Aminokapron turşusu 100 ml infuziya

Təsiredici maddə: AMINOCAPROIC ACID
Təsiredici maddəAMINOCAPROIC ACID
Dərman formasıİnfüziya məhlulu
Farmakoloji təsirAntihemorragik preparatlar. Fibrinolizin inhibitorları
İstehsal ölkəsiUkrayna

Onlayn sifariş zamanı 5% endirim.

 Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin

Endirim_5

2,18 ₼

Stokda var

Stokda var

  • Filialdan götürmək

Bu gün götürmək

Ödənişsiz

  • Kuryerlə çatdırılma

Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.

Ödənişli

  • Ekspress çatdırılma

Sürətli çatdırılma

Ödənişli

Ödəniş üsulları:

Məhsulun təsviri

AMİNOKAPRON TURŞUSU infuziya üçün məhlul

AMINOCAPROIC ACID
Beynəlxalq patentləşdirilməmiş adı: Aminocaproic acid

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 50 mq aminokapron turşusu vardır.
Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.

Təsviri

Rəngsiz şəffaf maye.
Nəzəri osmolyarlığı – 762 mOsm/l.

Farmakoterapevtik qrupu

Antihemorragik preparatlar. Fibrinolizin inhibitorları.
ATC kodu: B02A A01.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Aminokapron turşusunun məhlulu fibrinoliz prosesinin yüksəlməsi ilə əlaqəli baş verən qanaxmalar zamanı hemostatik, antifibrinolitik təsir göstərir. Preparatın təsiri plazminogen aktivatorlarının blokada etməsi və plazminin təsirinin qismən tormozlanması ilə əlaqəlidir. Bundan əlavə, dərman preparatı həmçinin, biogen peptidləri – kininləri inhibə edir. Fibrinin stabilləşməsinə və onun qan damarlarında çökməsinə səbəb olur, trombositlərin və eritrositlərin aqreqasiyasını induksiya edir.
Aminokapron turşusu allergiyaəleyhinə və virusəleyhinə təsir göstərir, qaraciyərin detoksikasiyaedici funksiyasını gücləndirir, qrip virusu ilə assosiasiya olunmuş proteolitik aktivliyi inhibə edir. Aminokapron turşusu virusun həssas hüceyrələrlə qarşılıqlı təsirlərinin erkən mərhələlərinə tormozlayıcı təsir göstərir və həmçinin, hemaqlütininin proteolitik aktivliyini tormozlayır. Bunun nəticəsində, qrip virusunun infeksion aktivliyini təmin edən funksional cəhətdən aktiv zülalı əmələ gəlmir və yeni törənən virus infeksiyasının miqdarı aşağı düşür. Aminokapron turşusu yalnız virusəleyhinə aktivlik nümayiş etdirmir, eyni zamanda respirator virus infeksiyaları zamanı orqanizmin spesifik və qeyri-spesifik müdafiəsinin bəzi hüceyrə və humoral göstəricilərini yaxşılaşdırır.

Farmakokinetikası

Vena daxilinə yeridildikdə, preparatın təsiri 15-20 dəqiqədən sonra meydana çıxır. Preparatın orqanizmə yeridilən miqdarının 40-60%-i 4 saatdan sonra böyrəklər vasitəsi ilə sidiklə sürətlə xaric olunur. Böyrəklərin ifrazedici funksiyaları pozulduğu hallarda, qanda aminokapron turşusunun konsentrasiyası əhəmiyyətli dərəcədə yüksəlir.

İstifadəsinə göstərişlər

Cərrahi əməliyyatlardan sonra baş verən qanaxmalar və qanın və toxumaların fibrinolitik aktivliyinin yüksəlməsi nəticəsində baş verən müxtəlif patoloji vəziyyətlər.
Konservləşdirilmiş qanın kütləvi köçürülməsi aparıldıqda, ikincili hipofibrinogenemiyanın inkişaf etməsinin qarşısını almaq üçün istifadə edilir.
Uşaqlarda və böyüklərdə qripin və KRVİ-nin (kəskin respirator virus infeksiyalarının) müalicəsi və profilaktikası.

Əks göstərişlər

Dərman preparatına qarşı yüksək həssaslıq. Trombozlara və tromboembolik xəstəliklərə meyillilik; tromboemboliya; diffuz damardaxili laxtalanma nəticəsində baş verən koaqulopatiyalar; böyrək funksiyalarının pozulması ilə müşayiət olunan böyrək xəstəlikləri; böyrək çatışmazlığı; hematuriya; hamiləlik, doğuş və laktasiya dövrü; ürəyin işemik xəstəliyinin ağır forması. Beyin qan dövranı pozğunluqları.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatı vena daxilinə yeritdikdə, xüsusilə, ürəyin işemik xəstəliyi qeyd olunduğu halda, miokard infarktından sonra, qaraciyərdə patoloji proseslər müşahidə olunduqda, koaquloqrammaya nəzarət etmək lazımdır. Kəskin böyrək çatışmazlığının meydana çıxma təhlükəsini nəzərə alaraq, hematuriya zamanı preparatın təyin olunması əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Preparatın istifadəsi ilə müalicə müddətində yağlı qida qəbulunu istisna etmək tövsiyə olunur.
Ürək xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə preparatı ehtiyatla istifadə etmək lazımdır. Ürək xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə preparatın istifadəsi üçün zərurət yarandığı halda, qan plazmasında kreatinfosfokinaza fermentinin səviyyəsinin monitorinqini həyata keçirmək tövsiyə olunur. Preparatın qalıqlarını istifadə etmək olmaz.
Göstərilən dərman preparatının tərkibində 15,4 mmol (və ya 354,05 mq)/doza 100 ml preparatda natrium vardır. Bu səbəbdən, natriumun miqdarına nəzarətli pəhriz saxlayan pasiyentlərə preparatı təyin etdikdə, ehtiyatlı olmaq lazımdır.

Pediatriyada istifadəsi

Uşaqlarda preparatın istifadəsinin məhdudlaşdırılması barədə heç bir məlumat yoxdur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Birbaşa və dolayı təsirli antikoaqulyantlar və antiaqreqantlar preparatın effektini aşağı salırlar. Tərkibində estrogenlər olan kontraseptiv preparatlarla, qan laxtalanmasının IX-cu faktoru ilə birlikdə istifadə edildikdə, tromboemboliyaların meydana çıxma riski yüksəlir. Retinoidlərdən (o cümlədən tretinoindən) istifadə edən pasiyentlərə preparat ehtiyatla təyin edilməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Tromboembolik ağırlaşmaların meydana çıxma ehtimalını nəzərə alaraq, qadınlarda doğuş zamanı yüksək qan itkisinin profilaktikası məqsədi ilə preparatdan istifadə etmək məqsədəuyğun deyil.
Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandığı halda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Mərkəzi sinir sistemində baş verə biləcək əlavə reaksiyaları nəzərə alaraq, preparatın istifadəsi ilə müalicə müddətində nəqliyyat vasitəsini idarə etməkdən və digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.

İstifadə qaydası və dozası

Aminokapron turşusunun məhlulu daxilə və ya vena daxilinə təyin etmək üçün nəzərdə tutulmuşdur.
Böyüklərə preparatı daxilə 5 q (100 ml) dozada, daha sonra, qanaxma tam dayanana qədər 8 saat müddətində saatda 1 dəfə 1 q (20 ml) dozada təyin etmək lazımdır.
Sürətli effektin əldə edilməsi üçün zərurət yarandığı halda (kəskin hipofibrinogenemiya), preparatın məhlulu 15-30 dəqiqə müddətində dəqiqədə 50-60 damcı sürətlə 100 ml-ə (5 q-a) qədər dozada vena daxilinə damcı üsulu ilə yeridilməlidir. Birinci saat müddətində preparatı 4-5 q dozada, uzunmüddətli qanaxma baş verdiyi halda isə, qanaxma tam dayandırılana qədər, 8 saatdan artıq olmamaq şərti ilə saatda bir dəfə 1 q dozada yeritmək lazımdır.
Qanaxma təkrar olunduqda, preparatın 5%-li məhlulu təkrar yeridilməlidir.

Uşaqlər

Fibrinolitik aktivliyin orta dərəcəli yüksəlməsi baş verdikdə, uşaqlara aminokapron turşusunu sutkada 1 dəfə 0,05 q/kq bədən kütləsinə təyin etmək lazımdır.
Uşaqlarda yaşdan asılı olaraq, preparatın istifadə olunan dozaları:
– 1 yaşa qədər – birdəfəlik – 2,5 ml-ə qədər, sutkalıq – 15 ml;
– 2 yaşdan 6 yaşa qədər – birdəfəlik – 2,5-5 ml, sutkalıq – 15-30 ml;
– 7 yaşdan 10 yaşa qədər – birdəfəlik –5-7 ml, sutkalıq –30-45 ml;
– 11 yaşdan 18 yaşa qədər – birdəfəlik – 7-14 ml, sutkalıq – 45-90 ml.
Kəskin qanaxmalar zamanı uşaqlarda istifadə olunan dozalar aşağıda göstərilmişdir:
– 1 yaşa qədər uşaqlar – birdəfəlik – 5 ml, sutkalıq – 30 ml;
– 2 yaşdan 4 yaşa qədər – birdəfəlik – 5-7,5 ml, sutkalıq – 30-45 ml;
– 5 yaşdan 8 yaşa qədər – birdəfəlik – 7,5-10 ml, sutkalıq – 45-60 ml;
– 9 yaşdan 10 yaşa qədər – birdəfəlik – 15 ml, sutkalıq – 90 ml;
– 11 yaşdan 14 yaşa qədər – birdəfəlik – 20 ml, sutkalıq – 120 ml;
– 15 yaşdan 18 yaşa qədər – birdəfəlik – 28 ml, sutkalıq – 160 ml.
Müalicə kursu 3 gündən 14 günə qədər təşkil edə bilər.
Qripin və KRVİ-nin profilaktikası və müalicəsi məqsədi ilə dərman preparatı peroral yolla və yerli istifadə edilməlidir (sutkada 3-4 dəfə 0,5-1,0 ml burun boşluğuna).
Uşaqlara preparatı peroral yolla aşağıda göstərilən dozalarda təyin etmək lazımdır:
– 2 yaşa qədər uşaqlara – 1-2 q (sutkada 20-40 ml 5%-li məhlul) – sutkada 4 dəfə 1-2 çay qaşığı (birdəfəlik doza – 0,02-0,04 q/kq), qidaya və ya içkilərə əlavə etmək olar;
– 2 yaşdan 6 yaşa qədər uşaqlara – 2-4 q (sutkada 40-80 ml 5%-li məhlul) – sutkada 4 dəfə 2-4 çay qaşığı;
– 7 yaşdan yuxarı uşaqlara və böyüklərə – 4-5 q (sutkada 80-100 ml 5%-li məhlul), sutkalıq doza 4 dəfəlik qəbula bölünməlidir.
Məhlulun daha dəqiq dozalanması üçün 10 ml və ya 20 ml həcmli iynəsiz tibbi şprisdən istifadə etmək məqsədəuyğundur.
Eyni zamanda, aminokapron turşusunun yerli istifadəsi əsaslandırılmışdır. Hər 3-4 saatdan bir burun keçəcəklərinə 5-10 dəqiqəlik aminokapron turşusunun 5%-li məhlulunda isladılmış pambıq turundalar yerləşdirmək və ya qeyd olunan müddət ərzində hər burun keçəcəyinə 3-5 damcı məhlul installyasiya etmək (damcılatmaq) tövsiyə olunur.
Zərurət yarandıqda, aminokapron turşusunu digər virusəleyhinə preparatlarla və interferonla və onun induktorları ilə kombinasiyada istifadə etmək olar.
Epidemiya dövrü müddətində profilaktika məqsədi ilə aminokapron turşusunun intranazal instillyasiyalarını (sutkada 3-4 dəfə) həyata keçirmək məqsədəuyğundur – bu, infeksiya ocaqlarında xəstə ilə kontakt zamanı preparatın enteral (müalicə zamanı olduğu kimi) istifadəsinə əlavə oluna bilər.
Qrip və KRVİ zamanı aminokapron turşusunun peroral istifadə müddəti 3-7 gün təşkil edir.
Müalicənin davametmə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır və həkim tərəfindən fərdi olaraq müəyyən edilir. Həkim həmçinin, dozanı korreksiya edə bilər və təkrar müalicə kursu təyin edə bilər.

Əlavə təsirləri

Ürək-damar sistemində baş verən pozğunluqlar: ortostatik hipotenziya; subendokardial qansızma, bradikardiya, aritmiyalar.
Həzm sistemində baş verən pozğunluqlar: ürəkbulanma, diareya, qusma.
Qanın laxtalanma sistemində baş verən pozğunluqlar: qanın laxtalanma qabiliyyətinin pozulması, uzun müddət ərzində (6 gündən artıq) preparatın yüksək dozalarından (böyüklər üçün sutkada 24 q-dan artıq) istifadə etdikdə – hemorragiyalar.
Mərkəzi sinir sistemində baş verən pozğunluqlar: baş ağrısı, başgicəllənmə, qulaqlarda küy, qıcolmalar.
Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar: burun tutulması, tənəffüs yollarının yuxarı şöbələrində kataral hallar.
İmmun sistemdə baş verən pozğunluqlar: allergik reaksiyalar daxil olmaqla, hiperhəssaslıq reaksiyaları; səpgilər.
Ümumi pozğunluqlar: yeridilmə nahiyəsində dəyişikliklər.
Sidik-ifrazat sistemində baş verən pozğunluqlar: mioqlobinuriya, kəskin böyrək çatışmazlığı.
Digər dəyişikliklər: rabdomioliz. Preparatın yeridilmə sürətinin aşılması zamanı bradikardiya, ekstrasistoliya, vicə, bədən temperaturunun yüksəlməsi qeyd oluna bilər.

Ehtimal edilən arzuolunmayan reaksiyalar barədə məlumatlar

Dərman preparatlarına qarşı arzuolunmayan reaksiyalar meydana çıxdıqda, tibb işçisinə, əczaçıya və ya dərman preparatlarının qeyri-effektivliyi barədə məlumatlar da daxil olmaqla, bilavasitə dərman preparatlarına qarşı arzuolunmayan reaksiyalar (təsirlər) üzrə məlumatlar bazasına məlumat vermək lazımdır.
Bundan əlavə, [email protected] elektron ünvanına məlumat vermək və ya (+99412) 596-07-12 telefon nömrəsinə müraciət etmək məqsədə uyğundur.

Doza həddinin aşılması

Simptomları

Qanın fibrinolitik aktivliyinin qəflətən aşağı düşməsi. Əlavə təsirlərin simptomlarının şiddətlənməsi: başgicəllənmə, ürəkbulanma, diareya, dəri üzərində səpgilər, ortostatik hipotenziya, qıcolmalar, baş ağrısı, burun tutulması, kəskin böyrək çatışmazlığı, rabdomioliz, mioqlobinuriya. Əlavə reaksiyaların güclənməsi, trombların əmələ gəlməsi, emboliyalar. Uzun müddət ərzində (6 gündən artıq) preparatın yüksək dozalarından (böyüklər üçün sutkada 24 q-dan artıq) istifadə etdikdə – hemorragiyalar.

Müalicəsi

Doza həddinin aşılması baş verdiyi halda dərman preparatının yeridilməsini dayandırmaq və müvafiq simptomatik müalicə aparmaq lazımdır.

Buraxılış forması

100 ml məhlul, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25° C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Flakonları vertikal vəziyyətdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

“Yuriya-Farm” MMC.

Ünvan

Ukrayna, 18030, Çerkassk vilayəti, Çerkassı şəh., Kobzarskaya küç., 108.
Tel.: +38 (044) 281-01-01.

Qeydiyyat vəsiqəsinin sahibi

“Yuriya-Farm” MMC.

Ünvan

Ukrayna, 03680, Kiyev şəh., N. Amosov küç., 10.

Müştəri rəyləri

Bu məhsul üçün rəy yoxdur.

“Aminokapron turşusu 100 ml infuziya” üçün ilk rəyi siz yazın.