Oftan Timalol 0,5 % 5 ml göz damcısı
| Təsiredici maddə | TIMOLOL MALEATE |
|---|---|
| Dərman forması | Damcı |
| Farmakoloji təsir | Oftalmoloji preparatlar. Qlaukomaəleyhinə preparatlar və miotiklər. β-adrenoblokatorlar. Timolol |
| İstehsal ölkəsi | Finlandiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
3,80 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
OFTAN TİMOLOL göz damcısı Beynəlxalq patentləşdirilməmiş adı: Timolol
Tərkibi
Təsiredici maddə: 1 ml preparatın tərkibində 6,84 mq timolol maleat (5 mq timolola ekvivalent) vardır. Köməkçi maddələr: benzalkonium xlorid, natrium dihidrofosfat dihidrat, dinatrium hidrofosfat dodekahidrat, natrium hidroksid, inyeksiya üçün su.
Təsviri
Şəffaf, rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Oftalmoloji preparatlar. Qlaukomaəleyhinə preparatlar və miotiklər. β-adrenoblokatorlar. Timolol. ATC kodu: S01ED01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Təsir mexanizmi Oftan Timolol göz damcısı preparatının təsiredici maddəsi timololun maleat duzu şəklində L- izomerdir. Timolol maleat arterial təzyiqin və gözdaxili təzyiqin aşağı salınması üçün və həmçinin, stenokardiyanın müalicəsi üçün istifadə olunan qeyri-selektiv β-adrenergik blokatordur. Farmakodinamik effektləri L-timolol β- və β- reseptorlara qarşı güclü affinliyə malikdir. Oftan Timolol göz damcılarının1 2 gözdaxili təzyiqi aşağı salması effekti, gözdaxili mayenin əmələ gəlməsinin azalmasına əsaslanır. Göz daxilində dərman preparatı yerli olaraq, hədəf-toxumaya, xüsusilə gözdaxili maye əmələ gələn siliar (kirpikli) cismə daxil olur. Timolol gözdaxili mayenin geri axınına əhəmiyyətli təsir göstərmir. Preparatın gözün ön hissəsinin qan damarlarına təsir göstərib-göstərməməsi məlum deyil, lakin, gözdaxili təzyiq aşağı olduğu halda, gözün torlu qişasında qan dövranının yaxşılaşması halları təsvir edilmişdir. Bir çox digər beta-blokatorlar kimi, timolol davamlı bir postreseptor təsirinə malikdir; timololun parçalanmasına baxmayaraq, adrenergik reseptor agonistin təsirinə cavab verə bilməz.Timolol maleat daxili simpatomimetik aktivliyə (ISA) malik deyil və həmçinin, əhəmiyyətli membranstabilləşdirici aktivlik nümayiş etdirmir. Oftan Timolol preparatı göz bəbəklərinin ölçüsünə və ya akkomodasiyaya təsir göstərmir. Oftan Timolol preparatı açıqbucaqlı qlaukomanın və gözdaxili hipertenziyanın müalicəsi üçün effektivdir. Preparat ikincili qlaukomanın bir çox növlərinin müalicəsi üçün müvəffəqiyyətlə istifadə edilmişdir. Oftan Timolol preparatı pasiyentlər tərəfindən yaxşı qəbul olunur. Dərman asılılığı yaratmır. Sistem β-blokatorlarla müalicə zamanı qeyd olunan ləğvetmə sindromu, ehtimal ki, aşağı doza ilə əlaqəli Oftan Timolol preparatının istifadəsi ilə müalicə dayandırıldıqdan sonra müşahidə edilməmişdir. Uşaqlarda istifadəsi Uşaqlarda 12 həftəyə qədər aparılan müalicə müddətində timololun istifadəsi (0,25%, 0,5% gündə iki dəfə bir damcı) barədə çox məhdud məlumatlar mövcuddur. Bununla belə, bəzi məlumatlar onu təsdiq edir ki, birincili anadangəlmə və ya birincili yuvenil qlaukoma üçün istifadə olunan timolol, qısamüddətli müalicə zamanı effektiv ola bilər. Farmakokinetikası Absorbsiyası Timolol yağda həll olunan birləşmə olaraq, gözdə yaxşı sorulur. Preparat həmçinin, konyunktiva və burunun selikli qişası vəsitəsi ilə, eləcədə, mədə-bağırsaq traktı vasitəsi ilə sistem qan dövranına daxil olur. Gözdaxili təzyiq, preparatın yerli təsiri sayəsində aşağı düşür. Paylanması Damcı şəklində istifadə edildikdən sonra, göz daxilində preparatın maksimal effekti 3-4 saatdan sonra əldə olunur və həmin effekt 24 saat müddətində davam edə bilər. Göz daxilində timolol bir çox toxuma hüceyrələrinin səthilə, xüsusilə, qüzehli qişa endoteliumun piqment hüceyrələri ilə və kirpikli çıxıntılarla birləşir. Paylanma həcmi, orta hesabla 2 l/kq-dan artıqdır və preparat hematoensefalik baryeri keçir. Qan plazmasından ehtimal edilən yarımxaricolma dövrü təxminən 4 saat təşkil edir. Biotransformasiyası Timolol qaraciyərdə, qeyri-aktiv metabolitlərin əmələ gəlməsi ilə metabolizmə məruz qalır və həmin metabolitlər əsasən, böyrəklər vasitəsi ilə xaric olunur. Peroral yolla istifadə edildikdən sonra, qaraciyərdə əhəmiyyətli presistem metabolizmi qeyd olunur – təxminən 50%. Qan zərdabının zülalları ilə birləşməsi orta dərəcəlidir (60 %). Xaric olması Gözdaxili mayenin axını zamanı gözlərdən xaric olunur. Göz toxumalarından ehtimal edilən yarımxaricolma dövrü, təxminən 8 saat təşkil edir. Uşaqlarda istifadəsi Böyüklərdə təsdiq olunmuş məlumatlara əsasən, hər bir göz damcısının 80%-i burun-göz yaşı drenaj sistemindən keçir və buradan sistem qan dövranına sürətlə sorulur. Preparat həmçinin, göz yaşı ifrazı zamanı dəri vasitəsi ilə sorula bilər. Böyüklərlə müqayisədə, uşaqlarda qan həcminin aşağı olması ilə əlaqəli, preparatın qanda daha yüksək konsentrasiyasını nəzərə almaq vacibdir. Bundan əlavə, yenidoğulmuşlarda qeyri-yetkin ferment metabolik yolları mövcuddur ki, bu da preparatın yarımxaricolma dövrünün uzanmasına və əlavə effektlərin güclənməsinə gətirib çıxara bilər. Preparatın 0,5 % dozası istifadə edilən böyüklərlə müqayisədə, preparatın 0,25% dozası istifadə edilən uşaqlarda, xüsusilə südəmər körpələrdə timololun qan plazmasında qeyd olunan səviyyələrinin əhəmiyyətli dərəcədə yüksək olmasını təsdiq edən məhdud məlumatlar mövcuddur ki, bu da bronxospazm və bradikardiya kimi əlavə effektlər riskinin yüksəlməsini ehtimal edir.
İstifadəsinə göstərişlər
− Açıq-bucaqlı qlaukoma; − gözdaxili təzyiqin yüksəlməsi (oftalmohipertenziya); − kataraktanın çıxarılması əməliyyatından sonra meydana çıxan qlaukoma; − ikincili qlaukoma; − qapalıbucaqlı qlaukoma zamanı gözdaxili təzyiqin aşağı salınması üçün (miotiklərlə kombinasiyada); − anadangəlmə qlaukoma (digər preparatlar qeyri-effektiv olduğu halda).
Əks göstərişlər
− Təsiredici maddəyə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq; − sinus bradikardiyası, sinus düyününün zəifliyi sindromu, ürəyin sinoaurikulyar blokadası; − kardiostimulyator olmadan II-III dərəcəli atrioventrikulyar blokada, dekompensasiya olunmuş ürək çatışmazlığı, kardiogen şok; − ağır dərəcəli bronxial astma daxil olmaqla, reaktiv ağciyər xəstəliyi və ya anamnezdə ağır dərəcəli bronxial astmanın qeyd olunması; − ağciyərlərin xroniki obstruktiv xəstəliyinin ağır forması.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Müalicəyə başlamazdan əvvəl pasiyentin vəziyyətini qiymətləndirmək lazımdır (“Əks göstərişlər ”bölməsinə bax). β-adrenoblokatorlara qarşı reaksiyanın dəyişməsi ehtimalını nəzərə alaraq, müalicəyə başladıqdan 2-4 həftə sonra, pasiyentin gözdaxili təzyiqini ölçmək tövsiyə olunur. Bundan sonra, müntəzəm şəkildə pasiyentin gözlərinin vəziyyətinin təkrar qiymətləndirilməsini aparmaq lazımdır, çünki bəzi hallarda, preparatdan uzun müddət ərzində istifadə etdikdə, timolol maleata qarşı reaksiya dəyişə bilər. Yerli istifadə üçün nəzərdə tutulan digər dərman preparatları kimi, timolol maleat tərkibli oftalmoloji məhlullar sistem absorbsiyaya məruz qalırlar. Digər sistem β-adrenoblokatorların istifadəsi zamanı olduğu kimi, yerli istifadə üçün β-blokatorlar, məsələn, timolol ürək-damar, tənəffüs və digər sistemlərdə arzuolunmayan əlavə reaksiyaların inkişaf etməsinə səbəb ola bilər. Preparatların sistem istifadəsi ilə müqayisədə, β-blokatorlar tərkibli göz damcılarının istifadəsindən sonra sistem əlavə reaksiyaların inkişaf etmə tezliyi daha aşağıdır. Preparatın sistem absorbsiyasını “İstifadə qaydası və dozası” bölməsində göstərildiyi qaydada aşağı salmaq mümkündür. Digər β-adrenoblokatorlarla eyni zamanda istifadəsi. Hazırda peroral β-blokatorlardan istifadə edən pasiyentlərə timolol təyin edildikdə, gözdaxili təzyiqə və ya sistem β-blokadanın məlum effektlərinə təsirləri güclənə bilər. Həmin pasiyentlərin preparata qarşı reaksiyasını diqqətlə müşahidə etmək lazımdır. Yerli təsirə malik iki β-adrenoblokator preparatın eyni zamanda istifadəsi tövsiyə olunmur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Ürəyə təsiri. Ürək-damar xəstəliklərindən (məsələn, ürəyin işemik xəsətəliyi, Prinsmetal stenokardiyası, ürək çatışmazlığı) və arterial hipotenziyadan əziyyət çəkən pasiyentlərdə β- blokatorların istifadəsi ilə müalicəni hərtərəfli qiymətləndirmək və digər farmakoloji qruplardan olan preparatların istifadəsinin mümkünlüyünü nəzərdən keçirmək lazımdır. Xəstəliklərin pisləşməsi simptomlarını və əlavə reaksiyaları vaxtında aşkar etmək məqsədi ilə, ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərin vəziyyətlərini müşahidə etmək vacibdir. İmpulsların ötürülməsi sürətinə mənfi təsir göstərməsini nəzərə alaraq, I dərəcəli atrioventrikulyar blokada qeyd olunan pasiyentlərə β-blokatorları ehtiyatla təyin etmək lazımdır. Damarlara təsiri. Periferik qan dövranının ağır pozğunluqları (məsələn, Reyno xəstəliyinin ağır formaları və ya Reyno sindromu) qeyd olunan pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır. Tənəffüs sisteminə təsiri. Bəzi oftalmoloji β-adrenoblokatorlardan istifadə etdikdən sonra, astmadan əziyyət çəkən pasiyentlərdə bronxospazm nəticəsində ölümün baş verməsi daxil olmaqla, respirator reaksiyaların inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Yüngül/orta dərəcəli ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX-dan) əziyyət çəkən pasiyentlərdə Oftan Timolol göz damcılarını ehtiyatla və yalnız, preparatın istifadəsi nəticəsində gözlənilən fayda ehtimal edilən riskdən üstün olduğu hallarda istifadə etmək lazımdır. Anafilaktik reaksiyalar. β-blokatorlardan istifadə etdikdə, anamnezlərində bir sıra allergenlərə qarşı allergiya və ya ağır dərəcəli anafilaktik reaksiya qeyd olunan pasiyentlər həmin allergenlərin təkrar yeridilməsinə qarşı daha şiddətli reaksiya nümayiş etdirə bilərlər və anafilaktik reaksiyaların müalicəsi üçün istifadə edilən adrenalinin adi dozalarına cavab verməyə bilərlər. Ümumi anesteziya. Oftalmoloji β-blokatorlar β-adrenoreseptorların sistem aqonistlərinin, məsələn, adrenalinin effektlərini blokada edə bilərlər. Pasiyentin timolol istifadə etməsi barədə anestezioloqu məlumatlandırmaq lazımdır. Hipoqlikemiya/diabet. β-adrenoblokatorların hipoqlikemiya simptomlarını maskalaya bilməsini nəzərə alaraq, spontan hipoqlikemiya qeyd olunan pasiyentlərdə və ya qeyri-stabil diabetdən əziyyət çəkən pasiyentlərdə β-adrenoblokatorları ehtiyatla istifadə etmək lazımdır. Hipertireoz. β-adrenoblokatorlar hipertireoz simptomlarını maskalaya bilər. β-blokatorların istifadəsinin qəflətən dayandırılması, xəstəliyin simptomlarının pisləşməsinə gətirib çıxara bilər. Buynuz qişanın xəstəlikləri. Oftalmoloji β-adrenoblokatorlar “quru göz” sindromunun inkişaf etməsinə səbəb ola bilər. Buynuz qişa xəstəlikləri qeyd olunan pasiyentlərdə preparatı istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Torlu qişanın qopması. Filtrasiya əməliyyatlarından sonra gözdaxili mayenin hasilatını tormozlayan preparatlardan (məsələn, timololdan, asetazolamiddən) istifadə etdikdə, gözün torlu qişasının qopması halları barədə məlumatlar daxil olmuşdur. Kontakt linzaların istifadəsi. Oftan Timolol preparatının tərkibində köməkçi maddə şəklində benzalkonium xlorid vardır ki, bu da yumşaq kontakt linzaların üzərinə çökə bilər və onların rənginin dəyişməsinə səbəb ola bilər. Göstərilən preparatı istifadə etməzdən əvvəl pasiyent kontakt linzaları çıxarmalı və instillyasiyadan sonra, onları 15 dəqiqədən tez olmamaqla yenidən geymək olar. Benzalkonium xlorid həmçinin, gözlərin qıcıqlanmasına səbəb ola bilər, xüsusilə, pasiyentdə gözdə quruluq və ya buynuz qişanın zədələnməsi qeyd olunduğu hallarda. Göstərilən preparatın istifadəsindən sonra, pasiyent gözlərində qeyri-normal hiss, sancma hissi və ya gözdə ağrı qeyd etdiyi halda, həkimlə məsləhətləşməlidir. Uşaqlarda istifadəsi Yenidoğulmuşlarda və körpə uşaqlarda preparatı yalnız, uşaq oftalmoloqunun nəzarəti altında istifadə etmək tövsiyə edilir. Məhdud məlumatların mövcudluğunu nəzərə alaraq, preparatı yalnız birincili anadangəlmə qlaukoma və birincili yuvenil qlaukoma zamanı, cərrahi müdaxilənin aparılması barədə qərar qəbul edilən keçid dövrü müddətində istifadə etmək tövsiyə olunur. Qlaukomadan əziyyət çəkən uşaqlarda və yeniyetmələrdə Timololu ehtiyatla istifadə etmək lazımdır. Apnoenin və Çeyn-Stoks tənəffüsünün meydana çıxma ehtimalını nəzərə alaraq, yenidoğulmuşlarda, südəmər körpələrdə və kiçik yaşlı uşaqlarda Oftan Timolol preparatını maksimal ehtiyatla istifadə etmək lazımdır. Zərurət yarandıqda, göstərilən preparatın istifadəsi ilə müalicəni dərhal dayandırmaq üçün, valideynləri ehtimal edilən əlavə effektlər barədə məlumatlandırmaq vacibdir. Öskürək və xırıltılar kimi simptomların meydana çıxmasına xüsusi diqqət yetirmək lazımdır. Timolol təyin olunan yenidoğulmuşlar üçün həmçinin, apnoenin portativ monitoru faydalı ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Oftan Timolol preparatının digər dərman preparatları ilə qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində heç bir xüsusi tədqiqatlar aparılmamışdır. Oftan Timolol göz damcılarını digər qlaukomaəleyhinə dərman preparatları ilə birlikdə istifadə etmək olar. β-adrenoblokatorlar tərkibli digər oftalmoloji preparatlarla və “ləng” kalsium kanallarının blokatorları, digər β-adrenoblokatorlar, aritmiyaəleyhinə preparatlar (amiodaron daxil olmaqla), ürək qlikozidləri, parasimpatomimetiklər, quanetidin kimi sistem istifadə üçün preparatlarla eyni zamanda istifadə edildiyi halda, arterial təzyiqin aşağı düşməsinə və/və ya klinik şiddətli bradikardiyanın meydana çıxmasına səbəb ola bilən əlavə effektin yaranma ehtimalı mövcuddur. Bundan əlavə, eyni zamanda sistem α-blokatorlardan, rezerpindən, I qrup aritmiyaəleyhinə preparatlardan (məsələn, xinidindən) və ya klonidindən eyni zamanda istifadə edən pasiyentlərdə əlavə effektlərin ehtimal edilən pisləşməsini aşkar etmək məqsədi ilə, onları müntəzəm nəzarət altında saxlamaq lazımdır. CYP2D6 izofermentin inhibitorlarının (məsələn, xinidinin, fluoksetinin, paroksetinin) və timololun istifadəsi ilə kombinəolunmuş müalicə aparıldıqda, şiddətli sistem β-blokada (məsələn, ürək yığılmalarının tezliyinin aşağı düşməsi, depressiya) qeyd olunur. Barbituratlarla, analgetiklərlə və ya çovdar mahmızı alkaloidləri ilə eyni zamanda aparılan müalicə, preparatın mərkəzi sinir sisteminə mənfi təsirlərini ağırlaşdıra bilər. Bəzən, oftalmoloji β-adrenoblokatorların və adrenalinin (epinefrinin) eyni zamanda istifadəsi nəticəsində midriazın meydana çıxması barədə məlumatlar daxil olmuşdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü Timololun hamilə qadınlarda istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Mütləq zəruri hallar istisna olmaqla, hamiləlik dövründə timololu istifadə etmək olmaz. Preparatın sistem absorbsiyasını “İstifadə qaydası və dozası” bölməsində göstərildiyi qaydada aşağı salmaq mümkündür. Epidemioloji tədqiqatlarda dölün inkişafında sistem pozğunluqlar aşkar edilməmişdir, lakin, β- adrenoblokatorlardan daxilə istifadə etdikdə, bətndaxili inkişafın ləngiməsi riski qeydə alınmışdır. Bundan əlavə, doğuşa qədər ana β-adrenoblokatorlardan istifadə etdiyi halda, yenidoğulmuşlarda β-adrenoreseptorların blokada etməsinin klinik təzahürləri və simptomları (məsələn, bradikardiya, hipotoniya, tənəffüs pozğunluqları və hipoqlikemiya) müşahidə olunmuşdur. Doğuş baş verənə qədər Oftan Timolol preparatından istifadə edildiyi halda, həyatlarının ilk günlərində yenidoğulmuşların vəziyyətlərini diqqətlə müşahidə etmək lazımdır. Laktasiya dövrü Məlumdur ki, β-adrenoblokatorlar ana südünə ekskresiya olunurlar. Lakin, timololu göz damcılarının tərkibində tövsiyə olunan terapevtik dozalarda istifadə etdikdə, preparatın kifayət qədər miqdarının ana südünə keçməsi və südəmər körpədə β-adrenoreseptorların sistem blokada etməsinin klinik simptomlarının meydana çıxmasına səbəb olması ehtimalı azdır. Preparatın sistem absorbsiyasını “İstifadə qaydası və dozası” bölməsində göstərildiyi qaydada aşağı salmaq mümkündür. Oftan Timolol preparatının insan fertilliyinə (dünyaya uşaq gətirməsi qabiliyyətinə) təsiri barədə heç bir məlumat yoxdur. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Düzgün dozalandıqda, Oftan Timolol preparatı bayğınlığın meydana çıxmasına və ya görmə qabiliyyətinin pozulmasına səbəb olmur və bu səbəbdən, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir. Lakin, bəzi pasiyentlərdə preparat qan təzyiqini aşağı sala bilər, yorğunluğun və başgicəllənmənin meydana çıxmasına səbəb ola bilər. Müalicənin əvvəlində, bu halların baş vermə ehtimalı barədə pasiyenti məlumatlandırmaq lazımdır.
İstifadə qaydası və dozası
Preparat gündə 1-2 dəfə 1 damcı istifadə edilir. Oftan Timolol preparatını digər növ qlaukomaəleyhinə preparatlarla (məsələn, prostaqlandin analoqları, miotiklər, adrenomimetiklərlə və ya karboanhidraza fermentinin inhibitorları ilə) kombinasiya şəklində istifadə etməklə, təzyiqin aşağı salınması effektini gücləndirmək olar. Qlaukomaəleyhinə digər preparatların istifadəsindən Oftan Timolol preparatının istifadəsinə keçdikdə, əvvəlki müalicəni dərhal dayandırmaq olar. Müalicənin müvəqqəti dayandırılması və ya preparatın dozalanmasının dəyişdirilməsi yalnız həkim təyinatına müvafiq həyata keçirilə bilər. Nazolakrimal (burun-göz yaşı) okklyuziya ilə və ya gözləri 2 dəqiqə müddətində qapamaqla, dərman preparatının sistem absorbsiyasının aşağı düşməsi qeyd olunur. Göstərilən tədbirin aparılması, preparatın sistem əlavə effektləri riskini aşağı salmaq və preparatın yerli təsirini gücləndirmək imkanı verir. Uşaqlarda dozalanması Timololun uşaqlarda istifadəsi barədə qərar qəbul etdikdə, klinisistlər müalicənin risklərini və üstünlüklərini hərtərəfli qiymətləndirməlidirlər. Sistem dəyişikliklərin mövcudluğunu müəyyən etmək məqsədi ilə, timololu təyin etməzdən əvvəl, ətraflı pediatrik anamnez toplamaq və pasiyenti müayinə etmək lazımdır. Preparatın uşaqlarda istifadəsi barədə yalnız məhdud klinik məlumatların mövcudluğunu nəzərə alaraq, dozalanmaya dair konkret tövsiyə vermək olmaz (həmçinin, “Farmakodinamikası” bölməsinə bax). Lakin, fayda riskdən üstün olduğu halda, gündə 1 dəfə təsiredici maddənin ən aşağı mümkün konsentrasiyasını istifadə etmək tövsiyə olunur. Gözdaxili təzyiqə müvafiq nəzarət etmək mümkün olmadıqda, zədələnmiş gözə preparatın dozalanmasını maksimal olaraq, gündə 2 damcıya qədər ehtiyatla artırmaq imkanını nəzərdən keçirmək lazımdır. Preparatı gündə 3 dəfə istifadə etdikdə, 12 saatlıq zaman intervalına üstünlük verilir. Bundan əlavə, ilk dozanın istifadəsindən sonra, pasiyentləri, xüsusilə, yenidoğulmuşları 1-2 saat müddətində həkim kabinetində diqqətlə müşahidə etmək və əməliyyatdan əvvəl gözlərlə əlaqəli və sistem əlavə effektlərin aşkar edilməsi məqsədi ilə onlara hərtərəfli nəzarət etmək lazımdır. Pediatriya təcrübəsində təsiredici maddənin 0,1%-li konsentrasiyasının istifadəsi yetərli ola bilər. Göz damcılarını damcılatmaqdan (instillyasiyadan) əvvəl: – əlləri təmiz yumaq lazımdır; – uyğun vəziyyət qəbul etmək (oturmaq, arxası üstə uzanmaq, güzgünün qarşısında dayanmaq) lazımdır. Göz damcılarının istifadəsi 1. Flakonu açmaq lazımdır. Flakonun möhtəviyyatının çirklənməsinin qarşısını almaq məqsədi ilə, flakonun ucluğu ilə göz qapaqlarına, kirpiklərə toxunmaq və ona əl vurmaq olmaz. 2. Başı bir qədər arxaya ataraq, flakonu gözün üzərində tutmaq lazımdır (şəkil 1). 3. Alt göz qapağını aşağı çəkmək, yuxarı baxmaq və flakonu yüngül sıxaraq, göz damcılarını gözlərə damcılatmaq lazımdır (şəkil 2). 4. Gözü qapamaq, onun daxili bucağını 2 dəqiqə müddətində barmaqla yüngül sıxaraq saxlamaq lazımdır. Bu, göz damcılarının burun-göz yaşı kanalına daxil olmasının qarşısını almağa, preparatın effektivliyini yüksəltməyə və mənfi sistem effektlərin meydana çıxma riskini aşağı salmağa imkan verir (şəkil 3). Flakonu kip bağlamaq lazımdır.
Əlavə təsirləri
Oftan Timolol göz damcıları adətən, pasiyentlər tərəfindən yaxşı keçirilir. Digər yerli oftalmoloji preparatlar kimi, timolol sistem qan dövranına absorbsiya olunur. Bu, sistem istifadə üçün β-adrenoblokatorların istifadəsi zamanı müşahidə olunan arzuolunmayan əlavə effektlərə oxşar effektlərin inkişaf etməsinə gətirib çıxara bilər. Preparatların sistem istifadəsi ilə müqayisədə, yerli oftalmoloji istifadə zamanı sistem əlavə effektlərin inkişaf etmə riski aşağıdır. Aşağıda göstərilən əlavə effektlər, oftalmoloji β-adrenoblokatorlar sinfində müşahidə olunan effektləri əhatə edir. Tez-tez müşahidə olunan əlavə effektlər (≥ 1/100, < 1/10): baş ağrısı. Bəzən müşahidə olunan əlavə effektlər (≥ 1/1000, < 1/100): buynuz qişanın həssaslığının aşağı düşməsi, səthi nöqtəli keratit, bradikardiya, başgicəllənmə, depressiya, yorğunluq. Nadir hallarda müşahidə olunan əlavə effektlər (≥ 1/10000, < 1/1000): ürək çatışmazlığı, aritmiyalar, “quru göz” sindromu, blefarokonyunktivit, görmə qabiliyyətinin pozulması, diplopiya, ptoz, buynuz qişanın kalsifikasiyası, hipotoniya, periferik və serebral qan perfuziyasının aşağı düşməsi, bronxospazm (xüsusilə, astma kimi bronxospastik xəstəlikdən və ya ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə), burun tutulması, həyəcan hissi, gecələr dəhşətli yuxugörmələr, çaşqınlıq, hiperhəssaslıq reaksiyaları, məsələn, səpgilər, övrə, alopesiya, asteniya. Məlum deyil (əldə olunan məlumatlar əsasında qiymətləndirmək mümkün deyil): hallüsinasiyalar. Yuxarıda qeyd olunanlara əlavə olaraq, təsvir olunmuşdur ki, göz daxilinə istifadə edilən β- blokatorların istifadəsi zamanı meydana çıxan və aşağıda göstərilən əlavə effektlər həmçinin, Oftan Timolol göz damcılarının istifadəsi zamanı müşahidə oluna bilər. İmmun sistemdə baş verən pozğunluqlar: angionevrotik ödem, qaşınma, anafilaktik reaksiyalar daxil olmaqla, sistem allergik reaksiyalar. Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar: hipoqlikemiya. Psixikada baş verən pozğunluqlar: yuxusuzluq, yaddaşın itməsi. Sinir sistemində baş verən pozğunluqlar: bayılmalar, beyin qan dövranının kəskin pozğunluğu, baş beyin işemiyası, miasteniya qravis simptomlarının güclənməsi və paresteziyalar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Görmə orqanlarında baş verən pozğunluqlar: gözlərin qıcıqlanması simptomları (məsələn, yanğı hissi, qaşınma, göz yaşı axması, gözlərin qızarması), keratit, bulanıq görmə, filtrasion əməliyyatlardan sonra torlu qişanın qopması (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), buynuz qişada xoraların əmələ gəlməsi. Ürəkdə baş verən pozğunluqlar: döş nahiyəsində ağrı, ürək çırpınması, ödem, durğunlu ürək çatışmazlığı, atrioventrikulyar blokada, ürəyin dayanması. Damarlarda baş verən pozğunluqlar: Reyno fenomeni. Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar: öskürək. Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: disgevziya, ürəkbulanma, dispepsiya, diareya, ağızda quruluq, qarın nahiyəsində ağrı, qusma. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: psoriazabənzər səpgilər və ya psoriazın kəskinləşməsi. Dayaq-hərəkət aparatında və birləşdirici toxumada baş verən pozğunluqlar: mialgiya. Cinsiyyət orqanlarında və süd vəzilərində baş verən pozğunluqlar: cinsi disfunksiya, libidonun aşağı düşməsi. Bəzən, göz damcılarının tərkibində olan fosfatın istifadəsi ilə assosiasiya olunmuş əhəmiyyətli buynuz qişa zədələnmələri qeyd olunan bəzi pasiyentlərdə, buynuz qişanın kalsifikasiyası halları barədə məlumatlar daxil olmuşdur. Əlavə effektlər meydana çıxdığı hallarda, mümkün qədər tez həkimə müraciət etmək lazımdır. Ehtimal edilən əlavə reaksiyalar barədə məlumatlar Dərman preparatının qeydiyyatından sonra, ehtimal edilən əlavə reaksiyalar barədə məlumatların böyük əhəmiyyəti var. Bu, dərman preparatının “fayda-risk” nisbətinin monitorinqinin davam etdirilməsinə imkan verir. Səhiyyə mütəxəssisləri, ehtimal edilən istənilən əlavə reaksiyalar barədə, əlavə reaksiyaların Milli hesabat sistemi vasitəsi ilə məlumat verməlidirlər.
Doza həddinin aşılması
Preparatın dozalanması – gündə 1-2 dəfə hər zədələnmiş gözə 1 damcı (səhər və axşam) təşkil edir. Doza həddinin aşılmasından çəkinmək lazımdır. Peroral yolla istifadə edilən 1 timolol tabletindən (10 mq) absorbsiya olunmuş timololun ümumi miqdarı, Oftan Timolol 5 mq/ml preparatının 30 göz damcısından əldə olunan miqdarına bərabərdir, lakin, preparatın gözün və burunun selikli qişasından sürətlə sorulmasını nəzərə alaraq, preparatın hətta bir neçə damcısı qısa müddət ərzində davam edən nəbz tezliyinin ləngiməsinə, arterial təzyiqin aşağı düşməsinə və bronxospazmın meydana çıxmasına səbəb ola bilər. Doza həddinin aşılması simptomlarının müalicəsi, adrenergik aqonistlərin, məsələn, izoprenalinin, dobutaminin və ehtimal ki, dofaminin istifadəsi ilə simptomatik müalicə şəklində aparılmalıdır.
Buraxılış forması
5 mq/ml göz damcıları. 5 ml, burulan qapaqlı, plastik damcısalan-tıxacla bağlanmış polietilen flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
Orijinal qablaşmada, 25°C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Flakon ilk dəfə açıldıqdan sonra, 28 gün müddətində istifadə edilməlidir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
NextPharma Oy, Niittühaankatu 20 33720 Tampere, Finlandiya. İkincili qablaşma Manufacturing Packaging Farmaca (MPF) B.V., Neptunus 12, 8448CN Herenven, Niderland. Keyfiyyətə nəzarət Santen Oy, Kelloportinkatu 1, 33100 Tampere, Finlandiya.
Qeydiyyat vəsiqəsinin sahibi
Santen Oy, Niittühaankatu 20, 33720 Tampere, Finlandiya.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.