Ifenal normon 400 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə dərman preparatları. Propion turşusunun törəmələri. İbuprofen |
| İstehsal ölkəsi | İspaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
5,34 ₼
Stokda yoxdur
Stokda yoxdur
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu dərman vasitəsini istifadə etməyə başlamazdan əvvəl bu içlik vərəqəni diqqətlə oxuyun • Bu içlik vərəqəni saxlayın. Siz onu yenidən oxumalı ola bilərsiniz. • Əgər Sizin əlavə suallarınız olarsa, lütfən həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Hətta onların simptomları Sizin simptomlarınızla eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. • Əgər əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, bu barədə həkimə və ya əczaçıya məlumat verin. İfenal NORMON 400 mq, 600 mq örtüklü tabletlər Ifenal NORMON Beynəlxalq patentləşdirilməmiş adı: İbuprofen
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq və ya 600mq İbuprofen vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, trikalsium fosfat, natrium kroskarmelloza, povidon, stearin turşusu, talk. Örtük: hipromelloza, titan dioksid (E 171), makroqol 6000, talk.
Təsviri
400mq-tabletlər ağ və ya demək olar ki, ağ, ikitərəfli qabarıq, uzunsov, bir üzündə “I400” markası olan örtüklü tabletlərdir. 600mq-tabletlər ağ və ya demək olar ki, ağ, ikitərəfli qabarıq, uzunsov, bir üzündə “I600” markası olan örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə dərman preparatları. Propion turşusunun törəmələri. İbuprofen. ATC kodu: M01AE01.
İstifadəsinə göstərişlər
İfenal NORMON qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) adlanan farmakoloji qrupa aiddir. Bu dərman preparatı miqren daxil olmaqla mülayim və ya orta dərəcəli ağrını yüngülləşdirmək üçün, qızdırmanı, artriti (adətən əllərdə və ayaqlarda oynaqların ağrı və şişkinliklə müşayiət olunan iltihabı), yuvenil revmatoid artriti, artrozu (oynaq qığırdağının zədələnməsinə səbəb olan xroniki xəstəlik) ankilozlaşdırıcı spondiliti (fəqərə sütununda oynaqların iltihabi xəstəliyi), qeyri-revmatoid iltihabı və birincili dismenoreyanı müalicə etmək üçün istifadə edilir.
Əks göstərişlər
İfenal NORMON qəbul etməyin: – əgər Sizdə İbuprofenə və ya hər hansı digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP), aspirinə və ya bu dərman preparatının hər hansı digər komponentinə qarşı allergiya (yüksək həssaslıq) varsa. Allergiyanı göstərən əlamətlərə aşağıdakılar aid ola bilər: qaşınan dəri səpgisi, dodaqlarda, üzdə və ya dildə şişkinlik, burun axması, astma və ya tənəffüsün çətinləşməsi. – Əgər Siz ağır qaraciyər və ya böyrək xəstəliklərindən əziyyət çəkirsinizsə. – Əgər Sizdə xora, mədə və ya 12-barmaq bağırsaq qanaxması olmuşdursa və ya əgər Siz mədə- bağırsaq perforasiyasından əziyyət çəkirsinizsə. – Sizdə qanlı qusma varsa. – Əgər Sizdə qanlı və ya qara nəcislə müşayiət olunan diareya varsa. – Əgər Siz qanın laxtalanması və ya qanaxma ilə bağlı problemlərdən əziyyət çəkirsinizsə və ya Siz antikoaqulyant (qanın laxtalanma qabiliyyətini zəiflədən dərmanlar) istifadə edirsinizsə. Əgər Siz eyni zamanda antikoaqulyant qəbul etmək məcburiyyətindəsinizsə, o zaman həkiminiz qanınızın laxtalanma səviyyəsinin monitorinqi üçün bəzi testlər təyin edəcəkdir. – Ağır ürək çatışmazlığı varsa. – Siz hamiləliyin sonuncu trimestrindəsinizsə.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda İfenal NORMON qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin: – əgər Sizdə ödem (mayenin ləngiməsi) varsa. – Əgər ürək fəaliyyətinin pozulmasından və ya yüksək qan təzyiqindən əziyyət çəkirsinizsə və ya nə vaxtsa çəkmisinizsə. – Əgər Siz astmadan və ya hər hansı digər tənəffüs problemlərindən əziyyət çəkirsinizsə. – Əgər Siz ibuprofenlə müalicə alırsınızsa, bu zaman ibuprofen infeksiyanın əhəmiyyətli simptomu olan qızdırmanı gizlədə bilər ki, bu da diaqnozu dəqiqləşdirməyə mane olur. – Əgər Siz, böyrək və ya qaraciyər xəstəliyindən əziyyət çəkirsinizsə, yaşınız 60-dan yuxarıdırsa və ya bu dərman preparatını uzun müddət ərzində (1-2 həftədən artıq) qəbul etməlisinizsə, o zaman həkiminiz Sizi yoxlamaq üçün bəzi testlərin keçirilməsini tövsiyə edə bilər. Həkiminiz Sizin müntəzəm olaraq yoxlanmalı olduğunuzu tövsiyə edə bilər. – Əgər Sizdə dehidratasiya simptomları, məs., ağır diareya və ya qusma varsa, çoxlu miqdarda maye qəbul edin və dərhal həkiminizlə əlaqə saxlayın, belə ki, xüsusi hallarda ibuprofen dehidratasiya ilə bağlı ikincili böyrək çatışmazlığına səbəb ola bilər. – Əgər Sizdə intensiv və ya davamlı mədə xorasına və/və ya qara nəcis ifrazına səbəb ola bilən xora, mədə/12-barmaq bağırsaq qanaxması və ya perforasiyası varsa və ya nə vaxtsa olmuşdursa (hətta xəbərdaredici əlamətlər olmadan). Yüksək doza və uzunmüddətli müalicə yüksək riskdir, xüsusilə əvvəllər peptik xorası olmuş pasiyentlərdə və ya yaşlı pasiyentlərdə. Belə hallarda həkiminiz eyni zamanda mədəni müdafiə etmək üçün dərman qəbul etməyinizi tövsiyə edə bilər. – Əgər Siz eyni zamanda qanın laxtalanma qabiliyyətini aşağı salan dərman preparatları, məs., oral antikoaqulyantlar və ya asetilsalisil turşusu kimi antitrombositar preparatlar istifadə edirsinizsə. Siz, həmçinin kortikosteroidlər və serotoninin geriyə tutulmasının selektiv inhibitorları qrupuna dair antidepressant kimi qanaxma riskini yüksəldə bilən hər hansı digər dərman preparatı qəbul edirsinizsə, bu barədə həkiminizə məlumat verməlisiniz. – Əgər Siz Kron xəstəliyindən (bağırsağın qanlı diareyaya səbəb ola bilən iltihab törədə bilən xronik autoimmun iltihabı) və ya xoralı kolitdən əziyyət çəkirsinizsə, belə ki, ibuprofen kimi dərman preparatları bu halları ağırlaşdıra bilər. – Əgər Siz diuretiklərlə müalicə olunursunuzsa (sidik ifrazını artıran dərman preparatları), belə ki, həkiminiz Sizin böyrək funksiyanızın monitorinqini apara bilər. – Əgər Sizdə sistem qırmızı qurdeşənəyi (immun sistemə və bədənin çoxsaylı orqanlarına, sinir sisteminə, qan damarlarına, dəriyə və oynaqlara təsir göstərən xronik xəstəlik), belə ki, aseptik meningit baş verə bilər (beyin qişasının, baş və onurğa beyninin qeyri-bakterial iltihabı) – Əgər Siz kəskin fasiləli porfiriyadan (qana təsir edərək sidiyin qırmızı rəngə boyanmasına, sidikdə qanın görünməsinə və ya qaraciyər xəstəliyinə səbəb olan metabolik pozğunluq) əziyyət çəkirsinizsə, belə ki, ibuprofenlə müalicənin münasibliyi qiymətləndirilməlidir. – Əgər Siz uzunmüddətli müalicədən sonra başağrısından əziyyət çəkirsinizsə, bu dərman preparatını yüksək dozalarda qəbul etməyin. – Bu dərman vasitəsinə qarşı allergiya inkişaf edə bilər. – Əgər böyük cərrahi əməliyyatdan sonra ibuprofen alırsınızsa, həkiminiz Sizi daha tez-tez yoxlayacaqdır. – Əgər Sizdə suçiçəyi varsa, bu dərmanı qəbul etməyiniz tövsiyə olunmur. Preparatı ağrıya nəzarət etmək/onu yüngülləşdirmək üçün lazım olan minimal dozada qəbul etmək vacibdir, dərman preparatını Sizin simptomlarınıza nəzarət etmək üçün lazım olan müd- dətdən artıq istifadə etmək tövsiyə olunmur. Ürək-damar sisteminə dair xəbərdarlıqlar İbuprofen kimi iltihabəleyhinə/ağrıkəsici dərman preparatları ürək tutmalarının və ya insultun başvermə riskini bir qədər yüksəldə bilər, xüsusilə yüksək dozalarda istifadə zamanı. Tövsiyə olunan müalicəvi dozanı və müalicə müddətini artırmayın. Aşağıdakı hallarda İfenal NORMON qəbul etməyə başlamazdan əvvəl müalicənizlə bağlı həkiminizlə və ya əczaçı ilə məsləhətləşməlisiniz: – Əgər Sizin ürək çatışmazlığı, stenokardiya (sinədə ağrı) daxil olmaqla, ürəklə bağlı problemləriniz varsa və ya əvvəllər Sizdə ürək tutması baş vermişdirsə, şunt qoyulması ilə cərrahi əməliyyat keçirmisinizsə, periferik arterial xəstəlikdən (arteriyaların daralması və ya tutulması nəticəsində ayaqlarda qan dövranının pozulması) və ya insultun hər hansı növündən (“mini” insult və ya tranzitor işemik həmlə “TIA) daxil olmaqla) əziyyət çəkmisinizsə. – Əgər Sizin qan təzyiqiniz yüksəkdirsə, diabetiniz varsa, xolesterinin səviyyəsi yüksəkdirsə, ailəvi anamnezinizdə ürək xəstəlikləri və ya insult varsa və ya Siz siqaret çəkirsinizsə. Bu tipli dərman həmçinin mayenin ləngiməsinə səbəb ola bilər, xüsusilə ürək çatışmazlığı və/və ya yüksək qan təzyiqi (hipertenziya) olan pasiyentlərdə. Dəri reaksiyaları İbuprofenlə müalicə ilə bağlı ağır dəri reaksiyaları bildirilmişdir. Əgər sizdə hər hansı bir dəri səpgisi, selikli qişaların zədələnməsi, qabarcıqlar və ya digər allergiya əlamətləri yaranarsa, İfenal Normon qəbulunu dayandırın və dərhal həkimə müraciət edin, çünki bu, çox ciddi dəri reaksiyasının ilk əlamətləri ola bilər. Fertilliyə və hamiləliyə dair xəbərdarlıqlar İbuprofen kimi dərman preparatlarının istifadəsi düşük/anadangəlmə qeyri-normallıq riskini yüksəldə bilər, ona görə də ciddi göstəriş olmadığı halda ibuprofenin hamiləliyin birinci və ikinci trimestri dövründə istifadəsi tövsiyə olunmur. Belə hallarda doza və istifadə müddəti mümkün qədər az olmalıdır. Hamiləliyin üçüncü trimestrində ibuprofenin istifadəsi əks göstərişdir. Doğuş qabiliyyətli qadınlara xəbərdarlıq edilməlidir ki, ibuprofen kimi dərmanlar mayalanmanı azaldır. Uşaqlar Bu dərman vasitəsi 12 yaşdan aşağı uşaqlar və yeniyetmələr üçün tövsiyə olunmur, belə ki, bu dərman vasitəsində ibuprofenin dozası bu yaş qrupunda istifadə üçün münasib deyildir. Bu dərman vasitəsinin hər ibuprofen tabletində 23 mq-dan az natrium (1 mmol) var, buna görə də o, mahiyyətcə “natriumsuz” hesab olunur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər reseptsiz buraxılan dərman preparatları da daxil olmaqla, hər hansı digər dərman vasitəsi qəbul edirsinizsə və ya yaxın zamanlarda qəbul etmisinizsə, lütfən bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. İfenal NORMON digər dərmanların effektivliyinə və ya digər dərmanlar İfenal NORMON -un effektivliyinə təsir göstərə bilər. Məsələn: – aspirin kimi digər qeyri-steroid iltihabəleyhinə preparatlar – Tiklopidin kimi antitrombositar dərmanlar (onlar qan damarlarında qanın laxtalanmasının və ya tromb əmələ gəlməsinin qarşısını alır). – Antikoaqulyant dərman preparatları (laxtalanma problemlərini müalicə etmək/laxtalanmanın qarşısını almaq üçün istifadə olunan dərmanlar, məsələn, asetilsalisil turşusu, varfarin, tiklopidin). – Litium (depressiyanın müalicəsi üçün). Yəqin ki, həkiminiz bu dərman preparatının dozasına düzəliş edəcəkdir. – Metotreksat (xərçəng xəstəliyinin və iltihabi xəstəliklərin müalicəsi üçün). – Mifepriston (hamiləliyi dayandırmaq üçün). – Diqoksin və digər ürək qlikozidləri (ürək fəaliyyətinin pozulması zamanı istifadə olunurlar). – Fenitoin kimi hidantoinlər (epilepsiyanın müalicəsi üçün istifadə edilir). – Sulfametoksazol və kotrimoksazol kimi sulfanilamidlər (bəzi bakterial infeksiyaların müalicəsi üçün istifadə edilir). – Kortizon və prednizolon kimi kortikosteroidlər. – Diuretiklər (sidik ifrazını gücləndirmək üçün istifadə edilən dərman preparatları). – Pentoksifillin (fasiləli axsamanın müalicəsi üçün). – Probenesid (podaqrası olan pasiyentlərin müalicəsi üçün və penisillinlə birlikdə infeksiyaların müalicəsi üçün). – Norfloksasin kimi xinolon qrupu antibiotikləri). – Sulfinpirazon (podaqranın müalicəsi üçün). – Tolbutamid kimi sulfonilsidik törəmələri (diabetin müalicəsi üçün). – Takrolimus və ya siklosporin (trasplantatın dəf olunmasının qarşısını almaq üçün). – Zidovudin (QİÇS zamanı antiretroviral preparat kimi) – Yüksək qan təzyiqini aşağı salan dərman vasitələri (kaptopril kimi AÇF inhibitorları, atenolol kimi beta-blokatorlar və lozartan kimi angiotenzin II reseptorlarının blokatorları) – Trombolitiklər (qan laxtalarını həll etmək üçün dərman vasitələri). – Neomisin kimi aminoqlikozid antibiotikləri – Dərman bitki ekstraktları: Ginkqo biloba ağacı. Digər dərmanlar da İfenal NORMON ilə müalicəyə və ya əksinə İfenal NORMON digər dərman vasitələri ilə müalicəyə təsir göstərə bilər. Ona görə də Siz həmişə İfenal NORMON -u digər dərman vasitələri ilə istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşməlisiniz. Analitik testlərə təsiri İbuprofenin qəbulu aşağıdakı laborator testlərin nəticələrini dəyişə bilər: – Qanaxma müddəti (onun təyin edilməsini müalicənin dayandırılmasından 1 gün sonra həyata keçirmək olar) – Qanda qlükozanın səviyyəsi (o azala bilər) – Kreatinin klirensi (o azala bilər) – Hematokrit və ya hemoqlobin (o azala bilər) – Qanın sidikcövhəri azotunun səviyyəsi və zərdab kreatininin və kaliumunun səviyyəsi (o arta bilər) – Qaraciyərin funksional testlərində: transaminazanın qiymətinin yüksəlməsi. Hər hansı tibbi testin aparılmasından əvvəl ibuprofen qəbul etmisinizsə və ya hazırda qəbul edirsinizsə, testin aparılmasından əvvəl həkimlə məsləhətləşin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər hansı dərmanı qəbul etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin İfenal NORMON hamiləlik dövründə istifadə edilməməlidir, xüsusilə üçüncü trimestrdə (bax: “Fertillik və hamiləliklə bağlı xəbərdarlıqlar”). Dərman maddəsi ana südünə hətta çox kiçik miqdarda nüfuz etsə də, ibuprofenin laktasiya dövründə uzun müddət qəbul edilməsi tövsiyə olunmur. Əgər Siz hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, bu dərmanı qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə müraciət edin. İbuprofen kimi dərman preparatlarının istifadəsi düşük/anadangəlmə qeyri-normallıq riskini yüksəldə bilər, ona görə də ciddi göstəriş olmadığı halda ibuprofenin hamiləliyin birinci və ikinci trimestri dövründə istifadəsi tövsiyə olunmur. Belə hallarda doza və istifadə müddəti mümkün qədər az olmalıdır. Hamiləliyin üçüncü trimestrində ibuprofenin istifadəsi əks göstərişdir. Buna görə hamilə qalsanız və ya ana südü ilə qidalandırırsınızsa, həkiminizə məlumat verin. Doğuş qabiliyyətli qadınlara xəbərdarlıq edilməlidir ki, ibuprofen kimi dərmanlar mayalanma qabiliyyətini azaldır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Əgər Sizdə İfenal NORMON -la müalicə zamanı başgicəllənmə, fırlanma hissi görmənizdə dəyişiklik və ya digər simptomlar baş verərsə, Siz nəqliyyat vasitələri sürməkdən və təhlükəli maşın istifadə etməkdən imtina etməlisiniz. Əgər yalnız qısa müddət ərzində ibuprofenin bir dozası qəbul edilərsə, heç bir ehtiyat tədbirinə ehtiyac yoxdur.
İstifadə qaydası və dozası
İfenal NORMON -u həkiminizin təyinatına dəqiq əməl etməklə qəbul edin. Əgər nəyəsə əmin deyilsinizsə, həkiminizlə dəqiqləşdirin. Gündə neçə tablet və nə qədər müddətə qəbul etməli olduğunuzu həkiminiz Sizə deyəcəkdir. Həkimin göstərişi olmadan ibuprofenlə müalicəni dayandırmayın, belə ki, bu zaman gözlənilən nəticə əldə edilməyəcəkdir. Həmçinin, ibuprofeni həkiminizin Sizə dediyindən artıq müddət ərzində qəbul etməyin. İfenal NORMON -un ağrıya nəzarət etmək/ağrını yüngülləşdirmək üçün lazım olan minimal dozada qəbul etmək mühüm əhəmiyyətə malikdir, həmçinin bu dərman preparatı Sizin simptomlarınıza nəzarət etmək üçün lazım olduğundan artıq müddət ərzində istifadə edilməməlidir. Bu dərman preparatı daxilə qəbul üçündür. Mədə pozğunluğu hiss edən pasiyentlər bu dərman vasitəsini südlə və/və ya qida ilə birlikdə qəbul etməlidirlər. İfenal Normon 400mq istifadəsi; Böyüklər Klinik vəziyyətin ağırlığından və müalicəyə cavab reaksiyasından asılı olaraq, böyüklər və 12-18 yaş arasında olan yeniyetmələr hər 6-8 saatdan bir 1 tablet (400mq) qəbul etməlidirlər. Bəzi hallarda yüksək dozalardan istifadə etmək lazım gələ bilər, lakin, böyüklər üçün 2400 mq- dan, 12-18 yaşlı yeniyetmələr üçün 1600 mq-dan yüksək gündəlik doza tövsiyə olunmur. Uşaqlar Bu dərman vasitəsi 12 yaşdan aşağı uşaqlar və yeniyetmələr üçün tövsiyə olunmur, belə ki, bu dərman vasitəsində ibuprofenin dozası bu yaş qrupunda istifadə üçün münasib deyildir. Yaşlı pasiyentlər Əgər Sizin yaşınız 60-dan yuxarıdırsa, həkiminiz Sizə daha aşağı doza təyin edə bilər. Əgər həkiminiz Sizin bu dərman preparatına qarşı dözümlülüyünüzün yaxşı olduğunu müəyyən edərsə, yalnız o zaman dozanı yüksəldə bilər. Böyrək və /və ya qaraciyər xəstəlikləri olan pasiyentlər Əgər Siz böyrək və /və ya qaraciyər xəstəliklərindən əziyyət çəkirsinizsə, həkiminiz Sizə aşağı daha doza təyin edə bilər. Bu halda yalnız həkiminiz tərəfindən dozaya düzəliş edilə bilər. Əgər Siz bu dərman preparatının təsirinin həddindən artıq güclü və ya həddindən artıq zəif olduğunu düşünürsünüzsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. İfenal Normon 600mq istifadəsi Klinik vəziyyətin ağırlığından və müalicəyə cavab reaksiyasından asılı olaraq, böyüklər və 14-18 yaş arasında olan yeniyetmələr hər 6-8 saatdan bir 1 tablet (600mq) qəbul etməlidirlər. Bəzi hallarda yüksək dozalardan istifadə etmək lazım gələ bilər, lakin, böyüklər üçün 2400 mq-dan, 14-18 yaşlı yeniyetmələr üçün 1600 mq-dan yüksək gündəlik doza tövsiyə olunmur. Uşaqlar və yeniyetmələr Bu dərman vasitəsi 14 yaşdan aşağı uşaqlar və yeniyetmələr üçün tövsiyə olunmur, belə ki, bu dərman vasitəsində ibuprofenin dozası bu yaş qrupunda istifadə üçün münasib deyildir. Yaşlı pasiyentlər Əgər Sizin yaşınız 60-dan yuxarıdırsa, həkiminiz Sizə aşağı doza təyin edə bilər. Əgər həkiminiz Sizin bu dərman preparatına qarşı dözümlülüyünüzün yaxşı olduğunu müəyyən edərsə, yalnız o zaman dozanı yüksəldə bilər. Böyrək və /və ya qaraciyər xəstəlikləri olan pasiyentlər Əgər Siz böyrək və /və ya qaraciyər xəstəliklərindən əziyyət çəkirsinizsə, həkiminiz Sizə aşağı doza təyin edə bilər. Bu halda yalnız həkiminiz tərəfindən dozaya düzəliş edilə bilər. Əgər Siz bu dərman preparatının təsirinin həddindən artıq güclü və ya həddindən artıq zəif olduğunu düşünürsünüzsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Əgər Siz İfenal NORMON preparatını qəbul etməyi unutmusunuzsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Əgər bir dozanın qəbulunu unutmusunuzsa, onu xatırlayan kimi dərhal qəbul edin. Lakin, əgər növbəti dozanın qəbul vaxtı çatmışdırsa, unudulmuş dozanı buraxaraq, növbəti dozanı qəbul edin və müalicəni adi doza rejiminə uyğun olaraq davam etdirin. İfenal NORMON -un qida və içkilərlə qəbulu Onu ayrılıqda və ya qida ilə birlikdə qəbul etmək olar. Ümumiyyətlə onun qida qəbulundan əvvəl və ya südlə birlikdə qəbul edilməsi tövsiyə edilir, bu, mədənin pozulması imkanını azaldır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi, İfenal NORMON də əlavə təsirlər törədə bilər, baxmayaraq ki, bu hər kəsdə baş vermir. İbuprofen kimi dərman vasitələrinin qəbulu zamanı əlavə təsirlər ən çox 65 yaşdan yuxarı pasiyentlərdə baş verir. Əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: çox tez-tez (10 pasiyentdən 1-dən azında baş verir); tez-tez (100 pasiyentdən 1-10-da baş verir); bəzən (1000 pasiyentdən 1-10-da baş verir); nadir (10 000 pasiyentdən 1-10-da baş verir); çox nadir (10 000 pasiyentdən 1-dən azında baş verir), məlum deyil (mövcud məlumatlara görə başvermə tezliyini müəyyən etmək mümkün deyil). Preparatdan istifadə zamanı aşağıdakı əlavə təsirlər müşahidə edilmişdir: Mədə-bağırsaq reaksiyaları İbuprofen kimi dərman preparatlarından istifadə zamanı mədə-bağırsaq sistemində çox tez-tez meydana çıxan əlavə təsirlər aşağıdakılar olmuşdur: peptik xora, mədə qanaxması, perforasiyalar (bəzi hallarda ölümcül), xüsusilə yaşlı pasiyentlərdə. Həmçinin, ürəkbulanma, qusma, diareya, meteorizm, qəbizlik, qıcqırma, abdominal ağrı, qanlı nəcis, ağız boşluğunda kiçik xoralar (süd ağzı), xoralı kolitin ağırlaşması və Kron xəstəliyi müşahidə edilmişdir. Bir qədər aşağı tezlikdə qastrit müşahidə edilmişdir. Digər əlavə təsirlər: bəzən: ağızın selikli qişasının xora ilə iltihabı. Nadir: ezofaqeal iltihab, qida borusunun daralması (ezofaqeal stenoz), divertikulyar xəstəliyin ağırlaşması, qeyri-spesifik hemorragik kolit (qanlı ishal ilə birlikdə qastroenterit). Çox nadir: pankreatit. Ürək-damar sistemi İbuprofen kimi dərman vasitələri ürək tutmalarının (“miokard infarktı”) və ya insultun inkişaf riskini bir qədər yüksəldə bilər. İbuprofenə-bənzər dərman vasitələri ilə müalicə zamanı ödem (mayenin ləngiməsi), qan təzyiqinin yüksəlməsi və ürək çatışmazlığı barədə məlumat verilmişdir. Dəridə meydana çıxan əlavə təsirlər İbuprofenə-bənzər dərman vasitələri ilə müalicə zamanı çox nadir hallarda ciddi bullyoz reaksiyalar, o cümlədən Stivens-Conson sindromu (dəridə və iki və ya daha çox selikli qişada yayılmış zədələr və adətən bədəndə bənövşəyi zədələnmələr) və toksik epidermal nekroliz (selikli qişa zədələnməsi və ağrılı nekrotik zədələnmələr və epidermisin qabıq verməsi). Baş verə bilər. Digər əlavə təsirlər: tez-tez: dəri səpgisi. Bəzən: dəriyə qan axını, dərinin qaşınması və şişməsi; purpura (solğun bənövşəyi ləkələr). Çox nadir: saçın tökülməsi, multiformalı eritema (dəri xəstəliyi), işığın təsirinə qarşı dəri reaksiyası, dərinin qan damarlarının iltihabı. Müstəsna hallarda suçiçəyi zamanı dərinin və yumşaq toxumanın infeksiyasının ciddi ağırlaşması baş verə bilər. Məlum deyil: müalicənin başlanğıcında qızdırma ilə müşayiət olunan, əsasən dəri qırışlarında, gövdə və yuxarı ətraflarda lokallaşdırılmış dəri altında qabarıqlar və qabarcıqlar olan qırmızı, pullu geniş yayılmış səpgi (kəskin ümumiləşdirilmiş ekzantematoz püstüloz). Əgər sizdə bu simptomlar yaranarsa İfenal Normondan istifadəni dayandırın və dərhal həkimə müraciət edin. İmmun sistemdə meydana çıxan əlavə təsirlər Bəzən: dəridə və ya selikli qişalarda və ya hətta üzdə, dodaqlarda, dildə, boğazda keçici ödem (angionevrotik ödem), burunun selikli qişasının iltihabı, bronxospazm. Nadir: ciddi allergik reaksiya (anafilaktik şok). Ümumi ağır yüksək həssaslıq reaksiyaları zamanı simptomlar üzdə, dildə və ağciyərlərdə meydana çıxa bilər, bronxospazm, astma, taxikardiya, hipotenziya və ya şok. Çox nadir: qırmızı qurdeşənəyi. Mərkəzi sinir sistemində meydana çıxan əlavə təsirlər Tez-tez: yorğunluq və ya yuxululuq, başağrısı və başgicəllənmə və ya qeyri-stabil hiss. Nadir: paresteziya (yuxululuq hissi, əsasən əllərdə və ayaqlarda qıdıqlanma hissi, iynəsancma hissi). Çox nadir: aseptik meningit. İbuprofenlə bağlı aseptik meninget barədə ən çox məlumat autoimmun xəstəlikləri olan (məsələn, sistem qırmızı qurdeşənəyi və ya digər kollagen xəstəliklər) pasiyentlərdə qeyd edilmişdir. Aseptik meningitin simptomlarına əyriboyunluq, başağrısı, ürəkbulanma, qusma, qızdırma və ya dezorientasiya aid ola bilər. Psixiatrik əlavə təsirlər Bəzən: yuxusuzluq, narahatlıq, həyəcan. Nadir: dezorientasiya və ya çaşqınlıq, əsəbilik, qıcıqlanma, depressiya, psixotik reaksiyalar.. Eşitməyə əlavə təsirlər Tez-tez: fırlanma hissi. Bəzən: qulaqlarda. Nadir: eşitmənin çətinləşməsi. Nadir: eşitmənin pozğunluğu. Görməyə əlavə təsirlər Bəzən: görmədə dəyişikliklər. Nadir: qeyri-normal və ya dumanlı görmə. Qan sistemində meydana çıxan əlavə təsirlər Nadir: trombositlərin və ağ qan cisimciklərinin səviyyəsinin aşağı olması (tez-tez qızdırma, titrətmə və ya boğazın şişməsi ilə müşayiət olunan infeksiyaların baş verməsi bunun əlamətləri ola bilər), qırmızı qan cisimciklərinin miqdarının azalması (tənəffüsün çətinləşməsi və dərinin solğunlaşması), qranulositlərin azalması (ağ qan cisimciklərinin bir tipi olub, çatışmazlığı infeksiyaların daha çox inkişaf etməsinə səbəb olur), pansitopeniya (qırmızı qan cisimciklərinin, ağ qan cisimciklərinin və trombositlərin çatışmazlığı), aqranulositoz (qranulosit səviyyəsinin kəskin düşməsi), aplastik anemiya (sümük iliyinin hər üç qan hüceyrələrini yaratma fnksiyasının çatışmazlığı) və ya hemolitik anemiya (qırmızı qan hüceyrələrinin vaxtındanəvvəl dağılması). İlk simptomlar aşağıdakılardır: qızdırma, boğazın şişməsi, ağızda kiçik xoralar, qripə-bənzər xoralar, həddindən artıq tükənmə, burun və dəri qanaxması. Çox nadir. Qanaxma müddətinin uzanması. Böyrəklərdə meydana çıxan əlavə təsirlər QSİƏP-in ümumi istifadə təcrübəsinə əsasən – interstisial nefrit (böyrək pozğunluğu), nefrotik sindrom (proteinuriya və ödemlə xarakterizə olunan xəstəlik) və böyrək çatışmazlığı (normal böyrək funksiyasının qəflətən pozulması) hallarının baş verməsini istisna etmək olmaz. Qaraciyərdə meydana çıxan əlavə təsirlər İbuprofen kimi dərman vasitələri nadir hallarda qaraciyərə zədələyici təsir göstərə bilər. Digər nadir əlavə təsirlər aşağıdakılardır: hepatit (qaraciyərin iltihabı), qaraciyər funksiyalarının anormallığı və sarılıq (dərinin və gözlərin saralması). Məlum deyil: qaraciyər çatışmazlığı (qaraciyərin ağır disfunksiyası). Ümumi İnfeksiya zamanı iltihabın ağırlaşması. Bu vaxta qədər ibuprofenlə bağlı ciddi əlavə təsirlər barədə məlumat olmamışdır, baxmayaraq ki, bunu istisna etmək olmaz. Bu tipli reaksiyalara qızdırma, dəri səpgisi, abdominal ağrı, intensiv və davamlı başağrısı, ürəkbulanma, qusma, üzün, dilin və boğazın şişməsi, tənəffüsün çətinləşməsi, astma, ürəkdöyünmə, hipotenziya (aşağı qan təzyiqi) və ya şok aid ola bilər. Əgər Siz aşağıdakı əlavə təsirlərdən hər hansı birini hiss etsəniz, müalicəni dayandırın və dərhal həkiminizə müraciət edin: – Dəri səpgisi, üzün şişməsi, sinədə sıxılma və ya tənəffüsün çətinləşməsi kimi allergik reaksiyalar. – Qan qusma və ya kofe qırıntılarına bənzər qırıntılarla müşayiət olunan qusma. – Nəcisdə qanın görünməsi və ya qanlı ishal. – İntensiv mədə ağrısı. – Qabar və ya dərinin əhəmiyyətli dərəcədə deskvamasiyası. – Intensiv və davamlı başağrısı. – Sarılıq (dərinin saralması). – Ciddi yüksək həssaslıq (allergiya) əlamətləri (bu bölmənin yuxarı hissəsinə baxın). – Əllərdə və ayaqlarda şişşkinlik və ya mayenin ləngiməsi. Əgər əlavə təsirlərdən hər hansı biri ciddi xarakter alarsa və ya bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsir meydana çıxarsa, lütfən, bu barədə həkiminizə və ya əczaçıya məlumat verin. Əlavə təsirlər barədə məlumatın verilməsi Əgər Sizdə hər hansı əlavə təsir meydana çıxarsa, həkiminizə, əczaçıya və ya tibb bacısına bu barədə məlumat verin. Bura bu içlik vərəqədə qeyd edilməyən hər hansı digər əlavə təsirlər də aiddir.
Doza həddinin aşılması
Əgər Siz lazım olduğundan artıq İfenal NORMON qəbul etmisinizsə və ya təsadüfən bir qablaşdırmada olan tabletləri qəbul etmisinizsə, dərhal həkiminizə və ya əczaçıya müraciət edin və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə gedin. Bu zaman bu dərman preparatının qablaşdırmasını və bu içlik vərəqəsini özünüzlə götürməyi unutmayın. Doza həddi aşılmasının yüngül simptomları aşağıdakılardır: abdominal ağrı, ürəkbulanma, qusma, laqeydlik, yuxululuq, başağrısı, gözlərin qeyri-iradi sürətli hərəkəti, qulaqların cingildəməsi və əzələ koordinasıyasında çatışmazlıq. Bəzi hallarda daha ağır simptomlar baş verə bilər: bağırsaqda qanaxma, qan təzyiqinin və bədən temperaturunun aşağı düşməsi, metabolik asidoz, tutmalar, böyrək funksiyasının pozulması, koma, böyüklərdə tənəffüsün çətinləşməsi və uşaqlarda apnoe (yüksək miqdarda qəbuldan sonra). Ağır toksiklik zamanı həkiminiz müvafiq tədbirlər görəcəkdir. Dərman vasitəsinin əhəmiyyətli dərəcədə yüksək miqdarda qəbulu zamanı aktivləşdirici kömürdən istifadə edilməlidir. Mədənin yuyulması preparatın yüksək miqdarının qəbulundan sonra 60 dəqiqə müddətində həyata keçirilməlidir.
Buraxılış forması
400mq-lıq 30 və 600mq-lıq 40 örtüklü tablet, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən aşağı temperaturda, orijinal qablaşdırmada, rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Qablaşdırmanın üzərində “EXP”-dən sonra qeyd edilmiş yararlılıq müddəti bitdikdən sonra İfenal NORMON -u istifadə etməyin.Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir. Dərman vasitələrini çirkab sularına və məişət tullantılarının içərisinə atmaq olmaz. Artıq istifadə olunmayan dərman vasitəsinin necə məhv edilməli olduğunu əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.
Yararlılıq müddəti
3 il . Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
LABORATORIOS NORMON S.A., İspaniya. Ünvan Ronda de Valdecarrizo, 6 – 28760 Tres Cantos – Madrid (SPAIN).
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.