Arista 5 mq N14 tablet
| Təsiredici maddə | TADALAFIL |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Urologiyada istifadə edilən vasitələr. Erektil disfunksiya zamanı istifadə edilən vasitələr |
| İstehsal ölkəsi | Türkiyə |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
29,87 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ARİSTA örtüklü tabletlər
ARISTA
Beynəlxalq patentləşdirilməmiş adı: Tadalafil
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq, 10 mq və ya 20 mq tadalafil vardır.
Köməkçi maddələr: laktoza monohidrat, natrium kroskarmelloza, natrium laurilsulfat, hidroksipropilsellüloza, mikrokristallik sellüloza, maqnezium stearat.
Örtük
Arista 5 mq və 10 mq: sarı Opadri® II 31F38002 (laktoza monohidrat, hipromelloza, titan dioksid, makroqol, sarı dəmir oksidi).
Arista 20 mq: sarı Opadri® II 31K32498 (laktoza monohidrat, hipromelloza, titan dioksid, sarı dəmir oksidi, triasetin, qara dəmir oksidi).
Təsviri
Damcıyabənzər, sarı rəngli örtüklü tabletlərdir.
Farmakoterapevtik qrupu
Urologiyada istifadə edilən vasitələr. Erektil disfunksiya zamanı istifadə edilən vasitələr.
ATC kodu: G04BE08.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Tadalafil tsiklik quanozinmonofosfatın (sQMF) 5-ci tip spesifik fosfodiesterazasının (FDE-5) selektiv və geridönən inhibitorudur. Cinsi stimulyasiya yerli azot oksidi ayrılmasına səbəb olduqda, tadalafilin FDE-5-i inhibə etməsi penis mağaravari cisimində sQMF səviyyəsinin artmasına gətirib çıxarır. Bu, saya əzələlərin boşalmasına və penis toxumalarına qanın axınının güclənməsinə səbəb olur və beləliklə ereksiya yaranır. Tadalafil cinsi stimulyasiya olmadıqda təsir göstərmir.
Mağaravari cisimdə sQMF konsentrasiyasının inhibə edilməsi effekti prostat vəzinin, sidik kisəsinin saya əzələlərində və bu orqanları qanla təmin edən damarlarda da müşahidə olunur. Bu zaman yaranan damar boşalması qanın perfuziyasının artmasına səbəb olur və prostat vəzinin xoşxassəli hiperplaziyası (PVXH) simptomlarının azalmasına gətirib çıxara bilər. Bu damar effektləri sidik kisəsinin afferent sinir aktivliyinin inhibə edilməsi, eləcə də prostat vəzinin və sidik kisəsinin saya əzələlərinin boşalması ilə tamamlana bilər.
In vitro tədqiqatlar göstərmişdir ki, tadalafil FDE-5-in selektiv inhibitorudur. FDE-5 mağaravari cismin saya əzələlərində, damar və visseral saya əzələlərdə, skelet əzələlərində, trombositlərdə, böyrəklərdə, ağciyərlərdə və beyincikdə aşkar edilən fermentdir. Tadalafilin FDE-5-ə təsiri digər fosfodiesterazalara təsirindən daha güclüdür. Tadalafil FDE-5-ə qarşı FDE-1, FDE-2, FDE-4 və FDE-7-yə (ürək, beyin, qan damarları, qaraciyər, leykositlər, skelet əzələləri və digər orqanlarda lokalizə olunan) nisbətən 10000 dəfə daha aktivdir. Tadalafil FDE-5-i FDE-3-ə (ürək və qan damarlarında olan ferment) nisbətən 10000 dəfə daha aktiv bloklayır. FDE-5-ə qarşı FDE-3 ilə müqayisədə bu selektivlik vacibdir, çünki FDE-3 ürək əzələsinin yığılmasında iştirak edən fermentdir. Bundan əlavə, tadalafil FDE-5-ə qarşı tor qişada yerləşən və fototransduksiyaya cavabdeh olan FDE-6-ya nisbətən təxminən 700 dəfə daha aktivdir. Tadalafil həmçinin FDE-5-ə qarşı FDE-8, FDE-9 və FDE-10-a nisbətən təxminən 9000 dəfə, FDE-11-ə nisbətən isə təxminən 14 dəfə daha güclü təsir göstərir.
Klinik tədqiqatlarda tadalafil plasebo ilə müqayisədə erektil funksiyada statistik əhəmiyyətli yaxşılaşma, dozanın qəbulundan sonra 36 saata qədər davam edən effekt və təsirin artıq 16 dəqiqədən sonra aşkar olunmasını nümayiş etdirmişdir (tadalafilin ehtiyac olduqda qəbulu).
Sağlam könüllülərdə tadalafil plasebo ilə müqayisədə uzanmış vəziyyətdə sistolik və diastolik arterial təzyiqə (orta maksimal enmə müvafiq olaraq 1,6/0,8 mm c.s.), ayaqüstü vəziyyətdə sistolik və diastolik arterial təzyiqə (orta maksimal enmə müvafiq olaraq 0,2/4,6 mm c.s.) və ürək yığılmalarının tezliyinə əhəmiyyətli təsir göstərmir.
Farnsworth-Munsell 100 Hue rəng qavrayışı testi ilə aparılan tədqiqatda tadalafilin rənglərin (göy/yaşıl) fərqləndirilməsini pisləşdirmədiyi müəyyən edilmişdir. Klinik tədqiqat məlumatları tadalafilin FDE-6-ya aşağı yaxınlığını təsdiqləyir. Bundan əlavə, tadalafilin görmə kəskinliyinə, elektroretinogrammaya, gözdaxili təzyiqə və bəbəyin ölçüsünə təsiri qeyd edilməmişdir.
Tadalafilin gündəlik qəbulunun spermatogenezə təsirini qiymətləndirmək məqsədilə bir neçə tədqiqat aparılmışdır. Bir tədqiqatda spermatozoidlərin morfologiyasına və hərəkətliliyinə arzuolunmaz təsir müşahidə edilməmişdir. Digər tədqiqatda plasebo ilə müqayisədə spermatozoidlərin orta konsentrasiyasının azalması aşkar edilmişdir. Spermatozoid konsentrasiyasının azalması eyakulyasiyanın daha yüksək tezliyi ilə əlaqələndirilmişdir. Bundan əlavə, tadalafil plasebo ilə müqayisədə qan plazmasında testosteronun, luteinləşdirici hormonun və follikulstimullaşdırıcı hormonun səviyyəsində arzuolunmaz dəyişikliklərə səbəb olmamışdır.
Farmakokinetikası
Sorulması
Tadalafil peroral qəbuldan sonra yaxşı sorulur. Qan plazmasında orta maksimal konsentrasiya (Cmax) qəbuldan sonra orta hesabla 2 saat ərzində əldə edilir. Tadalafilin peroral qəbuldan sonra mütləq biomənimsənilməsi müəyyən edilməmişdir. Tadalafilin sorulma sürəti və dərəcəsi qida qəbulundan asılı deyildir, buna görə də preparatı qida ilə birlikdə və ya qidasız qəbul etmək olar. Dozanın qəbul vaxtı (səhər və ya axşam) sorulmanın sürətinə və dərəcəsinə klinik cəhətdən əhəmiyyətli təsir göstərməmişdir.
Paylanması
Orta paylanma həcmi təxminən 63 l təşkil edir ki, bu da tadalafilin toxumalara paylandığını göstərir. Terapevtik konsentrasiyalarda tadalafilin 94%-i plazma zülalları ilə birləşir. Zülallarla birləşməyə böyrək funksiyalarının pozğunluğu təsir etmir. Sağlam könüllülərdə daxil edilən dozanın 0,0005%-dən azı sperma mayesində aşkar edilmişdir.
Metabolizmi
Tadalafil əsasən sitoxrom P450-nin 3A4 izoforması (CYP3A4) vasitəsilə metabolizə olunur. Əsas sirkulyasiya edən metabolit metilkatexolqlükuroniddir. Bu metabolitin FDE-5-ə qarşı aktivliyi tadalafilə nisbətən ən azı 13000 dəfə azdır. Buna görə də müşahidə olunan konsentrasiyalarda metabolitin klinik aktivlik göstərməsi gözlənilmir.
Xaric olunması
Peroral tadalafilin klirensi 2,5 l/saat, sağlam şəxslərdə orta yarımxaricolunma dövrü isə 17,5 saat təşkil edir. Tadalafil əsasən qeyri-aktiv metabolitlər şəklində, daha çox bağırsaqlarla (dozanın təxminən 61%-i) və daha az böyrəklərlə (dozanın təxminən 36%-i) xaric olunur.
Sağlam könüllülərdə tadalafilin farmakokinetikası vaxt və doza baxımından xətti proporsionaldır. 2,5 mq-dan 20 mq-a qədər doza diapazonunda ekspozisiya (AUC) doza ilə proporsional artır. Sutkada bir dəfə gündəlik qəbul zamanı plazmada sabit konsentrasiya 5 gün ərzində əldə edilir. Tadalafilin farmakokinetikası erektil disfunksiyalı pasiyentlərdə və erektil disfunksiyası olmayan şəxslərdə eynidir.
Xüsusi pasiyent qrupları
Yaşlı pasiyentlər. Sağlam yaşlı könüllülərdə (65 yaşdan yuxarı) peroral qəbul zamanı tadalafilin klirensi daha aşağı olmuş və bu, 19–45 yaşlı sağlam könüllülərlə müqayisədə AUC-nin 25% artmasına səbəb olmuşdur. Bu yaş effekti klinik cəhətdən əhəmiyyətli deyildir və dozanın korreksiyasını tələb etmir.
Böyrək çatışmazlığı olan pasiyentlər. Tadalafilin tək dozası (5–20 mq) ilə aparılan klinik farmakoloji tədqiqatlarda yüngül (kreatinin klirensi 51–80 ml/dəq) və ya orta (kreatinin klirensi 31–50 ml/dəq) böyrək çatışmazlığı olan pasiyentlərdə, eləcə də dializdə olan son mərhələ böyrək xəstəliyi olan pasiyentlərdə tadalafilin AUC-si təxminən ikiqat artmışdır. Hemodializdə olan pasiyentlərdə Cmax sağlam könüllülərlə müqayisədə 41% yüksək olmuşdur. Hemodializin tadalafilin xaric olunmasına təsiri əhəmiyyətsizdir.
Qaraciyər çatışmazlığı olan pasiyentlər. Yüngül və orta qaraciyər çatışmazlığı olan pasiyentlərdə (Çayld-Pyu təsnifatına əsasən A və B sinifləri) 10 mq dozada tadalafilin AUC-si sağlam könüllülərdəki ekspozisiya ilə müqayisə edilə bilər. Ağır qaraciyər çatışmazlığı (Çayld-Pyu C sinfi) olan pasiyentlərdə tadalafilin istifadəsinin təhlükəsizliyinə dair məlumatlar məhduddur.
Şəkərli diabetli pasiyentlər. Şəkərli diabetli pasiyentlərdə tadalafil istifadəsi fonunda AUC sağlam şəxslərlə müqayisədə təxminən 19% az olmuşdur. Bu fərq dozanın dəyişdirilməsini tələb etmir.
İstifadəsinə göstərişlər
Yetkin yaşlı kişilərdə erektil disfunksiyanın (ED) müalicəsi. Preparat yalnız cinsi stimulyasiya olduqda effektlidir.
Prostat vəzinin xoşxassəli hiperplaziyasının (PVXH) simptomlarının müalicəsi (yalnız Arista 5 mq).
Eyni zamanda ED və PVXH simptomları olan yetkin yaşlı kişilərin müalicəsi (yalnız Arista 5 mq).
Preparat qadınlarda istifadə üçün nəzərdə tutulmamışdır.
Əks göstərişlər
Təsiredici maddəyə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq.
Eyni zamanda üzvi nitratların istənilən dərman formasında istifadəsi – klinik tədqiqatlarda müəyyən edilmişdir ki, tadalafil üzvi nitratların hipotenziv təsirinin güclənməsinə səbəb olur və bu da, ehtimal ki, dərman preparatlarının azot oksidin/sQMF-in iştirakı ilə siqnalların hüceyrədaxili ötürülməsi prosesinə kombinəolunmuş təsiri ilə əlaqədardır.
Əvvəllər FDE5 fermentinin inhibitorlarının istifadəsindən asılı olmayaraq, qeyri-arteriit ön işemik optik neyropatiya (QAÖİON) nəticəsində bir gözdə görmə qabiliyyətinin itirilməsi.
Simptomatik arterial hipotenziyanın inkişaf etməsinin potensial riskini nəzərə alaraq, quanilatsiklaza fermentinin stimulyatorlarının, məsələn, riosiquatın eyni zamanda istifadəsi.
Cinsi aktivlik tövsiyə olunmayan ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə preparat istifadə edilməməlidir. Ürək-damar xəstəlikləri mövcud olan pasiyentlərdə cinsi aktivlik zamanı kardioloji risk dərəcəsi nəzərə alınmalıdır.
Ürək-damar sisteminin aşağıda göstərilən xəstəlikləri qeyd olunan pasiyentlərdə preparatın istifadəsi əks göstərişdir (preparatın istifadəsinin təhlükəsizliyinə dair məlumatın olmaması ilə əlaqəli):
– son 90 gün müddətində keçirilmiş miokard infarktı;
– qeyri-stabil stenokardiya və ya cinsi əlaqə zamanı meydana çıxan stenokardiya;
– son 6 ay müddətində meydana çıxan II sinif və ya daha ağır dərəcəli (Nyu-York kardioloji assosiasiyasının (NYHA) təsnifatına əsasən) ürək çatışmazlığı;
– idarəolunmayan aritmiyalar;
– arterial hipotenziya (arterial təzyiqin (AT) 90/50 mm c.s. göstəricidən aşağı olması) və ya idarəolunmayan arterial hipertenziya;
– son 6 ay müddətində keçirilmiş insult.
Digər erektil disfunksiya müalicə vasitələri ilə eyni zamanda istifadəsi.
İrsi qalaktoza dözümsüzlüyü, Lapp-laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı təyin etməzdən əvvəl həkim pasiyentin tibbi anamnezini toplamalı və fiziki müayinə aparmalı, erektil disfunksiyanın potensial əsas səbəblərini müəyyən etməli və müvafiq müalicə kursunu təyin etməlidir.
Erektil disfunksiyanın hər hansı müalicəsini təyin etməzdən əvvəl pasiyentin ürək-damar sisteminin vəziyyəti nəzərə alınmalıdır, çünki cinsi aktivlik müəyyən dərəcədə ürək riski ilə əlaqəlidir. Tadalafil damargenişləndirici effekt göstərir ki, bu da arterial təzyiqin cüzi və keçici enməsinə, eləcə də nitratların hipotenziv effektinin potensiasiya olunmasına səbəb ola bilər.
Erektil disfunksiyanın qiymətləndirilməsi potensial əsas səbəbin müəyyən edilməsini və müvafiq tibbi müayinədən sonra onun lazımi müalicəsini əhatə etməlidir. Çanaq sümükləri üzərində əməliyyat keçirmiş və ya sinirsaxlayan radikal prostatektomiya olunmuş pasiyentlərdə tadalafilin effektiv olub-olmaması məlum deyildir.
Ürək-damar sisteminə təsiri. Klinik tədqiqatlarda və qeydiyyatdan sonrakı tətbiq zamanı tadalafil ilə əlaqədar miokard infarktı, qəfil ürək ölümü, qeyri-stabil stenokardiya, mədəcik aritmiyası, beyin qan dövranı pozğunluğu, tranzitor işemik hücum, döş qəfəsində ağrı, ürək döyüntüsü və taxikardiya daxil olmaqla ciddi ürək-damar hadisələri barədə məlumat verilmişdir. Bu əlavə təsirlər müşahidə olunan pasiyentlərin əksəriyyətində ürək-damar risk faktorları olmuşdur. Bununla belə, yuxarıda göstərilən hadisələrin risk faktorları, tadalafil istifadəsi, pasiyentlərin cinsi aktivliyi və ya bu və digər amillərin kombinasiyası ilə əlaqəli olub-olmadığını dəqiq müəyyən etmək hazırda mümkün deyildir.
Preparat α1-adrenoblokatorlar qəbul edən pasiyentlərdə ehtiyatla istifadə edilməlidir, çünki bəzi xəstələrdə bu vasitələrin eyni zamanda qəbulu simptomatik hipotenziyaya səbəb ola bilər. Tadalafilin doksazosin ilə kombinəolunmuş istifadəsi tövsiyə olunmur.
Görmə orqanlarına təsiri. Tadalafil və digər FDE-5 inhibitorlarının istifadəsi zamanı mərkəzi seroz xorioretinopatiya (MSXR) və qeyri-arteriit ön işemik optik neyropatiya (QAÖİON) daxil olmaqla görmənin pisləşməsi halları barədə məlumat verilmişdir. MSXR hallarının əksəriyyətində simptomlar tadalafil qəbulunun dayandırılmasından sonra spontan olaraq keçmişdir. Müşahidə tədqiqatlarının təhlili erektil disfunksiyalı kişilərdə tadalafil və ya digər FDE-5 inhibitorlarının istifadəsindən sonra kəskin QAÖİON inkişafı riskinin artdığını göstərmişdir. Bu riskin artması tadalafil qəbul edən bütün pasiyentlərdə baş verə biləcəyi üçün həkim pasiyenti qəfil görmə itkisi zamanı tadalafil qəbulunu dayandırmaq və tibbi yardım almaq zərurəti barədə xəbərdar etməlidir.
Eşitmə orqanlarına təsiri. Tadalafil istifadəsindən sonra qəfil eşitmə itkisi halları barədə məlumat verilmişdir. Digər risk faktorlarının (yaş, şəkərli diabet, hipertenziya və əvvəlki eşitmə itkisi tarixçəsi kimi) mövcudluğundan asılı olmayaraq, pasiyentlər qəfil eşitmə itkisi zamanı tadalafil qəbulunu dayandırmalı və dərhal tibbi yardım almalıdırlar.
Priapizm və ereksiyanın uzanması. FDE-5 inhibitorlarının, o cümlədən tadalafilin istifadəsi zamanı priapizm barədə məlumatlar olmuşdur. 4 saat və daha uzun müddət davam edən ereksiya zamanı pasiyentlər dərhal tibbi yardım almağın zəruriliyi barədə məlumatlandırılmalıdırlar. Priapizmin vaxtında müalicə edilməməsi penis toxumalarının zədələnməsinə və geridönməz impotensiyaya səbəb ola bilər.
Anatomik penis deformasiyası (bükülmə, kavernoz fibroz və ya Peyroni xəstəliyi kimi) olan və ya priapizmə meyllilik yaradan vəziyyətləri (oraqvari hüceyrəli anemiya, çoxsaylı miyeloma və ya leykemiya) olan pasiyentlərdə tadalafil ehtiyatla istifadə edilməlidir.
Digər erektil disfunksiya müalicələri ilə kombinasiyası. Arista preparatının digər erektil disfunksiya müalicə növləri ilə kombinasiyasının təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Buna görə də belə kombinasiyaların istifadəsi tövsiyə olunmur.
Güclü CYP3A4 inhibitorları (ritonavir, sakvinavir, ketokonazol, itrakonazol və eritromisin) qəbul edən pasiyentlərdə tadalafil ekspozisiyasının artması müşahidə olunduğundan, Arista ehtiyatla təyin edilməlidir.
Laktoza. Preparatın tərkibində laktoza vardır. İrsi qalaktoza dözümsüzlüyü, Lapp-laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlər bu preparatı qəbul etməməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Qarşılıqlı təsir tədqiqatları 10 mq və 20 mq dozalarla aparılmışdır; aşağıda məlumatlar verilmişdir. Aşağı dozalarda (10 mq) müşahidə olunan qarşılıqlı təsir yüksək dozalarda da klinik cəhətdən əhəmiyyətli ola bilər.
Digər dərman vasitələrinin tadalafilə təsiri
Sitoxrom CYP450 inhibitorları. Tadalafil əsasən CYP3A4 ilə metabolizə olunur. Selektiv CYP3A4 inhibitoru olan ketokonazol (sutkada 200 mq) tadalafilin (10 mq) AUC-sini 2 dəfə, Cmax-ını isə 15% artırır. Ketokonazol (sutkada 400 mq) tadalafilin (20 mq) AUC-sini 4 dəfə, Cmax-ını isə 22% artırır. Proteaza inhibitoru olan ritonavir (sutkada 2 dəfə 200 mq) CYP3A4, CYP2C9, CYP2C19 və CYP2D6-nı inhibə edir və tadalafilin (20 mq) AUC-sini 2 dəfə artırır, Cmax-ını isə dəyişmir. Spesifik qarşılıqlı təsirlər öyrənilməsə də, digər proteaza inhibitorları (məsələn, sakvinavir) və digər CYP3A4 inhibitorları (eritromisin, klaritromisin, itrakonazol və qreypfrut şirəsi) ehtiyatla istifadə edilməlidir, çünki eyni zamanda istifadə zamanı plazmada tadalafil konsentrasiyasının artacağı gözlənilir. Nəticədə əlavə təsirlərin tezliyi arta bilər.
Transporterlər. P-qlikoprotein kimi transporterlərin tadalafilin paylanmasına təsiri məlum deyildir. Buna görə də transporterlərin inhibə edilməsi ilə əlaqəli dərman qarşılıqlı təsiri ehtimalı mövcuddur.
Sitoxrom CYP450 induktorları. CYP3A4 induktoru olan rifampisin tadalafilin AUC dəyərini yalnız tadalafilin (10 mq) AUC dəyəri ilə müqayisədə 88% azaldır. Bu konsentrasiya azalmasının tadalafilin effektivliyinin azalmasına səbəb olacağı ehtimal edilir; azalmanın dərəcəsi isə məlum deyildir. Digər CYP3A4 induktorlarının (fenobarbital, fenitoin və karbamazepin) eyni zamanda istifadəsi də plazmada tadalafil konsentrasiyasını azalda bilər.
Tadalafilin digər dərman vasitələrinə təsiri
Nitratlar. Klinik tədqiqatlarda tadalafil (5 mq, 10 mq, 20 mq) nitratların hipotenziv effektlərini gücləndirmişdir. Buna görə də istənilən formada üzvi nitratlarla müalicə alan pasiyentlərdə tadalafilin istifadəsi əks göstərişdir. Sutkada 20 mq tadalafil qəbul edən pasiyentlərdə 7 gün ərzində və sublinqval 0,4 mq nitroqliserin (müxtəlif qəbul vaxtları ilə) ilə aparılan klinik tədqiqatın nəticələrinə görə, bu qarşılıqlı təsir 24 saatdan çox davam etmiş və tadalafilin son dozasından 48 saat sonra aşkar edilməmişdir. Həyatı təhlükəli vəziyyətdə nitratların istifadəsi tibbi zərurət olduqda, istənilən dozada (2,5–20 mq) tadalafil təyin edilmiş pasiyentdə nitrat preparatlarından əvvəl tadalafilin son qəbulundan ən azı 48 saat keçməlidir. Belə hallarda nitratlar tibbi nəzarət altında və hemodinamik göstəricilərin müvafiq monitorinqi ilə istifadə edilməlidir.
α-adrenoblokatorlar. Doksazosin (sutkada 4 və 8 mq) və tadalafilin (sutkada 5 mq və 20 mq tək doza) eyni zamanda istifadəsi bu α-blokatorun arterial təzyiqi azaldıcı təsirini əhəmiyyətli dərəcədə gücləndirir. Bu effekt ən azı 12 saat davam edir və sinkop daxil olmaqla simptomatik ola bilər. Buna görə də bu kombinasiya tövsiyə olunmur.
Məhdud sayda sağlam könüllülərdə aparılan qarşılıqlı təsir tədqiqatlarında bu effektlər alfuzozin və tamsulosin ilə bildirilməmişdir. Bununla belə, α-blokatorlarla müalicə olunan pasiyentlərdə və xüsusilə yaşlılarda tadalafil ehtiyatla istifadə edilməlidir. Müalicə ən aşağı doza ilə başlanmalı və tədricən korreksiya edilməlidir.
Antihipertenziv vasitələr. Klinik farmakoloji tədqiqatlarda tadalafilin antihipertenziv birləşmələrin hipotenziv effektlərini artırma potensialı öyrənilmişdir. Bu tədqiqatlarda kalsium kanalı blokatorları (amlodipin), angiotenzinçevirici ferment (AÇF) inhibitorları (enalapril), beta-adrenergik reseptor blokatorları (metoprolol), tiazid diuretikləri (bendrofluazid) və angiotenzin II reseptor blokatorları (müxtəlif tip və dozalarda, tək və ya tiazidlər, kalsium kanalı blokatorları, beta-blokatorlar və/və ya alfa-blokatorlarla birlikdə) daxil olmaqla əsas antihipertenziv birləşmələr üzərində iş aparılmışdır. Tadalafilin (angiotenzin II blokatorları və amlodipin ilə aparılan tədqiqatlarda 20 mq, digərlərində 10 mq) yuxarıda göstərilən kateqoriyalarla klinik cəhətdən əhəmiyyətli qarşılıqlı təsiri olmamışdır. Digər klinik farmakoloji tədqiqatda tadalafil (20 mq) 4 müxtəlif sinif antihipertenziv dərmanla kombinasiyada öyrənilmişdir. Bir neçə antihipertenziv dərman qəbul edən pasiyentlərdə ayaqüstü arterial təzyiq dəyişikliklərinin arterial təzyiqə nəzarət dərəcəsi ilə müəyyən qədər əlaqəli olduğu müşahidə edilmişdir. Bu baxımdan, arterial təzyiqi yaxşı nəzarət olunan pasiyentlərdə azalma ən aşağı səviyyədə və sağlam könüllülərdə müşahidə olunanla oxşar olmuşdur. Arterial təzyiqi nəzarət olunmayan könüllülərdə enmə daha çox olmuşdur, baxmayaraq ki, könüllülərin əksəriyyətində bu hipotenziya simptomları ilə əlaqəli olmamışdır. Eyni zamanda antihipertenziv dərmanlar qəbul edən pasiyentlərdə tadalafil 20 mq arterial təzyiqdə adətən çox cüzi və klinik cəhətdən əhəmiyyətsiz enmə induksiya edə bilər (alfa-blokatorlar istisna olmaqla). III faza klinik tədqiqat məlumatlarının təhlili tadalafili antihipertenziv dərmanlarla və ya tək qəbul edən pasiyentlərdə əlavə təsirlər arasında fərq göstərməmişdir. Bununla belə, pasiyentlərə antihipertenziv dərmanlarla birlikdə müalicə olunduqda arterial təzyiqin mümkün enməsi barədə müvafiq klinik tövsiyələr verilməlidir.
Riosiquat. Preklinik tədqiqatlarda tadalafilin riosiquatın sistem hipotenziv effektlərini artırdığı göstərilmişdir. Klinik tədqiqatlarda riosiquatın FDE-5 inhibitorlarının hipotenziv effektlərini artırdığı təsdiqlənmişdir. Bu kombinasiyanın arzuolunan klinik effekti barədə məlumat yoxdur. Eyni zamanda tadalafil və riosiquatın istifadəsi əks göstərişdir.
5-α-reduktaza inhibitorları. Klinik tədqiqatda tadalafil 5 mq və finasterid 5 mq-ın eyni zamanda istifadəsi qənaətbəxş dözümlülük nümayiş etdirmişdir. Bununla belə, tadalafilin digər 5-α-reduktaza inhibitorları ilə rəsmi qarşılıqlı təsir tədqiqatları aparılmamışdır və ehtiyatla istifadə edilməlidir.
CYP1A2 substratı (məsələn, teofillin). Tadalafil teofillinin farmakokinetikasına və ya farmakodinamikasına klinik cəhətdən əhəmiyyətli təsir göstərmir.
Varfarin. Tadalafil S-varfarin və ya R-varfarinin farmakokinetikasına klinik cəhətdən əhəmiyyətli təsir göstərmir və varfarinlə induksiya olunan protrombin vaxtına təsir etmir.
Asetilsalisil turşusu. Tadalafil asetilsalisil turşusu qəbulu fonunda qanaxma müddətini artırmır.
Antasidlər (maqnezium hidroksid/alüminium hidroksid). Antasidlərlə eyni zamanda istifadə tadalafilin sorulma sürətini azaldır, lakin AUC ekspozisiyasını dəyişmir.
H2 antaqonistləri. Nizatidin qəbulu nəticəsində mədədə pH-ın artması tadalafilin farmakokinetikasına təsir etməmişdir.
Etinilestradiol və terbutalin. Tadalafilin etinilestradiolün peroral biomənimsənilməsinin artmasına səbəb olduğu göstərilmişdir. Bunun klinik nəticəsi dəqiq olmasa da, oxşar artımın terbutalinin peroral istifadəsi zamanı da müşahidə ediləcəyi gözlənilə bilər.
Alkoqol. Tadalafil etanolun konsentrasiyasına, etanol isə tadalafilin konsentrasiyasına təsir etməmişdir. Yüksək dozada etanol (0,7 q/kq bədən çəkisi) fonunda tadalafilin eyni zamanda istifadəsi arterial təzyiqin əhəmiyyətli enməsinə səbəb olmamışdır. Bəzi pasiyentlərdə postural başgicəllənmə və ortostatik hipotenziya qeyd edilmişdir. Daha aşağı dozada etanol (0,6 q/kq) fonunda tadalafil istifadəsi arterial hipotenziyaya səbəb olmamışdır və başgicəllənmə yalnız alkoqol qəbulu ilə eyni tezlikdə müşahidə edilmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparat qadınlarda istifadə üçün nəzərdə tutulmamışdır.
Fertillik
Klinik tədqiqatların nəticələrinə əsasən dərman vasitəsinin insanda fertilliyə mənfi təsir edə bilməsi, bəzi kişilərdə onun istifadəsi zamanı toxum mayesində spermatozoidlərin konsentrasiyasının azalması qeyd edilməsinə baxmayaraq, az ehtimal edilir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Tadalafilin avtonəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri cüzidir. Klinik tədqiqatlarda plasebo və tadalafil qruplarında başgicəllənmə hallarının tezliyi oxşar olsa da, pasiyentlər avtonəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməzdən əvvəl dərman preparatına fərdi reaksiyalarını bilməlidirlər.
İstifadə qaydası və dozası
Tabletlər qida qəbulundan asılı olmayaraq, daxilə istifadə üçün nəzərdə tutulmuşdur.
Dozalanması
ED qeyd olunan yetkin yaşlı kişilər
Ehtimal edilən cinsi əlaqədən əvvəl tadalafilin tövsiyə olunan dozası 10 mq təşkil edir. Tadalafilin 10 mq dozada istifadəsi ilə qənaətbəxş effekt əldə olunmadığı halda, dərman preparatı 20 mq dozada istifadə edilə bilər. Preparat cinsi aktivlikdən ən azı 30 dəqiqə əvvəl qəbul edilməlidir.
Preparatın istifadəsinin maksimal tezliyi – sutkada 1 dəfə təşkil edir.
Tadalafil 10 mq və 20 mq dozalarda – ehtimal edilən cinsi aktivlikdən əvvəl istifadə üçün nəzərdə tutulmuşdur; dərman preparatının yuxarıda göstərilən dozalarda fasiləsiz gündəlik istifadəsi tövsiyə olunmur.
Dərman preparatının daha tez-tez (həftədə 2 dəfədən az olmamaqla) istifadəsini planlaşdıran pasiyentlərdə, pasiyentin seçiminin və həkimin qərarının nəzərə alınması ilə tadalafilin daha aşağı dozalarda gündəlik istifadə rejimləri münasib ola bilər. Həmin pasiyentlərdə tadalafilin tövsiyə olunan dozası – sutkada 1 dəfə 5 mq təşkil edir və günün təxminən eyni vaxtı qəbul edilməlidir. Dərman preparatına qarşı tolerantlıqdan asılı olaraq, preparatın dozası 2,5 mq-a qədər aşağı salına bilər (dərman preparatının göstərilən dozalanma rejiminə riayət etmək imkanı verən dozalanması istifadə edilməlidir).
Vaxtaşırı, preparatın gündəlik istifadəsinin məqsədəuyğun olub-olmamasının təkrar qiymətləndirilməsi həyata keçirilməlidir.
PVXH qeyd olunan yetkin yaşlı kişilər (yalnız Arista 5 mq preparatı)
Tadalafilin gündəlik istifadə üçün nəzərdə tutulmuş tövsiyə olunan dozası, qida qəbulundan asılı olmayaraq, sutkanın təxminən eyni vaxtında 5 mq təşkil edir. Eyni zamanda həm PVXH, həm də ED ilə əlaqəli tadalafillə müalicə qəbul edən yetkin yaşlı kişilərdə preparatın tövsiyə olunan gündəlik dozası sutkanın təxminən eyni vaxtında 5 mq təşkil edir.
5 mq dozada tadalafil ilə müalicə PVXH qeyd olunan pasiyentlər tərəfindən pis keçirildiyi halda, alternativ müalicənin aparılmasının mümkünlüyü nəzərdən keçirilməlidir, çünki PVXH-nin 2,5 mq dozada tadalafil ilə müalicəsinin effektivliyi barədə heç bir məlumat yoxdur.
Xüsusi pasiyent qrupları
Yaşlı kişilər
Kişi cinsindən olan yaşlı pasiyentlərdə dərman preparatının dozasının korreksiyası tələb olunmur.
Böyrək funksiyalarının pozğunluqları qeyd olunan kişilər
Böyrək funksiyalarının yüngül və orta dərəcəli pozğunluqları qeyd olunan pasiyentlərdə dərman preparatının dozasının korreksiyası tələb olunmur. Böyrək funksiyalarının ağır pozğunluqları qeyd olunan pasiyentlərdə tadalafilin tövsiyə olunan maksimal dozası 10 mq təşkil edir.
Böyrək funksiyalarının ağır pozğunluqları qeyd olunan pasiyentlərdə PVXH-nin və ED-nin müalicəsi üçün tadalafilin 2,5 mq və ya 5 mq dozalarda gündəlik istifadəsi tövsiyə olunmur.
Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan kişilər
Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan ED-li pasiyentlərdə tadalafilin tövsiyə olunan dozası ehtimal edilən cinsi əlaqədən əvvəl və qida qəbulundan asılı olmayaraq, 10 mq təşkil edir. Qaraciyər funksiyalarının ağır pozğunluqları (Çayld-Pyu təsnifatına əsasən C sinfi) qeyd olunan pasiyentlərdə tadalafilin istifadəsinin təhlükəsizliyinə dair məhdud klinik məlumatlar mövcuddur. Dərman preparatı həmin pasiyentlərdə istifadə edildiyi halda, fayda/risk nisbətinin hərtərəfli fərdi qiymətləndirilməsi həyata keçirilməlidir. Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə tadalafilin 10 mq-dan yüksək dozalarda istifadəsi barədə heç bir məlumat yoxdur. Qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə ED-nin və PVXH-nin müalicəsi üçün tadalafilin gündəlik istifadəsinin effektivliyi və təhlükəsizliyi qiymətləndirilməmişdir və bu səbəbdən, dərman preparatının gündəlik istifadəsi zamanı göstərilən pasiyentlərdə fayda/risk nisbətinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır.
Şəkərli diabetdən əziyyət çəkən pasiyentlər
Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə dərman preparatının dozasının korreksiyası tələb olunmur.
Uşaqlar
Preparatın 18 yaşa qədər uşaqlarda istifadəsi tövsiyə olunmur.
Əlavə təsirləri
Erektil disfunksiyanın müalicəsi zamanı ən tez-tez bildirilən arzuolunmaz effektlər baş ağrısı, dispepsiya, bel ağrısı və miyalgiya olmuşdur; bunların tezliyi tadalafil dozasının artırılması ilə yüksəlmişdir. Əlavə təsirlər qısamüddətli olub, yüngüldən orta dərəcəyə qədər olmuşdur. Tadalafilin gündəlik qəbulu zamanı baş ağrısı hallarının əksəriyyəti müalicənin başlanmasından sonrakı ilk 10–30 sutka ərzində müşahidə edilmişdir.
Əlavə təsirlərin tezliyinin qiymətləndirilməsi üçün aşağıdakı təsnifat istifadə olunur: çox tez-tez (≥1/10), tez-tez (≥1/100-dən <1/10-a qədər), bəzən (≥1/1000-dən <1/100-ə qədər), nadir (≥1/10000-dən <1/1000-ə qədər), çox nadir (<1/10000), tezliyi məlum deyil (mövcud məlumatlara əsasən qiymətləndirmək mümkün deyil).
İmmun sistemə: bəzən – hiperhəssaslıq reaksiyaları; nadir – angionevrotik ödem.
Sinir sisteminə: tez-tez – baş ağrısı; bəzən – başgicəllənmə; nadir – beyin qan dövranı pozğunluğu (o cümlədən hemorragik hadisələr) və tranzitor işemik hücumlar, huşun itməsi, miqren, qıcolmalar, tranzitor amneziya.
Görmə orqanlarına: bəzən – görmənin bulanması, gözlərdə ağrı hissi; nadir – görmə sahəsinin defekti, göz qapaqlarının ödemi, konyunktivanın hiperemiyası, qeyri-arteriit ön işemik optik neyropatiya (QAÖİON), tor qişa venalarının okklyuziyası; tezliyi məlum deyil – mərkəzi seroz xorioretinopatiya.
Eşitmə orqanlarına və labirintə: bəzən – qulaqlarda küy; nadir – qəfil eşitmə itkisi.
Ürək-damar sisteminə: tez-tez – qızarma (flaşlar); bəzən – arterial hipotenziya, arterial hipertenziya, taxikardiya, ürək döyüntüsü; nadir – miokard infarktı, qeyri-stabil stenokardiya, mədəcik aritmiyası.
Tənəffüs sisteminə, döş qəfəsi və mediastinum orqanlarına: tez-tez – burun tutulması; bəzən – təngnəfəslik, burun qanaxması.
Mədə-bağırsaq traktına: tez-tez – dispepsiya; bəzən – qarın ağrısı, ürəkbulanma, qusma, qastroezofageal reflüks.
Dəri və dərialtı toxumaya: bəzən – səpgilər; nadir – ürtiker, Stivens-Conson sindromu, eksfoliativ dermatit, hiperhidroz (həddindən artıq tərləmə).
Böyrəklərə və sidik-ifrazat yollarına: bəzən – hematuriya.
Skelet-əzələ və birləşdirici toxumaya: tez-tez – bel və ətraflarda ağrı, miyalgiya.
Reproduktiv sistemə və süd vəzilərinə: bəzən – uzanmış ereksiya; nadir – priapizm, penisdən qanaxma, hematospermiya.
Ümumi pozğunluqlar: bəzən – döş qəfəsində ağrı, periferik ödemlər, yorğunluğun artması; nadir – üz ödemi, qəfil ürək ölümü.
Ayrı-ayrı əlavə təsirlər. Sutkada 1 dəfə tadalafil qəbul edən pasiyentlərdə plasebo qəbul edən pasiyentlərlə müqayisədə EKQ-də dəyişikliklərin, ən çox sinus bradikardiyasının bir qədər yüksək tezliyi barədə məlumat verilmişdir. EKQ-dəki dəyişikliklərin əksəriyyəti əlavə təsirlərin klinik təzahürləri ilə əlaqəli olmamışdır.
Doza həddinin aşılması
Simptomları. Sağlam könüllülərdə tadalafilin 500 mq-a qədər tək dozası və pasiyentlərdə sutkada 100 mq-a qədər təkrar qəbulu zamanı əlavə təsirlər aşağı dozalarda müşahidə olunanlarla eyni olmuşdur.
Müalicəsi. Doza həddinin aşılması zamanı simptomatik və dəstəkləyici terapiya aparılmalıdır. Hemodializin tadalafilin xaric olunmasına təsiri cüzidir.
Buraxılış forması
Örtüklü tabletlər 5 mq: №14 (1×14), №28 (2×14) blisterdə, karton qutu qablaşmada.
Örtüklü tabletlər 10 mq: №2 (1×2), №4 (2×2) blisterdə, karton qutu qablaşmada.
Örtüklü tabletlər 20 mq: №2 (1×2), №4 (2×2), №8 blisterdə, karton qutu qablaşmada.
İçlik vərəqə ilə birlikdə.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
«World Medicine İlaç San. ve Tic. A.Ş.», Türkiyə.
15 Temmuz Mahallesi, Cami Yolu Caddesi No:50, Güneşli, Bağcılar / İstanbul, Türkiyə.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.


Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.