Aksen fort 550 mq N10 tablet
| Təsiredici maddə | NAPROXEN SODIUM |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Sümük-əzələ sistemi xəstəliklərinin müalicəsi üçün preparatlar. İltihab əleyhinə və antirevmatik preparatlar, Qeyri-steroid iltihab əleyhinə və antirevmatik preparatlar. Propion turşusunun törəmələri. Naproksen |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
4,00 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
AKSEN FORT™ tabletlər
AKSEN FORT™
Beynəlxalq patentləşdirilməmiş adı: Naproxen sodium
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 550 mq naproksen natrium vardır
Köməkçi maddələr: mikrokristallik sellüloza (Аviсel PH 101), qarğıdalı nişastası, PVP K30,
maqnezium stearat,
natrium kroskarmelloza.
Təsviri
Ağ rəngli, uzunsov, bir tərəfində bölmə xətti olan, digər tərəfində xamar olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Sümük-əzələ sistemi xəstəliklərinin müalicəsi üçün preparatlar. İltihab əleyhinə və antirevmatik
preparatlar, Qeyri-steroid iltihab əleyhinə və antirevmatik preparatlar. Propion turşusunun
törəmələri. Naproksen.
ATC kodu: M01AE02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Naproksen natrium – qeyri-steroid iltihab əleyhinə dərman vasitəsi olub, iltihab əleyhinə və
analgetik təsirlərə malikdir. Digər QSİƏP-lər kimi, naproksen prostaqlandinlərin sintezində iştirak
edən siklooksigenazaların (SOG-1 və SOG-2) aktivliyinə inhibəedici təsir göstərir.
Farmakokinetikası
Sorulması
Suda həllolan naproksen natrium daxilə qəbuldan sonra tez və tam olaraq mədə-bağırsaq traktından
sorulur. Tez və tam sorulmasına görə ağrıkəsici effekt preparatın qəbulundan 20 dəqiqə sonra
başlayır. Maksimal plazma konsentrasiyası 1-2 saat ərzində yaranır. Tarazlıq konsentrasiyası 4-5
doza qəbulundan sonra yaranır.
Paylanması
Yarımxaricolma dövrü təqribən 13 saatdır və müalicəvi dozalarda aktiv maddənin 99%-dən çoxu
plazma zülalları ilə birləşir.
Metabolizmi
Əsasən 6-0-desmetilnaproksenə qədər qaraciyərdə metabolizmə uğrayır.
Xaric olması
Qəbul olunan dozanın təxminən 95%-i dəyişilməmiş naproksen, 6-0-desmetilnaproksen və onun
konyuqatları halında sidiklə xaric olur.
İstifadəsinə göstərişlər
Ağrı sindromu ilə müşayiət olunan vəziyyətlər: nevralgiya, işialgiya, bel yırtığı, dişlərin
ekstraksiyası, ağız boşluğunda aparılan əməliyyatlar, epiziotomiya, doğuşdansonrakı ağrılar,
əməliyyatdan sonrakı ağrılar, dismenoreya, uşaqlıqdaxili spiralın yeridilməsi ilə bağlı ağrılar,
miqren tutmalarının profilaktika və müalicəsi.
Revmatik xəstəliklər: revmatoid artrit, yuvenil artrit, osteoartrit, ankilozlaşdırıcı spondilit,
oynaqdankənar revmatizm.
Travmatologiya: burxulma, əzələ qırılmaları və travmaları, travmatik və ortopedik sümük
əməliyyatları.
Kəskin podaqra tutmaları.
LOR və urologiya: iltihab xarakterli ağrılar.
İnfeksion xəstəliklər: spesifik müalicəyə əlavə olaraq analgetik, iltihabəl eyhinə və qızdırmasalıcı
kimi.
Əks göstərişlər
Naproksenə, naproksen natriuma və ya preparatın tərkibindəki köməkçi maddələrdən hər hansı
birinə qarşı yüksək həssaslıq.
Anamnezdə aspirin və ya digər qeyri-steroid iltihab əleyhinə preparatların istifadəsindən sonra
müşahidə olunan hiperhəssaslıq reaksiyaları (astma, rinit, nazal poliplər və ya övrə).
Aorto-koronar şuntlama zamanı perioperativ ağrıların müalicəsi.
Aktiv və ya anamnezdə peptik xoralanma və ya aktiv mədə-bağırsaq qanaxması (xoralanmanın və
ya qanaxmanın 2 və ya çox sübut olunmuş fərqli epizod).
Anamnezdə QSİƏP-lərin qəbulu ilə bağlı mədə-bağırsaq qanaxması və ya perforasiyası.
Ağır böyrək, qaraciyər və ürək çatışmazlığı.
Hamiləliyin üçüncü trimestri.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kardiovaskulyar təsirlər
QSİƏP-lər fatal nəticələnə bilən ürək-damar sistemi tərəfindən olan ciddi pozulmaların, miokard
infarktı və insult daxil olmaqla, yaranma riskinin artmasına səbəb ola bilər. Bu risk preparatın
uzunmüddətli istifadəsi zamanı, ürək-damar xəstəlikləri və ya onların yaranması üçün risk amilləri
olan xəstələrdə arta bilər.
Potensial riski azaltmaq məqsədilə minimal effektiv doza mümkün olan ən qısa müddət üçün
istifadə olunmalıdır. Xəstələr ürək-damar sistemi tərəfindən olan ciddi pozulmaların əlamətləri
və/və ya simptomları haqqında məlumatlandırılmalıdırlar. Asetilsalisil turşusu və digər QSİƏP-lərlə
birgə istifadəsi mədə-bağırsaq traktı tərəfindən ciddi əlavə təsirlərin yaranma riskini artır.
Hipertenziya
Aksen Fort preparatı hipertenziya olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. QSİƏP-lərlə
müalicə zamanı qan təzyiqi nəzarət altında saxlanmalıdır.
Durğun ürək çatışmazlığı və ödem
QSİƏP-lər qəbul edən bəzi xəstələrdə mayenin ləngiməsi və ödem müşahidə olunmuşdur. Mayenin
ləngiməsi və ürək çatışmazlığı olan xəstələrdə preparat ehtiyatla istifadə olunmalıdır.
Mədə-bağırsaq xoralanması, qanaxması və perforasiyası
QSİƏP-lər, Aksen Fort daxil olmaqla, fatal nəticələnə bilən mədə-bağırsaq traktının ciddi
zədələnmələrinə (iltihab, qanaxma, xoralanma və perforasiya daxil olmaqla) səbəb ola bilər. Belə
əlavə təsirlər müalicənin müxtəlif dövrlərində, xəbərdar simptomlarla və ya simptomsuz müşahidə
oluna bilər. QSİƏP-lərlə müalicə alan xəstələrdə MBT tərəfindən arzuolunmaz təsirlərin potensial
riskini minimuma endirmək üçün, ən aşağı effektiv dozadan mümkün qədər qısa müddətdə istifadə
edilməlidir.
Böyrəklərə təsiri
QSİƏP-lərdən uzunmüddətli istifadəsi böyrək papilyar nekroza və digər böyrək zədələnmələrinə
səbəb olmuşdur. Müalicənin dayandırılması, adətən, müalicədən əvvəlki vəziyyətə qədər bərpa
edilməsi ilə müşayiət olunur.
Proqressivləşən böyrək xəstəlikləri
Proqressivləşən böyrək xəstəlikləri olan xəstələrdə preparatla müalicəsi tövsiyə olunmur.
Preparatdan istifadəsinə ehtiyac olduqda, xəstənin böyrək funksiyasına ciddi nəzarət edilməsi
tövsiyə olunur.
Anafilaktoid reaksiyalar
Digər QSİƏP-lərdə olduğu kimi, əvvəllər Aksen Fort preparatına qarşı reaksiyaların olduğu məlum
olmayan xəstələrdə anafilaktoid reaksiyalar müşahidə oluna bilər. “Aspirin” triada olan xəstələrdə
preparat qəbul edilməməlidir. Bu simptomokompleks, adətən, burun polipləri ilə və ya onlarsız rinit
keçirən astma xəstələrində, həmçinin aspirin və ya digər QSİƏP-lər qəbul edildikdən sonra ağır
bronxospazm olan xəstələrdə müşahidə edilir. Anafilaktik reaksiyanın baş verdiyi hallarda
təxirəsalınmaz tədbirlər aparılmalıdır.
Oftalmoloji təsirlər
Preparatla müalicə zamanı görmə qabiliyyətinin pozulması olan xəstələrdə gözlərin müayinəsi
aparılmalıdır.
Dəri reaksiyalar
QSİƏP-lər, naproksen daxil olmaqla, eksfoliativ dermatit, Stivens-Conson sindromu, toksik
epidermal nekroliz kimi fatal nəticələnə bilən ciddi dəri reaksiyaların yaranmasına səbəb ola bilər.
Ciddi dəri reaksiyaların əlamətləri və simptomları haqqında xəstələr məlumatlandırılmalıdırlar; dəri
səpgiləri və ya yüksək həssaslığın digər simptomları müşahidə olunduqda preparatın tətbiqi
dayandırılmalıdır.
Qaraciyərə təsiri
Qaraciyərin disfunksiyasını göstərən simptomlar və/və ya əlamətlər və ya qaraciyərin anormal
göstəriciləri olan xəstə müalicə zamanı qaraciyərin daha ağır reaksiyasının yaranma ehtimalına görə
qiymətləndirilməlidir. Qaraciyər xəstəliyinin klinik əlamətləri və simptomları və ya sistem
təzahürlər müşahidə olunduqda (eozinofiliya, səpgi və s.), preparatın qəbulu dayandırılmalıdır.
Hematoloji təsir
Naproksen də daxil olmaqla, QSİƏP-lərlə müalicə alan xəstələrdə bəzən anemiya müşahidə olunur.
QSİƏP-lərlə uzunmüddətli müalicə zamanı anemiyanın hər hansı bir əlamət və ya simptomu
müşahidə olunduqda, xəstələrdə hemoqlobin və ya hematokrit göstəriciləri yoxlanılmalıdır. Bəzi
xəstələrdə QSİƏP-lər trombositlərin aqreqasiyasını inhibə edə bilər və qanaxma müddətini uzada
bilər. Koaqulopatiya olan və antikoaqulyantlar qəbul edən xəstələr ciddi nəzarət altında
saxlanılmalıdır.
Anamnezdə mövcud olan astma
Əvvəllər mövcud olan astma xəstələrində aspirinə həssas astma ola bilər. Aspirinə həssas xəstələrdə
aspirin və digər qeyri-steroid iltihab əleyhinə preparatların arasında, bronxospazm daxil olmaqla,
çarpaz reaktivlik olduğu üçün preparatı istifadə edilməməlidir və anamnezdə astma olan xəstələrdə
ehtiyatla istifadə edilməlidir.
Laborator müayinələri
Mədə-bağırsaq traktının ciddi xoralanması və qanaxma simptomları xəbərdarlıq simptomları
olmadan baş verə biləcəyi üçün həkimlər MBT qanaxmasının əlamətlərini və simptomlarını
izləməlidirlər. QSİƏP-lərlə uzunmüddətli müalicə alan xəstələrdə vaxtaşırı qanın ümumi və
biokimyəvi analizi aparılmalıdır. Qaraciyər və ya böyrək xəstəliklərinin klinik əlamətləri və
simptomları müşahidə edildikdə, sistem təzahürlər (məs., eozinofiliya, səpgi və s.) və ya qaraciyərin
patoloji göstəriciləri saxlanılırsa və ya pisləşirsə, preparatın istifadəsi dayandırılmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Antasidlərlə və ya kolestiraminlə birgə istifadəsi naproksen natriumun sorulma dərəcəsinə təsir
göstərmədən sorulmasını ləngidə bilər.
Naproksen natrium plazma zülalları ilə yüksək dərəcədə birləşir və buna görə kumarin tipli
antikoaqulyantlarla, sulfanilamidlərlə, hidantoinlə və plazma zülalları ilə birləşən digər QSİƏP-lərlə
və asetilsalisil turşusu ilə birgə istifadə zamanı qarşılıqlı təsir yarana bilər. Hidantoin,
sulfanilamidlər və ya sulfonilsidik cövhəri törəmələri ilə birgə Aksen Fort preparatı istifadə edilən
xəstələr müşahidə olunmalıdır və ehtiyac olduqda preparatın dozası tənzimlənməlidir.
QSİƏP-lər varfarin kimi antikoaqulyantların təsirini gücləndirə bilər. Naproksen natrium
trombositlərin aqreqasiyasını azaldır və qanaxma müddətini uzadır; qanaxma müddəti təyin
olunduqda bu nəzərə alınmalıdır.
Probenesid
Probenesidlə birgə istifadə zamanı naproksenin plazma konsentrasiyasının artmasına görə bu
preparatlar eyni zamanda ehtiyatla istifadə edilməlidir.
Siklosporin
Digər QSİƏP-lərdə olduğu kimi, siklosopinlə birgə istifadə zamanı nefrotoksikliyin yaranma
ehtimalının artmasına görə bu preparatlar eyni zamanda ehtiyatla istifadə edilməlidir.
Mifepriston
Mifepristonun təsirini azaltma ehtimalı olduğundan, QSİƏP-lər mifepristonun istifadəsindən sonra
8-12 gün ərzində istifadə olunmamalıdır.
β-Blokatorlar
Aksen Fort preparatı β-blokatorların hipotenziv təsirini zəiflədə bilər.
Ürək qlikozidləri
QSİƏP-lər ürək çatışmazlığının əlamətlərini kəskinləşdirə bilər, yumaqcıq filtrasiyasını azalda bilər
və qlikozidlərin plazma konsentrasiyasını artıra bilər.
Takrolimus
QSİƏP-lərlə birgə istifadə zamanı nefrotoksikliyin yaranma ehtimalı arta bilər.
Zidovudin
QSİƏP-lərlə birgə istifadə zamanı hematoloji toksikliyin yaranma ehtimalı artır.
Antitrombotik vasitələr və serotoninin geriyə udulmasının selektiv inhibitorları (SGUSİ)
QSİƏP-lərlə birgə istifadə zamanı mədə-bağırsaq qanaxmaların yaranma ehtimalı artır.
Kortikosteroidlər
QSİƏP-lərlə birgə istifadə zamanı mədə-bağırsaq xoralanmasının və ya qanaxmanın yaranma
ehtimalının artmasına görə bu preparatlar eyni zamanda ehtiyatla istifadə edilməlidir.
Xinolonlar
Xinolonların QSİƏP-lərlə birgə istifadəsi qıcolmaların yaranma ehtimalını arta bilər.
AÇF inhibitorları
Naproksen diuretiklərin və digər antihipertenziv vasitələrin hipotenziv təsirini zəiflədə bilər.
Asetilsalisil turşusu
Digər QSİƏP-lərdə olduğu kimi, naproksenin və asetilsalisil turşusunun birgə istifadəsi əlavə
təsirlərin mümkün artmasına görə tövsiyə olunmur.
Diuretiklər
Aksen Fort preparatı bəzi xəstələrdə furosemidin və tiazidlərin natriumuretik effektini azalda bilər.
Diuretiklərlə QSİƏP-lər birgə istifadə zamanı xəstələr ciddi nəzarət altında saxlanmalıdır.
Litium
QSİƏP-lər litiumun plazma səviyyəsini artırır və litiumun böyrək klirensi azaldır. Litiumun
toksikliyinin yaranma ehtimalına görə xəstələr ciddi nəzarət altında saxlanmalıdır.
Metotreksat
Metotreksatın toksik effektinin artma ehtimalından QSİƏP-lərlə eyni zamanda ehtiyatla istifadə
edilməlidir.
Varfarin
Varfarin və QSİƏP-lər mədə-bağırsaq qanaxmalara görə sinergetik təsir göstərir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda I və II trimestrlərində istifadə barədə kifayət qədər məlumat yoxdur.
Dölün arterial axacağının vaxtından əvvəl bağlamasına səbəb ola biləcəyini nəzərə alaraq, hamiləlik
dövründə ehtiyac olmadıqda istifadə edilmir.
Laktasiya dövründə preparatın istifadəsi tövsyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Aksen Fort tabletlərinin qəbulu zamanı bəzi xəstələrdə yuxululuq, başgicəllənmə, yuxusuzluq və ya
depressiya müşahidə oluna bilər. Nəqliyyat vasitələrini idarə etdikdə və xüsusi diqqət tələb edən
fəaliyyətlə məşğul olduqda bunu nəzərə almaq lazımdır.
İstifadə qaydası və dozası
Tabletlərin daxilə, kifayət qədər su ilə, qida qəbulu zamanı və ya sonra qəbul olunması tövsiyə
edilir.
Ağrılarda, birincili dismenoreyada, kəskin tendinitdə və bursitdə: Başlanğıc doza 1 tаblet (550 mq)
təşkil edir, 12 saat sonra 1 tаblet (550 mq) və ya ½ tablet (275 mq) 6-8 saatlıq fasilə ilə. Gündəlik
başlanğıc doza 2½ tabletdən (1375 mq-dan), daha sonra isə 2 tabletdən (1100 mq-dan) artıq
olmamalıdır.
Revmatoid artritdə, osteoartritdə, ankilozlaşdırıcı spondilitdə: Böyüklər üçün tövsiyə edlən
başlanğıc doza – 1 tаblet gündə 2 dəfə (səhər və axşam). Uzunmüddətli müalicə zamanı klinik
cavabdan asılı olaraq doza azaldıla bilər. Səhər və axşam dozalar müxtəlif ola bilər. Preparatı gündə
2 dəfədən çox qəbul etməyə ehtiyac yoxdur.
Yuvenil artritdə: 5 yaşdan böyük uşaqlarda 2 dəfəyə bölünən gündəlik doza 10 mq/kq təşkil edir.
Podaqranın kəskin tutmalarında: Başlanğıc doza 1½ tablet (825 mq) təşkil edir, sonra 8 saatlıq
fasilə ilə ½ tablet (275 mq).
Miqrendə: Kəskin kriz zamanı başlanğıc doza 1½ tаbletdir (825 mq). Lazım gələrsə, 30 dəqiqəlik
fasilə ilə 2 dəfə ½ (275 mq) tablet əlavə qəbul etmək olar. Miqren tutmalarının qarşısını almaq üçün
– gündə 2 dəfə (səhər və axşam) 1 tablet (550 mq). Əgər 4-6 həftə ərzində yaxşılaşma qeyd
olunmazsa, müalicə dayandırılmalıdır.
Uzunmüddətli müalicə zamanı doza xəstənin klinik vəziyyətindən asılı olaraq tənzimlənə bilər.
Ehtiyac olduqda, aşağı dozalara yaxşı dözümlüyü olan xəstələrdə gündəlik doza 6 ay müddətində
1500 mq-a qədər arta bilər. Belə yüksək doza təyin edildikdə həkim riskinin mümkün artmasından
terapevtik effektinin artmasının üstün olmasını qiymətləndirilməlidir.
Xüsusi qrup xəstələrə dair əlavə məlumat
Böyrək/ Qaraciyər çatışmazlığı olan xəstələr
Böyrək funksiyasının pozulması olan xəstələrdə istifadə edilmir.
Qaraciyər funksiyasının pozulması olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır.
Uşaqlarda istifadəsi
Təhlükəsizlik və effektivlik haqqında kifayət qədər məlumat olmadığından 16 yaşdan kiçik
uşaqlarda preparat isifadə olunmamalıdır. Yalnız yuvenil revmatoid artritdə 5 yaşdan yuxarı
uşaqlarda 10 mq/kq gündəlik dozada 12 saatlıq fasilə ilə (5 mq/kq gündə 2 dəfə) istifadə olunur.
Yaşlı xəstələrdə istifadəsi
Yaşlı xəstələrdə preparatın xaricolunması azaldığından preparat ən qısa müddətdə ən aşağı effektiv
dozada və ehtiyatla tətbiq olunmalıdır. Mədə-bağırsaq qanaxmaların yaranma ehtimalından QSİƏPlərin qəbulu zamanı yaşlı xəstələr müntəzəm nəzarət altında saxlanmalıdır.
Əlavə təsirləri
Rastgəlmə tezliyi: çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-
dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlum deyil (mövcud məlumatlar
başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil).
İnfeksiyalar və invaziyalar
Bəzən: aseptik meningit.
Qanyaradıcı və limfa sisteminə
Tez-tez: hemolitik anemiya;
Bəzən: aplastik anemiya, leykopeniya, trombositopeniya, aqranulositoz, eozinofiliya.
İmmun sistemə
Bəzən: anafilaktoid reaksiyalar.
Maddələr mübadiləsinə və qidalanmaya
Bəzən: hiperkaliemiya.
Psixi pozulmalar
Bəzən: depressiya, yuxu pozulmaları, yuxusuzluq, şüurun dolaşıqlığı, hallüsinasiyalar.
Sinir sisteminə
Tez-tez: başgicəllənmə, yuxululuq, baş ağrısı, fotohəssaslıq, retrobulbar optik nevrit, diqqəti
cəmləşdirmə bacarığının zəifləməsi;
Bəzən: qıcolmalar, koqnitiv disfunksiyalar.
Görmə orqanına
Tez-tez: bulanıq görmə, buynuz təbəqənin bulanması;
Bəzən: papillit və papilloödem.
Eşitmə orqanına və labirint sisteminə
Bəzən: eşitmə qabiliyyətinin pozulması, parakuziya, qulaqlarda küy, başgicəllənmə.
Ürək-damar sisteminə
Tez-tez: ürəkdöyünmə hissi, ödem, durğun ürək çatışmazlığı, natriumun saxlaması;
Bəzən: hipertenziya, vaskulit;
Çox nadir: miokard infarktı, insult.
Tənəffüs sisteminə, döş qəfəsi və divararası orqanlarına
Tez-tez: təngnəfəslik;
Bəzən: ağciyər ödemi, astma, eozinofil pnevmonit.
Həzm sisteminə
Tez-tez: peptik xoralanma, perforasiya, yaşlılarda fatal nəticələnə bilən qanaxma, qıcqırma,
ürəkbulanma, qusma, ezofagit, diareya, köpmə, qəbizlik, dispepsiya, qarın nahiyəsində diskomfort;
Bəzən: qeyri-peptik mədə-bağırsaq xoralanmaları, melena, burundan qanaxma, stomatit, xoralı
stomatit, xoralı kolitin və Kron xəstəliyinin kəskinləşməsi, pankreatit, qastrit.
Hepatobiliar sistemə
Nadir: fatal nəticələnə bilən hepatit, sarılıq, qaraciyər fermentlərinin qeyri-normal göstəriciləri.
Dəri və dərialtı piy toxumasına
Tez-tez: qaşınma, səpgi, dəridə ləkələr, purpura, ekximoz;
Bəzən: tərləmə, atrixoz, toksik epidermal nekroliz, çoxformalı eritema, Stivens-Conson sindromu
kimi bullyoz reaksiyalar, düyünlü eritema, qırmızı yastı dəmrov, pustulyoz reaksiyalar, övrə,
fotohəssaslıq reaksiyaları, angionevrotik ödem.
Sümük-əzələ sisteminə və birləşdirici toxumaya
Bəzən: mialgiya, əzələ zəifliyi;
Böyrək və sidikçıxarıcı yollarına
Tez-tez: böyrək funksiyasının pozulması;
Bəzən: hematuriya, interstisial nefrit, nefrotik sindrom, böyrək çatışmazlığı, böyrəklərin papilyar
nekrozu
Reproduktiv sisteminə və süd vəzilərinə
Bəzən: qadınlarda sonsuzluq.
Ümumi pozulmalar və yerli reaksiyalar
Tez-tez: ödem, susuzluq;
Bəzən: üşümə və qızdırma, yorğunluq, əzginlik.
Laborator müayinələr
Bəzən: qaraciyər fermentlərinin qeyri-normal göstəriciləri, zərdab kreatinin səviyyəsinin artması.
Şübhəli əlavə reaksiyalar haqqında məlumatın verilməsi
Dərman vasitəsinin qeydiyyata alınmasından sonra şübhəli əlavə reaksiyalar haqqında həkimə
məlumatın verilməsi vacibdir. Belə məlumatlar dərman vasitəsinin fayda/risk nisbətinə nəzarətinin
davam etdirilməsinə imkan verir.
Arzuolunmaz effektlər baş verdikdə həkimə müraciət edin.
Doza həddinin aşılması
Simptomları
Вaşağrı, qıcqırma, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, mədə-bağırsaq qanaxmaları, nadir
hallarda – diareya, dezoriyentasiya, oyanıqlıq, yuxululuq, başgicəllənmə, qulaqlarda küy, bayılma.
Güclü intoksikasiya zamanı kəskin böyrək çatışmazlığı və qaraciyərin zədələnməsi mümkündür.
QSİƏP-lərin qəbulundan sonra nadir hallarda olsa da, tənəffüsün depressiyası və koma müşahidə
oluna bilər.
Naproksenin doza həddinin aşılması zamanı protrombin vaxtının keçici uzanması müşahidə
olunmuşdur. Naproksen natriumun həyat üçün təhlükəli dozası məlum deyil.
Müalicəsi
Еhtiyac olduqda, simptomatik müalicə aparılır. Toksiki doza qəbul etdikdə 1 saat ərzində
aktivləşdirilmiş kömür qəbul edilməlidir. Alternativ olaraq böyüklərdə həyat üçün təhlükəli doza
qəbul edildikdə 1 saat ərzində mədə yuyulmalıdır. Sidiyin normal xaricolunması təmin edilməlidir.
Qaraciyər və böyrək funksiyaları nəzarət altında saxlanmalıdır. Toksiki doza qəbul etdikdə xəstələr
ən azı 4 saat ərzində müşahidə olunmalıdırlar. Tez-tez təkrar olunan və uzunmüddətli qıcolmalar
zamanı venadaxili diazepam təyin edilməlidir. Digər müalicə tədbirlərin təyini xəstənin klinik
vəziyyətindən asılıdır.
Naproksen natriumun plazma zülalları ilə yüksək dərəcədə birləşməsinə görə hemodializ onun
plazma konsentrasiyasını azaltmır. Buna baxmayaraq, böyrək çatışmazlığı olan xəstələrdə doza
həddinin aşılması hallarında hemodializ effektiv ola bilər.
Buraxılış forması
10 tablet, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə və öz qutusunda saxlamaq
lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ali Raif İlaç San. A.Ş., Türkiye.
İkitelli OSB Mahallesi, 10. Cadde, No 3/1A, 34306 Başakşehir, İstanbul, Türkiye.
Qeydiyyat vəsiqəsinin sahibi
Ali Raif İlaç San. A.Ş., Türkiye.
Yeşilce Mahallesi, Doğa Sokak No:4, 34418 Kağıthane, İstanbul, Türkiye.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.