Ibuprofen 200 mq N10 tablet Borisov

Dərman formasıTablet
Farmakoloji təsirQeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə preparatlar. Propion turşusunun törəmələri
İstehsal ölkəsiBelarusiya

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

0,35 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

İBUPROFEN 200 mq örtüklü tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Ibuprofen

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq ibuprofen vardır. Köməkçi maddələr:kartof nişastası, maqnezium stearat, kalsium stearat, povidon, opadri II 85 (G) seriyalı (o cümlədən qismən hidrolizəolunmuş polivinil spirti, talk, makroqol (3350) (polietilenqlikol), lesitin (soya), titan dioksid E 171).

Təsviri

Hər iki tərəfi qabarıq, ağ rəngli örtüklü tabletlərdir.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə və revmatizməleyhinə preparatlar. Propion turşusunun törəmələri. ATC kodu: M01AE01. Farmakoliji xüsusiyyətləri Farmakodinamikası İbuprofen propion turşusunun törəməsi olub, analgeziyaedici (ağrıkəsici), iltihabəleyhinə və qızdırmasalıcı təsirlərə malikdir. Siklooksigenaza I və II fermentlərini inhibə edir, plostaqlandinlərin sintezini blokadaya alır. Eksperimental məlumatlarda göstərilmişdir ki, eyni zamanda istifadə edildikdə, ibuprofen aşağı dozalarda istifadə edilən aspirinin təsirini inhibə edə bilər. Tədqiqatlardan birində, aspirinin (81 mq) istifadəsindən 8 saat əvvəl və ya 30 dəqiqə sonra ibuprofenin 400 mq birdəfəlik dozası istifadə edildikdə, aspirinin tromboksanın formalaşmasına və trombositlərin aqreqasiyasına təsirinin zəifləməsi müşahidə olunmuşdur. Bununla belə, göstərilən məlumatların məhdudiyyəti və ex vivo şəraitdə əldə olunan məlumatların ekstrapolyasiyası ilə bağlı qeyri-müəyyənlilik, ibuprofenin müntəzəm istifadəsi ilə əlaqəli dəqiq nəticələrin olmamasını və ibuprofenin təsadüfi istifadəsi zamanı klinik əhəmiyyət kəsb edən effektlərinin ehtimal edilməməsini nəzərdə tutur. Farmakokinetikası İbuprofen mədə-bağırsaq traktından sürətlə absorbsiya olunur, qan plazmasında maksimal konsentrasiyası preparatın istifadəsindən 1-2 saat sonra müşahidə olunur. İbuprofenin 99 %-i qan plazmasının zülalları ilə birləşir. Yarımxaricolma dövrü təxminən 2 saat təşkil edir. İbuprofen qaraciyərdə metabolizmə məruz qalır, dəyişilməmiş halda və ya konyuqatlar şəklində böyrəklər vasitəsi ilə orqanizmdən xaric olunur. Preparat böyrəklər vasitəsi ilə sürətlə və tamamilə xaric olunur.

İstifadəsinə göstərişlər

İbuprofen, revmatoid artritin (o cümlədən, yuvenil revmatoid artritin və ya Still xəstəliyinin), ankilozlaşan spondilitin, osteoartrozun və digər qeyri-revmatik (seroneqativ) artropatiyaların müalicəsi üçün ağrıkəsici və iltihabəleyhinə preparat kimi istifadə edilir. İbuprofen aşağıdakı hallarda göstərişdir: “donmuş” çiyin (oynaq örtüyünün iltihabı), bursit, tendinit, tendovaginit və bel nahiyəsində ağrı kimi, periartikulyar toxumaların qeyri-revmatik iltihabi proseslərinin müalicəsi üçün. İbuprofeni, eləcə də bağların dartınması kimi yumşaq toxumaların zədələnməsi zamanı ağrı sindromunun yüngülləşdirilməsi üçün istifadə etmək olar. İbuprofen, eləcə də ağrıkəsici preparat kimi dismenoreya, diş və ya əməliyyatdan sonrakı ağrı kimi vəziyyətlərdə zəif və orta dərəcəli ağrı sindromunun aradan qaldırılması, başağrının, o cümlədən miqrenin simptomatik yüngülləşdirilməsi üçün göstərişdir. İbuprofen qızdırmasalıcı preparat kimi istifadə edilir.

Əks göstərişlər

İbuprofen aşağıdakı hallarda əks göstərişdir: – preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; – əvvəlki hiperhəssaslıq reaksiyaları ilə asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) qarşı cavab; – QSİƏP-lə əvvəlki terapiya ilə əlaqədar anamnezdə mədə-bağırsaq qanaxması və ya perforasiya; – anamnezdə aktiv və ya residivləşən xora xəstəliyi/qansızma (xoranın və ya qanaxmanın təsdiq edilmiş iki və daha artıq müxtəlif epizodu); – qanaxmaya yüksək meylliklə müşayiət olunan vəziyyətlər; – ağır böyrək çatışmazlığı və ya ağır qaraciyər çatışmazlığı; – ağır ürək çatışmazlığı; – 20 həftədən yuxarı hamiləlik və laktasiya dövrü; – əhəmiyyətli dərəcəli susuzlaşma (qusma, diareya və ya kifayət qədər olmayan maye qəbulu ilə törədilən); – serebrovaskulyar və ya digər aktiv qanaxma; – qanyaranmanın müəyyən edilməyən pozuntusu. İbuprofen 6 yaşdan kiçik və ya bədən çəkisi 20 kq-a qədər olan uşaqlarda əks göstərişdir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Digər QSİƏP (qeyri-steroid iltihabəleyhinə preparatlar) kimi ibuprofen də infeksiya simptomlarını maskalaya bilər. Xoraların və ya qanaxmaların inkişaf etmə riskinin yüksəlməsini nəzərə alaraq, ibuprofenin digər QSİƏP ilə, o cümlədən, siklooksigenaza-2 fermentinin selektiv inhibitorları ilə kombinasiya şəklində istifadəsindən çəkinmək lazımdır. Preparatın böyrək perfuziyasına təsirini nəzərə alaraq, əvvəllər böyrək pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə ibuprofen natriumun, kaliumun və mayenin ləngiməsinə səbəb ola bilər. Bu, ödemlərin inkişaf etməsinə və ürək çatışmazlığına gətirib çıxara bilər və ya meylli pasiyentlərdə hipertoniyanın inkişaf etməsinə səbəb ola bilər. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə QSİƏP-ə qarşı əlavə reaksiyaların, xüsusilə, ölümlə nəticələnə bilən mədə- bağırsaq qanaxmalarının və perforasiyanın baş vermə tezliyinin yüksəlməsi qeyd olunur. Bütün QSİƏP-in istifadəsi zamanı ölümlə nəticələnə bilən qanaxmaların, xoralaşmaların və ya perforasiyaların meydana çıxması barədə məlumatlar daxil olmuşdur. QSİƏP-in dozasının artırılması ilə, xüsusilə, anamnezlərində xora xəstəliyi qeyd olunan pasiyentlərdə və eləcə də yaşlı pasiyentlərdə mədə-bağırsaq qanaxmasının, xoralaşmanın və ya perforasiyanın baş vermə riski yüksəlir. Həmin pasiyentlərdə müalicəni minimal dozaların istifadəsindən başlamaq lazımdır. Göstərilən pasiyentlərdə və eləcədə, aspirinin və ya mədə-bağırsaq qanaxmasının baş vermə riskini yüksəldən digər preparatların istifadəsi tələb olunan pasiyentlərdə qoruyucu vasitələrlə (məsələn, proton pompasının inhibitoru olan mizoprostolla) kombinəolunmuş müalicənin aparılması nəzərdən keçirilməlidir. Anamnezlərində mədə-bağırsaq xəstəlikləri qeyd olunan pasiyentlər, xüsusilə, yaşlı pasiyentlər, əsasən müalicənin başlanğıc mərhələsində mədə nahiyəsində istənilən qeyri-adi ağrılar (xüsusilə, mədə-bağırsaq qanaxmaları) barədə məlumat verməlidirlər. Xoraların və ya qanaxmaların meydana çıxma riskinin yüksəlməsinə səbəb olan dərman preparatlarının (oral kortikosteroidlərin, varfarin kimi antikoaqulyantların, serotoninin geri tutulmasının inhibitorlarının və ya aspirin kimi antitrombositar preparatların) istifadəsi ilə eyni zamanda müalicə qəbul edən pasiyentlərdə ehtiyat tədbirlərinə riayət edilməlidir. İbuprofendən istifadə edən pasiyentlərdə mədə-bağırsaq qanaxmaları və ya xoralar meydana çıxdığı halda, müalicə dayandırılmalıdır. Anamnezlərində xoralı kolit və ya Kron xəstəliyi qeyd olunan pasiyentlər QSİƏP-dən ehtiyatla istifadə etməlidirlər. Bronxial astmadan əziyyət çəkən və ya anamnezlərində həmin xəstəlik qeyd olunan pasiyentlər ibuprofendən istifadə etdikdə, ehtiyat tədbirlərinə riayət etməlidirlər. Ürək pozğunluqları və qaraciyər funksiyalarının pozğunluqları qeyd olunan pasiyentlərdə, yaşlı pasiyentlərdə və eləcədə, sidikqovucu preparatlardan istifadə edən pasiyentlərdə böyrək funksiyalarına nəzarət edilməlidir. Anamnezlərində ürək çatışmazlığı və hipertoniya qeyd olunan pasiyentlər ibuprofeni ehtiyatla istifadə etməlidirlər. QSİƏP-in istifadəsi zamanı orqanizmdə mayenin ləngiməsi və ya ödemlərin meydana çıxması riskini nəzərə alaraq, hipertoniyalı pasiyentlərin və/və ya mülayim dərəcəli ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərin nəzarəti aparılmalıdır və müvafiq məsləhət verilməlidir. Epidemioloji məlumatlarda göstərilmişdir ki, ibuprofenin, xüsusilə, yüksək dozalarda (gündə 2400 mq) uzun müddət ərzində istifadəsi, arterial trombotik hadisələrin, məsələn, miokard infarktının və ya insultun baş vermə riskinin bir qədər yüksəlməsi ilə əlaqəli ola bilər. Ümumiyytlə, epidemioloji tədqiqatlarda ibuprofenin aşağı (məsələn, sutkada < 1200 mq) dozalarının istifadəsinin arterial tromboembolik ağırlaşmaların, xüsusilə, miokard infarktı riskinin yüksəlməsi ilə əlaqəli olması ehtimal edilməmişdir. Nəzarət olunmayan arterial hipertenziya, durğunluq ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, periferik arteriyaların xəstəlikləri və ya serebrovaskulyar xəstəliklər qeyd olunan pasiyentlər ibuprofeni yalnız, hərtərəfli müayinədən sonra istifadə etməlidirlər. Göstərilən müayinələr, ürək- damar xəstəliklərinin inkişaf etməsi üçün risk faktorları (məsələn, hipertoniya, hiperlipidemiya, şəkərli diabet, tütündən istifadə) olan pasiyentlərdə müalicəyə başlamazdan əvvəl həyata keçirilməlidir. Əhəmiyyət kəsb edən dehidratasiyalı pasiyentlərdə ibuprofen ehtiyatla istifadə edilməlidir. Digər QSİƏP-in istifadəsi zamanı olduğu kimi, ibuprofenin uzunmüddətli istifadəsi papillyar böyrək nekrozunun və böyrəklərdə digər patoloji dəyişikliklərin meydana çıxmasına səbəb ola bilər. QSİƏP-in istifadəsi ilə əlaqəli, bəzi hallarda ölümlə nəticələnə bilən, o cümlədən, eksfoliativ dermatit, Stivens-Conson sindromu, toksik epidermal nekroliz kimi ciddi dəri reaksiyalarının inkişaf etməsi ehtimal edilir. Əksər hallarda göstərilən reaksiyalar müalicənin ilk ayı müddətində meydana çıxmışdır. Bundan əlavə həmçinin, ibuprofen tərkibli dərman preparatlarından istifadə etdikdə, kəskin generalizəolunmuş ekzantematoz pustulyozun inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Dəri üzərində səpgilərin, selikli qişaların zədələnməsinin ilk təzahürləri qeyd olunduqda və ya hiperhəssaslıq əlamətləri meydana çıxdığı halda, ibuprofenin istifadəsi dayandırılmalıdır. Digər QSİƏP kimi, ibuprofen də trombositlərin aqreqasiyasına təsir göstərir və qanaxma müddətinin uzanmasına səbəb olur. İbuprofendən istifadə edən pasiyentlərdə nisbətən nadir hallarda aseptik meningit müşahidə olunur. Sistem qırmızı qurdeşənəyi və birləşdirici toxuma xəstəlikləri qeyd olunan pasiyentlərdə aseptik meningitin meydana çıxma ehtimalı daha yüksəkdir, bununla belə, xroniki xəstəlikləri olmayan pasiyentlərdə də aseptik meningit qeydə alınmışdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşağıda göstərilən dərman preparatlarının hər hansı birindən istifadə edən pasiyentlərdə ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Antihipertenziv preparatlar, beta-blokatorlar və sidikqovucu dərman preparatları: QSİƏP antihipertenziv preparatların, məsələn, angiotenzinçevirən fermentin (AÇF) inhibitorlarının, beta- blokatorların və sidikqovucu preparatların təsirlərinin zəifləməsinə səbəb ola bilər. Həmçinin, diuretiklər QSİƏP-in nefrotoksiklik riskini yüksəldə bilər. Ürək qlikozidləri: QSİƏP ürək çatışmazlığını ağırlaşdıra bilər, yumaqcıq filtrasiyasının sürətini (YFS) aşağı sala bilər və qan plazmasında ürək qlikozidlərinin konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər. Xolestiramin: ibuprofenlə eyni zamanda istifadə edildikdə, xolestiramin mədə-bağırsaq traktında ibuprofenin udulmasını azalda bilər. Litium: preparatın litium duzları ilə eyni zamanda istifadəsi, litiumun ekskresiyasının azalmasına gətirib çıxarır. Metotreksat: QSİƏP metotreksatın borucuq sekresiyasını inhibə edə bilər və metotreksatın klirensini aşağı sala bilər. Siklosporin: nefrotoksiklik riskinin yüksəlməsi qeyd oluna bilər. Mifepriston: nəzəri olaraq, QSİƏP-in antiprostaqlandin effekti nəticəsində dərman preparatının effektivliyinin zəifləməsi baş verə bilər. Məhdud məlumatlar onu təsdiq edir ki, prostaqlandin istifadə edilən gün ərzində eyni zamanda QSİƏP-in istifadəsi, mifepristonun effektlərinə və ya prostaqlandinlərin uşaqlıq boynunun yetişməsinə heç bir təsir göstərmir və dərman vasitəsi ilə hamiləliyin dayandırılmasının klinik effektivliyini zəiflətmir. Digər analgetiklər və siklooksigenaza-2 (SOG-2) fermentinin selektiv inhibitorları: əlavə effektlərin inkişaf etmə riskinin yüksəlməsini nəzərə alaraq, 2 və ya daha çox QSİƏP-in, o cümlədən, SOG-2 fermentinin inhibitorlarının eyni zamanda istifadəsindən çəkinmək tövsiyə olunur. Aspirin: əlavə effektlərin, o cümlədən, mədə-bağırsaq xoralarının və ya qanaxmaların inkişaf etmə riskinin yüksəlməsi ehtimalını nəzərə alaraq, ibuprofenin və aspirinin eyni zamanda istifadəsi tövsiyə olunmur. Eksperimental məlumatlarda təsdiq edilmişdir ki, eyni zamanda istifadə edildikdə, ibuprofen aşağı dozalarda təyin edilən aspirinin trombositlərin aqreqasiyasına təsirini tormozlaya bilər. Kortikosteroidlər: kortikosteroidlərin və QSİƏP-in eyni zamanda istifadəsi müddətində, mədə- bağırsaq xoralarının və qanaxmaların inkişaf etmə riskinin yüksəlməsi qeyd olunur. Antikoaqulyantlar: QSİƏP antikoaqulyantlarn, məsələn, varfarinin təsirlərini gücləndirə bilər. Xinolon sırasından olan antibiotiklər: QSİƏP-dən və xinolonlardan eyni zamanda istifadə edən pasiyentlərdə qıcolmaların inkişaf etmə riski yüksələ bilər. Sulfonilkarbamid törəmələri: QSİƏP sulfonilkarbamid preparatlarının hipoqlikemik effektinin güclənməsinə səbəb ola bilər. Antiaqreqantlar və serotoninin geri tutulmasının selektiv inhibitorları (SGTSİ): QSİƏP ilə eyni zamanda istifadə edildikdə, mədə-bağırsaq qanaxmalarının inkişaf etmə riski yüksələ bilər. Siklosporin: QSİƏP-in və siklosporinin eyni zamanda istifadəsi müddətində nefrotoksiklik riskinin yüksəlməsi ehtimal edilir. Zidovudin: QSİƏP-in və zidovudinin eyni zamanda istifadəsi müddətində hematoloji toksiklik riskinin yüksəlməsi ehtimal edilir. Zidovudinlə və ibuprofenlə eyni zamanda müalicə qəbul edən İİV (+) (insan immunçatışmazlığı virusu +) olan pasiyentlərdə hematomaların inkişaf etmə riskinin yüksəlməsi ehtimalı mövcuddur. Aminoqlikozidlər: QSİƏP aminoqlikozidlərin orqanizmdən xaricolmasını zəiflədə bilər. Dərman bitkilərindən əldə olunan ekstraktlar: QSİƏP ilə eyni zamanda istifadə edildikdə, ginkqo biloba qanaxmaların baş vermə riskini gücləndirə bilər. CYP2C9 izofermentinin inhibitorları: ibuprofenin və CYP2C9 izofermentinin inhibitorlarının eyni zamanda istifadəsi, ibuprofenin (CYP2C9 izofermentinin substratının) təsir müddətinin uzanmasına səbəb ola bilər. Nümayiş etdirilmişdir ki, ibuprofenin vorikonazolla və flukonazolla (CYP2C9 izofermentinin inhibitorları) eyni zamanda istifadəsi, ibuprofenin təsir müddətinin təxminən 80-100 % uzanmasına gətirib çıxarır. CYP2C9 izofermentinin güclü inhibitorları ilə eyni zamanda istifadə edildikdə, xüsusilə, ibuprofenin yüksək dozalarını vorikonazolla və ya flukonazolla birlikdə təyin etdikdə, ibuprofenin dozalanmasını aşağı salmaq lazımdır. Alkoqol, bisfosfonatlar və okspentifillin (pentoksifillin): mədə-bağırsaq traktı funksiyalarının pozğunluqlarını və qanaxmaların və xoralaşmaların inkişaf etmə riskini təhrik edə bilər. Baklofen: ibuprofenlə eyni zamanda istifadə edildikdə, baklofenin toksikliyi yüksəlir. Takrolimus: nefrotoksiklik riskinin yüksəlməsi qeyd olunur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Prostaqlandin sintezinin tormozlanması hamiləliyin gedişinə və dölün bətndaxili inkişafına mənfi təsir göstərə bilər. Epidemioloji tədqiqatlardan əldə olunan məlumatlarda hamiləlik dövrünün erkən mərhələlərində prostaqlandin sintezinin inhibitorlarının istifadəsindən sonra, düşüklərin baş vermə və ürəkdə və mədə-bağırsaq traktında inkişaf qüsurlarının meydana çıxma riskinin yüksəlməsi göstərilmişdir. Heyvanlar üzərində nümayiş etdirilmişdir ki, prostaqlandin sintezinin inhibitorlarının istifadəsi, embrionun və dölün pre- və postimplantasion ölüm göstəricisinin yüksəlməsinə gətirib çıxarır. Bundan əlavə, orqanogenez dövründə prostaqlandin sintezinin inhibitorları yeridilən heyvanlarda müxtəlif inkişaf qüsurlarının, o cümlədən, ürək-damar sistemi qüsurlarının baş vermə tezliyi yüksəlir. Hamiləlik dövrünün 20-ci həftəsində və daha gec mərhələlərdə QSİƏP-in istifadəsi, döldə böyrək funksiyalarının pozğunluqlarının inkişaf etməsinə səbəb ola bilər ki, bu da oliqohidroamniona, bəzi hallarda isə yenidoğulmuş uşaqda böyrək çatışmazlığına gətirib çıxara bilər. Göstərilən mənfi nəticələr, QSİƏP-in istifadəsindən orta hesabla bir neçə gün və ya bir neçə həftə sonra müşahidə olunur, lakin, nadir hallarda QSİƏP-in istifadəsinə başladıqdan artıq 48 saat sonra oliqohidramnionun inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Dölyanı suların azalması hər zaman olmasa da, əksər hallarda QSİƏP-in istifadəsi dayandırıldıqdan sonra aradan qalxır. Dölyanı suların azlığı uzunmüddətli olduğu halda, ətrafların kontrakturaları və ağciyərlərin inkişafının ləngiməsi də daxil olmaqla, ağırlaşmalar inkişaf edə bilər. Qeydiyyatdan sonrakı dövrdə yenidoğulmuşlarda, invaziv proseduraların həyata keçirilməsi, məsələn, mübadilə qan köçürülməsi və dializin aparılması tələb olunan böyrək funksiyalarının pozğunluqları halları barədə məlumatlar daxil olmuşdur. QSİƏP-i 48 saatdan artıq müddət ərzində istifadə etdikdə, amniotik mayenin ultrasəs müayinəsini aparmaq lazımdır. Dölyanı suların azalması inkişaf etdiyi halda, QSİƏP-in istifadəsi dayandırılmalıdır və müəyyən edilmiş klinik protokollara müvafiq müşahidənin aparılması davam etdirilməlidir. Hamiləlik dövrünün 20-ci həftəsində və daha gec mərhələlərdə prostaqlandin sintezinin istənilən inhibitorlarının istifadəsi aşağıda göstərilən halların meydana çıxmasına səbəb ola bilər: – ürək-ağciyər toksikliyi (arterial axacağın vaxtından əvvəl bağlanması və ağciyər hipertenziyasının inkişaf etməsi); – gələcəkdə dölyanı suların azalması ilə müşayiət olunan böyrək çatışmazlığına qədər proqressivləşə bilən böyrək funksiyalarının pozulması. Hamiləlik dövrünün sonunda prostaqlandin sintezinin inhibitorlarının istifadəsi nəticəsində ana və yenidoğulmuş uşaq aşağıda göstərilən risklərlə üzləşə bilər: – qanaxmanın davametmə müddətinin uzanması ehtimalı; – uşaqlığın yığılma qabiliyyətinin tormozlanması, doğuşun ləngiməsinə və ya davametmə müddətinin uzanmasına gətirib çıxara bilər. Hamiləlik dövrünün 20-ci həftəsində və daha gec mərhələlərdə ibuprofenin istifadəsindən çəkinmək tövsiyə olunur. Laktasiya dövrü Məhdud tədqiqatlarda müəyyən edilmişdir ki, QSİƏP çox aşağı konsentrasiyalarda ana südündə aşkar oluna bilər. QSİƏP-in istifadəsi müddətində ana südü ilə qidalanmadan mümkün qədər çəkinmək lazımdır. Dərman preparatının istifadəsi qadın fertilliyinin pozulmasına gətirib çıxara bilər ki, bu da, hamilə qalmaqda çətinlik çəkən qadınlar tərəfindən nəzərə alınmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

QSİƏP-in istifadəsindən sonra əlavə effektlərin, məsələn başgicəllənmə, yuxuya meyllilik, yorğunluq və görmə qabiliyyətinin pozulması kimi simptomların meydana çıxması mümkündür. Pasiyentlər yüksək diqqət, sürətli psixi və hərəki reaksiya tələb olunan bütün fəaliyyət növlərindən çəkinməlidirlər.

İstifadə qaydası və dozası

Preparat peroral istifadə üçün nəzərdə tutulmuşdur. Preparatın qida qəbulu zamanı və ya yeməkdən sonra su ilə birlikdə istifadəsi daha çox məqsədəuyğundur. Boğaz nahiyəsində narahatlığın və qıcıqlanmanın qarşısını almaq məqsədi ilə tabletləri bütöv, çeynəmədən, qırmadan, xırdalamadan daxilə qəbul etmək lazımdır. Preparatın ən aşağı effektiv dozasını ən qısa müddət ərzində istifadə etməklə, əlavə effektləri minimumlaşdırmaq olar. Müalicənin davametmə müddəti həkim tərəfindən müəyyən edilir. Revmatik xəstəliklər Böyüklər Başlanğıc müalicə: gündə 3 dəfə 200 mq dozada 4 tablet, yəni, gündə 2400 mq. Dəstəkləyici müalicə: gündə 3-4 dəfə 200 mq dozada 2 tablet, yəni, gündə 1200 mq-dan 1600 mq-a qədər. Dozalar arasında ən azı 4-6 saatlıq zaman intervalına riayət edilməlidir. Ümumi sutkalıq doza 2400 mq-dan yüksək olmamalıdır və bir neçə dəfəyə qəbul edilməlidir. Bəzi pasiyentlər preparatı dəstəkləyici müalicə şəklində 600 mq-dan 1200 mq-a qədər dozada istifadə edə bilərlər. Yuvenil idiopatik artrit Yuvenil idiopatik artritin müalicəsi üçün preparatın tövsiyə edilən dozası gündə 3 və ya 4 dəfə 20 mq/kq bədən kütləsindən 30 mq/kq bədən kütləsinə qədər, ağır vəziyyətlərdə maksimum gündə 40 mq/kq bədən kütləsinə təşkil edir. Bədən kütləsi 30 kq-dan aşağı olan uşaqlarda ibuprofenin digər dərman formasının istifadəsinin mümkünlüyü nəzərdən keçirilməlidir. Qızdırmanın və intensivliyinə görə yüngüldən mülayimə qədər ağrıların qısamüddətli simptomatik müalicəsi Böyüklər və yaşı 12-dən yuxarı olan uşaqlar (bədən kütləsi > 40 kq) Gündə, tələbata müvafiq, 1-4 dəfə 200 mq dozada 1 və ya 2 tablet. Dozalar arasında ən azı 4-6 saatlıq zaman intervalına riayət edilməlidir. Preparatın 400 mq-dan yüksək birdəfəlik dozalarının istifadəsi zamanı əlavə ağrıkəsici effektin mövcudluğu nümayiş etdirilməmişdir. Dismenoreya Gündə, tələbata müvafiq, 1-3 dəfə 200 mq dozada 1 və ya 2 tablet. Dozalar arasında ən azı 4-6 saatlıq zaman intervalına riayət edilməlidir. Müalicəni menstrual sikl pozğunluqlarının ilk əlamətləri meydana çıxdıqda başlamaq lazımdır. 6 yaşdan 12 yaşa qədər uşaqlar (bədən kütləsi > 20 kq) 6 yaşdan 9 yaşa qədər uşaqlar (bədən kütləsi 20 kq-dan 29 kq-a qədər): gündə 4 saatdan 6 saata qədər zaman intervalı ilə tələbata müvafiq, 1 dəfədən 3 dəfəyə qədər 200 mq dozada 1 tablet. Maksimal sutkalıq doza 600 mq-dan yüksək olmamalıdır. 10 yaşdan 12 yaşa qədər uşaqlar (bədən kütləsi 30 kq-dan 40 kq-a qədər): gündə 4 saatdan 6 saata qədər zaman intervalı ilə tələbata müvafiq, 1 dəfədən 4 dəfəyə qədər 200 mq dozada 1 tablet. Maksimal sutkalıq doza 800 mq-dan yüksək olmamalıdır. Yaşlı pasiyentlər: əlavə effektlərin meydana çıxma riskinin yüksəlməsi ilə daha çox üzləşirlər. QSİƏP-in istifadəsi üçün zərurət yarandığı halda, ibuprofen ən aşağı effektiv dozada ən qısa müddət ərzində istifadə edilməlidir. QSİƏP-in istifadəsi müddətində mədə-bağırsaq qanaxmalarını vaxtında aşkar etmək məqsədi ilə pasiyenti müntəzəm müayinə etmək lazımdır. Böyrək və/və ya qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlər: yüngül və ya orta dərəcəli böyrək və/və ya qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə ibuprofenin simptomlara nəzarət etmək və böyrək/qaraciyər funksiyalarının monitorinqini aparmaq üçün tələb olunan ən aşağı effektiv dozası ən qısa müddət ərzində istifadə edilə bilər. Ağır böyrək və/və ya qaraciyər çatışmazlığı qeyd olunan pasiyentlərdə ibuprofenin istifadəsi əks göstərişdir.

Əlavə təsirləri

Əlavə təsirlər əsasən ibuprofenin prostaqlandinlərin sintezinə farmakoloji təsirilə əlaqədardır. Daha çox rast gəlinən effektlərə dispepsiya və diareya aiddir ki, bu da təqribən 10-30% pasiyentlərdə yaranır. Əlavə təsirlər orqan sistemləri və yaranma tezliyinə uyğun təsnif edilmişdir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil). İnfeksiyalar və yoluxmalar: bəzən-rinit; nadir hallarda-aseptik meningit. Qanda və limfa sistemində baş verən pozuntular: bəzən-leykopeniya, trombositopeniya, aqranulositoz, neytropeniya, aplastik anemiya və hemolitik anemiya. İmmun sistemdə baş verən pozuntular: nadir hallarda-anafilaktik reaksiyalar. Psixi pozuntular: bəzən-yuxusuzluq, narahatlıq; nadir hallarda-depressiya, çaşqınlıq. Sinir sistemində baş verən pozuntular: tez-tez-başağrı, başgicəllənmə; bəzən-paresteziya, yuxululuq; nadir hallarda-görmə sinirinin nevriti. Görmə orqanında baş verən pozuntular: bəzən-görmənin pisləşməsi; nadir hallarda-toksik optik nevropatiya. Eşitmə orqanında və labirintdə baş verən pozuntular: bəzən-eşitmənin pozulması; nadir hallarda- qulaqlarda küy, başgicəllənmə. Tənəffüs sistemində və döş qəfəsi orqanlarında baş verən pozuntular: bəzən-astma, bronxospazm, təngnəfəslik. Həzm sistemində baş verən pozuntular: tez-tez-dispepsiya, diareya, ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, meteorizm, qəbizlik, melena, qanlı qusma, mədə-bağırsaq qanaxma; bəzən-qastrit, onikibarmaq bağırsağın xorası, mədə xorası, perforasiya; çox nadir hallarda-pankreatit; məlum deyil-kolitin kəskinləşməsi və Kron xəstəliyi. Hepatobiliar sistemdə baş verən pozuntular: bəzən-hepatit, sarılıq, qaraciyər funksiyasının pozulması; nadir hallarda-qaraciyərin zədələnməsi; nadir hallarda-qaraciyər çatışmazlığı. Dəridə və dərialtı toxumada baş verən pozuntular: tez-tez-səpgi4 bəzən-övrə, qaşınma, purpura, angionevrotik ödem, işığahəssaslıq reaksiyası; çox nadir hallarda-ağır formalı dəri reaksiyaları (məsələn, multiformalı eritema, Stivens-Conson sindromu və toksik epidermal nekroliz daxil olmaqla bullyoz reaksiya); məlum deyil-eozinofiliya ilə dərman vasitələrinə qarşı hiperhəssaslıq reaksiyaları (DRESS-sindrom və ya hiperhəssaslıq sindromu). Böyrəklərdə və sidikçıxarıcı yollarda baş verən pozuntular: bəzən-nefrotoksikliyin müxtəlif formaları, məsələn, tubulointerstisial nefrit, nefrotik sindrom və böyrək çatışmazlığı. Ümumi pozuntular və yeridilmə nahiyəsində baş verən pozuntular: tez-tez-yorğunluq; nadir hallarda-ödem. Ürək-damar sistemində baş verən pozuntular: məlum deyil-ürək çatışmazlığı, miokard infarktı, hipertoniya, ödem (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Hipertoniya halları və ürək çatışmazlığı yanaşı QSİƏP terapiyası ilə qeyd edilmişdir. Klinik tədqiqatlar göstərmişdir ki, ibuprofenin istifadəsi, xüsusilə yüksək dozalarda (2400 mq/sutka), miokard infarktı və ya insult kimi arterial trombotik təzahürlərin inkişafı riskinin azacıq artması ilə əlaqədardır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Mədə-bağırsaq traktında baş verən pozuntular: daha çox rast gələn mədə-bağırsaq sistemində baş verən əlavə təsirlərdir. Xora və ya xoralı perforasiya (və) və ya mədə-bağırsaq qanaxması yarana bilər, bəzən letal sonluqla, xüsusilə yaşlı pasiyentlərdə (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). İmmun sistemdə baş verən pozuntular: QSİƏP qəbulundan sonra hiperhəssaslıq reaksiyaları qeyd edilmişdir. Bu reaksiyalar aiddir: (a) qeyri-spesifik allergik reaksiya və anafilaksiya, (b) tənəffüs sistemində baş verən reaksiyalar, buraya astma, astmanın kəskinləşməsi, bronxospazm və ya təngnəfəslik və ya (c) müxtəlif dəri xəstəlikləri daxildir, müxtəlif tipli dəri səpgiləri, qaşınma, övrə, purpura, angionevrotik ödem və çox nadir hallarda polimorf eritema, bullyoz dermatoz (Stivens- Conson sindromu və toksik epidermal nekroliz daxil olmaqla) daxil olmaqla. İnfeksiyalar və invaziyalar: rinit və ənsə əzələsinin rigidliyi, başağrı, ürəkbulanma, qusma, qızdırma və ya dezotiyentasiya ilə müşayiət edilən aseptik meningit (xüsusilistem qırmızı qurdeşənəyi və birləşdirici toxumanın qarışıq xəstəlikləri kimi autoimmun pozuntuları olan pasiyentlərdə) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). QSİƏP qəbulu ilə bağlı infeksiya ilə əlaqədar olan iltihabın kəskinləşməsi təsvir edilmişdir (məsələn, nekrozlaşan fassitin inkişafı). İbuprofenin istifadəsi zamanı infeksiyanın əlamətləri təzahür etdikdə və ya dərinləşdikdə, pasiyentə dərhal həkimə etməsi məsləhət görülür. Dəridə və dərialtı toxumada baş verən pozuntular: istisna hallarda ciddi dəri infeksiyaları və suçiçəyilə yoluxan zaman yumşaq toxumanın ağırlaşması yarana bilər (eləcə də “İnfeksiyalar və invaziyalar” bölməsinə bax). İbuprofen trombositlərin aqreqasiyasının geridönən inhibə olunmasına görə qanaxma vaxtının uzanmasına səbəb ola bilər. QSİƏP müalicəsilə əlaqədar xoralı kolitin və Kron xəstəliyinin kəskinləşməsi barədə məlumat verilmişdir. Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi Tibb işçiləri istənilən şübhəli əlavə təsir və dərman preparatının qeyri-effektivliyi barədə məlumat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin farmakonəzarət şöbəsinə verməlidirlər: AZ1065, Azərbaycan Respublikası, Bakı şəh., C. Cabbarlı k., 34. http: //www. pharma.az Faks: (+99412) 596-07-16. Telefon: (+99412) 596-05-20. Mobil telefon: (+99450) 246-93-84. Qaynar xətt: (+99450) 596-07-12. Elektron ünvan: e-mail: [email protected] Elektron məktub bu ünvana göndərilməlidir: [email protected]

Doza həddinin aşılması

Toksiklik Toksikliyin simptomları bir qayda olaraq, uşaqlarda və böyüklərdə 100 mq/kq dozadan aşağı qəbulu zamanı müşahidə edilmir. Buna baxmayaraq, bəzi hallarda dəstəkləyici terapiya vacib ola bilər. Uşaqlarda toksikliyin simptomları ibuprofenin 400 mq/kq və artıq dozada qəbulu zamanı müşahidə edilir. Simptomları Əhəmiyyətli miqdarda ibuprofen qəbul edən pasiyentlərin əksəriyyətində simptomlar 4-6 saat müddətində təzahür edir. Doza həddinin aşılması zamanı ən tez-tez yaranan simptomalara ürəkbulanma, qusma, qarın nahiyəsində ağrı, tormozlanma, yuxululuq aiddir. Mərkəzi sinir sistemində baş verən pozğunluqların simptomları: başağrı, qulaqlarda küy, başgicəllənmə, qıcolma, huşun itməsi. Nadir hallarda: nistaqm, metabolik asidoz, hipotermiya, böyrək effektləri, mədə-bağırsaq qanaxması, koma, apnoe, diareya, mərkəzi sinir sisteminin və tənəffüs orqanlarının zəifləməsi. Eləcə də dezoriyentasiya, oyanıqlıq, huşun itməsi və ürək-damar toksikliyi, o cümlədən hipotoniya, bradikardiya və taxikardiya qeyd edilmişdir. Doza həddinin əhəmiyyətli dərəcədə aşılması hallarında böyrək çatışmazlığı və qaraciyər zədələnmələri mümkündür. Digər preparatlardan istifadə edilmədiyi halda doza həddinin əhəmiyyətli dərəcədə aşılması, bir qayda olaraq, pasiyent tərəfindən yaxşı keçirilir. Müalicəsi Simptomatikdir. Doza həddinin aşılmasından sonra 1 saat müddətində aktivləşdirilmiş kömür qəbul etmək və eləcə də mədənin yuyulmasını (böyüklərdə) həyata keçirmək lazımdır. Böyrəklərin və qaraciyərin funksiyalarına diqqətlə nəzarət etmək lazımdır. Sürətləndirilmiş diurez göstərişdir. İbuprofenin potensial toksik dozalarının istifadəsindən sonra 4 saat müddətində pasiyentlərə nəzarət etmək lazımdır. Tez-tez baş verən və ya uzun müddət ərzində davam edən qıcolmaları venadaxili diazepamın yeridilməsilə müalicə etmək mümkündür. Pasiyentdə müşahidə olunan klinik simptomlara əsaslanaraq, digər müalicə təyin etmək olar.

Buraxılış forması

10 tablet konturlu-yuvalı qablaşdırmada. Eyni sayda konturlu-yuvalı qablaşdırma və içlik vərəqə qutusuz qrup qablaşdırmada.

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda, işıqdan və rütubətdən qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Borisov Dərman Preparatları Müəssisəsi” ASC, Belarus Respublikası Minsk vilayəti, Borisov ş., Çapayev k., 64. Tel.:/Faks: +375 (177) 735612, 731156.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Ibuprofen 200 mq N10 tablet Borisov” üçün ilk rəyi siz yazın.