TRIFAS 4 ML N5 AMP

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirDiuretiklər
İstehsal ölkəsiİtaliya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

12,14 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman maddəsindən istifadə etməzdən əvvəl bu içlik vərəqini diqqətlə və tam oxuyun, çünki burada Sizin üçün vacib məlumatlar vardır. – Bu içlik vərəqini atmayın. Onu yenidən oxumağa ehtiyacınız ola bilər. – Hər hansı əlavə suallarınız yaranarsa, öz həkiminizə və ya əczaçıya müraciət edin. – Bu dərman preparatı yalnız Sizin üçün təyin edilmişdir. Onu digər şəxslərə verməyin. Hətta xəstəlik simptomları sizinkilərlə eyni olsa belə, bu dərman başqalarına zərər verə bilər. – Hər hansı əlavə təsirlər meydana çıxdığı zaman həkimə və ya əczaçıya müraciət edin. Bunlara bu içlik vərəqində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də daxildir. 4-cü bölməyə baxın. TRİFAS 20 20 mq/4 ml inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Torasemid

Tərkibi

Təsiredici maddə: 4 ml məhlulun tərkibində 20 mq (1 ml məhlulda 5 mq) torasemid (torasemidin natrium duzu şəklində) vardır Köməkçi maddələr: natrium hidroksid, trometamol, makroqol 400, inyeksiya üçün su. Trifas® 20 preparatının pH göstəricisi 8,5-9,5 aralığında olmalıdır.

Təsviri

Şəffaf, rəngsiz, demək olar ki, hissəciklərdən azad məhluldur.

Farmakoterapevtik qrupu

Diuretiklər. ATC kodu: C03CA04.

Farmakoloji xüsusiyyətləri

Trifas® 20 preparatının təsiredici maddəsi ilgək diuretikləri adlandırılan dərmanlar qrupuna aid olan torasemiddir. Torasemid sidikqovucu təsir göstərir, habelə qan təzyiqini azaldır.

İstifadəsinə göstərişlər

Trifas 20 preparatı böyüklərdə aşağıdakı halların müalicəsi üçün istifadə edilir: toxumalarda mayenin ləngiməsi (ürək mənşəli ödemlər) və/və ya orqanizmin boşluqlarında mayenin ləngiməsi (ekssudatlar) ‒ bunlar ürəyin funksiyasının pozulması ilə əlaqədardır (məsələn, kəskin ürək çatışmazlığı zamanı ağciyərlərin ödemi), preparatın məhz vena daxilinə yeridilməsi tələb olunduqda.

Əks göstərişlər

Aşağıdakı hallarda Trifas 20 preparatını qəbul etmək olmaz: kimyəvi quruluşu torasemidə oxşar olan maddələrə (sulfonil sidik cövhərinin törəmələrinə) və ya bu dərman preparatının hər hansı digər komponentinə (6-cı bölmədə sadalanmışdır) qarşı allergiya mövcud olduqda; sidiyin yaranmasının dayanması ilə böyrək çatışmazlığı (anuriya); qaraciyər funksiyasının huşun pozulması ilə müşayiət olunan ağır dərəcəli pozulması (qaraciyər koması və ya qaraciyər komasından öncəki vəziyyət); arterial təzyiq aşağı olduqda (hipotoniya); qanın həcmi azaldıqda (hipovolemiya); natrium və ya kalium çatışmazlığı olduqda (hiponatriemiya, hipokaliemiya); sidiyin çıxarılmasına mane olan əhəmiyyətli amillər mövcud olduqda (məsələn, prostat vəzinin nəzərəçarpan dərəcədə böyüməsi); ana südü ilə qidalandırma zamanı.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Trifas 20 preparatını qəbul etməzdən əvvəl məsləhət almaq üçün həkimə və ya əczaçıya müraciət edin. Aşağıdakı hallarda Trifas 20 preparatını qəbul etmək tövsiyə edilmir. Podaqra. Ürək ritminin ağır dərəcəli pozulması, xüsusən, onun patoloji dərəcədə zəifləməsi (ürək əzələsində oyanmanın formalaşmasının və ötürülməsinin ağır dərəcəli pozulması, məsələn, sinoatrial blokada və yaxud 2-ci və ya 3-cü dərəcəli atrioventrikulyar blokada zamanı). Orqanizmdə turşu-qələvi balansının pataloji dəyişikliyi. Litium preparatları (əhval pozuntularının və depressiyanın bəzi növlərinin müalicəsində istifadə edilir) ilə eyni zamanda müalicə. İnfeksion xəstəliklər zamanı bəzi antibiotiklərlə (aminoqlikozidlər, sefalosporinlər) eyni zamanda müalicə. Qanın tərkibinin patoloji dəyişiklikləri (məsələn, böyrək funksiyaları normal olan pasiyentlərdə qanın laxtalanmasını təmin edən trombositlərin və ya eritrositlərin sayının azalması). Böyrəklərin onlar üçün zəhərli olan maddələrlə təması nəticəsində böyrək funksiyalarının pozulması. Əgər Siz şəkərli diabetdən əziyyət çəkirsinizsə və ya şəkərli diabet gizli formada (şəkərli diabetin manifest və ya latent forması) gedirsə, müalicə həkiminizə müraciət edin. Qanda şəkərin səviyyəsinin müntəzəm olaraq tənzimlənməsi tələb olunur. Əgər Siz bu preparatı daimi olaraq qəbul edirsinizsə, xüsusən də, yaşınız çoxdursa və ya digər dərman maddələri qəbul edirsinizsə, müalicə həkiminiz qan hüceyrələrinizin sayını və müəyyən maddələrin konsentrasiyalarını mütəmadi olaraq yoxlamalıdır. Trifas 20 preparatının tərkibində natrium vardır. Bu dərman preparatının tərkibində 1 ampulda 1 mmol natrium (23 mq) vardır, yəni belə hesab etmək olar ki, bu dərman preparatının tərkibində “natrium demək olar ki, yoxdur”. Dopinq-testin nəticələrinə təsiri və dopinq qismində düzgün olmayan istifadə Trifas 20 preparatının istifadəsi dopinq testlərinin müsbət nəticələnməsinə səbəb ola bilər. Trifas 20 preparatının dopinq qismində düzgün olmayan istifadəsinin nəticələrini proqnozlaşdırmaq mümkün deyildir; bu halda preparatın istifadəsi sağlamlıq üçün zərərli ola bilər. Digər dərman maddələri ilə qarşılıqlı təsiri Əgər siz hal-hazırda hər hansı digər dərman maddələrini qəbul edirsinizsə, yaxın keçmişdə qəbul etmisinizsə və ya qəbul etmiş ola bilərsinizsə, bu haqda həkiminizə və ya əczaçıya məlumat verin. Trifas 20 preparatını aşağıdakı dərman maddələri ilə birlikdə istifadə etmək tövsiyə edilmir (xüsusən, yüksək dozaların qəbul edilməsi zamanı aşağıdakı əlavə təsirlərin yaranmasına səbəb ola bilər) Aminoqlikozidlər qrupundan olan antibiotiklərin (məsələn, kanamisinin, gentamisinin, tobramisinin) eşitmə orqanlarına və böyrəklərə zədələyici təsiri. Tərkibində sisplatin olan preparatların (bədxassəli şişlərin müalicəsi zamanı təsiredici maddə) eşitmə orqanlarına və böyrəklərə zədələyici təsiri. İnfeksion xəstəliklərin müalicəsi üçün sefalosporinlərin (antibiotiklər qrupundan olan təsiredici maddə) istifadəsi zamanı böyrəklərin zədələnməsi. Litium preparatlarının ürəyə və böyrəklərə toksiki təsirinin güclənməsi (əhval pozuntularının və depressiyanın bəzi növlərinin müalicəsində istifadə edilir). Trifas 20 preparatının litium preparatları ilə eyni zamanda istifadəsi zamanı qanda litiumun konsentrasiyası yüksələ bilər. Trifas 20 preparatı aşağıdakı dərman preparatlarının təsirini dəyişə bilər: Arterial təzyiqin aşağı salınması üçün preparatlar, xüsusən, AÇF-nin inhibitorları. Əgər Siz AÇF-nin inhibitorlarını Trifas 20 preparatına əlavə olaraq və ya ondan bilavasitə sonra qəbul edirsinizsə, arterial təzyiq həddən artıq aşağı düşə bilər. Teofillin (bronxial astmanın müalicəsi üçün preparat): Trifas 20 preparatı bu dərman maddələrinin təsirini gücləndirə bilər. Kurareyəbənzər preparatlar: əzələlərə boşaldıcı təsir daha nəzərəçarpan olur. Şəkərli diabetəleyhinə preparatlar (şəkərli diabetin müalicəsi üçün istifadə edilir): Trifas 20 preparatı bu dərmanların təsirini zəiflədə bilər. Ağrıkəsici maddələr və revmatizmin müalicəsi üçün preparatlar: ağrıkəsici maddələrin və revmatizmin müalicəsi üçün salisilatlar qrupuna aid olan preparatların yüksək dozaları ilə yanaşı qəbul edildikdə, onların mərkəzi sinir sisteminə təsirlərinin güclənməsi mümkündür. Qan dövranı pozuntularının, o cümlədən şokun müalicəsi üçün preparatlar (məsələn, epinefrin və norepinefrin): Trifas 20 preparatının istifadəsi zamanı bu dərman preparatlarının təsiri zəifləyə bilər. Aşağıdakı dərman preparatları Trifas 20 preparatının təsirini dəyişə bilər: Probenesid (podaqranın müalicəsi üçün preparat): probenesid Trifas 20 preparatının sidikqovucu və hipotenziv təsirlərini azalda bilər. Bəzi iltihabəleyhinə preparatlar (məsələn, indometasin, asetilsalisil turşusu): bu dərman maddələri Trifas 20 preparatının sidikqovucu və hipotenziv təsirlərini azalda bilər. Trifas 20 preparatının digər dərman preparatları ilə birlikdə istifadə edilməsi zamanı qarşılıqlı təsirlərin aşağıdakı növləri mümkündür: Trifas 20 preparatının istifadəsi nəticəsində yaranan kalium çatışmazlığı yanaşı istifadə zamanı ürək qlikozidlərinin (ürək əzələsinin zəifliyi zamanı istifadə edilən preparatlar) əlavə təsirlərinin inkişaf etməsinə və ya onların ağırlıq dərəcəsinin artmasına gətirib çıxara bilər. İşlədici preparatlarla birlikdə istifadə zamanı kalium çatışmazlığının ağırlaşması. Böyrəküstü vəzi hormonları (mineralokortikoidlər və qlükokortikoidlər, məsələn kortizon) ilə birlikdə istifadə zamanı kalium çatışmazlığının ağırlaşması. Hamiləlik və laktasiya dövrlərində istifadəsi Hamiləlik və laktasiya dövrlərində, eləcə də ehtimal edilən və planlaşdırılan hamiləlik zamanı bu preparatı qəbul etməzdən əvvəl məsləhət üçün həkimə və ya əczaçıya müraciət edin. Hamiləlik Trifas 20 preparatının hamiləlik dövründə, eləcə də uşaqdoğma qabiliyyətinə malik olan və kontraseptiv vasitələrdən istifadə etməyən qadınlar tərəfindən istifadəsi tövsiyə edilmir. Hamiləlik dövründə Trifas 20 preparatının istifadəsi yalnız müalicə həkiminin icazəsi ilə mümkündür. Hamilə qadınlara preparat minimal dozada təyin edilir. Trifas 20 preparatının dölə təsiri müəyyən edilməmişdir. Laktasiya dövrü Trifas 20 preparatının ana südünə keçib-keçmədiyi məlum deyil. Beləliklə, preparatın yenidoğulmuşlara və ya südəmər körpələrə mənfi təsirini istisna etmək olmaz. Buna görə də, Trifas 20 preparatı laktasiya dövründə istifadə edilməməlidir. Ana südü ilə qidalandırmaqdan imtina və ya Trifas 20 preparatının qəbulunun ləğv edilməsi/dayandırılması barədə qərar ana südü ilə qidalandırmanın körpəyə və preparatla müalicənin qadına faydası nəzərə alınmaqla qəbul edilməlidir. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Uşaqlarda və 18 yaşadək yeniyetmələrdə Trifas 20 preparatının istifadə təcrübəsi olmadığından preparat bu yaş kateqoriyasında istifadə edilməməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ® ® Trifas 20 preparatı reaksiya vermə sürətini dəyişə bilər. Trifas 20 preparatı nəqliyyat vasitələrini idarə etmək, mexanizmlərə xidmət etmək və ya qeyri-sabit tarazlıq vəziyyətində işləmək qabiliyyətinin pozulmasına səbəb ola bilər. Bu vəziyyət daha çox aşağıdakı hallarda müşahidə edilir: − müalicənin başlanğıcında; − preparatın dozası artırıldıqda; − preparat dəyişdirildikdə; − əlavə preparatlar təyin edildikdə. Alkoqol bu təsirləri gücləndirə bilər. Buna görə də, Trifas 20 preparatının qəbulu zamanı alkoqoldan istifadə edilməməlidir.

İstifadə qaydası və dozası

Trifas 20 preparatını hər zaman müalicə həkiminizin təyinatlarına ciddi uyğun olaraq qəbul edin. Dozalanması Preparatın dozası böyrəklərin funksiyasının pozulma dərəcəsindən asılı olaraq seçilir. Trifas 20 preparatının tövsiyə olunan başlanğıc dozası gündə bir dəfə 2 ml (10 mq torasemidə uyğundur) təşkil edir. 2 ml məhlulu şprisə çəkdikdən sonra ampulda qalmış preparat istifadə edilməməlidir. Trifas 20 preparatının təsiri kifayət qədər olmadıqda, onun dozasını gündə bir dəfə 4 ml-dək (20 mq torasemidə uyğundur) artırmaq olar. Əgər Trifas 20 preparatının təsiri qeyri-kafi qalmaqda davam edirsə, preparatın gündə 8 ml-dək (40 mq torasemidə uyğundur) dozasını yeritməklə qısamüddətli (maksimum 3 gün) müalicədən istifadə etmək olar. Ağciyərlərin kəskin ödemi zamanı müalicəyə Trifas 20 preparatının 4 ml (20 mq torasemidə uyğundur) bidəfəlik dozasının vena daxilinə yeridilməsi ilə başlamaq olar. Preparatın effektivliyindən asılı olaraq preparatı elə həmin dozada yarım saat sonra təkrar yeritmək mümkündür, lakin Trifas 20 preparatının maksimal dozası 24 saat ərzində 20 ml- i (100 mq torasemidə uyğundur) keçməməlidir. Qaraciyər funksiyası pozulmuş pasiyentlər Qaraciyər funksiyalarının pozulması zamanı müalicə ehtiyatla aparılmalıdır. Qanda torasemidin konsentrasiyası yüksələ bilər. Qaraciyər funksiyalarının huşun pozulması ilə müşayiət olunan ağır dərəcəli pozulması zamanı Trifas 20 preparatının qəbulu tövsiyə edilmir (2-ci bölməyə baxın). Yaşlı xəstələr Yaşlı xəstələrdə preparatın dozalanması ilə bağlı xüsusi göstərişlər yoxdur. İstifadə qaydası Trifas 20 preparatı vena daxilinə yeridilir; preparat yavaş-yavaş yeridilməlidir. Yalnız şəffaf məhlulları yeritmək olar. Preparatın arteriya daxilinə yeridilməsi qadağandır. Bir ampul bir dəfə istifadə üçün nəzərdə tutulmuşdur; preparatın qalıqlarını atmaq lazımdır (“Trifas 20 preparatının saxlama şərtləri” bölməsinə baxın). Trifas 20 preparatını inyeksiya və ya infuziya şəklində yeritmək üçün digər preparatlarla qarışdıraraq istifadə etmək olmaz. Qırılma nöqtəsi olan ampullarla rəftar qaydası Ampulları kəsməyə ehtiyac yoxdur. Ampulu qırılma nöqtəsi yuxarı olmaqla Ampulu qırılma nöqtəsi yuxarı çevirin olmaqla çevirin. Ampulu döyəcləmək və ya silkələməklə Ampulun ucunu aşağıya doğru itələyərək preparatın ampulun divarları ilə aşağı qırın axmasını təmin edin. İstifadənin müddəti Trifas 20 preparatı ilə müalicənin müddəti müalicə həkimi tərəfindən müəyyən edilir. Lakin Trifas 20 preparatının vena daxilinə yeridilməsi ilə müalicə bir həftədən çox davam etməməlidir. Trifas 20 preparatının istifadəsi ilə müalicə zamanı siz həkim nəzarəti altında olmalısınız. Müalicənin davam etdirilməsi üçün onun həb formasına mümkün qədər tez keçmək lazımdır. Yalnız şəffaf, rəngsiz məhlulları yeritmək olar. Bu dərman preparatını məhlulun mümkün çirklənməsi zamanı (məsələn, məhlulda asılı hissəciklər olduqda) və ya ampul zədələndikdə istifadə etmək olmaz. Qablaşmanı ilk dəfə açdıqdan sonra inyeksiya üçün məhlul dərhal istifadə edilməlidir. Preparatın qalığını atmaq lazımdır. Əgər Sizdə bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallar yaranarsa, həkimə və ya əczaçıya müraciət edin.

Əlavə təsirləri

Bütün dərman maddələrində olduğu kimi, bu preparat da bəzi insanlarda əlavə təsirlərə səbəb ola bilər. Aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxdıqda dərhal müalicə həkiminizə müraciət edin. Həkim əlavə təsirlərin ağırlıq dərəcəsini qiymətləndirəcək və sonrakı tədbirlərin zəruriliyi barədə qərar qəbul edəcəkdir. Qəfil və ya güclü əlavə təsirlər meydana çıxdıqda dərhal müalicə həkiminizə müraciət edin. Bu, çox vacibdir, çünki bəzi əlavə təsirlər həyat üçün təhlükəli ola bilər. Həkim müalicəni davam etdirməyin mümkün olub-olmadığı barədə qərar verəcək və zəruri tədbirləri təyin edəcəkdir. Yüksək həssaslıq reaksiyalarının ilk simptomları (məsələn, ağır dərəcəli dəri reaksiyaları) zamanı Trifas 20 preparatının qəbulunu bərpa etmək lazım deyil. Bu barədə dərhal müalicə həkiminizə bildirin. Yüksək həssaslıq reaksiyaları meydana çıxdığı zaman tədbirlər Müalicə zamanı həyat üçün təhlükəli olan və təcili tədbirlərin görülməsini tələb edən kəskin yüksək həssaslıq reaksiyaları (anafilaktik şok) baş verə bilər, bu cür tədbirlərə şokəleyhinə vəziyyət (arxası üstə uzanaraq ayaqlar bir qədər qaldırılmış), tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi, oksigen verilməsi və ehtiyac olduqda, ağciyərlərin süni ventilyasiyası, venaya girişin təmin edilməsi, eləcə də epinefrinin (adrenalinin), kortikosteroidlərin vena daxilinə yeridilməsi və itirilmiş mayenin bərpası aiddir. Tez-tez baş verən əlavə təsirlər (10 pasiyentdən 1-də müşahidə oluna bilər) Orqanizmin turşu-qələvi balansının tənzimlənməsinin pozulması (metabolik asidoz adlandırılır) Əzələ qıcolmaları (xüsusən, müalicənin başlanğıcında). Qanda sidik turşusunun, qlükozanın və lipidlərin (triqliseridlərin və xolesterinin) konsentrasiyasının yüksəlməsi Kaliumla zəngin olmayan pəhriz, qusma, ishal, işlədicilərdən həddən artıq istifadə, qaraciyər funksiyasının xroniki pozulması fonunda kalium çatışmazlığı (hipokaliemiya). Dozadan və müalicənin müddətindən asılı olaraq su-elektrolit balansının pozulmaları, məsələn, maye itirilməsi (hipovolemiya), kalium və/və ya natrium çatışmazlığı (hipokaliemiya və hiponatriemiya) inkişaf edə bilər. Həzm sistemi tərəfindən pozuntular, məsələn, iştahanın olmaması, mədədə ağrı, ürəkbulanma və qusma, ishal, qəbizlik ‒ bu pozuntular müalicənin başlanğıcında daha çox müşahidə olunur. Qanda qaraciyərin müəyyən fermentlərinin konsentrasiyalarının (qamma- qlutamiltransferaza) yüksəlməsi Baş ağrısı, karlaşma hissi, həddən artıq yorğunluq, zəiflik meydana çıxa bilər (xüsusən, müalicənin başlanğıcında). Bəzən baş verən əlavə təsirlər (100 pasiyentdən 1-də müşahidə oluna bilər) Qanda sidik cövhərinin və kreatininin (əzələ zülalı) konsentrasiyalarının yüksəlməsi. Sidik ifrazı çətinləşdikdə (məsələn, prostat vəzinin böyüməsi zamanı) sidiyin ləngiməsi mümkündür. Bu halda sidiyin çıxarılması əhəmiyyətli dərəcədə pisləşir və ya tamamilə dayanır. Ağızda quruluq Ətraflarda keyimə və ya soyuma hissi (paresteziyalar). Çox nadir hallarda baş verən əlavə təsirlər (10 000 pasiyentdən 1-də müşahidə oluna bilər) Eritrositlərin və leykositlərin və trombositlərin sayının azalması. Qaşınma, dəridə səpgilər (ekzantema), işığa qarşı yüksək həssaslıq (fotosensibilizasiya), ağır dərəcəli dəri reaksiyaları şəklində allergik reaksiyalar. Preparatın vena daxilinə yeridilməsi zamanı kəskin, o cümlədən pasiyentin həyatı üçün təhlükə kəsb edən yüksək həssaslıq reaksiyalarının inkişaf etmə riski mövcuddur. Qan damarlarında qan laxtalarının yaranması (tromboembolik ağırlaşmalar). Huşun bulanıqlaşması Aşağı arterial təzyiq Ürək ritminin pozulmaları (aritmiyalar), sinədə sıxılma hissi (stenokardiya), ürək tutması, huşun qəflətən itirilməsi (bayılma) ilə müşayiət olunan ürək əzələsində və beyində qan dövranının pozulması Mədəaltı vəzinin iltihabı (pankreatit) Görmə qabiliyyətinin pozulması Qulaqlarda səs (tinnitus) Eşitmə qabiliyyətinin itirilməsi. Əlavə təsirlər barədə məlumat verilməsi Hər hansı əlavə təsirlər meydana çıxdığı zaman müalicə həkiminizə müraciət edin. Bunlara bu içlik vərəqində təsvir edilməyən hər hansı mümkün əlavə təsirlər də daxildir. Əlavə təsirlər barədə məlumat verməklə siz, bu dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumat toplamağa kömək edə bilərsiniz.

Doza həddinin aşılması

Trifas 20 preparatının həddən artıq yüksək miqdarda istifadəsi zamanı aşağıdakı pozuntular baş verə bilər: orqanizmdən mayenin və duzların həddən artıq, ola bilsin ki, təhlükəli çıxarılması huşun pozulması huşun bulanıqlaşması arterial təzyiqin aşağı düşməsi kəskin damar çatışmazlığı həzm sistemi tərəfindən pozuntular Bu halda dərhal həkimə müraciət etmək lazımdır. Həkim lazımi tədbirlər görəcəkdir.

Buraxılış forması

4 ml məhlul, ampulda. 5 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Mikrobioloji təmizlik baxımından Trifas 20 preparatını qablaşmanı açdıqdan dərhal sonra istifadə etmək lazımdır. Preparat dərhal istifadə edilmədikdə, istifadədən əvvəl saxlama şərtlərinə və müddətinə görə məsuliyyət istehlakçının üzərinə düşür. Dərman preparatlarını kanalizasiya xətlərinə və ya məişət tullantıları ilə birlikdə atmayın. İstifadə etmədiyiniz dərman preparatını necə utilizə etmək barədə əczaçı ilə məsləhətləşin. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edir.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi göstərilmiş ayın son günüdür.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

A. MENARINI Manufacturing Logistics and Services S.r.I. Via Sette Santi, 3 50131 Florensiya, İtaliya. Qeydiyyat şəhadətnaməsinin sahibi BERLIN-CHEMIE AG (MENARİNİ GROUP) Glienicker Weg 125 12489 Berlin, Almaniya. Səlahiyyətli nümayəndəlik BERLIN-CHEMIE AG (MENARİNİ GROUP) Glienicker Weg 125 12489 Berlin, Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TRIFAS 4 ML N5 AMP” üçün ilk rəyi siz yazın.