Talliton 12,5 mq N28 tablet

Dərman formasıTablet
Farmakoloji təsirAlfa və beta-blokatorlar
İstehsal ölkəsiMacarıstan

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

5,92 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Bu dərman preparatını istifadə etməzdən əvvəl, bu içlik vərəqəni sona qədər və diqqətlə oxumaq lazımdır, belə ki, burada pasiyent üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəni saxlamaq lazımdır. Onu təkrar oxumağınız lazım gələ bilər. • Əlavə suallarınız yaranarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. • Bu dərman preparatı Sizə təyin olunub. Onu digər şəxslərə vermək olmaz. Digər şəxslərdə eyni xəstəlik simptomlarının olmasına baxmayaraq, preparat onlar üçün zərərli ola bilər. • Hər hansı ağır əlavə təsirlər yarandıqda və ya içlik vərəqədə qeyd edilməyən əlavə effekt aşkar edildikdə, həkimə və ya əczaçıya müraciət etmək lazımdır (“Əlavə təsirləri” bölməsinə bax). TALLİTON 6,25 mq, 12,5 mq, 25 mq tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Carvedilol

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində müvafiq olaraq 6,25 mq, 12,5 mq və ya 25 mq karvedilol vardır. Köməkçi maddələr: laktoza monohidrat, krospovidon, saxaroza, susuz kolloidal silisium dioksid, povidon K-25, maqnezium stearat. Boya maddələri: xinolin sarısı C.I. 47005 (6,25 mq), sarı sanset C.I. 15985 (12,5 mq).

Təsviri

Talliton 6,25 mq Solğun sarı rəngli, yastı, uzunsov formalı, kənarları kəsik, bir tərəfində xətti olan və digər tərəfində E hərfi və 341 rəqəmi olan, qoxusuz və ya demək olar ki, qoxusuz tabletlərdir. Talliton 12,5 mq Solğun narıncı rəngli (daha tünd rəngli çillərin olması mümkündür), yastı, dairəvi, kənarları kəsik, bir tərəfində xətti olan və digər tərəfində E hərfi və 342 rəqəmi olan, qoxusuz və ya demək olar ki, qoxusuz tabletlərdir. Talliton 25 mq Ağ və ya demək olar ki, ağ rəngli, yastı, dairəvi, kənarları kəsik, bir tərəfində xətti olan və digər tərəfində E hərfi və 343 rəqəmi olan, qoxusuz və ya demək olar ki, qoxusuz tabletlərdir.

Farmakoterapevtik qrupu

Alfa və beta-blokatorlar. ATC kodu: C07AG02.

Farmakoloji xüsusiyyətləri

Talliton preparatının təsiredici maddəsi olan karvedilol beta-blokatorlar sinfinə aid olub, damargenişləndirici təsirə malikdir.

İstifadəsinə göstərişlər

Talliton tabletləri aşağıdakı xəstəliklərin uzun müddətli müalicəsində istifadə edilir: • yüksək arterial təzyiq; • xroniki stabil stenokardiya (eyni cür yüklənmə zamanı yaranan və yüngülləşən ürək nahiyəsində sıxıcı ağrı); • xroniki stabil ürək çatışmazlığının (orta və ağır dərəcəli) əlavə müalicəsi.

Əks göstərişlər

Aşağıda göstərilən hallarda Talliton preparatını istifadə etmək olmaz: – pasiyentdə preparatın təsiredici maddəsi olan karvedilola və ya Talliton preparatının tərkibinə daxil olan“Tərkibi” bölməsində qeyd olunan köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya müşahidə olunduqda; – pasiyentdə dekompensasiya olunmuş ürək çatışmazlığı qeyd olunduğu halda; – pasiyentdə əvvəllər ağciyərlərin digər xəstəlikləri ilə əlaqəli astma (təngnəfəslik və tənəffüsün çətinləşməsi) və ya təngnəfəslik qeyd olunduğu halda; – pasiyentdə qaraciyər funksiyalarının ağır pozğunluğu müşahidə olunduqda; – ürək ritmi elektrokardiostimulyator vasitəsi ilə etibarlı nəzarət olunan vəziyyətlər istisna olmaqla, pasiyentdə ürəkdə oyanıqlığın ötürülməsi pozulduğu hallarda (ürək blokadası); – sinus düyününün zəiflik sindromu (sino-atrial blokada daxil olmaqla); – kardiogen şok; – pasiyentdə bradikardiya (ürək yığılmaları tezliyinin dəqiqədə 50 vurğudan aşağı düşməsi) qeyd olunduqda; – pasiyent ağır arterial hipotenziyadan əziyyət çəkdiyi hallarda (sistolik təzyiqin yuxarı səviyyəsi 85 mm.c.s-dən aşağı olan arterial təzyiq); – pasiyentdə feoxromositoma (arterial təzyiqin yüksəlməsi ilə müşayiət olunan böyrəküstü vəzilərin şişi) qeyd olunduqda; – mövcud xəstəlik (məsələn, şəkərli diabet) nəticəsində pasiyentdə maddələr mübadiləsinin ağır pozğunluğu (metabolik asidoz – orqanizmin maye və toxumalarının turşuluq göstəricilərinin patoloji yüksəlməsi) inkişaf etdiyi halda; – periferik qan dövranının ağır pozuntuları; – az müddət əvvəl pasiyentdə ürək çatışmazlığı simptomlarının pisləşməsi və ya həmin simptomların, vena daxilinə dərman preparatlarının yeridilməsi tələb olunan dərəcəyə qədər inkişaf etməsi qeyd olunduğu hallarda; – pasiyentə vena daxilinə verapamilin və ya diltiazemin istifadəsi ilə müalicə təyin olunduğu hallarda; – ürək-damar çatışmazlığının inkişaf etmə təhlükəsi ilə müşayiət olunan ürək funksiyalarının ağır pozğunluğundan əziyyət çəkən pasiyentlərə göstərilən preparatı istifadə etmək olmaz. Pasiyentdə yuxarıda qeyd olunan vəziyyətlərdən hər hansı biri qeyd olunduğu halda (və ya hər hansı bir şübhə meydana çıxdıqda) həkimə müraciət etmək lazımdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Talliton preparatı tabletlərinin istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Talliton preparatı tabletlərinin istifadəsinə başlamazdan əvvəl, pasiyentdə aşağıda göstərilən vəziyyətlərdən hər hansı birinin müşahidə olunması barədə həkimi məlumatlandırmaq lazımdır: – pasiyentdə şəkərli diabet qeyd olunduqda; – pasiyentdə döş nahiyəsində xüsusi sıxıcı ağrı növü (qeyri-stabil Prinsmetal stenokardiyası adlandırılan) aşkar olunduqda; – pasiyentdə ürək funksiyalarının hər hansı digər pozğunluğu qeyd olunduqda; – pasiyentdə ürək yığılmaları tezliyinin çox aşağı düşməsi (55 vurğu/dəqiqədə göstəricidən aşağı); – pasiyentin ətraflarının damarlarında daralma müşahidə olunduğu halda; – pasiyentdə əsasən, barmaqlarında qan dövranının, Reyno fenomeni adlandırılan pozğunluğu əvvəlcədən təsdiq olunduğu halda; – pasiyentdə qaraciyər, böyrək və ya qalxanabənzər vəzi xəstəlikləri qeyd olunduqda; – pasiyentə, arterial təzyiqin yüksəlməsi ilə müşayiət olunan böyrəküstü vəzinin şişi (feoxromositoma) ilə əlaqəli müalicə təyin olunduğu halda; alfa blokatoru beta blokator qəbuluna qədər təyin etmək lazımdır; – pasiyentdə əvvəllər ağır allergik reaksiya qeyd olunduqda və ya pasiyent desensibilizasiyaedici müalicə (allergik reaksiyanın (hiperhəssaslıq reaksiyasının) meydana çıxmasına səbəb olan məlum maddənin effektinin aşağı salınması üsulu) qəbul etdiyi halda; – pasiyentdə və ya pasiyentin ailəsində əvvəllər psoriaz halları müşahidə olunduqda; – pasiyent kontakt linzalardan istifadə etdiyi halda; – pasiyentdə tənəffüs yollarının daralması ilə müşayiət olunan ağciyərlərin xroniki xəstəliyi qeyd olunduğu halda. Xüsusi göstərişlər Ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (nəfəs vermə prosesinin çətinləşməsi ilə müşayiət olunan) əziyyət çəkən və tablet və ya inhalyasiya şəklində dərman preparatlarından istifadə etməyən pasiyentlərdə Talliton preparatının istifadə müddətində nəfəs vermə prosesinin çətinləşməsi qeyd oluna bilər. Göstərilən vəziyyətlərdə dozanın dəqiqləşdirilməsi və ya Talliton preparatının istifadəsinin dayandırılması tələb oluna bilər. Talliton preparatının istifadəsi müddətində, xüsusilə müalicə kursunun əvvəlində ürək çatışmazlığı simptomları, məsələn, yorğunluq, təngnəfəslik və ayaqların ödemi (vadyanka) güclənə bilər. Pasiyentdə həmin simptomların qeyd olunması barədə, həkimi mütləq məlumatlandırmaq lazımdır, çünki, Talliton preparatının dozasının aşağı salınması tələb oluna bilər. Ürək çatışmazlığı ilə əlaqəli Talliton preparatı ilə müalicə qəbul edən pasiyentlərdə sistolik arterial təzyiq (iki göstəricidən birincisi) 100 mm.c.s-dən aşağı olduqda və eyni zamanda pasiyentdə ürəyin işemik xəstəliyi, periferik arteriyaların stenozu (damarların daralması) və ya böyrək çatışmazlığı qeyd olunduğu hallarda, göstərilən preparatın istifadəsi, böyrək funksiyalarının pisləşməsinə səbəb ola bilər. Bu səbəbdən, böyrək funksiyalarına müntəzəm nəzarətin aparılması vacibdir. Pasiyentdə böyrək funksiyalarının pisləşməsi simptomları (bədən kütləsinin artması, sidik həcminin aşağı düşməsi, qaşınma) meydana çıxdığı halda, dərhal həkimlə məsləhətləşmək lazımdır. Talliton preparatı tabletləri qanda qlükoza səviyyəsinin aşağı düşməsinin əlamətlərini (məsələn, qıcıqlanma, əsmə, nəbzin tezləşməsi) maskalaya bilər və ya zəiflədə bilərlər; bundan əlavə, preparatın istifadəsi müddətində qanda qlükozanın səviyyəsi yüksələ bilər və ya aşağı düşə bilər. Bu səbəbdən, diabetdən əziyyət çəkən pasiyentlərdə qanda qlükozanın səviyyəsinə daha tez-tez nəzarət etmək lazımdır və həkim diabetəleyhinə preparatın dozasını dəyişə bilər. Pasiyentdə ümumi narkozun istifadəsi ilə cərrahi əməliyyatın aparılması planlaşdırıldığı halda, Talliton preparatının istifadəsi barədə həkimi məlumatlandırmaq lazımdır. Karvedilolun istifadəsi fonunda, çox nadir hallarda həyat üçün təhlükəli dəri reaksiyaları, məsələn, Stivens-Conson sindromu və toksik epidermal nekroliz inkişaf etmişdir; bu zaman, bir çox hallarda ağız boşluğunda, burunda, boğazda və ya cinsiyyət orqanlarında qovuqcuqların və ya xoraların əmələ gəlməsi ilə müşayiət olunan, dəri üzərində proqressivləşən, ağır dərəcəli səpgilər qeyd oluna bilər. Pasiyentdə həmin simptomlar aşkar olunduğu halda, dərhal həkimə müraciət etmək lazımdır (“Əlavə təsirləri” bölməsinə bax). Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Talliton preparatını uşaqlara və 18 yaşa qədər yeniyetmələrə təyin etmək olmaz. Talliton tabletlərinin tərkibində laktoza, saxaroza və rəngləyicilər vardır. Preparatın hər tabletinin tərkibində 50 mq laktoza (süd şəkəri) və 12,5 mq saxaroza (şəkər çuğunduru) vardır. Pasiyentin bəzi şəkərlərə qarşı dözümsüzlüyü olduqda, bu barədə həkimə məlumat verməlidir. 12,5 mq-lıq Talliton tabletlərinin tərkibində sarı sanset (E 110) boya maddəsi vardır ki, bu da, allergik reaksiyalara səbəb ola bilər.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırda və ya yaxınlarda istifadə olunan və ya istifadəsi planlaşdırılan istənilən dərman vasitəsi barədə həkimə məlumat vermək lazımdır. Xüsusilə aşağıdakı preparatlarla eyni vaxtda istifadəsi zamanı həkimə məlumat vermək lazımdır: – aritmiyanın müalicəsi üçün digər dərman vasitələri (məsələn, amiodaron); – ürək xəstəliklərinin və hipertenziyanın müalicəsi üçün dərman vasitələri (məsələn, sidikqovucular, kalsium kanallarının blokatorları (diltiazem və ya verapamil kimi), klonidin, nitratlar və ya diqoksin); – arterial təzyiqi endirən digər xəstəliklərin müalicəsi üçün istifadə edilən dərman vasitələri (məsələn, yuxugətirici vasitələr, trankvilizatorlar, antidepressantlar, məsələn, paroksetin və ya fluoksetin); – siklosporin (bu preparat orqanın ayrılmasının qarşısını almaq üçün transplantasiyadan sonra təyin edilir); – monoaminoksidazanın inhibitorları (antidepressantların bir növü); – tərkibində erqotamin, rifampisin (vərəmin müalicəsi üçün antibiotik), barbituratlar, mədə turşuluğunu azaldan preparatlar (simetidin), ketokonazol, haloperidol, eritromisin, eləcə də, astmanın və ağciyərlərin digər xəstəliklərinin müalicəsi üçün preparatlar (aminofillin, teofillin) və ya bronxları genişləndirən tərkibində beta-adrenoreseptorların aqonistləri olan dərman vasitələri; – insulin və ya daxilə qəbul edilən şəkərli diabetin müalicəsi üçün vasitələr; – qeyri-steroid iltihabəleyhinə və bədən temperaturunun azaldılması üçün preparatlar, estrogenlər, kortikosteroidlər; – sinir-əzələ blokatorları. Cərrahi əməliyyatdan və narkozdan əvvəl Talliton preparatının qəbul edilməsi barədə həkimə məlumat vermək lazımdır. Arterial təzyiqin enməsi üçün Talliton preparatı ilə yanaşı klonidin qəbul etdikdə, klonidinin istifadəsini həkimlə əvvəlcədən məsləhətləşmədən ləğv etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Pasiyent hamilə olduqda, körpəsini ana südü ilə qidalandırdıqda, hamilə olmasını ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdığı halda, həkimə və ya əczaçıya məlumat verməlidir. Hamiləlik Ana üçün gözlənilən fayda mümkün riskdən üstün olduğu hallar istisna olmaqla, Talliton preparatını hamiləlik dövründə istifadə etmək olmaz. Laktasiya dövrü Laktasiya dövründə Talliton preparatını qəbul etmək məsləhət görülmür. Pasiyentin ana südü ilə qidalandırma zamanı preparatdan istifadə etməsi tövsiyə edilmir. Hamiləlik və laktasiya dövründə istənilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl, həkimlə məsləhətləşmək lazımdır. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Talliton preparatı nəqliyyat idarə etmək və mexanizmlərlə iş qabiliyyətinə təsir edə bilər, lakin bu təsir pasiyentin fərdi reaksiyasından asılıdır. Bu, əsasən preparatln qəbuluna ilk başladıqda baş verə bilər, eləcə də, alkoqolla eyni vaxtda istifadəsi zamanı. Talliton preparatının qəbulu zamanı həddindən artıq güclü yorğunluq və başgicəllənmə hiss etdikdə, nəqliyyat idarə etməkdən və mexanizmlərlə işləməkdən çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Talliton preparatını hər zaman həkimin və ya əczaçının təyinatlarına müvafiq istifadə etmək vacibdir. İstənilən şübhə meydana çıxdığı halda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək mütləqdir. Dozalanma rejimi Arterial təzyiqin yüksəlməsi Arterial təzyiq yüksəldiyi halda adətən istifadə edilən doza, ilk 2 gün müddətində gündə 1 dəfə 12,5 mq təşkil edir. Daha sonra, dozanın gündə bir dəfə 25 mq-a qədər artırılması tövsiyə olunur. Pasiyentlərin əksəriyyəti üçün göstərilən doza yetərlidir. Kifayət qədər effekt əldə olunmadığı halda, həkim preparatın istifadəsini 14 gündən az olmayan intervallarla, maksimal dozaya qədər artıra bilər – gündə 1 dəfə 50 mq və ya 2 dəfəyə bölərək, səhər və axşam 25 mq. Xroniki stabil stenokardiya zamanı preparatın tövsiyə olunan başlanğıc dozası ilk 2 gün müddətində gündə 2 dəfə 12,5 mq təşkil edir. Tövsiyə olunan dəstəkləyici doza gündə 2 dəfə 25 mq təşkil edir. Zərurət yarandığı halda, preparatın istifadəsindən 2 həftədən tez olmamaqla, həkim həmin dozanı artıra bilər. Maksimal sutkalıq doza gündə 2 dəfə 50 mq təşkil edir. Xroniki ürək çatışmazlığı (XÜÇ) Preparatın dozası fərdi qaydada həkim tərəfindən təyin olunur. Dozanı təyin etməzdən əvvəl, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərin müalicəsi təcrübəsinə malik mütəxəssis, pasiyentin klinik vəziyyətini qiymətləndirmək məqsədi ilə klinik müayinə aparmalıdır. Klinik vəziyyətin qiymətlənidirilməsinin nəticəsindən asılı olaraq, preparat pasiyentə ambulator və ya stasionar şəraitdə təyin olunmalıdır. Preparatın tövsiyə olunan başlanğıc dozası: ilk 2 həftə müddətində gündə iki dəfə 3,125 mq (6,25 mq dozada tabletin yarısı) təşkil edir. Bu doza pasiyent tərəfindən yaxşı qəbul edildiyi halda, həkim preparatın istifadəsini, 2 həftədən az olmayan intervallarla gündə 2 dəfə 6,25 mq-a, daha sonra gündə 2 dəfə 12,5 mq-a və gündə 2 dəfə 25 mq-a qədər artıra bilər. Dozanı, pasiyent tərəfindən qəbul edilən maksimal dozaya qədər artırmaq lazımdır. Pasiyentlər yaxşı qəbul edilən maksimal və ya dəstəkləyici dozadan istifadə etməlidirlər. Tövsiyə olunan maksimal doza: ağır XÜÇ qeyd olunan bütün pasiyentlər üçün və bədən kütləsi 85 kq-dan aşağı olan orta dərəcəli XÜÇ-dən əziyyət çəkən pasiyentlər üçün tövsiyə olunan maksimal doza gündə 2 dəfə 25 mq təşkil edir. Bədən kütləsi 85-kq-dan artıq olan orta dərəcəli XÜÇ-dən əziyyət çəkən pasiyentlər üçün preparatın dozası gündə iki dəfə 50 mq təşkil edir. Pasiyentin vəziyyəti, xüsusilə, müalicənin əvvəlində pisləşə bilər və xəstəliyin simptomları (yorğunluq hissi, havanın çatışmaması hissi) güclənə bilər, eyni zamanda orqanizmdə mayenin ləngiməsi simptomları (məsələn, bədən kütləsinin artması və ya baldırların ödemi) inkişaf edə bilər. Pasiyentin vəziyyətinin pisləşməsi barədə həkimi məlumatlandırmaq lazımdır, çünki bu zaman, pasiyent tərəfindən istifadə edilən dərman preparatlarının dozalarının dəyişdirilməsi tələb oluna bilər. Xüsusi pasiyent qrupları Yaşlı pasiyentlər Hipertenziya və xroniki ürək çatışmazlığı qeyd olunan pasiyentlər üçün preparatın dozalanması, böyüklər üçün dozalara müvafiqdir. Xroniki stenokardiya zamanı yaşlı pasiyentlər üçün maksimal doza, sutkada 2 dəfə 25 mq təşkil edir. Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Böyrək funksiyaları pozulduğu halda, karvedilolun dozasının dəyişdirilməsi tələb olunmur. Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Qaraciyər funksiyalarının ağır pozğunluqlarından əziyyət çəkən pasiyentlər üçün karvedilolun istifadəsi əks göstərişdir. Qaraciyər funksiyalarının mülayim pozğunluğu qeyd olunduğu halda, həkim Talliton preparatının dozasını aşağı sala bilər. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr Preparatın təhlükəsizliyi və effektivliyi barədə kifayət qədər məlumatın olmamasını nəzərə alaraq, Talliton preparatını 18 yaşa qədər uşaqlara təyin etmək olmaz. İstifadə qaydası Preparat daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur. Bu tabletləri çeynəmədən, qida qəbulundan asılı olmayaraq, ən azı yarım stəkan su ilə birlikdə daxilə qəbul etmək lazımdır. Arterial təzyiqin qəflətən aşağı düşməsi riskini azaltmaq məqsədi ilə, xroniki ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər preparatı qida ilə birlikdə qəbul etməlidirlər. Talliton preparatını tabletlərinin qida və alkoqol ilə birlikdə istifadəsi Talliton preparatı tabletlərini qida qəbulundan asılı olmayaraq istifadə etmək olar. Arterial təzyiqin sürətlə aşağı düşməsi və başgicəllənmə riskini azaltmaq məqsədi ilə, xroniki ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərə preparatı qida ilə birlikdə istifadə etmək tövsiyə olunur. Talliton preparatının qəbulu müddətində alkoqol tərkibli içkilərin müntəzəm istifadəsi, həm göstərilən preparatın, həm də alkoqolun effektlərinin güclənməsinə səbəb ola bilər. Talliton preparatı tabletlərinin istifadəsinin ötürülməsi İstifadəsi ötürülən tabletin dozasını bərpa etmək məqsədi ilə, preparatın ikiqat dozasını qəbul etmək olmaz, nəzərə almaq lazımdır ki, bu, ötürülən dozanı kompensasiya etmir, lakin, doza həddinin aşılması riskinin meydana çıxmasına səbəb ola bilər. Preparatın istifadəsini həkim təyinatına müvafiq davam etdirmək lazımdır. Talliton preparatı tabletlərinin istifadəsinin dayandırılması Talliton preparatı tabletləri uzunmüddətli istifadə üçün nəzərdə tutulmuşdur. Preparatın istifadəsini təyin olunan müddətdən tez dayandırmaq olmaz, çünki bu, xəstəliyin residivləşməsinə səbəb ola bilər. Göstərilən preparatın istifadəsinin qəflətən dayandırılması, xüsusilə stenokardiyadan əziyyət çəkən pasiyentlərdə döş nahiyəsində ağrının meydana çıxmasına və arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər. Bu səbəbdən, preparatın istifadəsini tədricən, həkim tövsiyələrinə müvafiq dayandırmaq lazımdır. Talliton preparatı tabletlərini klonidin tərkibli preparatlarla eyni zamanda istifadə etdikdə, həmin preparatlardan heç birini həkim məsləhəti olmadan dayandırmaq olmaz. Bu preparatların istifadəsini yalnız, həkim təyinatına müvafiq və onun təlimatlarına dəqiq riayət etməklə dayandırmaq lazımdır. Göstərilən preparatın istifadəsi ilə əlaqəli əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Talliton tabletlərinin qida və alkoqolla qəbulu Talliton tabletlərini qida qəbulundan asılı olmayaraq, qəbul etmək olar. Xroniki ürək çatışmazlığı olan pasiyentlərə arterial təzyiqin tez zamanda enməsi riskini və başgicəllənməni azaltmaq üçün bu preparatı qida qəbulu zamanı istifadə etmək məsləhət görülür. Talliton preparatının qəbulu zamanı alkoqollu içkilərdən müntəzəm istifadə bu preparatın, eləcə də, alkoqolun effektini gücləndirə bilər.

Əlavə təsirləri

Bütün digər dərman vasitələri kimi, bu preparat da əlavə effektlərin meydana çıxmasına səbəb ola bilər, lakin bu effektlər hər pasiyentdə müşahidə olunmur. Ehtimal edilən əlavə effektlərin tezliyi (baş vermə tezliyi) orqan siniflərinə müvafiq göstərilmişdir və aşağıda qeyd olunan qaydada təsnif edilmişdir: çox tez-tez (10 pasiyentdən 1- dən çoxunda müşahidə olunur), tez-tez (100 pasiyentdən 1-10-da müşahidə olunur), bəzən (1000 pasiyentdən 1-10-da müşahidə olunur), nadir hallarda (10000 pasiyentdən 1-10-da müşahidə olunur), çox nadir hallarda (10000 pasiyentdən 1-dən azında müşahidə olunur), məlum deyil (əldə olunan məlumatlar əsasında tezliyi müəyyən etmək mümkün deyil). Çox tez-tez: – güclü olmayan başgicəllənmə və baş ağrısı, xüsusilə müalicə kursunun əvvəlində; – zəiflik; – asteniya (yorğunluq). Yuxarıda göstərilən reaksiyalar adətən, şiddətli deyil və qısamüddətlidir; – hipotoniya (arterial təzyiqin aşağı düşməsi); – ürək çatışmazlığı. Tez-tez: – bronxit, pnevmoniya, yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları, sidik-ifrazat yollarının infeksiyaları; – qan azlığı (anemiya); – bədən kütləsinin artması; – qanda xolesterin səviyyəsinin yüksəlməsi; – diabetdən əziyyət çəkən pasiyentlərdə qanda şəkər səviyyəsinin yüksəlməsi və ya aşağı düşməsi və karbohidrat mübadiləsinin pisləşməsi; – depressiya və ya əhval-ruhiyyənin pisləşməsi; – şüurun qısamüddətli itməsi (sinkope vəziyyəti); – görmə qabiliyyətinin pozulması; – göz yaşı ifrazının aşağı düşməsi (quru gözlər sindromu), gözlərin qıcıqlanması; – ürək yığılmaları tezliyinin aşağı düşməsi (bradikardiya); – bədənin vəziyyəti sürətlə dəyişdiyi halda (məsələn, ayağa qalxdıqda), arterial təzyiqin aşağı düşməsi; – arterial təzyiqin yüksəlməsi; – ödemlər (ətrafların, cinsiyyət orqanlarının və ya digər bədən hissələrinin ödemi, təngnəfəsliklə və tənəffüsün çətinləşməsi ilə müşayiət oluna bilər), hipervolemiya; – ağciyər ödemi, tənəffüsün çətinləşməsi; – mədə bağırsaq traktında qeyd olunan pozğunluqlar – ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, diareya; – periferik qan dövranı pozğunluqları (ətrafların soyuması, periferik damar xəstəlikləri, növbələnən axsaqlığın (yerimə zamanı ayaq əzələlərində qan təchizatı çatışmazlığı ilə əlaqəli qəflətən ağrının meydana çıxması – pasiyent müəyyən məsafədən bir dayanmaq məcburiyyətində olur) pisləşməsi) və Reyno fenomeni (əl damarlarının spazmı, bunun nəticəsində barmaqların və qulaqların rəngi solğunlaşır və ya göyərir); – ağciyər astması (təngnəfəslik və tənəffüsün çətinləşməsi tutmaları); – nəfəs vermə prosesinin çətinləşməsi (tənəffüsün fışıltı və küylərlə müşayiət olunan çətinləşməsi); – aşağı ətraflarda ağrı; ağrı; – böyrək funksiyalarının pozulması; – sidik ifrazının pozulması. Bəzən: – qulaqcıq-mədəcik bloku (ürək əzələsində impulsların ötürülməsinin pozulması); – stenokardiya (döş nahiyəsində sıxıcı ağrı); – yuxunun pozulması, şüurun dumanlanması; – həssaslığın pozulması; – dəri üzərində qeyd olunan reaksiyalar (allergik səpgilər, dərinin iltihabı, övrə, qaşınma, yastı dəmrova bənzər dəyişikliklər (al-qırmızı rəngli səpgilər), psoriaza bənzər dəri zədələnmələri (psoriaz – kəpəklənən qırmızı ləkələrin əmələ gəlməsi ilə müşayiət olunan xroniki dəri xəstəliyidir)) və ya psoriazın gedişinin pisləşməsi, hiperhidroz; – saçların tökülməsi; – erektil funksiyanın pozulması; – qəbizlik. Nadir hallarda: – trombositopeniya (qan lövhəciklərinin miqdarının aşağı düşməsi – bu zaman qanaxmanın dayandırılması üçün daha uzun müddət tələb olunur; dəri altına qansızmaların nəticəsində dəri rənginin dəyişməsi, qanaxmalar, məsələn damaqlardan və ya bağırsaqdan); – burunun tutulması; – ağızda quruluq. Çox nadir hallarda: – ağ qan hüceyrələrinin miqdarının azalması; – qaraciyər funksiyaları sınaqlarının nəticələrinin dəyişməsi (qaraciyər fermentlərinin aktivliyinin yüksəlməsi); – qadınlarda sidiyi saxlaya bilməmək; – allergik reaksiyalar; – dəri üzərində ağır, ehtimal ki, həyat üçün təhlükəli reaksiyalar (məsələn, multiform eritema, Stivens-Conson sindromu, toksik epidermal nekroliz) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Pasiyentdə dəri üzərində səpgilərin, qaşınmanın, təngnəfəsliyin/tənəffüs çətinləşməsinin aşkar edilməsi barədə, dərhal həkimi məlumatlandırmaq lazımdır. Diabet simptomlarının pisləşməsi ehtimalını nəzərə alaraq, şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə Talliton preparatı ilə aparılan müalicə müddətində qanda şəkərin səviyyəsinə daha tez-tez nəzarət etmək lazımdır. Bundan əlavə, Talliton preparatının istifadəsinə başladıqdan sonra, latent (gizli) şəkərli diabet meydana çıxa bilər. Miokard infarktından sonra sol mədəcik funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərdə müşahidə olunan əlavə reaksiyalar, artıq məlum olan əlavə reaksiyalarla eyni olmuşdur, lakin, həmin pasiyentlərdə ürək çatışmazlığı simptomlarının daha tez-tez müşahidə olunması və anemiyanın, infeksiyaların, ağciyər ödeminin və arterial təzyiqin yüksəlməsinin çox tez-tez inkişaf etməsi istisna təşkil edir. Əlavə təsirlər barədə məlumatın verilməsi Yuxarıda göstərilən hər hansı əlavə effekt aşkar olunduqda və ya bu içlik vərəqədə qeyd edilməyən istənilən əlavə effektlər meydana çıxdığı halda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Əlavə effektlər barədə həmçinin, bilavasitə əlavə effektlərin Milli qeydiyyat sisteminə məlumat vermək mümkündür. Əlavə effektlər barədə məlumat verməklə, göstərilən dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmək olar.

Doza həddinin aşılması

Talliton preparatı tabletlərini təyin olunan miqdardan artıq qəbul etdikdə, pasiyent dərhal həkimə və ya ən yaxında yerləşən xəstəxananın təcili yardım şöbəsinə müraciət etməlidir. Tabletrləri həddindən artıq miqdarda qəbul etdikdə (doza həddinin əhəmiyyətli aşılması), başgicəllənmə, bayğınlıq, yorğunluq hissi, arterial təzyiqin və nəbz tezliyinin əhəmiyyətli aşağı düşməsi, ürək çatışmazlığının qəflətən meydana çıxması, təngnəfəslik, nəfəs vermə prosesinin çətinləşməsi və ürəkbulanma müşahidə oluna bilər. Pasiyentə təcili tibbi yardım göstərilmədiyi halda, şüurun itməsi, qıcolma tutması, qan dövranı sisteminin kollapsı və ürəyin dayanması qeyd oluna bilər.

Buraxılış forması

Talliton 6,25 mq 7 tablet, blisterdə. 2 və ya 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Talliton 12,5 mq; 25 mq 14 tablet, blisterdə. 1 və ya 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Bazarda preparatın bütün ölçüləri olmaya bilər.

Saxlanma şəraiti

25ºС-dən yüksək olmayan temperaturda, işıqdan və rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dərman vasitəsini məişət tullantılarına və axar sulara atmaq olmaz. Preparatın istifadə edilməyən qalığını atmaq lazım olduqda, əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin qorunmasına yardım edə bilər. Talliton tabletlərinin keyfiyyətinin pozulduğu aşkar edildikdə, preparatı qəbul etmək olmaz.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Yararlılıq müddəti qeyd edilən ayın sonuncu gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“EGİS əczaçılıq zavodu” QSC. 1165 Budapeşt, Bökenföldi k., 118-120, Macarıstan.

Qeydiyyat vəsiqəsinin sahibi

“EGİS əczaçılıq zavodu” QSC. 1106 Budapeşt, Keresturi küç., 30-38, Macarıstan.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Talliton 12,5 mq N28 tablet” üçün ilk rəyi siz yazın.