TETURAM N30 TAB
| Təsiredici maddə | DISULFIRAM |
|---|---|
| Dərman forması | Tablet |
| Farmakoloji təsir | Alkoqol asılılığı zamanı istifadə olunan preparatlar |
| İstehsal ölkəsi | Rusiya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
2,94 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TETURAM tabletlər Beynəlxalq patentləşdirilməmiş adı: Disulfiram
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 150 mq disulfiram (teturam) vardır. Köməkçi maddələr: kartof nişastası, kolloidal silisium dioksid (aerosil), kalsium stearat.
Təsviri
Girdə, yastı-silindrik, iti qıraqlı, ağ və ya zəif sarımtıl-yaşılımtıl çalarlı ağ rəngli tabletlərdir.
Farmakoterapevtik qrupu
Alkoqol asılılığı zamanı istifadə olunan preparatlar. ATC kodu: N07BB01.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Metabolizm prosesində etanol qaraciyərdə asetaldehiddehidrogenaza fermenti vasitəsi ilə metabolizmə məruz qalır. Disulfiram asetaldehiddehidrogenaza fermentini dönməz şəkildə inhibə edir ki, bu da etanolun metaboliti olan asetaldehidin konsentrasiyasının yüksəlməsinə gətirib çıxarır. Disulfiram ilə aparılan müalicə fonunda etanoldan istifadə etdikdən sonra, asetaldehidin konsentrasiyası yüksəlir və müəyyən xoşagəlməz hissiyatlar (üz nahiyəsi dərisinə “qan axınları”, ürəkbulanma, qusma, taxikardiya, arterial təzyiqin aşağı düşməsi) inkişaf edir. Nəticədə, etanolun dadına və qoxusuna qarşı şərti-reflektor reaksiyanın yaranması baş verir. Daxilə qəbul edildikdən 12 saat sonra, maksimal terapevtik effekt əldə olunur və bu effekt, müalicə dayandırıldıqdan sonra 10-14 gün müddətində davam edə bilər. Farmakokinetikası Peroral yolla qəbul edildikdın sonra, absorbsiyası 70-90 %-dir. Qaraciyərdə, qlükuronid şəklində böyrəklər vasitəsi ilə xaric olunan dietilditiokarbamata qədər bərpa yolu ilə və ya proporsiyası 4 %-dən 53 %-ə qədər dəyişən dietilaminə və karbosulfidə cevrilmə yolu ilə sürətlə metabolizmə məruz qalır. Sonuncu, ağciyərlər vasitəsi ilə xaric olunur. Preparatın digər metabolitləri sidiklə xaric olunur. CYP2E1 izofermentin inhibitorudur.
İstifadəsinə göstərişlər
Disulfiram xroniki alkoqolizmin müalicəsi və residivlərinin profilaktikası üçün köməkçi müalicə vasitəsi kimi istifadə olunur. Disulfiram alkoqoolizmi müalicə etmir. Monoterapiya vasitəsi kimi istifadə edildikdə, müvafiq motivasiya və dəstəkləyici müalicə olmadıqda, xroniki alkoqolizm- dən əziyyət çəkən şəxslərdə alkoqol davranışına əhəmiyyətli dərəcədə təsir göstərmir.
Əks göstərişlər
– Disulfirama və ya preparatın tərkibində olan hər hansı köməkçi komponentə qarşı yüksək həssaslıq; – ağır dərəcəli qaraciyər çatışmazlığı; – ağır dərəcəli tənəffüs çatışmazlığı; – ağır dərəcəli böyrək çatışmazlığı; – şəkərli diabet; – anamnezdə insult və ya baş beyinin ağır dərəcəli üzvi zədələnmələri; – sinir-psixi pozğunluqlar; – epilepsiya və ya müxtəlif mənşəli qıcolma sindromu; – ürəyin işemik xəstəliyi daxil olmaqla, ürək-damar sistemi xəstəlikləri; – son 24 saat müddətində spirtli içkilərin və ya tərkibində etanol olan dərman preparatlarının istifadəsi; – hamiləlik və reproduktiv yaş dövrü (kontrasepsiyadan istifadə edilmədikdə); – laktasiya dövrü; – 18 yaşa qədər uşaqlar (preparatın effektivliyi və təhlükəsizliyi barədə heç bir məlumatın olmadığı üçün); – izoniazidin, metronidazolun, ornidazolun, seknidazolun, tinidazolun, fenitoinin eyni zamanda istifadə olunması (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır: – böyrək çatışmazlığı (daha ağır dərəcəli disulfiram-etanol reaksiyasının inkişaf etmə riski); – hipotireoz (daha ağır dərəcəli disulfiram-etanol reaksiyasının inkişaf etmə riski); – nikel dermatiti (hepatitin inkişaf etmə riskinin yüksəlməsi); – mədə və onikibarmaq bağırsaq xora xəstəliyi (“Əlavə təsirləri” bölməsinə bax); – görmə sinirinin nevriti (“Əlavə təsirləri” bölməsinə bax); – kokaindən istifadə edən pasiyentlərdə (QT intervalının uzanması riski, “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax); – 60 yaşdan yuxarı pasiyentlərdə. Preparatı yalnız həkim nəzarəti altında qəbul etmək olar. Preparatı istifadə etməzdən əvvəl pasiyentin tibbi müayinəsini aparmaq lazımdır. Pasiyenti əvvəlcədən xəbərdar etmədən preparatı istifadə etmək olmaz. Qaraciyər funksiyalarının pozulması Qaraciyər çatışmazlığına, qaraciyər komasına və letal nəticəyə gətirib çıxara bilən və ya qaraciyər transplantasiyasının aparılmasını tələb edən, ağır dərəcəli toksik qaraciyər zədələnmələrinin inkişaf etməsi barədə məlumatlar mövcuddur. Disulfiramla müalicəyə başlamazdan əvvəl, “qaraciyər” transaminazalarının aktivliyinin təyin olunması daxil olmaqla, qaraciyər funksiyasının tədqiqatını aparmaq lazımdır (“Əks göstərişlər” bölməsinə bax). Disulfiramla aparılan müalicə müddətində, xüsusilə müalicənin ilk 3 ayı ərzində (hər ay), bu tədqiqatları müntəzəm təkrarlamaq lazımdır. “Qaraciyər” transaminazalarının aktivliyi normanın yuxarı səddindən üç dəfə yüksəldikdə, aparılan müalicənin dərhal uzunmüddətli dayandırılması tələb olunur. Bu halda, “qaraciyər” funksional sınaqlarının göstəriciləri normalaşana qədər, pasiyentə diqqətlə nəzarət etmək lazımdır. Pasiyentlər xəbərdar olunmalıdırlar ki, asteniya, anoreksiya (iştahanın olmaması), ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı və ya sarılıq (bu simptomun təzahürləri dəri örtüyünün və selikli qişaların (məsələn, ağız boşluğunun, skleraların) sarı rəngə boyanması, dəri səpgiləri, sidiyin tündləşməsi, nəcisin rəngsizləşməsi ola bilər) kimi simptomların meydana çıxması barədə, dərhal həkimə məlumat vermək lazımdır. Bu simptomlar meydana çıxdıqda, klinik yoxlama və laborator müayinə (qaraciyərin funksional vəziyyətinin qiymətləndirilməsi) daxil olmaqla, pasiyenti dərhal müayinə etmək lazımdır. Disulfiram-etanol reaksiyaları Pasiyentləri disulfiram-etanol reaksiyalarının inkişaf etmə təhlükəsi barədə xəbərdar etmək lazımdır. Disulfiram-etanol reaksiyaları, disulfiramla müalicə qəbul edən pasiyentlər spirtli içkilərdən, o cümlədən az miqdarda istifadə etdikdə, inkişaf edir. Pasiyentləri və onların ailə üzvlərini xəbərdar etmək lazımdır ki, bəzi qida məhsullarının (o cümlədən, “alkoqolsuz” nişanı olan), bəzi dərman preparatlarının (məsələn, daxilə qəbul etmək üçün məhlul və şərbət şəklində buraxılan öskürəkəleyhinə preparatlar) və həmçinin, bəzi tualet ləvazimatlarının (məsələn, taraşdan sonra istifadə etmək üçün losyonlar, parfümeriya vasitələri) tərkiblərində əhəmiyyət kəsb etməyən dərəcədə etanol ola bilər ki, bu da disulfiram-etanol reaksiyalarının inkişaf etməsinə səbəb ola bilər. Xoşagəlməyən simptomlar (üz nahiyəsi dərisinə “qan axınları”, dərinin qızarması, ürəkbulanma, qusma, əzginlik hissi, taxikardiya, arterial təzyiqin aşağı düşməsi), tərkibində etanol olan içkinin qəbulundan 10 dəqiqə sonra inkişaf edir və 30 dəqiqədən bir neçə saata qədər davam edir. Disulfiramın və etanolun (alkoqolun) eyni zamanda istifadəsi, ölümlə nəticələnə bilər. Disulfiram ilə aparılan müalicədən sonra, etanola qarşı reaksiyalar 14 gün müddətində meydana çıxa bilərlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Disulfiram, qaraciyərdə CYP2E1 izofermen vasitəsi ilə mikrosomal oksidləşməyə məruz qalan bəzi dərman preparatlarının konsentrasiyalarını yüksəldə bilər (“Farmakokinetikası” bölməsinə bax). Birlikdə istifadəsi əks göstəriş olan kombinasiyalar Etanol Disulfiram-etanol reaksiyaları: üz nahiyəsi dərisinə “qan axınları”, dərinin qızarması, ürəkbulanma, qusma, arterial təzyiqin aşağı düşməsi, taxikardiya, zəiflik və ya daha şiddətli reaksiyalar (“Əlavə təsirləri” bölməsinə bax). Spirtli içkilərin və tərkibində etanol olan dərman preparatlarının istifadəsindən çəkinmək lazımdır. Diazepam disulfiram-etanol reaksiyasını zəiflədə bilər, bu reaksiyanı həmçinin, askorbin turşusu və antihistamin preparatlar bir qədər zəiflədə bilərlər. Arzuolunmayan kombinasiyalar İzoniazid Disulfiram davranış və koordinasiya pozğunluqlarının inkişaf etmə riskini yüksəldir. Nitroimidazol törəmələri (metronidazol, ornidazol, seknidazol, tinidazol) Kəskin delirium, şüurun dumanlanması. Fenitoin Fenitoinin plazma konsentrasiyalarının əhəmiyyətli dərəcədə və sürətli yüksəlməsi, toksik effektlərin inkişaf etmə riskinin yüksəlməsinə (disulfiram fenitoinin metabolizmini inhibə etdiyi üçün) gətirib çıxara bilər. Göstərilən kombinasiyanın istifadəsindən çəkinmək mümkün olmadıqda, disulfiramla aparılan müalicə müddətində və müalicə sona çatdıqdan sonra, pasiyentin vəziyyətinə və qan plazmasında fenitoinin konsentrasiyasına nəzarət etmək lazımdır. Hepatotoksik dərman preparatları Qaraciyər zədələnməsi ehtimalını nəzərə alaraq, disulfiramın və hepatotoksik dərman preparatlarının birlikdə istifadəsindən çəkinmək lazımdır. İstifadə zamanı ehtiyat tələb edən kombinasiyalar Varfarin və digər dolayı təsirli antikoaqulyantlar Antikoaqulyant təsirin güclənməsi və qanaxma riskinin yüksəlməsi (qaraciyərdə varfarinin metabolizmi aşağı düşür) müşahidə oluna bilər. Disulfiramın istifadəsinə başladıqda və preparatın qəbulu dayandırıldıqdan sonra 8 gün müddətində beynəlxalq normalaşmış nisbətə (BNM) daha tez-tez nəzarət etmək və antikoaqulyantların dozasını korreksiya etmək tövsiyə olunur. Teofillin Disulfiram teofillinin metabolizmini aşağı salır. Bu səbəbdən, klinik simptomlardan və qan plazmasında teofillinin konsentrasiyasından asılı olaraq, teofillinin dozasını korreksiya etmək (dozasını aşağı salmaq) lazımdır. Benzodiazepinlər Disulfiram benzodiazepinlərin mikrosomal oksidləşməsinin inhibə olunması hesabına, onların sedativ effektinin güclənməsinə səbəb ola bilər. Benzodiazepinin dozalanmasını, klinik təzahürlərə müvafiq korreksiya etmək lazımdır. Trisiklik antidepressantlar (amitriptillin) Disulfiramla aparılan müalicə fonunda, etanolla eyni zamanda trisiklik antidepressantlardan istifadə olunduğu halda, disulfiram-etaniol reaksiyasının (etanola qarşı dözümsüzlük reaksiyası) güclənməsi baş verə bilər. Rifampisin Disulfiram rifampisinin oksidləşməsini və böyrəklər vasitəsi ilə xaric olunmasını ləngidir. Pimozid Pimozidlə eyni zamanda istifadə edildikdə, çox nadir hallarda üzvi beyin sindromunun güclənməsi meydana çıxa bilər. Kokain Disulfiram kokainin metabolizmini ləngidir ki, bu da kokainin konsentrasiyasının əhəmiyyətli dərəcədə yüksəlməsinə və QT intervalının uzanma riskinin artmasına gətirib çıxara bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü Hamilə qadınlarda Teturam preparatının istifadəsi əks göstərişdir (heç bir klinik məlumat olmadığı üçün). Laktasiya dövrü Laktasiya dövründə Teturam preparatının istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib. Bu səbəbdən, laktasiya dövründə qadınlara preparatın istifadəsi əks göstərişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Bəzi pasiyentlərdə disulfiram yuxuya meylliliyə səbəb ola bilər, bu səbəbdən, nəzərə almaq lazımdır ki, preparat yüksək diqqət konsentrasiyası tələb edən nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.
İstifadə qaydası və dozası
Müalicəni, pasiyenti hərtərəfli müayinə etdikdən və terapiyanın nəticələri və ağırlaşmaları barədə məlumatlandırdıqdan sonra, başlamaq olar. Müalicəyə başlayana qədər 5-7 gün müddətində pasiyent alkoqol (etanol) qəbul etməməlidir, qanda etanolun mövcudluğunu təyin edən test mənfi olmalıdır. Preparatı daxilə sutkada 1 dəfə səhər yeməyi zamanı 500 mq-dan artıq olmayan dozada, fərdi sxem üzrə qəbul etmək lazımdır: dozanı tədricən sutkada 250 mq-a və ya 150 mq-a qədər aşağı salmaq lazımdır. Pasiyentin reaksiyasından asılı olaraq, dozanı artırmaq və ya azaltmaq olar. Disulfiram-etanol sınağı 7-10 gündən sonra disulfiram-etanol sınağını aparmaq lazımdır (500 mq preparatı qəbul etdikdən sonra, pasiyent 20-30 ml 40 %-li etanol qəbul etməlidir), disulfiram-etanol reaksiyası zəif olduqda (üz nahiyəsi dərisinə “qan axınları”, dəri örtüyünün hiperemiyası, ürəkbulanma, qusma, zəiflik, taxikardiya, arterial təzyiqin aşağı düşməsi) etanolun dozasını 10-20 ml (40 % etanol hesabı ilə maksimal doza 120 ml təşkil etməlidir) yüksəltmək lazımdır. 1-2 gündən sonra stasionarda və 3-5 gündən sonra ambulator şəraitdə, zərurət yarandıqda etanolun və/və ya preparatın dozalarını korreksiya edərək, sınağı təkrar keçirmək lazımdır. Gələcəkdə, 1-3 il müddətində preparatı sutkada 150-250 mq dəstəkləyici dozada istifadə etmək olar. Disulfiram-etanol sınağını 50 yaşdan yuxarı pasiyentlərdə keçirmək olmaz.
Əlavə təsirləri
İnkişaf etmə tezliklərinə əsasən, arzuolunmayan reaksiyalar aşağıdakı kimi təsnif olunmuşdur: çox tez-tez (≥ 10 %), tez-tez (≥ 1 %, < 10 %), bəzən (≥ 0,1 %, < 1 %), nadir hallarda (≥ 0,01 %, < 0,1 %), tək-tək məlumatlar daxil olmaqla, çox nadir hallarda (< 0,01 %), məlum deyil (əldə olunan məlumatlara əsasən, arzuolunmayan reaksiyaların tezliyini müəyyən etmək mümkün deyil). Disulfiramın istifadəsi ilə əlaqəli arzuolunmayan reaksiyalar Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: tez-tez – disgevziya (dadbilmə qabiliyyətinin pozulması); bəzən – nəcisin qeyri-normal qoxusu. Qaraciyərdə və/və ya ödçıxarıcı yollarda baş verən pozğunluqlar: məlum deyil – qaraciyər çatışmazlığı, fulminant hepatit, hepatit (əsasən, sitolitik). Sinir sistemində baş verən pozğunluqlar: çox tez-tez – baş ağrısı; tez-tez – yuxuya meyllilik; bəzən – polineyropatiya; məlum deyil – görmə sinirinin nevriti, qıcolmalar, amneziya, ensefalopatiya. Psixikada baş verən pozğunluqlar: məlum deyil – sinir-psixi pozğunluqlar, şüurun dumanlanması. Damarlarda baş verən pozğunluqlar: məlum deyil – arterial hipertenziya. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: məlum deyil – allergik dermatit. Ümumi pozğunluqlar: çox tez-tez – asteniya. Disulfiram-etanol kombinasiyası ilə əlaqəli arzuolunmayan reaksiyalar Sinir sistemində baş verən pozğunluqlar: məlum deyil – qıcolmalar, beyin ödemi, subdural qansızma. Ürəkdə baş verən pozğunluqlar: məlum deyil – taxikardiya, aritmiya, stenokardiya, miokard infarktı (bəzən ölümlə nəticələnən). Damarlarda baş verən pozğunluqlar: məlum deyil – üz nahiyəsi dərisinə “qan axınları”, arterial təzyiqin aşağı düşməsi, ürək-damar kollapsı. Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar: məlum deyil – tənəffüsün tormozlanması. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: məlum deyil – ürəkbulanma, qusma. Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: məlum deyil – eritema (dəri örtüyünün hiperemiyası). Ümumi pozğunluqlar: məlum deyil – əzginlik. Disulfiramdan uzun müddət ərzində istifadə etdikdə: – alkoqol psixozuna bənzər psixozlar, hepatit, qastrit; – ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə baş beyin damarlarının trombozu baş verə bilər, bu səbəbdən, ətraflarda və üz nahiyəsində paresteziyalar olduqda, preparatın istifadəsini dərhal dayandırmaq lazımdır; – polinevritin kəskinləşməsi; – preparatın istifadəsi fonunda etanolu 50-80 ml-dən (40 % etanol hesabı ilə) yüksək dozalarda qəbul etdikdə, ürək-damar və tənəffüs sistemlərinin ağır dərəcəli pozğunluqları, ödemlər, qıcolmalar inkişaf edə bilər. Belə hallarda, təcili dezintoksikasion və simptomatik müalicə təyin etmək lazımdır.
Doza həddinin aşılması
Yalnız tək disulfiramın doza həddinin aşılması nəticəsində sinir sistemində pozğunluqlar inkişaf edə bilər: şüurun pozulması (o cümlədən, şüurun dumanlanması, koma, ensefalopatiya), ekstrapiramid simptomlar, qıcolmalar, kollaps. Disulfiram-etanol kombinasiyasının istifadəsi zamanı (əsasən, suisidal cəhdlər olduqda) doza həddinin aşılması, komaya qədər şüurun tam tormozlanmasına, ürək-damar kollapsına, nevroloji ağırlaşmalara səbəb olur. Müalicəsi: ürək-damar və tənəffüs sistemlərinin funksional vəziyyətinin bərpa olunması və dəstəklənməsi istiqamətində simptomatik müalicə təyin olunmalıdır.
Buraxılış forması
150 mq dozada tabletlər. 10 tablet, konturlu-yuvalı qablaşdırmada. 3 və ya 5 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən aşağı temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır. İstehsalçı/Ünvan/İstehlakçılardan iradları qəbul edən təşkilat “Tatximfarmpreparatı” SC, Rusiya Federasiyası. 420091, Tatarıstan Respublikası, Kazan şəh., Belomorskaya küç., ev 260. Tel.: (843) 571-85-58; Faks: (843) 571-85-38. E-mail: [email protected]
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.