Kenaloq 40 mq 1 ml N5 inyeksiya
| Təsiredici maddə | TRIAMCINOLONE |
|---|---|
| Dərman forması | İnyeksiya üçün məhlul |
| Farmakoloji təsir | Sistem istifadə üçün kortikoidlər, qlükokortikoidlər |
| İstehsal ölkəsi | Sloveniya |
Onlayn sifariş zamanı 5% endirim.
Sifarişi təsdiqləyərkən kupon kodundan istifadə edin
Endirim_5
21,60 ₼
Stokda var
Stokda var
-
Filialdan götürmək
Bu gün götürmək
Ödənişsiz
-
Kuryerlə çatdırılma
Kuryerimiz sifarişinizi qeyd etdiyiniz ünvana çatdıracaq.
Ödənişli
-
Ekspress çatdırılma
Sürətli çatdırılma
Ödənişli
Ödəniş üsulları:
Məhsulun təsviri
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
КЕNALOQ 40 inyeksiya üçün suspenziya Beynəlxalq patentləşdirilməmiş adı: Triamcinolone
Tərkibi
Təsiredici maddə: 1 ml suspenziyanın tərkibində 40 mq triamsinolon asetonid vardır. Köməkçi maddələr: natrium kаrmelloza, natrium xlorid, benzil spirti, polisorbat 80, inyeksiya üçün su.
Təsviri
Praktiki olaraq hissəciklərdən və aqlomeratlardan azad, zəif benzil spirti qoxusuna malik ağ rəngli suspenziyadır.
Farmakoterapevtik qrupu
Sistem istifadə üçün kortikoidlər, qlükokortikoidlər. ATC kodu: H02AB08.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası Triamsinolonun əsas effekti onun qlükokortikoid təsiri və iltihabi reaksiyaları ləngitməsi ilə bağlıdır. Kortikosteroidlər iltihabi prosesin ilkin əlamətlərinin (qızartı, ağrılıq, lokal hipertermiya, ödem), eləcə də onun sonrakı fəsadlarının, o cümlədən fibroblastların proliferasiyasının və kollagenin çökməsinin qarşısını alır və ya ləngidir . Farmakokinetikası Oynaqdaxili və əzələdaxili yeridilmə zamanı əyrisi altındakı sahələrin (AUC) müqayisəsi hər iki formada tam absorbsiyanın getdiyini göstərir. Prednizolon kimi, triamsinolon da əsasən qaraciyərdə metabolizə olunur. Preparatın 15%-dən az hissəsi sidiklə dəyişilməmiş şəkildə xaric olunur. Triamsinolonun üç metaboliti müəyyən olunmuşdur; metabolik profil preparatın hər üç yeridilmə üsulu zamanı oxşardır. Triamsinolon asetonidin metabolitlərinə 6-beta-hidroksitriamsinolon asetonid, 21-karboksi-6-beta- hidroksitriamsinolon asetonid və 21-karboksitriamsinolon asetonid aiddir. Kortikosteroidlərin lokal istifadəsi zamanı həyata keçirilən klinik tədqiqatlarda ana südündə müəyyən edilə bilən miqdarın yaranmasına səbəb olan əhəmiyyətli sistem absorbsiyanın olması aşkar edilməmişdir. Sistem təyin edilən kortikosteroidlər ana südünə elə miqdarda sekresiya olunur ki, südəmər uşaqlarda əlavə təsirlərin yaranma ehtimalı az dərəcədə olur.
İstifadəsinə göstərişlər
Kenaloq 40 – triamsinolon asetonidin uzunmüddətli təsirə malik, sistem və lokal istifadə üçün sulu suspenziyasıdır. Bu, iltihab əleyhinə, immunsupressiv, qaşınma əleyhinə və allergiya əleyhinə təsirlər göstərən sintetik kortikosteroiddir. Preparat arterial hipertenziyaya səbəb olmur. Onun hipofizə ləngidici təsiri həmin dozalarda digər kortikosteroidlərə nisbətən bir qədər zəifdir. Triamsinolon asetonid aşağıdakı hallarda tövsiyə olunur: • Аllergik vəziyyətlər, o cümlədən mövsümi və bütün il davam edən allergik rinit, astma, atopik və kontakt dermatiti, dərman vasitələrinə qarşı reaksiyalar, zərdab xəstəliyi və qırtlağın kəskin qeyri-infeksion ödemi. Anafilaktik reaksiyalarda kоrtikosteroidlər kəskin fazanın müalicəsi zamanı təyin edilmir, lakin onlardan reaksiyaların sonrakı mərhələrinin qarşısını almaq üçün istifadə edilir. • Revmatoid xəstəliklər Коrtikosteroidlər əsasən yavaş təsir göstərən revmatizm əleyhinə preparatların müsbət effektini gözləyən, ağır revmatoid artritdən əziyyət çəkən xəstələrdə istifadə edilir. Onlar kəskin podaqra, kəskin qeyri-spesifik ankilozəedici spondiloartrit, bursit, epikondilit, posttravmatik osteoartrit, psoriatik artrit və osteoartrit zamanı sinovitin qısamüddətli terapiyası üçün göstərişlidir. • Dermatoloji xəstəliklər Коrtikosteroidlər suluqlu herpes formalı dermatit, eksfoliativ dermatit, ağır çox formalı eritema, ağır psoriaz, ağır seboreya dermatiti, ekzema, atopik dermatit, diskoid qurdeşənəyi, kontakt dermatiti, ocaqlı alopesiya, pemfiqus və müxtəlif kəskin və xroniki dermatozlar zamanı tövsiyə olunur. • Oftalmoloji xəstəliklər Коrtikosteroidlər ağır kəskin və xroniki allergik və iltihabi vəziyyətlər, o cümlədən allergik konyunktivit, buynuz qişanın allergik kənar xoraları, gözün ön kamerasının iltihabı, xorioretinit, diffuz arxa uveit və xoreit, gözlərin herpeslə zədələnməsi, irit və iridosiklit, keratit, görmə sinirinin nevriti və simpatik oftalmiya zamanı tövsiyə olunur. • Endokrin xəstəliklər Коrtikosteroidlər böyrəküstü vəzilərin birincili və ikincili çatışmazlığı, kongenital hiperplaziya, xərçəng xəstəliyi ilə əlaqədar olan hiperkalsiemiya, irinsiz tireoidit və Addison xəstəliyi zamanı tövsiyə olunur. • Mədə-bağırsaq xəstəlikləri Коrtikosteroidlər regionar enteritin (Kron xəstəliyi) və xoralı kolitin kəskinləşmələrinin terapiyası üçün göstərişlidir. • Respirator xəstəliklər Коrtikosteroidlər aspirasion pnevmoniya, berillioz, Leffler sindromu, sarkoidoz və disseminasiya olunmuş vərəmin müalicəsində istifadə edilir. • Digər xəstəliklər Vərəm meningiti, dağınıq skleroz (kоrtikosteroidlərdən dağınıq sklerozun kəskinləşmələrinin müalicəsində istifadə edilir; onlar xəstəliyin kəskinləşmə davamiyyətini qısaldır, lakin onun irəliləməsinə təsir göstərmir).
Əks göstərişlər
Triamsinolona və ya preparatın hər hansı digər komponentinə qarşı hiperhəssaslıq. Kortikosteroidlər sistem göbələk infeksiyaları zamanı əks göstərişdir. Əzələdaxili yeridilən коrtikosteroidlər idiopatik trombositopenik purpura zamanı əks göstərişdir. Kenaloqu gözə yeritmək olmaz. Aşağıda sadalanan əks göstərişlər nisbidir, müalicənin planlaşdırılan davamiyyətindən və yeridilmə üsulundan – sistem və ya lokal – asılıdır və əsasən ehtiyat və xəbərdarlıq xarakteri daşıyır. Аktiv iltihab Kоrtikosteroidlər orqanizmin infeksiyalara qarşı cavab reaksiyasını zəiflədə və lokal və ya sistem infeksiyalarını, sistem göbələk infeksiyalarını aktivləşdirə və ya kəskinləşdirə, antibiotiklərlərlə nəzarət olunmayan infeksiyaları aktivləşdirə, həmçinin latent vərəmi aktivləşdirə və ya vərəmin klinik təzahürlərini şiddətləndirə bilər. Diabet Kоrtikosteroidlərlə terapiya zamanı xəstəliyin gedişatı üzərində nəzarət çətinləşə bilər. Оsteoporoz Kоrtikosteroidlərlə uzunmüddətli terapiya zamanı, xüsusilə də yaşlı xəstələrdə, onurğanın kompression zədələnməsi təhlükəsinin yaranmasına qədər osteoporoz əlamətləri güclənə bilər. Мiopatiya Anamnezdə коrtikosteroid-induksiya olunmuş proksimal miopatiyanın olması bu əlavə təsirin yaranmasının xüsusi riskinin olması ilə əlaqədar olaraq əks göstərişdir. Kortikosteroidlərin qəbulunu dayandırdıqdan sonra miopatiya, adətən, bir neçə ay ərzində aradan qalxır. Uşaqlar bu əlavə təsirin yaranma riskinə daha çox məruz qalırlar. Peptik xora Peptik xoranın yaranması müəyyən dərəcədə коrtikosteroidlərin qəbul edilməsi ilə bağlıdır, bu zaman qanaxma və ya perforasiyanın yaranma riski mövcuddur. Əlavə olaraq iltihab əleyhinə preparatlar qəbul edən xəstələr daha çox bu riskə məruz qalırlar. Psixoz Anamnezdə paranoya və depressiya olan xəstələrdə bu preparatın qəbulu intihar riskini artıra bilər. Тoxuma reparasiyası Yeni bağırsaq anastomozları olan xəstələr üçün toxuma reparasiyasının yavaşıması əhəmiyyətli dərəcədə ola bilər. Vaksinasiya Kоrtikosteroidlər qəbul edən xəstələr çiçəyə qarşı vaksinasiya olunmamalıdırlar. Kоrtikosteroidlərin yüksək dozalarını qəbul edən xəstələrə hər hansı digər vaksinasiya aparılmamalıdır, belə ki, nevroloji ağırlaşmalar və ya anticisimlərin kifayət miqdarda ifraz olunmaması mümkündür. Triamsinolon asetonidin ciddi göstərişlər olmadıqda 6 yaşa qədər uşaqlara əzələdaxili inyeksiyalar şəklində və ya 12 yaşa qədər uşaqlara oynaqdaxili inyeksiyalar və ya zədələnmə sahəsinə inyeksiyalar şəklində təyin edilməsi tövsiyə olunmur. Kоrtikosteroidlərin lokal istifadəsi əks göstərişdir (nisbətən): • impetiqo, dərinin trixofitiyası və sadə herpes kimi zədələnmələr zamanı, • yenidoğulmuşlarda, • adi sızanaqlar zamanı, • rozaseya zamanı, • trofik xoralar zamanı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Burundaxili, subkonyunktival, subtenon, retrobulbar və intraokulyar (intravitreal) inyeksiyalar şəklində istifadə olunan Kenaloq 40 preparatının təhlükəsizliyi kifayət qədər tədqiq olunmamışdır. Preparatın intravitreal yeridilməsi zamanı endoftalmit, gözdaxili təzyiqin yüksəlməsi və görmənin pozulması, o cümlədən görmənin itirilməsi haqqında məlumatlar mövcuddur. Коrtikosteroid suspenziyasını burun boşluğuna və baş nahiyəsində zədələnmiş toxumalara yeritdikdən sonra korluğun yaranması halları qeyd olunub. Yeridilmə üsulundan asılı olmayaraq, triamsinolon asetonid inyeksiyasını qəbul edən xəstələrdə anafilaktik reaksiyalar və anafilaktik şok haqqında (ölümcül nəticəyə qədər) məlumatlar mövcuddur. Kortikosteroidlərin sistem və lokal istifadəsi zamanı görmə pozğunluqları müşahidə oluna bilər. Əgər xəstə bulanıq görmə və ya digər görmə pozğunluqları kimi simptomlar barədə bildirirsə, katarakta, qlaukoma və ya kortikosteroidlərin sistem və lokal istifadəsindən sonra nadir hallarda müşahidə olunan mərkəzi seroz xorioretinopatiyası (MSX) kimi mümkün səbəblərin qiymətləndirilməsi üçün oftalmoloqa yönəldilməsi nəzərdən keçirilməlidir. Menstrual dövr pozğunluqları yarana bilər, eləcə də postmenopauzal yaşda olan qadınlarda vaginal qanaxmalar müşahidə olunmuşdur. Bu risk barədə qadınları xəbərdar etmək lazımdır, lakin bu, göstərişlərə uyğun olaraq müvafiq testlərin aparılmasına mane olmamalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Amfoterisin B və kaliumqoryucu preparatların inyeksiyaları: xəstələr hipokaliemiyanın yaranma ehtimalı ilə əlaqədar olaraq tibbi müşahidə altına alınmalıdırlar. Antixolinesteraz vasitələr: bu preparatların qəbulundan əldə olunan effekt azala bilər (antaqonizə olunur). Peroral antikoaqulyantlar: коrtikosteroidlər antikoaqulyant təsiri gücləndirə və ya zəiflədə bilər. Peroral antikoaqulyantları və kortikosteroidləri eyni zamanda qəbul edən xəstələr tibbi müşahidə altına alınmalıdırlar. Diabetəleyhinə vasitələr: коrtikosteroidlər qanda qlükoza səviyyəsini artıra bilər; xüsusilə də kortikosteroidlərin qəbulunun əvvəlində, qəbul başa çatdıqda və ya dozada dəyişiklik edildikdə qlikemiya səviyyəsini yoxlamaq lazımdır. Antihipertenziv vasitələr, o cümlədən diuretiklər: коrtikosteroidlər antihipertenziv vasitələrin və diuretiklərin təsirini azaldır; diuretiklərin (o cümlədən asetazolamidin) hipokaliemik effekti güclənə bilər. Vərəməleyhinə preparatlar: qan zərdabında izoniazidin konsentrasiyası azala bilər. Siklosporin: siklosporinin toksikliyinin artmasının əlamətlərinin monitorinqini aparmaq lazımdır. Üskükotu qlikozidləri: üskükotunun toksikliyi güclənə bilər. Estrogenlər, o cümlədən peroral kontraseptivlər: kortikosteroidlərin yarımxaricolma dövrü və konsentrasiyası arta, klirensi isə azala bilər. Qaraciyər fermentlərinin induktorları (məs., barbituratlar, fenitoin, karbamazepin, rifampisin, primidon, aminoqlütetimid): Kenaloq 40 preparatının metabolik klirensinin artması mümkündür. Steroidlərin effektinin azalmasının mümkünlüyü ilə əlaqədar olaraq xəstələr tibbi müşahidə altında olmalıdırlar, bu zaman müvafiq doza korreksiyası zəruridir. İnsanın böyümə hormonu: boyatmanın stimullaşdırılması effektinin güclənməsi mümkündür. Кеtokonazol: sonradan effektin güclənməsi ilə birlikdə kortikosteroidlərin klirensinin azalması mümkündür. Depolyarizasiya etməyən əzələ relaksantları: коrtikosteroidlər sinir-əzələ keçiriciliyinin blokadasını azalda və ya gücləndirə bilər. Qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP): коrtikosteroidlər QSİƏP qəbulu ilə bağlı olan mədə-bağırsaq qanaxmalarının və xoranın yaranma riskini və/və ya ağırlıq dərəcəsini artıra bilər. Kоrtikosteroidlər qan zərdabında salisilatların səviyyəsini azalda və beləliklə də onların effektivliyini pisləşdirə bilər. Salisilatların yüksək dozaları ilə aparılan terapiya zamanı коrtikosteroidlərin qəbulunun dayandırılması, əksinə, sonuncuların toksik effektinin yaranmasına gətirib çıxara bilər. Hipoprotrombinemiyalı xəstələr aspirini коrtikosteroidlərlərlə birgə ehtiyyatla qəbul etməlidirlər. Tireoid preparatlar: adrenokortikosteroidlərin metabolik klirensi hipotireozlu xəstələrdə azalır, hipertireozlu xəstələrdə isə artır. Xəstədə tireoid statusun dəyişməsi adrenokortikosteroidlərin dozasının korreksiya edilməsi zərurəti yarada bilər. Vaksinlər: коrtikosteroidlər qəbul edən xəstələrin vaksinasiyası zamanı nevroloji ağırlaşmalar və immun cavabın olmaması müşahidə edilə bilər. Proteaza inhibitorları: Triamsinolon və ritonavir kimi proteaza inhibitorlarının eyni zamanda qəbulu triamsinolonun sistem səviyyələrini artıra bilər. Ehtiyatlı olmaq lazımdır. CYP3A inhibitorları ilə, xüsusilə kobisistat tərkibli preparatlarla eyni zamanda müalicə sistem əlavə təsirlərin yaranma riskini artıra bilər. Bu preparat kombinasiyasının qəbulundan qaçınmaq lazımdır; gözlənilən fayda qlükokortikosteroidlərin sistem təsirlərinin mümkün yaranma riskindən çox olan hallar istisna təşkil edir və belə hallarda kortikosteroidlərin əlavə təsirləri səbəbindən bu cür xəstələrə ciddi nəzarət edilməlidir. Ampulanın içindəkini digər preparatlarla qarışdırmaq qadağandır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Teratogen effektin müəyyən olunmamasına baxmayaraq, hamiləlik zamanı triamsinolon asetonid qəbul edilməməlidir. Kоrtikosteroidlərin insanlarda reproduktiv funksiyaya təsirinə həsr olunmuş kifayət qədər tədqiqatlar aparılmadığından, onların hamiləlik zamanı, həmçinin ana südü ilə qidalandıran qadınlarda istifadəsi yalnız potensial fayda ana və döl üçün potensial riskdən yüksək olduğu hallarda göstərişlidir. Anaları hamiləlik zamanı yüksək dozalarda коrtikosteroidlər qəbul etmiş yenidoğulmuşlar hipoadrenalizmin mümkün simptomlarının aşkar edilməsi məqsədilə hərtərəfli müayinə olunmalıdırlar. Buna baxmayaraq neonatal böyrəküstü vəzi çatışmazlığı nadir hallarda qeyd olunur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Кеnaloq 40 avtomobilləri idarəetmə və ya digər mexanizmlərlə işləmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Triamsinolonun doza sxemi dəyişkəndir və xəstəlikdən və həyata keçirilən terapiyaya qarşı xəstənin cavabından asılı olaraq fərdi qaydada müəyyən edilməlidir. Müalicəyə nəzarətlə birgə kortikosteroidlərin minimal dozalarını təyin etmək lazımdır. Dozanın aşağı salınması lazım gəldikdə, bunu tədricən həyata keçirmək lazımdır. Doza oynağın ölçüsü, xəstəliyin vəziyyəti və xəstənin cavabına müvafiq olaraq müəyyən edilməlidir. Terapevtik effekt, bir qayda olaraq, iki – üç həftədən sonra müşahidə edilir. Lakin arzuolunan müsbət effektə nail olmaq üçün 6 həftədən çox müddət tələb oluna bilər. Kеnaloq 40 preparatı venadaxili təyin edilməməlidir! Əzələdaxili yeridilmə Kenaloq 40 əzələdaxili 40-80 mq dozada təyin edilir. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün tövsiyə olunan başlanğıc doza 40 mq-dır. Ehtiyac olduqda, birdəfəlik doza 100-120 mq-a qədər artırıla bilər. 6-12 yaşlı uşaqlar üçün tövsiyə olunan başlanğıc doza 1-7 gün interval ilə 0,03-0,2 mq/kq-dır. Kenaloq 40 preparatının əzələdaxili yeridilməsi çox zaman başlanğıc peroral terapiyanı əvəz edə bilər. Bir parenteral doza xəstəliyə 4-7 gündən 3-4 həftəyə qədər nəzarət etmək üçün kifayət edir. 40-60 mq təşkil edən birdəfəlik dozanın qəbul edilməsi ot qızdırması və ya bitki tozcuqlarının təsirindən əmələ gələn astma zamanı bütün mövsüm ərzində simptomların remissiyasına gətirib çıxara bilər. Göstərilən yeridilmə üsulu, məsələn, astma zamanı, müsbət nəticələrə gətirib çıxara bilər, lakin kortikosteroidlərdən müntəzəm şəkildə istifadə zamanı mümkün olan əlavə təsirlərin yaranması ilə bağlı ola bilər. Oynaqdaxili yeridilmə Hal-hazırda triamsinolondan revmatoid artritin sistem terapiyası üçün nadir hallarda istifadə edilir; o, revmatoid, podaqra və psoriatik artrit və osteoartrit zamanı ağrı və iltihabı yüngülləşdirmək üçün oynağın daxilinə yeridilə bilər. Xəstələri xəbərdar etmək lazımdır ki, simptomların yaxşılaşmasına nail olunduqda oynaqları həddən artlq yükləməsinlər. Uzun müddət əzində təkrar edilən oynaqdaxili inyeksiyalar oynağın ağır destruksiyasına və sümüyün nekrozuna səbəb ola bilər. Böyüklər üçün triamsinolon asetonidin oynaqdaxili yeridilmə üzrə adi dozası: kiçik oynaqlar üçün 5- 10 mq, iri oynaqlar üçün 20-60 mq-dır. Bir neçə oynağa yeridilən ümumi doza 80 mq-dan çox olmamalıdır. 12-18 yaşlı uşaqlar üçün tövsiyə olunan başlanğıc doza 2,5-40 mq-dır. Sonrakı dozalar xəstənin cavabı nəzərə alınmaqla artırıla bilər. Triamsinolon bursit və ya tendosinoviti yüngülləşdirmək üçün lokal yeridilə bilər. Preparatı vətərlə vətər yatağı arasına yeridən zaman ehtiyatlı olmaq lazımdır; preparatın bilavasitə vətərə yeridilməsi onun cırılmasına gətirib çıxara bilər. Doza sinovial boşluğun ölçüsündən və iltihabın dərəcəsindən asılıdır. Zədələnmə ocağına yeridilmə Zədələnmiş sahəyə, adətən, müvafiq olan dozalara bölünmüş, 5-10 mq triamsinolon asetonid yeridilir. 12-18 yaşlı uşaqlar üçün tövsiyə olunan başlanğıc doza 2,5-40 mq-dır. Sonrakı dozalar xəstənin cavabı nəzərə alınmaqla artırıla bilər. Sahə böyük olduqda inyeksiya yerinə bir neçə kiçik inyeksiyalar yeridilir. Bir qayda olaraq, hər 2-3 həftədən bir 2-3 inyeksiya kifayət edir. Göstərilən yeridilmə üsulundan böyük sahəyə malik zədələnmə ocaqlarında, məsələn, psoriaz və ya ocaqlı alopesiya zamanı istifadə edilir. Uşaqlar Triamsinolon asetonidin 6 yaşdan kiçik uşaqlarda əzələdaxili və 12 yaşdan kiçik uşaqlarda oynaqdaxili istifadəsi ciddi göstərişlər olmadan tövsiyə olunmur. Müalicə dövründə bu cür xəstələrin böyümə və inkişafını yoxlamaq lazımdır. Böyrək funksiyalarının pozğunluqları zamanı doza korreksiyası tələb olunmur. Qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluqları zamanı müalicəyə yarı doza ilə başlamaq lazımdır, belə ki, xəstələrin bu kateqoriyasında kortikosteroidlərin effekti güclənə bilər. Triamsinolon asetonidi lokal anestetiklərlə durulaşdırmaq və ya qarışdırmaq olar. Kortikosteroid preparatlarını zədələnmə ocağına yeritdikdə inyeksiya üçün su (steril) və ya natrium xloridin 0,9%-li inyeksiya üçün məhlulu ilə qarışdırıla bilər. Hazırlanmış suspenziya 7 gün ərzində istifadəyə yararlı hesab olunur.
Əlavə təsirləri
Əlavə təsirlər, bir qayda olaraq, preparatın qəbulunu dayandırmaqla aradan qaldırıla bilər. Ehtimal olunan əlavə təsirlərin, o cümlədən hipotalamo-hipofizar-böyrəküstü sistemin ləngiməsinin yaranma tezliyi dərman vasitəsinin dozasından, onun istifadə üsulundan və müalicənin davamiyyətindən asılıdır. Oynaqdaxili yeridildikdən sonra triamsinolonun absorbsiyasına nadir hallarda rast gəlinməsinə baxmayaraq, xəstələr ehtimal olunan əlavə təsirlərə nəzarət etmək üçün tibbi müşahidə altında olmalıdırlar. İltihab əleyhinə və immunsupressiv təsir: həssaslığın və infeksiyaların ağırlıq dərəcəsinin artması və opportunist infeksiyaların klinik simptom və təzahürlərinin supressiyası, vərəmin residivi. Su-elektrolit balansı: natrium və mayelərin orqanizmdə toplanması, meylli xəstələrdə durğun ürək çatışmazlığı, hipokaliemiya nəticəsində aritmiya və EKQ-də dəyişikliklər, orqanizmdən kalsiumun xaric edilməsinin güclənməsi, hipertenziya. Dayaq-hərəkət aparatı ilə bağlı: əzələ zəifliyi, yorğunluq, “steroid” miopatiyası, əzələ kütləsinin azalması (atrofiya), osteoporoz, onurğanın kompression sınığı, sınıq zamanı sümüklərin bitişməsinin yavaşıması, bud və ya bazu sümüklərinin başının aseptik nekrozu, borulu sümüklərin patoloji (spontan) sınıqları, vətərlərin cırılması. Hiperhəssaslıq reaksiyaları: аnafilaktoid reaksiya, anafilaktik reaksiya, o cümlədən anafilaktik şok, angionevrotik ödem, səpgi, qaşınma və övrə, xüsusilə də anamnezdə dərman vasitələrinə qarşı allergiya olduqda. Dəri örtükləri ilə bağlı: yaraların sağalmasının yavaşıması, dərinin nazilməsi, petexiyalar, ekximozlar, intensiv tərləmə, purpura, striyalar, girsutizm, akneyəbənzər səpgilər, qırmızı qurdeşənəyinə bənzər zədələnmə, dəri testlərinin həyata keçirilməsi zamanı reaksiyaların ləngiməsi. Mədə-bağırsaq traktı ilə bağlı: dispepsiya, mədə və onikibarmaq bağırsaq xorası, pankreatit, köpmə, xoralı ezofagit, kandidoz. Sinir sistemi ilə bağlı: eyforiya, psixi asılılıq sindromu, depressiya, yuxusuzluq, qıcolmalar, görmə siniri diskinin ödemi ilə birgə kəllədaxili təzyiqin artması (beyinciyin psevdoşişi), vertiqo, baş ağrısı, nevrit və ya paresteziya, əvvəllər mövcud olan psixi pozğunluqların və epilepsiyanın simptomlarının kəskinləşməsi. Psixi reaksiyalar: affektiv pozğunluqlar (əsəbilik, eyforiya, depressiya, ləbillik, özünəqəsd fikirləri), psixotik reaksiyalar (maniyalar, halüsinasiyalar, şizofreniya simptomlarının kəskinləşməsi), davranış pozğunluqları, təşviş, yuxu pozğunluqları, koqnitiv disfunksiya, o cümlədən şüur dolaşıqlığı və amneziya. Bu əlamətlər həm böyüklərdə, həm də uşaqlarda müşahidə edilə bilər. Böyüklərdə ciddi arzuolunmaz reaksiyaların yaranma tezliyi 5-6% təşkil edir. Endokrin sistemi ilə bağlı: menstrual dövrün pozulması, amenoreya və postmenopauzal vaginal qanaxma, Kuşinq sindromu, uşaqlarda və yeniyetmələrdə boyatmanın ləngiməsi, stres zamanı (travmalar, əməliyyatlar, xəstəliklər) ikincili böyrəküstü vəzi və hipofizar çatışmazlıq, karbohidratlara qarşı toleransın azalması, latent şəkərli diabetin manifestasiyası, diabet zamanı insulinə və ya peroral hipoqlikemik vasitələrə qarşı tələbatın artması, bədən çəkisinin artması, hipokalsiemiya, hipoproteinemiya, iştahanın artması. Duyğu və görmə orqanları ilə bağlı: arxa subkapsulyar katarakta, gözdaxili təzyiqin artması, qlaukoma, ekzoftalm, görmə siniri diskinin ödemi, buynuz qişanın və ya skleranın nazilməsi, gözlərdə ikincili virus və ya göbələk infeksiyalarının inkişafına qarşı meyllilik, bulanıq görmə (o cümlədən bax: Ehtiyat tədbirləri bölməsi). Digər: nekrozlaşan vaskulit, tromboflebit, tromboemboliya, leykositoz, yuxusuzluq, ürəkkeçmə. Preparatın qəbulunu dayandırdıqdan sonra meydana çıxan simptom və təzahürlər: qızdırmalı vəziyyət, mialgiya, artralgiya, rinit, konyunktivit, dəridə ağrılı qaşınan düyüncüklər, çəkinin azalması. Preparatı uzun müddət qəbul etdikdən sonra dozanın çox kəskin şəkildə aşağı salınması böyrəküstü vəzilərin kəskin çatışmazlığına, hipotoniya və ölümə gətirib çıxara bilər. Oynaqdaxili yeridilmə Preparatı oynaqdaxili yeritdikdən sonra əlavə reaksiyalara nadir hallarda rast gəlinir. Bəzi hallarda müvəqqəti hiperemiya və başgicəllənmə müşahidə edilir. Lokal simptomların meydana çıxması mümkündür: inyeksiyadan sonra iltihabi hiperemiya, müvəqqəti ağrılar, əsəbilik, steril abses, hiper- və ya hipopiqmentasiya, Şarko atropatiyası, oynaqlarda diskomfort hissi. Piy toxumasının bir neçə həftə və aylar ərzində keçən müvəqqəti lokal atrofiyası (inyeksiya oynaq yarığına yeridilmədikdə) baş verə bilər. Əzələdaxili yeridilmə Preparat əzələdaxili yeridildikdən sonra güclü ağrıların əmələ gəlməsi halları məlumdur; steril abseslər, dəri və dərialtı toxumanın atrofiyası, hiperpiqmentasiya, hipopiqmentasiya, Şarko atropatiyası qeyd olunmuşdur.
Doza həddinin aşılması
Kоrtikosteroidlərin doza həddinin kəskin aşılması nəticəsində doza həddinin kəskin aşılması və ya ölüm haqqında bəzi məlumatlar mövcuddur. Simptomları Adətən, preparatın yalnız çox yüksək dozalarının bir neçə həftə qəbulundan sonra baş verən doza həddinin aşılması əlavə təsirlərə (əsasən, Kuşinq sindromuna) səbəb ola bilər. Müalicəsi Dəstəkləyici və simptomatik müalicə aparılır. Spesifik antidotu yoxdur. Hemodializ triamsinolonun orqanizmdən xaric olmasının əhəmiyyətli dərəcədə sürətlənməsinə gətirib çıxarmır.
Buraxılış forması
1 ml məhlul, ampulda. 5 ampul, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
8°С-dən 25°С–yə qədər temperaturda, şaquli vəziyyətdə və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
KRKA, d.d., Novo mesto, Sloveniya. Azərbaycanda Nümayəndəlik Xocalı Prospekti 55, AGA Biznes Mərkəzi Tel.: (+99412) 464 40 22/23; (+99450) 264 29 27.
Ən Son Məqalələr
Reseptlə satılır
Müştəri rəyləri
Rəy yazmaq üçün hesabınıza daxil olun.

Rəylər
Filtrləri təmizləBu məhsul üçün rəy yoxdur.