CIPRO DENK 500 MG N10 TAB

Dərman formasıTablet
Farmakoloji təsirXinolon qrupu antibakterial dərman vasitələri. Flüorxinolonlar
İstehsal ölkəsiAlmaniya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

6,58 

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu preparatı istifadə etməzdən öncə bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu bir daha oxumalı ola bilərsiniz. • Hər hansı sualınız olarsa, lütfən, həkim və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Hətta onlarda olan xəstəlik simptomları Sizinki ilə eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. • Sizdə hər hansı əlavə təsir baş verdikdə, həkimə əczaçıya və ya tibb bacısına bu barədə məlumat verin. Bunlara bu iclikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir. SİPRO-DENK 500 örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ciprofloxacin

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq siprofloksasinə ekvivalent siprofloksasin hidroxlorid vardır Köməkçi maddələr:natrium nişasta qlikolyat (tip A), hidroksipropilsellüloza, maqnezium stearat (bitki mənşəli), hipromelloza, makroqol 400, titan dioksid, talk.

Təsviri

Ağ rəngli, uzunsov, hər iki tərəfində bölmə xətti olan, bir tərəfində “Cipro 500” yazısı həkk olunmuş örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Xinolon qrupu antibakterial dərman vasitələri. Flüorxinolonlar. ATC kodu: J01MA02.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Sipro-Denk 500 preparatının tərkibində siprofloksasin təsiredici maddəsi vardır. Siprofloksasin, flüorxinolon qrupuna aid olan antibiotikdir. Siprofloksasin, infeksiyalara səbəb olan bakteriyalara qarşı bakterisid təsir göstərir. Yalnız müəyyən bakteriya növlərinə təsir edir. Təsir mexanizmi Flüorxinolon antibiotiki olaraq, siprofloksasin, topoizomeraza II (DNT-giraza) və topoizomeraza IV-i inhibə edərək bakterisid təsir göstərir. Hər iki ferment bakterial DNT -nin replikasiyası, transkripsiyası, rekombinasiyası və reparasiyasında iştirak edir. Antibakterial təsir spektri Qazanılmış rezistentliyin yayılması coğrafi və müddət aspektlərinə görə müəyyən növlər üçün fərqlənir. Bu səbəbdən xüsusilə ağır infeksiyaların müalicəsində, yerli rezistentlik məlumatlarını bilmək vacibdir. Yerli rezistentlik məlumatlarına əsasən bəzi infeksiya formaları üçün siprofloksasinin istifadəsi şübhə doğurursa, mütəxəssis məsləhəti alınmalıdır. Farmakokinetikası Absorbsiyası Siprofloksasin 250 mq, 500 mq və 750 mq dozada birdəfəlik qəbulundan 1-2 saat sonra zərdabda maksimal konsentrasiyasına çatır və əsasən nazik bağırsaqdan sürətlə və geniş şəkildə sorulur. 100-750 mq dozada dozaya bağlı maksimal zərdab konsentrasiyasını (Cmax 0,56-3,7 mq/l) yaradır. Zərdab konsentrasiyası 1000 mq -a qədər dozaya mütənasib olaraq artır. Mütləq biomənimsənilməsi təxminən 70-80%-dir. Hər 12 saatdan bir 500 mq-lıq oral dozada qəbul edilən siprofloksasin hər 12 saatdan bir 400 mq dozada 60 dəqiqədən çox venadaxili infuziya şəklində yeridilən siprofloksasin ilə eyni zərdab konsentrasiya-zaman əyrisi altında sahə (AUC) nəticələri göstərmişdir. Paylanması Siprofloksasin zülallarla zəif bağlanır (20-30%). Siprofloksasin əsasən qan plazmasında ionlaşmamış formada olur və sabit vəziyyətdə böyük paylama həcminə malikdir (2-3 l/kq). Siprofloksasin, ağciyər toxuması (epiteliyal maye, alveolyar makrofaqlar, biopsiya toxuması), paranazal sinuslar, iltihablı ocaqlar və sidik-cinsiyyət yollarında (sidik, prostat, endometrium) kimi müəyyən bədən mayelərində və toxumalarında plazma konsentrasiyalarından yüksək konsentrasiyalara çatır. Biotransformasiyası Dezetilen siprofloksasin (M1), sulfo siprofloksasin (M2), oxo siprofloksasin (M3) və formil siprofloksasin (M4) metabolitlərinin aşağı konsentrasiyaları aşkar edilmişdir. Metabolitlərin in vitro antibakterial təsiri var, lakin ana maddənin təsirindən çox aşağıdır. Siprofloksasinin CYP 450 1A2 izofermentinin orta dərəcəli inhibitoru olduğu bilinir. Xaric olması Siprofloksasin böyük ölçüdə dəyişmədən böyrəklərlə və daha az dərəcədə nəcislə xaric olur. Normal böyrək funksiyası olan pasiyentlərdə zərdabdan yarımxaricolma dövrü təxminən 4-7 saatdır.

İstifadəsinə göstərişlər

Böyüklər Sipro-Denk 500 preparatı böyüklərdə aşağıdakı bakterial infeksiyaların müalicəsində istifadə olunur: ˗ tənəffüs yollarının bəzi infeksiyaları, ˗ qulaq və ya burun ciblərinin iltihabının müəyyən formaları, ˗ sidik yollarının infeksiyaları, ˗ kişi və qadın cinsiyyət orqanlarının infeksiyaları, ˗ mədə -bağırsaq traktının və qarın boşluğunun infeksiyaları, ˗ dəri və yumşaq toxumaların müəyyən infeksiyaları, ˗ sümük və oynaqların infeksiyaları, ˗ Neisseria meningitidis bakteriyasının törətdiyi infeksiyaların profilaktikası, ˗ Sibir xorasının törədicisi ilə kontaktdan sonra müalicə. Siprofloksasin, bakterial infeksiya səbəbindən ağ qan hüceyrələrinin aşağı səviyyəsi (neytropeniya) və hərarəti ehtimal olunan pasiyentlərin müalicəsində istifadə edilə bilər. Ağır infeksiya və ya bir neçə növ bakteriya tərəfindən törədilən infeksiya zamanı Sipro-Denk 500 preparatından əlavə olaraq digər antibiotik təyin edilə bilər. Uşaqlar və yeniyetmələr Sipro-Denk 500 preparatı, uşaqlarda və yeniyetmələrdə həkim nəzarəti altında aşağıdakı bakterial infeksiyaların müalicəsində istifadə olunur: ˗ Mukovissidoz xəstəliyi olan uşaqlarda və yeniyetmələrdə ağciyər və bronxial infeksiyalar, ˗ Böyrək ləyəni infeksiyaları daxil olmaqla, sidik yollarının ağırlaşmış infeksiyaları (kəskin pielonefrit), ˗ Sibir xorasının törədicisi ilə kontaktdan sonra müalicə.

Əks göstərişlər

Aşağıdakı halda Sipro-Denk 500 preparatı qəbul edilməməlidir: ˗ siprofloksasinə, digər xinolon preparatlarına və ya bu preparatın tərkibində olan digər maddələrə qarşı allergiya (“Tərkibi” bölməsinə baxın), ˗ tizanidin preparatının qəbulu (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda Sipro-Denk 500 preparatını qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin: ˗ anamnezində böyrək problemləri olan pasiyentlərdə müalicənin tənzimləməsinə ehtiyac yarana bilər, ˗ epilepsiya və ya digər nevroloji xəstəliklər zamanı, ˗ anamnezdə Sipro-Denk 500 preparatı kimi antibiotiklərlə müalicədən sonra yaranan vətər pozğunluqları, ˗ siprofloksasin qəbulu zamanı hipoqlikemiyanın yaranma riski səbəbindən şəkərli diabet xəstələrində, ˗ miasteniya qravis xəstəliyi (əzələ zəifliyi) zamanı, bu halda simptomlar ağırlaşa bilər, ˗ ürək problemləri. Ailə anamnezində və ya anadangəlmə QT-intervalının uzanması (EKQ- də görünən), qanda duzların disbalansı (xüsusən qanda kalium və ya maqneziumun aşağı səviyyəsi), yavaş ürək ritmi (bradikardiya), zəif ürək (ürək çatışmazlığı), anamnezdə infarkt (miokard infarktı), qadınlar və ya yaşlılarda və ya EKQ dəyişiklikləri ilə nəticələnən dərman vasitələrin qəbulu zamanı (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri ” bölməsinə baxın) bu tip dərman vasitələri ehtiyatla istifadə edilməlidir. ˗ böyük qan damarının genişlənməsi və ya “qabarıqlığı” diaqnozu (aorta anevrizması və ya böyük damarların periferik anevrizması). ˗ anamnezdə aorta disseksiyası (aorta divarında yırtıq). Ailə tarixçəsində aorta anevrizması və ya aorta disseksiyası və ya digər risk faktorları (məsələn, Marfan sindromu kimi birləşdirici toxumaların xəstəlikləri və ya damar Elers-Danlos sindromu və ya Takayasu arteriti kimi damar xəstəlikləri, nəhəng hüceyrəli arterit, Behçet xəstəliyi, yüksək qan təzyiqi və ya ateroskleroz diaqnozu). ˗ Pasiyentdə və ya ailə üzvlərində qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı (G6PD), bu cür pasiyentlərdə siprofloksasinin qəbulu zamanı anemiya yarana bilər. Flüoroxinolon/xinolon antibakterial dərmanlar qəbulu zamanı hər hansı bir ciddi əlavə təsir yarandıqda, Sipro-Denk 500 daxil olmaqla flüoroxinolon/xinolon preparatları qəbul edilməməlidir. Bu barədə həkimə məlumat verilməlidir. Bəzi genital infeksiyalarının müalicəsi üçün həkim Sipro-Denk 500 preparatına əlavə olaraq başqa antibiotik təyin edə bilər. 3 gün davam edən müalicədən sonra simptomlar yaxşılaşmadıqda həkimlə məsləhətləşin. Sipro-Denk 500 preparatının qəbulu zamanı aşağıdakı hallardan hər hansı biri baş verdikdə dərhal həkimə məlumat verin. Lazım olduqda həkim preparat ilə müalicənin dayandırılması barədə qərar qəbul edə bilər. ˗ Ağır, dərhal hiperhəssaslıq reaksiyası (anafilaktik reaksiya/şok, angioödem). Hətta ilk dozadan sonra, aşağıdakı simptomlarla müşaiyət olunan ağır allergik reaksiyanın yaranma riski vardır: sinə nahiyəsində sıxılma hissi, başgicəllənmə, ürəkbulanma və ya bayılma hissi və ya ayaq üstdə olarkən başgicəllənmə. Bu cür simptomlar baş verdikdə, Sipro-Denk 500 preparatının qəbulu dərhal dayandırılmalı və həkimə müraciət edilməlidir. ˗ Nadir hallarda oynaqlarda ağrı və şişkinlik, vətər iltihabı və ya qırılması baş verə bilər. Yaşlılarda (60 yaşdan yuxarı), orqan transplantasiyası keçirən, böyrək problemləri olan və ya kortikosteroidlərlə müalicə alan pasiyentlərdə risk artır. Vətər iltihabı və qırılması müalicənin ilk 48 saatı ərzində və hətta siprofloksasinlə müalicənin dayandırılmasından bir neçə ay sonra baş verə bilər. Ağrının və ya vətər iltihabının ilk əlamətlərində (məsələn, bilək, dirsək, çiyin və ya dizdə) Sipro-Denk 500 preparatının qəbulunu dayandırmaq, ağrılı bölgəyə istirahət vermək və həkimlə əlaqə saxlamaq lazımdır. Vətər qırılması riskini artıra bilən lazımsız məşqlərdən çəkinmək lazımdır. ˗ Qarın, sinə və ya kürək nahiyəsində qəfil, kəskin ağrı zamanı dərhal təcili yardıma müraciət edilməlidir. ˗ Epilepsiya və ya serebral işemiya və ya insult kimi digər nevroloji xəstəlikləri olan pasiyentlətdə mərkəzi sinir sistemi ilə əlaqədar əlavə təsirlər yarana bilər. Bu hallar baş verdikdə, Sipro-Denk 500 preparatının qəbulu dayandırılmalı və dərhal həkimlə əlaqə saxlanılmalıdır. ˗ Nadir hallarda xüsusilə ayaq, əl və qollarda ağrı, yanma, keyləmə, uyuşma və/və ya zəiflik kimi sinir zədələnməsi (neyropatiya) əlamətləri yarana bilər. Bu hal baş verdikdə, Sipro-Denk 500 preparatının qəbulunu dayandırmaq və potensial olaraq geridönməz vəziyyətin inkişaf etməsinin qarşısını almaq üçün dərhal həkimə məlumat vermək lazımdır. ˗ Siprofloksasinin ilk dozasından sonra psixi reaksiyalar baş verə bilər. Depressiya və ya psixoz olan pasiyentlərdə, Sipro-Denk 500 preparatı ilə müalicə zamanı simptomlar daha da pisləşə bilər. Nadir hallarda, depressiya və ya psixoz suisidal fikirlər, intihar cəhdləri və ya intihar ilə nəticələnə bilər. Bu cür hallar baş verdikdə, dərhal həkimlə əlaqə saxlayın. ˗ Xinolon antibiotikləri, qanda şəkər səviyyəsinin artmasına (hiperqlikemiya) və ya aşağı düşməsinə səbəb ola bilər ki, bu da ağır hallarda huşun itməsinə (hipoqlikemik koma) səbəb ola bilər. Bu diabet xəstələri üçün vacibdir. Şəkərli diabet xəstəliyi olan pasiyentlər qanda şəkər səviyyəsini yoxlamalıdırlar. ˗ Sipro-Denk 500 daxil olmaqla antibiotiklərlə müalicə zamanı və ya müalicəni bitirdikdən bir neçə həftə sonra diareya baş verə bilər. Diareya ağır və ya davamlı olduqda və ya nəcisdə qan və ya selik olduqda, Sipro-Denk 500 preparatının qəbulu dayandırılmalı və dərhal həkimlə əlaqə saxlanılmalıdır, çünki bu hal həyat üçün təhlükə yarada bilər. Bağırsaq peristaltikasını dayandıran və ya ləngidən preparatlar qəbul edilməməlidir. ˗ Görmə qabiliyyətinin zəifləməsi və ya dəyişiklikləri baş verdikdə, dərhal göz mütəxəssisinə müraciət etmək lazımdır. ˗ Sipro-Denk 500 preparatının qəbulu zamanı dəri günəş işığına və ya ultrabənövşəyi (UV) işığına qarşı həssas olur. Bu səbəbdən güclü günəş işığına və ya süni UV işığına məruz qalmaqdan çəkinmək lazımdır. ˗ Qan və sidik analizləri zamanı həkimə və ya laboratoriya işçilərinə Sipro-Denk preparatının qəbulu barədə məlumat verin. ˗ Böyrək problemləri olduqda bu barədə həkimə məlumat verin, dozanın tənzimlənməsinə ehtiyac yarana bilər. ˗ Sipro-Denk 500 preparatı qaraciyərin zədələnməsinə səbəb ola bilər. İştahsızlıq, sarılıq (dərinin saralması), sidiyin tündləşməsi, qaşınma və ya mədə narahatlığı kimi simptomlardan hər hansı biri yarandıqda dərhal həkimə müraciət edin. ˗ Sipro-Denk 500 preparatı ağ qan hüceyrələrinin sayının azalmasına və infeksiyalara qarşı müqavimətin azalmasına səbəb ola bilər. Qızdırma və ümumi vəziyyətdə ciddi pisləşmə ilə müşaiyət olunan infeksiya və ya sidiyəgetmə zamanı ağrı və ya boğaz/ağız nahiyəsinin ağrısı kimi yerli simptomlarla birlikdə qızdırma varsa, dərhal həkimə müraciət etmək lazımdır. Qan nümunəsi ağ qan hüceyrələrində azalma (aqranulositoz) göstərə bilər. Həkimə qəbul etdiyiniz bütün dərmanlar barədə məlumat vermək vacibdir. Əlilliyə gətirən və potensial olaraq geridönməyən ciddi əlavə təsirlər. Flüorxinolon/xinolon qrupu antibakterial preparatlar, o cümlədən Sipro-Denk 500 çox nadir, lakin ciddi əlavə təsirlər ilə əlaqələndirilmiş, bəziləri uzun müddət davam edən (aylar və ya illər davam edir), əlilliyə gətirən və ya geridönməzdir. Bu əlavə təsirlərə vətər, əzələ və ətrafların ağrıları, yeriməkdə çətinlik, sancma kimi anormal hisslər, keyləmə, uyuşma və ya yanma (paresteziya), görmə, eşitmə, dad və qoxunun dəyişməsi daxil olmaqla hissiyat orqanlarının pozğunluqları, depressiya, yaddaşın pozulması, ağır yorğunluq və ciddi yuxu pozğunluqları aiddir. Sipro-Denk 500 qəbulundan sonra bu əlavə təsirlərdən biri yarandıqda, müalicəni davam etməzdən əvvəl həkimlə əlaqə saxlayın. Həkim başqa bir sinif antibiotik ilə müalicəni davam etməyə qərar verə bilər. Sipro-Denk qida və içkilərlə. Yemək zamanı Sipro-Denk 500 qəbul etmədikdə, tabletlərin qəbulu zamanı heç bir süd məhsulları (süd və ya qatıq kimi) və ya kalsium əlavələri olan içkilər ilə qəbul etməyin. Bu preparatın absorbsiyasını azalda bilər. Köməkçi maddələr haqqında xüsusi məlumat Dərman preparatının hər tabletində 1 mmol-dan (23 mq) az natrium vardır, preparat “natriumdan azaddır”.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkim və ya əczaçıya bu barədə məlumat verin. Sipro-Denk 500 preparatı tizanidin ilə birlikdə qəbul edilməməlidir, bu aşağı təzyiq və yuxululuq kimi əlavə təsirlərə səbəb ola bilər (“Əlavə təsirləri” bölməsinə baxın). Aşağıdakı dərman vasitələri siprofloksasinlə qarşılıqlı təsirə səbəb olur. Sipro-Denk 500 preparatı bu dərmanlarla birlikdə qəbul edildikdə, preparatların müalicəvi təsiri pozula bilər. Əlavə təsirlərin inkişaf ehtimalı da arta bilər. Aşağıdakı preparatlardan birini qəbul etdikdə, bu barədə həkimə məlumat verin: ˗ K vitamini antaqonistləri (məsələn, varfarin, asenokumarol, fenprokumon və ya fluindion) və ya digər oral antikoaqulyantlar (qanı durulaşdıran preparatlar), ˗ probenesid (podaqra zamanı istifadə olunan preparat), ˗ metotreksat (bəzi xərçəng növləri, psoriaz, revmatoid artritin müalicəsində istifadə olunan preparat), ˗ teofillin (nəfəsalma çətinliyi zamanı istifadə olunan preparat), ˗ tizanidin (dağınıq sklerozda miorelaksant kimi istifadə olunan preparat), ˗ olanzapin (neyroleptik), ˗ klozapin (neyroleptik), ˗ ropinirol (Parkinson xəstəliyi zamanı istifadə olunan preparat), ˗ fenitoin (epilepsiya zamanı istifadə olunan preparat), ˗ metoklopramid (ürəkbulanma və qusmanın müalicəsində istifadə olunan preparat), ˗ siklosporin (dəri xəstəlikləri, revmatoid artrit və orqan transplantasiyası zamanı istifadə olunan preparat), ˗ ürək ritmini dəyişdirən digər preparatlar: antiaritmik qrupuna aid preparatlar (məsələn, xinidin, hidroxinidin, dizopiramid, amiodaron, sotalol, dofetilid, ibutilid), trisiklik antidepressantlar, bəzi mikrobəleyhinə preparatlar (makrolidlər qrupuna aid ), bəzi neyroleptiklər, ˗ zolpidem (yuxu pozğunluqları zamanı istifadə olunan preparat), Sipro-Denk 500 preparatı qanda aşağıdakı dərman vasitələrinin konsentrasiyasını artıra bilər: ˗ pentoksifillin (qan dövranı pozğunluqları zamanı istifadə olunan preparat), ˗ kofein, ˗ duloksetin (depressiya, diabetik sinir zədələnməsi və ya sidiyin saxlama pozğunluğu zamanı istifadə olunan preparat), ˗ lidokain (ürək xəstəlikləri və ya anesteziya zamanı istifadə olunan preparat), ˗ sildenafil (erektil disfunksiya zamanı istifadə olunan preparat), ˗ aqomelatin (depressiyanın müalicəsi üçün istifadə olunan preparat), Bəzi dərman vasitələri Sipro-Denk 500 preparatının təsirini azaldır. Aşağıdakı dərmanlardan hər hansı birini qəbul etməzdən əvvəl və ya qəbul etdikdə həkimə bu barədə məlumat verin: ˗ antasidlər (mədə turşuluğunu müalicəsində istifadə olunan preparatlar), ˗ omeprazol, ˗ mineral əlavələr, ˗ sukralfat, ˗ fosfat bağlayıcı polimer preparatlar (məsələn, sevelamer və ya lantan karbonat), ˗ kalsium, maqnezium, alüminium və ya dəmir tərkibli preparatlar və ya qida əlavələri. Bu preparatlara ehtiyac olduqda, onları Sipro-Denk 500 preparatının qəbulundan təxminən iki saat əvvəl və ya minimum 4 saat sonra qəbul edin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsiniz və ya uşaq əmizdirirsiniz, hamilə ola biləcəyinizi güman edirsiniz və ya hamilə qalmağı planlaşdırırsınız, bu dərmanı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik zamanı Sipro-Denk 500 preparatının qəbulu tövsiyə edilmir. Sipro-Denk 500 preparatı ana südünə keçir və bu səbəbdən laktasiya zamanı qəbul edilməməlidir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Sipro-Denk preparatı diqqəti azalda bilər. Sinir sisteminə təsir edən bəzi əlavə təsirlər yarana bilər. Bu səbəbdən, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməzdən əvvəl Sipro-Denk 500 preparatına necə cavab verdiyinizi bilmək lazımdır. Əmin olmadıqda həkimlə məsləhətləşin.

İstifadə qaydası və dozası

Bu preparatı həmişə həkim və ya əczaçının dediyi kimi qəbul edin. Əmin olmadıqda, həkim və ya əczaçı ilə məsləhətləşin. Həkim Sipro-Denk 500 preparatının dozası, qəbul tezliyi və müalicə müddətini təyin etməlidir. Bu, infeksiyanın növündən və ağırlığından asılıdır. Böyrək problemləri olduqda bu barədə həkimə məlumat verin, dozanın tənzimlənməsinə ehtiyac yarana bilər. Müalicə adətən 5-21 gün davam edir, lakin ağır infeksiyalarda daha davamlı ola bilər. Bu preparatı həmişə həkimin dediyi kimi qəbul edin. Tabletləri bütövlüklə (çeynəmədən) bol maye ilə qəbul edin. Tabletlər xoşagəlməz dadına görə çeynənməməlidir. Tablet bərabər dozalara bölünə bilər. Sipro-Denk 500 preparatını hər gün təxminən eyni vaxtda qəbul etməyə çalışın. Sipro-Denk 500 preparatı yemək qəbulundan asılı olmayaraq qəbul edilə bilər. Təsiredici maddənin absorbsiyasına yalnız kalsium tərkibli qida təsir edir. Bu səbəbdən Sipro-Denk 500 preparatını süd və ya qatıq kimi süd məhsulları ilə və ya minerallarla zənginləşdirilmiş içkilərlə (məsələn, kalsiumla zənginləşdirilmiş portağal suyu) qəbul etməyin. Sipro-Denk 500 ilə müalicə zamanı kifayət qədər maye qəbul edilməlidir. Sipro-Denk 500 preparatının istifadəsi unudularsa Tabletin qəbulu unudulduqda, həmin gün xatırlayan kimi onu dərhal qəbul edin və sonra müalicəyə təyin edildiyi kimi davam edin. Növbəti dozanın vaxtı çatdıqda, unudulmuş dozanı qəbul etməyin, adi qaydada qəbul etməyə davam edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. Tam müalicə kursunu bitirmək vacibdir. Sipro-Denk 500 preparatı ilə müalicə dayandırılarsa Pasiyentin vəziyyəti bir neçə gündən sonra yaxşılaşsa da tam müalicə kursunu bitirmək vacibdir. Bu dərman preparatının istifadəsini tez dayandırdıqda, infeksiya tam sağalmaya bilər, xəstəliyin əlamətləri geri dönə bilər və ya pasiyentin vəziyyəti ağırlaşa bilər. Antibiotikə qarşı rezistentlik də yarana bilər. Bu dərman preparatının istifadəsinə dair əlavə suallar yaranarsa, həkim və ya əczaçı ilə məsləhətləşin.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, bu dərman da hamıda olmasa da əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Aşağıda sadalanan təsirlər ən ciddi əlavə təsirlərdir. Aşağıdakı ciddi əlavə təsirlərdən hər hansı biri baş verdikdə, Sipro-Denk 500 preparatının qəbulu dərhal dayandırın və başqa antibiotik müalicəsi üçün həkimə müraciət edin. Nadir (1000 nəfərdənn 1 -ə qədər təsir edə bilər) ˗ qıcolmalar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Çox nadir (10000 nəfərdən 1 -ə qədər təsir edə bilər) ˗ sinə nahiyəsində darlıq, başgicəllənmə, ürəkbulanma və ya bayılma hissi və ya ayaqüstü vəziyyətdə başgicəllənmə (anafilaktik reaksiya/ şok) kimi simptomlarla müşayiət olunan ağır, dərhal allergik reaksiya (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). ˗ əzələ zəifliyi, vətər iltihabı, vətər qırılması – xüsusən ayaqda Axill vətəri (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). ˗ Adətən ağız, boğaz, burun, gözlər və cinsiyyət orqanları kimi digər selikli qişalarda suluqlar və ya xoralar bəzi hallarda geniş suluqlar və dərinin soyulmasına qədər inkişaf edən ciddi həyat üçün təhlükəli dəri səpgiləri (Stivens-Conson sindromu, toksik epidermal nekroliz). Məlum deyil (mövcud məlumatlara görə başvermə tezliyini müəyyən etmək mümkün deyil). ˗ ətraflarda qeyri-adi ağrı, yanma, keyləmə, uyuşma hissi və ya əzələ zəifliyi (neyropatiya) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın); ˗ səpgi, qızdırma, daxili orqanların iltihabı, hematoloji pozğunluqlar və sistemli xəstəliklərə səbəb olan dərman reaksiyası (DRESS- eozinofiliya və sistem simptomlarla rərman reaksiyası, kəskin yayılmış ekzantematoz pustulyoz). Siprofloksasin ilə müalicə zamanı müşahidə olunan digər əlavə təsirlər yaranma tezliyinə görə aşağıda təqdim edilmişdir. Tez-tez (10 nəfərdən 1 -ə qədər təsir edə bilər) ˗ ürəkbulanma, ishal, ˗ uşaqlarda oynaq ağrısı və oynaq iltihabı. Bəzən (100 nəfərdən 1 -ə qədər təsir edə bilər) ˗ böyüklərdə oynaq ağrısı, ˗ göbələk superinfeksiyaları, ˗ eozinofil qranulositlərin, müəyyən ağ qan hüceyrələrinin yüksək konsentrasiyası, ˗ iştahanın azalması, ˗ hiperaktivlik və ya narahatlıq, ˗ baş ağrısı, başgicəllənmə, yuxu və ya dad pozğunluqları, ˗ qusma, mədə ağrısı, mədə pozğunluğu (toxluq hissi/ qıcqırma) və ya meteorizm kimi həzm pozğunluqları, ˗ qanda bəzi maddələrin artması (transaminazalar və/və ya bilirubin), ˗ səpgi, qaşınma və ya övrə, ˗ böyrək funksiyasının pozğunluğu, ˗ əzələ və sümük ağrısı, ümumi halsızlıq (asteniya) və ya qızdırma, ˗ qanda qələvi fosfatazanın artması (qanda müəyyən maddə), Nadir (1000 nəfərdən 1 -ə qədər təsir edə bilər) ˗ əzələ ağrısı, oynaqlarda iltihab, əzələ gərginliyi və ya spazmlar, ˗ antibiotiklərin qəbulu səbəbindən çox nadir hallarda ölümlə nəticələnən yoğun bağırsağın iltihabı (kolit) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). ˗ qan hüceyrələrin sayında dəyişikliklər (leykositopeniya, leykositoz, neytropeniya, anemiya), qan laxtalanma faktorların azalması və ya artması (trombositlər), ˗ allergik reaksiya, şişkinlik (ödem) və ya dərinin və selikli qişaların sürətli şişməsi (angioödem) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). ˗ qanda şəkərin səviyyəsinin artması (hiperqlikemiya), ˗ qanda şəkərin səviyyəsinin azalması (hipoqlikemiya) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). ˗ konfuziya, dezorientasiya, narahatlıq, qarabasmalar, depressiya (potensial olaraq susisidal fikirlərə, suisidal cəhdlərinə və ya intihara səbəb ola bilər) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın) və ya hallüsinasiyalar, ˗ paresteziya, stimullara qeyri-adi həssaslıq, dəri həssaslığının azalması, tremor və ya başgicəllənmə, ˗ diplopiya daxil olmaqla görmə pozğunluqları (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). ˗ qulaqlarda küy (tinnitus) və ya eşitmə itkisi və ya eşitmənin azalması, ˗ sürətli ürək döyüntüsü (taxikardiya), ˗ qan damarlarının genişlənməsi (vazodilatasiya), aşağı qan təzyiqi və ya bayılma, ˗ astma simptomları daxil olmaqla təngənəfəslik, ˗ qaraciyər disfunksiyası, sarılıq (ödün yığılması) və ya qaraciyərin iltihabı, ˗ fotohəssaslıq (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). ˗ böyrək çatışmazlığı, sidikdə qan və ya kristallar, sidik yollarının iltihabı, ˗ mayenin bədəndə saxlanılması və ya həddindən artıq tərləmə, ˗ amilaza fermentinin səviyyəsinin artması. Çox nadir (10000 nəfərdən 1 -ə qədər təsir edə bilər) ˗ xüsusi qırmızı qan hüceyrələrinin sayının azalması (hemolitik anemiya), bəzi ağ qan hüceyrələrinin təhlükəli azalması (aqranulositoz) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın), həyat üçün təhlükəli ola bilən bəzi qırmızı və ağ qan hüceyrələrinin və trombositlərin azalması (pansitopeniya) və sümük iliyi funksiyasının azalması. ˗ zərdab xəstəliyinə bənzər reaksiya adlanan allergik reaksiya (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). ˗ psixi pozğunluqlar (potensial olaraq intihar düşüncələrinə, intihara cəhdlərə və ya intihara səbəb olan psixotik reaksiyalar) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). ˗ miqren, koordinasiyanın pozulması, yerişinin pozulması, qoxu hissinin pozulması (qoxu pozğunluğu), beyində təzyiq (kəllədaxili təzyiq və ya xoşxassəli kəllədaxili hipertenziya). ˗ rəngli görmənin pozğunluqları, ˗ damar divarlarının iltihabı (vaskulit), ˗ mədəaltı vəzin iltihabı (pankreatit), ˗ qaraciyər hüceyrələrinin ölümü (qaraciyər nekrozu), çox nadir hallarda həyat üçün təhlükəli olan qaraciyər çatışmazlığına qədər inkişaf edir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). ˗ dəridə nöqtə şəklində qanaxmalar (petexiya), ˗ müxtəlif dəri dəyişiklikləri və səpgi növləri, ˗ miasteniya qravis simptomlarının pisləşməsi (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Məlum deyil (mövcud məlumatlara görə başvermə tezliyini müəyyən etmək mümkün deyil) ˗ yüksək həyəcan hissi (maniya) və ya yüksək nikbinlik və həddindən artıq aktivlik (hipomaniya), ˗ anormal sürətli ürək ritmi, həyat üçün təhlükəli qeyri-müntəzəm ürək ritmi, ürək ritminin anomaliyaları (EKQ-də görünən “QT intervalının uzadılması”), ˗ qan laxtalanmasının pozğunluğu (K vitamini antaqonistləri ilə müalicə olunan pasiyentlərdə), ˗ su ifrazının pozğunluğu və natriumun aşağı səviyyəsi ilə əlaqəli sindrom, ˗ qanda şəkərin səviyyəsinin kəskin azalması (hipoqlikemik koma) səbəbindən huşun itməsi. Çox nadir hallarda uzunmüddətli (aylara və ya illərə qədər) və ya davamlı vətər iltihabı, vətər qırılması, oynaq ağrısı, ətraflarda ağrı, yerimədə çətinlik, paresteziya kimi anormal hisslər, keyləmə, uyuşma, yanma hissi və ya ağrı (neyropatiya), depressiya, yorğunluq, yuxu pozğunluqları, yaddaşın pozulması, həmçinin eşitmə, görmə, dad və qoxu pozğunluqları kimi əlavə təsirlər halları əvvəllər mövcud olan risk faktorlarından asılı olmayaraq, xinolon və flüoroxinolon antibiotikləri ilə əlaqələndirilmişdir. Əlavə təsirlərin bildirilməsi Əgər bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkimə, və ya əczaçıya məlumat verin. Bunlara bu içlikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir. Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.

Doza həddinin aşılması

Preparatı təyin olunmuş dozadan artıq qəbul etdikdə dərhal həkimə müraciət edin. Mümkün olduqda, tabletləri və ya preparatın qablaşmasını həkimə göstərmək üçün özünüzlə götürün.

Buraxılış forması

10 tablet, PVX/PVDX/ alüminium blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Yararlılıq müddəti bitmiş və ya istifadə edilməyən dərmanlar çirkab suları və ya məişət tullantıları ilə atılmamalıdır. Artıq istifadə etmədiyiniz dərmanları necə atacağınızı əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edir.

Yararlılıq müddəti

3 il. Qutunun və etiketin üzərində qeyd olunan son istifadə tarixindən “EXP” sonra preparatı istifadə etmək olmaz. Son istifadə müddəti müvafiq ayın son gününə aiddir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Allphamed PHARBIL Arzneimittel GmbH Hildebrandstr. 10-12 37081 Göttingen Germany.

Qeydiyyat vəsiqəsinin sahibi

DENK PHARMA GmbH & Co. KG Prinzregentenstr. 79 81675 München Germany.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“CIPRO DENK 500 MG N10 TAB” üçün ilk rəyi siz yazın.