Kəskin respirator virus infeksiyası

Kəskin respirator virus infeksiyası

Kəskin respirator virus infeksiyası (KRVİ), törədiciləri pnevmotrop viruslar olan, tənəffüs sisteminin kliniki və morfoloji cəhətdən oxşar, kəskin iltihabi xəstəliklər qrupudur. KRVİ rinovirus, adenoviral infeksiyalar  və yuxarı tənəffüs yollarının digər kataral iltihabi xəstəliklərini  özündə birləşdirən, dünyada ən geniş yayılmış xəstəliklər qrupudur.

Epidemiologiya.

KRVİ ən çox yayılmış yoluxucu xəstəlikdir, ona hər yerdə rast gəlinir və buna görə də, xəstəliyi tam nəzarətdə saxlamaq  mümkün deyil. Həyatın ilk aylarında uşaqlar  praktiki olaraq xəstələnmirlər. Ən yüksək rastgəlmə azyaşlı uşaqlar arasında müşahidə olunur, bu da uşaqların uşaq baxçalarına getməsi ilə əlaqədardır. Yuxarı yaş qruplarında xəstəliyin rastgəlmə tezliyinin azalması,  xəstəliyi keçirdikdən sonar, spesifik immunitetin  əldə olunması ilə əlaqədardır.

İnfeksiyanın ötürülməsi.

Kəskin respirator virus infeksiyalarının demək olar ki, bütün qrupu əsasən hava-damcı və ağız yolu (öpüşmək) ilə ötürülür. Bəzən isə infeksiyanın  ötürülməsi ev əşyaları, oyuncaqlar, paltar və ya qablar vasitəsilə də, mümkündür.

Patogenez.

Xəstəliyin başlanğıc dövründə virus  "infeksiyanın giriş qapısında" çoxalır və özünü burun axması, larinqit, qıcıqlanma, quru öskürək şəklində göstərir. Temperatur isə adətən müşahidə olunmur.

Sonra virus qan dövranına daxil olur və ümumi intoksikasiya əlamətləri meydana gəlir.Titrəmə, baş ağrısı, bədəndə ağrılar müşahidə olunur. İmmunitet reaksiyasının aktivləşməsi bədənin virusa qarşı antitel istehsal etməsinə səbəb olur, bunun nəticəsində qan tədricən təmizlənir və intoksikasiya əlamətləri azalmağa başlayır. Ağırlaşmamış kəskin respirator virus infeksiyalarının son mərhələsində tənəffüs yolları epitelisi viral təbəqələrdən təmizlənir, bu da özünü burun axması, selik və ya irinli bəlğəm ifrazı ilə müşahidə olunan yaş öskürək kimi göstərir.

Müalicə.

Kəskin respirator virus infeksiyaları zamanı, vaxtında differensial diaqnoz qoymaq çətindir  və törədicilərinin əksəriyyətinə qarşı xüsusi dərman hazırlanmamışdır.

Populyar olan C vitamininin müntəzəm istifadə edilməsi  bütövlükdə əhali arasında yoluxma ehtimalını azaltmır, lakin bəzi hallarda xəstəliyin ağırlığını və müddətini (böyüklərdə 3% -dən 12% -ə qədər), xüsusən də fiziki gərginlikdən əziyyət çəkən xəstələrdə azalda bilər.

KRVİ-ni törədən viruslara qarşı antibiotiklərin istifadəsi effektsizdir.  Bu zaman hərarətsalıcı dərmanlardan, parasetamol daxil olmaqla, qeyri-steroid iltihab əleyhinə dərmanlardan istifadə olunmalıdır.

Ümumiyyətlə günümüzdə KRVİ üçün yalnız simptomatik müalicə mövcuddur. Bir çox insan ümumi soyuqdəymə üçün müstəqil olaraq reseptsiz satılan preparatlardan istifadə edir. Bu preparatlara antihistaminlər, ağrıkəsicilər, iltihabəleyhinə vasitələri misal göstərmək olar. 5000-dən çox xəstənin iştirak etdiyi 27 tədqiqatın nəticəsinə əsasən, ümumi bərpa və simptomların aradan qaldırılması baxımından bu preparatlar daha faydalıdır. Antihistaminlərin və iltihabəleyhinə vasitələrin birgə istifadəsi effektli olsa da, bir çox insanlarda, ağızda quruluq, yuxusuzluq və başgicəllənmə kimi yan təsirləri yaradır.

Profilaktika.

İnfeksiya yayılan dövrdə, kütləvi tədbirlərdən, qapalı məkanlardan uzaq olmaq, xəstələrlə yaxın təmasdan çəkinmək, əlləri mümkün qədər tez-tez yumaq tövsiyə olunur. Xəstələr də, həmçinin müəyyən qaydalara əməl etməlidir. Xəstələr, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməlidir,  kütləvi tədbirlərdə iştirak etməməlidir, sağlam insanlarla sıx təmasdan çəkinməlidir və mümkün qədər maskadan (respirator) istifadə etməlidirlər.