Klopigamma 75 mq N100 tablet

Dərman formasıTablet
Farmakoloji təsirTrombositlərin aqreqasiyasının inhibitorları, heparin istisna olmaqla. Klopidoqrel
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

68,75 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu preparatı qəbul etməyə başlamazdan əvvəl bütün bu içlik vərəqəni diqqətlə oxuyun, belə ki, burada sizin üçün vacib olan məlumatlar vardır. – İçlik vərəqəni saxlayın. Onu yenidən oxumağınız tələb oluna bilər. – Hər hansı bir sualınız yarandığı halda, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. – Bu preparat yalnız sizin üçün təyin edilib. Onu digər şəxslərə verməyin. Onlarda hətta sizinlə eyni xəstəlik əlamətləri olsa belə, preparat onlara ziyan verə bilər. – Hər hansı əlavə təsir meydana çıxarsa, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Buna içlik vərəqədə qeyd edilməyən əlavə təsirlər də daxildir (bax: “Əlavə təsirləri”). KLOPİQAMMA 75 mq örtüklü tabletlər

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 75 mq klopidoqrel vardır. Köməkçi maddələr: mannit, susuz laktoza, mikrokristallik selluloza, kolloidal susuz silisium dioksid, butilhidroksianizol, qismən peptidləşdirilmiş nişasta 1500 (qarğıdalı nişastasından), hipromelloza, askorbin turşusu, hidrogenləşdirilmiş gənəgərçək yağı, hidrooksipropilselluloza, hipromelloza, makroqol 8000, Örtük: qırmızı dəmir oksidi, titan dioksidi (E171).

Təsviri

Qırmızımtıl, yumru, örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Trombositlərin aqreqasiyasının inhibitorları, heparin istisna olmaqla. Klopidoqrel. ATC kodu: B01AC04.

Farmakoloji xüsusiyyətləri

Klopiqamma preparatının tərkibində klopidoqrel vardır və o, antitrombositar dərman preparatları adlanan dərmanlar qrupuna aiddir. Trombositlər qanın laxtalanması zamanı bir-biri ilə yapışan (trombositlərin yapışması prosesi aqreqasiya adlanır) çox kiçik strukturlardır. Trombositlərin aqreqasiyasının (bir-birinə yapışmasının) qarşısını almaq üçün antitrombositar dərman preparatları qan laxtalarının formalaşması prosesini (proses tromboz adlanır) tormozlayır. Klopiqamma böyüklərdə sklerozlaşmış qan damarlarında (arteriyalarda) qan laxtalarının (trombların) formalaşmasının – aterotrombotik hallara (insult, infarkt və ya ölüm) gətirib çıxaran aterotromboz kimi tanınan proses – qarşısını almaq üçün təyin edilir.

İstifadəsinə göstərişlər

Klopiqamma aşağıdakı hallarda qan laxtalarının formalaşmasının qarşısını almaq və bu kəskin halların sayını azaltmaq üçün böyüklərə təyin edilir: − Arteriyaların sklerozlaşması (o cümlədən ateroskleroz adlanır) hallarında − Miokart infarktı (bir neçə gündən başlayaraq, 35 gün ərzində), insult (7-ci günündən başlayaraq, 6 ay ərzində) və ya periferik arterial xəstəliyi kimi halların olması − “Qeyri-stabil stenokardiya” və ya “miokard infarktı” (ürək tutması) kimi tanınan ağır sinə ağrısı olduqda. Bu vəziyyətin müalicəsi üçün həkim effektiv qan axınının bərpası üçün tıxanmış və ya daralmış arteriyaya stent qoya bilər. Həkim tərəfindən pasiyentə asetilsalisil turşusunun (ağrıları və qızdırmanı aradan qaldıran, həmçinin qan laxtalanmasının qarşısını alan bir çox dərman vasitələrinin tərkibində olan maddə) təyin edilməsi tövsiyə olunur. − Qısa müddət ərzində keçən insult (tranzitor işemik hücum kimi də tanınır) və ya yüngül dərəcədə işemik insult əlamətləri ilə qarşılaşdıqda. İlk 24 saat ərzində həkiminiz tərəfindən asetilsalisil turşusu təyin edilə bilər − “Atriyal fibrilyasiya” adlanan qeyri-müntəzəm ürək döyüntüsü halı olduqda və yeni laxtaların qarşısını alan və mövcud laxtaların böyüməsinə mane olan “oral antikoaqulyantlar” (K vitaminin antaqonistləri) kimi tanınan dərman vasitələrini qəbul edə bilmədikdə. Pasiyentə məlumat verilməlidir ki, “oral antikoaqulyantlar” bu halda asetilsalisil turşusu və ya Klopigamma və asetilsalisil turşusunun kombinasiyasından daha təsirlidir. Pasiyent “oral antikoaqulyantlar” qəbul edə bilmədikdə və onda ağır qanaxma riski olmadıqda həkim Klopigammanı və asetilsalisil turşusunu təyin etməlidir. Əks-göstərişlər Aşağıdakı hallarda Klopiqamma preparatını qəbul etmək əks göstərişdir • Klopidoqrelə və ya bu dərman preparatının hər hansı digər inqrediyentinə (bax: “Tərkibi”) qarşı allergiya. • Hazırda mədə xorası və ya beyindaxili qanaxma kimi qanaxmaya səbəb olan xəstəliklərin olması. • Kəskin qaraciyər xəstəliyi. Bu şərtlərdən hər hansı birinin sizə aid olduğunu düşünürsünüzsə və ya ümumiyyətlə şübhələnirsinizsə, Klopiqamma preparatını qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda Klopiqamma preparatını qəbul etməzdən öncə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. • Aşağıda göstərilən qanaxma riskləri olduğu halda: – daxili qanaxma riskini təşkil edən xəstəlik (mədə xorası kimi), – daxili qanaxmaya meyllilik yaradan qan dövranının pozulması (hər hansı bir toxumalar, orqanlar və ya oynaqlar daxilində qanaxma), – yaxın zamanlarda ciddi zədələr, – yaxın zamanlarda əməliyyat (stomatoloji əməliyyat daxil olmaqla), – qarşıdakı yeddi gün ərzində nəzərdə tutulan əməliyyat (stomatoloji əməliyyat daxil olmaqla) • beyin arteriyanızda son yeddi gün ərzində yaranmış tromb (işemik insult) olduğu halda, • Sizdə böyrək və qaraciyər xəstəliyi olduğu halda, • xəstəliyinizin müalicəsində istifadə edilən hər hansı dərman preparatına qarşı allergiya və ya reaksiyanız olduğu halda. • əgər keçmişdə travmatik olmayan beyin qanaxması keçirmisinizsə. Klopiqamma preparatını qəbul etdiyiniz müddət ərzində • Həkiminizə nəzərdə tutulan əməliyyat (stomatoloji əməliyyat daxil olmaqla) haqqında bildirməlisiniz. • Həmçinin izah olunmayan həddindən artıq yorğunluq, şüurun dumanlanması, dərinin və ya gözlərin saralma (sarılıq) əlamətlərinin olması və ya olmaması ilə hərarət və qırmızı nöqtələr kimi görünən dərialtı qançırla olan xəstəlik (Trombotik Mikroangiopatiya və ya TMA kimi tanınan) baş verdiyi halda həkiminizə dərhal bildirməlisiniz (bax “Əlavə təsirləri”). • Özünüzə xətər yetirdikdə və ya zədələdikdə, qanaxmanı saxlamaq adi vaxtdan daha uzun çəkə bilər. Bu, qan laxtalarının formalaşmasının qarşısını aldığı səbəbdən, dərman preparatının necə təsir etməsi ilə əlaqədardır. Kiçik kəsiklər və zədələr, məsələn özünü kəsmə, qırxma halları, adətən, heç bir narahatlıq doğurmur. Lakin, qanaxma Sizdə narahatlığa səbəb olursa, dərhal həkiminizlə əlaqə saxlayın (bax “Əlavə təsirləri”). • Həkiminiz qan analizinin keçirilməsini tələb edə bilər. Qazanılmış hemofiliya Məlumdur ki, klopidoqrelin istifadəsi qazanılmış hemofiliyanın inkişafına gətirib çıxarır. Qazanılmış hemofiliyanın inkişaf etməsinin mümkünlüyünü, qanaxma ilə müşayiət olunan və ya qanaxmasız qismən aktivləşdirilmiş tromboplastin müddətinin (QATM) təsdiq edilmiş təcrid olunmuş uzanması ilə nəzərdən keçirmək lazımdır. Qazanılmış hemofiliya diaqnozu təsdiq olunmuş pasiyentlərin müalicəsini və onların vəziyyətlərinə nəzarətin aparılmasını mütəxəssislər həyata keçirməlidirlər və bu zaman, klopidoqrelin istifadəsi dayandırılmalıdır. 18 yaşa qədər uşaqlarda istifadəsi Bu yaş qrupunda istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyənləşdirilməyib. Klopiqamma preparatının tərkibində laktoza vardır. Həkiminiz sizə bəzi şəkərlərə qarşı dözümsüzlüyünüzün olduğunu bildirmişdirsə, bu dərman preparatını qəbul etməməlisiniz. Klopiqamma preparatının tərkibində hidrogenləşdirilmiş gənəgərçək yağı vardır. Bu mədə pozğunluğuna və ya diareyaya səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırda qəbul edilən, bu yaxınlarda qəbul edilən və ya qəbul edilə bilən hər hansı dərman preparatı haqqında həkimə və ya əczaçıya məlumat vermək lazımdır. Bəzi digər dərman preparatları Klopiqammanın effektivliyinə təsir göstərə bilər və ya əksinə. Xüsusi olaraq aşağıdakı preparatları qəbul etdiyinizi həkiminizə bildirməlisiniz: − oral antikoaqulyantlar, qanın laxtalanma qabiliyyətini aşağı salan dərman preparatları, − əzələ və ya oynaqlarda ağrı və/və ya iltihabı aradan qaldırmaq üçün istifadə edilən qeyri-steroid iltihabəleyhinə preparatlar, − qanın laxtalanma qabiliyyətini azaltmaq üçün istifadə edilən heparin və ya istənilən digər inyeksiya dərman vasitələri, − tikolopidin, digər antitrombositar vasitə, − serotoninin geriyə udulmasının selektiv inhibitorları (fluoksetin və ya fluvoksamin daxil olmaqla, lakin təkcə onlarla məhdudlaşmayan), adətən depressiyanın müalicəsində istifadə olunan dərman vasitələri, − rifampisin (ağır infeksiyaların müalicəsində istifadə olunan dərman vasitəsi), − omeprazol və ya ezomeprazol (mədə pozğunluğunun müalicəsi üçün istifadə olunan dərman preparatları), − flukonazol və ya vorikonazol (bakterial və ya göbələk infeksiyalarının müalicəsi üçün dərman preparatları), − efavirenz və ya digər antiretrovirus dərman preparatları (İİV infeksiyalarının müalicəsində istifadə edilən preparatlar), − karbamazepin (epilepsiyanın bəzi növlərinin müalicəsi üçün istifadə edilən dərman preparatları), moklobemid (depressiyanın müalicəsi üçün istifadə olunan dərman preparatları), − repaqlinid, diabetin müalicəsində istifadə edilən preparat, − paklitaksel, xərçəngin müalicəsi üçün istifadə edilən preparat, − opioidlər: klopidoqrel ilə müalicə aldığınız zaman, hər hansı bir opioid təyin edilməzdən əvvəl (kəskin ağrının müalicəsində istifadə olunur) həkiminizlə məsləhətləşin. Sizdə qısa müddət ərzində keçən insult (həmçinin tranzitor işemik hücum adlanır) və ya yüngül dərəcəli işemik insultun simptomları müşahidə olunubsa, ağrı və qızdırmanı aradan qaldırmaq üçün Klopigamma və bir çox dərman preparatlarının tərkibində olan asetilsalisil turşusunun kombinasiyası təyin edilə bilər. İstifadə edilən bir çox dərman preparatlarının tərkibində olan asetilsalisil turşusunun təsadüfi istifadəsi (24 saat müddətində 1000 mq-dan çox olmayaraq) adətən heç bir problemə səbəb olmur, lakin digər hallarda uzunmüddətli istifadəsi zamanı həkiminizlə məsləhətləşməlisiniz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə bu preparatın istifadəsi tövsiyə edilmir. Hamilə olduğunuz, hamilə olduğunuzu güman etdikdə və ya hamiləliyi planlaşdırdıqda, Klopiqamma preparatını qəbul etməzdən öncə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Klopiqamma preparatının qəbulu müddətində hamilə qaldığınız halda, dərhal həkiminizlə məsləhətləşin, çünki klopidoqrelin hamiləlik zamanı qəbul edilməsi tövsiyə olunmur. Bu preparatı qəbul etdiyiniz zaman uşağınızı ana südü ilə qidalandırmamalısınız. Ana südü ilə qidalandırdığınız və ya ana südü ilə qidalandırmanı planlaşdırdığınız halda dərmanı qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin. İstənilən dərman preparatını qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Klopiqamma preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya cüzi təsir göstərir.

İstifadə qaydası və dozası

Bu preparatı həmişə dəqiqliklə həkiminizin və ya əczaçının dediyi qaydada qəbul edin. Əmin olmadığınız halda həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Klopiqamma preparatının adi gündəlik dozası 75 mq-dır, qida ilə birlikdə və ya qidasız oral və hər gün eyni vaxtda qəbul edilir. Klopiqamma preparatını həkiminiz sizə təyin edən müddət ərzində qəbul etməlisiniz. Böyüklər və yaşlılar Miokard infarktı (bir neçə günündən başlayaraq 35 gün ərzində), işemik insult (7-ci günündən başlayaraq 6 ay ərzində) və ya periferik arteriyaların xəstəliyi zamanı: Klopiqamma sutkada 1 dəfə 75 mq dozada təyin olunur. ST seqmentinin qalxması olmadan kəskin koronar sindrom (qeyri-stabil stenokardiya, Q dişciyi olmadan qeyri-stabil stenokardiya) Klopidoqrel ilə müalicəyə 300 mq və ya 600 mq (75 mq 4 və ya 8 tablet) yükləyici dozanın birdəfəlik qəbulu ilə başlanmalı, sonra isə onun 75 mq dozada gündə 1 dəfə qəbulu ilə davam etdirilməlidir. Perkutan koronar müdaxiləyə məruz qalmış 75 yaşdan kiçik xəstələrdə 600 mq yükləmə dozası nəzərdə tutula bilər. Klopidoqrel ilə yanaşı 75-325 mq dozada gündə 1 dəfə AST qəbul edilməlidir. Asetilsalisil turşusunun dozasının artırılması qanaxmanın yaranma riskini artırdığı üçün 100 mq-dan artıq qəbul edilməməlidir. ST seqmentinin qalxması ilə kəskin koronar sindrom (KKS): müalicə tövsiyə edilən gündəlik 75 mq (birdəfəli) dozada (300 mq yükləmə dozada) Klopiqamma və asetilsalisil turşusu və trombolitiklərlə və ya tombolitiklərsiz başlanılmalıdır. 75 yaşdan yuxarı xəstələrin Klopiqamma ilə müalicəsini yükləmə dozası olmadan başlamaq lazımdır. Qarışıq terapiyaya simptomlar yarandıqdan sonra mümkün qədər tez başlanılır və ən azı 4 həftə ərzində davam etdirilir. Əgər sizdə qısa müddət ərzində keçən insult (həmçinin tranzitor işemik hücum adlanır) və ya yüngül dərəcəli işemik insultun simptomları müşahidə olunubsa, həkiminiz sizə bir dəfə müalicənin başlanğıcında 300 mq Klopiqamma (75 mq-lıq 4 tablet) təyin edə bilər. O zaman tövsiyə olunan doza yuxarıda göstərilən asetilsalisilli turşusu ilə birlikdə 3 həftə ərzində gündə bir 75 mq-lıq Klopiqamma tabletidir. Həkim daha sonra ayrı-ayrılıqda Klopiqamma tabletini və ya asetilsalisilli turşusunu təyin edəcək. Qulaqcıqların fibrilyasiyası (səyirici aritmiya) Klopidoqrel gündə bir dəfə 75 mq dozada qəbul etmək lazımdır. Klopidoqrel ilə kombinasiyada asetilsalisil turşusunun qəbuluna başlamaq və sonra davam etdirmək lazımdır (75-100 mq/gün). Klopiqammanın qida və içkilərlə birlikdə istifadəsi Klopiqamma qida ilə birlikdə və ya qidasız qəbul edilə bilər. Klopiqamma preparatını qəbul etməyi unutduğunuz halda Klopiqamma preparatın dozasını qəbul etməyi unutduğunuz halda həmişəki vaxtdan etibarən 12 saat ərzində, dərhal qəbul edin və növbəti tableti adi vaxtında qəbul edin. 12 saatdan artıq unutduğunuz halda, sadəcə həmişəki vaxtda birdəfəlik dozanı qəbul edin. Unutduğunuz hər dozanı bərpa etmək üçün ikiqat doza qəbul etməyin. Klopiqamma preparatını qəbul etməyi dayandırdıqda Həkiminiz Sizə tövsiyə edənədək müalicəni dayandırmayın. Dayandırmazdan öncə həkiminizlə və ya əczaçı ilə əlaqə saxlayın. Bu preparatın istifadə olunması ilə əlaqədar hər hansı sualınız yarandığı halda, həkiminizdən və ya əczaçıdan soruşun.

Əlavə təsirləri

Bütün dərman preparatları kimi, bu preparat da hər insanda olmasa da, əlavə təsirlərə səbəb ola bilər. Aşağıdakı hallar baş verdikdə dərhal həkiminizlə məsləhətləşin • hərarət, infeksiya və ya həddindən artıq yorğunluq. Bu hallar bəzi qan hüceyrələrinin azalmasına görə baş verə bilər. • dərialtı qırmızı nöqtələr və/və ya şüurun dumanlanması kimi qanaxma ilə əlaqədar olan və ya olmayan dəri və/və ya gözlərin saralması (sarılıq) kimi qaraciyər problemlərinin əlamətləri (bax bənd “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”) • ağızda şişkinlik və ya dəridə çatışmazlıqlar, səpgilər və ya göynəmə, dəridə suluqlar. Bu allergik reaksiyanın əlamətləri ola bilər. Klopiqamma preparatının ən geniş yayılmış əlavə təsiri (10 nəfərdən 1-də meydana çıxa bilər) qanaxmadır. Mədədə və ya bağırsaqlarda qanaxma, qançırlar, hematoma (qeyri-adi qanaxma və ya dərialtı qançır), burundan qanaxma, sidikdə qan olma halı kimi baş verə bilər. Çox az hallarda, gözdə, beyindaxili, ağciyər, retroperitonial qanaxma və ya oynaqlarda qansızma halları haqqında məlumatlar daxil olub. Klopiqamma preparatını uzun müddət qəbul etdikdə Özünüzü kəsdikdə və ya zədələndikdə, qanaxmanı saxlamaq həmişəkindən daha uzun müddət çəkə bilər. Bu sizin dərman preparatını qəbul etməyinizlə əlaqədardır, belə ki, o, qan laxtalarının formalaşmasının qarşısını alır. Kiçik kəsiklər və zədələr, məsələn özünü kəsmə, qırxma halları, adətən, heç bir narahatlıq doğurmur. Lakin, qanaxma sizdə narahatlığa səbəb olursa, dərhal həkiminizlə əlaqə saxlayın (bax: “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”) Klopiqamma preparatı ilə əlaqədar digər əlavə təsirlər aşağıdakılardır − Çox tez-tez müşahidə olunan (10 nəfərdən 1 nəfər məruz qala bilər): Diareya, qarında ağrı, həzm pozğunluğu və ya qıcqırma. − Tez-tez müşahidə olunan (100 nəfərdən 1 nəfər məruz qala bilər): Baş ağrısı, mədə və onikibarmaq xorası, qastrit, qusma, ürəkbulanma, qəbizlik, mədədə və ya bağırsaqlarda həddindən artıq yel, səpgilər, qaşınma, başgicəllənmə, arabir sancı və keyimə hissi, trombositopeniya, leykopeniya, eozinofiliya. − Bəzən müşahidə olunan (1.000 nəfərdən 1 nəfər məruz qala bilər): Vertiqo, kişilərdə süd vəzinin böyüməsi, neytropeniya. − Çox nadir hallarda müşahidə olunan (10 000 nəfərdən 1 nəfər məruz qala bilər): trombotik trombositopenik purpura, aplastik anemiya, pansitopeniya, aqranulositoz, ağır trombositopeniya, qazanılmış hemofiliya A, qranulositopeniya, anemiya, Kounis sindromu, zərdababənzər xəstəlik, tienopiridinlərə qarşı çarpaz reaktiv hiperhəssaslıq, autoimmun insulin sindromu, ciddi qanaxma, cərrahi yaradan qanaxma, vaskulit, pankreatit, kolit, kəskin qaraciyər çatışmazlığı, hepatit, qaraciyər funksiyasının pozulması, sarılıq, bel ağrısı ilə müşayiət olunan və ya olunmayan kəskin mədə ağrısı; hərarət, öskürəklə əlaqədar tənəffüsdə çətinlik, bronxospazm, interstisial pnevmonit, eozinofil pnevmoniya, ümumi allergik reaksiyalar, məsələn, ürək getmə halınadək ani ümumi narahatlıqla ümumi istilik hissi; angioödem, ağızda şişkinlik; dəridə suluqlar, bullyoz dermatit (toksiki epidermal nekroliz, Stivens-Conson sindromu, multiformalı eritema, kəskin yayılmış ekzantematoz pustulyoz), DRESS sindromu, eksfoliativ və ya eritematoz səpgilər, yastı dəmrov, dəridə allergiya; stomatit; qan təzyiqinin düşməsi; şüurun dumanlanması; hallüsinasiya halları; oynaqlarda ağrı; əzələ ağrıları; qidanın dadının dəyişməsi, agevziya, qlomerulonefrit. Bundan əlavə, həkiminiz sizin qan və ya sidik analizlərinizdə dəyişikliklər müəyyən edə bilər. Əlavə təsirlərin bildirilməsi Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkimə və ya əczaçıya məlumat verin. Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ( AZ1065, Azərbaycan Respublikası; Bakı ş., Fuad İbrahimbəyov küç., 31, (+99412) 596 05 20, [email protected]) bildirilməlidir. Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.

Doza həddinin aşılması

Doza həddinin aşılması qanaxma riskinin artmasına səbəb ola bildiyindən, həkiminizlə və ya yaxınlıqda olan xəstəxananın təcili yardım şöbəsi ilə əlaqə saxlayın.

Buraxılış forması

28 və ya 100 örtüklü tablet, blisterlərdə içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Qablaşdırmaların bütün ölçüləri satışda olmaya bilər. Saxlama şəraiti 25°C-dən aşağı temperaturda, işıqdan və rütubətdən qorumaq üçün orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Hər hansı görünən korlanma qeyd edildikdə bu preparatı istifadə etməyin. Heç bir dərmanı çirkab sularına və ya məişət tullantılarının içərisinə atmayın. Artıq istifadə etmədiyiniz dərman preparatlarını necə atmağı əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühiti qorumağa kömək edəcək.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun və ya blisterin üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə aid edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Wörwag Pharma GmbH & Co. KG. Flugfeld-Allee 24 71034 Böblingen, Almaniya.

Qeydiyyat vəsiqəsinin sahibi

Wörwag Pharma GmbH & Co. KG. Flugfeld-Allee 24 71034 Böblingen, Almaniya.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Klopigamma 75 mq N100 tablet” üçün ilk rəyi siz yazın.