Uşaqlıqdan bəri normal bədən temperaturunun 36,6 dərəcə olduğunu bilirik. Əgər termometrdə bundan daha yüksək bir göstərici olarsa ,deməli biz xəstələnmişik. Bədən temperaturunun artması orqanizmdə hər hansı bir problemin baş verdiyinin göstəricisidir və bu məsələ həkimlə mütləq müzakirə edilməlidir.
Niyə temperatur yüksəlir?
Çox az adam bilir ki, gün ərzində bədən temperaturumuz bir qədər dəyişir. İnsan yuxudan oyandıqda bədən istiliyi müəyyən edilmiş normadan aşağı, yəni 35,5-36 dərəcə ola bilər. Axşam isə əksinə bədənimiz 0,5-1 dərəcə istiləşə bilər. Bu göstəricidən daha kənar hər hansı bir göstərici artıq temperatun səbəblərini axtarmağa başlamaq üçün bir siqnaldır.
Bədən temperaturu nədən yüksəlir?
Bir çox insan yüksək temperatur zamanı özünü halsız və bitmiş vəziyyətdə hiss edir. Termometr üzərində 37 dərəcədən yüksək rəqəm gördükdə narahatlıq daha da, artır. Əslində isə bədənin öz temperaturunu artırmaq qabiliyyəti təbiət tərəfindən verilmiş bir hədiyyədir. Orqanizmimizin yad cisimlərlə mübarizəsi məhz temperatur sayəsindədir.Virus və ya bakteriyanın bədənə daxil olmasına cavab olaraq bədən temperaturunun yüksəlməsi, immun sisteminin müdaxiləsini sürətləndirən qoruyucu bir reaksiyadır. Yüksək temperatur zamanı immun sistemi daha aktiv şəkildə fəaliyyət göstərir.
Temperaturun yüksəlməsi qoruyucu bir reaksiya olduğundan, panikaya düşməməli və dərhal temperatursalıcı preparatlardan istifadə etməməlisiniz. Belə etdiyiniz təqdirdə immun sisteminin işinə mane olacaqsınız və orqanizmin infeksiyalarla mübarizəsini önləyəcəksiniz.
Temperaturun yüksəlməsinin səbəbləri
İstənilən iltihabi proses - stomatit, tonzillit, pielonefrit, yumurtalıqların iltihabı, hətta diş çürüyü z belə, temperaturun artmasına səbəb ola bilər. Bundan əlavə qida zəhərlənməsi zamanı da, qusma və baş ağrısı ilə birlikdə temperatur yüksələ bilər.Müxtəlif endokrinoloji xəstəliklər də, bədən temperaturunun yüksəlməsinə səbəb ola bilər.
Bəzən qadınlarda aybaşı zamanı bədən temperaturu arta bilər. Ovulyasiya zamanı temperatur artsa da, sonra normal bədən temperaturu tənzimlənir. Belə vəziyyətlərdə narahat olmaq lazım deyil.
Temperatur necə aşağı salınır?
Əvvəla temperatur 38 dərəcəni keçməyibsə narahat olmağınıza və müdaxilə edərək temperaturu salmağınıza ehtiyac yoxdur. Belə vəziyyətlərdə yataq rejiminə əməl etməniz və bol maye qəbul etməyiniz tövsiyə olunur. Əgər temperatur 38 dərəcədən yüksəkdirsə bu zaman müdaxilə etməyiniz vacibdir, çünki hər insan üçün təhlükəli bədən temperaturu fərqlidir.
Əgər uşaqlarda temperatur yüksəlibsə, o zaman gözləmədən temperaturu düşürmək lazımdır. Civə sütunu 38 dərəcəyə çatarsa bu zaman həkimə müraciət etmək, xəstəni müayinə etdirmək və temperaturun səbəbini tapmaq lazımdır.