Arkoksia 90 mq N28 tablet
| Təsiredici maddə | ETORICOXIB |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Qeyri-steroid iltihabəleyhinə və revmatizm əleyhinə preparatlar (QSİƏP), koksib. |
| İstehsal ölkəsi | Niderland |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
50,98 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ARKOKSİYA örtüklü tabletlər ARCOXIA Beynəlxalq patentləşdirilməmiş adı: Etoricoxib
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 60 mq, 90 mq və ya 120 mq etorikoksib vardır. Köməkçi maddələr: susuz kalsium hidrofosfat, mikrokristallik sellüloza, natrium kroskarmelloza, maqnezium stearat.
Örtük
yaşıl Opadray II 39K11520 (60 mq doza üçün), ağ Opadray II 39K18305 (90 mq doza üçün), yaşıl Opadray II 39K11529 (120 mq doza üçün), karnaub mumu, laktoza monohidrat, hipromelloza, titan dioksid (E171), triasetin, indiqokarmin rəngləyicisi (E132) əsasında alüminium lakı (60 mq və 120 mq tabletlər üçün), sarı dəmir oksidi (E172) (60 mq və 120 mq tabletlər üçün).
Təsviri
60 mq-lıq tabletlər: tünd-yaşıl rəngdə almayabənzər formada ikitərəfdən qabarıq, bir tərəfində ARCOXIA 60, digər tərəfində isə 200 basmayazı olan örtüklü tabletlərdir. 90 mq-lıq tabletlər: ağ rəngdə almayabənzər formada ikitərəfdən qabarıq, bir tərəfində ARCOXIA 90, digər tərəfində isə 202 basmayazı olan örtüklü tabletlərdir. 120 mq-lıq tabletlər: açıq-yaşıl rəngdə almayabənzər formada ikitərəfdən qabarıq, bir tərəfində ARCOXIA 120, digər tərəfində isə 204 basmayazı olan örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə və revmatizm əleyhinə preparatlar (QSİƏP), koksib. АТC kodu: M01AH05.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Təsir mexanizmi
Etorikoksib – dozaların klinik diapazonu həddində istifadə edildikdə siklooksigenaza-2-nin (SOG2) seçici inhibitoru olan, daxilə qəbul edilən preparatdır. Preparat klinik farmakoloji tədqiqatlarda gündə 150 mq dozada qəbul edildikdə SOG-1 -i inhibə etmədən, SOG-2-ni dozadan asılı olaraq inhibə etmişdir. Etorikoksib mədədə prostaqlandinlərin sintezini inhibə etmir və trombositlərin funksiyasına təsir göstərmir. Siklooksigenaza mədədə prostaqlandinlərin sintezinə cavabdehdir. İki izoforma – SOG-1 və SOG2 identifikasiya edilmişdir. SOG-2 – iltihabəleyhinə impulslarla induksiya edilən və ağrının, iltihabın və qızdırmanın prostanoid mediatorlarının sintezinə cavabdeh olan əsas amil kimi nəzərdən keçirilən fermentin izoformasıdır. SOG-2 həmçinin ovulyasiya, implantasiya və arterial axacağın bağlanması proseslərində, böyrəklərin və mərkəzi sinir sisteminin funksiyalarının tənzimlənməsində (qızdırmanın induksiyası, ağrının hiss olunması, koqnitiv funksiya), o cümlədən yaraların sağalma prosesində iştirak edir. SOG-2 insanda mədə yarasının ətrafındakı toxumada identifikasiya edilmişdir, lakin yaranın sağalmasında rolu müəyyən edilməmişdir.
Farmakokinetikası
Absorbsiyası
Etorikoksib peroral qəbul edildikdə yaxşı sorulur. Mütləq biomənimsənilməsi orta hesabla təxminən 100% təşkil edir. Gündə bir dəfə 120 mq qəbul etdikdən sonra tarazlıq vəziyyəti əldə edilənə qədər qan plazmasında maksimal qatılığa (orta həndəsi göstərici Cmax = 3,6 mkq/ml) böyüklər tərəfindən acqarına qəbul edildikdən təxminən 1 saat sonra (Tmax) müşahidə edilir. Orta həndəsi AUC0-24 s 37,8 mkq x saat/ml təşkil etmişdir. Klinik dozalar diapazonunda etorikoksibin farmakokinetikası xətti olur. Etorikoksibi 120 mq dozada yemək vaxtı qəbul etdikdə (tərkibində yağların miqdarı yüksək olan qida) absorbsiyanın dərəcəsinə klinik əhəmiyyətli təsir müşahidə edilməmişdir. Absorbsiyanın sürəti dəyişilmişdir ki, bu da Cmax göstəricisinin 36% azalması və Tmax göstəricisinin 2 saat artması ilə xarakterizə edilmişdir. Bu cür məlumatlara klinik əhəmiyyətli kimi baxılmır. Klinik tədqiqatlarda etorikoksib qida qəbulundan asılı olmayaraq qəbul edilmişdir.
Paylanması
Etorikoksib 0,05-5 mkq/ml qatılıqlarda insanın qan plazması zülalları ilə təxminən 92% birləşir. İnsanda tarazlıq vəziyyətində paylanma həcmi təxminən 120 litr təşkil edir. Etorikoksib siçovul və dovşanlarda cift baryerindən, həmçinin siçovullarda hematoensefal baryerdən keçir.
Metabolizmi
Etorikoksib aktiv şəkildə metabolizmə uğrayır, dozanın 1%-dən az hissəsi başlanğıc preparat şəklində xaric edilir. Əsas metabolizm yolu CYP fermentləri vasitəsilə katalizasiya yolu ilə 6- hidroksimetil derivat törəməsinin formalaşmasıdır. CYP3A4 etorikoksibin in vivo metabolizmə uğramasına şərait yaradır. İn vitro tədqiqatlar göstərir ki, CYP2D6, CYP2C9, CYP1A2 və CYP2C19 də metabolizmin əsas yolunu kataliz edə bilirlər, lakin in vivo onların miqdari xarakteristikaları öyrənilməmişdir. İnsanda 5 metabolit identifikasiya olunmuşdur. Əsas metabolit 6-karboksil turşusu, 6- hidroksimetil derivat törəməsinin sonrakı oksidləşməsi zamanı əmələ gələn etorikoksibin derivatıdır. Bu əsas metabolitlər ölçülən aktivlik göstərmir ya da SOG-2-nin yalnız zəif aktiv inhibitorlarıdır. Bu metabolitlərdən heç biri SOG-1 -i inhibə etmir.
Xaric olması
Radioizotopla nişanlanmış 25 mq etorikoksibin sağlam könüllü şəxslərə birdəfəlik venadaxilinə yeridilməsindən sonra, radioaktivliyin 70%-i sidiklə, 20%-i isə nəcislə, əsasən metabolitlər şəklində xaric edilir. 2%-dən az hissə dəyişilməmiş preparat şəklində xaric olunur. Etorikoksibin xaric edilməsi, əsasən sonradan böyrəklər vasitəsilə xaric edilməklə metabolizm vasitəsilə xaric edilir. Etorikoksibin tarazlıq qatılığına 7 gün ərzində gündə bir dəfə 120 mq dozada qəbul edildikdə nail olunur və yığılma göstəricisi 2-yə bərabər olur ki, bu da təxminən 22 saata bərabər olan yarımxaricolma dövrünə müvafiq gəlir. 25 mq dozanın venadaxilinə yeridilməsindən sonra qan plazmasının klirensi təxminən 50 ml/dəqiqə təşkil edir.
Xəstələrin bəzi qrupları
Yaşlılar
Yaşlı (65 yaşlı və daha böyüklər) və gənc xəstələrdə etorikoksibin farmakokinetikası oxşardır.
Cins
Qadın və kişilərdə etorikoksibin farmakokinetikası oxşardır.
Qaraciyər funksiyalarının pozulması
Qaraciyər funksiyaları yüngül dərəcədə pozulmuş (Çayld-Pyu şkalasına görə 5-6 bal) xəstələrdə etorikoksib 60 mq dozada gündə bir dəfə qəbul edildikdə AUC-nin orta göstəricisi eyni istifadə rejimi zamanı sağlam şəxslərlə müqayisədə orta göstəricidən təxminən 16% yüksəkdir. Qaraciyər funksiyaları orta dərəcədə pozulmuş (Çayld-Pyu şkalasına görə 7-9 bal) xəstələrdə etorikoksib 60 mq dozada iki gündə 1 dəfə qəbul edildikdə AUC-nin orta göstəricisi preparatı gündə 1 dəfə 60 mq dozada qəbul edən sağlam şəxslərdə qeydə alınan göstəriciyə oxşar, xəstələrin bu qrupunda etorikoksibin 30 mq dozada qəbul edilməsi öyrənilməmişdir. Qaraciyər funksiyaları ağır dərəcədə pozulmuş xəstələrdə (Çayld-Pyu şkalasına görə ≥ 10 bal) klinik və farmakokinetik məlumatlar yoxdur.
Böyrək funksiyalarının pozulması
Böyrək funksiyaları orta və ya ağır dərəcədə pozulmuş, həmçinin böyrəklərin terminal mərhələdə olan xəstəliyindən əziyyət çəkən və hemodializ aparılan xəstələrdə 120 mq etorikoksibin birdəfəlik dozasının farmakokinetikası sağlam xəstələrin farmakokinrtikasından az dərəcədə fərqlənmişdir. Hemodializ xaric olmaya əhəmiyyətsiz dərəcədə təsir göstərir (dializ zamanı klirens təxminən 50 ml/dəqiqə təşkil edir).
Uşaqlar
Uşaqlarda (12 yaşdan kiçik) etorikoksibin farmakokinetikası öyrənilməyib. Yeniyetmələrin (12-17 yaşlı) iştirakı ilə aparılmış farmakokinetik tədqiqatda (N=16) etorikoksibi gündə bir dəfə 60 mq dozada qəbul edən bədən çəkisi 40-60 kq olan yeniyetmələrdə və etorikoksibi gündə bir dəfə 90 mq dozada qəbul edən bədən çəkisi 60 kq çox olan yeniyetmələrdə farmakokinetika, etorikoksibi gündə bir dəfə 90 mq dozada qəbul edən böyüklərdə müəyyən olunan farmakokinetikaya oxşar olmuşdur. Uşaqlarda etorikoksibin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb.
Təhlükəsizliyə aid klinikayaqədərki məlumatlar
Klinikayaqədərki tədqiqatlarda etorikoksib genotoksiklik göstərməmiş, siçanlarda qeyrikanserogen olmuşdur. Siçovullara təxminən 2 il ərzində insan üçün gündəlik dozadan 2 dəfədən yüksək dozalarda [90 mq] hər gün yeritdikdə, sistem ekspozisiyaya əsasən, hepatosellülar adenomalar və qalxanabənzər vəzinin follikulyar hüceyrələrinin adenomaları əmələ gəlmişdir. Siçovullarda hepatosellülar adenomalar və qalxanabənzər vəzinin follikulyar hüceyrələrinin adenomaları bu heyvan növləri üçün spesifik və CYP fermentlərinin induksiyası ilə bağlı olan mexanizmin nəticəsidir. Etorikoksib insanda CYP3A qaraciyər fermentinin induksiyasına səbəb olmur. Siçovullarda dozanı və ekspozisiya müddətini artırdıqda etorikoksibin qastrointestinal toksikliyi artmışdır. Toksikliyin 14-həftəlik araşdırılması zamanı etorikoksib insandakı ekspozisiyadan yüksək ekspoziyada terapevtik dozalarda istifadə etdikdə qastrointestinal yaraların əmələ gəlməsinə səbəb olmuşdur. Toksikliyin 53- və 106-həftəlik tədqiqat zamanı terapevtik dozalarda istifadə etdikdə insandakı ekspozisiya ilə müqayisə edilən ekspoziyada qastrointestinal yaraların əmələ gəlməsi müşahidə edilmişdir. İtlərdə böyrəklərdə və MBT patoloji dəyişikliklər preparatın yüksək ekspozisiyaları zamanı müşahidə edilmişdir. Etorikoksib siçovullarda 15 mq/kq/gün dozadan istifadə etməklə həyata keçirilən (sistem ekspozisiyası göstəricilərinə əsasən insan üçün gündəlik dozadan [90 mq] təxminən 1,5 dəfə yüksək) reproduktiv toksikliyin araşdırılması zamanı qeyri-teratogen olmuşdur. Adadovşanlarda müalicə ilə bağlı olan ürək-damar sistemində qeydə alınan ürək qüsurlarının tezliyinin artması insan üçün gündəlik dozanın (90 mq) klinik ekspozisiyasının səviyyəsindən aşağı ekspozisiyalar zamanı müşahidə edilmişdir. Lakin dölün skeletinin müalicə ilə bağlı olan malformasiyası müşahidə edilməmişdir. Siçovullarda və adadovşanlarda insandakı ekspozisiyadan 1,5 dəfə və daha çox yüksək ekspozisiyalar zamanı implantasiyadansonrakı itgilərin dozadanasılı artması müşahidə edilmişdir. Etorikoksib qan plazmasındakı qatılıqdan təxminən 2 dəfə yüksək qatılıqlarda laktasiyaedən siçovulların südünə keçir. Balalarını südlə qidalandıran dişilərə laktasiya dövrü ərzində etorikoksib yeridildikdə, nəsildə bədən çəkisinin azalması müşahidə edilmişdir.
İstifadəsinə göstərişlər
ARKOKSİYA preparatı böyüklər və 16 yaşında və ondan böyük olan yeniyetmələrdə osteoartrit (OA), revmatoid artriti (RA), ankilozlaşdırıcı spondilit zamanı simptomların yüngülləşdirilməsi, həmçinin kəskin podaqrik artrit zamanı ağrını və iltihab əlamətlərini yüngülləşdirmək üçün göstərilmişdir. ARKOKSİYA preparatı böyüklər və 16 yaşında və ondan böyük olan yeniyetmələrdə stomatoloji əməliyyatların həyata keçirilməsi nəticəsində orta intensivlikdə ağrıların qısamüddətli müalicəsi üçün göstərilmişdir. SOG-2-nin seçici inhibitorlarının təyin edilməsi qərarı xəstə üçün bütün fərdi risklərin qiymətləndirilməsinə əsaslanmalıdır.
Əks göstərişlər
– Təsiredici maddəyə və ya preparatın tərkibinə daxil olan istənilən komponentə qarşı hiperhəssaslıq.
– Aktiv peptik xora və ya mədə-bağırsaq qanaxmaları.
– Asetilsalisil turşusu və ya QSİƏP, o cümlədən siklooksigenaza-2-nin (SOG-2) inhibitorlarının qəbulundan sonra bronxospazm, kəskin rinit, nazal poliplər, angionevrotik ödem, övrə və ya digər allergik reaksiyalar baş verən xəstələr.
– Hamiləlik və laktasiya dövrü.
– Qaraciyər funksiyasının ağır pozğunluqları (qan zərdabının albumini Çayld-Pyu şkalasına görə < 25 q/l və ya ≥ 10 bal).
– Böyrəyin kreatinin klirensinin < 30 ml/dəqiqə olması.
– Uşaqlar və 16 yaşa qədər yeniyetmələr.
– Bağırsağın iltihabi xəstəlikləri.
– Durğunluq ürək çatışmazlığı (NYHA II-IV).
– Arterial təzyiqin daima 140/90 mm c.süt-dan yüksək olduğu və lazımi dərəcədə nəzarət olunmadığı arterial hipertenziyalı xəstələr.
– Ürəyin diaqnozlaşdırılmış işemik xəstəliyi, periferik arteriyaların xəstəlikləri və / və ya ürək-damar xəstəlikləri.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Mədə-bağırsaq traktına təsiri
Etorikoksib qəbul edən xəstələrdə mədə-bağırsaq traktında bəzən fatal sonluqla nəticələnən ağırlaşmalar (perforasiya, xora və ya qanaxma) haqqında məlumatlar verilmişdir. MBT-də ağırlaşmaların inkişaf riski yüksək olan xəstələrin (yaşlı pasiyentlər, eyni vaxtda istənilən digər QSİƏP və ya asetilsalisil turşusu qəbul edən xəstələrin və ya anamnezdə yara və ya mədə-bağırsaq qanaxması kimi xəstəlikləri olan xəstələrin) müalicəsi zamanı QSİƏP-i ehtiyatla qəbul etmək lazımdır. Etorikoksib və asetilsalisil turşusunun eyni vaxtda qəbul edilməsi zamanı (hətta aşağı dozalarda) MBT-də əlavə reaksiyaların (mədə-bağırsaq yaraları və ya MBT-də digər ağırlaşmalar) əmələ gəlməsinin əlavə riski mövcud olur. Uzunmüddətli klinik tədqiqatlarda SOG-2-nin seçici inhibitoru + asetilsalisil turşusu və QSİƏP + asetilsalisul turşusunun qəbulu zamanı təhlükəsizlik baxımından MBT üçün güclü fərqlər müşahidə edilməmişdir.
Ürək-damar sisteminə təsiri
Klinik tədqiqatlar göstərir ki, SOG-2-nin seçici inhibitorlarının qəbul edilməsi plasebo və bəzi QSİƏP ilə müqayisədə trombotik ağırlaşmaların (xüsusilə miokard infarktı və insultun) əmələ gəlmə riskinin meydana çıxmasına səbəb olur. Etorikoksibin dozasını və istifadə müddətini artırdıqda ürək-damar ağırlaşmaları riski yüksələ bildiyindən, preparatı maksimum qısa müddət ərzində minimal effektiv dozalarda qəbul etmək lazımdır. Xüsusilə də osteoartritli xəstələrdə simptomların yüngülləşdirilməsinin vacibliyini və aparılan müalicəyə qarşı xəstələrin cavab reaksiyasını dövrü olaraq yenidən qiymətləndirmək lazımdır. Ürək-damar ağırlaşmalarının inkişafının güclü risk amilləri (məsələn, arterial hipertenziya, hiperlipidemiya, şəkərli diabet və siqaret çəkmə) qeyd olunan xəstələrin etorikoksiblə müalicəsinə bu cür imkanın olmasını diqqətlə araşdırdıqdan sonra başlamaq lazımdır. SOG-2-nin seçici inhibitorları ürək-damar tromboembolik xəstəliklərinin profilaktikası üçün aspirinin əvəzedicisi deyil, çünki onlar trombositlərə təsir göstərmir. Buna görə də antiaqreqant preparatların qəbulunu dayandırmaq olmaz.
Böyrəklərə təsiri
Böyrək prostaqlandinləri böyrəklərin perfuziyasının dəstəklənməsində kompensator rol oynaya bilər. Buna görə də böyrək perfuziyasının pozulması zamanı etorikoksibin qəbulu prostaqlandinlərin əmələ gəlməsinin azalmasına və bunun nəticəsində – böyrək qan cərəyanının zəifləməsinə və böyrək funksiyalarının pozulmasına gətirib çıxara bilər. Buna qədər böyrək funksiyalarının güclü pozğunluğu, kompensasiya olunmayan ürək çatışmazlığı və ya sirroz olan xəstələrdə bu cür reaksiyaların riski daha yüksək olur. Bu cür xəstələrdə böyrək funksiyalarının yoxlanılmasının mümkünlüyünü müzakirə etmək lazımdır.
Mayelərin ləngiməsi, ödemlər və arterial hipertenziya
Prostaqlandinlərin sintezini inhibə edən digər preparatların qəbulu zamanı olduğu kimi, etorikoksibin qəbulu zamanı bəzi xəstələrdə mayelərin ləngiməsi, ödemlər və arterial hipertenziya müşahidə edilmişdir. Bütün QSİƏP, o cümlədən etorikoksib, durğunluq ürək çatışmazlığının əmələ gəlməsinə və onun residiv verməsinə gətirib çıxara bilər. Preparatı anamnezində ürək çatışmazlığı, sol mədəcik funksiyalarının pozulması və ya arterial hipertenziya olan xəstələrə, həmçinin istənilən digər səbəbdən ödem əmələ gəlmiş xəstələrə ehtiyatla təyin etmək lazımdır. Belə xəstələrin vəziyətinin pisləşməsinin kliniki əlamətləri olduqda müvafiq tədbirlər görülməlidir, etorkoksibin ləğv edilməsi daxil olmaqla. Etorikoksibdən istifadə bəzi QSİƏP-nin və SOG-2-nin seçici inhibitorlarından istifadəyə nisbətən (o cümlədən yüksək dozalarda) daha tez-tez və ağır arterial hipertenziya ilə müşayiət oluna bilər. Buna görə də etorikoksiblə müalicəyə başlamazdan əvvəl hipertenziya nəzarət altına alınmalı, həmçinin etorikoksiblə müalicə zamanı arterial təzyiqə nəzarətə xüsusi diqqət yetirilməlidir. Arterial təzyiqi (AT) müalicəyə başladıqdan sonra 2 həftə ərzində, sonra isə dövrü olaraq yoxlamaq lazımdır. Əgər AT xeyli dərəcədə yüksələrsə, alternativ müalicənin mümkünlüyünü nəzərdən keçirmək lazımdır.
Qaraciyərə təsiri
Klinik tədqiqatlar zamanı etorikoksibi gündə 30, 60 və 90 mq dozalarda 1 il ərzində qəbul edən xəstələrin təxminən 1%-də alaninaminotransferazanın (ALT) və / və ya (aspartataminotransferazanın) AST-nin aktivliklərinin artması müşahidə edilmişdir (normanın yuxarı sərhəddindən təxminən 3 və daha çox dəfə yüksək). Qaraciyər funksiyasının pozulmasının simptom və / və ya əlamətləri olan bütün xəstələrin, həmçinin qaraciyər funksiyalarının patoloji göstəricilərinə malik olan xəstələrin vəziyyəti üzərində müşahidə aparmaq lazımdır. Qaraciyər funksiyalarının pozulmasının əlamətləri meydana çıxdıqda və ya qaraciyərin funksional göstəricilərinin davamlı patoloji dəyişiklikləri zamanı (normanın yuxarı hüdudundan 3 dəfə çox) etorikoksibdən istifadəni dayandırmaq lazımdır.
Ümumi göstərişlər
Əgər müalicə dövründə xəstədə yuxarıda göstərilən orqanlar sisteminin funksiyalarının pisləşməsi müşahidə edilərsə, müvafiq tədbirlər görmək və etorikoksibdən istifadənin dayandırılması məsələni nəzərdən keçirmək lazımdır. Etorikoksibi yaşlı xəstələrə və böyrək, qaraciyər və ya ürək funksiyaları pozulmuş xəstələrə təyin edərkən müvafiq tibbi müşahidə aparmaq lazımdır. Dehidratasiyalı xəstələrin etorikoksiblə müalicəsinə ehtiyatla başlamaq lazımdır. Etorikoksibi qəbul etməzdən əvvəl rehidratasiya həyata keçirmək tövsiyə edilir. Bəzi hallarda fatal sonuclanan ciddi dəri reaksiyalarının, o cümlədən eksfoliativ dermatit, StivensConson sindromu və toksiki epidermal nekrolizin əmələ gəlməsi haqqında marketinqdənsonrakı müşahidə dövründə QSİƏP və SOG-2-nin bəzi seçici inhibitorlarının qəbul edilməsi zamanı çox nadir hallarda məlumatlar verilmişdir. Bu cür reaksiyaların əmələ gəlməsinin ən yüksək riski terapiyanın əvvəlində, təzahürlər meydana çıxdıqda, əksər hallarda, müalicənin birinci ayı ərzində qeyd olunur. Etorikoksib qəbul edən xəstələrdə ciddi hiperhəssaslıq reaksiyalarının meydana çıxması haqqında məlumatlar verilmişdir (məsələn, anafilaksiya və ya angionevrotik ödem). SOG-2-nin bəzi seçici inhibitorları anamnezində hər hansı preparata qarşı allergik reaksiyası olan xəstələrdə dəri reaksiyalarının əmələ gəlmə riskini artıra bilər. Dəridə səpgilərin, selikli qişaların zədələnməsinin və ya hiperhəssaslığın digər əlamətlərinin ilk təzahürləri meydana çıxdıqda etorikoksibdən istifadəni dayandırmaq lazımdır. Etorikoksib qızdırmanın və ya infeksiyanın digər əlamətlərini gizlədə bilər. Etorikoksibi varfarinlə və ya digər peroral antikoaqulyanlarla eyni vaxtda ehtiyatla təyin etmək lazımdır. Etorikoksib də SOG-ni və prostaqlandinlərin sintezini inhibə edən digər preparatlar kimi hamiləliyi planlaşdıran qadınlara göstəriş deyil. ARKOKSİYA preparatının tərkibinə laktoza daxildir. Qalaktozaya qarşı dözümsüzlük, Lappa laktazasının defisiti və qlükoza-qalaktozanın malabsorbsiyası kimi nadir irsi xəstəlikləri olan xəstələr bu preparatı qəbul etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Farmakodinamik qarşılıqlı təsirlər
Peroral antikoaqulyantlar
Varfarinin daima qəbul edilməsi nəticəsində vəziyyətləri yaxşılaşmış xəstələrin gündə 120 mq dozada etorikoksib qəbul etməsi Beynəlxalq normallaşdırılmış nisbətinin (BNN) protrombin müddətinin təxminən 13% artması ilə müşayiət olunmuşdur. Buna görə də peroral antikoaqulyantlar qəbul edən xəstələrdə, xüsusilə də etorikoksibin qəbulunun ilk günləri və ya onun dozasının dəyişdirilməsi zamanı, BNN-nin protrombin müddətini tez-tez yoxlamaq lazımdır.
Diuretiklər, angiotenzinçevirici ferment (AÇF) və angiotenzin II antaqonistləri
QSİƏP diuretiklərin və digər antihipertenziv preparatların effektini zəiflədə bilir. Böyrək funksiyaları pozulmuş bəzi xəstələrdə (məsələn, dehidratasiyalı xəstələrdə və ya böyrək funksiyaları zəifləmiş yaşlı xəstələrdə) AÇF inhibitorunun və ya angiotenzin II antaqonistinin və SOG-ni inhibə edən preparatların eyni vaxtda qəbul edilməsi böyrək funksiyalarının sonrakı pisləşməsinə, o cümlədən ehtimal olunan böyrək çatışmazlığına gətirib çıxara bilər ki, bu da adətən geridönən xarakter daşıyır. Etorikoksibi AÇF inhibitorları və ya angiotenzin II antaqonistləri ilə eyni vaxtda qəbul edən xəstələrdə bu cür qarşılıqlı təsirin əmələ gəlmə ehtimalını yadda saxlamaq lazımdır. Buna görə də bu cür kombinasiyanı, xüsusilə də yaşlı xəstələrə, ehtiyatla təyin etmək lazımdır. Adekvat hidratasiya həyata keçirmək və kombinasiya olunmuş müalicənin əvvəlində, həmçinin sonralar müəyyən dövrülüklə böyrək funksiyalarının monitorinqinin həyata keçirilməsi haqqında məsələni nəzərdən keçirmək lazımdır.
Asetilsalisil turşusu
Sağlam könüllü şəxslərin iştirakı ilə həyata keçirilən tədqiqatda, tarazlıq vəziyyətində etorikoksibin gündə bir dəfə 120 mq dozada qəbul edilməsi asetilsalisil turşusunun (81 mq gündə 1 dəfə) antiaqreqant aktivliyinə təsir göstərmir. Etorikoksibi ürək-damar sistemində ağırlaşmaların profilaktikası üçün nəzərdə tutulmuş dozalarda asetilsalisil turşusu ilə eyni vaxtda qəbul etmək olar. Lakin asetilsalisil turşusunun kiçik dozalarının və etorikoksibin eyni vaxtda qəbul edilməsi etorikoksiblə monoterapiya ilə müqayisədə MBT-də yaraların əmələ gəlməsinin və digər ağırlaşmaların tezliyinin artmasına gətirib çıxara bilər. Etorikoksibi ürək-damar sistemində ağırlaşmaların profilaktikası üçün nəzərdə tutulmuş dozadan yüksək dozada asetilsalisil turşusu, həmçinin digər QSİƏP ilə eyni vaxtda qəbul etmək tövsiyə edilmir.
Siklosporin və takrolimus
Etorikokoksibin bu preparatlarla qarşılıqlı təsiri öyrənilməsə də, QSİƏP-nin siklosporinlərlə və takrolimusla eyni vaxtda qəbul edilməsi sonuncuların nefrotoksiki effektini gücləndirə bilər. Etorikoksibi bu preparatlardan istənilən biri ilə eyni vaxtda qəbul etdikdə böyrək funksiyalarını yoxlamaq lazımdır.
Farmakokinetik qarşılıqlı təsir
Etorikoksibin digər preparatların farmakokinetikasına təsiri
Litium
QSİƏP böyrəklər vasitəsilə litiumun xaric edilməsini zəiflədir və beləliklə də, qan plazmasında litiumun səviyyəsini artırır. Əgər lazım gələrsə, qanda litiumun səviyyəsini tez-tez yoxlamaq və bu preparatların eyni vaxtda qəbul edildiyi dövrdə, həmçinin QSİƏP-nin qəbulunu dayandırdıqda litiumun dozasında düzəlişlər etmək lazımdır.
Metotreksat
İki tədqiqatda etorikoksibin effekti revmatoid artritin müalicəsi zamanı metotreksatı həftədə bir dəfə 7,5-dən 20 mq-a qədər qəbul edən xəstələrdə 7 gün ərzində gündə bir dəfə olmaqla 60, 90 və 120 mq dozada qəbul edilməsi zamanı öyrənilmişdir. Etorikoksib 60 və 90 mq dozalarda metotreksatın qan plazmasındakı qatılığına və böyrək klirensinə təsir göstərməmişdir. Bir tədqiqatda etorikoksib 120 mq dozada metotreksatın göstəricilərinə təsir göstərməmiş, lakin digər tədqiqatda qan plazmasında etorikoksibin qatılığı 28% yüksəlmiş, metotreksatın böyrək klirensi 13% aşağı düşmüşdür. Etorikoksibi və metotreksatı eyni vaxtda qəbul etdikdə metotreksatın toksiki təsirinin meydana çıxmasına görə müşahidələr aparmaq lazımdır.
Peroral kontraseptivlər
Etorikoksibin 60 mq dozada tərkibində 35 mkq etinilestradiol və 0,5 -dən 1 mq-a qədər noretindron olan peroral kontraseptivlərlə 21 gün ərzində birlikdə qəbul edilməsi etinilestradiolun AUC0-24 göstəricinin 37% artmasına gətirib çıxatmışdır. Etorikoksibin 120 mq dozada yuxarıda göstərilən peroral kontraseptivlərlə birlikdə və ya 12 saatlıq intervalla qəbul edilməsi tarazlıq vəziyyətində etinilestradiolun AUC0-24 göstəricini 50-60 % artırmışdır. Peroral kontraseptivin seçimi zamanı etorikoksiblə eyni vaxtda qəbul ediləcək etinilestradiolun qatılığının bu cür qalxmasını yadda saxlamaq lazımdır. Etinilestradiolun ekspozisiyasının artması peroral kontraseptivlərin qəbul edilməsilə bağlı olan əlavə reaksiyaların əmələ gəlmə tezliyini artıra bilər (məsələn, risk qrupuna daxil olan qadınlarda venaların tromboemboliyası).
Hormonəvəzedici terapiya
120 mq etorikoksibin 28 gün ərzində hormonəvəzedici preparatlarla, o cümlədən konyuqasiya olunmuş estrogenlərlə (PremarinTM 0,625 mq) birlikdə qəbul edilməsi tarazlıq vəziyyətində konyuqasiya olunmayan estrogenin, ekvilinin və 17--estradiolun orta AUC0-24 göstəricini artırır (müvafiq olaraq, 41%, 76% və 22%). Etorikoksibin uzun müddət istifadəsi üçün tövsiyə olunan dozalarının (30, 60 və 90 mq) təsiri öyrənilməmişdir. Etorikoksib 120 mq dozada, Premarin preparatı ilə monoterapiya ilə müqayisədə, Premarin preparatının estrogen komponentlərinin ekspozisiyasını (AUC0-24) yarıdan çox aşağı salmışdır; Premarinin dozasını 0,625-dən 1,25 mq qədər artırırdılar. Bu cür yüksəlmələrin klinik əhəmiyyəti məlum deyil, etorikoksiblə kombinasiyada isə Premarin preparatının daha yüksək dozaları öyrənilməmişdir. Menopauzadan sonrakı dövrdə etorikoksiblə eyni vaxtda qəbul etdikdə istifadə üçün hormonal preparatı seçərkən estrogenlərin qatılığının bu cür yüksəlməsini nəzərə almaq lazımdır, çünki estrogenlərin ekspozisiyasının yüksəlməsi əvəzedici terapiya zamanı əlavə reaksiyaların əmələ gəlmə riskini artıra bilər.
Prednizon/prednizolon
Preparatlarla qarşılıqlı təsirə həsr olunmuş tədqiqatlarda etorikoksib prednizonun/prednizolonun farmakokinetikasına klinik əhəmiyyətli təsir göstərməmişdir.
Diqoksin
Etorikoksib sağlam könüllü şəxslər tərəfindən 10 gün ərzində gündə 1 dəfə 120 mq dozada qəbul edildikdə tarazlıq vəziyyətində AUC0-24 göstəricisinə və diqoksinin böyrəklər vasitəsilə xaric edilməsinə təsir göstərməmişdir. Diqoksinin Cmax göstəricisinin artması müşahidə edilmişdir (təxminən 33%). Bu cür yüksəlmə, bir qayda olaraq, əksər xəstələr üçün əhəmiyyətli deyil. Lakin etorikoksibi və diqoksini eyni vaxtda qəbul etdikdə diqoksinin toksiki təsirinə görə yüksək riskli xəstələrin vəziyyəti üzərində müşahidə aparmaq lazımdır.
Etorikoksibin sulfotransferazalarla metabolizmə uğrayan preparatlara təsiri
Etorikoksib insan sulfotransferazasının, o cümlədən SULT1E1-in aktivliyinin inhibitorudur, həmçinin qan zərdabında etinilestradiolun qatılığını artıra bilir. Hal-hazırda müxtəlif sulfotransferazaların təsiri haqqında məlumatlar az olduğundan və əksər preparatlar üçün klinik əhəmiyyət hələ də öyrənildiyindən, etorikoksibi əsasən insan sulfotransferazaları vasitəsilə metabolizmə uğrayan digər preparatlarla (məsələn, peroral salbutamol və minoksidil) birlikdə ehtiyatla təyin etmək məqsədəuyğundur.
Etorikoksibin CYP sistemi izofermentləri vasitəsilə metabolizmə uğrayan preparatlara təsiri
İn vitro tədqiqat məlumatlarına əsasən etorikoksib vasitəsilə P450 (CYP) 1A2, 2C9, 2C19, 2D6, 2E1 və 3A4 sitoxromlarının inhibə edilməsi gözlənilmir. Sağlam könüllü şəxslərin iştirakı ilə həyata keçirilən tədqiqatda hər gün 120 mq dozada etorikoksibin qəbul edilməsi qaraciyərin CYP3A4 fermentinin aktivliyinə təsir göstərməmişdir (eritromisinli tənəffüs testinə əsasən müəyyən edilmişdir).
Digər preparatların etorikoksibin farmakokinetikasına təsiri
Etorikokoksibin əsas metabolizm yolu CYP sisteminin fermentlərindən asılıdır. CYP3A4 in vivo etorikokoksibin metabolizminə şərait yaradır. İn vitro tədqiqatlar göstərir ki, CYP2D6, CYP2C9, CYP1A2 və CYP2C19 da əsas metabolizm yolunu kataliz edə bilər, lakin in vivo miqdari xarakteristikalar öyrənilməmişdir.
Ketokonazol
Ketokonazol CYP3A4 güclü inhibitorudur. Sağlam könüllü şəxslər tərəfindən 11 gün ərzində gündə 1 dəfə 400 mq dozada qəbul edildikdə ketokonazol etorikokoksibin birdəfəlik 60 mq dozasının farmakokinetikasına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir (AUC göstəricisinin 43% yüksəlməsi).
Vorikonazol və mikonazol
Peroral vorikonazolun və ya yerli istifadə olunan oral mikonazolun
(CYP3A4 güclü inhibitorlar) etorikoksiblə birlikdə istifadəsi, etorikoksibin təsirinin artmasına gətirib çıxartmışdır, lakin dərc edilmiş məlumatlara əsasən klinik cəhətdən əhəmiyyətli hesab edilmir.
Rifampisin
Etorikoksibin və rifampisinin (CYP fermentlərinin güclü induktoru) eyni vaxtda qəbul edilməsi qan plazmasında etorikoksibin qatılığının 65% aşağı düşməsinə gətirib çıxarmışdır. Əgər etorikoksib rifampisinlə eyni vaxtda qəbul edilərsə, bu cür qarşılıqlı təsir simptomların residiv verməsilə müşayiət oluna bilər. Bu məlumatlar dozanın artırılmasını vacib olduğunu bildirdikdə, etorikoksibi hər bir göstəriş üçün göstərilmiş dozalardan yüksək dozalarda qəbul etmək tövsiyə edilmir, çünki rifampisin və etorikoksibin bu cür dozalarda kombinasiya olunmuş şəkildə qəbul edilməsi öyrənilməmişdir.
Antasidlər
Antasid preparatlar etorikoksibin farmakokinetikasına klinik əhəmiyyətli təsir göstərmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik. SOG-u inhibə edən digər preparatlar kimi etorikoksib hamiləliyi planlaşdıran qadınlara göstəriş deyil. Hamiləlik zamanı etorikoksibdən istifadə haqqında klinik məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda reproduktiv toksiklik müşahidə edilmişdir. Qadınlarda hamiləlik zamanı potensial risk məlum deyil. Hamiləliyin sonuncu üçaylığında prostaqlandinlərin sintezini inhibə edən digər preparatlar kimi, etorikoksibin qəbulu uşaqlığın yığıla bilməməsinə və botal axacağının vaxtından əvvəl bağlanmasına gətirib çıxara bilər. Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP) qəbul etmiş, hamiləliyin 20-ci həftəsində və ya daha gec olan hamilə qadınlarda dölün böyrəklərinin funksional pozğunluğu haqqında məlumat verilmişdir ki, bu da dölətrafı suyun azalmasına gətirib çıxarmışdı (oliqoqidramnion). Bəzi hallarda bu, yenidoğulmuşlarda böyrək funksiyasının pozğunluğuna gətirib çıxara bilər. Belə effektlər QSİƏP-la müalicəyə başlayandan sonra yarana bilər; adətən müalicə dayandırıldıqdan sonra çox vaxt oliqoqidramnion keçib gedir. Hamiləlik zamanı etorikoksibdən istifadə əks göstərişdir. Əgər hamiləlik müalicə dövründə baş verərsə, etorikoksibdən istifadəni dayandırmaq lazımdır. Laktasiya. Etorikoksibin qadınlarda südə keçib-keçməməsi məlum deyil. Məlumdur ki, siçovullarda preparat südlə xaric olunur. Laktasiya dövründə etorikoksib qəbul edən qadınlar uşaqlarını ana südü ilə qidalandırmamalıdırlar.
Pediatriyada istifadəsi
Uşaqlarda və 16 yaşa qədər yeniyetmələrdə etorikoksibdən istifadə əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Etorikoksib qəbul etdikdə başgicəllənmə, vertiqo və ya yuxululuq əmələ gələn xəstələr avtonəqliyyat vasitələrini və mexanizmləri idarə etməməlidirlər.
İstifadə qaydası və dozası
ARKOKSİYA preparatı daxilə qəbul edilir. Onu qida qəbulundan asılı olmayaraq qəbul etmək olar. Preparat qida qəbulundan əvvəl qəbul edilərsə, effekt daha sürətlə başlayır ki, simptomların sürətlə azaldılması lazım gəldikdə bunu nəzərə almaq lazımdır. Etorikoksibdən istifadə zamanı ürək-damar ağırlaşmalarının əmələ gəlmə riski doza və istifadə müddəti artırıldıqda yüksələ bildiyindən, maksimum qısa müddət ərzində minimal effektiv dozalardan istifadə etmək lazımdır. Simptomları yüngülləşdirmək lazım olduğunu və aparılan müalicəyə qarşı cavab reaksiyalarını dövrü olaraq qiymətləndirmək lazımdır (xüsusilə də osteoartritli xəstələrdə).
Osteoartrit (OA)
ARKOKSİYA /ARCOXIA ticari adı altında olan 30 mq dozada etorikoksib ölkə bazarında təqdim olunmamışdır. Osteoartrit zamanı tövsiyə olunan doza gündə 1 dəfə 30 mq etorioksoksibdir. Bəzi xəstələrdə simptomların lazımi qədər yüngülləşməsi baş verməzsə, dozanı gündə bir dəfə 60 mq-a çatdırmaq effektivliyi artıra bilər. Effektin yaxşılaşması qeyd olunmadıqda müalicənin digər mümkün ola bilən metodları haqqında məsələni nəzərdən keçirmək lazımdır.
Revmatoid artriti (RA)
Tövsiyə edilən doza – gündə 1 dəfə 60 mq. Bəzi xəstələrdə simptomların lazımi qədər yüngülləşməsi baş verməzsə sutkada 1 dəfə 90 mq doza terapevtik effekti gücləndirə bilər. Pasiyentin vəziyyəti kliniki cəhətdən stabilləşərsə, dozanın gündə 1 dəfə 60 mq-a qədər azaldılması daha məqsədəuyğundur. Terapevtik effektdə bir artım olmadığı təqdirdə, digər müalicə variantları nəzərdən keçirilməlidir.
Ankilozlaşdırıcı spondilit (AS)
Tövsiyə edilən doza – gündə 1 dəfə 60 mq. Bəzi xəstələrdə simptomların lazımi qədər yüngülləşməsi baş verməzsə sutkada 1 dəfə 90 mq doza terapevtik effekti gücləndirə bilər. Pasiyentin vəziyyəti kliniki cəhətdən stabilləşərsə, dozanın gündə 1 dəfə 60 mq-a qədər azaldılması daha məqsədəuyğundur. Terapevtik effektdə bir artım olmadığı təqdirdə, digər müalicə variantları nəzərdən keçirilməlidir.
Kəskin ağrı ilə müşayiət edilən hallar
Kəskin ağrı ilə müşayiət olunan vəziyyətlərdə, etorikoksibi yalnız kəskin simptomatika dövrü ərzində qəbul etmək lazımdır.
Kəskin podaqra artriti
Tövsiyə edilən doza gündə 1 dəfə 120 mq-dır. Kəskin podaqra artritinin müalicəsinin klinik tədqiqat zamanı etorikoksib 8 gün ərzində qəbul edilmişdir. Stomatologiyada əməliyyatdansonrakı ağrılar. Tövsiyə edilən doza maksimum 3 gün ərzində gündə 1 dəfə 90 mq təşkil edır. Bəzi xəstələr üçün üç günlük müalicə müddətində ARKOKSİYAya əlavə olaraq əməliyyatdansonrakı dövrdə əlavə ağrıkəsici lazım ola bilər. Hər bir göstəriş üçün tövsiyə edilən dozadan yüksək olan dozalar ya əlavə effektivliyə malik deyil, ya da öyrənilməmişdir. Buna görə də: – OA zamanı doza gündə 60 mq-dan yüksək olmamalıdır; – RA və ankilozlaşdırıcı spondilit zamanı doza gündə 90 mq-dan yüksək olmamalıdır; – kəskin podaqra zamanı doza gündə 120 mq-dan yüksək olmamalıdır, müalicə isə maksimum 8 gün ərzində həyata keçirilir; – stomatoloji əməliyyatdan sonra kəskin ağrı zamanı doza gündə 90 mq-dan yüksək olmamalıdır, müalicə isə maksimum 3 gün ərzində həyata keçirilir.
Yaşlı xəstələr
Yaşlı xəstələr üçün dozada düzəlişlərin edilməsinə ehtiyac yoxdur. Digər preparatların qəbulu zamanı olduğu kimi, yaşlı xəstələrdə ehtiyatlı olmaq lazımdır.
Qaraciyər funksiyalarının pozulması
Preparatın istifadəsinə göstərişdən asılı olmayaraq, qaraciyər funksiyaları yüngül dərəcədə pozulmuş xəstələrdə (Çayld-Pyu şkalasına görə 5-6 bal) doza gündə bir dəfə 60 mq-dan yüksək olmamalıdır. Qaraciyər funksiyaları orta dərəcədə pozulmuş xəstələrdə (Çayld-Pyu şkalasına görə 7-9 bal), preparatın istifadəsinə göstərişdən asılı olmayaraq, gündə 1 dəfə 30 mq dozada qəbul edilməsi məsələsini nəzərdən keçirmək olar. Preparatdan istifadənin klinik təcrübəsi məhduddur, xüsusilə də qaraciyər funksiyaları otra ağırlıqda pozulmuş xəstələrdə, buna görə də ehtiyatlı olmaq tövsiyə olunur. Qaraciyər funksiyaları ağır dərəcədə pozulmuş xəstələrdə (Çayld-Pyu şkalasına görə ≥ 10 bal) preparatdan istifadənin klinik təcrübəsi yoxdur, buna qörə də bu cur xəstələrdə preparatdan istifadə əks göstərişdir.
Böyrək funksiyalarının pozulması
Kreatinin klirensi ≥ 30 ml/dəqiqə olan xəstələrdə preparatın dozasında düzəlişlər etməyə ehtiyac yoxdur. Kreatinin klirensi < 30 ml/dəqiqə olan xəstələrdə etorikoksibdən istifadə əks göstərişdir.
Əlavə təsirləri
ARKOKSİYA preparatının təhlükəsizliyi 9295 nəfərin, o cümlədən OA, RA və beldə xroniki ağrıları olan 6757 xəstənin iştirakı ilə aparılan klinik tədqiqatlar zamanı qiymətləndirilmişdir (OA və RA olan təxminən 600 xəstə 1 il və daha çox müddət ərzində müalicə almışlar). Klinik tədqiqatlarda etorikoksibi 1 il və daha çox müddət ərzində qəbul etmiş OA və ya RA xəstələrində əlavə reaksiyaların profili eyni olmuşdur. Klinik tədqiqatda kəskin podaqra artritli xəstələr etorikoksibi 8 gün ərzində gündə 120 mq dozada qəbul etmişlər. Bu tədqiqatda əlavə reaksiyaların profili ümumiyyətlə OA, RA və beldə xroniki ağrıların birgə tədqiqatları zamanı qeyd olunduğu kimi olmuşdur. 3 aktiv-nəzarər olunan tədqiqat məlumatlari daxil olmaqla ürək-damar sistemi üçün təhlükəsizlik proqramında OA və ya RA-lı 17 412 xəstə təxminən 18 ay ərzində etorikoksiblə (60 mq və ya 90 mq) müalicə almışlar. Stomatoloji əməliyyatların həyata keçirilməsilə bağlı olan və 614 xəstənin ARKOKSİYA preparatı ilə (90 mq və ya 120 mq) müalicə aldığı əməliyyatdansonrakı kəskin ağrıların klinik tədqiqi zamanı əlavə reaksiyaların profili OA, RA və beldə xroniki ağrıların kombinasiya olunmuş tədqiqatlarındakı profilə ümumiyyətlə oxşar olmuşdur. 3,5 il ərzində MEDAL proqramının tədqiqatlarında, 7 gün ərzində və postmarketinq dövründə kəskin ağrıların qısamüddətli araşdırmalarında etorikoksibi 12 həftə ərzində 30 mq, 60 mq və ya 90 mq dozada qəbul etmiş OA, RA və beldə xroniki ağrıları və ya AS olan xəstələrin iştiraki ilə aparılan klinik tədqiqatlarda plasebo ilə müqayisədə preparatın istifadəsi zamanı daha tez aşağıdaki əlavə təsirlər haqqında məlumat verilmişdir. Tezlik üzrə kateqoriyalar: hər bir əlavə təsirlər termini klinik sınaq bazasında göstərilən tezliyə görə təyin olunur: çox tez-tez (≥1/10) tez-tez (≥1/100-dən <1/10-a qədər), bəzən (≥1/1 000-dən <1/100-ə qədər), nadir (≥1/10 000-dən <1/1 000-ə qədər), çox nadir (<1/10 000), məlum deyil (əldə olan məlumat əsasında təyin etmək olmaz). İnfeksiyalar və invaziyalar: tez-tez – alveolyar ostit; bəzən – qastroenterit, yuxarı tənəffüs yollarının infeksiyaları, sidik-ifrazat yollarının infeksiyaları. Qan və limfa sistemində pozğunluqlar: bəzən – anemiya (əsasən mədə-bağırsaq qanaxması nəticəsində), leykopeniya, trombositopeniya. İmmun sistemdə pozğunluqlar: bəzən – hiperhəssaslıq reaksiyaları‡ß , nadir hallarda – angionevrotik ödem, anafilaktik / anafilaktoid reaksiyalar, o cümlədən şok‡ . Metabolizm və qidalanma pozğunluqları: tez-tez – ödemlər/ mayelərin ləngiməsi; bəzən – iştahanın azalması və ya artması, bədən çəkisinin artması. Psixikada pozğunluqlar: bəzən – həyəcan, depressiya, əqli fəaliyyətin pisləşməsi, hallyusinasiyalar‡ ; nadir hallarda – huşun dolaşıqlığı‡ , narahatçılıq‡ . Sinir sistemində pozğunluqlar: tez-tez – başgicəllənmə, baş ağrısı; bəzən – disgevziya, yuxusuzluq, paresteziya/hipesteziya, yuxululuq. Görmədə pozğunluqlar: bəzən – qeyri-aydın görmə, konyunktivit. Eşitmə orqanlarında və labirintdə pozğunluqlar: bəzən – qulaqlarda küy, vertiqo. Ürəkdə pozğunluqlar: tez-tez – palpitasiya, aritmiya‡ ; bəzən – qulaqcıqların fibrillyasiyası, durğunluq ürək çatışmazlığı, EKQ-də qeyri-spesifik dəyişikliklər, stenokardiya‡ , miokard infarktı§ , taxikardiya‡ . Damar sistemində pozğunluqlar: tez-tez – hipertenziya; bəzən – qanın toplanması, insult§ , beyin qan dövranının tranzitor işemik pozğunuqları, hipertonik kriz‡ , vaskulit‡ Respirator sistem, döş qəfəsi və orta divar orqanlarında pozğunluqlar: bəzən – öskürək, dispnoye, burundan qanaxmalar; tez-tez – bronxospazm‡ . Mədə-bağırsaq traktında pozğunluqlar: çox tez-tez – abdominal ağrılar; tez-tez qəbizlik, meteorizm, qastrit, mədə qıcqırması/turşu reflyuksu, diareya, dispepsiya/ epiqastral sahədə diskomfort, ürəkbulanma, qusma, ezofagit, ağız boşluğunda yara; bəzən – qarında köp, bağırsaq peristaltikasının xarakterinin dəyişməsi, ağızda quruluq, qastroduodenal yaralar, qastrointestinal perforasiya və qanaxma daxil olmaqla peptik yaralar, qıcıqlanmış bağırsaq sindromu, pankreatit ‡ . Hepatobiliar sistemdə pozğunluqlar: tez-tez – AST səviyyəsinin artması, ALT səviyyəsinin artması; nadir hallarda – hepatit‡ , qaraciyər çatışmazlığı‡ , sarılıq‡ . Dəri və dərialtı toxumada pozğunluqlar: tez-tez – ekximoz; bəzən – üzdə ödem, qaşınma, səpgi eritema‡ , övrə‡ ; nadir hallarda – Stivens-Conson sindromu ‡ , toksiki epidermal nekroliz‡ , davamlı dərman eritema‡ . Skelet-əzələ sistemində, birləşdirici toxumada və sümüklərdə pozğunluqlar: bəzən – əzələlərin spazmı/ qıcolmaları, skelet-əzələ ağrıları/ hərəkətsizliyi. Böyrək və sidik-ifrazat sistemində pozğunluqlar: bəzən – proteinuriya, qan zərdabında kreatininin səviyyəsinin artması, böyrək funksiyalarının pozulması/böyrək çatışmazlığı‡ . Ümumi pozğunluqlar və preparatdan istifadə üsulu ilə bağlı olan pozğunluqlar: tez-tez – asteniya/zəiflik, qripəbənzər simptomlar; bəzən – döş qəfəsində ağrılar. Müayinə: bəzən – qanda sidik cövhəri azotunun səviyyəsinin artması, kreatinfosfokinazanın səviyyəsinin artması, hiperkaliemiya, sidik turşusu səviyyəsinin artması; nadir hallarda – qanda natriumun səviyyəsinin azalması. ‡ Bu əlavə təsirlər marketinqdən sonrakı müşahidə zamanı müəyyən edilmişdir. Onun qeydiyyata alınmış tezliyi göstərişlər və təsdiqlənmiş dozanın birləşməsindən müşahidə olunan klinik tədqiqatlar ən yüksək tezlik əsasında qiymətləndirilmişdi. † “Nadir” tezlik kateqoriyası “Preparatın qısa xarakteristikası” (SmPC) (red.2 sentyabr 2009-cu il) təlimatına uyğun doza və göstəriciyə görə toplanan III faza məlumatlarının analizində ARKOKSIYA ilə müalicə olunan xəstələrin sayı nəzərə alınmaqla 0 hadisə üçün təxmin edilən 95 % sərhədinə əsaslanaraq (n = 15 470) müəyyənləşdirilmişdir ß Yüksək həssaslıq termininə aiddir – «allergiya», «dərman allergiyası», «dərmana yüksək həssaslıq», «yüksək həssaslıq», «dəqiqləşməmiş yüksək həssaslıq», «yüksək həssaslıq reaksiyaları» və «qeyri-spesifik allergiya». § Uzunmüddətli plasebo analizlərinə və aktiv nəzarət olunan kliniki tədqiqatlara əsasən məlum olmuşdu ki, selektiv SOQ-2 inhibitorlarının istifadəsi zamanı miokard infarktı və insult da daxil olmaqla ciddi arterial tromboz riski artır. Mövcud məlumatlara əsasən, bu cür hadisələrin mütləq riskinin ildə 1% -ni keçməsi ehtimalı azdır (bəzən). Aşağıdakı əlavə reaksiyalar haqqında QSİƏP-dən istifadə zamanı məlumat verilmişdir, buna görə də etorikoksibdən istifadə etdikdə onların əmələ gəlmə ehtimalını istisna etmək olmaz: nefrotoksiklik, o cümlədən interstisial nefrit və nefrotik sindrom.
Doza həddinin aşılması
Klinik tədqiqatlar zamanı etorikoksibin birdəfəlik dozalarda 500 mq-a qədər və ya 21 gün ərzində 150 mq/günə qədər dəfələrlə qəbulu əhəmiyyətli toksik effektlərə səbəb olmamışdır. Əksər hallarda əlavə reaksiyalar haqqında məlumat verilməsə də etorioksibin doza həddinin kəskin aşılması haqqında məlumat verilmişdir. Daha tez-tez rast gələn əlavə reaksiyalar etorikoksibin təhlükəsizlik profili ilə müqayisə olunan olmuşdur (məsələn, MBT-də reaksiyalar, kardiorenal reaksiyalar). Doza həddinin aşılması zamanı absorbsiya olunmayan preparatın MBT-dən çıxarılması, klinik müşahidənin aparılması və lazım gəldikdə – dəstəkləyici müalicənin təyin edilməsi kimi adi dəstəkləyici tədbirlər görmək məqsədəuyğundur. Etorikoksib hemodializ zamanı dializ olunmur; preparatın peritoneal dializ zamanı dializ olunması isə məlum deyil.
Buraxılış forması
60 mq, 90 mq və ya 120 mq örtüklü tabletlər. 7 tablet, PVX örtükdən və alüminium folqadan hazırlanmış blisterdə. 1 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 90 və 120 mq dozalar üçün əlavə olaraq: PVX örtükdən və alüminium folqadan hazırlanmış blisterdə 2 tablet. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Merck Sharp & Dohme B.V., The Netherlands (Waarderweg 39, 2031 BN Haarlem, The Netherlands).
Qeydiyyat şəhadətnaməsinin sahibi
Organon Central East GmbH, Weystrasse 20, 6006 Luzern, Switzerland.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.