Metformin Denk 1000 mq N30 tablet
| Dərman forması | Tablet |
|---|---|
| Farmakoloji təsir | Şəkərli diabetəleyhinə dərman vasitələri. Qanda qlükozanı azaldan maddələr, insulin istisna olmaqla. Biquanidlər |
| İstehsal ölkəsi | Almaniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
6,12 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Bu preparatı istifadə etməzdən öncə bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır. • Bu içlik vərəqəsini saxlayın. Siz onu bir daha oxumalı ola bilərsiniz. • Hər hansı sualınız olarsa, lütfən, həkim və ya əczaçıya müraciət edin. • Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin. Hətta onlarda olan xəstəlik simptomları Sizinki ilə eyni olsa belə, bu dərman onlar üçün zərərli ola bilər. • Sizdə hər hansı əlavə təsir baş verdikdə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Bunlara bu içlikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir. METFORMİN DENK 1000 örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Metformin
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkbində 780 mq metforminə ekvivalent 1000 mq metformin hidroxlorid vardır. Köməkçi maddələr: hipromelloza, povidon K 25, maqnezium stearat, makroqol 6000, titan dioksid.
Təsviri
Ağ rəngli, uzunsov, bir tərəfində dərin bölmə xətti, o biri tərəfində bölmə işarəsi olan örtüklü tabletlərdir. Tabletlər iki bərabər hissəyə bölünə bilər.
Farmakoterapevtik qrupu
Şəkərli diabetəleyhinə dərman vasitələri. Qanda qlükozanı azaldan maddələr, insulin istisna olmaqla. Biquanidlər. ATC kodu: А10ВА02.
Farmakoloji xüsusiyyətləri
Metformin Denk 1000 preparatının təsiredici maddəsi olan metformin şəkərli diabetin müalicəsində istifadə edilir. O, biquanidlər adlanan dərman vasitələri qrupuna aiddir. İnsulin mədəaltı vəzidə yaranan və qandakı qlükozanın (şəkərin) orqanizm tərəfindən mənimsənilməsini təmin edən hormondur. Orqanizm qlükozanı enerji hazırlamaq üçün istifadə edir və ya gələcəkdə istifadə etmək üçün saxlayır. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən pasiyentlərdə mədəaltı vəzi kifayət qədər insulin hazırlamır və ya orqanizmdə hazırlanmış insulini lazımi şəkildə istifadə edə bilmir. Bu da qanda qlükozanın səviyyəsinin yüksəlməsi ilə nəticələnir. Metformin Denk preparatı qanda qlükozanın miqdarını mümkün olan normal səviyyəyə endirməkdə kömək edir. Artıq bədən çəkisi olan böyüklərdə Metformin Denk 1000 preparatının uzunmüddətli qəbulu, diabetlə əlaqəli ağırlaşmaların riskini azaldır. Metformin Denk 1000 preparatı ya sabit bədən çəkisi və ya çəkinin zəif azalması ilə əlaqələndirilir. Farmakodinamikası Metformin plazmada qlükozanın həm bazal, həm də postprandial səviyyəsini azaldan antihiperqlikemik təsirli biquaniddir. İnsulin ifrazını stimullaşdırmır və bu səbəbdən hipoqlikemiya yaratmır. Metformin 3 mexanizm vasitəsilə təsir edə bilər: ˗ Qlükoneoqenez və qlikogenolizin qarşısını alaraq qlükozanın qaraciyərdə əmələ gəlməsinin azaldır. ˗ Əzələlərdə insulinə həssaslığı artıraraq, periferik qlükozanın mənimsənilməsi və istifadəsini yaxşılaşdırır. ˗ Bağırsaqda qlükozanın sorulmasını gecikdirir. Metformin qlikogensintetazaya təsir edərək hüceyrədaxili qlikogenin sintezini stimullaşdırır. Metformin, qlükozanın bütün tanınmış membran daşıyıcılarının nəqliyyat qabiliyyətini artırır. İnsanlarda, qlikemiyaya qarşı təsirindən asılı olmayaraq, metformin lipid metabolizminə müsbət təsir göstərir. Bu, nəzarət olunan, orta və ya uzunmüddətli klinik tədqiqatlarda terapevtik dozalarda göstərilmişdir. Metformin ümumi xolesterin, LDL xolesterin (aşağı sıxlıqlı lipoproteinlər) və triqliseridlərin səviyyəsini azaldır. Farmakokinetikası Peroral qəbulundan sonra metformin hidroxlorid maksimal konsentrasiyaya 2,5 saata çatır. Sağlam subyektlərdə 500 mq və ya 850 mq metformin hidroxlorid tabletinin mütləq bioyararlığı təxminən 50 – 60% -dir. Peroral qəbulundan sonra nəcislə xaric olunan absorbsiya olunmamış fraksiya 20 – 30% təşkil edir. Peroral qəbul edildikdən sonra metformin hidroxloridin absorbsiyası natamam və doymamış olur. Metforminin absorbsiyasının farmakokinetikası qeyri-xətti olduğu ehtimal edilir. Metforminin tövsiyə olunan doza və rejimdə qəbul edildikdə, plazmada sabit konsentrasiyaları 24-48 saat ərzində əldə edilir və adətən 1 mkq/ml-dən azdır. Qida metforminin absorbsiya dərəcəsini azaldır və bir qədər gecikdirir. Plazma zülalları ilə bağlanması əhəmiyyətsizdir. Metformin eritrositlərə keçir. Qanda pik konsentrasiyası plazmada olan pik konsentrasiyasından daha aşağıdır və təxminən eyni vaxtda görünür. Qırmızı qan hüceyrələri çox güman ki, paylamanın ikincili hissəsini təşkil edir. Orta paylama həcmi (Vd) 63 – 276 l arasında dəyişir. Metformin dəyişməmiş şəkildə sidiklə xaric olunur. İndiyə qədər insanlarda heç bir metabolit aşkar edilməmişdir. Metforminin böyrək klirensi > 400 ml/dəq-dir, bu metforminin yumaqcıq filtrasiya və kanalcıq sekresiyası ilə xaric olunmasını göstərir. Peroral dozadan sonra terminal yarımxaricolma dövrü təxminən 6.5 saatdır. Böyrək funksiyasının çatışmazlığında, böyrək klirensi kreatinin nisbətində azalır və bu səbəbdən yarımxaricolma dövrü uzanır, bu da plazmadakı metforminin səviyyəsinin artmasına səbəb olur.
İstifadəsinə göstərişlər
Metformin Denk 1000 preparatı 2-ci tip şəkərli diabetdən (“insulindən asılı olmayan diabet”) əziyyət çəkən pasiyentlərin müalicəsində, xüsusilə ağırçəkili pasiyentlərdə pəhrizlə tənzimləmə və tək fiziki məşqlə qandakı qlükozanın nəzarət altına alınması mümkün olmadığı təqdirdə istifadə olunur. Böyüklər Metformin Denk 1000 preparatını tək və ya digər şəkərli diabetin müalicəsi üçün istifadə olunan preparatlarla (peroral qəbul olunan dərman vasitələri və insulin kimi) birlikdə qəbul edə bilərlər. Metformin Denk 1000 preparatı 10 yaş və daha böyük uşaqlar və yeniyetmələrdə tək və ya insulinlə birlikdə istifadə oluna bilər.
Əks göstərişlər
˗ Metforminə və ya preparatın tərkibindəki digər maddələrə qarşı allergiya (“Tərkibi” bölməsinə baxın), ˗ qaraciyər problemləri, ˗ böyrək funksiyasının ağır çatışmazlığı, ˗ ağır hiperqlikemiya (qanda qlükozanın yüksək səviyyəsi), ürəkbulanma, qusma, diareya, sürətli çəki itirilməsi, laktoasidoz (“Laktoasidoz riski”-nə baxın) və ya ketoasidozla birgə kontrol edilməyən şəkərli diabet. Ketoasidoz “keton cisimləri” adlanan maddələrin qanda toplanması vəziyyətidir və diabetik pre-komaya səbəb ola bilər. Simptomlara mədə ağrısı, sürətli və dərin tənəffüs, yuxululuq və ya nəfəsdən qeyri-adi meyvə qoxusunun olması aiddir; ˗ orqanizmin çox miqdarda su itirməsi (dehidratasiya), məsələn çox davam edən və ya ağır ishal kimi, və ya ardıcıl olaraq bir neçə dəfə qusma olduqda. Dehidratasiya böyrək problemlərinə səbəb ola bilər və nəticədə laktoasidoz yarana bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın); ˗ kəskin ürək çatışmazlığı və ya yaxın vaxtlarda keçirilmiş ürək tutması, qan dövranı ilə əlaqədar ciddi problemlər (şok kimi) və ya tənəffüs çətinliyi. Bu toxumalarda oksigen təchizatı çatışmazlıqlarına səbəb ola bilər ki, bu da öz növbəsində laktoasidozla nəticələnə bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın); ˗ həddindən artıq alkoqolun qəbulu və kəskin alkoqol intoksikasiyası. Yuxarıdakılardan hər hansı sizə aid olduqda, preparatı qəbul etməzdən əvvəl həkimə bu barədə məlumat verin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda həkimlə məsləhətləşin: ˗ Rentgen müayinəsi və ya tərkibində yod olan kontrast maddənin qan dövranına yeridilməsi ilə aparılan müayinələrə ehtiyac olduqda, ˗ iri miqyaslı əməliyyat keçirilməli olduqda. Müayinə və ya əməliyyatdan əvvəl və sonra Metformin Denk 1000 preparatının qəbulu müəyyən müddətlik dayandırılmalıdır. Həkim bu müddət ərzində digər müalicənin lazım olub-olmaması barədə qərar verəcək. Həkimin təlimatlarına dəqiqliklə əməl etmək vacibdir. Metformin Denk 1000 preparatını qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin. Laktoasidoz riski Xüsusən böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə, Metforin Denk 1000 preparatı çox nadir, lakin ciddi ağırlaşma olan laktoasidoza səbəb ola bilər. Laktoasidozun inkişaf riski kontrol olunmayan şəkərli diabet, ciddi infeksiyalar, uzunmüddətli ac qalma və ya alkoqol qəbulu, dehidratasiya, qaraciyər problemləri və toxumalarda oksigen təchizatı çatışmazlığı olan hər hansı bir tibbi hal (kəskin ağır ürək xəstəliyi kimi) ilə əlaqədar arta bilər. Yuxarıdakılardan hər hansı sizə aid olduqda, həkimə bu barədə məlumat verin. Ağır qusma, ishal, qızdırma, istiyə məruz qalma və ya normadan az mayenin qəbulu kimi dehidratasiya (bədəndə mayenin əhəmiyyətli dərəcədə itkisi) ilə əlaqəli bir vəziyyət olduqda, Metformin Denk 1000 preparatının qəbulunu dayandırın. Əlavə təlimatlar üçün həkimə müraciət edin. Laktoasidozun bəzi əlamətləri yarandıqda, Metformin Denk 1000 preparatının qəbulunu dayandırın və dərhal həkimə və ya ən yaxın xəstəxanaya müraciət edin, çünki bu vəziyyət komaya səbəb ola bilər. Laktoasidozun simptomlarına aşağıdakılar daxildir: ˗ ürəkbulanma, ˗ mədə ağrısı (abdominal ağrı), ˗ əzələ spazmları, ˗ ağır yorğunluq ilə birgə ümumi zəiflik hissi, ˗ tənəffüs çətinliyi, ˗ ürək döyüntülərinin və bədən temperaturunun azalması. Laktoasidoz təcili yardım tələb edən tibbi vəziyyətdir və xəstəxana şəraitində müalicə edilməlidir. İri miqyaslı əməliyyat keçirməli olduqda, Metformin Denk 1000 preparatının qəbulu prosedur zamanı və bir müddət sonra dayandırılmalıdır. Metformin Denk 1000 preparatı ilə müalicəni nə vaxt dayandırmaq və yenidən davam etmək barədə qərarı həkim verəcəkdir. Metformin Denk 1000 preparatı təklikdə hipoqlikemiyaya (qanda qlükozanın aşağı səviyyəsi) səbəb olmur. Lakin Metformin Denk 1000 preparatı ilə birgə şəkərli diabetin müalicəsi üçün istifadə edilən və hipoqlikemiya yarada bilən digər dərman vasitələrinin (sulfonilsidik cövhəri preparatları, insulin, meqlitinidlər kimi) qəbulu zamanı hipoqlikemiya riski yarana bilər. Zəiflik, başgicəllənmə, artan tərləmə, sürətli ürək döyünməsi, görmə pozğunluqları və ya diqqətin cəmlənməsi çətinlikləri kimi hipoqlikemiya əlamətlərini müşahidə etdikdə, adətən şəkər tərkibli qida və ya içki qəbul etmək bu vəziyyəti yüngülləşdirməyə kömək edə bilər. Metformin Denk 1000 preparatı ilə müalicə zamanı həkim ən azı ildə bir dəfə və ya daha çox (pasiyent yaşlı olduqda və ya böyrək fəaliyyəti pisləşdikdə) böyrək funksiyasını yoxlamalıdır. Metforin Denk 1000 qida və içkilərlə. Metformin Denk 1000 preparatı ilə müalicə zamanı alkoqolun istifadəsindən çəkinmək lazımdır, alkoqolun qəbulu laktoasidozunun inkişaf riskini artıra bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Rentgen müayinəsi kimi və ya tərkibində yod olan kontrast maddənin qan dövranına yeridilməsi ilə aparılan müayinələrə ehtiyac olduqda, Metformin Denk 1000 preparatının qəbulu müayinədən əvvəl və sonra müəyyən müddət ərzində dayandırılmalıdır. Metformin Denk 1000 preparatı ilə müalicəni nə vaxt dayandırmaq və yenidən davam etmək barədə qərarı həkim verəcəkdir. Hər hansı digər dərman vasitəsi istifadə edirsinizsə və ya bu yaxınlarda istifadə etmisinizsə, lütfən həkimə və ya əczaçıya bu barədə məlumat verin. Xüsusən aşağıdakı dərman vasitələrini qəbul etdikdə, qanda qlükoza və böyrək funksiyasının təyini testlərinə daha tez-tez ehtiyac yarana bilər və ya həkim Metformin Denk 1000 preparatının dozasına düzəliş edə bilər: ˗ sidik ifrazını artıran dərman vasitələri (diuretiklər), ˗ ağrı və iltihabın müalicəsində istifadə olunan preparatlar (QSİƏP və SOG-2-inhibitorları, məsələn ibuprofen və selekoksib), ˗ yüksək təzyiqin müalicəsi üçün istifadə olunan bəzi dərman vasitələri (AÇF inhibitorları və anqiotenzin II reseptorlarının antaqonistləri), ˗ salbutamol və ya terbutalin kimi beta-2 aqonistləri (astma müalicəsində istifadə olunan preparatlar), ˗ kortikosteroidlər (dərinin ağır iltihabı və ya astma kimi müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur), ˗ xüsusən böyrək funksiyasının çatışmazlığı olan pasiyentlərdə qanda Metformin Denk 1000 preparatının səviyyəsini dəyişə bilən dərman vasitələri, (məsələn, verapamil, rifampisin, simetidin, doluteqravir, ranolazin, trimetoprim, vandetanib, izavukonazol, krizotinib, olaparib), ˗ diabet xəstəliyinin müalicəsində istifadə olunan digər dərman vasitələri.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı şəkərli diabetin müalicəsində insulin istifadə edilir. Əgər Siz hamiləsiniz və ya hamilə ola biləcəyinizi güman edirsiniz və ya hamilə qalmağı planlaşdırırsınız, həkimə bu barədə məlumat verin ki, o sizin müalicənizi dəyişə bilsin. Körpəni ana südü ilə qidalandırdıqda və ya bunu planlaşdırdıqda, bu dərman vasitəsinin qəbulu məsləhət görülmür. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Metformin Denk 1000 preparatı təklikdə hipoqlikemiyaya (qanda şəkər miqdarının çox aşağı olması) səbəb olmur. Bu o deməkdir ki, preparat nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir. Lakin Metformin Denk 1000 preparatı ilə birgə şəkərli diabetin müalicəsi üçün hipoqlikemiya yarada biləcək digər dərman vasitələri (sulfonilsidik cövhəri preparatları, insulin, meqlitinidlər kimi) qəbul etdikdə, xüsusi diqqətli olmaq lazımdır. Hipoqlikemiya əlamətlərinə zəiflik, başgicəllənmə, artan tərləmə, sürətli ürək döyünməsi, görmə pozğunluqları və ya diqqətin cəmlənməsi çətinlikləri aiddir. Bu əlamətləri hiss etdikdə, avtomobil sürməyin və ya maşınlardan istifadə etməyin.
İstifadə qaydası və dozası
Preparatı həmişə həkimin dediyi kimi qəbul edin. Əmin olmadıqda, həkim və ya əczaçı ilə məsləhətləşin. Metformin Denk 1000 sağlam həyat tərzinin faydalarını əvəz etmir. Həkimin pəhrizlə bağlı verdiyi məsləhətlərə əməl etməyə və mütəmadi fiziki məşqlərə davam etmək vacibdir. Lazımi dəstəkləyici dozanın fərdi tənzimlənməsi üçün 500 və 850 mq metformin hidroxlorid tərkibli tabletlər mövcuddur. Tövsiyə olunan doza 10 yaş və daha böyük uşaqlar və yeniyetmələr Başlanğıc doza adətən gündə bir dəfə 500 mq və ya 850 mq təşkil edir. Gündəlik maksimal doza 2 və ya 3 dozaya bölünməklə 2000 mq-dır. 10 və 12 yaş arası uşaqların müalicəsi yalnız həkimin xüsusi məsləhəti ilə aparıla bilər çünki bu yaş qrupu barədə təcrübə məhduddur. Böyüklər Müalicə adətən gündə iki və ya üç dəfə olmaqla 500 mq və ya 850 mq Metformin Denk 1000 ilə başlanılmalıdır. Gündəlik maksimal doza 3 yerə bölünməklə 3000 mq-dır. Böyrək funksiyasının çatışmazlığı olan pasiyentlərə, daha aşağı doza təyin edilə bilər. İnsulin qəbul edən pasiyentlərdə, Metformin Denk 1000 preparatının başlanğıc dozasını həkim təyin edəcək. Monitorinq ˗ Həkim mütəmadi olaraq qanda qlükozanın səviyyəsini yoxlayacaq və Metformin Denk 1000 preparatının dozasını qanda qlükozanın səviyyəsinə uyğunlaşdıracaq. Mütəmadi olaraq həkimlə məsləhətləşin. Bu xüsusən uşaqlar və yeniyetmələr həmçinin yaşlı şəxslər üçün vacibdir. ˗ Həkim həmçinin ən azı ildə bir dəfə böyrəklərin funksiyasını yoxlayacaq. Yaşlı və ya böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə daha çox tezlikdə müayinələrə ehtiyac ola bilər. İstifadə qaydası Metformin Denk 1000 preparatı yemək zamanı və ya yeməkdən sonra qəbul olunur. Bu, həzm sisteminə təsir edən əlavə təsirlərin qarşısını alacaq. Tableti çeynəmək və ya qırmaq olmaz. Hər tablet bir stəkan su ilə qəbul olunur. ˗ Gün ərzində bir doza qəbul etdikdə, preparatı səhər qəbul edin (səhər yeməyi). ˗ Gün ərzində iki ayrı doza qəbul etdikdə, preparatı səhər (səhər yeməyi) və axşam (şam yeməyi) qəbul edin. ˗ Gün ərzində üç ayrı doza qəbul etdikdə, preparatı səhər (səhər yeməyi), günorta (nahar yeməyi) və axşam (şam yeməyi) qəbul edin. Bir müddətdən sonra Metformin Denk 1000 preparatının təsirinin çox güclü və ya çox zəif olduğunu hiss etdikdə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Metformin Denk 1000 preparatının istifadəsi unudularsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. Növbəti dozanı həmişəki vaxtında qəbul edin. Əmin olmadıqda, həkim və ya əczaçı ilə məsləhətləşin.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, bu dərman da hamıda olmasa da əlavə təsirlərin yaranmasına səbəb ola bilər. Aşağıdakı əlavə təsirlər meydana çıxa bilər: Metformin Denk 1000 preparatı çox nadir hallarda (10 000 pasiyentdən 1-dən azında), yalnız çox ciddi laktoasidoz kimi əlavə təsirə səbəb ola bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Bu baş verdikdə Metformin Denk 1000 preparatının qəbulunu dayandırmaq və dərhal həkimə və ya ən yaxın xəstəxanaya müraciət etmək lazımdır, çünki laktoasidoz komaya səbəb ola bilər. Çox tez-tez rast gəlinən əlavə təsirlər (10 pasiyentdən ən azı 1-də) ˗ Həzm problemləri, ürəkbulanma, qusma, diareya, abdominal ağrı və iştahanın itməsi. Bu əlavə təsirlər daha çox metformin ilə müalicənin əvvəlində baş verir. Dozaların gün ərzində bölünməsi və preparatın yeməklə və yeməkdən dərhal sonra qəbulu, əlamətlərin itməsinə kömək ola bilər. Simptomlar davam etdikdə, Metformin Denk 1000 preparatının qəbulunu dayandırın və həkimlə məsləhətləşin. Tez-tez rast gəlinən əlavə təsirlər (10 pasiyentdən ən çoxu 1-də) ˗ Dad dəyişiklikləri. Çox nadir hallarda rast gəlinən əlavə təsirlər (10,000 pasiyentdən 1-dən azında) ˗ Laktoasidoz. Bu çox nadir lakin ciddi ağırlaşmadır, xüsusən böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə. Laktoasidozun simptomları qeyri-spesifikdir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). ˗ Qaraciyər funksiyalarının pozulması və ya hepatit (dəri və sklerada (gözlərdə) sarılıq əmələ gəlməsinə səbəb olur və ya saralma olmadan qaraciyərin iltihabi; bu yorğunluğa, iştahanın itməsinə, çəki itkisinə səbəb ola bilər). Bu cür hal baş verdikdə, Metformin Denk 1000 preparatının qəbulunu dayandırın və həkimlə məsləhətləşin. ˗ Dəri qızarması kimi dəri reaksiyaları (eritema), qaşınma və qaşınan səpgilər (övrə). ˗ Qanda B -nin aşağı səviyyəsi.12 Uşaqlar və yeniyetmələr Uşaq və yeniyetmələrlə bağlı məhdud məlumatlar göstərir ki, əlavə təsirlər təbiətinə və ağırlığına görə böyüklərdə olduğu kimidir. Hər hansı əlavə təsir baş verdikdə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Bunlara bu iclikdə göstərilməyən hər hansı əlavə təsirlər də aiddir. Əlavə təsirlərin bildirilməsi Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə verilməlidir (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Cəfər Cabbarlı küç., 34.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12). Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Doza həddinin aşılması
Həddindən çox miqdarda Metforin Denk 1000 preparatının qəbulu, laktoasidozla nəticələnə bilər. Laktoasidoz simptomlarına qusma, əzələ spazmaları ilə birgə abdominal ağrı, ağır yorğunluq hissi ilə birgə narahatlıq hissi və tənəffüs çətinliyi aiddir. Digər əlamətlər ürək döyüntüləri və bədən temperaturunun azalmasıdır. Bu simptolar baş verdikdə, təxirəsalınmaz xəstəxanada müalicəyə ehtiyac yarana bilər, çünki laktoasidoz komaya səbəb ola bilər. Həkimə və ya yaxındakı tibb müəssisəsinə müraciət edin.
Buraxılış forması
15 tablet, PVX/aluminium blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorumaqla, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Uşaq Metformin Denk 1000 preparatı ilə müalicə olunduqda, valideynlər və ya baxıcılara məsləhət görülür ki, dərmanın necə istifadə olunmasına nəzarət etsinlər. Yararlılıq müddəti bitmiş və ya istifadə edilməyən dərmanlar çirkab suları və ya məişət tullantıları ilə atılmamalıdır. Artıq istifadə etmədiyiniz dərmanları necə atacağınızı əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edir.
Yararlılıq müddəti
3 il. Qutunun və etiketin üzərində qeyd olunan son istifadə tarixindən “EXP” sonra preparatdan istifadə edilmir. Son istifadə tarixi həmin ayın sonuncu günü hesab olunur.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Denk Pharma GmbH & Co. KG, Germany. Göllstr. 1, 84529 Tittmoning, Germany. Qeydiyyat vəsiqəsinin sahibi və istehsalçı DENK PHARMA GmbH & Co. KG Prinzregentenstr. 79 81675 München, Germany.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.