TORАS-DENK 10 MG N30 TAB

Dərman formasıTablet
Farmakoloji təsirYüksək aktivliyə malik diuretiklər.Sulfonamid qrupu
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

11,78 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu preparatı istifadə etməzdən öncə bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu bir daha oxumalı ola bilərsiniz. • Hər hansı sualınız olarsa, lütfən, həkim və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Hətta onlarda olan xəstəlik simptomları Sizinki ilə eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. • Sizdə hər hansı əlavə təsir baş verdikdə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Bunlara bu içlikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir. TORAS-DENK 10 tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Torasemide

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq torasemid vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, natrium nişastaqlikolyatı (tip A), maqnezium stearat, kolloidal susuz silisium dioksid.

Təsviri

Ağ rəngli, dairəvi, bir tərəfində “10” yazısı həkk olunmuş, digər tərəfində bölmə hətti olan tabletlərdir.

Farmakoterapevtik qrupu

Yüksək aktivliyə malik diuretiklər.Sulfonamid qrupu. ATC kodu: C03CA04.

Farmakoloji xüsusiyyətləri

Toras-Denk 10 preparatı, sidikqovucu və anti-hipertenziv dərman vasitəsidir və ilgək diuretikləri qrupuna aiddir. Farmakodinamikası Torasemidin diuretik təsiri, Henle ilgəyinin qalxan hissəsində natrium və xlorun renal reabsorbsiyasının inhibə edilməsi ilə bağlıdır. Venadaxili və peroral qəbuldan sonra maksimal diuretik təsir 1-3 saat ərzində əldə edilir və 12 saata qədər davam edə bilər. Sağlam şəxslərdə 5-100 mq arası dozalarda verilərək, dozası ilə diuretik təsirin artması arasında logarifmik-mütənasiblik göstərib. Diurezin artması o hallarda müşahidə olunur ki, digər sidikqovucu dərman vasitələri (məsələn distal təsir göstərən tiazidlər) lazımi dəqər nəticə vermir, məsələn böyrək funksiyasının pozğunluğu halında. Bu xüsusiyyətlər nəticəsində torasemid ödemleri aradan qaldırır. Ürək çatışmazlığının müalicəsində torasemid simptomları yaxşılaşdırır və pre- və postyüklənmənin azaldılması səbəbindən ürək fəaliyyətini yaxşılaşdırır. Torasemidin peroral qəbulundan sonra, hipotenziv təsiri müalicənin ilk həftəsində başlayır və 12 həftədən gec olmayan müddət ərzində maksimuma çatır. Torasemid, damarların periferik müqavimətinin azalması nəticəsində antihipertenziv təsir göstərir. Bu təsir elektrolit disbalansının normallaşdırılması və xüsusən hipertoniya üçün xarakterik olan arterial əzələ hüceyrələrində artan sərbəst Ca2 + ionların aktivliyinin azalması ilə izah olunur. Bunun nəticəsində damarların orqanizmin katexolaminlər kimi, pressor maddələrinə reaksiyası və kontraktilliyi zəyifləyir. Farmakokinetikası Absorbsiya və paylanması Daxilə qəbul edildikdən sonra mədə-bağırsaq traktından tez və demək olar ki tamamilə sorulur. Qanda maksimal konsentrasiyası 1-2 saatdan sonra müşahidə olunur. Sistem biomənimsənilməsi 80-90%-dir və absorbsiya tamamlandıqda ilk keçid effekti 10-20% -dir. İki tədqiqatdan alınan məlumatlar göstərir ki, qida qəbulundan sonra torasemidin absorbsiya sürəti (vaxtdan asılı) azalır (aşağı Cmax və yüksəlmiş tmax göstəriciləri), lakin torasemidin bütöv absorbsiyası qida qəbulundan sonra dəyişmir. Qan zülalları ilə birləşməsi 99% təşkil edir, metabolitlərlə isə M1-86%, M3-95%, M3-97%. Aşkar paylama həcmi 16 l-dir. Metabolizmi İnsanlarda torasemid üç metabolitə M1, M3 və M5 metabolizə olunur. Daha sonra digər metabolitlərin yaranmasının sübutu yoxdur. M1 və M5 metabolitləri fenil halqasının metil qrupunun karbon turşusuna mərhələli oksidləşməsi, M3 metaboliti isə halqanın hidroksilləşməsi ilə yaranır. Heyvan tədqiqatlarında tapılan M2 və M4 metabolitləri insanlarda aşkar edilməyib. Torasemid və onun metabolitləri doza-xətti kinetika ilə xarakterizə olunur, yəni plazmada maksimal konsentrasiyası və plazma səviyyəsinin əyriləri altında olan sahələr dozaya nisbətdə artır. Xaric olması Torasemid və onun metabolitlərinin yarımparçalanma müddəti (t ) sağlam adamlarda 3-4 saaatdır.½ Ümumi klirens 40ml/dəq təşkil edir, böyrək klirensi-təxminən 10ml/dəq. Sağlam subyektlərdə dərmanın təyin edilmiş bütün dozasının təqribən 80 %-i torasemid və onun metabolitləri şəklində sidiklə xaric olunur: torasemid 24%, M1 metaboliti 12%, M3 metaboliti 3%, M5 metaboliti 41%. Əsas metabolit M5 diuretik olaraq təsirsizdir, aktiv M1 və M3 metabolitləri birlikdə farmakodinamik təsirin təxminən 10% -ni təşkil edir. Böyrək çatışmazlığı zamanı torasemidin yarımparçalanma dövrü və ümumi klirensi dəyişilməz qalır, M3 və M5 metabolitlərinin isə yarımparçalanma dövrü uzanır. Lakin, farmakodinamika dəyişməz olaraq qalır və təsir müddəti böyrək çatışmazlığının ağırlığından asılı deyil. Torasemid və onun metabolitləri hemodializ və ya hemofiltrasiya ilə nəzərə çarpacaq dərəcədə təmizlənmir. Ürək və ya qaraciyər çatışmazlığı olan pasientlərdə torasemid və onun M5 metabolitinin yarımparçalanma müddəti cüzi artır, lakin sidikdə xaric olunan maddənin miqdarı sağlam insanlarda olan miqdarla uyğundur. Bu səbəbdən torasemidin və onun metabolitlərinin toplanması gözlənilmir.

İstifadəsinə göstərişlər

Toras-Denk 10 preparatı, ürək disfunksiyası (ürək çatışmazlığı) nəticəsində toxumalarda (ürək ödemi) və/və ya bədən boşluqlarında (effuziya) mayenin təkrarlanan toplanmasının müalicəsi və profilaktikasında istifadə olunur.

Əks göstərişlər

˗ Torasemidə, oxşar quruluşa malik olan maddələrə (sulfonilsidik cövhəri) və ya preparatın digər maddələrinə qarşı hiperhəssaslıq; ˗ sidiyin ayrılmaması (anuriya) ilə əlaqəli böyrək çatışmazlığı; ˗ şüurun dumanlanması ilə müşayiət olunan ağır qaraciyər disfunksiyası (koma və ya qaraciyər prekoması); ˗ anormal aşağı qan təzyiqi (hipotenziya); ˗ bədənin qan həcminin normadan aşağı olduğu hallar (hipovolemiya); ˗ qanda natrium və ya kalium çatışmazlığı halları (hiponatraemiya, hipokalemiya); ˗ sidik axınının obstruksiyası halları (məsələn, prostat vəzinin anormal genişlənməsi səbəbindən); ˗ hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda Toras-Denk 10 preparatı ehtiyatla qəbul edilməlidir. Hiperurikemiya və podaqra (gut xəstəliyi) xəstələrinin diqqətlə izlənməsi tövsiyə olunur. Hipokaliemiya, hiponatriemiya, hipovalemiya və qan dövranı pozğunluqları preparatın tətbiqindən öncə müalicə olunmalıdır. Torasemidlə uzun müddətli müalicə zamanı qanda elektrolit balansı, qlükoza, sidik turşusu, kreatinin və lipidlərin mütəmadi izlənməsi tövsiyə olunur. Qlükozaya qarşı dözümsüzlük irsi problemləri olan xəstələr, qlükoza-qalaktoza malabsorbsiyasının- Lapp laktaza çatışmazlığı olan xəstələr bu dərmanı qəbul etməməlidir. Şəkərli diabetdən əziyyət çəkən və ya şəkərli diabeti gizli formada keçirən (şəkərli diabetin manifest və ya latent forması) xəstələrdə qanda şəkərin səviyyəsinin müntəzəm olaraq tənzimlənməsi tələb olunur. Prostat hipertrofiyası da daxil olmaqla sidik ifrazı aktı zamanı çətinlik çəkən xəstələrdə kəskin sidik tutma riski artdığından, bu xəstələrin diqqətlə yaxından izlənilməsinə ehtiyac vardır. 12 yaşdan aşağı uşaqlar 12 yaşdan aşağı uşaqlarda Toras-Denk 5 preparatının istifadəsinə dair kifayət qədər məlumat olmadığı üçün, bu yaş qrupunda preparat istifadə edilməməlidir. Köməkçi maddələr haqqında xüsusi məlumat Preparatının tərkibində laktoza monohidrat vardır. Bu səbəbdən hər hansı şəkərə qarşı dözümsüzlüyü olan pasiyentlərə, preparatı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyyə olunur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Resept əsasında və ya reseptsiz buraxılmasından asılı olmayaraq, hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkiminizə və ya əczaçınıza bu barədə məlumat verin. Unutmayın ki, bu məlumat yaxınlarda istifadə olunan dərman vasitələrinə də aid ola bilər. Toras-Denk 10 preparatı digər antihipertenziv dərman vasitələrinin, xüsusən AÇF inhibitorlarının təsirini gücləndirir. Toras-Denk 10 preparatı ilə eyni vaxtda və ya müalicədən sonra AÇF inhibitorları istifadə edildikdə, həddindən artıq hipotenziya baş verə bilər. Toras-Denk 10 preparatının istifadəsi səbəbindən yaranan kalium çatışmazlığı, eyni zaman qəbul edilən üskükotu preparatlarının əlavə təsirlərini artıra və gücləndirə bilər. Toras-Denk 10 preparatı, diabetəleyhinə vasitələrin təsirini artıra bilər. Probenesid (podaqra müalicəsində istifadə olunan dərman vasitəsi) və iltihabəleyhinə preparatlar (indometasin, asetilsalisil turşusu kimi) Toras-Denk 10 preparatının diuretik və antihipertenziv təsirini azalda bilər. Salisilatların (ağrikəsici və revmatizməleyhinə dərman vasitəsi) yüksək dozalarının mərkəzi sinir sisteminə təsiri Toras-Denk 10 preparatı tərəfindən güclənə bilər. Xüsusilə yüksək dozada qəbul edildikdə Toras-Denk 10 preparatı aşağıdakı əlavə təsirlərin intensivləşməsinə səbəb ola bilər: aminoqlikozid antibiotiklərinin (məsələn, kanamisin, gentamisin, tobramisin), sisplatin preparatının (xərçəngin müalicəsində istifadə olunan dərman vasitəsi) ototoksik və nefrotoksik təsirlərinin, həmçinin sefalosporinlərin (infeksiyaların müalicəsində istifadə olunan preparatlar) nefrotoksik təsirlərinin. Toras-Denk 10 preparatı, teofillinin təsirini (astmanın müalicəsində istifadə olunan dərman vasitəsi), eləcə də kurare-tipli preparatlarının miorelaksant təsirini artıra bilər. İşlədicilər, həmçinin adrenokortikal hormonlar (mineralokortikoidlər və qlükokortikoidlər, məsələn, kortizon) Toras-Denk 10 preparatının səbəb olduğu hipokalemiyanı gücləndirə bilər. Litium Toras-Denk 10 preparatı ilə eyni vaxtda istifadə edildikdə, litiumun plazmada səviyyəsi və onun kardiotoksik və nefrotoksik təsirləri arta bilər. Toras-Denk 10 preparatı, damarların vazokonstriktiv preparatlara, məsələn, adrenalin, və noradrenalinə həssaslığın azalmasına səbəb ola bilər. Xolestiramin (lipidlərin səviyyəsini azaldan dərman vasitəsi) ilə yanaşı müalicə, bəzən Toras-Denk 10 preparatının mədə-bağırsaqdan absorbsiyasını azalda bilər və nəticədə onun təsirini azalda bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Bu günə qədər, Toras-Denk 10 preparatının dölə təsiri barədə kifayət qədər klinik məlumat yoxdur. Toras-Denk 10 preparatının təsiredici maddəsi torasemid, heyvanlar üzərində aparılan tədqiqatlarda, heç bir embriotoksik təsir göstərməmişdir. Lakin, təsiredici maddənin yüksək dozaları verildikdə, həm dölə, həm də anaya embriotoksik təsirlər müşahidə edilmişdir. Əlavə məlumatlar əldə olunana qədər, Toras-Denk 10 preparatı, tibbi zərurət olmadıqda hamiləlik dövründə tətbiq edilməməlidir. Ən aşağı effektiv doza istifadə edilməlidir. Bu səbəbdən hamilə olduqda və ya hamiləliyi planlaşdırdıqda dərhal həkimə bu barədə məlumat verin. Laktasiya Toras-Denk 10 preparatının təsiredici maddəsinin torasemidin,insan və ya heyvan ana südünə keçib- keçməməsi barədə məlumat yoxdur. Bu səbəbdən Toras-Denk 10 preparatı laktasiya zamanı əks göstərişdir. Həkim laktasiya zamanı Toras-Denk 10 preparatın istifadəsinə qərar verdikdə, ana südü ilə qidalandırma dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat düzgün istifadə edildikdə də, sürətli psixomotor reaksiyaları yüksək dərəcədə dəyişdirə bilər və nəticədə nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyəti pozulur. Bu, xüsusilə müalicənin başlanğıc dövrünə, dozanın artırılmasına, dərmanların dəyişdirilməsinə və ya eyni vaxtda qəbul edilən dərmanların qəbuluna və alkoqol ilə birlikdə istifadəsinə aiddir. Qan təzyiqində dəyişiklik yaradan digər dərman preparatları kimi, torasemid qəbul edən xəstələr başgicəllənmə və ya bununla əlaqəli simptomlarla qarşılaşdıqda nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməmələri tövsiyə olunur.

İstifadə qaydası və dozası

Toras-Denk 10 preparatını həmişə həkimin dediyi kimi qəbul edin. Əmin olmadıqda, həkim və ya əczaçı ilə məsləhətləşin. Toras-Denk 10 preparatı peroral qəbul edilir. Torasemidin peroral qəbulundan sonra yaranan antihipertenziv təsir müalicənin ilk həftəsində başlayır, maksimal antihipertenziv effekt isə adətən ən azı 12 həftədən sonra əldə edilir. Həkim tərəfindən başqa göstəriş olmadıqda, adi doza: müalicə gündə 5 mq torasemid ilə başlayır. Uyğun dozada olan tabletlər mövcuddur. Bu doza adətən dəstəkləyici dozadır. Gündə 5 mq torasemidin adi dozası ilə adekvat cavab əldə edilmədikdə, gündə bir dəfə 1 tablet Toras- Denk 10 (10 mq torasemidə ekvivalent) ilə müalicə təyin olunmalıdır. Bu cür hallarda Toras-Denk 10 (10 mq torasemidə ekvivalent) 1 tablet gündə 1 dəfə qəbul edilə bilər. Lazım gəldikdə, doza xəstəliyin ağırlığından asılı olaraq gündə 2 tablet Toras-Denk 10 (20 mq torasemidə ekvivalent) artırıla bilər. Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər Qaraciyər funksiyası pozulmuş pasiyentlərdə torasemidin plazmada səviyyəsinin artması səbəbidən, preparat ehtiyatla istifadə edilməlidir. Yaşlılar Yaşlı pasiyentlərdə doza tənzimlənməsi tələb olunmur. 12 yaşdan aşağı uşaqlar Toras-Denk 10 preparatının 12 yaşdan aşağı uşaqlarda istifadəsi barədə kifayət qədər məlumat olmadığı üçün onlarda Toras-Denk 10 preparatı istifadə edilməməlidir. Preparatın qəbul rejimi Preparat, səhər az miqdarda maye ilə bütöv udulmalıdır. Toras-Denk 10 preparatı yemək vaxtı qəbul edilməli deyil. Müalicə müddəti Toras-Denk 10 preparatı adətən uzunmüddətli müalicə olaraq və ya mayenin toplanması (ödem) azalana qədər qəbul olunmalıdır. Müalicə müddəti həkim tərəfindən təyin olunmalıdır. Toras-Denk 10 preparatının təsirinin çox güclü və ya çox zəif olduğunu hiss etdikdə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Toras-Denk 10 preparatının istifadəsi unudularsa Toras-Denk 10 preparatı tövsiyə olunan dozadan az qəbul edildikdə və ya dozanın qəbulu unudulduqda, preparat daha az təsirli olacaq. Bu, klinik vəziyyətin pisləşməsinə səbəb ola bilər, məsələn, çəkinin və ya mayenin toplanmasının artması. Unuldulmuş doza mümkün qədər tez qəbul edilməlidir. Buna baxmayaraq növbəti dozanın qəbul vaxtı yaxınlaşdıqda, unudulmuş doza qəbul edilməməlidir. Bu halda, unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir və preparatın qəbulu göstərişə uyğun davam edilməlidir. Toras-Denk 10 ilə müalicə dayandırılarsa Müalicə dayandırıldıqda, simptomlar daha da pisləşə bilər. Bu səbəbdən, heç bir vəziyyətdə Toras-Denk 10 preparatı ilə müalicəni həkimlə məsləhətləşmədən dayandırmaq olmaz. Bu dərman preparatının istifadəsinə dair əlavə suallar yaranarsa, həkim və ya əczaçı ilə məsləhətləşin.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, bu dərman da hamıda olmasa da əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Toras-Denk 10 preparatının və ya digər ilgək diuretiklərin məlum əlavə təsirləri aşağıdakılardır. Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil). Diqqət yetirilməli vacib əlavə təsirlər/əlamətlər və müalicə tədbirləri. Aşağıdakı əlavə təsirlərdən hər hansı biri yarandıqda, Toras-Denk 10 prepratının qəbulunu dayandırmaq və dərhal həkimə müraciət etmək tövsiyə olunur. Maddələr mübadiləsi və qidalanma pozğunluqları Tez-tez: bədənin qələvi-turşu balansının pozğunluğu (metabolik alkaloz). Əzələ spazmları (xüsusilə müalicənin başlanğıcında). Sidik turşusunun və qlükozanın, həmçinin lipidlərin (triqliseridlər, xolesterin) plazmada səviyyəsinin artması. Aşağı kalium pəhrizin qəbulu, qusma, ishal, işlədicilərin həddindən artıq istifadəsi zamanı, həmçinin xroniki qaraciyər disfunksiyası olan pasiyentlərdə kalium çatışmazlığı (hipokalemiya) baş verə bilər. Doza və müalicənin müddətindən asılı olaraq, su-elektrolit balansının pozulması, xüsusən həcmin azalması (hipovolemiya), kalium və/və ya natrium çatışmazlığı (hipokalemiya və/və ya hiponatriemiya) baş verə bilər. Ürək-damar sistemi xəstəlikləri Çox nadir: hemokonsentrasiya səbəbindən tromboembolik ağırlaşmalar, konfuziya, qan təzyiqinin aşağı düşməsi (hipotenziya), qan dövranının pozulması, ürək və beyin hipoperfuziyası baş verə bilər. Bunlar öz növbəsində aritmiya, sinə ağrısı (stenokardiya), kəskin ürək tutması və ya şüurun itkisinə səbəb ola bilər (sinkopa). Mədə-bağırsaq sistemi xəstəlikləri Tez-tez: mədə-bağırsaq pozğunluqları (məsələn, iştahanın azalması, mədə ağrısı, ürəkbulanma, qusma, ishal, qəbizlik) xüsusilə müalicənin əvvəlində. Çox nadir: mədəaltı vəzinin iltihabı (pankreatit). Böyrək və sidik sistemi xəstəlikləri Bəzən: plazmada sidik cövhəri və kreatinin səviyyəsinin artması. Sidik axınının obstruksiyası hallarında, sidiyin tutulması baş verə bilər. Hepatobiliar pozğunluqlar Tez-tez: bəzi qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi (qamma-GT). Dəri və allergik reaksiyalar Çox nadir: allergik reaksiyalar, məsələn, qaşınma, dərinin iltihabı (ekzantema), işığa həssaslıq (fotohəssaslıq), ağır dəri reaksiyaları. Qan və qanyarıdıcı sistemi pozğunluqları Çox nadir: qırmızı və ağ qan hüceyrələrin (eritrositlər və leykositlər) və trombositlərin sayının azalması. Ümumi pozğunluqlar Tez-tez: baş ağrısı, başgicəllənmə, halsızlıq, zəiflik (xüsusilə müalicənin başlanğıcında). Bəzən: ağızda quruluq, ətraflarda uyuşma və soyuqluq hissi (paresteziya). Çox nadir: görmə pozğunluğu, qulaqlarda səs (tinnitus), eşitmənin itkisi. Müalicə tədbirləri Yuxarıda göstərilən əlavə təsirlər baş verdikdə həkimlə əlaqə saxlayın, həkim yaranan təsirlərin ağırlığını qiymətləndirməli və zəruri hallarda müvafiq tədbirləri görməridir. Əlavə təsir baş verdikdə və ya sürətlə pisləşdikdə, dərhal həkimə məlumat verin, çünki bəzi əlavə təsirlər həyat üçün təhlükəlidir. Bundan sonra hansı tədbirlərin görülməsinin lazım olduğunu və müalicənin davam edib-edilməməsini yalnız həkim qərar verə bilər. Hiperhəssaslıq reaksiyanın ilk əlamətləri yarandıqda, Toras-Denk 10 preparatı təkrar qəbul edilməməlidir. Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkimə, əczaçıya və ya tibb bacısına məlumat verin.

Doza həddinin aşılması

Toras-Denk 10 preparatının artıq miqdarda qəbulu, elektrolit və suyun potensial təhlükəli həddindən artıq itkisinə səbəb olur və şüurun pozğunluğu, konfuziya, hipotenziya, qan dövranının kollapsı və mədə-bağırsaq pozğunluqları ilə nəticələnə bilər. Xüsusi antidotu yoxdur. Bu halda lazımi tibbi müalicəyə başlamaq üçün, dərhal həkimə müraciyət etmək tövsiyə olunur.

Buraxılış forması

10 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºС-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır. İstehsalat sahəsi DENK PHARMA GmbH & Co. KG. Göllstr. 1, 84529 Tittmoning, Germany.

Qeydiyyat vəsiqəsinin sahibi

DENK PHARMA GmbH & Co. KG. Prinzregentenstr. 79 81675 München Germany.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“TORАS-DENK 10 MG N30 TAB” üçün ilk rəyi siz yazın.