiriciliyinin növü, ürək ritminin pozulmasına səbəb olur); – əllərdə və ya ayaqlarda qan dövranının pozulması, məsələn, Reyno xəstəliyi və ya sindromu, gəzərkən qicolma ağrılarını xatırladan ağrılar; – uzunmüddətli tənəffüs pozuntuları; – şəkərli diabet: preparat qanda şəkərin miqdarına təsir etmir, lakin qanda şəkərin miqdarının azalmasının simptomlarını gizlədə bilər (əsəbilik, titrəmə, nəbzin tezləşməsi); – qalxanabənzər vəzinin funksiyasının güclənməsi: preparat bu vəziyyətlə əlaqədar yaranmış qeyri-normal dərəcədə sürətli ürəkdöyünmənin əlamətlərini gizlədə bilər; – allergiya: preparat bitki tozcuqlarına və ya allergiyanızın olduğu digər maddələrə qarşı reaksiyanı gücləndirə bilər; – psoriaz (pullu dəmrov ocaqlarının əmələ gəlməsi ilə müşayiət olunan dəri xəstəliyi), yaxud əgər Sizdə artıq psoriaz xəstəliyi vardırsa; – Əgər cərrahiyyə əməliyyatı keçirəcəksinizsə, anesteziya aparılmazdan əvvəl, Nebilet preparatını qəbul etdiyiniz barədə anestezioloqu xəbərdar edin. Əgər Sizdə böyrəklərin funksiyasının ağır dərəcəli pozulması vardırsa, ürək çatışmazlığının müalicəsi üçün Nebilet preparatının qəbulundan imtina edin və müalicə həkiminə müraciət edin. Bu preparatın istifadəsi zamanı mütəmadi həkim nəzarəti tələb olunur. Xroniki ürək çatışmazlığı ilə bağlı müalicənin əvvəlində vəziyyətə nəzarət üçün müntəzəm olaraq həkimə müraciət etmək lazımdır. Müalicə həkimi tərəfindən dəqiq göstərişlər və qiymətləndirmə olmadan, preparatla müalicəni birdən-birə dayandırmaq olmaz (3-cü bölməyə baxın). Nebilet preparatının tərkibində laktoza vardır. Bu məhsulun tərkibində laktoza vardır. Əgər Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlük vardırsa, bu dərman vasitəsini istifadə etməməlidir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər digər dərman vasitələrini qəbul edirsinizsə, bu yaxınlarda qəbul etmisinizsə və ya qəbul etmiş ola bilərsinizsə bu barədə həkimə məlumat verin. Nebilet preparatı ilə yanaşı aşağıda sadalanan dərman preparatlarını qəbul edirsinizsə, hər zaman həkimi bu barədə məlumatlandırın: – arterial təzyiqə nəzarət üçün preparatlar və ya ürək xəstəliklərinin müalicəsi üçün preparatlar (məsələn, amiodaron, amlodipin, sibenzolin, klonidin, diqoksin, diltiazem, dizopiramid, felodipin, flekainid, quantasin, hidroxinidin, lasidipin, lidokain, metildopa, meksiletin, moksonidin, nikardipin, nifedipin, nimodipin, nitrendipin, propafenon, xinidin, rilmenidin, verapamil). – sedativ preparatlar və psixozların (psixi pozuntular) müalicəsi üçün preparatlar, məsələn barbituratlar (həmçinin epilepsiyanın müalicəsində istifadə edilir), fenotiazin (ürəkbulanmanın və qusmanın aradan qaldırılması üçün də istifadə edilir) və tioridazin. – depressiyanın müalicəsi üçün preparatlar, məsələn, amitriptillin, paroksetin, fluoksetin. – cərrahi əməliyyat zamanı anesteziya üçün istifadə edilən prepratlar. – astmanın müalicəsi, burun tutulmasının aradan qaldırılması üçün preparatlar və ya gözlərin müəyyən xəstəliklərinin, məsələn, qlaukomanın (göz almasında təzyiqin yüksəlməsi) müalicəsi və ya bəbəyin genişləndirilməsi (böyüdülməsi) üçün preparatlar. – baklofen (antispastik əzələboşaldıcı dərman vasitəsi), amifostin (xərçəngin müalicəsi zamanı qoruyucu təsir göstərən dərman vasitəsi) Bütün bu preparatlar nebivololla yanaşı istifadə edildikdə arterial təzyiqə və / və ya ürəyin işinə təsir göstərə bilərlər. – Mədə turşuluğunun artmasının və mədə xoralarının müalicəsi üçün preparatlar (antasid preparatlar), məsələn, simetidin təyin edildikdə, Nebilet preparatı yemək zamanı, antasid preparat isə – qida qəbulları arasında qəbul edilməlidir. Hamiləlik və laktasiya dövrü Ciddi zərurət olmadan Nebilet preparatı hamiləlik dövründə qəbul edilməməlidir. Laktasiya dövründə bu preparat qəbul edilməməlidir. Hamiləlik və ya laktasiya, eləcə də ehtimal olunan və ya planlaşdırılan hamiləlik halında, bu preparatı istifadə etməzdən əvvəl məsləhət üçün həkimə və ya əczaçıya müraciət edin. Uşaqlar və yeniyetmələr Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə preparatın tədqiq edilməsi barədə məlumatlar yoxdur, buna görə də bu yaş qrupunda Nebilet preparatının istifadəsi tövsiyə edilmir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparat başgicəllənmə və ya yorğunluq hissinə səbəb ola bilər. Bu simptomları hiss etdikdə, avtomobilin sükanı arxasına əyləşməyin və texnikanı idarə etməyin.

İstifadə qaydası və dozası

Bu preparatı hər zaman həkimin göstərişinə dəqiq uyğun şəkildə qəbul edin. Əgər hər hansı şübhələriniz vardırsa, müalicə həkimi və ya əczaçı ilə məsləhətləşin. Nebilet preparatını yeməkdən əvvəl, yemək vaxtı və ya yeməkdən sonra qəbul etmək olar. Siz bu preparatı, həmçinin qida qəbullarından asılı olmayaraq da qəbul edə bilərsiniz. Tabletləri su ilə içmək lazımdır. Arterial təzyiqin yüksəlməsi (arterial hipertoniya) zamanı müalicə − Adi doza sutkada 1 tablet təşkil edir. Tableti hər gün eyni vaxtda qəbul etmək arzuolunandır. − Yaşlı pasiyentlər və böyrək xəstəlikləri olan pasiyentlər üçün başlanğıc doza sutkada 1/2 (yarım) tablet təşkil edir. − Arterial təzyiqin azalma effekti müalicənin 1-2 həftəsindən sonra özünü göstərir. Bəzən optimal təsir yalnız 4 həftədən sonra əldə edilir. Xroniki ürək çatışmazlığı zamanı müalicə – Sizin müalicəniz təcrübəli həkimin nəzarəti altında aparılmalıdır. Preparatı son 6 həftə ərzində xroniki ürək çatışmazlığının dekompensasiyası epizodları olmadıqda təyin edirlər. – Həkim müalicəyə sutkada 1/4 (dörddə bir) tablet təyin etməklə başlamalıdır. 1-2 həftədən sonra doza sutkada 1/2 (yarım) tabletə qədər, daha sonra isə lazımi doza əldə edilənədək tədricən sutkada bir və iki tabletə qədər artırıla bilər. Həkiminiz preparatı Sizə müalicənin hər bir konkret mərhələsində daha uyğun olacaq dozada təyin etməlidir. Siz göstərilmiş dozaya və həkimin təlimatlarına ciddi əməl etməlisiniz. – Tövsiyə edilən maksimal doza sutkada 2 tablet (10 mq) təşkil edir. – Müalicənin əvvəlində preparatın ilk qəbulundan sonra və preparatı qəbul etdiyiniz müddətdə hər dəfə doza artırıldıqdan sonra, Siz 2 saat ərzində həkim nəzarəti altında olmalısınız. – Lazım gələrsə, müalicə həkimi dozanı azalda bilər. – Siz müalicəni birdən-birə dayandırmamalısınız, çünki bu, ürək çatışmazlığının daha da ağırlaşmasına gətirib çıxara bilər. – Bu preparat ağır dərəcəli böyrək xəstəlikləri olan pasiyentlərə əks-göstərişdir. – Preparatı sutkada bir dəfə, günün eyni vaxtında qəbul etmək lazımdır. Əgər həkim Sizə sutkada 1/4 (dörddə bir) və ya 1/2 (yarım) tablet təyin etmişdirsə, Nebilet 5 mq preparatının tabletlərini bölmək üçün aşağıda göstərilən təlimatlara əməl edin. • Tableti düz və bərk bir səthin (məsələn, masa və ya mətbəx masasının) üzərinə xaçşəkilli çərtiyi yuxarı olmaqla qoyun. • Hər iki şəhadət barmağınızla tableti sıxın: bu zaman tablet, 1-ci və 2-ci şəkillərdə göstərildiyi kimi, bölünmə çərtiyi boyunca parçalanır. • Tabletin dörddə bir hissəsini əldə etmək üçün, eyni hərəkətləri tabletin yarısı ilə təkrarlayın, bu hərəkətlər yuxarıda təsvir edilmiş, eləcə də 3-cü və 4-cü şəkillərdə göstərilmişdir. Şəkil 1 və 2. Nebivolol 5 mq tabletinin iki hissəyə bölünməsi. Şəkil 3 və 4. Nebivolol 5 mq tabletinin dörddə bir hissələrə bölünməsi. – Müalicə həkimi xəstəliyinizin müalicəsi ilə əlaqədar Nebilet preparatını digər dərman preparatları ilə kombinə etmək barədə qərar qəbul edə bilər. – Preparatın uşaqlarda və yeniyetmələrdə istifadə edilməsi qadağandır. Əgər Nebilet preparatını qəbul etməyi unutmusunuzsa və ya onu çox az miqdarda qəbul etmisinizsə Əgər Nebilet preparatını vaxtında qəbul etməyi unutmusunuzsa, Siz onu bir müddət sonra adi sutkalıq dozada qəbul edə bilərsiniz. Lakin uzun müddətli gecikmə (məsələn, bir neçə saat) olduqda və preparatın növbəti qəbulunun vaxtı yaxınlaşdıqda, unudulmuş dozanı buraxın və dərman vasitəsini növbəti adi dozada və adi vaxtda qəbul edin. Preparatı ikiqat dozada qəbul etməyin. Sonradan qəbul vaxtını təkrarən buraxmamağa çalışın. Əgər Nebilet preparatının qəbulunu dayandırırsınızsa Hansı məqsədlə: yüksək arterial təzyiqin və ya xroniki ürək çatışmazlığının müalicəsi məqsədilə qəbul etməyinizdən asılı olmayaraq, hər zaman Nebilet preparatı ilə müalicəni dayandırmazdan əvvəl müalicə həkimi ilə məsləhətləşin. Siz müalicəni birdən-birə dayandırmamalısınız, çünki bu, müvəqqəti olaraq ürək çatışmazlığının daha da ağırlaşmasına gətirib çıxara bilər. Əgər xroniki ürək çatışmazlığının müalicəsi zamanı Nebilet preparatının qəbulunu dayandırmaq lazımdırsa, sutkalıq dozanı tədricən, bir həftəlik intervalla iki dəfə azaltmaq lazımdır. Bu preparatın istifadəsi ilə bağlı əlavə suallar yarandıqda, müalicə həkiminə və ya əczaçıya müraciət edin.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, bu preparatın da əlavə təsirləri ola bilər. Lakin əlavə təsirlər heç də bütün pasiyentlərdə meydana çıxmır. Yüksək arterial təzyiqin müalicəsi üçün Nebilet preparatının istifadəsi zamanı aşağıdakı əlavə təsirlər meydana çıxa bilər: Tez-tez rast gələn əlavə təsirlər (10 pasiyentdən 1-də müşahidə oluna bilər): – baş ağrısı; – başgicəllənmə; – paresteziya; – yorğunluq hissi; – qeyri-adi qaşınma və göynəmə hissi; – ishal; – qəbizlik; – ürəkbulanma; – təngnəfəslik; – əllərin və ya ayaqların ödemi. Bəzən baş verən əlavə təsirlər (100 pasiyentdən 1-də müşahidə oluna bilər) – ürəkdöyünmənin yavaşıması və ürəklə bağlı digər şikayətlər; – aşağı arterial təzyiq; – gəzərkən ayaqlarda tutmaşəkilli ağrılar; – görmə qabiliyyətinin pozulması; – impotensiya; – depressiya; – həzmin pozulması (dispepsiya), mədədə və ya bağırsaqda qaz əmələ gəlməsi, qusma; – dəridə səpgilər, qaşınma; – tənəffüs yolları əzələlərinin kəskin spazmı (bronxospazm) nəticəsində astma tutmasını xatırladan tənəffüs çətinləşməsi; – qorxulu yuxugörmələr. Çox nadir hallarda rast gələn əlavə təsirlər (10 000 pasiyentdən 1-də müşahidə oluna bilər): – huşun itirilməsi; – psoriazın (qabıqlanan çəhrayı rəngli ləkələrin yaranması ilə müşayiət olunan dəri xəstəliyi) kəskinləşməsi. Çox nadir, ayrı-ayrı hallarda Nebilet preparatının qəbulu zamanı aşağıda qeyd edilən əlavə təsirlər müşahidə olunmuşdur: – dərinin generalizə olunmuş zədələnməsi ilə birlikdə güclü allergik reaksiyalar (yüksək həssaslıq reaksiyaları); – mümkün kəskin tənəffüs çətinləşməsi ilə birlikdə, xüsusilə, dodaqların, gözlərin və ya dilin sürətlə inkişaf edən ödemi (Kvinke ödemi). – dəri səthindən qabaran solğun-qırmızı rəngli, allergik və ya qeyri-allergik mənşəli qaşınan papulalarla xarakterizə olunan dəri səpgisi (övrə). Preparatın xroniki ürək çatışmazlığının müalicəsi üçün istifadəsinin klinik tədqiqatı zamanı aşağıda qeyd edilən əlavə təsirlər müşahidə edilmişdir: Çox tez-tez rast gələn əlavə təsirlər (10 pasiyentdən 1-dən çoxunda müşahidə oluna bilər): – ürəkdöyünmənin yavaşıması – başgicəllənmə; Tez-tez rast gələn əlavə təsirlər (10 pasiyentdən 1-də müşahidə oluna bilər): – ürək çatışmazlığı simptomlarının ağırlaşması; – aşağı arterial təzyiq (təzyiqin sürətlə aşağı düşməsi zamanı zəiflik kimi hiss olunur); – bu dərman preparatına qarşı dözümsüzlük; – ürəkdə keçiriciliyin, ürək ritminə təsir edən yüngül pozulmaları (1-ci dərəcəli atrioventrikulyar blokada); – aşağı ətrafların ödemi (məsələn, topuqların ödemi). Əlavə təsirlər barədə məlumat verilməsi İstənilən əlavə təsirlər meydana çıxdığı zaman həkimə, əczaçıya və ya tibb bacısına müraciət edin. Bunlara bu içlik vərəqində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də daxildir. Siz, həmçinin əlavə təsirlər barədə Analitik Ekspertiza Mərkəzinin: www.pharma.az və ya e-mail: [email protected]. elektron ünvanı vasitəsilə bilavasitə məlumat verə bilərsiniz. Əlavə təsirlər barədə məlumat verməklə Siz, bu dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat toplamağa kömək edə bilərsiniz.

Doza həddinin aşılması

Əgər Siz təsadüfən bu preparatı lazım olduğundan daha böyük dozada qəbul etmisinizsə, dərhal bu barədə həkimə məlumat verin. Nebilet preparatının doza həddinin aşılmasının ən çox rast gələn simptomları nəbzin tezliyinin həddən artıq aşağı olması (bradikardiya), arterial təzyiqin bəzən huşun itirilməsinə gətirib çıxaran aşağı düşməsi (arterial hipotoniya), astma tutmasını xatırladan təngnəfəslik (bronxospazm) və kəskin ürək çatışmazlığıdır. Həkimin gəlməsini gözləyərkən Siz aktivləşdirilmiş kömür qəbul edə bilərsiniz (aptekdə satılır).

Buraxılış forması

7 və ya 14 tablet, PVX/alüminium blister qablaşdırmada. 1 və ya 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. (Satışda heç də bütün ölçülü qablaşmalar olmaya bilər).

Saxlanma şəraiti

30ºС-dən yüksək olmayan temperaturda , işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Qutunun etiketində və ya blisterin folqasında “son istifadə tarixi” yazısından sonra qeyd edilmiş yararlılıq müddəti bitdikdən sonra bu preparatı istifadə etməyin. Yararlılıq müddətinin bitmə tarixi göstərilmiş ayın son günüdür. Dərman preparatlarını çirkab sularına və ya məişət tullantılarının içərisinə atmayın. Artıq istifadə etmədiyiniz dərman preparatını necə atmaq lazım olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edir.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Berlin-Chemie AG Glienicker Weg 125, 12489 Berlin, Almaniya Və ya Berlin-Chemie AG Tempelhofer Weg 83, 12347 Berlin, Almaniya

Qeydiyyat vəsiqəsinin sahibi

Menarini International Operations Luxembourg S.A. 1, Avenue de la Gare L-1611, Lüksemburq. Səlahiyyətli nümayəndə Berlin-Chemie AG Glienicker Weg 125, 12489 Berlin, Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Nebilet 5 mq N28 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar