Aripegis 10 mq N28 tablet
| Təsiredici maddə | ARIPIPRAZOLE |
|---|---|
| Resept | Reseptlə satılır |
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Psixoleptiklər, digər antipsixotik preparatlar |
| İstehsal ölkəsi | Macarıstan |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
37,13 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
ARİPEGİS® 10 mq; 15 mq; 30 mq tabletlər
ARIPEGIS
Beynəlxalq patentləşdirilməmiş adı: Aripiprazole
Tərkibi
Aripegis® 10 mq
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq aripiprazol vardır.
Köməkçi maddələr: prejelatinləşdirilmiş qarğıdalı nişastası, mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, maqnezium stearat.
Aripegis® 15 mq
Təsiredici maddə: 1 tabletin tərkibində 15 mq aripiprazol vardır.
Köməkçi maddələr: prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, maqnezium stearat.
Aripegis® 30 mq
Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq aripiprazol vardır.
Köməkçi maddələr: prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, maqnezium stearat.
Təsviri
Aripegis® 10 mq
Dairəvi, hər iki tərəfi qabarıq, qoxusuz və ya demək olar ki, qoxusuz, bir tərəfində «E» nişanı və «562» kodu olan, ağ və ya demək olar ki, ağ rəngli tabletlərdir.
Aripegis® 15 mq
Dairəvi, yastı, qoxusuz və ya demək olar ki, qoxusuz, bir tərəfində «E» nişanı və «563» kodu olan, ağ və ya demək olar ki, ağ rəngli tabletlər.
Aripegis® 30 mq
Dairəvi, hər iki tərəfi qabarıq, qoxusuz və ya demək olar ki, qoxusuz, bir tərəfində «E» nişanı və «564» kodu olan, ağ və ya demək olar ki, ağ rəngli tabletlər.
Farmakoterapevtik qrupu
Psixoleptiklər, digər antipsixotik preparatlar.
ATC kodu: N05AX12.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Təsir mexanizmi
Aripiprazolun şizofreniya və I tip bipolyar pozğunluq zamanı təsirinin dofamin D2 və serotonin 5HT1a reseptorlarına qarşı qismən aqonistliyi və serotonin 5HT2a reseptorlarına qarşı antaqonist təsirinin kombinasiyasından ibarət olduğu ehtimal olunur.
Heyvanlar üzərində aparılan tədqiqatlarda aripiprazol dofaminergik hiperaktivliyi zamanı antaqonist, dofaminergik hipoaktivliyi zamanı isə aqonist təsir göstərir. Aripiprazol in vitro tədqiqatlar zamanı dofamin D2 və D3, serotonin 5HT1a və 5HT2a reseptorlarına qarşı yüksək affinlik, dofamin D4, serotonin 5HT2c və 5HT7, alfa-1 adrenergik və histamin H1 reseptorlarına qarşı isə orta affinlik nümayiş etdirmişdir. Aripiprazol, həmçinin, serotoninin geriyə tutulma sahəsi reseptorlarına qarşı orta affinlik nümayiş etdirir, muskarin reseptorlarına qarşı affinliyi isə əhəmiyyətli deyildir.
Dofamin və serotonindən başqa digər reseptorlarla qarşılıqlı təsiri aripiprazolun digər klinik effektlərini izah edə bilər.
İstifadəsinə göstərişlər
– Aripegis® 15 yaş və 15 yaşından yuxarı yeniyetmələrdə və böyüklərdə şizofreniyanın müalicəsi üçün təyin edilir.
– Aripegis® I tip bipolyar pozğunluqları olan pasiyentlərdə orta və ağır dərəcəli maniakal epizodların müalicəsində və əvvəlcədən maniakal epizodlar müşahidə olunan və aripiprazol ilə aparılmış müalicəyə cavab vermiş pasiyentlərdə yeni epizodların qarşısını almaq üçün təyin edilir.
– Aripegis® 13 yaş və 13 yaşından yuxarı I tip bipolyar pozğunluqları olan yeniyetmə pasiyentlərdə orta və ağır dərəcəli maniakal epizodların müalicəsi üçün göstərişdir. Müalicənin müddəti 12 həftədən çox olmamalıdır.
Əks göstərişlər
Təsiredici maddəyə və ya preparatın tərkibində olan («Tərkibi» bölməsinə baxın) hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Antipsixotik müalicə zamanı pasiyentin vəziyyətinin yaxşılaşması bir neçə gündən bir neçə həftəyə qədər çəkə bilər. Bu müddət ərzində pasiyentlər diqqətli nəzarət altında olmalıdır.
Suisidal davranış
Suisidal davranış və əhval-ruhiyyə pozğunluqları psixi xəstəliklər üçün xarakterik hallardır və bəzi pasiyentlərdə belə hallar təyinata başlayanda və ya dayandırdıqdan dərhal sonra, aripiprazol ilə aparılmış terapiya daxil olmaqla qeydə alınmışdır («Əlavə təsirlər» bölməsinə baxın). Yüksək risk qrupuna daxil olan pasiyentlərə antipsixotik müalicə dövründə yaxından nəzarət edilməlidir.
Epidemioloji tədqiqatların nəticələri göstərir ki, şizofreniya və bipolyar pozğunluqları olan pasiyentlərdə aripiprazolla müalicə zamanı, digər antipsixotik preparatlarla müqayisədə, intihara meyl hallarında artım müşahidə edilməmişdir. Yeniyetmələrdə (18 yaşından aşağı) bu riski qiymətləndirmək üçün kifayət qədər pediatrik məlumatlar mövcud deyil, lakin aripiprazol daxil olmaqla, atipik antipsixotik vasitələr üçün ilk 4 həftəlik müalicədən sonra intihara cəhd riskinin mövcudluğu barədə məlumatlar vardır.
Ürək-damar xəstəlikləri
Mövcud ürək-damar pozğunluqları (anamnezdə miokard infarktı və ya ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, keçiricilik pozğunluqları), serebrovaskulyar pozğunluqları olan pasiyentlərdə, hipotoniyaya (dehidratasiya, hipovolemiya və antihipertonik preparatlarla müalicə) və ya hipertoniyaya (sürətli və bədxassəli hipertoniya daxil olmaqla) səbəb ola biləcək vəziyyətlərdə aripiprazol ehtiyatla istifadə edilməlidir.
Antipsixotik preparatlarla müalicə zamanı venoz trombemboliya (VTE) halları qeydə alınmışdır. Antipsixotik müalicə alan pasiyentlər çox vaxt VTE üçün risk qrupuna daxil olduğundan, müalicədən əvvəl və aripiprazol ilə müalicə dövründə bütün mümkün olan VTE risk faktorları təyin edilməli və qarşısını almaq üçün tədbirlər görülməlidir.
Ürək keçiriciliyinin pozğunluğu
Klinik tədqiqatlar zamanı, aripiprazol müalicəsi alan pasiyentlərdə plasebo ilə müqayisə olunan QT intervalının uzanması qeydə alınmışdır. Digər antipsixotiklərlə olduğu kimi, aripiprazol ailə anamnezində QT intervalının uzanması olan pasiyentlərə ehtiyatla təyin edilməlidir.
Gecikmiş diskineziya
1 il və daha az müddətli klinik sınaqlar zamanı bəzi hallarda aripiprazolla müalicə ilə bağlı diskineziya halları qeydə alınmışdır. Aripiprazol ilə müalicə olunan pasiyentlərdə gecikmiş diskineziyanın əlamət və simptomları meydana çıxdıqda, doza azaldılmalı və ya müalicə tamamilə dayandırılmalıdır.
Müalicə dayandırıldıqdan sonra bu simptomlar müvəqqəti olaraq pisləşə bilər və hətta ilk dəfə baş verə bilər.
Digər ekstrapiramidal simptomlar
Aripiprazolun istifadəsi ilə pediatrik klinik araşdırmalarda akatiziya və parkinsonizm müşahidə edilmişdir. Aripiprazol qəbul edən bir pasiyentdə digər ekstrapiramidal əlamətlər və simptomlar yarandıqda, dozanın azaldılmasına və pasiyentin ciddi şəkildə klinik nəzarətə alınmasına baxılmalıdır.
Bədxassəli neyroleptik sindrom (BNS)
BNS, antipsixotik dərman vasitələri ilə bağlı olan potensial həyat üçün təhlükəli simptomlar kompleksidir. Klinik tədqiqatlarda aripiprazol ilə müalicə zamanı BNS halları nadir qeydə alınmışdır. BNS-in klinik təzahürlərinə hiperpireksiya, əzələ gərginliyi, psixi vəziyyətin dəyişməsi və vegetativ sinir sisteminin pozğunluğu (qeyri-müntəzəm nəbz və ya qan təzyiqi, taxikardiya, həddindən çox tərləmə, ürək ritminin pozğunluğu) aiddir. Əlavə olaraq, kreatininfosfokinazanın səviyyəsinin yüksəlməsi, mioqlobinuriya (rabdomioliz) və kəskin böyrək çatışmazlığı baş verə bilər. Lakin, BNS-lə əlaqəli olmayan kreatininfosfokinazanın yüksəlməsi və rabdomioliz də, həmçinin, qeydə alınmışdır. Əgər pasiyentdə BNS simptomları varsa və ya digər əlamətlər olmadan səbəbsiz yüksək hərarət müşahidə olunursa, aripiprazol daxil olmaqla, bütün antipsixotik vasitələrin qəbulu dayandırılmalıdır.
Qıcolma tutmaları
Klinik sınaqlara əsasən aripiprazolla müalicə alan pasiyentlərdə nadir hallarda tutmaların baş verdiyi qeydə alınmışdır. Anamnezində tutmalar və ya tutmalara səbəb ola biləcək vəziyyətləri olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir.
Demensiyaya bağlı psixozu olan yaşlılar
Ölüm hallarının artması
Alzheymer xəstəliyi səbəbindən psixozu olan yaşlı pasiyentlərdə aripiprazolun istifadəsi ilə üç plasebo nəzarətli tədqiqatda (n=938; orta yaş: 82,4 il, yaş diapazonu: 56-99 yaş) plasebo ilə müqayisədə aripiprazol qəbul edən pasiyentlərdə ölüm riski artmışdır. Aripiprazol qrupunda ölüm halı plasebo qrupu (1,7%) ilə müqayisədə 3,5% təşkil etmişdir. Ölüm səbəbləri müxtəlif olsa da, ölümlərin əksəriyyəti ya infeksiya (məsələn, pnevmoniya) və ya ürək-damar xarakterli (məsələn, ürək çatışmazlığı, gözlənilməz ölüm) olmuşdur.
Serebrovaskulyar əlavə təsirlər
Eyni tədqiqat zamanı pasiyentlərdə ölüm halı da daxil olmaqla serebrovaskulyar əlavə reaksiyalar (insult, tranzitor serebral işemik insult) qeydə alınmışdır. Orta yaş 84, yaş həddi isə 78-88 təşkil etmişdir. Belə hallar aripiprazol müalicəsi alanların 1,3%-də, plasebo qəbul edənlərin isə 0,6%-də rast gəlinmişdir. Bu fərq statistik əhəmiyyətli deyildir. Buna baxmayaraq, bu tədqiqatlardan (sabit doza ilə aparılan) birində serebrovaskulyar əlavə reaksiyaların dozalanmadan əhəmiyyətli dərəcədə asılı olduğu müəyyən edilmişdir. Aripiprazol demensiya ilə bağlı psixozlarda təyin edilmir.
Hiperqlikemiya və şəkərli diabet
Aripiprazol daxil olmaqla, antipsixotik preparatlarla müalicə alan pasiyentlərdə hiperqlikemiya səbəbindən yaranmış şiddətli ketoasidoz, hiperosmotik koma və ya ölümlə nəticələnmə halları qeydə alınmışdır. Belə ciddi ağırlaşmalar üçün risk faktoru piylənmə, ailə anamnezində diabetin olmasıdır. Klinik tədqiqatlar zamanı aripiprazol qəbul edənlərdə hiperqlikemiya ilə bağlı əlavə təsirlər (diabet daxil olmaqla) və ya qlikemiyanın qeyri-normal laborator göstəriciləri plasebo ilə müqayisədə əhəmiyyətli dərəcədə fərqli olmamışdır. Aripiprazol və digər atipik antipsixotik preparatlarla müalicə qəbul edən pasiyentlərdə hiperqlikemiya ilə əlaqəli əlavə təsirlərin baş verməsini birbaşa müqayisə edən dəqiq qiymətləndirmə yoxdur. Aripiprazol daxil olmaqla istənilən antipsixotik preparatla müalicə alan pasiyentlər hiperqlikemiyanın əlamət və simptomlarına (polidipsiya, poliuriya, polifagiya və zəiflik kimi) görə müayinə edilməlidir və şəkərli diabeti olan və ya şəkərli diabet üçün risk faktoru olan pasiyentlər müntəzəm nəzarət edilməlidir.
Hiperhəssaslıq
Digər dərman vasitələri ilə olduğu kimi aripiprazola qarşı da allergiya kimi hiperhəssaslıq reaksiyaları baş verə bilər («Əlavə təsirlər» bölməsinə baxın).
Bədən kütləsinin artması
Antipsixotik vasitələrinin istifadəsi və hərəkətsiz həyat tərzi ilə əlaqədar kütlə artımı şizofreniya və bipolyar maniakal pozğunluqları olan pasiyentlərdə tez-tez rast gəlinən haldır. Bu ciddi ağırlaşmalara səbəb ola bilər. Postmarketinq dövründə aripiprazolu qəbul etmiş pasiyentlərdə bədən kütləsinin artması qeydə alınmışdır. Bu adətən, anamnezində diabet, qalxanvari vəzinin pozğunluğu və ya hipofiz adenoması kimi risk faktorları olan pasiyentlərdə rast gəlinmişdir. Tədqiqatlar zamanı aripiprazolun klinik əhəmiyyətli kütlə artımına səbəb olduğu müşahidə edilməmişdir.
Bipolyar maniyası olan yeniyetmələrdə aparılan klinik tədqiqatlarda aripiprazol ilə 4 həftəlik müalicədən sonra çəki artımı müşahidə edilmişdir. Bədən kütləsinin klinik cəhətdən əhəmiyyətli artması ilə dozanın azaldılması nəzərdən keçirilməlidir («Əlavə təsirlər» bölməsinə baxın).
Disfagiya
Qida borusunun hərəki fəaliyyətinin pozğunluğu və aspirasiya halları aripiprazol daxil olmaqla antipsixotiklərin qəbulu ilə əlaqədar baş verir. Aspirasion pnevmoniyası olan pasiyentlərdə aripiprazol və digər antipsixotik preparatlar ehtiyatla istifadə edilməlidir.
Qumar oyunlarına qarşı patoloji meyllilik
Əvvəllər anamnezdə qumar oyunlarına qarşı patoloji meyllilik qeyd olunmağından asılı olmayaraq, aripiprazol təyin olunmuş pasiyentlərdə, postmarketinq hesabatlarda qumar oyunlarına qarşı patoloji meyllilik haqqında məlumatlar verilmişdir. Əvvəllər anamnezdə qumar oyunlarına qarşı patoloji meyllilik qeyd olunan pasiyentlər yüksək riskə məruz qala bilərlər və onlar diqqətlə nəzarət olunmalıdırlar («Əlavə təsirlər» bölməsinə baxın).
I tip bipolyar pozğunluğu zamanı yanaşı diqqət çatışmazlığı sindromu və hiperaktivlik (DÇSH) pozğunluqları olan pasiyentlər
I tip bipolyar pozğunluğu və DÇSH xəstəliklərinin yanaşı sürməsi yüksək rast gəlmə tezliyinə baxmayaraq, aripiprazol və stimulyatorların birgə istifadəsi zamanı təhlükəsizlik üzrə çox məhdud məlumatlar mövcuddur. Bu səbəbdən bu dərman vasitələrinin birgə tətbiqi zamanı xüsusi ehtiyatlı olmaq lazımdır.
Uyuşmazlığı
Məlumat yoxdur.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Aripiprazolun α1-adrenergik reseptorlara qarşı antaqonistliyi səbəbindən bəzi antihipertenziv vasitələrin təsirini artıra bilər.
Aripiprazolun MSS-ə təsirini nəzərə alaraq, sedativ əlavə təsirləri törədən alkoqol və digər dərman vasitələri ilə birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır («Əlavə təsirlər» bölməsinə baxın).
Aripiprazol QT intervalını uzadan və ya elektrolit disbalansını yaradan preparatlarla birgə ehtiyatla təyin edilməlidir.
Digər dərman vasitələrinin aripiprazola təsiri
Mədə turşusu blokatorları və H2 antaqonisti olan famotidin aripiprazolun sorulmasını azaldır. Lakin, bu effekt klinik əhəmiyyətli hesab edilmir.
Aripiprazolun metabolizmində CYP2D6 və CYP3A4 izofermentlərini daxil edən bir neçə biotransformasiya yolları iştirak edir, bu prosesdə CYP1A iştirak etmir. Bu səbəbdən, siqaret çəkənlərdə dozanın tənzimlənməsi tələb olunmur.
Xinidin və CYP2D6 izofermentinin digər inhibitorları
Sağlam şəxslərdə klinik tədqiqatlar zamanı, CYP2D6-ın güclü inhibitoru (xinidin) Cmax-ı dəyişmədən, aripiprazolun AUC göstəricisinin 107% artmasına səbəb olmuşdur. Aktiv metabolit olan dehidroaripiprazolun Cmax və AUC göstəriciləri, müvafiq olaraq, 32% və 47% olmaqla azalmışdır. Aripiprazolun xinidinlə birlikdə istifadəsi zamanı, aripiprazolun dozası təqribən yarıya qədər azaldılmalıdır. Fluoksetin və paroksetin kimi CYP2D6-ın digər güclü inhibitorlarının da eyni effekt göstərəcəyi ehtimal olunur, bunun üçün eyni doza azaldılması bu preparatlarla da aparılmalıdır.
Ketokonazol və CYP3A4 izofermentinin digər inhibitorları
Sağlam şəxslərdə aparılan klinik tədqiqatlar zamanı, CYP3A4-ün güclü blokatoru (ketokonazol) aripiprazolun Cmax və AUC göstəricilərini, müvafiq olaraq, 63% və 37% artırmışdır. Dehidroaripiprazolun Cmax və AUC göstəriciləri isə, müvafiq olaraq, 77% və 43% artmışdır. CYP2D6-ın zəif metabolik aktivliyi zamanı CYP3A4-ün güclü inhibitorları ilə birgə istifadəsi, CYP2D6-ın güclü funksiyasına nisbətən aripiprazolun plazma konsentrasiyasının daha çox yüksəlməsinə səbəb ola bilər. Bu səbəbdən ketokonazol və digər CYP3A4 inhibitorları aripiprazol ilə birlikdə təyin edildikdə potensial risk və potensial fayda qiymətləndirilməlidir. Ketokonazol aripiprazolla birlikdə təyin edildikdə axırıncının dozası yarıya qədər azaldılmalıdır. İtrakonazol və İİV proteaza inhibitorları kimi, CYP3A4-ün digər güclü inhibitorları da eyni təsir göstərə bilər, bu səbəbdən dozanın azaldılması eyni qaydada bu preparatlarla da aparılır.
CYP2D6 və ya 3A4 inhibitorlarının qəbulu dayandırıldıqda, Aripegis® preparatının dozası kombinəolunmuş müalicədən əvvəlki səviyyəyə qədər artırılmalıdır.
CYP3A4 (məsələn, diltiazem və ya essitalopram) və ya CYP2D6-ın zəif inhibitorları aripiprazol ilə birlikdə istifadə edildikdə aripiprazolun konsentrasiyası az miqdarda arta bilər.
CYP3A4-ın induktoru olan karbamazepin aripiprazolla birgə istifadə edildikdə Cmax və AUC göstəriciləri, aripiprazolun tək qəbuluna (30 mq) nisbətən, müvafiq olaraq, 68% və 73% azalır. Eyni qaydada karbamazepinin dehidroaripiprazolla eyni zaman istifadə edildikdə, dehidroaripiprazol üçün, bu göstəricilər müvafiq olaraq, 69% və 71% azalır.
Bu səbəbdən, preparat karbamazepinlə birlikdə təyin edildikdə aripiprazolun dozası 2 dəfə artırılmalıdır. CYP3A4-ün digər güclü induktorları (rifampisin, rifabutin, fenitoin, fenobarbital, primidon, efavirenz, nevirapin və St. John’s wort) eyni effekt törədə bilər, bu səbəbdən eyni qaydada doza artırılmalıdır. CYP3A4 induktorlarının qəbulu dayandırıldıqdan sonra aripiprazolun dozası əvvəlki dozaya qədər azaldılmalıdır.
Valproat və litium
Valproat və ya litiumla birlikdə təyini aripiprazolun konsentrasiyasında klinik əhəmiyyətli dəyişiklik yaratmamışdır.
Serotonin sindromu
Aripiprazol qəbul edən pasiyentlərdə serotonin sindromu haqqında məlumat verilmişdir və bu vəziyyət üçün mümkün olan əlamət və simptomlar, xüsusilə serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SGTSİ) və serotonin və noradrenalinin geriyə tutulmasının inhibitorları SNGTİ kimi digər serotonergik dərman vasitələri və ya aripiprazol konsentrasiyasını artıra bilən dərman vasitələri ilə birgə istifadəsi zamanı yaranmışdır («Əlavə təsirlər» bölməsinə baxın).
Aripiprazolun digər preparatlara təsiri
Klinik tədqiqatlar zamanı, 10-30 mq/gün dozada aripiprazol təyini CYP2D6 (dekstrometorfan/3-metoksimorfinan nisbəti), 2C9 (varfarin), 2C19 (omeprazol) və 3A4 (dekstrometorfan) izofermentləri vasitəsilə metabolizmə uğrayan substratlara əhəmiyyətli effekt göstərməmişdir. Əlavə olaraq, in vitro tədqiqatlarda aripiprazol və dehidroaripiprazol CYP1A2 ilə əlaqəli metabolizmə dəyişdirici təsir etmir. Beləliklə, bu izofermentlə metabolizmə uğrayan dərman vasitələri ilə klinik əhəmiyyətli qarşılıqlı təsiri ehtimal edilmir.
Aripiprazol valproat, litium və ya lamotricinlə birgə təyin edildikdə, valproat, litium və lamotricinin konsentrasiyasında klinik əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Hamilə qadınlarda aripiprazol ilə adekvat və nəzarət olunan klinik tədqiqatlar aparılmamışdır. Anadangəlmə anomaliyalar qeydə alınsa da, bunun aripiprazol qəbulu səbəbindən olduğu müəyyən deyil. Heyvanlar üzərində aparılmış tədqiqatlar bətndaxili inkişafa toksik təsirini istisna etmir.
Pasiyentlər hamilə qalmaqları barədə və ya aripiprazolla müalicə dövründə hamilə qalmaq niyyətindədirlərsə, həkimə bildirməlidirlər. Hər halda, insanlar üçün təhlükəsizliyi haqda məlumat məhdud olduğundan və heyvanlarla aparılan tədqiqatların nəticələri narahatlıq yaratdığından aripiprazol, yalnız, hamilələrə göstərdiyi effekt, döl üçün yaratdığı riskdən daha üstün olduğu hallarda istifadə edilə bilər.
Hamiləliyin 3-cü trimestri ərzində antipsixotik preparatların (o cümlədən, aripiprazol) təsirinə məruz qalmış körpələr doğuşdan sonra, ağırlığına və davam etmə müddətinə görə müxtəlif olan ekstrapiramidal və/və ya ləğvetmə simptomları kimi əlavə təsirlərə məruz qala bilərlər. Qeydə alınmışdır ki, belə körpələrdə oyanıqlıq, hipertoniya, hipotoniya, tremor, yuxululuq, respirator distress, qidalanma pozğunluğu halları baş verir. Bu səbəbdən, belə körpələr diqqətli nəzarət altında saxlanılmalıdır.
Laktasiya
Aripiprazol ana südü ilə xaric olunur. Pasiyentlərə aripiprazol qəbulu zamanı uşaqlarını ana südü ilə qidalandırmamaq məsləhət görülməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Digər antipsixotik dərmanlarla olduğu kimi pasiyentlər, aripiprazolun onlarda əlavə təsirlər yaratmadığına əmin olmayana qədər nəqliyyat və digər təhlükəli mexanizmləri idarə etməmələri haqqında xəbərdar edilməlidirlər («Əlavə təsirlər» bölməsinə baxın).
Bipolyar tip I pozğunluğu olan uşaqlar və yeniyetmələrdə yuxululuq və yorğunluğun baş vermə tezliyi artır («Əlavə təsirlər» bölməsinə baxın).
İstifadə qaydası və dozası
Dozalanma rejimi
Böyüklər — Şizofreniya
Məsləhət görülən başlanğıc doza 10 və ya 15 mq/gün, sonradan 15 mq/gün dəstəkləyici doza gündə 1 dəfə, qidadan asılı olmayaraq təyin edilir.
Aripegis® preparatı 10-30 mq/gün doza həddində effektivdir. Gündəlik 15 mq-dan yüksək dozalarda effektivliyinin yüksəldiyi sübut edilməsə də, bəzi pasiyentlərdə yüksək dozada effektiv ola bilər. Maksimal sutkalıq doza 30 mq-dan yüksək olmamalıdır.
I tip bipolyar pozğunluq zamanı maniakal epizodlar
Monoterapiya və ya kompleks müalicə zamanı sutkalıq doza qida qəbulundan asılı olmayaraq 15 mq-dır. Bəzi pasiyentlər üçün yüksək doza effektiv ola bilər. Maksimal sutkalıq doza 30 mq-dan yüksək olmamalıdır.
I tip bipolyar pozğunluqlarda maniakal epizodların residivlərinin qarşısını alınması
Maniakal epizodun monoterapiya və ya kompleks müalicəsi üçün aripiprazol qəbul etmiş pasiyentlərdə, residivlərin qarşısını almaq üçün müalicə eyni dozada davam etdirilir. Gündəlik dozanın tənzimlənməsi və ya azaldılması klinik göstəricilərə əsasən aparılır.
Uşaqlar və yeniyetmələr
15 yaş və 15 yaşından yuxarı yeniyetmələrdə şizofreniya
Aripegis® preparatı üçün məsləhət görülən doza 10 mq/gün, sutkada 1 dəfə, qida qəbulundan asılı olmayaraq təyin edilir. Müalicə 2 gün, gündə 2 mq (tablet ilə bu mümkün olmadığı üçün aripiprazolun peroral məhlul forması istifadə edilməlidir), sonrakı 2 gün, gündə 5 mq-la başlayıb, gündə 10 mq olmaqla davam etdirilməlidir. Lazım olduqda, sonrakı doza artımı 5 mq olmaqla, sutkalıq doza 30 mq-dan artıq olmamaq şərtilə aparıla bilər.
Aripegis® preparatı 10-30 mq/gün doza həddində effektivdir. Gündəlik 10 mq-dan yüksək dozalarda yeniyetmələrdə effektivliyinin yüksəldiyi sübut edilməsə də, bəzi pasiyentlərdə yüksək dozada effektiv ola bilər.
Aripegis® preparatının 15 yaşından kiçik uşaqlarda istifadəsi, effektivliyi və təhlükəsizliyi haqqında məlumatlar məhdud olduğu üçün, məsləhət görülmür.
13 yaş və 13 yaşından yuxarı yeniyetmələrdə I tip bipolyar pozğunluqlar zamanı maniakal epizodlar
Aripegis® preparatının tövsiyə olunan dozası gündə bir dəfə qida qəbulundan asılı olmayaraq 10 mq təşkil edir. Müalicəyə 2 gün ərzində 2 mq doza ilə başlanmalıdır (tablet ilə bu mümkün olmadığı üçün aripiprazolun peroral məhlul forması istifadə edilməlidir), tövsiyə olunan 10 mq gündəlik dozaya çatmaq üçün 2 əlavə gün ərzində 5 mq qədər titrlənir.
Müalicə müddəti simptomların idarə olunması üçün lazım olan minimumda olmalıdır və 12 həftədən artıq olmamalıdır. Gündəlik 10 mq dozadan daha yüksək dozalarda qəbulu effektivliyinin artmasını nümayiş etdirməmişdir və gündəlik 30 mq doza qəbulu əhəmiyyətli dərəcədə ekstrapiramidal pozğunluqlar ilə əlaqəli hallar daxil olmaqla, yuxusuzluq, halsızlıq və bədən kütləsinin artması kimi əlavə təsirlərin yüksək yaranma tezliyi ilə əlaqəlindirilmişdir. Bu səbəbdən 10 mq-dan yuxarı olan gündəlik dozalar istisna hallarda və diqqətli klinik nəzarət altında istifadə edilməlidir. Yeniyetmələrdə aripiprazol ilə əlaqəli əlavə təsirlərin baş vermə riski yüksəlir. Bu səbəbdən Aripegis® preparatı 13 yaşından aşağı pasiyentlərdə istifadə üçün tövsiyə olunmur.
Autizmlə əlaqəli əsəbilik
Aripegis® preparatının 18 yaşından kiçik uşaqlarda və yeniyetmələrdə effektivliyi və təhlükəsizliyi hələ ki, öyrənilməmişdir. Dozalanma üzrə tövsiyələr yoxdur.
Turett xəstəliyi ilə əlaqəli tiklər
6-18 yaş arası uşaqlar və yeniyetmələrdə aripiprazolun təhlükəsizliyi və effektivliyi hələ müəyyənləşdirilməmişdir. Dozalanma üzrə tövsiyələr yoxdur.
Xüsusi qrup pasiyentlər
Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər
Yüngül və orta dərəcəli qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur. Ciddi qaraciyər çatışmazlığı olan pasiyentlərə təsiri haqda məlumatlar məhduddur. Belə pasiyentlərdə dozalanma ehtiyatla aparılmalıdır və 30 mq/gün maksimal sutkalıq doza çox ehtiyatla təyin edilməlidir.
Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər
Böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur.
Yaşlılar
65 və 65-dən yuxarı yaşlı, şizofreniya və I tip bipolyar pozğunluğu olan pasiyentlərdə aripiprazolun effektivliyi müəyyən edilməmişdir. Bu qrup əhalinin yüksək həssaslığını nəzərə alaraq və klinik faktorlar əsas verirsə, aşağı başlanğıc doza təyin edilməlidir.
Cins
Qadınlarda və kişilərdə cinsdən asılı olaraq dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Siqaret çəkənlər
Aripiprazolun metabolizm yollarına əsasən, siqaret çəkənlərdə doza uyğunlaşdırmasına ehtiyac yoxdur.
Qarşılıqlı təsirlərlə əlaqədar dozalanma rejimi
Aripiprazol CYP3A4 və ya CYP2D6 güclü inhibitorları ilə birlikdə təyin edildikdə dozası azaldılmalıdır. CYP3A4 və ya CYP2D6 inhibitorlarının qəbulu dayandırıldıqdan sonra isə aripiprazolun dozası artırılmalıdır.
Aripiprazol CYP3A4 induktorları ilə birgə təyin edildikdə, dozası artırılmalıdır. CYP3A4 induktorlarının qəbulu dayandırıldıqdan sonra isə aripiprazolun dozası lazım olan dozaya qədər aşağı salınmalıdır.
İstifadə qaydası
Aripegis® preparatı qida qəbulundan asılı olmayaraq peroral qəbul olunur.
Əlavə təsirləri
Təhlükəsizlik profili üzrə ümumi məlumatlar
Plasebo-nəzarətli tədqiqatlarda ən çox rast gəlinən əlavə təsirlər akatiziya və ürəkbulanma olmuşdur. Bu təsirlərdən hər ikisi aripiprazolun peroral formalarını qəbul edən pasiyentlərin 3%-dən çoxunda rast gəlmişdir.
Preparatla aşağıdakı reaksiyalar plasebo ilə müqayisədə daha tez-tez müşahidə edilmişdir (≥ 1/100) və ya tibbi nöqteyi-nəzərdən mümkün vacib əlavə təsirlər kimi müəyyən edilmişdir(*):
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).
Psixi pozğunluqlar
Tez-tez: narahatlıq, yuxusuzluq, həyəcan.
Bəzən: depressiya*.
Sinir sisteminin pozğunluqları
Tez-tez: ümumi ekstrapiramidal pozğunluq, akatiziya, tremor, başgicəllənmə, yuxululuq, sedativ təsir, baş ağrısı.
Görmə pozğunluqları
Tez-tez: bulanıq görmə.
Bəzən: diplopiya.
Ürək pozğunluqları
Bəzən: taxikardiya.
Damar pozğunluqları
Bəzən: ortostatik hipotenziya*.
Mədə-bağırsaq traktının pozğunluqları
Tez-tez: dispepsiya, qusma, ürəkbulanma, qəbizlik, tüpürcəyin hipersekresiyası.
Ümumi pozğunluqlar və istifadə nahiyəsindəki vəziyyətlər
Tez-tez: yorğunluq.
Seçilmiş əlavə təsirlərin təsviri
Ekstrapiramidal simptomlar (EPS) — Şizofreniya
52 həftə davam edən uzunmüddətli nəzarət olunan tədqiqatlar zamanı aripiprazol ilə müalicə alan pasiyentlərdə parkinsonizm, akatiziya, distoniya və diskineziya daxil olmaqla EPS-ın baş verməsi (25,8%), haloperidol müalicəsi alanlarla müqayisədə (57,3%) daha aşağı olmuşdur. Plasebo-nəzarətli tədqiqatda EPS-ın baş verməsi aripiprazol müalicəsi alanlarda 19%, plasebo qəbul edənlərdə 13,1% olmuşdur. 26 həftə davam edən uzunmüddətli, nəzarət olunan digər tədqiqatda EPS-in baş verməsi aripiprazolla müalicə olanlarda 14,8%, olanzapin müalicəsi alanlarda isə 15,1% olmuşdur.
I tip bipolyar pozğunluqlar zamanı maniakal epizodlar
12 həftə davam edən nəzarət olunan tədqiqatda EPS-ın baş verməsi aripiprazol müalicəsi alanlarda 23,5%, haloperidol müalicəsi alanlarda isə 53,3% olmuşdur. Digər 12 həftəlik tədqiqatda EPS-ın baş verməsi aripiprazol müalicəsi alanlarda 26,6%, litium müalicəsi alanlarda isə 17,6% olmuşdur. Plasebo-nəzarətli tədqiqatın 26 həftəlik dəstəkləyici fazasında EPS-ın baş verməsi aripiprazol müalicəsi alanlarda 18,2%, plasebo qrupunda isə 15,7% olmuşdur.
Akatiziya
Plasebo-nəzarətli tədqiqatlar zamanı, bipolyar pasiyentlərdə akatiziyanın baş verməsi aripiprazol qrupu üçün 12,1% və plasebo qrupu üçün 3,2% olmuşdur. Şizofreniya xəstələrində isə akatiziyanın baş verməsi aripiprazol qrupu üçün 6,2% və plasebo qrupu üçün 3,0% olmuşdur.
Distoniya
Klass effekti: distoniya simptomları, əzələ qruplarının uzun sürən, qeyri-normal dartılmaları bəzi həssas pasiyentlərdə müalicənin ilk bir neçə günündə baş verə bilər. Distonik simptomlara daxildir: boyun əzələlərinin spazmı, bəzən boğazda sıxılmaya qədər inkişaf edə bilər, udma çətinliyi, tənəffüs çətinliyi və/və ya dilin çıxması. Belə hallar aşağı dozada baş verə bilərsə, birinci nəsil antipsixotik preparatların yüksək dozalarında daha tez-tez və daha ağır şəkildə baş verir. Kəskin distoniyanın baş verməsi riski kişilərdə və yeniyetmə qrupunda daha çoxdur.
Laborator göstəricilər
Aripiprazol və plasebo qrupunda rutin laborator göstəricilərdə və lipid parametrlərində klinik əhəmiyyətli fərqlər müşahidə edilməmişdir. Kreatininfosfokinazanın yüksəlməsi, əsasən, keçib gedən və asimptomatik olaraq, aripiprazol qrupunda 3,5%, plasebo qrupunda isə 2,0% hallarda baş vermişdir.
Digər əlavə təsirlər
Antipsixotik terapiya ilə bağlı olan və aripiprazolla müalicə müddətində rast gəlinən təsirlərə bədxassəli neyroleptik sindrom, gecikmiş diskineziya, qıcolma, serebrovaskulyar əlavə təsirlər, demensiyalı yaşlı pasiyentlərdə ölüm hallarının artması, hiperqlikemiya və şəkərli diabet aiddir («Xüsusi göstərişlər və ehtiyat tədbirləri» bölməsinə baxın).
Uşaqlar və yeniyetmələr
Şizofreniyalı 15 yaş və 15 yaşından yuxarı yeniyetmələr
Şizofreniyalı 302 yeniyetmənin cəlb olunduğu (13-17 yaş) qısamüddətli, plasebo-nəzarətli tədqiqatda aşağıda göstərilən arzuolunmaz effektlər istisna olmaqla, digərlərinin növü və baş vermə tezliyi böyüklərlə oxşar olmuşdur. Yuxululuq/sedasiya və ekstrapiramidal pozğunluq (çox tez-tez ≥ 1/10), ağızda quruluq, iştahanın artması və ortostatik hipotoniya (tez-tez ≥ 1/100-dən < 1/10-a) aripiprazol qəbul edən yeniyetmələrdə böyüklərə nisbətən (həmçinin, plasebo qrupuna nisbətən) daha tez-tez rast gəlmişdir.
26 həftəlik, uzunmüddətli, açıq klinik tədqiqatda təhlükəsizlik profili, qısamüddətli, plasebo-nəzarətli tədqiqatda aparılan müşahidələrlə oxşar olmuşdur.
2 il müddətinə aripiprazol qəbul etmiş şizofreniyalı yeniyetmələrdə (13-17 yaş) qan zərdabında prolaktin səviyyəsinin azalması qadınlarda (< 3 nq/ml), kişilərdə (< 2 nq/ml) müvafiq olaraq, 29,5% və 48,3% təşkil etmişdir.
I tip bipolyar pozğunluqları olan 13 yaş və 13 yaşından yuxarı yeniyetmələrdə maniakal epizodlar
I tip bipolyar pozğunluğu olan yeniyetmələrdə əlavə təsirlərin tezliyi və növü aşağıdakılar istisna olmaqla böyüklərdə müşahidə olunanlara oxşar idi: çox tez-tez (≥ 1/10) yuxululuq (23,0%), ekstrapiramidal pozğunluqlar (18,4%), akatiziya (16,0%) və yorğunluq (11,8%); tez-tez (≥ 1/100 < 1/10) — qarnın yuxarı hissəsində ağrı, ürək yığılmalarının artması, bədən kütləsinin artması, iştahanın artması, əzələlərin dartılmaları və diskineziya.
Aşağıdakı əlavə təsirlər dozadan asılı ola bilər: ekstrapiramidal pozğunluqlar (baş vermə tezliyi 10 mq — 9,1%, 30 mq — 28,8%, plasebo — 1,7%); akatiziya (baş vermə tezliyi 10 mq — 12,1%, 30 mq — 20,3%, plasebo — 1,7%).
Bipolyar tip I pozğunluğu olan yeniyetmələrdə aripiprazol ilə müalicənin 12-ci və 30-cu həftələrində bədən çəkisindəki orta dəyişikliklər müvafiq olaraq 2,4 kq və 5,8 kq, plasebo üçün isə 0,2 kq və 2,3 kq olmuşdur.
Şizofreniyalı pasiyentlərə nisbətən bipolyar pozğunluğu olan pasiyentlərdə pediatrik populyasiyada yuxululuq və yorğunluq daha tez-tez müşahidə olunmuşdur.
Bipolyar pozğunluğu olan 10-17 yaş arası pediatrik pasiyentlərdə 30 həftə ərzində preparatın təsirinə məruz qalma nəticəsində, qadınlarda (< 3 nq/ml) və kişilərdə (< 2 nq/ml) plazmada aşağı prolaktin səviyyələrinin müşahidə olma tezliyi müvafiq olaraq 28% və 53,3% təşkil etmişdir.
Postmarketinq dövründə aparılan müşahidələr
Qeydiyyatdan sonrakı dövrdə aşağıdakı əlavə təsirlər bildirilmişdir. Bu əlavə təsirlərin baş vermə tezliyi məlum deyil.
Qan və limfa sisteminin pozğunluqları: Leykopeniya, neytropeniya, trombositopeniya.
İmmun sisteminin pozğunluqları: Allergik reaksiyalar (məsələn, anafilaktik reaksiya, angionevrotik ödem, şişmiş dil, dildə ödem, üzdə ödem, qaşınma və ya övrə daxil olmaqla).
Endokrin sisteminin pozğunluqları: Hiperqlikemiya, şəkərli diabet, diabetik ketoasidoz, diabetik hiperosmolyar koma.
Metabolizm və qidalanma pozğunluqları: Bədən kütləsinin artması, bədən kütləsinin azalması, anoreksiya, hiponatriemiya.
Psixi pozğunluqlar: Həyəcanlılıq, əsəbilik, qumar oyunlarına qarşı patoloji meyllik, intihara cəhd, suisidal fikirlər və suisid halları.
Sinir sisteminin pozğunluqları: Nitq pozuntusu, bədxassəli neyroleptik sindrom, böyük epileptik tutmalar, serotonin sindromu.
Ürək pozğunluqları: QT intervalın uzanması, mədəcik aritmiyası, qəfil izah olunmayan ölüm, ürək tutması, polimorf mədəcik aritmiyası (torsades de pointes), bradikardiya.
Damar pozğunluqları: Sinkope, arterial hipertenziya, venoz tromboemboliya (pulmonar arteriyanın emboliyası və dərin venaların trombozu daxil olmaqla).
Tənəffüs, döş qəfəsi və divararalığı orqanlarının pozğunluqları: Orofaringeal spazm, larinqospazm, aspirasion pnevmoniya.
Mədə-bağırsaq sisteminin pozğunluqları: Pankreatit, disfagiya, abdominal diskomfort, mədədə diskomfort, ishal.
Hepatobiliar pozğunluqlar: qaraciyər çatışmazlığı, hepatit, sarılıq, ALT, AST, QQT, qələvi fosfataza səviyyəsinin yüksəlməsi.
Dəri və dərialtı toxumalarının pozğunluqları: Səpgi, fotohəssaslıq reaksiyası, alopesiya, hiperhidroz.
Sümük-əzələ və birləşdirici toxumaların pozğunluqları: Rabdomioliz, mialgiya, hərəkətsizlik.
Böyrək və sidik yollarının pozğunluqları: Sidiyin saxlamama, sidik ifrazının pozğunluğu.
Hamiləliyin gedişinə, doğuşdan sonrakı və perinatal vəziyyətə təsiri: Yenidoğulmuşlarda preparatla əlaqəli ləğvetmə sindromu.
Reproduktiv sisteminin və süd vəzisinin pozğunluqları: Priapizm.
Ümumi pozğunluqlar: Termorequlyasiyanın pozulması (məsələn, hipotermiya, pireksiya), sinədə ağrı, periferik ödem.
Laborator və instrumental tədqiqatlar: Kreatininfosfokinazanın səviyyəsinin artması, qanda qlükozanın səviyyəsinin artması və dəyişməsi, qlikolizə olunmuş hemoqlobinin artması.
Şübhəli əlavə təsirlərin bildirilməsi
Dərman vasitəsinin qeydiyyatından sonrakı dövrdə şübhəli əlavə reaksiyalar barədə məlumat vermək vacibdir. Bu tədbirlər dərman vasitəsinin fayda-risk nisbətinə nəzarət etməyə imkan verir. Tibb işçilərindən pasiyentdə ciddi əlavə təsir və ya bu bölmədə qeyd edilməyən yeni əlavə təsir baş verdikdə, Milli Farmakonəzarət Sistemi vasitəsilə məlumat vermələri xahiş olunur.
Doza həddinin aşılması
Klinik tədqiqatlar və postmarketinq zamanı, böyüklərdə təsadüfi və ya məqsədli olaraq aripiprazol ilə (digər preparatların istifadəsi olmadan) doza həddinin aşılması halları qeyd olunmuşdur. Bu hallarda 1,260 mq-a qədər dozada ölüm halları müşahidə edilməmişdir.
Simptomları
Tormozlanma, qan təzyiqinin yüksəlməsi, yuxululuq, taxikardiya, ürəkbulanma, qusma və diareya kimi tibbi əhəmiyyətli simptom və əlamətlər müşahidə edilmişdir. Uşaqlarda təsadüfi yüksək dozalanma (195 mq-a qədər) halında ölüm müşahidə edilməmişdir. Uşaqlarda tibbi əhəmiyyətli simptom və əlamətlərə yuxululuq, şüurun müvəqqəti itməsi və ekstrapiramidal simptomlar daxildir.
Müalicəsi
Yüksək dozalanma zamanı dəstəkləyici və simptomatik müalicə, hava axınının yaxşılaşdırılması, oksigenasiya və ventilyasiya tələb olunur. Başqa preparatların da prosesə cəlb oluna biləcəyi nəzərə alınmalıdır. Bu səbəbdən dərhal kardiovaskulyar monitorinq aparılmalı, mümkün aritmiyaları qeydə almaq üçün fasiləsiz elektrokardioqramma izlənməlidir. Aripiprazolla yüksək dozalanmadan şübhələndikdə pasiyent tibbi nəzarətə alınmalı və tam sağalana qədər əsas fizioloji funksiyalarına nəzarət davam etdirilməlidir.
Aripiprazol qəbulundan 1 saat sonra təyin edilən aktivləşdirilmiş kömür (50 q), aripiprazolun Cmax göstəricisini 41%, AUC göstəricisini 51% azaltmışdır. Bu səbəbdən doza həddinin aşılması zamanı aktivləşdirilmiş kömür effektiv ola bilər.
Hemodializin aripiprazolla doza həddinin aşılması zamanı effektiv olması haqda məlumat olmasa da, aripiprazol plazma proteinlərinə möhkəm birləşdiyindən hemodializin effektiv olacağı güman edilmir.
Buraxılış forması
14 tablet, kombinəedilmiş «cold» örtüklü (poliamid/alüminium folqa/PVX//alüminium folqa) blisterdə. 1, 2 və ya 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Preparatın utilizasiyasına xüsusi tələblər yoxdur. Yararlılıq müddəti bitmiş və ya istifadə edilməyən dərmanlar yerli tələblərə uyğun atılmamalıdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Egis Pharmaceuticals PLC, Hungary.
1165 Budapest, Bökényföldi út, 118-120, Hungary.
Qeydiyyat vəsiqəsinin sahibi
Egis Pharmaceuticals PLC, Hungary.
1106 Budapest, Keresztúri út 30-38, Hungary.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Clear filtersBu məhsul üçün rəy yoxdur.