Enalapril 5 mq N20 tablet

Dərman formasıTablet
Farmakoloji təsirAngiotenzinçevirən fermentin inhibitoru
İstehsal ölkəsiRusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,25 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

ENALAPRİL 5 mq, 10 mq və 20 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Enalapril

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq, 10 mq və 20 mq enalapril maleat vardır. Köməkçi maddələr:laktoza monohidrat, maqnezium karbonat, jelatin, krospovidon, maqnezium stearat.

Təsviri

5 mq, 10 mq və 20 mq girdə, hər iki tərəfi qabarıq, bir tərəfi xətli, ağ rəngli tabletlər.

Farmakoterapevtik qrupu

Angiotenzinçevirən fermentin inhibitoru. ATC kodu: C09AA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Enalapril – angiotenzinçevirən fermentin (AÇF) inhibitorları qrupuna daxil olan hipotenziv preparat olub, renin-angiotenzin-aldosteron sisteminə (RAAS) təsir göstərən dərman preparatlarına aiddir. Preparat istənilən dərəcəli essensial hipertenziyanın (birincili arterial hipertenziyanın (AH)) və renovaskulyar hipertenziyanın həm monoterapiya şəklində, həm də digər hipotenziv preparatlarla, xüsusilə, diuretiklərlə kombinasiya şəklində müalicəsi üçün istifadə olunur. Enalapril həmçinin, ürək çatışmazlığının (ÜÇ) müalicəsi üçün və ya inkişaf etməsinin qarşısının alınması üçün istifadə olunur. Enalapril – “prodərmandır” və preparatın hidrolizi nəticəsində enalaprilat əmələ gəlir ki, bu da yüksək spesiflikliyə malik və uzunmüddətli təsir göstərən AÇF inhibitorudur. AÇF (peptidil-dipeptidaza A) angiotenzin I-in pressor peptid olan angiotenzin II-ə çevrilməsini katalizə edir. AÇF-in inhibə olunması qan plazmasında angiotenzin II-nin konsentrasiyasının aşağı düşməsinə səbəb olur ki, bu da qan plazmasında reninin aktivliyinin yüksəlməsinə (reninin azadolmasına cavab olaraq, mənfi əks əlaqənin aradan qalxması nəticəsində) və aldosteronun sekresiyasının azalmasına gətirib çıxarır. Bu zaman, ümumi periferik damar müqaviməti (ÜPDM), sistolik və diastolik arterial təzyiq (AT) aşağı düşür, miokarda post- və preyüklənmə azalır. Enalapril venalara nisbətən, arteriyaların daha çox genişlənməsinə səbəb olur və bu zaman, ürək yığılmaları tezliyinin reflektor yüksəlməsi qeyd olunmur. AÇF, kinaza II fermeti ilə tam oxşardır və bu səbəbdən, enalapril həmçinin, güclü vazodilatasiyaedici təsirə malik olan peptidin – bradikininin dağılmasını blokadaya ala bilər. Enalaprilin terapevtik təsirində göstərilən effektin əhəmiyyəti dəqiqləşdirilməlidir. Enalapril vasitəsi ilə AT-nin aşağı salınmasının əsas mexanizmi, AT-nin tənzimlənməsində əhəmiyyətli rol oynayan RAAS aktivliyinin tormozlanması olmasına baxmayaraq, enalapril hətta AH-dən əziyyət çəkən və qan plazmasında renin aktivliyi aşağı olan pasiyentlərdə belə antihipertenziv təsir göstərir. Reninin normal və ya aşağı konsentrasiyaları ilə müqayisədə, reninin konsentrasiyası yüksək olduğu təqdirdə, preparatın hipotenziv effekti daha şiddətlidir. Enalaprilin AH qeyd olunan pasiyentlər tərəfindən istifadəsi, ürək yığılmaları tezliyinin (ÜYT) əhəmiyyətli yüksəlməsi olmadan AT-nin həm “ayaqüstü” vəziyyətdə, həm də “uzanmış” vəziyyətdə aşağı düşməsinə gətirib çıxarır. Bəzi hallarda simptomatik ortostatik (postural) hipotenziya inkişaf edir. Enalaprilin dozasının birdəfəlik daxilə istifadəsindən sonra, AÇF-in aktivliyinin effektiv inhibə olunması adətən, 2-4 saatdan sonra inkişaf edir. Preparatın antihipertenziv təsiri 1 saat müddətində inkişaf edir, AT-nin maksimal aşağı düşməsi preparatın istifadəsindən 4-6 saat sonra müşahidə olunur. Preparatın təsirinin davametmə müddəti dozadan asılıdır. Bununla belə, tövsiyə olunan dozalarda istifadə edildikdə, preparatın antihipertenziv təsiri və hemodinamik effektləri 24 saat müddətində saxlanılır. Bəzi pasiyentlərdə AT-nin optimal aşağı düşməsini əldə etmək məqsədi ilə müalicənin bir neçə həftə müddətində aparılması tələb oluna bilər. Enalaprilin istifadəsi ilə aparılan müalicənin dayandırılması, AT-nin kəskin yüksəlməsinə səbəb olmur. Enalaprilin istifadəsi ilə aparılan hipotenziv müalicə sol mədəcik hipertrofiyasının əhəmiyyətli geriləməsinə və onun sistolik funksiyasının saxlanılmasına gətirib çıxarır. Essensial hipertenziya qeyd olunan pasiyentlərdə AT-nin aşağı düşməsi ÜPDM-in azalması, ürək atımının artması və ÜYT-də dəyişikliklərin olmaması və ya əhəmiyyət kəsb etməyən dəyişikliklər ilə müşayiət olunur. Enalaprilin istifadəsindən sonra böyrək qan dövranının artması müşahidə olunur. Bu zaman yumaqcıq filtrasiyasının sürəti (YFS) dəyişmir, orqanizmdə natriumun və ya mayenin ləngiməsi əlamətləri müşahidə olunmur. Bununla belə, ilkin olaraq aşağı yumaqcıq filtrasiyasına malik pasiyentlərdə onun sürəti adətən, yüksəlir. Essensial hipertenziya və böyrək çatışmazlığı qeyd olunan pasiyentlərdə enalaprilin uzunmüddətli istifadəsi, böyrək funksiyalarının yaxşılaşmasına gətirib çıxara bilər ki, bu da YFS-in yüksəlməsi ilə təsdiq olunur. Enalaprilin istifadəsindən sonra, böyrək çatışmazlığından əziyyət çəkən və şəkərli diabet qeyd olunan və ya şəkərli diabet olmayan pasiyentlərdə albuminuriyanın, immunoqlobulin G-nin (IgG) böyrəklər vasitəsi ilə xaricolmasının zəifləməsi və eləcədə, sidikdə ümumi zülal göstəricisinin aşağı düşməsi müşahidə olunur. Enalaprilin və tiazid diuretiklərin eyni zamanda istifadəsi müddətində daha şiddətli antihipertenziv təsir müşahidə olunur. Enalapril, tiazidlərin istifadəsi nəticəsində meydana çıxan hipokaliumemiyanın inkişaf etməsini aşağı salır və ya qarşısını alır. Enalaprilin istifadəsi ilə aparılan müalicə adətən, preparatın qan plazmasında sidik turşusunun konsentrasiyasına arzuolunmayan təsiri ilə əlaqəli deyildir. Enalaprilin istifadəsi ilə müalicə qan plazmasında lipoprotein fraksiyalarının nisbətinə müsbət təsirin mövcudluğu ilə və preparatın ümumi xolesterinin konsentrasiyasına təsirinin olmaması ilə və ya müsbət təsirlə müşayiət olunur. Ürək çatışmazlığından (ÜÇ) əziyyət çəkən pasiyentlərdə ürək qlikozidləri və diuretiklərlə müalicə fonunda enalaprilin istifadəsi, ümumi periferik damar müqavimətinin və AT-nin aşağı düşməsinə səbəb olur. ÜYT aşağı düşdüyü təqdirdə (ÜÇ qeyd olunan pasiyentlərdə adətən yüksək olur), ürək atımı artır. Bundan əlavə, ağciyər kapillyarlarında qapanma təzyiqi həmçinin aşağı düşür. Preparat, Nyu-York kardioloji assosiasiyasının (NYHA) kriterilərinə əsasən qiymətləndirilən fiziki yüklənməyə qarşı tolerantlığın və ÜÇ-ün ağırlıq dərəcəsinin yaxşılaşmasına səbəb olur. Göstərilən effektlər enalaprilin istifadəsi ilə uzunmüddətli müalicə zamanı müşahidə olunur. Yüngül və mülayim dərəcəli ÜÇ qeyd olunan pasiyentlərdə enalapril, ürək dilatasiyasının və ÜÇ-ün proqressivləşməsini ləngidir ki, bu da sol mədəciyin son-diastolik və sistolik həcmlərinin aşağı düşməsi ilə və sol mədəcik atım fraksiyasının yaxşılaşması ilə təsdiq olunur. Enalapril, ÜC-dən əziyyət çəkən pasiyentlərdə mədəcik aritmiyalarının tezliyini azaldır; bununla belə göstərilən effektin əsas mexanizmləri və klinik əhəmiyyəti məlum deyil. Xroniki ürək çatışmazlığı zamanı preparatın nəzərə çarpan klinik effekti uzunmüddətli istifadə zamanı – 6 ay və daha çox müddət ərzində istifadə edildikdə, müşahidə olunur. Farmakokinetikası Sorulması Daxilə qəbul edildikdən sonra, enalapril mədə-bağırsaq traktında sürətlə sorulur. Qan zərdabında enalaprilin maksimal konsentrasiyası daxilə istifadə edildikdən sonra, 1 saat müddətində əldə olunur. Daxilə istifadə edildikdə, enalaprilin sorulma dərəcəsi təxminən 60 % təşkil edir. Eyni zamanda qəbul edilən qida, enalaprilin sorulma dərəcəsinə heç bir təsir göstərmir. Sorulduqdan sonra, enalapril sürətlə hidrolizə məruz qalır və bu zaman, AÇF-in güclü inhibitoru olan aktiv metabolit – enalaprilat əmələ gəlir. Enalaprilin dozasını daxilə qəbul etdikdən təxminən 4 saat sonra, qan zərdabında enalaprilatın maksimal konsentrasiyası müşahidə olunur. Enalaprilin sorulmasının və hidrolizinin davametmə müddəti müxtəlif tövsiyə olunan terapevtik dozalar üçün oxşardır. Böyrək funksiyaları normal olan sağlam könüllülərdə qan zərdabında enalaprilatın tarazlıq konsentrasiyası, enalaprilin istifadəsi başladıqdan sonra 4-cü gün əldə olunur. Paylanması Terapevtik dozalar diapazonunda enalaprilatın qan plazmasının zülalları ilə birləşmə dərəcəsi 60 %-dən artıq deyildir. Metabolizmi Enalaprilin, enalaprilatın əmələ gəlməsi ilə nəticələnən hidrolizdən başqa əhəmiyyət kəsb edən digər metabolizm yolları barədə heç bir məlumat yoxdur. Xaric olması Enalaprilin xaricolması əsasən, böyrəklər vasitəsi ilə həyata keçirilir. Sidikdə müəyyən olunan əsas metabolitlərə dozanın təxminən 40 %-ni təşkil edən enalaprilat və dəyişilməmiş enalapril (təxminən 20 %-i) aiddir. Qan plazmasında enalaprilatın konsentrasiya əyrisinin göstəricisi, ehtimal ki, AÇF ilə birləşməsi səbəbindən, davamlı son mərhələyə malikdir. Preparatın daxilə kursluq istifadəsi müddətində enalaprilatın yarımxaricolma dövrü 11 saat təşkil edir. Xüsusi pasiyent qruplarında preparatın farmakokinetikası Böyrək funksiyalarının pozğunluqlarından əziyyət çəkən pasiyentlər Enalaprilin və enalaprilatın “konsentrasiya-zaman” əyrisi altındakı sahə (AUC) göstəricisi böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə artır. Enalaprili sutkada 1 dəfə 5 mq dozada istifadə etdikdən sonra, böyrək funksiyaları dəyişməmiş pasiyentlərlə müqayisədə, yüngül və mülayim dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (kreatinin klirensi (KK) 40-60 ml/dəqiqədə) enalaprilatın AUC göstəricisi təxminən 2 dəfə yüksək olmuşdur. Ağır böyrək çatışmazlığı qeyd olunan pasiyentlərdə (KK 30 ml/dəqiqədən artıq olmayan) AUC göstəricisi təxminən 8 dəfə artmışdır. Ağır böyrək çatışmazlığı qeyd olunan pasiyentlərdə enalaprili dəfələrlə təkrar istifadə etdikdə, enalaprilatın effektiv yarımxaricolma dövrü uzanmışdır və enalaprilatın konsentrasiyasının tarazlıq vəziyyətinin başlanması isə ləngimişdir (“İstifadə qaydası və dozası” bölməsinə bax). Ümumi qan dövranından enalaprilat hemodializ prosedurası vasitəsi ilə çıxarıla bilər. Hemodializ zamanı klirensi 62 ml/dəqiqədə təşkil edir. Laktasiya dövrü Enalaprili birdəfəlik 20 mq dozada daxilə istifadə etdikdə, doğuşdan sonrakı dövrdə qadın pasiyentlərdə ana südündə enalaprilin orta maksimal konsentrasiyası, preparatın istifadəsindən 4- 6 saat sonra 1,7 mkq/l (0,54 mkq/l-dən 5,9 mkq/l-ə qədər) təşkil etmişdir. Enalaprilatın orta maksimal konsentrasiyası 1,7 mkq/l (1,2 mkq/l-dən 2,3 mkq/l-ə qədər) təşkil etmişdir və preparatın istifadəsindən sonra 24 saat müddətində müxtəlif vaxtlarda müşahidə olunmuşdur. Ana südündə preparatın maksimal konsentrasiyaları barədə məlumatları nəzərə alaraq, tam ana südü ilə qidalanan uşaq tərəfindən enalaprilin qiymətləndirici maksimal qəbulu, ananın bədən kütləsi əsasında hesablanmış dozanın 0,16 %-ni təşkil edir. Enalaprili 11 ay müddətində sutkada 1 dəfə 10 mq dozada daxilə qəbul etdikdə, enalaprilin maksimal konsentrasiyaları preparatın istifadəsindən 4 saat sonra 2 mkq/l, enalaprilatın maksimal konsentrasiyaları isə, preparatın istifadəsindən təxminən 9 saat sonra 0,75 mkq/l təşkil etmişdir. Preparatın istifadəsindən sonra, ana südündə orta konsentrasiyaları 24 saat müddətində qeyd olunmuşdur və enalapril üçün 1,44 mkq/l və enalaprilat üçün 0,63 mkq/l təşkil etmişdir. Enalaprili 5 mq və 10 mq dozalarda birdəfəlik istifadə etdikdə, ana südündə enalaprilatın konsentrasiyası preparatın istifadəsindən 4 saat sonra, müəyyən edilən səviyyədən aşağı (0,2 mkq/l-dən aşağı) olmuşdur. Enalaprilin konsentrasiyası müəyyən edilməmişdir.

İstifadəsinə göstərişlər

İstənilən dərəcəli essensial hipertenziya. Renovaskulyar hipertenziya. İstənilən dərəcəli ürək çatışmazlığı. Preparatın istifadəsi həmçinin, ÜÇ-ün klinik təzahürləri qeyd olunan pasiyentlərdə aşağıda göstərilən məqsədlər üçün göstərişdir: – pasiyentlərin sağqalma göstəricilərinin yüksəldilməsi; – ÜÇ-ün proqressivləşməsinin ləngidilməsi; – ÜÇ səbəbli hospitalizasiya tezliyinin aşağı salınması. Klinik olaraq şiddətli ürək çatışmazlığının inkişaf etməsinin profilaktikası. Preparatın istifadəsi klinik simptomlar olmadan sol mədəcik disfunksiyası ilə müşayiət olunan ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə aşağıda göstərilən məqsədlər üçün göstərişdir: – ÜÇ-ün klinik təzahürlərinin inkişaf etməsinin ləngidilməsi; – ÜÇ səbəbli hospitalizasiya tezliyinin aşağı salınması. Sol mədəcik disfunksiyası qeyd olunan pasiyentlərdə koronar işemiyanın profilaktikası. Preparatın istifadəsi göstərişdir: – miokard infarktının inkişaf etmə tezliyinin azaldılması üçün; – qeyri-stabil stenokardiya səbəbli hospitalizasiya tezliyinin aşağı salınması üçün.

Əks göstərişlər

Enalaprilə, preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı və ya digər AÇF inhibitorlarına qarşı yüksək həssaslıq. Anamnezlərində AÇF inhibitorlarının istifadəsi ilə əlaqəli angionevrotik ödem qeyd olunan pasiyentlər, irsi və ya idiopatik angionevrotik ödem. Şəkərli diabet və/və ya böyrək funksiyalarının mülayim və ya ağır pozğunluqları (yumaqcıq filtrasiyasının sürəti (YFS) 60 ml/dəqiqədə/1,73 m bədən səthi sahəsi göstəricisindən aşağı) qeyd olunan pasiyentlərdə aliskirenlə və/və ya aliskiren tərkibli preparatlarla eyni zamanda istifadəsi. Diabetik nefropatiyalı pasiyentlərdə angiotenzin II reseptorlarının antaqonistləri (A II RA) ilə eyni zamanda istifadəsi. Angionevrotik ödemin inkişaf etmə riskinin yüksəlməsini nəzərə alaraq, neytral endopeptidaza fermentinin inhibitorları ilə (məsələn, sakubitril tərkibli preparatlarla) eyni zamanda istifadəsi. 18 yaşa qədər pasiyentlər (preparatın effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir). Hamiləlik və laktasiya dövrü. Laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla Böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək böyrək arteriyasının stenozu; böyrək transplantasiyasından sonrakı vəziyyət; aortal və ya mitral stenoz; hipertrofik obstruktiv kardiomiopatiya; ürəyin işemik xəstəliyi; serebrovaskulyar xəstəliklər; böyrək çatışmazlığı; renovaskulyar hipertenziya; sümük iliyində qanyaranma prosesinin tormozlanması; birləşdirici toxumanın sistem xəstəlikləri (sistem qırmızı qurdeşənəyi, sklerodermiya və digər xəstəliklər), immunosupressiv müalicə, allopurinolun və ya prokainamidin istifadəsi ilə aparılan müalicə və ya yuxarıda göstərilən ağırlaşdırıcı faktorların kombinasiyası; qaraciyər çatışmazlığı; şəkərli diabet; hiperkaliumemiya; kaliumqoruyucu diuretiklərlə, kalium preparatları, kalium tərkibli xörək duzu əvəzediciləri və litium preparatları ilə eyni zamanda istifadəsi; dekstran sulfatın istifadəsi ilə aşağı sıxlıqlı lipoproteinlərin aferezi (ASLP-aferezi) prosedurasının aparılması; ağırlaşmış allerqoloji anamnez və ya anamnezlərində angionevrotik ödem qeyd olunan pasiyentlər; dövr edən qan həcminin aşağı düşməsi ilə müşayiət olunan vəziyyətlər (o cümlədən, diuretiklərin istifadəsi ilə aparılan müalicə, xörək duzunun məhdudlaşdırılması ilə pəhrizin saxlanılması, dializin aparılması, diareya və ya qusma zamanı); zarqanadlıların zəhərindən alınan allergenlə desensibilizasiyanın aparılması; yüksəkaxarlı membranların (məsələn, AN69 ) istifadəsi ilə dializ proseduraları aparılan pasiyentlər; irimiqyaslı cərrahi müdaxilələrdən sonra və ya ümumi anesteziya zamanı; neqroid irqinin nümayəndələrindən olan pasiyentlər. Simptomatik arterial hipotenziya Ağırlaşmamış AH qeyd olunan pasiyentlərdə simptomatik arterial hipotenziya nadir hallarda müşahidə olunur. Enalaprildən istifadə edən AH-lı pasiyentlərdə arterial hipotenziya daha tez-tez susuzlaşma fonunda meydana çıxır ki, bu vəziyyət də məsələn, digər diuretiklərlə müalicə və xörək duzunun istifadəsinin məhdudlaşdırılması nəticəsində, dializ proseduraları aparılan pasiyentlərdə və eləcə də diareya və ya qusma qeyd olunan pasiyentlərdə müşahidə olunur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Əlavə təsirləri” bölmələrinə bax). Bundan əlavə, simptomatik arterial hipotenziya böyrək çatışmazlığı ilə müşayiət olunan və ya böyrək çatışmazlığı olmadan inkişaf edən ÜÇ qeyd olunan pasiyentlərdə də müşahidə olunmuşdur. Arterial hipotenziya, “ilgək” diuretiklərinin yüksək dozalarından istifadə edən hiponatriumemiya ilə və ya böyrək funksiyalarının pozğunluqları ilə müşayiət olunan daha ağır dərəcəli ÜÇ qeyd olunan pasiyentlərdə daha tez-tez inkişaf edir. Həmin pasiyentlərdə preparatın istifadəsi ilə müalicəni, enalaprilin və/və ya diuretikin dozasının dəyişdirilməsini xüsusi diqqətlə həyata keçirən həkim nəzarəti altında başlamaq lazımdır. Ürəyin işemik xəstəliyi və ya serebrovaskulyar xəstəlik qeyd olunan pasiyentlərin müşahidəsi analoji qaydada aparılmalıdır, çünki, AT-nin həddindən artıq aşağı düşməsi miokard infarktının və ya insultun inkişafına gətirib çıxara bilər. Arterial hipotenziya inkişaf etdiyi halda, pasiyenti uzandırmaq və zərurət yarandığı halda, 0,9 %- li natrium xlorid məhlulu yeritmək lazımdır. Enalaprilin istifadəsi zamanı meydana çıxan tranzitor arterial hipotenziya preparatın gələcəkdə istifadəsi və dozasının artırılması üçün əks göstəriş deyildir; orqanizmdə mayenin həcmi bərpa olunduqdan və AT normalaşdıqdan sonra, preparatın istifadəsini davam etdirmək və dozasını artırmaq olar. ÜÇ olan və normal və ya aşağı AT qeyd olunan bəzi pasiyentlərdə enalaprilin istifadəsi, AT-nin əlavə olaraq, aşağı düşməsinə səbəb ola bilər. Preparatın istifadəsinə qarşı həmin reaksiyanın meydana çıxması gözləniləndir və müalicənin dayandırılması üçün əsas deyildir. Arterial hipotenziya stabil xarakter daşıdığı hallarda, preparatın dozasını aşağı salmaq və/və ya diuretiklə və/və ya enalaprillə müalicəni dayandırmaq lazımdır. Aortal və ya mitral stenoz/hipertrofik obstruktiv kardiomiopatiya Vazodilatasiyaedici təsirə malik olan bütün digər dərman preparatları kimi, sol mədəcikdən axın yollarının obstruksiyası qeyd olunan pasiyentlərdə, AÇF inhibitorları da ehtiyatla istifadə edilməlidir. Böyrək funksiyalarının pozulması AÇF inhibitorları ilə müalicəyə başladıqdan sonra inkişaf edən arterial hipotenziya, bəzi pasiyentlərdə gələcəkdə böyrək funksiyalarının pisləşməsinə gətirib çıxara bilər. Bəzi hallarda, adətən geri dönən xarakter daşıyan kəskin böyrək çatışmazlığının inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə preparatın dozasının və/və ya istifadə tezliyinin aşağı salınması tələb oluna bilər (“İstifadə qaydası və dozası” bölməsinə bax). Böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək böyrək arteriyasının stenozu qeyd olunan bəzi pasiyentlərdə qanda sidik cövhərinin və qan zərdabında kreatininin konsentrasiyasının yüksəlməsi müşahidə olunmuşdur. Həmin dəyişikliklər adətən geri dönən xarakter daşımışdır və müalicə dayandırıldıqdan sonra, ilkin göstəricilərə qayıtmışdır. Qeyd olunan dəyişikliklərin meydana çıxması, böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə daha çox ehtimal edilir. Müalicəyə başlamazdan əvvəl böyrək xəstəlikləri aşkar edilməyən bəzi pasiyentlərdə, enalaprilin diuretiklərlə birlikdə istifadəsi adətən, qanda sidik cövhərinin və qan zərdabında kreatininin konsentrasiyasının əhəmiyyət kəsb etməyən və tranzitor yüksəlməsinə səbəb olmuşdur. Belə hallarda diuretikin və/və ya enalaprilin dozasının aşağı salınması və/və ya istifadəsinin dayandırılması tələb oluna bilər. Böyrək transplantasiyası Böyrək transplantasiyasından sonra pasiyentlərdə enalaprilin istifadə təcrübəsinin olmamasını nəzərə alaraq, böyrək transplantasiyasından sonra pasiyentlərdə preparatın istifadəsi ilə müalicənin aparılması tövsiyə olunmur. Qaraciyər çatışmazlığı AÇF inhibitorlarının istifadəsi nadir hallarda, bəzən ölümlə nəticələnən xolestatik sarılıqdan və ya hepatitdən başlayan və qaraciyərin fulminant nekrozuna qədər proqressivləşən sindromun inkişaf etməsi ilə əlaqəli olmuşdur. Göstərilən sindromun inkişaf etmə mexanizmi öyrənilməmişdir. AÇF inhibitorlarının istifadəsi fonunda sarılıq meydana çıxdıqda və ya “qaraciyər” transaminazalarının aktivliyinin əhəmiyyətli yüksəlməsi qeyd olunduğu halda, preparatın istifadəsini dayandırmaq və müvafiq köməkçi müalicə təyin etmək lazımdır, bu zaman pasiyent müvafiq müşahidə altında saxlanılmalıdır. Neytropeniya/aqranulositoz AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə neytropeniya/aqranulositoz, trombositopeniya və anemiya müşahidə olunmuşdur. Böyrək funksiyaları normal olan və digər ağırlaşdırıcı faktorlar olmayan pasiyentlərdə neytropeniya nadir hallarda meydana çıxır. Enalapril, birləşdirici toxumanın sistem xəstəlikləri (sistem qırmızı qurdeşənəyi, sklerodermiya və s.) qeyd olunan pasiyentlərdə, immunosupressiv müalicə, allopurinolun və ya prokainamidin istifadəsi ilə müalicə qəbul edən pasiyentlərdə və ya yuxarıda göstərilən ağırlaşdırıcı faktorların kombinasiyası qeyd olunan pasiyentlərdə, xüsusilə, böyrək funksiyalarının pozğunluqları artıq mövcud olduğu hallarda son dərəcədə ehtiyatla istifadə edilməlidir. Həmin pasiyentlərin bəzilərində, bir sıra hallarda antibiotiklərin istifadəsi ilə intensiv müalicəyə cavab verməyən ciddi infeksion xəstəliklər inkişaf etmişdir. Göstərilən pasiyentlərdə enalaprildən istifadə etdikdə, qanda leykositlərin və limfositlərin miqdarının müntəzəm nəzarətinin aparılması tövsiyə olunur və pasiyentləri, infeksion xəstəliyin istənilən əlamətləri barədə məlumat vermələrinin zəruriliyi barədə xəbərdar etmək lazımdır. Hiperhəssaslıq reaksiyaları/angionevrotik ödem Enalapril də daxil olmaqla, AÇF inhibitorlarından istifadə etdikdə, nadir hallarda müalicənin müxtəlif dövrlərində üz nahiyəsinin, ətrafların, dodaqların, dilin, səs telləri büküşlərinin və/və ya qırtlağın angionevrotik ödemi müşahidə olunmuşdur. Çox nadir hallarda intestinal ödemin inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Belə hallarda preparatın istifadəsi darhal dayandırılmalı və klinik simptomlara nəzarət və korreksiya etmək məqsədi ilə pasiyentlərin vəziyyətləri diqqətlə müşahidə edilməlidir. Respirator distress sindrom inkişaf etmədən hətta yalnız dil ödemi müşahidə olunduğu hallarda belə, pasiyentlərin uzunmüddətli müalicəsinin aparılması tələb oluna bilər, çünki, antihistamin preparatlarla və kortikosteroidlərlə aparılan müalicə kifayət etməyə bilər. Qırtlaq ödemi və ya dil ödemi ilə əlaqəli angionevrotik ödem səbəbindən ölüm nəticəsinin baş verməsi barədə məlumat mövcuddur. Dilin, səs telləri büküşlərinin və ya qırtlağın angionevrotik ödemi, xüsusilə, tənəffüs orqanları üzərində cərrahi müdaxilələr keçirmiş pasiyentlərdə tənəffüs yollarının obstruksiyasına gətirib çıxara bilər. Ödem dil, səs telləri büküşləri və qırtlaq nahiyyəsində yerləşdiyi və tənəffüs yollarının obstruksiyasına səbəb ola bildiyi hallarda, dərhal müvafiq müalicənin təyin edilməsi tələb olunur ki, buna da 0,1 %-li epinefrin (adrenalin) məhlulunun (0,3-0,5 ml) dəri altına yeridilməsi və/və ya tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi aiddir. Digər irqlərdən olan pasiyentlərlə müqayisədə, AÇF inhibitorlarından istifadə edən neqroid irqindən olan pasiyentlərdə angionevrotik ödem daha tez-tez müşahidə olunmuşdur. Anamnezlərində AÇF inhibitorlarının istifadəsi ilə əlaqəli olmayan angionevrotik ödem qeyd olunan pasiyentlər, AÇF inhibitorları ilə müalicə fonunda angionevrotik ödemin inkişaf etmə riski ilə daha çox üzləşə bilərlər (“Əks göstərişlər” bölməsinə bax). Zarqanadlıların zəhərindən alınan allergenlə desensibilizasiya zamanı müşahidə olunan anafilaktoid reaksiyalar AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə zarqanadlıların zəhərindən alınan allergenlə desensibilizasiya aparılan müddət ərzində nadir hallarda həyat üçün təhlükəli olan anafilaktoid reaksiyalar inkişaf etmişdir. Desensibilizasiyanın aparılmasına başlamazdan əvvəl AÇF inhibitorunun istifadəsini müvəqqəti dayandırmaqla, arzuolunmayan reaksiyalardan qaçınmaq mümkündür. ASLP-aferezi zamanı müşahidə olunan anafilaktoid reaksiyalar AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə dekstran sulfatın istifadəsi ilə ASLP-aferezi aparılan müddət ərzində nadir hallarda həyat üçün təhlükəli olan anafilaktoid reaksiyalar müşahidə olunmuşdur. ASLP-aferezi prosedurasına başlamazdan əvvəl AÇF inhibitorunun istifadəsini müvəqqəti dayandırmaqla, arzuolunmayan reaksiyalardan qaçınmaq mümkündür. Hemodializ proseduraları aparılan pasiyentlər Yüksəkaxarlı membranların (məsələn, AN69 ) istifadəsi ilə dializ proseduraları aparılan və eyni zamanda AÇF inhibitorları ilə müalicə qəbul edən pasiyentlərdə anafilaktoid reaksiyalar müşahidə olunmuşdur. Göstərilən pasiyentlərdə digər növ dializ membranlarından və ya digər sinifdən olan hipotenziv preparatlardan istifadə edilməlidir. Öskürək AÇF inhibitorları ilə müalicə fonunda öskürəyin meydana çıxması halları müşahidə olunmuşdur. Öskürək, bir qayda olaraq, qeyri-məhsuldar və daimi xarakter daşıyır və müalicə dayandırıldıqdan sonra, aradan qalxır. Öskürəyin differensial diaqnostikası aparıldıqda, AÇF inhibitorlarının istifadəsi ilə əlaqəli öskürək nəzərə alınmalıdır. Cərrahi müdaxilələr/ümumi anesteziya İrimiqyaslı cərrahi müdaxilələr müddətində və ya antihipertenziv effektin meydana çıxmasına səbəb olan preparatların istifadəsi ilə ümumi anesteziya zamanı, enalaprilat, reninin kompensator azadolması nəticəsində angiotenzin II əmələ gəlməsinin blokadaya alınmasına gətirib çıxarır. Bu zaman, AT-nin oxşar mexanizmlə izah edilən şüddətli aşağı düşməsi inkişaf etdiyi təqdirdə, onu, dövr edən qan həcminin artırılması ilə korreksiya etmək olar. Hiperkaliumemiya (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) Böyrək çatışmazlığı və şəkərli diabet zamanı və eləcədə, kaliumqoruyucu diuretiklərin (məsələn, spironolaktonun, eplerenonun, triamterenin və ya amiloridin), kalium tərkibli əlavələrin və ya kalium tərkibli duzların eyni zamanda istifadəsi zamanı hiperkaliumemiyanın inkişaf etmə riski müşahidə olunur. Kalium tərkibli əlavələrin, kaliumqoruyucu diuretiklərin və ya kalium tərkibli duzların, xüsusilə, böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə istifadəsi, qan zərdabında kaliumun miqdarının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər. Hiperkaliumemiya ciddi, bəzi hallarda ölümlə nəticələnə bilən aritmiyalara gətirib çıxara bilər. Enalaprilin və yuxarıda göstərilən dərman preparatlarının eyni zamanda istifadəsi üçün zərurət yarandığı hallarda, ehtiyat tədbirlərinə riayət etmək və qan zərdabında kaliumun miqdarına müntəzəm nəzarət etmək lazımdır. Hipoqlikemiya Daxilə qəbul etmək üçün hipoqlikemik preparatlardan və ya insulindən istifadə edən şəkərli diabetdən əziyyət çəkən pasiyentlər ,AÇF inhibitorlarının istifadəsinə başlamazdan əvvəl, xüsusilə, göstərilən dərman preparatlarının eyni zamanda istifadəsinin birinci ayı müddətində, qanda qlükoza konsentrasiyasının (hipoqlikemiyanın) müntəzəm nəzarətinin zəruriliyi barədə məlumatlandırılmalıdırlar (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Litium preparatları Litium preparatlarının və enalaprilin eyni zamanda istifadəsi tövsiyə olunmur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Renin-angiotenzin-aldosteron sisteminin ikiqat blokadaya alınması Həssas pasiyentlərdə, xüsusilə, RAAS-a təsir göstərən dərman preparatlarının istifadəsi ilə kombinəolunmuş müalicə aparıldığı halda, arterial hipotenziyanın, bayğınlığın, insultun, hiperkaliumemiyanın və böyrək funksiyalarının pozğunluqlarının (o cümlədən, kəskin böyrək çatışmazlığının) inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). AÇF inhibitorlarının A II RA ilə və ya aliskirenlə kombinəolunmuş istifadəsi ilə RAAS-ın ikiqat blokadasının aparılması tövsiyə olunmur. AÇF inhibitorlarının aliskiren tərkibli preparatlarla eyni zamanda istifadəsi, şəkərli diabet və/və ya böyrək funksiyalarının mülayim və ya ağır pozğunluqları (YFS 60 ml/dəqiqədə/1,73 m bədən səthi sahəsi göstəricisindən aşağı) qeyd olunan pasiyentlərdə əks göstərişdir və digər pasiyentlərə də tövsiyə olunmur. AÇF inhibitorlarının A II RA ilə eyni zamanda istifadəsi, diabetik nefropatiyalı pasiyentlərdə əks göstərişdir və digər pasiyentlərə də tövsiyə olunmur. Yaşlı pasiyentlərdə istifadəsi AH-lı yaşlı pasiyentlərdə və nisbətən gənc yaşlı pasiyentlərdə enalaprilin effektivliyi və təhlükəsizliyi eynidir. Pasiyentin irqi Digər AÇF inhibitorlarının istifadəsi zamanı olduğu kimi, enalapril, ehtimal ki, digər irqlərdən olan pasiyentlərlə müqayisədə, neqroid irqinin nümayəndələrindən olan pasiyentlərdə AT-ni daha az effektiv şəkildə aşağı salır ki, bu da AH-lı neqroid irqindən olan pasiyentlər populyasiyasında qan plazmasında renin aktivliyinin aşağı olmasının yayılma dərəcəsinin daha yüksək olması ilə izah edilə bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər hipotenziv preparatlar Enalapril digər hipotenziv müalicə ilə eyni zamanda istifadə edildikdə, additiv effekt müşahidə olunur. Preparatı digər hipotenziv preparatlarla, xüsusilə, diuretiklərlə eyni zamanda istifadə etdikdə, antihipertenziv effektin güclənməsi müşahidə oluna bilər. Enalaprilin beta-adrenoblokatorlarla, metildopa və “ləng” kalsium kanallarının blokatorları ilə eyni zamanda istifadəsi, antihipertenziv effektin şiddətinin yüksəlməsinə səbəb olur. Preparatın alfa-, beta-adrenoblokatorlarla və qanqlioblokatorlarla eyni zamanda istifadəsi,ciddi həkim nəzarəti altında aparılmalıdır. Enalaprilin nitroqliserinlə, digər nitropreparatlarla və ya digər vazodilatatorlarla eyni zamanda istifadəsi, antihipertenziv effektin güclənməsinə gətirib çıxarır. Qan zərdabında kaliumun səviyyəsi Enalaprili 48 həftədən artıq müddət ərzində monoterapiya şəklində istifadə edən AH-lı pasiyentlərdə qan zərdabında kaliumun miqdarının orta hesabla 0,2 mmol/l artması müşahidə olunmuşdur. Enalaprili kalium ionlarının itirilməsinə səbəb olan diuretiklərlə (tiazidlərlə və ya “ilgək” diuretikləri ilə) eyni zamanda istifadə etdikdə, enalaprilin effekti sayəsində diuretiklərin təsiri nəticəsində meydana çıxan hipokaliumemiya, bir qayda olaraq, zəifləyir. Hiperkaliumemiyanın inkişaf etməsi üçün risk faktorlarına böyrək çatışmazlığı, şəkərli diabet, kaliumqoruyucu diuretiklərin (məsələn, spironolaktonun, eplerenonun, triamterenin və ya amiloridin) və eləcədə, kalium tərkibli əlavələrin və duzların eyni zamanda istifadəsi aiddir. Kalium tərkibli əlavələrin, kaliumqoruyucu diuretiklərin və ya kalium tərkibli duzların, xüsusilə, böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə istifadəsi, qan zərdabında kaliumun miqdarının əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxara bilər. Yuxarıda göstərilən kalium tərkibli preparatların və ya kaliumun miqdarının yüksəlməsinə səbəb olan preparatların eyni zamanda istifadəsi üçün zərurət yarandığı halda, ehtiyat tədbirlərinə riayət edilməlidir və qan zərdabında kaliumun miqdarına müntəzəm şəkildə nəzarət edilməlidir. Preparatın ko-trimoksazol (trimetoprim + sulfametoksazol) tərkibli preparatlarla eyni zamanda istifadəsi müddətində, hiperkaliumemiyanın inkişaf etmə riski yüksəkdir. Hipoqlikemik preparatlar AÇF inhibitorlarının və hipoqlikemik preparatların (insulinin, daxilə qəbul etmək üçün hipoqlikemik preparatların) eyni zamanda istifadəsi, sonuncuların hipoqlikemik effektinin güclənməsinə səbəb ola bilər ki, bu da hipoqlikemiyanın inkişaf etmə riski ilə müşayiət olunur. Göstərilən fenomen, bir qayda olaraq, kombinəolunmuş müalicənin ilk həftələri müddətində və eləcədə, böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə daha tez-tez müşahidə olunur. Daxilə qəbul etmək üçün hipoqlikemik preparatlardan və ya insulindən istifadə edən şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə, xüsusilə, preparatların AÇF inhibitorları ilə eyni zamanda istifadəsinin ilk ayı müddətində qanda qlükozanın konsentrasiyasına müntəzəm nəzarət edilməlidir. Litium preparatları Natriumun xaricolmasına təsir göstərən digər dərman preparatları kimi, AÇF inhibitorları böyrəklər vasitəsi ilə litiumun xaricolmasını aşağı sala bilər və bu səbəbdən, litium preparatlarının və AÇF inhibitorlarının eyni zamanda istifadəsi müddətində qan zərdabında litiumun konsentrasiyasının müntəzəm monitorinqi aparılmalıdır. Trisiklik antidepressantlar/neyroleptiklər/ümumi anesteziya üçün nəzərdə tutulmuş preparatlar/narkotik preparatlar Bəzi anesteziyaedici dərman preparatlarının, trisiklik antidepressantların və neyroleptiklərin AÇF inhibitorları ilə eyni zamanda istifadəsi, AT-nin davamlı aşağı düşməsinə gətirib çıxara bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Etanol Etanol AÇF inhibitorlarının antihipertenziv təsirini gücləndirir. Asetilsalisil turşusu, trombolitiklər və beta-adrenoblokatorlar Enalapril asetilsalisil turşusu (antiaqreqant preparat şəklində), trombolitiklər və beta- adrenoblokatorlar ilə eyni zamanda istifadə edilə bilər. Simpatomimetiklər Simpatomimetiklər AÇF inhibitorlarının antihipertenziv effektinin zəifləməsinə səbəb ola bilər. Qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) QSİƏP, o cümlədən, siklooksigenaza-2 (SOG-2) fermentinin selektiv inhibitorları diuretiklərin və digər hipotenziv preparatların effektinin zəifləməsinə səbəb ola bilər. Bunun nəticəsində, QSİƏP ilə, o cümlədən, SOG-2 fermentinin selektiv inhibitorları ilə eyni zamanda istifadə edildikdə, angiotenzin II reseptorlarının antaqonistlərinin (A II RA) və ya AÇF inhibitorlarının antihipertenziv effekti zəifləyə bilər. QSİƏP ilə, o cümlədən, SOG-2 fermentinin selektiv inhibitorları ilə eyni zamanda A II RA-nın və ya AÇF inhibitorlarının eyni zamanda istifadəsi, böyrək funksiyalarının pozulması qeyd olunan bəzi pasiyentlərdə (məsələn, yaşlı pasiyentlərdə və ya susuzlaşma qeyd olunan pasiyentlərdə, o cümlədən, diuretiklərdən istifadə edən pasiyentlərdə) kəskin böyrək çatışmazlığının inkişaf etməsi də daxil olmaqla, böyrək funksiyalarının davamlı pisləşməsinə səbəb ola bilər. Həmin effektlər adətən geri dönəndir və bu səbəbdən, böyrək funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə göstərilən dərman preparatlarının eyni zamanda istifadəsi ehtiyatla aparılmalıdır. Renin-angiotenzin-aldosteron sisteminin ikiqat blokadaya alınması Monoterapiya ilə müqayisədə, A II RA-nın, AÇF inhibitorlarının və ya aliskirenin (reninin inhibitoru) istifadəsi ilə RAAS-ın ikiqat blokadası arterial hipotenziyanın, bayğınlığın, hiperkaliumemiyanın və böyrək funksiyalarının pozğunluqlarının (o cümlədən, kəskin böyrək çatışmazlığının) inkişaf etmə riskinin yüksəlməsi ilə assosiasiya olunmuşdur. Enalaprildən və RAAS-a təsir göstərən digər dərman preparatlarından eyni zamanda istifadə edən pasiyentlərdə AT-ə, böyrək funksiyalarına və qanda elektrolitlərin miqdarına müntəzəm nəzarətin aparılması tələb olunur. AÇF inhibitorlarının aliskiren tərkibli preparatlarla eyni zamanda istifadəsi, şəkərli diabet və/və ya mülayim və ya ağır böyrək çatışmazlığı (YFS 60 ml/dəqiqədə/1,73 m bədən səthi sahəsi göstəricisindən aşağı) qeyd olunan pasiyentlərdə əks göstərişdir və digər pasiyentlərə də tövsiyə olunmur. AÇF inhibitorlarının A II RA ilə eyni zamanda istifadəsi, diabetik nefropatiyalı pasiyentlərdə əks göstərişdir və digər pasiyentlərə də tövsiyə olunmur. Qızıl preparatları Parenteral yolla istifadə üçün nəzərdə tutulmuş qızıl preparatlarının (natrium aurotiomalat) və enalapril də daxil olmaqla, AÇF inhibitorlarının eyni zamanda istifadəsi müddətində, nadir hallarda üz nahiyəsi dərisinə “qan axını”, ürəkbulanma, qusma və arterial hipotenziya kimi əlamətləri əhatə edən simptomlar kompleksi (nitratabənzər reaksiyalar) müşahidə olunur. Angionevrotik ödemin inkişaf etmə riskinin yüksəlməsi AÇF inhibitorlarının aşağıda göstərilən preparatlarla eyni zamanda istifadəsi, angionevrotik ödemin inkişaf etmə riskinin yüksəlməsinə səbəb olur: – mTOR (mammalian Target of Rapamycin – məməlilərin hüceyrələrində rapamisin hədəfi) inhibitorları, məsələn, temsirolimus, sirolimus, everolimus; – dipeptidilpeptidaza IV (DPP-IV) tipli inhibitorlarla (qliptinlərlə), məsələn, sitaqliptinlə, saksaqliptinlə, vildaqliptinlə, linaqliptinlə; – rasekadotrillə (kəskin diareyanın müalicəsi üçün istifadə olunan enkefalinaza fermentinin inhibitoru); – estramustinlə. Neytral endopeptidaza fermentinin inhibitorları AÇF inhibitorlarının və rasekadotrilin (enkefalinaza fermentinin inhibitoru) eyni zamanda istifadəsi müddətində angionevrotik ödemin inkişaf etmə riskinin yüksəlməsi barədə məlumatlar daxil olmuşdur. AÇF inhibitorlarını sakubitril (neprilizin fermentinin inhibitoru) tərkibli dərman preparatları ilə eyni zamanda istifadə etdikdə, angionevrotik ödemin inkişaf etmə riski yüksəlir və bu səbəbdən, göstərilən preparatların eyni zamanda istifadəsi əks göstərişdir. AÇF inhibitorlarını sakubitril tərkibli preparatların istifadəsi dayandırıldıqdan sonra, 36 saatdan tez olmamaqla təyin etmək olar. AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə və eləcədə, AÇF inhibitorlarının istifadəsi dayandırıldıqdan sonra 36 saat müddətində sakubitril tərkibli preparatların təyin edilməsi əks göstərişdir. Plazminogenin toxuma aktivatorları Observasion tədqiqatlarda AÇF inhibitorlarından istifadə edən pasiyentlərdə işemik insultun trombolitik müalicəsi üçün alteplazanın istifadəsindən sonra, angionevrotik ödemin inkişaf etmə tezliyinin yüksəlməsi aşkar edilmişdir. Digər dərman preparatları Enalapril və aşağıda göstərilən dərman preparatları arasında klinik əhəmiyyət kəsb edən farmakokinetik qarşılıqlı təsir müşahidə olunmur: hidroxlorotiazid, furosemid, diqoksin, timolol, metildopa, varfarin, indometasin, sulindak və simetidin. Enalaprili və propranololu eyni zamanda istifadə etdikdə, qan zərdabında enalaprilatın konsentrasiyası aşağı düşür, lakin, göstərilən effekt klinik əhəmiyyətli deyildir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi tövsiyə olunmur. Yalnız preparatın istifadəsi ana üçün həyati əhəmiyyət kəsb etmədiyi halda, hamiləlik baş verdikdə, preparatın istifadəsi dərhal dayandırılmalıdır. Epidemioloji tədqiqatdan əldə olunan məlumatlarda, hamiləlik dövrünün I trimestri müddətində AÇF inhibitorlarından istifadə edən anaların dünyaya gətirdikləri yenidoğulmuş körpələrində anadangəlmə ciddi inkişaf qüsurlarının inkişaf etmə riskinin yüksəlməsinin mümkünlüyü təsdiq olunmuşdur. Hamiləlik dövrünün II və III trimestrləri müddətində hamilə qadınlar tərəfindən AÇF inhibitolarının istifadəsi, döldə və ya yenidoğulmuşda xəstəliyin meydana çıxmasına və ya dölün və ya yenidoğulmuş körpənin ölümünə səbəb ola bilər. Göstərilən dövrlərdə AÇF inhibitorlarının istifadəsi, dölə və yenidoğulmuş körpəyə mənfi təsirlə müşayiət olunmuşdur ki, bu da özünü, arterial hipotenziya, böyrək çatışmazlığı, hiperkaliumemiya və/və ya yenidoğulmuşda kəllə sümüklərinin hipoplaziyası ilə biruzə vermişdir. Bundan əlavə, uşağın vaxtından əvvəl doğulması, döl inkişafının bətndaxili ləngiməsi və arterial (Botal) axacağın açıq qalması barədə məlumatlar daxil olmuşdur; bununla belə, göstərilən halların AÇF inhibitorlarının istifadəsi ilə əlaqəli olub-olmaması aşkar edilməmişdir. Ehtimal ki, oliqohidramnionun inkişaf etməsi, döldə böyrək funksiyalarının zəifləməsi nəticəsində baş verir. Qeyd olunan ağırlaşma ətrafların kontrakturasına, kəllə sümüklərinin, o cümlədən, onun üz hissəsinin deformasiyasına, dölün ağciyərlərinin hipoplaziyasına gətirib çıxara bilər. Preparat hamiləlik dövründə təyin edildiyi halda, qadın pasiyenti döl üçün potensial risk barədə məlumatlandırmaq lazımdır. Preparatın embriona və dölə göstərilən arzuolunmayan təsirləri, ehtimal ki, hamiləlik dövrünün I trimestri müddətində AÇF inhibitorlarının bətndaxili təsirinin nəticəsi deyildir. Hamiləlik dövründə AÇF inhibitorlarının istifadəsi üçün zərurət yarandığı nadir hallarda, amniotik maye indeksinin qiymətləndirilməsi məqsədi ilə vaxtaşırı ultrasəs müayinələri aparılmalıdır. Ultrasəs müayinəsinin gedişində oliqohidramnion aşkar edildiyi təqdirdə, yalnız preparatın istifadəsi ana üçün həyati əhəmiyyət kəsb etmədiyi hallarda, preparatın istifadəsini dayandırmaq lazımdır. Bununla belə, həm pasiyentin, həm də həkimin məlumatı olmalıdır ki, oliqohidramnion dölün geri dönməyən zədələnməsi baş verdikdə inkişaf edir. Hamiləlik dövründə AÇF inhibitorlarının istifadəsi müddətidnə oliqohidramnionun inkişaf etməsi müşahidə olunarsa, hamiləlik dövrünün həftəsindən asılı olaraq, dölün funksional vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə stress- testin, qeyri-stress testin aparılması və ya dölün biofiziki profilinin müəyyən edilməsi tələb oluna bilər. Arterial hipotenziyanın, oliquriyanın və hiperkaliumemiyanın aşkar edilməsi məqsədi ilə, hamiləlik dövründə enalaprildən istifadə edən anaların dünyaya gətirdikləri yenidoğulmuşlar hərtərəfli müşahidə edilməlidirlər. Oliquriya inkişaf etdiyi halda, AT-nin və böyrək perfuziyasının dəstəklənməsinə xüsusi diqqət yetirmək lazımdır. Enalapril plasentar baryerdən nüfuz edir. Yenidoğulmuş körpənin qan dövranından preparat, peritoneal dializ vasitəsi ilə qismən xaric edilə bilər. Nəzəri olaraq, preparat həmçinin, mübadilə qan köçürülməsi vasitəsi ilə xaric edilə bilər. Enalapril və enalaprilat ana südü ilə həddindən artıq az miqdarlarda ifraz olunur. Preparatın laktasiya dövründə istifadəsi üçün zərurət yarandığı hallarda, qadın körpəsini ana südü ilə qidalandırmağı dayandırmalıdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın istifadəsi zamanı başgicəllənmənin və yuxuya meylliliyin inkişaf etmə ehtimalını nəzərə alaraq, müalicə müddətində nəqliyyat vasitəsini idarə etdikdə və yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb edən, potensial təhlükəli digər fəaliyyət növləri ilə məşğul olduqda, ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

İstifadə qaydası və dozası

Preparat daxilə, qida qəbulundan asılı olmayaraq istifadə edilməlidir. Essensial hipertenziya Preparatın başlanğıc dozası AH-nın ağırlıq dərəcəsindən asılı olaraq, 10-20 mq təşkil edir və sutkada 1 dəfə istifadə edilir. Yüngül dərəcəli AH zamanı preparatın tövsiyə olunan başlanğıc dozası sutkada 1 dəfə 10 mq təşkil edir. AH-nın digər dərəcələrində preparatın başlanğıc dozası sutkada 1 dəfə 20 mq təşkil edir. Dəstəkləyici doza adətən, sutkada 1 dəfə 20 mq təşkil edir. Preparatın dozalanması hər bir pasiyent üçün fərdi qaydada seçilir; bununla belə, maksimal doza sutkada 40 mq-dan artıq olmamalıdır. Renovaskulyar hipertenziya Göstərilən qrupdan olan pasiyentlərdə AT-nin və böyrək funksiyalarının AÇF-in inhibə olunmasına qarşı xüsusi həssaslığa malik olmasını nəzərə alaraq, müalicəni aşağı – 5 mq və daha aşağı – başlanğıc dozanın istifadəsindən başlamaq lazımdır. Bundan sonra doza, pasiyentin tələbatına və vəziyyətinə müvafiq olaraq seçilməlidir. Klinik effekt əldə olunmadığı təqdirdə, 1-2 həftədən sonra doza 5 mq artırılmalıdır. Adətən istifadə edilən effektiv doza – gündəlik istifadə ilə sutkada 1 dəfə 20 mq enalapril təşkil edir. Preparatı, az müddət əvvəl diuretiklərdən istifadə edən pasiyentlərdə istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət edilməlidir (aşağıda, “AH-nın diuretiklərlə birlikdə istifadəsi ilə müalicəsi” hissəsinə bax). AH-nın diuretiklərlə birlikdə istifadəsi ilə müalicəsi Preparatın ilk dəfə istifadəsindən sonra, simptomatik arterial hipotenziya inkişaf edə bilər. Həmin effektin meydana çıxması, diuretiklərdən istifadə edən pasiyentlərdə daha çox ehtimal edilir. Göstərilən pasiyentlərdə su-elektrolit balansının pozğunluqlarının müşahidə olunmasını nəzərə alaraq, preparatı ehtiyatla istifadə etmək tövsiyə olunur. Preparatın istifadəsi ilə müalicəyə başlamazdan 2-3 gün əvvəl diuretiklərin istifadəsini dayandırmaq lazımdır. Bu mümkün olmadığı təqdirdə, preparatın AT-ə birincili effektini müəyyən etmək məqsədi ilə enalaprilin başlanğıc dozası aşağı salınmalıdır (5 mq və ya daha aşağı). Bundan sonra preparatın dozalanması, pasiyentin tələbatından və vəziyyətindən asılı olaraq seçilməlidir. Böyrək çatışmazlığı zamanı preparatın dozalanması Preparatın istifadəsi arasında zaman intervalını artırmaq və/və ya dozasını aşağı salmaq lazımdır. Kreatinin klirensi, ml/dəqiqədə Başlanğıc doza, mq/sutkada < 80 – > 30 ml/dəqiqədə 5-10 mq ≤ 30 – > 10 ml/dəqiqədə 2,5-5 mq ≤ 10 ml/dəqiqədə 2,5 mq dializ proseduraları aparılan günlərdə* * Enalapril dializə məruz qalır. Dializ proseduraları aparılmayan günlərdə preparatın dozasının korreksiyası AT-nin səviyyəsindən asılı olaraq, həyata keçirilməlidir. Ürək çatışmazlığı və klinik olaraq şiddətli ürək çatışmazlığının inkişaf etməsinin profilaktikası Klinik olaraq şiddətli ÜÇ və ya sol mədəciyin asimptomatik disfunksiyası qeyd olunan pasiyentlərdə preparatın başlanğıc dozası 2,5 mq təşkil edir. Bu zaman preparatın istifadəsi, onun AT-ə birincili effketinin müəyyən edilməsi məqdəsi ilə ciddi həkim nəzarəti altında aparılmalıdır. Əhəmiyyət kəsb edən klinik təzahürlərlə müşayiət olunan ÜÇ-ün müalicəsi üçün preparat adətən, diuretiklərlə və zərurət yarandığı hallarda, ürək qlikozidləri ilə eyni zamanda istifadə edilməlidir. Simptomatik arterial hipotenziya (enalaprillə müalicə nəticəsində meydana çıxan) qeyd olunmadığı halda və ya onun korreksiyasından sonra, preparatın dozasını tədricən (hər 3-4 gündən bir 2,5-5 mq), adətən istifadə edilən 20 mq dəstəkləyici dozaya qədər artırmaq lazımdır və bu doza, preparatın pasiyent tərəfindən necə keçirilməsindən asılı olaraq, birdəfəyə qəbul edilir və ya 2 dəfəlik qəbula bölünür. Dozanın seçilməsi 2-4 həftə müddətində və ya ÜÇ-ün qalıq əlamətləri və ya simptomları qeyd olunduğu hallarda, daha qısa müddət ərzində aparılmalıdır. Göstərilən terapevtik rejim, klinik olaraq şiddətli ÜÇ qeyd olunan pasiyentlərdə ölüm göstəricilərinin effektiv aşağı düşməsinə səbəb olur. Preparatın istifadəsi nəticəsində gələcəkdə (nisbətən nadir hallarda) kəskin böyrək çatışmazlığının meydana çıxması ilə müşayiət olunan arterial hipotenziyanın inkişaf etməsi barədə məlumatların mövcudluğunu nəzərə alaraq, həm preparatın istifadəsinə başlamazdan əvvəl, həm də müalicə müddətində müntəzəm olaraq, AT-nin və böyrək funksiyalarının nəzarətini aparmaq lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Enalaprillə müalicəyə başlamazdan əvvəl, diuretiklərdən istifadə edən pasiyentlərdə diuretiklərin dozası mümkün qədər aşağı salınmalıdır. Preparatın ilk dozasının istifadəsindən sonra, arterial hipotenziyanın inkişaf etməsi, uzunmüddətli müalicə aparıldıqda, arterial hipotenziyanın təkrar inkişaf edəcəyini nümayiş etdirmir və bu zaman preparatın istifadəsinin dayandırılmasının zəruriliyini göstərmir. Preparatla müalicə müddətində həmçinin, qan zərdabında kaliumun miqdarına nəzarət etmək lazımdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).

Əlavə təsirləri

Ümumiyyətlə, enalapril pasiyentlər tərəfindən yaxşı keçirilir və əksər hallarda, preparatın istifadəsinin dayandırılmasını tələb edən əlavə təsirlərin meydana çıxmasına səbəb olmur. Arzuolunmayan reaksiyaların inkişaf etmə tezliyi Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına müvafiq, aşağıda göstərilmişdir: çox tez-tez (≥ 10 %), tez-tez (≥ 1 % və < 10 %), bəzən (≥ 0,1 % və < 1 %), nadir hallarda (≥ 0,01 % və < 0,1 %), çox nadir hallarda (< 0,01 %), məlim deyil (əldə olunan məlumatlar əsasında tezliyin qiymətləndirilməsi mümkün deyil). Qan və limfa sistemində baş verən pozğunluqlar: bəzən – anemiya (hemolitik və aplastik anemiya daxil olmaqla); nadir hallarda – neytropeniya, hemoqlobin səviyyəsinin aşağı düşməsi, hematokrit göstəricisinin aşağı düşməsi, trombositopeniya, aqranulositoz, sümük iliyi funksiyalarının tormozlanması, pansitopeniya, limfadenopatiya, autoimmun xəstəliklər. Endokrin sistemdə baş verən pozğunluqlar: məlum deyil – antidiuretik hormonun qeyri-adekvat sekresiyası sindromu. Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar: bəzən – hipoqlikemiya (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Sinir sistemində və psixikada baş verən pozğunluqlar: çox tez-tez – başgicəllənmə; tez-tez – baş ağrısı, depressiya; bəzən – şüurun dumanlanması, yuxuya meyllilik, yuxusuzluq, əsəbilik, paresteziya, vertiqo; nadir hallarda – qeyri-adi yuxugörmələr, yuxu pozğunluqları. Görmə orqanlarında baş verən pozğunluqlar: çox tez-tez – qeyri-aydın görmə. Eşitmə orqanlarında və labirintdə baş verən pozğunluqlar: bəzən – qulaqlarda küy. Ürəkdə və damarlarda baş verən pozğunluqlar: tez-tez – AT-nin şiddətli aşağı düşməsi, bayğınlıq, döş nahiyəsində ağrı, ürək ritminin pozğunluqları, stenokardiya, taxikardiya; bəzən – ortostatik hipotenziya, ürək çırpınması hissi, miokard infarktı və ya insult (ehtimal ki, ürəklə əlaqəli pozğunluqların yüksək risk qrupuna daxil olan pasiyentlərdə AT-nin şiddətli aşağı düşməsi nəticəsində) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); nadir hallarda – Reyno sindromu. Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar: çox tez-tez – öskürək; tez-tez – təngnəfəslik; bəzən – rinoreya (burun axması), boğaz ağrısı, xırıltılı səs, bronxospazm/bronxial astma; nadir hallarda – ağciyər infiltratları, rinit, allergik alveolit/eozinofil pnevmoniya. Həzm sistemində baş verən pozğunluqlar: çox tez-tez – ürəkbulanma; tez-tez – diareya, qarın nahiyəsində ağrı, dadbilmə qabiliyyətinin pozğunluqları; bəzən – bağırsaq keçməməzliyi, pankreatit, qusma, dispepsiya, qəbizlik, anoreksiya, “qıcıqlanmış mədə” sindromu, ağız boşluğu selikli qişasında quruluq, mədə və onikibarmaq bağırsaq xoraları; nadir hallarda – stomatit/aftoz xoralar, qlossit; çox nadir hallarda – intestinal ödem. Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar: nadir hallarda – qaraciyər çatışmazlığı, qaraciyər nekrozu da daxil olmaqla, hepatit (hepatosellülyar və ya xolestatik), xolestaz (sarılıq daxil olmaqla). Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: tez-tez – dəri üzərində səpgilər, hiperhəssaslıq reaksiyaları/angionevrotik ödem – üz nahiyəsinin, ətrafların, dodaqların, dilin, səs telləri büküşlərinin və/və ya qırtlağın angionevrotik ödemi (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); bəzən – tər ifrazının yüksəlməsi, dərinin qaşınması, övrə, alopesiya; nadir hallarda – multiform eritema, Stivens-Conson sindromu, eksfoliativ dermatit, toksik epidermal nekroliz, pemfiqus, eritrodermiya. Aşağıda göstərilən simptomlardan hamısını və ya bir neçəsini əhatə edə bilən simptomlar kompleksinin inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur: qızdırma, serozit, vaskulit, mialgiya/miozit, artralgiya/artrit, antinuklear antitellərin müəyyən edilməsinin müsbət testi, eritrositlərin çökmə sürətinin (EÇS-in) yüksəlməsi, eozinofiliya və leykositoz. Bundan əlavə həmçinin, dəri üzərində səpgilər, fotosensibilizasiya və digər dəri reaksiyaları meydana çıxa bilər. Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozğunluqlar: bəzən – böyrək funksiyalarının pozğunluqları, böyrək çatışmazlığı, proteinuriya; nadir hallarda – oliquriya. Cinsiyyət orqanlarında və süd vəzilərində baş verən pozğunluqlar: bəzən – erektil disfunksiya; nadir hallarda – ginekomastiya. Ümumi pozğunluqlar: çox tez-tez – asteniya; tez-tez – yüksək yorğunluq hissi; bəzən – əzələlərdə qıcolmalar, üz dərisi nahiyəsinə “qan axınları”, narahatlıq hissi, qızdırma. Laborator və instrumental tədqiqatlardan əldə olunan məlumatlar: tez-tez – hiperkaliumemiya, qan zərdabında kreatinin konsentrasiyasının yüksəlməsi; bəzən – qanda sidik cövhərinin konsentrasiyasının yüksəlməsi, hiponatriumemiya; nadir hallarda – “qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi, qan zərdabında bilirubin konsentrasiyasının yüksəlməsi. Enalaprilin postmarketinq dövründə istifadəsi zamanı aşkar edilən arzuolunmayan reaksiyalar (səbəb-nəticə əlaqəsi müəyyən edilməmişdir): sidik-ifrazat yollarının infeksiyaları, yuxarı tənəffüs yollarının infeksiyaları, bronxit, ürəyin dayanması, qulaqcıqların fibrillyasiyası, kəmərləyici dəmrov, melena, ataksiya, ağciyər arteriyası qollarının tromboemboliyası və ağciyər infarktı, qlükoza-6-fosfatdehidrogenaza ferment çatışmazlığı qeyd olunan pasiyentlərdə hemoliz halları da daxil olmaqla, hemolitik anemiya.

Doza həddinin aşılması

Simptomları: kollapsa, miokard infarktına, beyin qan dövranının kəskin pozğunluqlarına və ya tromboembolik ağırlaşmalara qədər inkişaf edən AT-nin şiddətli aşağı düşməsi (preparatın istifadəsindən təxminən 6 saat sonra başlayır), su-elektrolit balansının pozğunluqları, böyrək çatışmazlığı, tənəffüsün tezləşməsi, taxikardiya, ürək çırpınması hissi, bradikardiya, başgicəllənmə, narahatlıq hissi, qorxu hissi, qıcolmalar, öskürək, stupor. Preparatın terapevtik dozalarının istifadəsi zamanı müşahidə edilən konsentrasiyalardan 100 və 200 dəfə yüksək olan qan zərdabında enalaprilatın konsentrasiyaları müvafiq olaraq, enalaprilin 300 mq və 440 mq istifadəsindən sonra meydana çıxmışdır. Müalicəsi: pasiyenti baş tərəfi bir qədər aşağı olan horizontal (üfüqi) vəziyyətdə yerləşdirmək lazımdır. Yüngül vəziyyətlərdə mədənin yuyulması və aktivləşdirilmiş kömürün daxilə qəbul edilməsi, daha ağır vəziyyətlərdə AT-nin normalaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi göstərişdir ki, bunlara da aşağıda qeyd olunanlar aiddir: vena daxilinə 0,9 %-li natrium xlorid məhlulunun, plazmaəvəzedicilərinin yeridilməsi; zərurət yarandığı hallarda – katexolaminlərin yeridilməsi, hemodializ (enalaprilatın xaricolma sürəti 62 ml/dəqiqədə təşkil edir). Müalicəyə davamlı bradikardiya qeyd olunan pasiyentlərdə ritm aparıcısının yerləşdirilməsi göstərişdir.

Buraxılış forması

5 mq, 10 mq və 20 mq tabletlər. 10 tablet, laklı çap olunmuş alüminium folqalı və polivinilxloridli və poliamid örtüklü laminatlı alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Hemofarm” MMC, Rusiya. 249032, Kaluqa vilayəti, Obninsk şəh., Kiyevskoye şossesi, ev. 62. Tel.: (48439) 90-500; faks: (48439) 90-525. Qeydiyyat vəsiqəsinin sahibinin adı və hüquqi şəxsin ünvanı/İradları qəbul edən təşkilat “Nijfarm” SC, Rusiya. 603950, Nijniy Novqorod şəh., Salqanskaya küç., ev 7. Tel.: (831) 278-80-88; faks: (831) 430-72-28. E-mail: [email protected]

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Enalapril 5 mq N20 tablet” üçün ilk rəyi siz yazın.