Clospirin 75 mq N30 kapsul

Təsiredici maddə: CLOPIDOGREL + ACETYLSALICYLIC ACID
Təsiredici maddəCLOPIDOGREL + ACETYLSALICYLIC ACID
Dərman formasıKapsul
Farmakoloji təsirTrombosit aqreqasiyasının inhibitorları (heparin istisna olmaqla)
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

25,00 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KLOSPRİN kapsullar CLOSPRIN Beynəlxalq patentləşdirilməmiş adı: Acetylsalicylic acid + Clopidogrel

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 100 mq asetilsalisil turşusu, 75 mq klopidoqrelə ekvivalent 97,85 mq klopidoqrel bisulfat vardır. Köməkçi maddələr:mannitol DC (E421), natrium kroskarmelloza, Aerosil 200, hidroksipropilsellüloza, stearat turşusu. HPMC kapsulu №0:(Brilliant mavisi FCF-FD&C mavi 1 (E133), titanium dioksid (E171), sarı dəmir oksidi (E172), hipromelloza (E464)). Sulu nəzarət Ena MAY 218005 ğ (metakrilat turşusu-etilakrilat kopolimeri, talk, titan dioksid (E171), trietil sitrat, silisium dioksid).

Təsviri

Rəngsiz şəffaf gövdə və qırmızı rəngli şəffaf qapağın daxilində ağ rəngli toz qarışığı və ağ rəngli bağırsaqda həll olan örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Trombosit aqreqasiyasının inhibitorları (heparin istisna olmaqla). ATC kodu: B01AC30.

Farmakoloji xüsusiyyətləri

Klopidoqrel, metabolitlərindən biri trombositlərin aqreqasiyasının inhibitoru olan prodərmandır. Trombositlərin aqreqasiyasını inhibə edən aktiv metabolit sintezi üçün klopidoqrel, CYP450 fermentləri tərəfindən metabolizə olunmalıdır. Asetilsalisil turşusu, trombositlərin aqreqasiyasını prostaqlandinlərin sintezində iştirak edən sikloksigenaza fermentlərinin geridönməz şəkildə inhibə edərək tormozlayır. Asetilsalisil turşusu həmçinin trombositlərdə tromboksan A2 sintezini bloklayaraq trombositlərin aqreqasiyasını inhibə edir. Bu təsir trombositlərin ömrü boyu davam edir.

İstifadəsinə göstərişlər

Aterotrombotik hadisələrin qarşısının alınması: Klosprin preparatı həm klopidoqrel, həm də asetilsalisil turşusunu qəbul edən yetkin pasiyentlərdə aterotrombotik hadisələrin qarşısının alınması üçün təyin edilir. Klosprin preparatı aşağıdakı xəstəliklər zamanı müalicənin davam etdirilməsi üçün istifadə olunan sabit dozada kombinə olunan dərman vasitəsidir: Kəskin koronar sindrom – Kardiovaskulyar ölüm, miokard infarktı və ya insult hallarının azaldılması və ya perkutan koronar müdaxilə (stentlə və ya stent olmadan) və ya koronar arteriya şuntlama əməliyyatı (CABG) daxil olmaqla kəskin koronar sindromu olan pasiyentlərdə (ST seqmentinin yüksəlməsi olmayan qeyri-stabil angina və ya Q dalğası olmayan miokard infarktı və ya ST seqmentinin yüksəlməsi kəskin miokard infarktı) kardiovaskulyar ölüm, miokard infarktı, insult və ya refrakter işemiyanın dərəcəsinin azaldılması.

Əks göstərişlər

– Preparatın təsiredici və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. ● Ağır qaraciyər çatışmazlığı. ● Ağır böyrək çatışmazlığı. ● Peptik xoradan qanaxma və ya kəllədaxili qansızma kimi aktiv patoloji qanaxma. ● Qeyri-steroid iltihab əleyhinə preparatlara (QSİƏP) qarşı yüksək həssaslıq və astma, rinit və burun polipləri sindromu. ● Hamiləliyin III trimestri ● Laktasiya dövrü (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Qanaxmanın və arzuolunmaz hematoloji effektlərin inkişafı riski ilə əlaqədar müalicə müddətində qanaxmanın təzahürü olan klinik simptomlar meydana çıxdığı halda qan hüceyrələrinin sayının təyini və (və ya) digər müvafiq testlər dərhal nəzərdən keçirilməlidir (“Əlavə təsirlər” bölməsinə bax). Digər antiaqreqant dərman vasitələri kimi, klopidoqrel də travmalar, cərrahi müdaxilələr və ya digər patoloji vəziyyətlər ilə bağlı olan qanaxma inkişafının yüksək riski olan pasiyentlərdə, həmçinin, QSİƏP (həmçinin SOG-2 inhibitorları), heparin, IIb/IIIa qlikoprotein inhibitorları və trombolitik preparatlar qəbul edən pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Pasiyentlər, xüsusən də müalicənin ilk həftələrində və (və ya) invaziv kardioloji prosedurlardan və ya cərrahiyyə əməliyyatlarından sonra, gizli qanaxma da daxil olmaqla, qanaxmanın hər hansı əlamətlərinə görə diqqətlə izlənilməlidir. Klosprin preparatının oral antikoaqulyantlarla eyni vaxtda istifadəsi tövsiyə edilmir, çünki qanaxmanın intensivliyini artıra bilər (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Pasiyentlər hər hansı cərrahi müdaxilə təyinindən və hər hansı yeni dərman vasitəsini qəbul etməzdən əvvəl Klosprin preparatını qəbul etdikləri barədə həkimlərinə və diş həkimlərinə məlumat verməlidirlər. Planlı cərrahiyyə nəzərdə tutulduqda, kombinə antiaqreqant dərman vasitəsi ilə müalicəyə ehtiyac nəzərdən keçirilməli və tək antiaqreqant dərman vasitəsinin istifadəsinə diqqət yetirilməlidir. Pasiyentlər antiaqreqant müalicəni müvəqqəti dayandırmalı olarsa, Klosprin preparatının istifadəsi əməliyyatdan 7 gün əvvəl dayandırılmalıdır. Klosprin preparatı qanaxma müddətini uzadır və qanaxmaya meylli zədələnmələri (xüsusilə mədə-bağırsaq və gözdaxili) olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Göstərilmişdir ki, AST və klopidoqrel kombinasiyası təkrar işemik fəsadın inkişafının yüksək riski olan, yaxınlarda keçirilmiş baş beyin qan dövranının işemik pozulması və ya insult olan pasiyentlərdə böyük qanaxmaların inkişafı riskini yüksəldir. Bu səbəbdən, qeyd olunan pasiyentlər qrupunda bu kombinasiyanın qəbulu ehtiyatla və yalnız istifadəsinin klinik faydası sübut edilmiş halda yerinə yetirilməlidir. Pasiyentlərə, klopidoqrel (tək və ya AST ilə kombinasiya şəklində) qəbul etdikdə qanaxmanın dayandırılmasının adi haldan daha uzun çəkə biləcəyi və hər hansı qeyri-adi qanaxma (lokalizasiyasına və ya müddətinə görə) barədə öz həkiminə məlumat vermələri izah edilməlidir. Trombotik trombositopenik purpura (TTP) halları çox nadir hallarda klopidoqrelin qəbulundan sonra, bəzən qısamüddətli istifadəsindən sonra (<2 həftə) bildirilmişdir. TTP, plazmaferez də daxil olmaqla, təcili müalicə tələb edən potensial həyati təhlükəli vəziyyətdir. Bu, trombositopeniya və mikroangiopatik hemolitik anemiya (parçalanmış şistositlər (parçalanmış eritrositlər) periferik yaxmada görünə bilər) ilə əlaqəli digər nevroloji halların yaranması, böyrək funksiyasının pozulması və yüksək hərarət ilə xarakterizə olunur. Kəskin işemik insult zamanı klopidoqrelin istifadəsi ilə bağlı kifayət qədər məlumat yoxdur. Böyrək çatışmazlığı olan pasiyentlərdə klopidoqrellə terapevtik təcrübə məhduddur. Buna görə də bu pasiyentlərdə klopidoqrel ehtiyatla istifadə edilməlidir. Qanaxma diatezləri baş verən orta dərəcəli qaraciyər xəstəliyi olan pasiyentlərdə təcrübə məhduddur. Buna görə də, bu populyasiyada klopidoqrel ehtiyatla istifadə edilməlidir. AST (Asetilsalisil turşusu/Aspirin) ilə əlaqəsi Astma və ya allergik xəstəlikləri olan pasiyentlər yüksək həssaslıq reaksiyalarının yaranma riskinə görə ehtiyatla müalicə edilməlidir. Podaqralı pasiyentlərdə AST-nun aşağı dozaları uratların konsentrasiyasını artırır. Uşaqlarda aspirin və Reye sindromu arasında mümkün əlaqə vardır. Reye sindromu beyin və qaraciyərə təsir edən və ölümcül ola bilən çox nadir bir xəstəlikdir. Buna görə də, xüsusi göstəriş olmadığı halda, 16 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir (məsələn, Kawasaki xəstəliyi üçün). Mədə xorası və mədə-bağırsaq qanaxması və ya yuxarı mədə-bağırsaq traktında kiçik simptomları olan pasiyentlərdə ehtiyatlı olmaq lazımdır, çünki bu hallar, mədə qanaxmasının inkişafı ilə nəticələnə bilən mədə xorası ilə əlaqədar ola bilər. Qarın nahiyəsində ağrı, qusma, ürəkbulanma, qıcqırma və mədə-bağırsaq qanaxması daxil olmaqla, mədə-bağırsaq traktında əlavə təsirlər baş verə bilər. Mədə-bağırsaq traktının yuxarı hissəsində dispepsiya kimi kiçik simptomlar tez-tez və müalicə zamanı istənilən vaxt baş verə bilər. Həkimlər xora və qanaxma simptomlarına qarşı diqqətli olmalıdırlar. Pasiyentlərə mədə-bağırsaq traktında əlavə təsirlərin əlamətləri və simptomları baş verdikdə hansı tədbirlər görülməli olduğu barədə məlumat verilməlidir. Klosprin preparatının tərkibində 102,65 mq mannitol vardır. Bu miqdara görə heç bir xəbərdarlıq tələb olunmur. Klosprin preparatının tərkibində 1 mmol-dan (23 mq) az natrium vardır ki, bu dozada istifadəsi zamanı heç bir əlavə təsir gözlənilmir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Peroral yolla qəbul edilən antikoaqulyantlar Klosprin preparatının peroral antikoaqulyantlarla eyni vaxtda istifadəsi tövsiyə edilmir, çünki qanaxmanı artıra bilər. Qlikoprotein IIb/IIIa inhibitorları Klosprin preparatı, bu preparatı qlikoprotein IIb/IIIa inhibitorları ilə eyni vaxtda qəbul edən pasiyentlərdə ehtiyatla istifadə edilməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Heparin Sağlam könüllülərin iştirakı ilə aparılan klinik tədqiqatın məlumatlarına əsasən klopidoqrelin qəbulu zamanı heparin dozasının tənzimlənməsinə ehtiyac olmamış və onun antikoaqulyant təsiri dəyişilməmişdir. Heparin ilə yanaşı istifadəsi klopidoqrelin trombositlərin aqreqasiyasına olan inhibəedici təsirini dəyişməmişdir. Klopidoqrel və heparin arasında farmakodinamik qarşılıqlı təsir mümkündür, bu da qanaxma riskinin artmasına səbəb olur. Bu səbəbdən də, onların yanaşı istifadəsi ehtiyat tədbirlərinə riayət edilməsini tələb edir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Trombolitiklər Klopidoqrelin fibrin və ya qeyri-fibrin spesifik trombolitik vasitələri və heparinlərlə yanaşı istifadəsinin təhlükəsizliyi kəskin miokard infarktı olan pasiyentlərdə qiymətləndirilmişdir. Klinik əhəmiyyətli qanaxmaların tezliyi trombolitik vasitələrin və heparinin AST ilə birgə qəbulu zamanı müşahidə olunanlara oxşar olmuşdur (“Əlavə təsirlər” bölməsinə bax). Klosprin preparatının istifadəsinin təhlükəsizliyi digər trombolitik vasitələr ilə birlikdə istifadə zamanı müəyyən edilməmişdir, bu səbəbdən də ehtiyatla istifadə edilməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP) Sağlam könüllülərin iştirakı ilə aparılan klinik tədqiqatda klopidoqrel və naproksenin eyni vaxtda istifadəsi mədə-bağırsaq traktından gizli qan itkisini artırmışdır. Buna görə də, QSİƏP-lərin, o cümlədən SOG-2 inhibitorlarının Klosprin preparatı ilə eyni vaxtda istifadəsi tövsiyə edilmir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Eksperimental məlumatlar ibuprofenin, AST-nun aşağı dozalarının trombositlərin aqreqasiyasına olan təsirini inhibə etdiyini təsdiqləyir. Bununla belə, bu məlumatların məhdudiyyətləri və ex vivo məlumatların klinik vəziyyətə ekstrapolyasiyası ilə bağlı qeyri-müəyyənliklər göstərir ki, ibuprofenin müntəzəm istifadəsi üçün heç bir dəqiq nəticə əldə etmək mümkün deyil və ibuprofenin qeyri-müntəzəm istifadəsi üçün heç bir klinik cəhətdən əhəmiyyətli təsir ehtimal edilmir. Klopidoqrel ilə digər kombinə olunmuş müalicə Klopidoqrel CYP2C19 izofermentinin iştirakı ilə öz aktiv metabolitinə qədər qismən metabolizə olunduğu üçün, bu fermentin aktivliyini inhibə edən dərman vasitələri, klopidoqrelin aktiv metabolitinin konsentrasiyasının azalmasına səbəb ola bilər. Qeyd olunan qarşılıqlı təsirin klinik əhəmiyyəti məlum deyil. Ehtiyat tədbiri olaraq CYP2C19 izofermentinin güclü və orta dərəcəli inhibitorlarının eyni vaxtda istifadəsindən çəkinmək lazımdır. CYP2C19 izofermentinin güclü və orta dərəcəli inhibitorlarına, omeprazol, esomeprazol, fluvoksamin, fluoksetin, moklobemid, vorikonazol, flukonazol, tiklodipin, siprofloksasin, simetidin, karbamezapin, okskarbazepin, xloramfenikol və s. daxildir. Proton nasosu inhibitorları (PPI) Bir çarpaz tədqiqatda, klopidoqrel (300 mq yükləyici doza və ardınca gündəlik 75 mq doza) 5 gün ərzində tək və omeprazol ilə (eyni vaxtda 80 mq klopidoqrel ilə) kombinasiyada istifadə edilmişdir. Klopidoqrel və omeprazol birlikdə qəbul edildikdə, klopidoqrelin aktiv metabolitinin təsirinə məruz qalma 45% (1-ci gün) və 40% (5-ci gün) azalmışdır. Klopidoqrel və omeprazol birgə istifadə edildikdə, 5 μM ADF ilə trombositlərin aqreqasiyasının orta inhibəsi 39% (24 saat) və 21% (5-ci gün) azalmışdır. Başqa bir tədqiqatda, omeprazol və klopidoqrelin qəbulu arasında 12 saatlıq fasilənin olması qarşılıqlı təsiri aradan qaldırmayaraq, omeprazolun CYP2C19-a inhibəedici təsiri ilə nəticələnə bilər. Ehtiyat tədbiri olaraq, bu preparatın omeprazol və ya esomeprazolla eyni vaxtda istifadəsindən çəkinmək lazımdır. Digər PPİ və klopidoqrel ilə farmakodinamik qarşılıqlı qarşılıqlı təsir haqqında müvafiq məlumat yoxdur. H blokatorları (simetidin istisna olmaqla, CYP2C19 inhibitoru) və ya antasidlər kimi mədə2 turşuluğunu azaldan digər dərman vasitələrinin klopidoqrelin antiaqreqant aktivliyini inhibə etdiyinə dair heç bir sübut yoxdur. Digər dərman vasitələri Farmakodinamik və farmakokinetik qarşılıqlı təsir potensialını araşdırmaq üçün klopidoqrel və digər yanaşı istifadə olunan dərman vasitələri ilə bir sıra klinik tədqiqatlar aparılmışdır. Klopidoqrelin atenolol, nifedipin və ya həm atenolol, həm də nifedipinlə birgə istifadəsi zamanı klinik əhəmiyyətli farmakodinamik qarşılıqlı təsir müşahidə edilməmişdir. Bundan əlavə, klopidoqrelin farmakodinamik aktivliyinə fenobarbital və ya estrogenin birgə qəbulu əhəmiyyətli dərəcədə təsir göstərməmişdir. Diqoksin və ya teofillinin farmakokinetikası klopidoqrellə eyni vaxtda istifadəsi zamanı dəyişilməmişdir. Antasidlər klopidoqrelin sorulma dərəcəsinə təsir göstərməmişdir. İnsan qaraciyər mikrosomlarının tədqiqi məlumatları göstərir ki, klopidoqrelin karboksil turşusu metaboliti P450 2C9 sitoxromunun aktivliyini inhibə edir. Bu, fenitoin, tolbutamid və QSİƏP kimi sitoxrom P450 2C9 ilə metabolizə olunan dərman vasitələrinin plazma konsentrasiyalarının potensial olaraq artmasına səbəb ola bilər. CAPRIE tədqiqatının məlumatları göstərir ki, fenitoin və tolbutamid klopidoqrellə təhlükəsiz şəkildə eyni vaxtda istifadə oluna bilər. AST ilə qarşılıqlı təsir Urikozuriklər (benzbromaron, probenesid, sulfinpirazon) AST, sidik turşusunun rəqabətli şəkildə xaric edilməsi yolu ilə urikozurik agentlərin təsirini inhibə edə bilər. Metotreksat Preparatın tərkibində AST olduğuna görə, həftədə 20 mq-dan yuxarı dozalarda istifadə olunan metotreksat Klosprin preparatı ilə ehtiyatla istifadə edilməlidir, çünki AST, metotreksatın böyrək klirensini inhibə edə bilər ki, bu da sümük iliyi toksikliyinə səbəb ola bilər. AST ilə digər qarşılıqlı təsirlər AST-nun daha yüksək (iltihab əleyhinə) dozaları ilə aşağıdakı dərman vasitələri arasında qarşılıqlı təsir bildirilmişdir: angiotenzinçevirici ferment (AÇF) inhibitorları, asetazolamid, qıcolma əleyhinə vasitələr (fenitoin və valproy turşusu), beta blokatorlar, diuretiklər və peroral yolla qəbul edilən hipoqlikemik vasitələr. Klopidoqrel və AST ilə digər qarşılıqlı təsirlər Klopidoqrel və 325 mq-dan az və ya ona bərabər dəstəkləyici dozada AST qəbul edən 30000-dən çox pasiyent klinik tədqiqatlarda iştirak etmiş və klinik əhəmiyyətli arzuolunmaz qarşılıqlı təsirlərin sübutu olmadan diuretiklər, beta-blokatorlar, AÇF inhibitorları, kalsium antaqonistləri, xolesterol azaldıcı maddələr, koronar vazodilatatorlar, diabet əleyhinə dərman vasitələri, hormon əvəzedici terapiya daxil olmaqla, müxtəlif yanaşı dərmanlar qəbul etmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ümumi tövsiyələr Hamiləlik kateqoriyası birinci və ikinci trimestr üçün “C” , üçüncü trimestr üçün “D” kateqoriyasıdır. Uşaqdoğma potensialı olan qadınlar/Doğuma nəzarət(Kontrasepsiya) Klosprin preparatı istifadəsi zəruri olmaqdığı halda, hamiləliyin 1-ci və 2-ci trimestrində istifadə edilməməlidir. Hamiləlik Hamiləlik dövründə klopidoqrelin təsirinə məruz qalma ilə bağlı heç bir klinik məlumat yoxdur. Siçovul və dovşanlarla aparılan tədqiqatlarda, klopidoqrelin fertillik və ya dölün inkişafına heç bir təsir göstərmədiyi müşahidə olunmuşdur. İnsan üçün potensial risk məlum deyil. Klosprin preparatının istifadəsi zəruri olmadığı halda hamiləlik dövründə istifadə edilməməlidir. AST AST-nun aşağı dozaları (100 mq/gün) Klinik tədqiqatlar göstərir ki, xüsusi monitorinq tələb edən məhdud mamalıq istifadəsi üçün gündə 100 mq-a qədər olan dozaların qəbulu təhlükəsiz görünür. AST-nun gündəlik 100-500 mq-lıq dozaları AST-nun gündəlik 100 mq-dan 500 mq-a qədər olan dozalarının istifadəsi ilə bağlı kifayət qədər klinik təcrübə yoxdur. Buna görə də, gündəlik 500 mq və daha yuxarı dozalar üçün aşağıdakı tövsiyələr bu doza diapazonuna da aiddir. AST-nun gündəlik 500 mq və daha yuxarı dozaları Prostaqlandinlərin sintezinin inhibisiyası hamiləliyə və/və ya embrion/dölün inkişafına mənfi təsir göstərə bilər. Epidemioloji tədqiqatların məlumatları erkən hamiləlikdə prostaqlandin sintezi inhibitorlarının istifadəsindən sonra düşük, ürək qüsurları və qastroşizis (abdominal divarın doğuş qüsuru) riskinin artdığını göstərir. Ürək-damar malformasiyası üçün mütləq risk 1%-dən az artaraq, təxminən 1,5%-ə qədər artmışdır. Riskin doza və müalicə müddəti ilə artması ehtimal olunur. Heyvanlarda prostaqlandin sintezi inhibitorunun istifadəsinin reproduktiv toksikliyə səbəb olduğu müşahidə olunmuşdur. Asetilsalisil turşusu 24-cü amenoreya həftəsinə qədər (hamiləliyin 5-ci ayı) vacib olmadığı təqdirdə istifadə edilməməlidir. Asetilsalisil turşusu hamilə qalmağa cəhd edən qadın tərəfindən və ya 24-cü amenoreya həftəsinə (hamiləliyin 5-ci ayı) qədər istifadə edildikdə dozanı minimuma endirmək və müalicə müddətini mümkün qədər qısa saxlamaq lazımdır. Hamiləliyin 6-cı ayından etibarən bütün prostaqlandin sintez inhibitorları aşağıdakıları səbəb ola bilər: Döl üçün – kardiopulmonar toksiklik (Ductus arteriousun vaxtından əvvəl bağlanması və ağciyər hipertenziyası ilə) – Oliqohidroamnioz ilə böyrək çatışmazlığına qədər irəliləyə bilən böyrək disfunksiyası Hamiləliyin sonunda ana və yenidoğulmuşa – qanaxma vaxtının mümkün uzanması, hətta çox aşağı dozalarda da baş verə bilən antiaqreqant təsir. – Doğuşun gecikməsi və ya uzanması ilə nəticələnən uşaqlıq daralmasının inhibə edilməsi. Laktasiya Klopidoqrelin insan ana südü ilə xaric olub-olmadığı məlum deyil. AST ana südünə keçir. Laktasiya dövründə istifadə edilməməlidir. Reproduktivlik/Fertillik Klosprin preparatının hamiləlikdə istifadəsi haqqında məlumat yoxdur. Heyvan tədqiqatlarında klopidoqrelin fertilliyə təsir etdiyi müşahidə edilməmişdir. Prostaqlandin sintezi inhibitorlarının ovulyasiyaya təsirinin qadınların fertilliynə mənfi təsir etdiyinə dair bəzi sübutlar vardır. Bu təsir müalicənin dayandırılması ilə aradan qalxa bilər. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Klosprin preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək qabiliyyətinə cüzi təsir göstərir. Klosprin ilə müalicə zamanı pasiyentlər avtomobil idarə edə və digər potensial təhlükəli mexanizmlərdən istifadə edə bilərlər.

İstifadə qaydası və dozası

Böyüklər və yaşlılar Miokard infarktı, insult və ya periferik arterial xəstəliyi olan pasiyentlərdə Klosprin preparatı gündəlik birdəfəlik doza şəklində istifadə edilməlidir. Klosprin preparatı ayrı-ayrılıqda klopidoqrel və asetilsalisil turşusu ilə müalicənin başlanılmasından sonra istifadə olunmalıdır. Kəskin koronar sindrom Kəskin koronar sindromlu (qeyri-stabil stenokardiya və ya Q dalğası olmayan miokard infarktı) ST seqmentinin yüksəlməsi olmayan pasiyentlərdə müalicənin optimal müddəti rəsmi olaraq müəyyən edilməmişdir. Klinik tədqiqat məlumatları 12 aya qədər istifadəni dəstəkləyir və maksimum fayda 3 ay müddətində müşahidə edilmişdir. ST seqmentinin yüksəlməsi olan kəskin miokard infarktlı pasiyentlərdə Müalicə simptomların təzahüründən sonra mümkün qədər tez başlanmalı və ən azı dörd həftə davam etdirilməlidir. Bu halda klopidoqrel və AST kombinasiyasının faydası dörd həftədən artıq müddətdə öyrənilməmişdir. Əgər doza qəbulu unudularsa: – Müntəzəm olaraq qəbul edildiyi vaxtdan sonra 12 saatdan az müddətdə: pasiyentlər dərhal dozanı qəbul etməli və sonra növbəti dozanı təyin olunmuş vaxtda qəbul etməlidirlər. – 12 saatdan çox: pasiyentlər növbəti dozanı təyin olunmuş vaxtda qəbul etməli və unudulmuş dozanı bərpa etmək üçün ikiqat doza qəbul etməməlidirlər. Klosprin preparatı qida qəbulundan asılı olmayaraq istifadə oluna bilər. Xüsusi populyasiya üçün əlavə məlumat Böyrək çatışmazlığı Klosprin preparatının istifadəsi ağır böyrək çatışmazlığı olan pasiyentlərdə əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Yüngül və ya orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə terapevtik təcrübə məhduddur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Buna görə də Klosprin preparatı bu pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Qaraciyər çatışmazlığı Klosprin preparatının istifadəsi ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Qanaxma diatezləri baş verən orta dərəcəli qaraciyər xəstəliyi olan pasiyentlərdə təcrübə məhduddur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Buna görə də, bu populyasiyada Klosprin preparatı ehtiyatla istifadə edilməlidir. Pediatrik populyasiya Klosprin preparatı 16 yaşdan kiçik uşaqlarda həkimlə məsləhətləşmədən istifadə edilməməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Farmakogenetika CYP2C19 metabolizatoru zəif olan pasiyentlərdə, tövsiyə olunan dozalarda klopidoqrel qəbulu, onun aktiv metabolitinin daha az əmələ gəlməsinə səbəb olur və trombositlərin fəaliyyətinə daha az təsir göstərir. Pasiyentin CYP2C19 genotipini müəyyən etmək üçün testlər mövcuddur.

Əlavə təsirləri

Klopidoqrelin təhlükəsizliyi klinik tədqiqatlarda iştirak etmiş 42000-dən çox pasiyentdə, o cümlədən klopidoqrel və AST kombinasiyası ilə müalicə olunan 30000 pasiyentdə və ya 1 il və ya daha çox müalicə alan 9000 pasiyentdə qiymətləndirilmişdir. CAPRIE, CURE, CLARITY və COMMIT tədqiqatlarında müşahidə edilən klinik əhəmiyyətli əlavə təsirlər aşağıda göstərilmişdir. Ümumiyyətlə, CAPRIE tədqiqatında yaş, cins və irqindən asılı olmayaraq gündəlik 75 mq klopidoqrel qəbulu zamanı müşahidə edilən əlavə təsirlər, gündəlik 325 mq AST turşusunun qəbulu zamanı müşahidə edilən əlavə təsirlərlə oxşar olmuşdur. Qanaxma həm klinik tədqiqatlarda, həm də post-marketinq təcrübədə, əsasən müalicənin ilk ayı ərzində bildirilən ən çox rast gəlinən əlavə təsir olmuşdur. Hemorragik pozğunluqlar CAPRIE tədqiqatında klopidoqrel və ya AST ilə müalicə olunan pasiyentlərdə hər hansı bir qanaxmanın ümumi tezliyi 9,3% təşkil etmişdir. Ağır halların tezliyi klopidoqrel və AST üçün oxşar olmuşdur. Klopidoqrel istifadə edən pasiyentlərin 2%-də mədə-bağırsaq qanaxması müşahidə olunmuş və bu pasiyentlərin 0,7%-i hospitalizasiya edilmişdir. AST istifadə edən pasiyentlərdə bu nisbətlər müvafiq olaraq 2,7% və 1,1% təşkil etmişdir. Digər qanaxma halları, klopidoqreldən istifadə edən pasiyentlərdə AST istifadə edən pasiyentlərdən daha yüksək olmuşdur (müvafiq olaraq 7,3% və 6,5%). Bununla belə, ağır hadisələrin tezliyi hər iki müalicə qrupunda oxşar olmuşdur (müvafiq olaraq 0,6% və 0,4%). Hər iki müalicə qrupunda ən çox bildirilən hadisələr purpura / göyərmə / hematoma və burun qanaxmasıdır. Hematoma, hematuriya və gözdaxili qanaxma (əsasən konyunktival qanaxma) digər daha az bildirilən əlavə təsirlərdir. Klopidoqrel istifadə edən pasiyentlərdə kəllədaxili qanaxma tezliyi 0,4%, AST istifadə edən pasiyentlər üçün 0,5% təşkil edir. CURE tədqiqatında cərrahi əməliyyata qədər beş gündən çox müddətdə müalicəni dayandıran pasiyentlərdə koronar şuntlama əməliyyatından sonra 7 gün ərzində böyük qanaxmalarda artım müşahidə edilməmişdir. Koronar şuntlama əməliyyatından sonra beş gün ərzində müalicə olunan pasiyentlərdə klopidoqrel və AST kombinasiyası üçün bu halın yaranma tezliyi 9,6%, AST üçün isə 6,3% təşkil etmişdir. CLARITY tədqiqatında klopidoqrel və AST qrupunda AST-nu tək qəbul edən qrupla müqayisədə qanaxmada artım müşahidə edilməmişdir. Böyük qanaxmaların tezliyi qruplar arasında oxşar olmuşdur. Bu, ilkin xüsusiyyətlər və fibrinolitik və ya heparin müalicəsi növü ilə müəyyən edilən pasiyentlərin alt qrupları arasında uyğun olmuş, ölümcül qanaxmaların (klopidoqrel +AST qrupunda 0,8%, plasebo + AST qrupunda 0,6%) və kəllədaxili qanaxmaların (klopidoqrel + AST qrupunda 0,5%, plasebo + AST qrupunda 0,7%) tezliyi hər iki qrupda aşağı və oxşar olmuşdur. COMMIT tədqiqatında qeyri-serebral əsas qanaxmaların və ya beyin qanaxmalarının ümumi nisbəti hər iki qrupda aşağı və oxşar olmuşdur. Klinik tədqiqatlar zamanı baş vermiş və ya sistem-orqan təsnifatına və tezliyinə görə spontan bildirilmiş əlavə təsirlər aşağıdakı cədvəldə verilmişdir. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Qan və limfa sistemi pozğunluqları Çox nadir hallarda: aqranulositoz, aplastik anemiya/pansitopeniya, trombotik trombositopenik purpura (TTP)(“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), ağır dərəcəli trombositopeniya, qranulositopeniya, anemiya. Bəzən: leykopeniya, eozinofiliya, trombositopeniya. Nadir hallarda: neytropeniya (ağır dərəcəli neytropeniya daxil olmaqla). İmmun sistemi pozğunluqları Çox nadir hallarda: anafilaktik reaksiyalar, zərdab xəstəliyi. Tezliyi məlum deyil: anafilaktik şok, qida allergiyasının allergik simptomlarının artması. Maddələr mübadiləsi və qidalanma pozğunluqları Tezliyi məlum deyil: hipoqlikemiya, podaqra (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Psixiatrik pozğunluqlar Çox nadir: çaşqınlıq, hallüsinasiyalar. Sinir sisteminin pozğunluqları Bəzən: kəllədaxili qanaxma (bəzi hallar ölümcül nəticə ilə bildirilmişdir), baş ağrısı, paresteziya, başgicəllənmə. Görmə pozğunluqları Bəzən: gözdaxili qanaxma (konyunktival, okulyar, retinal) Eşitmə orqanı pozğunluqları Nadir hallarda: vertiqo Tezliyi məlum deyil: eşitmə qabiliyyətinin itirilməsi, qulaqlarda küy. Damar pozğunluqları Tez-tez: hematoma Çox nadir hallarda: ciddi qanaxma, əməliyyat yarasından qanaxma, vaskulit, hipotenziya Tənəffüs, döş qəfəsi və divararalığı pozğunluqları Çox nadir hallarda: bronxospazm, interstisial pnevmonit, tənəffüs yollarında qanaxma (hemoptiz, ağciyər qanaxması) Nadir hallarda: epistaksis Mədə-bağırsaq pozğunluqları Tez-tez: mədə-bağırsaq qanaxması, ishal, qarın nahiyəsində ağrı, dispepsiya Bəzən: mədə və onikibarmaq bağırsağın xorası, qastrit, qusma, ürəkbulanma, qəbizlik, meteorizm. Nadir hallarda: retroperitoneal qanaxma. Çox nadir hallarda, tezliyi məlum deyil: ölümcül nəticələnən mədə-bağırsaq və retroperitoneal qanaxma, pankreatit, kolit (xoralı və ya limfositik kolit daxil olmaqla), stomatit Tezliyi məlum deyil: mədə-onikibarmaq bağırsaq xorası/perforasiya, mədə-bağırsaq traktının yuxarı nahiyəsinin simptomları, məsələn qastralgiya (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Hepatobiliar pozğunluqlar Çox nadir hallarda: kəskin qaraciyər çatışmazlığı, hepatit, qaraciyər funksiyası testinin yanlış nəticəsi. Dərinin və dərialtı toxumaların pozğunluqları Tez-tez: qançırlar. Nadir hallarda: səpgi, qaşınma, dəri qanaxması (purpura) Çox nadir hallarda: bullyoz dermatit (toksik epidermal nekroliz, Stivens-Conson sindromu, multiformalı eritema), angioödem, eritematoz səpgi, övrə, ekzema, qırmızı yastı dəmrov. Dayaq-əzələ sistemi, birləşdirici toxuma və sümük xəstəlikləri Çox nadir hallarda: artralgiya, artrit, miyalgiya, daya-əzələ sistemində qanaxma. Böyrək və sidikçıxarıcı yolların pozğunluqları Bəzən: hematuriya Çox nadir hallarda, tezliyi məlum deyil*: kəskin böyrək çatışmazlığı (xüsusilə böyrək çatışmazlığı, ürək dekompensasiyası, nefritik sindrom və ya diuretiklərlə eyni vaxtda müalicə olunan pasiyentlərdə)*, qlomerulonefrit, qanda kreatinin səviyyəsinin artması. Ümumi və istifadə nahiyəsindəki pozğunluqlar Tez-tez: zədə nahiyəsində qanaxma. Çox nadir hallarda: qızdırma. Müayinələr Nadir hallarda: qanaxma müddətinin uzanması, neytrofillərin sayının azalması, trombositlərin sayının azalması.

Doza həddinin aşılması

Klosprin preparatı ilə doza həddinin aşılmasına dair məlumatlar mövcud deyil. Klopidoqrel Klopidoqrelin qəbulundan sonra doza həddinin aşılması qanaxma vaxtının uzanmasına və sonrakı qanaxma ağırlaşmalarına səbəb ola bilər. Əgər qanaxma müşahidə olunarsa, müvafiq müalicə nəzərdən keçirilməlidir. Klopidoqrelin farmakoloji aktivliyinə qarşı heç bir antidot tapılmamışdır. Uzanmış qanaxma vaxtının dərhal korreksiyası tələb olunarsa, trombositlərin köçürülməsi klopidoqrelin təsirini aradan qaldıra bilər. Asetilsalisil turşusu Əsas xüsusiyyəti turşu-qələvi balansının kəskin pozulması olan, kəskin intoksikasiya və əsasən mərkəzi sinir sisteminin pozğunluqları ilə müşayiət olunan xroniki doza həddinin aşılması halları (“salisilizm”) fərqlidir. Turşu-qələvi balansının və elektrolit balansının pozulmasına əlavə olaraq (məsələn, kalium itkisi) hipoqlikemiya, dəridə səpgilər, mədə-bağırsaq qanaxması, hiperventilyasiya, qulaqlarda küy, ürəkbulanma, qusma, görmə və eşitmə pozğunluğu, baş ağrısı, başgicəllənmə və çaşqınlıq simptomları baş verə bilər. Ağır intoksikasiya halında delirium, tremor, təngnəfəslik, tərləmə, dehidratasiya, hipertermiya və koma baş verə bilər. Ölümlə nəticələnən intoksikasiya və ölüm, ümumiyyətlə, tənəffüs çatışmazlığından asılıdır.

Buraxılış forması

30 və ya 90 kapsul içlik vərəqə ilə birlikdə karton qutuya polietilen-alüminium (PE-Al) blisterdə qablaşdırılır. Tullantıların atılması üçün xüsusi ehtiyat tədbirləri İstifadə edilməmiş dərman vasitələri və ya tullantılar müvafiq qaydada utilizasiya edilməlidir “Dərman tullantılarının utilizasiyası Qaydası” və “Qablaşdırma və qablaşdırma tullantılarına nəzarət Qaydası”.

Saxlanma şəraiti

25ºС-də yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Neutec İlaç San. Tic. A.Ş., Turkey. 1. Oгganize Sanayi Bölgesi, 1. Yol, No:3 Adapazarı, Sakarya, Turkey.

Qeydiyyat vəsiqəsinin sahibi

Neutec İlaç San. Tic. A.Ş., Turkey. Yıldız Teknik Üniversitesi Davutpaşa Kampüsü Teknoloji Geliştirme Bölgesi D1 Blok Kat:3, Esenler / İstanbul / Turkey. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Clospirin 75 mq N30 kapsul” üçün ilk rəyi siz yazın.