Analgin 50 % 2 ml N10 inyeksiya Dalximfarm
| Təsiredici maddə | METAMIZOLE SODIUM |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Ağrıkəsici qeyri-narkotik vasitə |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,59 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ANALGİN venadaxili və əzələdaxili yeridilmə üçün məhlul
ANALGIN
Beynəlxalq patentləşdirilməmiş adı: Metamizole sodium
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 250 mq və ya 500 mq metamizol natrium (analgin) vardır.
Köməkçi maddə: inyeksiya üçün su – 1 ml-ə qədər.
Təsviri
Şəffaf, rəngsiz və ya bir qədər sarımtıl mayedir.
Farmakoterapevtik qrupu
Ağrıkəsici qeyri-narkotik vasitə.
ATC kodu: N02BB02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Pirazolon törəməsi olan metamizol natrium siklooksigenaza fermentini qeyri-selektiv blokadaya alır və araxidon turşusundan prostaqlandinlərin əmələ gəlməsini azaldır. Ağrıkəsici, qızdırmasalıcı və eləcə də bir qədər spazmolitik (saya əzələlərə və ödçıxarıcı yollara) təsirə malikdir. Təsiri 20–40 dəqiqədən sonra inkişaf edir və 2 saatdan sonra maksimal həddə çatır. Vena daxilinə yeridildikdə maksimal effekt 20–40 dəqiqədən sonra inkişaf edir.
Farmakokinetikası
Vena daxilinə yeridildikdən sonra metamizol natriumun yarımxaricolma dövrü 14 dəqiqə təşkil edir. Əsas metaboliti 4-N-metilaminoantipirindir (MAA). Digər metabolitlərə 4-N-aminoantipirin (AA), 4-N-asetilaminoantipirin (AAA) və 4-N-formilaminoantipirin (FAA) aiddir ki, bunlardan da son 2 metabolit farmakoloji aktivliyə malik deyildir. Metabolitlərə qeyri-xətti farmakokinetika xarakterikdir; bu halın klinik əhəmiyyəti məlum deyildir. Qısa müddət ərzində istifadə edildikdə metabolitlərin kumulyasiyasının mühüm əhəmiyyəti yoxdur.
Metamizol natrium plasentadan nüfuz edir. Metamizol natriumun metabolitləri ana südünə daxil olur. Plazma zülalları ilə birləşmə dərəcəsi MAA üçün 58%, AA üçün 48%, FAA üçün 18% və AAA üçün 14% təşkil edir. Əsasən böyrəklər vasitəsilə xaric olunur; təxminən 96%-i böyrəklər vasitəsilə metabolitlər şəklində çıxarılır. Yüksək dozalarda istifadə edildikdə böyrəklər vasitəsilə preparatın metaboliti – rubazon turşusu xaric oluna bilər ki, bu da sidiyin qırmızı rəngə boyanmasına səbəb ola bilər.
Yaşlı pasiyentlər
Yaşlı pasiyentlərdə preparatın «konsentrasiya-zaman» əyrisi altındakı sahə (AUC) göstəricisi 2–3 dəfə yüksəlir. Birdəfəlik istifadə zamanı qaraciyər sirrozu qeyd olunan pasiyentlərdə MAA və FAA metabolitlərinin yarımxaricolma dövrləri təxminən 3 dəfə uzandığı halda, AA və AAA metabolitlərinin yarımxaricolma dövrləri oxşar qanunauyğunluq nümayiş etdirmir. Belə pasiyentlərdə preparatın yüksək dozalarının istifadəsindən çəkinmək tövsiyə olunur.
Böyrək funksiyalarının pozğunluqları
Əldə olunan məlumatlara əsasən, böyrək çatışmazlığı zamanı bəzi metabolitlərin (AAA və FAA) xaricolma sürəti azalır. Belə pasiyentlərdə preparatın yüksək dozalarının istifadəsindən çəkinmək tövsiyə olunur.
İstifadəsinə göstərişlər
Travma zamanı ağır kəskin ağrı sindromu və ya xroniki və əməliyyatdan sonrakı ağrı sindromu; sancı zamanı; digər terapevtik tədbirlər əks göstəriş olduğu halda onkoloji xəstəliklər və digər vəziyyətlər; digər müalicə üsullarına davamlı olan qızdırma.
Əks göstərişlər
Metamizol natrium və digər pirazolon törəmələrinə, eləcə də pirazolidinlərə, məsələn, fenilbutazona (bu preparatların istifadəsi nəticəsində aqranulositoz keçirmiş pasiyentlər daxil olmaqla) qarşı hiperhəssaslıq;
Analgetik bronxial astma və ya analgetiklərə qarşı dözümsüzlük (övrə tipi üzrə angionevrotik ödem), yəni bronxospazmlı və ya salisilatların, parasetamolun və ya diklofenak, ibuprofen, indometasin və ya naproksen kimi qeyri-steroid iltihab əleyhinə preparatların istifadəsinə cavab olaraq anafilaktoid reaksiyanın (məsələn, övrə, rinit, angionevrotik ödem) digər formaları olan pasiyentlər;
Sümük iliyi qanyaranmasının pozulması (məsələn, sitostatik terapiyadan sonra) və ya qanyaradıcı orqanların xəstəlikləri;
İrsi qlükoza-6-fosfatdehidrogenaza defisiti (hemoliz);
Kəskin növbələnən qaraciyər porfiriyası (porfiriya tutmalarının inkişafı riski);
Kəskin böyrək və ya qaraciyər çatışmazlığı;
Hamiləlik (I və III trimestr) və laktasiya dövrü;
Körpə yaş (3 aya qədər və ya bədən çəkisi 5 kq-dan az);
3–12 aylıq südəmər körpələr (yalnız venadaxili yeridilmə üçün əks göstərişdir).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Ehtiyatla: arterial hipotenziya (sistolik arterial təzyiqin 100 mm c.süt.-dan aşağı düşməsi), dövr edən qan həcminin azalması, hemodinamikanın qeyri-stabilliyi (miokard infarktı, çoxsaylı travmalar, şokun başlanğıc mərhələsi), ürək çatışmazlığının başlanğıc mərhələsi, yüksək qızdırma (arterial təzyiqin kəskin enməsi riskinin yüksəlməsi). Arterial təzyiqin əhəmiyyətli dərəcədə enməsi xüsusilə təhlükəli ola bilən xəstəliklər (ürəyin ağır işemik xəstəliyi və baş beyin arteriyalarının stenozu qeyd olunan pasiyentlər). Alkoqolun xroniki sui-istifadəsi. Bronxial astma, xüsusilə polipoz rinosinusit ilə müşayiət olunduğu halda. Aşağıdakı vəziyyətlərdə anafilaktik/anafilaktoid reaksiyaların inkişaf etmə riski yüksəlir: xroniki övrə və atopiyanın digər növləri; alkoqola qarşı dözümsüzlük (müəyyən alkoqol tərkibli içkilərin hətta az miqdarlarının istifadəsinə qarşı aşağıda göstərilən simptomlarla müşayiət olunan reaksiya – qaşınma, göz yaşı ifrazının artması və üz nahiyəsinin şiddətli qızarması); rəngləyicilərə (məsələn, tartrazine) və ya konservantlara (məsələn, benzoatlara) qarşı dözümsüzlük və ya yüksək həssaslıq; qaraciyər və böyrək funksiyalarının ağır pozğunluqları (metamizol natriumun xaricolmasının ləngiməsi ehtimalını nəzərə alaraq aşağı dozaların istifadəsi tövsiyə olunur).
Sitostatik preparatların istifadəsi ilə müalicə qəbul edən pasiyentlərdə və 5 yaşa qədər uşaqlarda metamizol natriumun istifadəsi ilə müalicə yalnız həkim müşahidəsi altında aparılmalıdır.
Anafilaktik/anafilaktoid reaksiyalar
Preparatın orqanizmə yeridilmə yolunu seçdikdə nəzərə almaq lazımdır ki, parenteral yeridilmə anafilaktik/anafilaktoid reaksiyaların inkişaf etmə riskinin daha yüksək olması ilə əlaqəlidir. Metamizol natriumdan istifadə etməzdən əvvəl pasiyentin hərtərəfli sorğulanması aparılmalıdır. Anafilaktik reaksiyaların inkişaf etmə riski aşkar edildikdə, preparat yalnız gözlənilən fayda ilə potensial risk nisbəti diqqətlə qiymətləndirildikdən sonra istifadə edilə bilər. Belə pasiyentlərdə metamizol natrium istifadə edildikdə onların vəziyyətlərinin ciddi tibbi nəzarəti aparılmalıdır və anafilaktik/anafilaktoid reaksiyalar inkişaf etdiyi təqdirdə pasiyentlərə təcili yardım göstərmək üçün vasitələr mövcud olmalıdır. Predispozisiya olan pasiyentlərdə anafilaktik şok meydana çıxa bilər və bu səbəbdən astma və ya atopiya qeyd olunan pasiyentlərə metamizol natrium ehtiyatla təyin edilməlidir. Metamizol natriumun istifadəsinə cavab olaraq anafilaktoid reaksiyalar meydana çıxan pasiyentlər həmçinin digər qeyri-narkotik analgetiklərin/qeyri-steroid iltihabəleyhinə preparatların istifadəsi zamanı həmin reaksiyaların inkişaf etmə riskinə məruz qalırlar. Metamizol natriumun istifadəsinə cavab olaraq anafilaktik və ya digər immun səbəbli reaksiyalar (məsələn, aqranulositoz) meydana çıxan pasiyentlər digər pirazolonların və pirazolidinlərin istifadəsi zamanı həmin reaksiyaların inkişaf etmə riskinə məruz qalırlar.
Ağır dərəcəli dəri reaksiyaları
Metamizol natriumun istifadəsi fonunda həyat üçün təhlükəli dəri reaksiyaları, məsələn, Stivens-Conson sindromu (SCS) və toksik epidermal nekroliz (TEN) təsvir edilmişdir. SCS və ya TEN simptomları (məsələn, əksər hallarda qovuqcuqların əmələ gəlməsi və ya selikli qişaların zədələnməsi ilə müşayiət olunan proqressivləşən dəri səpgiləri) meydana çıxdığı halda metamizol natriumun istifadəsi ilə müalicə dərhal dayandırılmalıdır və gələcəkdə həmin kateqoriyadan olan pasiyentlərdə preparatın istifadəsi ilə müalicə aparılmamalıdır. Pasiyentlər göstərilən xəstəliklərin simptomları barədə məlumatlandırılmalıdırlar. Pasiyentlərdə, xüsusilə müalicənin ilk günlərində, dəri reaksiyalarının hərtərəfli nəzarəti aparılmalıdır.
Aqranulositoz
Preparatı uzun müddət ərzində (7 sutkadan artıq) istifadə etdikdə periferik qan mənzərəsinə nəzarət edilməlidir. Metamizol natriumun istifadəsi ilə aqranulositozun inkişaf etməsi ehtimal edilir. O, çox nadir hallarda meydana çıxır, 1 həftədən az davam etmir, preparatın dozasından asılı olmur, ağır dərəcəli və həyat üçün təhlükəli ola bilər və bəzi hallarda ölümlə nəticələnə bilər. Bu səbəbdən neytropeniya ilə əlaqəli olması ehtimal edilən simptomlar (qızdırma, titrətmə, boğaz ağrıları, udma qabiliyyətinin çətinləşməsi, stomatit, ağız boşluğu selikli qişasının eroziv-xoralı zədələnmələri, vaginit və ya proktit, periferik qanda neytrofillərin miqdarının 1500/mm³ göstəricidən aşağı düşməsi) meydana çıxdığı halda preparatın istifadəsi ilə müalicə dayandırılmalıdır və pasiyent həkimə müraciət etməlidir.
Pansitopeniya
Pansitopeniya inkişaf etdiyi halda müalicə dərhal dayandırılmalıdır və vəziyyət tam normallaşana qədər qanın açıq analizinin göstəricilərinə nəzarət edilməlidir. Bütün pasiyentlər məlumatlandırılmalıdırlar ki, metamizol natriumun istifadəsi fonunda qanın patoloji dəyişiklik simptomları (məsələn, ümumi halsızlıq, infeksiyalar, davamlı qızdırma, hematomaların və qanaxmaların əmələ gəlməsi, solğunluq) meydana çıxdığı halda onlar dərhal tibbi yardıma müraciət etməlidirlər.
Təcrid olunmuş hipotenziv reaksiyalar
Metamizol natrium təcrid olunmuş hipotenziv reaksiyaların meydana çıxmasına səbəb ola bilər. Bu reaksiyalar dozadan asılı xarakter daşıya bilər. Aşağıdakı hallarda həmin reaksiyaların meydana çıxma riski yüksəkdir: əvvəlcədən qeyd olunan arterial hipotenziya, dövr edən qan həcminin azalması və ya dehidratasiya, qeyri-stabil hemodinamika və ya qan dövranının kəskin pozğunluğu (məsələn, miokard infarktı və ya zədələnmələr qeyd olunan pasiyentlərdə), qızdırmalı pasiyentlərdə. Bu səbəbdən yuxarıda qeyd edilən pasiyentlərin hərtərəfli diaqnostikası aparılmalıdır və onlar ciddi müşahidə altında saxlanılmalıdırlar. Hipotenziv reaksiyalar riskini aşağı salmaq məqsədi ilə preventiv tədbirlərin həyata keçirilməsi (hemodinamikanın stabilləşdirilməsi) tələb oluna bilər. Arterial təzyiqin nəyin bahasına olursa olsun aşağı salınmasından qaçınılmalı olan pasiyentlərdə (məsələn, ürəyin ağır işemik xəstəliyi və ya serebral arteriyaların əhəmiyyətli stenozu zamanı) metamizol natriumun istifadəsinə yalnız hemodinamik parametrlərə hərtərəfli müşahidənin aparılması ilə icazə verilir.
Qarın nahiyəsində ağrı
Qarın nahiyəsində qeyd olunan kəskin ağrıların (onların səbəbi müəyyən edilənə qədər) aradan qaldırılması məqsədi ilə preparatın istifadəsi yolverilməzdir.
Qaraciyər və böyrək funksiyalarının pozğunluqları
Qaraciyər və ya böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə preparatın xaricolma sürətinin azalmasını nəzərə alaraq yüksək dozalarda metamizol natriumun istifadəsindən çəkinmək tövsiyə olunur. Preparatın tərkibində natrium vardır və bu, aşağı tərkibli natriumun istifadəsi ilə pəhriz saxlayan pasiyentlərdə nəzərə alınmalıdır.
Yeridilmə qaydaları
Anafilaktik/anafilaktoid reaksiyaların ilk əlamətləri meydana çıxdıqda inyeksiyanın dayandırılması üçün və eləcə də ayrı-ayrı hipotenziv reaksiyaların inkişaf etmə riskini minimumlaşdırmaq məqsədi ilə metamizol natriumun vena daxilinə yeridilməsi çox aşağı sürətlə (dəqiqədə 1 ml-dən artıq olmamaqla) həyata keçirilməlidir. Əzələ daxilinə yeridilməsi zamanı əzələ daxilinə yeritmək üçün nəzərdə tutulan uzun iynədən istifadə edilməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Siklosporin
Metamizol natrium qan zərdabında siklosporinin konsentrasiyasının aşağı düşməsinə gətirib çıxara bilər və bu səbəbdən preparatların eyni zamanda istifadəsi müddətində siklosporinin konsentrasiyasına nəzarət etmək lazımdır.
Digər qeyri-narkotik analgeziyaedici preparatlar
Metamizol natriumun və digər qeyri-narkotik analgeziyaedici preparatların eyni zamanda istifadəsi toksik effektlərin qarşılıqlı güclənməsinə gətirib çıxara bilər.
Trisiklik antidepressantlar, peroral kontraseptivlər, allopurinol
Trisiklik antidepressantlar, peroral kontraseptivlər və allopurinol qaraciyərdə metamizol natriumun metabolizminə pozucu təsir göstərir və onun toksikliyinin yüksəlməsinə səbəb olur.
Barbituratlar, fenilbutazon və qaraciyərin mikrosomal fermentlərinin digər induktorları
Barbituratlar, fenilbutazon və qaraciyərin mikrosomal fermentlərinin digər induktorları metamizol natriumun təsirinin zəifləməsinə gətirib çıxarır.
Sedativ preparatlar və trankvilizatorlar
Sedativ preparatlar və trankvilizatorlar metamizol natriumun ağrıkəsici təsirini gücləndirir. Xlorpromazinlə və ya digər fenotiazin törəmələri ilə eyni zamanda istifadəsi şiddətli hipotermiyanın inkişaf etməsinə gətirib çıxara bilər.
Qan plazmasının zülalları ilə yüksək birləşmə dərəcəsinə malik olan dərman preparatları (peroral hipoqlikemik preparatlar, dolayı təsirli antikoaqulyantlar, qlükokortikosteroidlər və indometasin)
Metamizol natrium qan plazmasının zülalları ilə birləşmələrdən peroral hipoqlikemik preparatları, dolayı təsirli antikoaqulyantları, qlükokortikosteroidləri və indometasini sıxışdırıb çıxarmaqla onların aktivliyinin yüksəlməsinə səbəb olur.
Mielotoksik dərman preparatları
Mielotoksik dərman preparatları metamizol natriumun hematotoksikliyinin güclənməsinə gətirib çıxarır.
Metotreksat
Metotreksatın istifadəsi ilə aparılan müalicəyə metamizol natriumun əlavə edilməsi, xüsusilə yaşlı pasiyentlərdə, metotreksatın hematotoksik təsirini gücləndirə bilər və bu səbəbdən göstərilən preparatların kombinasiyasından çəkinmək lazımdır.
Tiamazol və sarkolizin
Tiamazol və sarkolizin leykopeniyanın inkişaf etmə riskini yüksəldir.
Kodein, H2-histamin reseptorlarının blokatorları və propranolol
Kodein, H2-histamin reseptorlarının blokatorları və propranolol metamizol natriumun effektlərinə gücləndirici təsir göstərir.
Rentgen kontrast maddələr, kolloid qanəvəzedicilər və penisillin
Metamizol natriumun istifadəsi ilə aparılan müalicə müddətində rentgen kontrast maddələr, kolloid qanəvəzedicilər və penisillin təyin edilməməlidir (anafilaktik/anafilaktoid reaksiyaların inkişaf etmə riskinin yüksəlməsi).
Asetilsalisil turşusu
Asetilsalisil turşusu ilə eyni zamanda istifadə edildikdə metamizol natrium asetilsalisil turşusunun trombositlərin aqreqasiyasına təsirinin zəifləməsinə gətirib çıxara bilər. Bu səbəbdən kardioproteksiya (trombeməleyhinə profilaktika) məqsədi ilə asetilsalisil turşusunun aşağı dozalarından istifadə edən pasiyentlərin müalicəsi zamanı göstərilən preparatların kombinasiyası ehtiyatla istifadə edilməlidir.
Bupropion
Metamizol natrium qanda bupropionun konsentrasiyasının azalmasına səbəb ola bilər ki, bu da metamizol natriumun və bupropionun eyni zamanda istifadəsi müddətində nəzərə alınmalıdır.
Farmasevtik uyuşmazlığın meydana çıxma ehtimalını nəzərə alaraq metamizol natriumu digər dərman preparatları ilə bir şprisdə qarışdırmaq olmaz.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Metamizol natrium plasentadan nüfuz edir. İnsanlarda istifadə barədə kifayət qədər məlumatların olmamasını nəzərə alaraq hamiləliyin birinci trimestrində metamizol natrium istifadə edilməməlidir. Hamiləliyin ikinci trimestrində isə metamizol natrium yalnız preparatın ana üçün gözlənilən faydası döl üçün potensial riskdən üstün olduğu halda istifadə edilə bilər. Metamizol natriumun prostaqlandin sintezini zəif inhibə etməsinə baxmayaraq, arterial (Botal) axacağın vaxtından əvvəl (bətndaxili) bağlanması ehtimalı və eləcə də anada və ya yenidoğulmuş uşaqda trombositlərin aqreqasiyasının pozulması ilə əlaqəli perinatal ağırlaşmaların mümkünlüyü istisna edilməməlidir. Bu səbəbdən hamiləliyin üçüncü trimestrində metamizol natriumun istifadəsi əks göstərişdir.
Metamizol natriumun metabolitləri ana südünə nüfuz edir və bu səbəbdən preparatın istifadəsi müddətində və eləcə də preparatın sonuncu dozasının istifadəsindən sonra 48 saat müddətində ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Dərman vasitəsinin əlavə təsirlərini nəzərə alaraq, müalicə dövründə nəqliyyat idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növü ilə məşğul olarkən ehtiyatlı olmaq vacibdir.
İstifadə qaydası və dozası
Preparat vena daxilinə və əzələ daxilinə istifadə üçün nəzərdə tutulmuşdur. Parenteral yolla yeridilməsi yalnız onun daxilə qəbul edilməsi mümkün olmadığı hallarda göstərişdir. Yeridilməzdən əvvəl preparatın bədən temperaturuna qədər qızdırılması tövsiyə olunur.
Böyüklər və yaşı 15 və daha yuxarı olan yeniyetmələr: birdəfəlik doza şəklində metamizol natriumun 1–2 ml (500 mq/ml) və ya 2–4 ml (250 mq/ml) məhlulunun istifadəsi (əzələ daxilinə və ya vena daxilinə) tövsiyə olunur. Maksimal sutkalıq dozası 2000 mq təşkil edir ki, bu da sutkada 2–3 dəfəlik dozalara bölünərək istifadə edilir. Maksimal birdəfəlik dozası 1000 mq təşkil edir.
3–12 aylıq uşaqlar (bədən kütləsi 5–9 kq): preparat yalnız əzələ daxilinə bədən kütləsinin hər 10 kq-na 50–100 mq dozada (0,1–0,2 ml 500 mq/ml-lik məhlul və ya 0,2–0,4 ml 250 mq/ml-lik məhlul) yeridilir. Birdəfəlik dozası sutkada 2–3 dəfəyə qədər təyin edilə bilər.
Arterial təzyiqin enməsi riskinin minimumlaşdırılması məqsədi ilə preparatın vena daxilinə yeridilməsi pasiyentin uzanıq vəziyyətində, arterial təzyiqə, nəbzə və tənəffüs tezliyinə nəzarət etməklə çox aşağı sürətlə (yeridilmə sürəti 1 ml/dəqiqədən yüksək olmamaqla) həyata keçirilməlidir. Anafilaktik/anafilaktoid reaksiyaların inkişaf etməsinin ilk əlamətləri meydana çıxdıqda preparatın yeridilməsi dayandırılmalıdır. Arterial təzyiqin qeyri-allergik mənşəli azalmasının dozadan asılı olması ilə əlaqəli təhlükənin mövcudluğunu nəzərə alaraq, metamizol natrium məhlulunun 2 ml-dən (1000 mq-dan) artıq miqdarı xüsusi ehtiyatla yeridilməlidir. Həddindən artıq yüksək sürətlə yeritdikdə arterial təzyiqin kritik enməsi və şok müşahidə edilə bilər.
Yaşlı pasiyentlərdə metamizol natrium metabolitlərinin orqanizmdən xaricolma sürətinin ləngiməsini nəzərə alaraq preparatın aşağı dozaları istifadə edilməlidir.
Ağır vəziyyətdə olan pasiyentlərə və kreatinin klirensinin pozğunluqları qeyd olunduğu hallarda metamizol natrium metabolitlərinin orqanizmdən xaricolma sürətinin ləngiməsini nəzərə alaraq preparatın aşağı dozaları istifadə edilməlidir.
Qaraciyər və böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə preparatın orqanizmdən xaricolma sürəti azalır və bu səbəbdən həmin pasiyentlərdə preparatın çoxsaylı istifadəsindən çəkinmək lazımdır; preparatın uzunmüddətli istifadə təcrübəsi barədə heç bir məlumat yoxdur. Qısa müddətli müalicə zamanı preparatın dozasının korreksiyası tələb olunmur.
Müalicənin davametmə müddəti: preparatı analgeziyaedici vasitə şəklində istifadə etdikdə 1–5 gün və qızdırmasalıcı vasitə şəklində istifadəsi zamanı 1–3 gün təşkil edir.
Əlavə təsirləri
Arzuolunmayan reaksiyalar (AR) MedDRA təsnifatına müvafiq sistem-orqan siniflərinə əsasən bölünmüşdür və Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən aşağıda göstərildiyi kimi qruplaşdırılmışdır: çox tez-tez (≥1/10), tez-tez (≥1/100, <1/10), bəzən (≥1/1000, <1/100), nadir hallarda (≥1/10000, <1/1000), çox nadir hallarda (<1/10000) və məlum deyil (əldə olunan məlumatlar əsasında qiymətləndirilməsi mümkün deyil).
İmmun sistemdə baş verən pozğunluqlar: nadir hallarda – anafilaktik və anafilaktoid reaksiyalar; çox nadir hallarda – analgetik bronxial astma; məlum deyil – anafilaktik şok. Metamizol natrium anafilaktik və ya anafilaktoid reaksiyaların meydana çıxmasına səbəb ola bilər ki, bunlar da çox nadir hallarda ağır dərəcəli və həyat üçün təhlükəli ola bilər; hətta əvvəllər preparatın dəfələrlə istifadəsi zamanı heç bir ağırlaşma qeyd olunmayan hallarda belə meydana çıxa bilər. Belə dərman reaksiyaları dərhal və ya metamizol natriumun yeridilməsindən bir neçə saat sonra, bir qayda olaraq 1 saat müddətində inkişaf edə bilər. Yüngül hallarda onlar özünü dəri və selikli qişaların zədələnməsi (qaşınma, yanğı hissi, hiperemiya, övrə, ödem), təngnəfəslik və ya mədə-bağırsaq traktında pozğunluq simptomları ilə büruzə verir. Ağır hallarda reaksiyalar generalizeolunmuş övrə, ağır angionevrotik ödem (xüsusilə qırtlaq nahiyəsini əhatə edən), ağır bronxospazm, ürək ritminin pozğunluqları, arterial təzyiqin kəskin aşağı düşməsi (bəzi hallarda qabaqcadan arterial təzyiqin yüksəlməsi qeyd oluna bilər) və sirkulyator şokun inkişaf etməsi ilə müşayiət olunan ağır formalara qədər proqressivləşə bilər. Analgetik bronxial astmanın, residivləşən burun və burunətrafı ciblərin polipozu və asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihab əleyhinə preparatlara qarşı dözümsüzlüyün (o cümlədən anamnezdə) tam və ya qismən mövcudluğu qeyd olunan pasiyentlərdə dözümsüzlük reaksiyaları adətən bronxial astma tutmaları şəklində meydana çıxır.
Ürəkdə baş verən pozğunluqlar: məlum deyil – Kounis sindromu (allergik koronar sindrom – özünü iltihab mediatorlarının təsiri nəticəsində meydana çıxan stenokardiyanın klinik və laborator əlamətləri ilə büruzə verir).
Damarlarda baş verən pozğunluqlar: bəzən – təcrid olunmuş arterial hipotenziya; preparatın istifadəsindən sonra arterial təzyiqin təcrid olunmuş tranzitor (müvəqqəti) enməsi qeyd oluna bilər (farmakoloji baxımdan əlaqəli ola bilər və anafilaktik/anafilaktoid reaksiyaların digər təzahürləri ilə müşayiət olunmur); nadir hallarda – arterial təzyiqin kəskin enməsi; qızdırma zamanı dozadan asılı kəskin enmə qeyd oluna bilər; çox nadir hallarda – flebit.
Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: bəzən – stabil dərman dermatiti; nadir hallarda – dəri üzərində səpgilər; məlum deyil – Stivens-Conson sindromu, toksik epidermal nekroliz (Layell sindromu).
Qan və limfa sistemində baş verən pozğunluqlar: nadir hallarda – leykopeniya; çox nadir hallarda – aqranulositoz (ölümlə nəticələnən hallar da daxil olmaqla), trombositopeniya; məlum deyil – aplastik anemiya, pansitopeniya (ölümlə nəticələnən hallar da daxil olmaqla). Göstərilən reaksiyalar öz mənşəyinə görə immunoloji xarakter daşıyır; hətta əvvəllər preparatın dəfələrlə istifadəsi zamanı heç bir ağırlaşma qeyd olunmayan hallarda belə meydana çıxa bilər. Aqranulositozun tipik simptomlarına selikli qişaların (ağız boşluğu və udlaq nahiyələri, anorektal nahiyə, cinsiyyət orqanları) zədələnməsi, boğaz ağrısı və qızdırma aiddir. Bununla belə, antibiotiklərdən istifadə etdikdə göstərilən təzahürlər yüngül ola bilər. Bəzən, lakin həmişə olmasa da, limfatik düyünlərin və ya dalağın ölçülərinin bir qədər böyüməsi qeyd olunur. Eritrositlərin çökmə sürəti əhəmiyyətli dərəcədə yüksəlir, qranulositlərin miqdarı kəskin azalır və ya heç müəyyən edilmir; eritrositlərin və trombositlərin səviyyə göstəriciləri, bir qayda olaraq, norma çərçivəsində saxlanılır, bununla belə dəyişikliklər də müşahidə oluna bilər. Trombositopeniyanın tipik simptomlarına qanaxmalara meylliliyin yüksəlməsi və dəri və selikli qişalar üzərində petexiyaların meydana çıxması aiddir. Pasiyentin ümumi vəziyyətinin qəflətən pisləşməsi və davamlı qızdırma qeyd olunduğu və ya selikli qişalarda, xüsusilə ağız boşluğu, burun və ya boğaz nahiyələri selikli qişalarında yeni və ya ağrı ilə müşayiət olunan xoralaşmalar meydana çıxdığı halda müalicə taktikası laborator tədqiqatların nəticələrini gözləmədən preparatın istifadəsinin dərhal dayandırılmasını nəzərdə tutur. Pansitopeniya inkişaf etdiyi halda preparatın istifadəsi dayandırılmalıdır və göstəricilər norma səviyyəsinə qayıdana qədər qanın ümumi analizina nəzarət edilməlidir («Xüsusi göstərişlər və ehtiyat tədbirləri» bölməsinə bax).
Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozğunluqlar: çox nadir hallarda – böyrək funksiyalarının pozğunluqları; məlum deyil – interstisial nefrit. Böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə çox nadir hallarda böyrək funksiyalarının, bəzən oliquriya, anuriya, proteinuriya ilə müşayiət olunan kəskin pisləşməsi (kəskin böyrək çatışmazlığı) meydana çıxa bilər.
Ümumi pozğunluqlar: bəzən – sidikdə rubazon turşusunun mövcudluğu səbəbindən sidiyin qırmızı rəngə boyanması ehtimal edilir.
Doza həddinin aşılması
Simptomları: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, böyrəklərin funksiyasının azalması/oliquriya ilə kəskin böyrək çatışmazlığı (məsələn, interstisial nefritin inkişafı nəticəsində), mərkəzi sinir sistemində baş verən daha nadir simptomlar (başgicəllənmə, yuxululuq, qulaqlarda küy, sayıqlama, şüurun pozulması, koma, qıcolma) və arterial təzyiqin kəskin enməsi (bəzən şoka qədər inkişaf edən), eləcə də ürək ritminin pozulması (taxikardiya), tənəffüs əzələlərinin iflici, yüksək dozaların istifadəsi zamanı qeyri-toksik hipotermiya, təngnəfəslik, kəskin aqranulositoz, hemorragik sindrom; metabolitin (rubazon turşusu) böyrəklər vasitəsilə xaric olması sidiyin qırmızı rəngə boyanmasına səbəb ola bilər.
Müalicəsi: Spesifik antidotu məlum deyil. İstifadəsindən sonra 1–2 saatdan artıq vaxt keçmədiyi halda qusma törətmək, zond vasitəsilə mədənin yuyulmasını aparmaq olar; duz işlədiciləri, aktivləşdirilmiş kömür təyin etmək lazımdır. Doza həddinin aşılması zamanı sürətləndirilmiş diurez göstərişdir. Əsas metabolit (4-N-metilaminoantipirin) hemodializin, hemofiltrasiyanın, hemoperfuziyanın və ya qan plazmasının filtrasiyası köməyilə xaric ola bilər. Qıcolma sindromunun inkişafı zamanı venadaxili diazepam və tez təsir göstərən barbituratlar yeridilir.
Buraxılış forması
Venadaxili və əzələdaxili yeridilmə üçün məhlul 250 mq/ml və ya 500 mq/ml. 1 ml, 2 ml və ya 10 ml məhlul neytral şüşə və ya sındırma nöqtəsi və ya I sinif hidrolitik şüşə ampulda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 5 ampul polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C temperaturdan yüksək olmayan, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/iradları qəbul edən təşkilat
«Dalximfarm» ASC.
680001, Rusiya Federasiyası, Xabarovsk bölgəsi, Xabarovsk ş., Taşkentskaya küç. 22.
Tel./Faks: (4212) 53-91-86.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.