Klamisin 500 mq N14 tablet

Təsiredici maddə: CLARITHROMYCIN
Təsiredici maddəCLARITHROMYCIN
Dərman formasıTablet
Farmakoloji təsirMakrolid qrupu antibiotiklər
İstehsal ölkəsiTürkiyə

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

13,04 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərmanı istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni sona qədər diqqətlə oxuyun, çünki onda Sizin üçün mühüm məlumat vardır. ● Bu içlik vərəqəni saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. ● Əgər Sizin əlavə suallarınız olarsa, lütfən həkiminizə və ya əczaçıya müraciət edin. ● Bu dərman yalnız Sizin üçün təyin edilmişdir. Onu başqalarına verməyin. ● Əgər müalicə müddətində həkimə və ya xəstəxanaya getməli olsanız, həkimə bu dərmanı istifadə etdiyiniz barədə məlumat verin. ● Bu içlik vərəqədə qeyd edilən göstərişlərə ciddi riayət edin. Sizə tövsiyə olunandan yüksək və ya aşağı doza istifadə etməyin. KLAMİSİN örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Clarithromycin

Tərkibi

Təsiredici maddə: 1tabletin tərkibində 500 mq klaritromisin vardır. Köməkçi maddələr: natrium nişasta qlikolyatı, prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, povidone K30, stearat turşusu (E570), maqnezium stearat (E572), talk (E553(b)), sari opadri ((OY-S-22819) hidroksipropilmetilsellüloza (E464), hidroksipropilsellüloza (E463), sorbitan monooleat (E494), propilenqlikol (E1520), sorbit turşusu (E200), vanilin, titani dioksid (E171), xinolin sarısı (alüminium lak E104))

Təsviri

Sarı rəngli uzunsov formalı örtüklü tabletlər, bir tərəfində bölmə xətti, digər tərəfində “KLAMISIN” yazısı vardır.

Farmakoterapevtik qrupu

Makrolid qrupu antibiotiklər. ATC kodu: J01FA09.

Farmakoloji xüsusiyyətləri

KLAMISIN (klaritromisin) makrolidlər qrupuna aid olan yarımsintetik antibiotikdir. Klaritromisin həssas bakteriyalarda zülal sintezinin qarşısını almaqla antibakterial təsir göstərir.

İstifadəsinə göstərişlər

KLAMISIN böyüklərdə və 12 yaşdan böyük uşaqlarda müxtəlif mikroorqanizmlər tərəfindən törədilən aşağıdakı infeksion xəstəliklərin müalicəsi üçün istifadə olunur: ● Yuxarı tənəffüs yollarının infeksiyaları, məsələn, faringit (udlağın iltihabı), tonzillit (badamcığın iltihabı), kəskin haymorit (əlavə burun boşluqlarının iltihabı) ● Aşağı tənəffüs yollarının infeksiyaları, məsələn, xronik bronxitin kəskin bakterial ağırlaşması, pnevmoniya, ● Dərinin və yumşaq toxumaların həssas mikroorqanizmlər tərəfindən törədilmiş müxtəlif fəsadlaşmamış infeksiyaları, ● Mikobakteriya adlanan xüsusi bakteriya növü tərəfindən törədilən infeksiyalar. KLAMISIN həmçinin aşağıdakı hallarda istifadə edilir: ● Bəzi QİÇS-li xəstələrdə (qazanılmış immunçatışmazlığı sindromu) mikobakteriya tipi ilə birləşmiş infeksiyaya (mycobacterium avium complex) qarşı müdafiə üçün, ● Oniki-barmaq bağırsaq xorasının residivinin azaldılması, H.pylori-nin eradikasiyası üçün ● Stomatoloji infeksiyaların müalicəsi (qinqivit).

Əks göstərişlər

Sizdə klaritromisinə, eritromisinə və ya makrolid qrupu antibiotiklərinə, həmçinin KLAMİSİN-in digər komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq) varsa, ● Siz aşağıdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə: astemizol (ot qızdırması və ya allergiya zamanı istifadə edilir), sizaprid (mədə xəstəlikləri zamanı istifadə olunur), pimozid (bəzi psixi xəstəliklərin müalicəsi üçün istifadə edilir), terfenadin (ot qızdırması və ya allergiya zamanı istifadə edilir), erqotamin (miqren zamanı istifadə edilir), dihidroerqotamin (miqren zamanı istifadə edilir), lovastatin və ya simvastatin (xolesterinin səviyyəsinin yüksək olduğu zaman istifadə olunur) ● Siz böyrək və ya qaraciyər xəstəliyinin mövcud olduğu halda kolxisin (podaqranın, ailəvi Aralıq dənizi qızdırması və Behçet sindromunun müalicəsi üşün istifadə olunan dərman) istifadə edirsinizsə, ● Oral istifadə üçün midazolam (sedativ dərman) tərkibli dərman istifadə edirsinizsə, ● Anamnezinizdə QT intervalının uzanması (kardioqramda dəyişiklik) və ya ürək ritminin pozulması varsa (o, QT intervalının uzanma sindromuna/torsades de pointes-ə səbəb ola bilər), ● Sizdə nefrozla yanaşı ağır qaraciyər çatışmazlığı varsa, ● Əgər Sizdə hipokaliemiya (qanda kaliumun səviyyəsinin aşağı olması) və ya ürək aritmiyası (ürəkdöyünmə) varsa.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda KLAMİSİN-i xüsusi ehtiyatla istifadə etmək lazımdır. ● Sizdə diareya varsa və ya əvvəllər antibiotiklərdən istifadə zamanı diareya baş vermişdirsə. Demək olar ki, bütün antibiotiklərdən istifadə zamanı bağırsağın iltihabı baş verə bilər ki, bu da özünü xüsusilə yüngül dərəcədən ağır dərəcəli diareya şəklində göstərir (antibiotikə bağlı kolit “psevdomembranoz kolit”). ● Sizdə ağır böyrək çatışmazlığı varsa. Bu halda həkiminiz dozanın azaldılması və ya doza diapazonunun uzadılması barədə qərar qəbul edə bilər. Əgər Sizdə ağır böyrək çatışmazlığı varsa, ehtiyatlı olmalısınız. Bununla belə, əgər Sizin böyrəkləriniz normal vəziyyətdədirsə, lakin qaraciyərinizin funksional pozğunluğu varsa, o zaman, KLAMİSİN dozaya düzəliş edilmədən istifadə oluna bilər. ● Siz tərkibində kolxisin olan dərman preparatı istifadə edirsinizsə. Kolxisinlə zəhərlənmə barədə məlumatlar vardır, xüsusilə yaşlı pasiyentlərdə və böyrək çatışmazlığı olan bəzi pasiyentlərdə. ● Güclü əzələ distrofiyası simptomları varsa, ● Siz uzun müddət klaritromisin istifadə edirsinizsə, superinfeksiyanın baş verəcəyi halda müvafiq müalicəyə başlamaq lazımdır, belə ki, qeyri-həssas bakteriyaların və göbələklərin sayı arta bilər. ● Klaritromisinin və oral hipoqlikemik maddələrin (qanda şəkərin miqdarını tənzimləyən dərmanlar) və/və ya insulinin birlikdə istifadəsi qanda şəkərin səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb ola bilər. Belə hallarda qlükozanın səviyyəsinin ciddi monitorinqi aparılmalıdır. ● Klaritromisinlə varfarini (antikoaqulyant dərman) birlikdə istifadə edərkən ciddi qanaxma riski və qanaxma müddətinin əhəmiyyətli dərəcədə artma riski yüksəlir. Klaritromisin və antikoaqulyantların (qanı durulaşdıran dərmanlar) birlikdə istifadəsi zamanı tez-tez laxtalanma vaxtına nəzarət etmək lazımdır. ● Klaritromisinlə birlikdə statinlərin (xolesterinin səviyyəsini aşağı salan dərman preparatları qrupu) istifadəsi zamanı onlar mümkün qədər ən aşağı dozalarda istifadə edilməlidir. ● Klaritromisinin triazolam və ya midazolamla (sedativ maddələr) birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. ● Klaritromisin QT intervalının uzanması (kardioqramda dəyişiklik) və QT intervalının uzanması riski nəticəsində yaranan torsades de pointes kimi ürək pozğunluğuna meyillik yaradan xəstəliyi olan pasiyentlərdə istifadə zamanı ehtiyatlı olmaq lazımdır. ● Xəstəxanadankənar pnevmoniyanın müalicəsi üçün klaritromisinin istifadə edilməsindən əvvəl həssaslıq testinin keçirilməsi vacibdir. ● Həmçinin klaritromisinin dərinin və yumşaq toxumanın zəif və orta dərəcəli infeksiyalarının müalicəsi üçün istifadə edilməsindən əvvəl həssaslıq testlərinin keçirilməsi vacibdir. Yuxarıda qeyd edilən xəbərdarlıqlar hətta keçmişdə olsa belə, Sizə aiddirsə, lütfən, həkiminizlə məsləhətləşin. Ola bilsin ki, Siz bu vəziyyətlər üçün müalicə almalı olasınız və ya həkim dozanın azaldılması və ya müalicənin tamamilə dayandırılması barədə qərar qəbul etsin (bax: bölmə 4, Mümkün əlavə təsirlər) Mühüm xəbərdarlıq! KLAMİSİN daxil olmaqla antibakterial dərmanlar (antibiotiklər) yalnız bakterial infeksiyaların müalicəsi üçün istifadə olunmalıdır. Bu dərmanlar viruslar tərəfindən törədilən soyuqdəymə kimi infeksiyaların müalicəsi üçün istifadə olunmur. KLAMİSİN bakterial infeksiyanın müalicəsi üçün təyin edildikdə, bu, pasiyentlərin özünü müalicənin əvvəlində yaxşı hiss etməsi üçün çox normaldır; lakin, bu vəziyyətdə preparatın istifadəsi dayandırılmamalı və həkimin tövsiyə etdiyi müalicə müddəti mütləq tamamlanmalıdır. Dozanın buraxılması və ya müalicənin vaxtından əvvəl dayandırılması müalicənin effektivliyini aşağı salır və bakteriyaların davamlı formalarının yaranması imkanını artırır ki, bu da gələcəkdə infeksiyanın KLAMİSİN ilə və ya digər antibakterial preparatlarla müalicə imkanını aradan qaldırır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər Siz aşağıdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə, Siz dozaya dəyişiklik etməli və/və ya digər ehtiyat tədbirləri görməlisiniz, ona görə də istifadə etdiyiniz hər hansı dərman barədə həkiminizə və ya əczaçıya məlumat verməlisiniz. ● Əgər Siz aşağıdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə, qanda onların səviyyəsinin yüksəlməsi müşahidə edilə bilər: Alfentanil (sedativ dərman), alprazolam (sedativ dərman), astemizol (tənəffüs sisteminin allergik xəstəliklərində istifadə edilir), bromokriptin (bəzi beyin xəstəliklərinin və diabetin müalicəsi üçün istifadə edilən dərman), diqoksin (ürək xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman), dizopiramid (ürək ritminin pozulması zamanı istifadə olunan dərman), çovdar mahmızının alkaloidləri (sinir sistemi və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman), fenitoin (epilepsiyanın müalicəsi üçün istifadə olunan dərman), heksobarbital (sedativ dərman), karbamazepin (epilepsiyanın müalicəsi üçün istifadə olunan dərman), xinidin (ürək xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman), lovastatin (xolesterinin səviyyəsi yüksək olan zaman istifadə olunan dərman), metilprednizolon (allergiyanın və revmatizmin müalicəsi üçün istifadə edilən dərman), midazolam (sedativ dərman), omeprazol (mədə xorasının və reflyuksun müalicəsi üçün istifadə olunan dərman), oral antikoaqulyantlar (qanı durulaşdıran dərmanlar, məsələn, varfarin), pimozid (sinir sistemi xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman), rifabutin (müxtəlif infeksion xəstəliklərin müalicəsi üçün istifadə edilən dərman), sildenafil (seksual disfunksiyanın müalicəsi üçün istifadə edilən dərman), silostazol (damar xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman), sizaprid (mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman), siklosporin (transplantın qopma reaksiyasının qarşısını almaq üçün və bəzi revmatik və ya göz xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman), simvastatin (xolesterinin səviyyəsi yüksək olan zaman istifadə olunan dərman), sirolimus və takrolimus (transplantın qopma reaksiyasının qarşısını almaq üçün dərman), teofillin (tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman), terfenadin (tənəffüs sisteminin allergik xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman), triazolam (sinir sistemi xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman), vinblastin (bəzi xərçəng xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman) və valproy turşusu (epilepsiyanın müalicəsi üçün istifadə edilən dərman), ● Rifampisin (antibiotik növü), fenitoin, karbamazepin və fenobarbital (epilepsiyanın müalicəsi üçün istifadə edilən dərman), dazıotu (pəhrizə əlavə kimi istifadə olunan bitki) klaritromisinin metabolizmini gücləndirə bilər. Bu vəziyyət klaritromisinin subterapevtik səviyyəsinin yaranmasına gətirib çıxara bilər ki, bu da onun müalicəvi effektinin azalmasına səbəb olar. Həmçinin, bu dərmanların plazma səviyyələrinin monitorinqini aparmaq lazım gələ bilər: klaritromisin bu dərmanların səviyyəsini yüksəldə bilər. ● Rifabutinlə (mikobakteriya adlanan mikrob tərəfindən törədilən infeksiyaların müalicəsi üçün istifadə olunan dərman) və klaritromisinlə birlikdə istifadə, belə ki, rifabutinin zərdab səviyyəsi yüksəlir, klaritromisinin zərdab səviyyəsi azalır və nəticədə uveitin başvermə riski yüksəlir. ● Qanda zidovudinin (QİÇS-in (İİV-infeksiyası) müalicəsi üçün istifadə edilən dərman preparatı) səviyyəsi klaritromisinlə birlikdə istifadə zamanı azala bilər . ● Onun ritonavirlə (QİÇS-in (İİV-infeksiya) müalicəsi üçün istifadə olunan dərman) birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır; klaritromisinin 1 q/gün-dən yüksək dozaları ritonavirlə birlikdə istifadə edilməməlidir. Böyrək funksiyası zəifləmiş pasiyentlərdə onun ritonavir, atazanavir və sakvinavir kimi digər İİV (QİÇS) dərmanları ilə birlikdə istifadəsi zamanı dozaya oxşar düzəliş edilməsi nəzərdən keçirilməlidir. ● Klaritromisinin aşağıdakı dərmanlarla birlikdə istifadəsi zamanı ürək ritminin bir neçə pozulması halları və onların xüsusilə ürəklə bağlı problemləri olan pasiyentlərdə həyat üçün təhlükəli olması müşahidə edilmişdir: Sisaprid (mədə-bağırsaq pozğunluqlarının müalicəsi üçün istifadə edilən dərman), pimozid (sinir sisteminin pozğunluqlarının müalicəsi üçün istifadə edilən dərman), terfenadin (tənəffüs yollarının allergik xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman), xinidin (bəzi ürək xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman) və ya dizopiramid (ürək ritminin pozulması zamanı istifadə olunan dərman) (bax: bölmə 2, KLAMİSİN-i istifadə etməzdən əvvəl nəyi bilməlisiniz) ● Ürək xəstəliyi olan pasiyentlərdə makrolid qrupu antibiotiklərinin terfenadinlə birlikdə istifadəsi zamanı oxşar effektlər müşahidə edilmişdir. Eyni effektlər astemizolun digər makrolidlərlə birlikdə istifadəsi zamanı müşahidə edilmişdir. ● Onun eşitmə sistemi üçün zərərli (ototoksik) dərmanlarla, xüsusilə aminoqlikozidlərlə birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. ● Klaritromisini erqotamin və ya dihidroerqotaminlə (miqrenin müalicəsi üçün istifadə edilən dərman) birlikdə istifadə edərkən, bəzi hallarda kəskin erqotoksiklik adlanan toksik təsir inkişaf etmişdir, ona görə də onları birlikdə istifadə etmək tövsiyə olunmur. ● Efavirenz, nevirapin, rifampisin, rifabutin və rifapentin kimi metabolik sistemin güclü stimulyatorları klaritromisinin metabolizmini sürətləndirə bilər. ● Klaritromisinin fosfodiesterazanın sildenafil, tadalafil və ya vardenafil (seksual disfunksiyanın müalicəsi üçün istifadə edilən dərmanlar) kimi inhibitorları ilə birlikdə istifadəsi ekspozisiyanın yüksəlməsinə səbəb ola bilər. Klaritromisinin sildenafil, tadalafil və vardenafil ilə birlikdə istifadəsi zamanı bu dərmanların dozasının azaldılması nəzərdən keçirilməlidir. ● Klaritromisin atazanavir, itrakonazol, sakvinavir substratı və inhibitorları ilə (göbələk infeksiyasının və insanın immunçatışmazlığı virus infeksiyasının (İİV-infeksiya) müalicəsi üçün istifadə edilən dərmanlar) istifadəsi ikitərəfli dərman qarşılıqlı təsirinə səbəb ola bilər. Bunları birlikdə qəbul edən pasiyentlər farmakoloji effekt əlamətlərinin artmasına və müddətinin uzanmasına görə sıx-sıx monitorinq olunmalıdırlar. ● Klaritromisinin kolxisinlə (podaqranın müalicəsi, ailəvi aralıq dənizi qızdırması və Behçet sindromunun müalicəsi üçün istifadə olunur) birlikdə istifadəsi zamanı bəzi hallarda kolxisinlə zəhərlənmə inkişaf etmişdir. Klaritromisinlə kolxisinin birlikdə istifadəsi zamanı bu zəhərlənmənin əlamətlərinə görə ehtiyatlı olmaq lazımdır. ● Ağır böyrək çatışmazlığı və ya kəskin porfiriya adlanan qan xəstəliyi olan pasiyentlərdə klaritromisinin ranitidin vismut sitratla birlikdə istifadəsi (xora xəstəliyinin müalicəsi üçün istifadə olunan dərman) tövsiyə olunmur. ● Klaritromisinin verapamil, amlodipin və ya diltiazem (ürək xəstəliklərinin və hipertenziyanın müalicəsi üçün istifadə edilən dərmanlar) ilə birlikdə istifadəsi zamanı qan təzyiqinin düşməsi, ürək atımının yavaşlaması və laktat asidoz müşahidə olunmuşdur. ● İİV-in (QİÇS) müalicəsi üçün istifadə edilən Etravirin, klaritromisinin səviyyəsini aşağı salır. ● Əgər aşağıdakı dərmanlardan hər hansı birini istifadə edirsinizsə, həkiminizlə məsləhətləşin: metilprednizolon (allergiyanın və revmatizmin müalicəsi üçün istifadə edilən dərman), vinblastin (bəzi xərçəng xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman), aprepitant (xərçəng zamanı müşahidə olunan ürəkbulanmanın müalicəsi üçün istifadə edilən dərman), silostazol (damar xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman), beta-laktam antibiotikləri, takrolimus (transplantın qopmasının qarşısını almaq üçün istifadə edilən dərman) və ya siklosporin (transplantın qopmasının qarşısını almaq üçün və bəzi revmatik və ya göz xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərman). Resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq hər hansı digər dərman preparatı istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə, lütfən bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın istifadəsinə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin. Hamiləlik dövründə klaritromisinin istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Ona görə də fayda/risk nisbətini hərtərəfli qiymətləndirmədən KLAMİSİN-in hamiləlik dövründə istifadəsi tövsiyə edilmir. Alternativ müalicə metodlarının heç birinin yaramadığı klinik hallar istisna olmaqla, KLAMİSİN-in hamiləlik dövründə istifadəsi tövsiyə edilmir. Həkiminiz fayda/risk nisbətini diqqətlə qiymətləndirəcəkdir. Əgər müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya dövründə klaritromisin istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Laktasiya dövründə KLAMİSİN-in istifadəsi zəruri olarsa, ana südü ilə qidalandırma dayandırılmalıdır. Pediatriyada istifadəsi Preparatın 12 yaşdan aşağı uşaqlarda tədqiqatı aparılmadığından uşaqlarda istifadə olunmamalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrinin və mexanizmlərin idarə edilməsinə təsirinə dair heç bir məlumat yoxdur. Pasiyentlər nəqliyyat vasitələrini və mexanizmləri idarə etməzdən əvvəl vertiqonun (başgicəllənmə) çaşqınlığın (stupor) və dezorientasiyanın inkişaf edə bilməsini nəzərə almalıdırlar.

İstifadə qaydası və dozası

● Həkiminiz Sizə KLAMİSİN-lə müalicəni nə qədər davam etdirməli olduğunuzu və hansı dozada neçə tablet qəbul etməli olduğunuzu deyəcəkdir. Həmişə həkiminizin tövsiyələrinə tam riayət edin. ● Əgər KLAMİSİN-i necə istifadə edəcəyinizə əmin deyilsinizsə, lütfən həkiminizlə məsləhətləşin. ● KLAMİSİN-in böyüklər üçün tövsiyə edilmiş ümumi dozası 6-14 gün və ya 7-14 gün müddətində gündə 2 dəfə (12 saatdqan bir) 250 və ya 500 mq təşkil edir. Mikobakterial infeksiyaların müalicə müddəti uzundur (3-4 həftə və ya daha uzun) və daha ağır hallarda doza gündə 1000 mq-a qədər artırıla bilər. Sizin həkiminiz Sizin infeksiyanızın xüsusiyyətinə müvafiq olaraq neçə gün müddətində gündə neçə dəfə hansı dozanı qəbul etməli olduğunuzu deyəcəkdir. ● H.pylori-nin eradikasiyası zamanı doza: onikibarmaq bağırsaq xorasının residivinin profilaktikası üçün H.pylori-nin eradikasiyası üçün həkiminizin digər dərmanlarla yanaşı müalicə rejimindən asılı olaraq 7, 10, 14 və ya 28 gün müddətində gündə 2 və ya 3 dəfə 500 mq klaritromisin istifadə edilir. ● KLAMİSİN-i hər gün eyni vaxtda 12 saat intervalla səhər və axşam qəbul etmək lazımdır, bu zaman qanda dərmanın miqdarı həmişə stabil vəziyyətdə olacaqdır. ● KLAMİSİN-i kifayət qədər su ilə (məsələn, 1 stəkan su ilə) udaraq daxilə qəbul etmək lazımdır. Tabletləri çeynəmək, xırdalamaq və ya qırmaq olmaz. ● Həkiminiz Sizin KLAMİSİN ilə nə qədər müddət ərzində müalicə almalı olduğunuzu bildirəcəkdir. Hətta özünüzü yaxşı hiss etsəniz də müalicəni vaxtından əvvəl dayandırmayın. ● Dərmanınızı vaxtında qəbul etməyi unutmayın. Müxtəlif yaş qrupları 12 yaşdan aşağı uşaqlarda tədqiq edilmədiyi üçün KLAMİSİN-in bu yaş qrupunda istifadəsi tövsiyə olunmur. Bu yaşdan aşağı uşaqlar üçün suspenziya dərman forması əlverişlidir. Yaşlılarda istifadəsi Ağır böyrək çatışmazlığı olan yaşlı pasiyentlərdə dozaya düzəliş edilməsi nəzərdən keçirilməlidir. Xüsusi hallar Böyrək çatışmazlığı: ağır böyrək çatışmazlığı olan pasiyentlərdə KLAMİSİN-in dozası gündə 1 dəfə 250 mq-a qədər və ya gündə 2 dəfə 250 mq-a qədər azaldılmalıdır. Bu, müntəzəm dozanın yarısıdır. Belə pasiyentlərdə müalicə müddəti 14 gündən artıq olmamalıdır. Mötədil böyrək çatışmazlığı olan pasiyentlərdə maksimum gündə bir KLAMİSİN qəbul etmək olar. Qaraciyər çatışmazlığı: qaraciyər çatışmazlığı olan pasiyentlərdə KLAMİSİN-in istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. KLAMİSİN-in qida və içkilərlə birlikdə istifadəsi KLAMİSİN acqarına və ya yemək zamanı istifadə edilə bilər. KLAMİSİN-in tərkibində natrium vardır. Natrium pəhrizinə nəzarət edən pasiyentlər bunu nəzərə almalıdırlar. Əgər Siz KLAMİSİN istifadə etməyi unutmusunuzsa Əgər Siz dozanın qəbulunu unutmusunuzsa, onu xatırlayan kimi dərhal qəbul edin. Lakin əgər növbəti dozanın qəbul vaxtı çatmışdırsa, o zaman unudulmuş dozanı buraxaraq doza qəbulunu adi qaydada davam etdirin. Unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul edilməməlidir. Həkiminizin məsləhəti olmadan müalicəni dayandırmayın. Əgər Siz müalicəni dayandırırsınızsa, o zaman dərmanın təsiri itəcəkdir. Əgər Sizə elə gəlirsə ki, KLAMİSİN-in təsiri həddindən artıq güclüdür və ya həddindən artıq zəifdir, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, KLAMİSİN preparatının komponentlərindən hər hansı birinə qarşı həssaslığı olan şəxslərdə əlavə təsirlər meydana çıxa bilər. Aşağıda göstərilən əlavə təsirlər aşağıda sadalanan kateqoriyalarla ifadə edilir. Çox tez-tez: 10 pasientin ən azı 1-də rast gəlir. Tez-tez: 10 pasientin 1-dən azında, lakin, 100 pasientin 1-dən çoxunda rast gəlir. Bəzən: 100 pasientin 1-dən azında, lakin, 1000 pasientin 1-dən çoxunda rast gəlir. Nadir: 1000 pasientin 1-dən az rast gələ bilər. Çox nadir: 10000 pasientin 1-dən çoxunda rast gələ bilər . Məlum deyil: mövcud məlumatlara görə tezliyi təyin etmək mümkün deyil. KLAMİSİN-dən istifadə zamanı aşağıdakı əlavə təsirlər meydana çıxa bilər: Əgər Sizdə aşağıdakı hallar yaranarsa, KLAMİSİN-i qəbul etməyi dayandırıb, DƏRHAL həkimə və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin – Övrədən başlayaraq anafilaksiyaya və ciddi dəri reaksiyalarına qədər (toksik epidermal nekroliz/Stivens-Conson sindromu, DRESS sindromu, Şenleyn-Henox sindromu) allergik reaksiyalar (dəridə kiçik sianoz və qanaxma). Bəzən – Ürəkdöyünmə – Alanin-aminotransferazanın səviyyəsinin yüksəlməsi (ALT) (qaraciyər fermenti) – Aspartat-aminotransferazanın səviyyəsinin yüksəlməsi (AST) (qaraciyər fermenti) – Güclü qaşınma – Övrə – Leykopeniya (qanda leykositlərin sayının azalması, tez-tez infeksiyanın yaranması) – Neytropeniya (qanda neytrofil leykositlərin ağır dərəcədə azalması, infeksiyaların tezliyinin artması) – Eozinofiliya (qanda eozinofil leykositlərin artması, allergik vəziyyətlərin inkişafı, qaşınma, qızartı) – Qammaqlutamiltransferazanın səviyyəsinin artması Məlum deyil – Qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi və sarılıqla və ya sarılıqsız qaraciyərin disfunksiyası kimi qaraciyərin iltihabının əlamət və simptomları, anoreksiya (iştahanın itməsi), sarılıq, sidiyin tündləşməsi, qaşınma və qarında ağrı – Qanda eozinofillərin sayının artması və ümumi simptomlarla müşayiət olunan dərman reaksiyaları, – Qanda şəkərin miqdarını aşağı salan dərmanlarla (bəziləri oral istifadə olunur) və ya insulinlə müalicə olunan pasiyentlərdə hipoqlikemiya (qan şəkərində düşmə) müşahidə olunur – Ürək ritminin ciddi pozulması – Mədəaltı vəzinin iltihabı (infeksiyası) – İnterstisial nefrit (böyrək iltihabının növü) – Klaritromisin və kolxisinin birlikdə istifadəsi nəticəsində kolxisinlə zəhərlənmə, xüsusilə yaşlı pasiyentlərdə və böyrək çatışmazlığı olan pasiyentlərdə. – Skelet əzələsinin pozğunluğu – Psevdomembranoz kolit (ağır diareya) – Qızılyel (dərinin iltihabi qızarması ilə müşayiət olunan kəskin iltihabi xəstəlik) – Eritrazma (qırmızı və ya qonur ləkələrlə müşayiət olunan dəri xəstəliyi) – Aqranulositoz (titrətmə, yüksək temperatur və selikli qişalarda xora) – Miopatiya (əzələ ağrısı, zəiflik) – Böyrək çatışmazlığı Bütün bunlar çox ciddi əlavə təsirlərdir. Təcili tibbi müdaxilə tələb edilə bilər. Əgər aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, həkiminizə və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin Bəzən – Vertiqo (başgicəllənmə) – Dilin iltihabı, ağız boşluğunun iltihabı, ağız boşluğunun kandidozu, dilin rənginin dəyişməsi – Leykositlərin və trombositlərin sayının azalması – Qanda sidik cövhərinin və kreatininin səviyyəsinin artması, qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi. – Kandidoz (Kandida tipli göbələk infeksiyası) – Vaginal infeksiya – Tremor (titreme) – Eşitmənin pozulması – Qastrit (yeməkdən sonra mədənin qıcqırması) – Qaraciyər fermentlərinin səviyyəsinin müvəqqəti yüksəlməsi – Qanda alaninfosfatazanın səviyyəsinin yüksəlməsi – Qanda laktatdehidrogenazanın səviyyəsinin yüksəlməsi Məlum deyil – Ətraf mühitə uyğunlaşa bilməmək, sayıqlama, depressiya, psixoz və özünün dəyişməsi hissi, maniya (həddən çox xoşbəxt davranışla və özünə inamla bağlı psixi pozğunluq) – Eşitmənin itməsi – Qıcolmalar (tutma) – Əzələ ağrısı – Bədənin istənilən hissəsində keyləşmə və ya iynəbatırma hissi (paresteziya) – Qanaxma (hemorragiya) – Akne (çivzə) – Beynəlxalq normallaşdırılmış nisbətin (İNR – laxtalanma vaxtını ölçmək üçün şkala) yüksəlməsi – Protrombin (laxtalanma) vaxtının uzanması (PTZ) – Sidiyin qeyri-normal rəngə boyanması Bütün bunlar ciddi əlavə təsirlərdir və tibbi müdaxilə tələb edilə bilər. Əgər aşağıdakı əlavə təsirlərdən hər hansı biri meydana çıxarsa, həkiminizə məlumat verin Tez-tez – Diareya – Qusma – Qarın ağrısı – Həzmin pozulması – Ürəkbulanma – Yuxusuzluq Bəzən – İştahanın itməsi – Qəbizlik – Ağızda quruluq – Qarında gərginlik – Başgicəllənmə – Narahatlıq – Tinnit – Titrəmələr – Halsızlıq – Sinədə ağrı – Yorğunluq – Gəyirmə Məlum deyil – Davranışda dəyişiklik – Pis yuxugörmələr – Çaşqınlıq – Dadbilmənin disfunksiyası ilə bağlı iybilmənin dəyişməsi – Dişlərin rənginin pisləşməsi Bu əlavə təsirlər KLAMİSİN-in zəif ifadə olunmuş əlavə təsirləridir. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə və ya əczaçıya müraciət edin.

Doza həddinin aşılması

Əgər Siz lazım olduğundan artıq KLAMİSİN istifadə etmisinizsə, lütfən həkiminizə və ya əczaçıya müraciət edin. Artıq miqdarda KLAMİSİN-in istifadəsi zamanı mədə-bağırsaq simptomlarının yaranması gözlənilir. Doza həddinin aşılması zamanı həmçinin allergik reaksiyalar baş verə bilər.

Buraxılış forması

7 tablet, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı otaq temperaturunda işıqdan qorumaqla, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Əgər preparatda və/və ya qablaşdırmada defekt aşkar etsəniz preparatı istifadə etməyin.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalçı və qeydiyyat vəsiqəsinin sahibi Biofarma İlaç San. ve Tic. A.Ş., Türkiyə. Akpınar Mah. Osmangazi Cad. No:156 Sancaktepe/İstanbul/Turkey.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Klamisin 500 mq N14 tablet” üçün ilk rəyi siz yazın.

Oxşar məhsullar