Prozerin 0,05 % 1 ml N10 inyeksiya Darnitsa

Dərman formasıİnyeksiya üçün məhlul
Farmakoloji təsirAntixolinesteraz preparatlar
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

1,72 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

PROZERİN-DARNİTSA inyeksiya üçün məhlul Beynəlxalq patentləşdirilməmiş adı: Neostigmine methylsulphate

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,5 mq prozerin vardır. Köməkçi maddələr: inyeksiya üçün su.

Təsviri

Şəffaf rəngsiz mayedir.

Farmakoterapevtik qrupu

Antixolinesteraz preparatlar. ATC kodu: N07A A01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası Prozerin-Darnitsa xolinesteraza fermentinin dönən sintetik blokatorudur. Asetilxolinesteraza fermenti ilə yüksək oxşarlığa malikdir ki, bu da onun asetilxolin ilə quruluşca oxşar olması ilə əlaqədardır. Asetilxolin kimi, prozerin də əvvəlcə xolinesterazanın katalitik mərkəzi ilə qarşılıqlı əlaqəyə daxil olur, lakin asetilxolindən fərqli olaraq, daha sonra öz karbamin qrupu hesabına, fermentlə stabil birləşmə əmələ gətirir. Ferment, müvəqqəti olaraq (bir neçə dəqiqədən bir neçə saata qədər), öz spesifik aktivliyini itirir. Bu müddət keçdikdən sonra, prozerinin ləng hidrolizi nəticəsində, xolinesteraza blokatordan azad olur və öz aktivliyini bərpa edir. Bu cür təsir, xolinergik sinapslarda asetilxolinin toplanmasına və təsirinin güclənməsinə gətirib çıxarır. Prozerin şiddətli muskarin və nikotin təsirlərə malikdir, skelet əzələlərinə birbaşa qıcıqlandırıcı təsir göstərir. Ürək yığılmalarının tezliyini azaldır, ekskretor vəzilərin (tüpürcək, bronxial, tər və həzm traktı vəzilərinin) sekresiyasını yüksəldir və hipersalivasiyaya, bronxoreyaya, mədə şirəsinin turşuluğunun artmasına səbəb olur, göz bəbəklərini daraldır, akkomodasiyanın spazmıni törədir, gözdaxili təzyiqi aşağı salır, bağırsağın (peristaltikanı yüksəldir və sfinkterləri boşaldır) və sidik kisəsinin saya əzələlərinin tonusunu gücləndirir, bronxların spazmını törədir, skelet əzələlərinin tonusunu yaxşılaşdırır. Farmakokinetikası Parenteral yolla yeridildikdə prozerinin biomənimsənilməsi yüksəkdir – parenteral yolla yeridilən 0,5 mq prozerin, daxilə qəbul edilən 15 mq-a müvafiqdir. Dərman preparatının dozasını artırdiqda, onun biomənimsənilməsi yüksəlir. Əzələ daxilinə yeridildikdə, qanda maksimal konsentrasiyanın əldə olunma müddəti 30 dəqiqə təşkil edir. Qan plazmasının zülalları (albumin) ilə birləşmə 15-25 %-dir. Dərman preparatı hematoensefalik baryerdən pis keçir və mərkəzi təsir göstərmir. İki yolla metabolizmə məruz qalır: birləşmə nahiyəsində xolinesteraza və qaraciyərin mikrosomal fermentləri vasitəsi ilə hidroliz hesabına. Qaraciyərdə qeyri-aktiv metabolitləri əmələ gəlir. Yeridilən dozanın 80 %-i 24 saat müddətində böyrəklər vasitəsi ilə xaric olunur (həmin dozanın 50 %-i dəyişilməmiş halda və 30 %-i isə metabolit şəklində). Yarımxaricolma dövrü (T ) əzələ daxilinə yeridildikdə 51-90 dəqiqə, vena daxilinə yeridildikdə isə 53 dəqiqə1/2 təşkil edir.

İstifadəsinə göstərişlər

Miasteniya, kəskin miastenik böhran; keçirilən beyin travmasından sonra hərəki pozğunluqlar; ifliclər; keçirilən meningitdən, poliomielitdən, ensefalitdən sonra reabilitasiya dövrü; nevrit, görmə sinirinin atrofiyası; bağırsaq atoniyası, sidik kisəsinin atoniyası; antidepolyarizəedici miorelaksantlar tərəfindən sinir-əzələ ötürülməsinin blokadaya alınmasından sonra davamlı qalan halların aradan qaldırılması.

Əks göstərişlər

Təsiredici maddəyə və ya dərman preparatının tərkibində olan hər hansı digər komponentlərə qarşı hiperhəssaslıq; epilepsiya; hiperkinezlər; vaqotomiya; ürəyin işemik xəstəliyi; stenokardiya; aritmiyalar; bradikardiya; bronxial astma; şiddətli ateroskleroz; tireotoksikoz; mədə və onikibarmaq bağırsaq xorası; peritonit; mədə-bağırsaq traktının və sidik-ifrazat yollarının mexaniki obstruksiyası; dizuriya ilə müşayiət olunan prostat vəzinin hipertrofiyası; infeksion xəstəliyin kəskin dövrü; kəskin zəifləmiş uşaqlarda intoksikasiyalar, depolyarizəedici miorelaksantlarla eyni zamanda istifadə.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Yüksək dozalarda parenteral yolla yeritdikdə atropinin təyin olunması vacibdir (əvvəlcədən və ya eyni zamanda). Müalicə zamanı miastenik (terapevtik doza aşağı olduqda) və ya xolinergik (doza həddinin aşılması nəticəsində) kriz meydana çıxdıqda, simptomların oxşarlığını nəzərə alaraq, dərman preparatının sonrakı istifadəsi dəqiq differensial diaqnostika tələb edir. Tibbi və ya stomatoloji müalicədən, cərrahi müdaxilədən əvvəl, prozerinin istifadəsi barədə həkimi məlumatlandırmaq lazımdır. Bağırsaqda və sidik kisəsində aparılan cərrahi əməliyyatdan sonra pasiyentlərə, parkinsonizmdən əziyyət çəkən pasiyentlərə dərman preparatını xüsusilə ehtiyatlı təyin etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Bu dərman preparatını digər dərman vasitələri ilə eyni zamanda istifadə etdikdə, aşağıda göstərilən hallar baş verə bilər. Yerli anesteziya üçün dərman preparatları və ümumi anestetiklər, antiaritmik dərman preparatları, üzvi nitratlar, trisiklik antidepressantlar, epilepsiyaəleyhinə preparatlar, parkinsonizməleyhinə preparatlar, quanetidin prozerinin effektivliyini aşağı salırlar. M-xolinoblokatorlar prozerinin M-xolinomimetik effektlərini zəiflədirlər. Prozerin ilə eyni zamanda istifadə edildikdə, depolyarizəedici miorelaksantların təsiri uzanır və güclənir. Prozerin ilə eyni zamanda istifadə edildikdə, antidepolyarizəedici miorelaksantların təsiri zəifləyir. Antidepolyarizəedici miorelaksantların istifadəsi zamanı doza həddi aşıldıqda, prozerin antidot vasitə kimi istifadə olunur. Digər antixolinesteraz dərman preparatları ilə eyni zamanda istifadə edildikdə toksiklik yüksəlir. M-xolinomimetiklərlə eyni zamanda istifadə edildikdə, həzm traktı funksiyasları pozulur, sinir sisteminə toksik təsir göstərir. β-adrenoblokatorlarla eyni zamanda istifadə edildikdə,bradikardiya güclənir. Efedrin prozerinin təsirini gücləndirir. Neomisin, streptomisin, kanamisin kimi preparatlarla eyni zamanda ehtiyatla təyin etmək lazımdır. Miasteniya zamanı aldosteronun antaqonistləri, qlükokortikoidlər və anabolik hormonlarla birlikdə təyin etmək lazımdır. Uyuşmazlıq Prozerini bir şprisdə qələvi və oksidləşdirici məhlullarla qarışdırmaq olmaz, çünki bu preparatın parçalanmasına gətirib çıxara bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınların iştirakı ilə prozerinin ciddi nəzarət olunan tədqiqatları aparılmayıb. Hamiləlik dövründə istifadəsi, yalnız ana üçün faydası döl üçün riskdən yüksək olduğu hallarda mümkündür. Laktasiya dövründə prozerinin istifadəsi üçün zərurət yarandıqda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Dərman preparatı ilə müalicə müddətində nəqliyyat vasitəsini idarə etmək və yüksək diqqət konsentrasiyası və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaq əks göstərişdir.

İstifadə qaydası və dozası

Böyüklər Dərman preparatını sutkada 1-2 dəfə 0,5-2 mq (1-4 ml) dozada dəri altına təyin etmək lazımdır. Böyüklər üçün maksimal birdəfəlik doza 2 mq, maksimal sutkalıq doza 6 mq təşkil edir. Müalicə kursunun müddəti (miasteniya, miastenik kriz, bağırsağın və sidik kisəsinin əməliyyatdan sonrakı atoniyası, miorelaksantların istifadəsi nəticəsində doza həddinin aşılması istisna olmaqla) 25-30 gündür. Zəruri hallarda 3-4 həftədən sonra təkrar kurs təyin etmək lazımdır. Ümumi sutkalıq dozanın əsas hissəsini günorta, pasiyentin ən çox yorğun olduğu vaxt təyin etmək lazımdır. Miasteniya: dərman preparatını dəri altına və ya əzələ daxilinə sutkada 0,5 mq (1 ml) dozada təyin etmək lazımdır. Müalicə kursu uzun müddət ərzində, yeridilmə yollarını dəyişərək aparılır. Miastenik kriz (tənəffüsün və udma qabiliyyətinin çətinləşməsi ilə müşayiət olunan): dərman preparatını vena daxilinə 0,25-0,5 mq (0,5-1 ml), daha sonra dəri altına, kiçik intervallar ilə təyin etmək lazımdır. Bağırsağın və sidik kisəsinin əməliyyatdan sonrakı atoniyası, profilaktika, o cümlədən, sidiyin əməliyyatdan sonrakı ləngiməsinin profilaktikası: dərman preparatını əməliyyatdan sonra mümkün qədər ən tez müddətdə 0,25 mq (0,5 ml) dozada dəri altına və ya əzələ daxilinə yeritmək və 3-4 gün müddətində hər 4-6 saatdan bir təkrar yeritmək lazımdır. Miorelaksantların istifadəsi zamanı doza həddi aşıldıqda antidot kimi (atropin sulfatın əvvəlcədən 0,6-1,2 mq dozada vena daxilinə yeridilməsindən sonra, nəbzin tezliyi dəqiqədə 80 vurğuya qədər artdıqda): 0,5-2 dəqiqədən sonra, dərman preparatını vena daxilinə tədricən 0,5-2 mq dozada təyin etmək lazımdır. Zəruri hallarda, inyeksiyanı (o cümlədən, bradikardiya baş verdikdə atropinin) 20-30 dəqiqə müddətində ümumi doza 5-6 mq-dan (10-12 ml-dən) artıq olmamaqla təkrar yeritmək olar. Prosedura aparıldıqda, ağciyərlərin süni ventilyasiyasını təmin etmək lazımdır. Uşaqlar (yalnız stasionar şəraitdə) Miasteniya gravis Yenidoğulmuşlar: başlanğıc mərhələdə dərman preparatını əzələdaxili inyeksiya şəklində 0,1 mq dozada təyin etmək lazımdır. Bundan sonra, dozanı fərdi seçmək lazımdır, adətən, dərman preparatını hər 2-4 saatdan bir 0,05-0,25 mq və ya bədən kütləsinin hər kq-na 0,03 mq dozada əzələ daxilinə yeritmək lazımdır. Yenidoğulmuşlarda xəstəliyin xüsusi xarakterini nəzərə alaraq, dərman preparatının sutkalıq dozasının istifadəsi tamamilə dayandırılana qədər aşağı salmaq olar. 12 yaşa qədər uşaqlar: zərurət yarandıqda, dərman preparatını 0,2-0,5 mq dozada inyeksiya şəklində təyin etmək lazımdır. Pasiyentin reaksiyasından asılı olaraq, dərman preparatının dozalanmasını korreksiya etmək lazımdır. Miorelaksantların istifadəsi zamanı doza həddi aşıldıqda antidot kimi (atropin sulfatın əvvəlcədən bədən kütləsinin hər kq-na 0,02-0,03 mq dozada vena daxilinə yeridilməsindən sonra, nəbzin tezliyi dəqiqədə 80 vurğuya qədər artdıqda): dərman preparatını bədən kütləsinin hər kq-na 0,05-0,07 mq dozada 1 dəqiqə müddətində vena daxilinə təyin etmək lazımdır. Uşaqlar üçün maksimal tövsiyə olunan doza 2,5 mq təşkil edir. Digər göstərişlər: dərman preparatını 0,125-1 mq dozada inyeksiya şəklində təyin etmək lazımdır. Pasiyentin fərdi tələbatlarına müvafiq dozaları dəyişdirmək mümkündür. Uşaqlar Uşaqlar üçün dərman preparatını yalnız stasionar şəraitdə istifadə etmək olar.

Əlavə təsirləri

Görmə orqanında baş verən pozğunluqlar: mioz, görmə qabiliyyətinin pozulması. Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar: təngnəfəslik, tam dayanana qədər tənəffüsün tormozlanması, bronxospazm, bronxial sekresiyanın artması. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: hipersalivasiya, bağırsaqların spastik yığılması və peristaltikasının güclənməsi, ürəkbulanma, qusma, meteorizm, diareya, bağırsağın qeyri-iradi boşalması. Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozğunluqlar: sidik ifrazının tezləşməsi, qeyri- iradi sidik ifrazı. Sinir sistemində baş verən pozğunluqlar: baş ağrısı, başgicəllənmə, şüurun itməsi, zəiflik, yuxuya meyllilik, tremor, qıcolmalar, dil və qırtlaq əzələləri daxil olmaqla, skelet əzələlərinin spazmları və dartınmaları, ayaqların keyləşməsi, dizartriya. Ürək-damar sistemində baş verən pozğunluqlar: aritmiya, bradi- və ya taxiaritmiya, atrioventrikulyar blokada, atrioventrikulyar düyün ritmi, EKQ-də qeyri-spesifik dəyişikliklər, ürəyin dayanması, arterial təzyiqin aşağı düşməsi (əsasən parenteral yolla yeridildikdə). İmmun sistemdə baş verən pozğunluqlar: səpgilər, qaşınma, hiperemiya, övrə, allergik reaksiyalar, o cümlədən anafilaktik şok. Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində baş verən dəyişikliklər: tər ifrazının güclənməsi, istilik hissi, göz yaşının axması, artralgiya, hiperemiya, qaşınma, dərinin ödemi daxil olmaqla, yeridilmə nahiyəsində dəyişikliklər.

Doza həddinin aşılması

Simptomları Xolinoreseptorların həddindən artıq oyanması (xolinergik kriz) ilə əlaqəli: taxikardiya, bradikardiya, hipersalivasiya, udma aktının pozulması, mioz, bronxospazm, tənəffüsün çətinləşməsi, ürəkbulanma, qusma, peristaltikanın güclənməsi, diareya, sidik ifrazının tezləşməsi, koordinasiyanın pozulması, dil əzələlərinin və skelet əzələlərinin dartınması, soyuq tər, ümumi zəifliyin tədricən inkişaf etməsi, iflic, arterial təzyiqin aşağı düşməsi, həyəcanlılıq, təlaş. Preparatın çox yüksək dozaları ajitasiyaya, səbirsizliyə səbəb ola bilər. Ürəyin dayanması və ya tənəffüsün iflici, ağciyərlərin ödemi nəticəsində ölüm baş verə bilər. Doza həddinin aşılması daha çox ehtimal edilən, miasteniya gravisdən əziyyət çəkən pasiyentlərdə əzələlərin dartınması və parasimpatik effektlər müşahidə olunmaya bilər və ya zəif ola bilər ki, bu da doza həddinin aşılmasının miastenik kriz ilə differensial diaqnostikasını çətinləşdirir. Müalicəsi: dərman preparatının dozasının aşağı salınması və ya yeridilməsinin dayandırılması. Zəruri hallarda, atropin (0,1 %-li məhlul 1 ml), metasin yeritmək lazımdır. Daha sonra simptomatik müalicə təyin olunur.

Buraxılış forması

1 ml ampulda. 5 ampul konturlu-yuvalı qablaşmada. 2 konturlu-yuvalı qablaşma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.

Yararlılıq müddəti

4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Darnitsa” Əczaçılıq şirkəti” ÖSC, Ukrayna. Ünvan Ukrayna, 02093, Kiyev ş., Borispolskaya k., 13.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Prozerin 0,05 % 1 ml N10 inyeksiya Darnitsa” üçün ilk rəyi siz yazın.