MIRTAZIN 30 MG N30 TAB

Təsiredici maddə: MIRTAZAPINE
Təsiredici maddəMIRTAZAPINE
ReseptReseptlə satılır
Dərman formasıTablet
Farmakoloji təsirAntidepressant
İstehsal ölkəsiİspaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

17,80 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

MİRTAZİN örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Mirtazapine

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq mirtazapin vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, hidroksipropilsellüloza, kolloidal silisium dioksid, maqnezium stearat, hidroksipropilmetilsellüloza, titan dioksid, polietilenqlikol 8000, qırmızı dəmir oksidi, sarı dəmir oksidi, qara dəmir oksidi.

Təsviri

Uzunsov formalı, hər iki tərəfi qabarıq bej rəngli örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Antidepressant. ATC kodu: N06AX11.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Mirtazapin sedativ təsirli tetrasiklik antidepressantdır. Preparat klinik təzahüründə məmnunluq, sevinc hisslərinin olmaması, marağın itməsi (angedoniya), psixomotor tormozlanma, yuxu pozğunluğu (xüsusən erkən oyanma şəklində), çəki itkisi, həmçinin intihar fikirləri və əhval- ruhiyyənin gün ərzində dəyişkənliyi kimi simptomları əks etdirən depressiv vəziyyətlərdə yüksək effektə malikdir. Preparatın antidepressiv effekti müalicəyə başladıqdan 1-2 həftə sonra başlayır. Mirtazapin mərkəzi sinir sistemində yerləşən presinaptik α2-adrenoreseptorların antaqonisti olub,sinir impulslarının mərkəzi noradrenergik və serotoninergik ötürülməsini sürətləndirir. İmpulsların ötürülməsinin sürətlənməsi yalnız 5-НТ1-serotonin reseptorları hesabına baş verir, 5-НТ2- и 5-НТ3- serotonin reseptorlarını isə mirtazapin blokadaya alır. Mirtazapinin hər iki enantiomeri antidepressiv aktivliyə malikdir, S (+) enantiomer α2- adrenoreseptorları və 5-НТ2- serotonin reseptorlarını, R (-) enantiomer isə 5-НТ3- serotonin reseptorlarını blokadaya alır. Mirtazapinin sedativ təsiri onun H1 –histamin reseptorları ilə antaqonist təsiri ilə bağlıdır. Mirtazapin adətən xəstələr tərəfindən yaxşı qəbul edilir. Terapevtik dozalarda praktik olaraq m- xolinoreseptorları blokadaya almır və ürək-damar sisteminə təsir göstərmir. Farmakokinetikası Daxilə qəbul olunduqda sürətlə sorulur (biomənimsənilməsi 50%-ə yaxındır), 2 saatdan sonra qanda maksimal konsentrasiyası (Cmax) yaranır. 85%-i qan plazmasının zülalları ilə birləşir. Orta yarımxaricolma dövrü ( T1/2 ) 20-40 saat təşkil edir (nadir hallarda 65 saata qədər). Nisbətən qısa yarımxaricolma dövrü cavan adamlarda müşahidə olunur. Tarazlıq konsentrasiyası 3-4 gündən sonra əldə olunur və sonrakı müddət ərzində dəyişməz qalır. Məsləhət görülən doza diapazonunda mirtazapinin farmakokinetik göstəriciləri preparatın qəbul olunan dozasından xətti asılıdır.Qida qəbulu preparatın farmakokinetikasına təsir göstərmir. Mirtazapin aktiv metabolizmə uğrayaraq, bir neçə gün ərzində sidik və nəcislə xaric olur. Orqanizmdə onun əsas metabolizm yolu demetilləşmə və konyuqasiya olunmaqla oksidləşmədən ibarətdir. Sitoxrom P450 izofermentləri (CYP2D6 və CYP1A2) mirtazapinin 8-hidroksimeta- bolitinin əmələ gəlməsində iştirak edir, eyni zamanda CYP3A4 izofermenti N-demetilləşmiş və N-oksidləşmiş metabolitlərin yaranmasını təmin edir. Demetilmirtazapin farmakoloji aktivliyə malikdir. Böyrək və qaraciyər çatışmazlığı zamanı mirtazapin klirensi zəifləyir.

İstifadəsinə göstərişlər

Depressiv vəziyyətlər, həmçinin: – angedoniya – psixomotor tormozlanma – yuxusuzluq – bədən kütləsinin azalması – intihara meyillilik – həyata marağın itməsi – əhval-ruhiyyə dəyişkənliyi

Əks göstərişlər

Mirtazapinə və ya preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq. Laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi problemləri olan xəstələrdə istifadə olunmamalıdır. 18 yaşa qədər uşaqlarda mirtazapinin effektliliyi və təhlükəsizliyi müəyyən olunmadığından, preparatın uşaqlarda istifadəsi məsləhət görülmür.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Mirtazapin qəbulu zamanı aşağıdakıları nəzərə almaq lazımdır: – şizofreniyalı və ya digər psixi pozğunluqlu xəstələrin müalicəsi zamanı antidepressantların istifadəsi psixi simptomların ağırlaşması baş verə bilər; paranoidal fikirlər güclənə bilər. – müalicə fonunda maniakal-depressiv psixozun depressiv fazası maniakal fazaya keçə bilər. – depressiyalı və digər psixi pozğunluqları olan cavan şəxslərdə (24 yaşdan aşağı) antidepressantlar plasebo ilə müqayisədə intihar düşüncəsini və intihara meyllilik riskini artırır. Buna görə də, cavan şəxslərə (24 yaşdan aşağı) mirtazapin təyin edərkən, intihar riski və preparatın istifadəsindən əldə olunacaq fayda nisbətini nəzərə almaq lazımdır. Qısamüddətli tədqiqatlar zamanı 24 yaşdan yuxarı şəxslərdə intihar riski yüksəlməmişdir, 65 yaşdan yuxarı şəxslərdə isə bir qədər azalmışdır. İstənilən depressiv vəziyyət özlüyündə intihar riskini artırır. Buna görə də, müalicə müddətində davranışda baş verən dəyişiklik və pozğunluqları, həmçinin intihara meylliliyi müəyyən etmək üçün xəstələr üzərində ciddi nəzarət təyin olunmalıdır. – mirtazapinin öyrəşmə törətməməsinə baxmayaraq, uzunmüddətli müalicədən sonra müalicənin qəfil dayandırılması nadir hallarda ləğvetmə sindromuna səbəb ola bilər. Əksər ləğvetmə reaksiyaları zəif və məhduddur. Daha çox başgicəllənmə, həyəcan, narahatlıq, baş ağrısı və ürəkbulanma kimi simptomlar müşahidə oluna bilər. Bu simptomlar haqqında ləğvetmə sindromu əlaməti olaraq məlumat verilməsinə baxmayaraq, əslində onlar əsas xəstəliyin əlamətləri də ola bilər. Mirtazapinlə müalicənin tədricən dayandırılması məsləhət görülür. – yaşlı xəstələrdə əlavə təsirlərin meydanaçıxma ehtimalı yüksəkdir. Mirtazapinlə aparılan klinik tədqiqatlar zamanı yaşlı xəstələrdə əlavə təsirlərin daha aydın üzə çıxması müşahidə olunmuşdur, lakin bu barədə klinik məlumatlar məhduddur. -akatiziya/psixomator narahatlıq-həyəcanlı narahatlıq, tez-tez hərəkət etməklə, oturmaq və ya yerində dayana bilməməklə müşayiət olunur; -QT intervalının uzanması, torsade de pointes, ani ölüm halları; – sarılıq əlamətləri meydana çıxdıqda müalicə dayandırılmalıdır; – mirtazapinlə müalicə zamanı alkoqol qəbulundan çəkinmək lazımdır; – mirtazapin qəbulu zamanı nadir hallarda sümük iliyinin qranulositopeniya və ya aqranulositoz kimi funksional pozğunluğu meydana çıxa bilər. Bu hal adətən müalicənin 4-6-cı həftəsindən sonra meydana çıxır və müalicə dayandırıldıqda aradan qalxır. Həkim bədən temperaturunun yüksəlməsi, boğazda ağrı, stomatit və qripəbənzər sindromun digər əlamətlərinə qarşı hazır olmalıdır (bu barədə xəstəni məlumatlandırmalıdır). Belə simptomlar inkişaf etdikdə müalicə dayandırılmalı və qanın laborator müayinəsi aparılmalıdır; – qeydiyyatdan sonrakı təcrübənin nəticələrinə əsasən, serotonin sindromu yalnız mirtazapinlə müalicə olunan xəstələrdə çox nadir hallarda meydana çıxa bilər. Aşağıdakı kateqoriya xəstələrdə dozanın korreksiyası və müntəzəm həkim nəzarəti vacibdir: – baş beyinin üzvi zədələnməsi ilə müşayiət olunan epilepsiyalı xəstələr (nadir hallarda preparatla müalicə fonunda qıcolma inkişaf edə bilər); – böyrək və qaraciyər çatışmazlığı olan xəstələr; – ürək xəstəliyi olan xəstələr (keçiricilik pozğunluqları, stenokardiya və yaxın zamanlarda keçirilmiş miokard infarktı); – serebrovaskulyar xəstəlikli xəstələr (həmçinin anamnezində işemik insult olan); – arterial hipotoniyalı və ya hipotoniyaya meylli xəstələr ( həmçinin, dehidratasiyalı və hipovolemiyalı); – həddən artıq dərman vasitəsi (xüsusən mərkəzi sinir sisteminə təsir göstərən) qəbul edən xəstələr. Digər antidepressantlar kimi mirtazapin də aşağıdakı hallarda ehtiyatla istifadə olunmalıdır: – sidikburaxmanın çətinləşməsi, həmçinin prostat vəzin hiperplaziyası; – kəskin qapalı qlaukoma və yüksək gözdaxili təzyiq; – şəkərli diabet; – mirtazapinin benzodiazepinlərlə birgə istifadəsi.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Farmakokinetik qarşılıqlı təsir – mirtazapin CYP2D6 və CYP3A4 izofermentlərinin və az dərəcədə CYP1A2 izofermentinin iştirakı ilə intensiv metabolizmə uğrayır. Sağlam könüllülər üzərində qarşılıqlı təsirin öyrənilməsi zamanı paroksetinin – CYP2D6 izofermentinin inhibitorunun, mirtazapinin farmakokinetikasına təsir göstərmədiyi təyin olunmuşdur. CYP3A4 izofermentinin güclü inhibitoru olan ketokonazolla müştərək qəbul zamanı mirtazapinin plazmada maksimal konsentrasiyası və AUC göstəricisi uyğun olaraq 40% və 50% artmışdır. Mirtazapin, CYP3A4 izofermenti inhibitorları, İİV-proteazaları inhibitorları, azol qruplu göbələk əleyhinə vasitələr, eritromisin və ya nefazodonla birgə ehtiyatla istifadə olunmalıdır. – karbamazepin və fenitoin kimi CYP3A4 izofermentinin inhibitorları mirtazapinin klirensini iki dəfə artırır və qandakı konsentrasiyasını 45-60% aşağı salır. Mirtazapinlə müalicəyə karbamazepin və ya qaraciyər metabolizminin digər induktorları (məsələn, rifampisin) əlavə olunduqda, mirtazapinin dozasını artırmaq lazımdır. Belə dərman preparatları ilə müalicə dayandırıldıqda isə mirtazapinin dozasını azaltmaq lazım gələ bilər. – simetidinlə birgə istifadə olunduqda mirtazapinin biomənimsənilməsi 50% arta bilər. Simetidinlə eyni vaxtda istifadəsi zamanı müalicənin başlanğıcında mirtazapinin dozasını azaltmaq və simetidinlə müalicə dayandırıldıqdan sonra artırmaq məsləhət görülür. – in vivo aparılan tədqiqatlar zamanı mirtazapinin risperidonun (CYP2D6 izofermenti substratı) və amitriptilinin farmakokinetikasına təsiri müəyyən olunmamışdır. – litiumla birlikdə müalicəsi zamanı əhəmiyyətli klinik effekt və ya farmakokinetik dəyişiklik müşahidə olunmamışdır. Farmakodinamik qarşılıqlı təsir – mirtazapin MAO inhibitorları ilə eyni vaxtda və ya MAO inhibitorları ilə müalicədən sonrakı iki həftə ərzində qəbul olunmamalıdır. – mirtazapin benzodiazepinlərin və digər sedativ dərman vasitələrinin sedativ təsirini gücləndirə bilər. Bu qrup dərman vasitələrinin mirtazapinlə yanaşı istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. – mirtazapin alkoqolun MSS-nə depressiv təsirini gücləndirə bilər. Buna görə də, müalicə dövründə xəstələrə spirtli içki qəbulu məhdudlaşdırılmalıdır. – mirtazapinin digər serotoninergik dərman vasitələri (məsələn, serotoninin geri zəbtolunmasının seçici inhibitorları və venlafaksin) ilə eyni vaxtda qəbulu zamanı serotonin sindromunun meydana çıxma riski mövcuddur. Qeydiyyatdansonrakı təcrübənin nəticələrinə əsasən, serotoninin geri zəbtolunmasının seçici inhibitorları və venlafaksinlə müştərək mirtazapin qəbul edən xəstələrdə serotonin sindromunu çox nadir rast gəlinir. Bu preparatların birgə istifadəsi vacibdirsə, bu zaman ehtiyatla dozanı dəyişmək və yüksək serotonin stimullaşdırılması əlamətlərini nəzarətdə saxlamaq məsləhətdir. – gündəlik 30 mq dozada qəbul olunan mirtazapin varfarinlə müalicə olunan xəstələrdə zəif, lakin statistik əhəmiyyətli BNM (beynəlxalq normalaşdırılmış münasibət) artımına səbəb olmuşdur. Mirtazapinin yüksək dozalarının daha nəzərəçarpan effektə səbəb olacağı istisna olunmur. Mirtazapinin varfarinlə birlikdə qəbulu zamanı BNM göstəricisinə nəzarət tövsiyə olunur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Mirtazapinin hamiləlik zamanı təhlükəsizliyi müəyyən olunmamışdır, lakin heyvanlar üzərində tədqiqatlar zamanı heç bir teratogen effekt təyin olunmamışdır. Buna görə də, preparat hamiləlik dövründə yalnız ana üçün fayda döl üçün potensial riskdən yüksək olduğu hallarda istifadə oluna bilər. Preparatın ana südü ilə xaric olmasına dair məlumatlar olmadığına görə laktasiya dövründə istifadəsi məsləhət görülmür. Qaraciyərin funksional pozğunluğu zamanı istifadəsi Qaraciyər çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Qaraciyər çatışmazlığı olan xəstələrdə mirtazapinin klirensi azala bilər, belə xəstələrdə istifadə zamanı bu xüsusiyyəti nəzərə almaq lazımdır. Böyrəklərin funksional pozğunluğu zamanı istifadəsi Böyrək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Böyrək çatışmazlığı olan xəstələrdə mirtazapinin klirensi azala bilər, belə xəstələrdə istifadə zamanı bu xüsusiyyəti nəzərə almaq lazımdır. Ahıl yaşlı xəstələrdə istifadəsi Yaşlı pasiyentlər: məsləhət görülən doza böyüklərdə istifadə olunan doza ilə eynidir. Yaşlı xəstələrdə qənaətbəxş və təhlükəsiz müalicə nəticələri əldə etmək üçün dozanın yüksəldilməsi yalnız həkim nəzarəti altında aparılmalıdır. Pediatriyada istifadəsi 18 yaşa qədər uşaqlarda mirtazapinin effektliliyi və təhlükəsizliyi müəyyən olunmadığından, preparatın uşaqlarda istifadəsi məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Mirtazapin diqqəti zəiflədə bildiyindən, müalicə dövründə nəqliyyat idarəetmə və mexanizmlərlə iş kimi yüksək psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növlərindən uzaq durmaq tələb olunur.

İstifadə qaydası və dozası

Tabletlər çeynənmədən, maye ilə daxilə qəbul edilir. Böyüklər: effektli gündəlik doza 15 mq-la 45 mq arasında dəyişir, başlanğıc doza 15 mq və ya 30 mq təşkil edir. Yaşlı pasiyentlər: Məsləhət görülən doza böyüklərdə istifadə olunan doza ilə eynidir. Yaşlı xəstələrdə qənaətbəxş və təhlükəsiz müalicə nəticələri əldə etmək üçün dozanın yüksəldilməsi yalnız həkim nəzarəti altında aparılmalıdır. Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Böyrək çatışmazlığı olan xəstələrdə mirtazapinin klirensi azala bilər, belə xəstələrdə istifadə zamanı bu xüsusiyyəti nəzərə almaq lazımdır. Preparat gündə bir dəfə, təxminən eyni vaxtda, axşam yatmazdan əvvəl qəbul olunur. Həmçinin gündəlik dozanı iki yerə bölməklə gündə iki dəfə qəbul oluna bilər (səhər və axşam yatmazdan əvvəl, daha böyük dozanı axşam qəbul etmək lazımdır). Müalicə 4-6 ay ərzində, xəstəlik əlamətləri tam aradan qalxana qədər davam etdirilməlidir. Bundan sonra müalicə tədricən dayandırıla bilər. Mirtazapin adətən müalicənin 1-2-ci həftəsindən sonra öz təsirini göstərməyə başlayır. Adekvat doza ilə müalicəyə 2-4 həftədən sonra müsbət cavab əldə olunmalıdır. Müalicədən əldə olunan nəticə kifayət qədər qənaətbəxş olmadıqda doza maksimal dozaya (45 mq) qədər artırıla bilər. Növbəti 2-4 həftə ərzində müalicəyə adekvat cavab əldə olunmazsa, müalicə dayandırılmalıdır.

Əlavə təsirləri

Depressiyalı xəstələrdə əsas xəstəliklə əlaqədar bir çox simptomlar müşahidə olunduğundan, bu simptomların əsas xəstəliklə, yaxud dərman qəbulu ilə əlaqədar meydana çıxmasını müəyyənləşdirmək çətindir. Əlavə təsirlərin rastgəlmə tezliyini ifadə etmək üçün aşağıdakı təsnifatdan istifadə olunur: çox tez-tez (>1/10), tez-tez (>1/100 və ≤1/10), bəzən (>1/1000 və ≤1/100), nadir (>1/10000 və ≤1/1000), məlum deyil (≤1/10000). Qan və limfa sisteminə: məlum deyil – sümük iliyi fəaliyyətinin ləngiməsi (qranulositopeniya, aqranulositoz, aplastik anemiya, trombositopeniya), eozinofiliya. Sinir siteminə: çox tez-tez – adətən müalicənin ilk həftəsində meydana çıxan yuxululuq (hansıki diqqətin azalmasına səbəb olur), (qeyd: dozanın azaldılması adətən sedativ effektin azalmasına səbəb olmur, lakin antidepressiv təsiri zəiflədir), baş ağrısı; tez-tez – letargiya, başgicəllənmə, titrəmə; bəzən – paresteziya, “narahat ayaqlar” sindromu, bayılma; nadir – mioklonus, çox nadir – qıcolmalar (insult), serotonin sindromu, ağız boşluğunun selikli qişasının paresteziyası, dizartriya. Mədə-bağırsaq traktına: çox tez-tez – qəbizlik, ağızda quruluq; tez-tez- ürəkbulanma, qusma, ishal; bəzən – ağız boşluğu selikli qişasının həssaslığının azalması; nadir hallarda-pankreatit; məlum deyil- ağız boşluğu selikli qişasının ödemi, salivasiyanın artması. Dəri və dərialtı toxumaya: tez-tez – dəri səpgiləri; məlum deyil-Stivens-Conson sindromu, bullyoz dermatit, toksik epidermal nekroliz. Sümük-əzələ və birləşdirici toxumaya: tez-tez – artralgiya, mialgiya, beldə ağrı; məlum deyil- rabdomioliz. Endokrin sistemə: məlum deyil – antidiuretik hormonun sekresiyasının pozulması. Qidalanmaya və maddələr mübadiləsinə: çox tez-tez – iştahın yüksəlməsi; məlum deyil- hiponatriemiya. Damarlara: tez-tez – ortostatik hipotenziya; bəzən – arterial hipotenziya. Ümumi və yerli pozğunluqlar: tez-tez – yerli ödem; bəzən – yorğunluq; məlum deyil-yayılmış və lokalizəolunmuş ödem. Qaraciyərə və öd yollarına: nadir – zərdab transaminazalarının aktivliyinin yüksəlməsi. Psixi pozğunluqlar: tez-tez – qeyri-adi yuxular, şüurun dumanlanması, həyəcan, yuxusuzluq; bəzən – gecə qarabasmaları, maniya, ajatasiya, hallüsinasiya, psixomotor oyanıqlıq (akataziya və hiperkineziya daxil); nadir hallarda- aqresiya; məlum deyil – intihar fikirləri. Böyrəklərə: məlum deyil-sidiyin ləngiməsi. Laborator-instrumental göstəricilər (qeydiyyatdansonrakı tədqiqatların nəticələrinə görə): çox tez-tez – bədən kütləsinin artması. * – adətən antidepressantlarla müalicə zamanı həyəcan və yuxusuzluq (depressiyanın simptomu ola bilər) arta və ağırlaşa bilər. Mirtazapinlə müalicə zamanı həyəcan və yuxusuzluğun inkişaf etməsi və ya ağırlaşması çox nadir hallarda meydana çıxa bilər.

Doza həddinin aşılması

Mirtazapinin doza həddinin aşılmasına dair təcrübələr simptomların adətən çox zəif olduğunu göstərir. Mərkəzi sinir sisteminin taxikardiya, arterial təzyiqin bir qədər yüksəlməsi ilə müştərək meydana çıxan dezoriyentasiya və davamlı sedativ effektlə müşayiət olunan ləngiməsi barədə məlumatlar qeyd olunmuşdur. Müalicəvi dozadan daha yüksək dozalarda, xüsusilə eyni zamanda qəbul olunan bir neçə preparatın doza həddinin aşılması baş verərsə, daha ağır nəticələrin (letal nəticə daxil olmaqla) baş verməsi mümkündür. Doza həddinin aşılması hallarında orqanizmin həyati-vacib funksiyalarını dəstəkləmək məqsədilə simptomatik müalicənin aparılması vacibdir. Bu zaman mədənin yuyulması və aktivləşdirilmiş kömürün qəbulu məsləhət görülür.

Buraxılış forması

Örtüklü tabletlər. 10 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°С-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Medichem S.A., İspaniya şirkətinin lisenziyası əsasında Combino Pharm (Malta) Ltd, HF 60, Hal Far Industrial Estate, Hal Far, BBG04, Malta. Marketinq səlahiyyətinin sahibi Welfar Healthcare Limited, Birləşmiş Krallıq.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“MIRTAZIN 30 MG N30 TAB” üçün ilk rəyi siz yazın.